fbpx

Cəmiyyət

Cəmiyyət

Elmir Mirzəyevin “Argumentum ad ignorantiam” məqaləsinə cavab

Read this article on other language
Download article
image_pdf
image_pdf

Argumentum ad ignorantiam adlı sonuncu məqaləsində Elmir Mirzəyev 17 il əvvəl latın qrafikalı yazıya keçilməsinə baxmayaraq kiril qrafikasının Azərbaycan orfoqrafiyası üzərində davam edən təsirlərini təsvir edir. Elmir bəy vəziyyəti “absurd” adlandırıb iddia edir ki, bu Azərbaycan dili qrammatikasına mənfi təsir göstərəcək və hətta Azərbaycanda “total savadsızlığa” gətirib çıxardacaq. Bu məqalədə göstərməyə çalışacağam ki, vəziyyətin daha diqqətli analizi göstərir ki, Elmir bəyin kiril əlifbasının təsiri kimi müəyyən etdiyi şey əslində tamamilə fərqli bir şeydir və Azərbaycan dilinin orfoqrafiyasında mütləq şəkildə əsaslı islahatlara ehtiyac yoxdur.

Səhv konsensus

Elmir bəyin Azərbaycan dilindəki güman edilən kiril mirasına yönəltdiyi tənqidin əsas ideyası ondan ibarətdir ki, bütün latın qrafikalı yazı sistemləri müəyyən ümumi orfoqrafik qaydalara malikdirlər. Azərbaycan yazı sistemi isə bu qaydaları sistemli şəkildə pozur. Elmir bəyin fikrincə bu qaydalardan biri odur ki, Azərbaycan dilindən başqa bütün latın qrafikalı dillərdə müəyyən ortaq sözlər və abreviaturalar eyni cür yazılırlar. Lakin sadəcə Elmir bəyin verdiyi bir neçə misalı yoxlamaqla latın qrafikalı dillərin birliyi ilə bağlı olan bu iddianın səhv olduğunu göstərmək mümkündür. Məsələn:

Seks:   seks (Niderland), sekss (latış), seks (polyak), seks (taqaloq) və s.

Taksi: taksi (fin), taksi (indonez), taksî (kürd), taksi (türk) və s.

Caz:    xhezi (alban), džäss (eston), dzsessz (macar), djass (island) və s.

Seks, taksi caz kimi alınmış sözlərin latın qrafikalı dillərdə eyni cür yazılması ideyası sadəcə olaraq səhvdir. Elmir bəyin qeyd etdiyi sözlərin orfoqrafiyasının, məsələn ikinci dil kimi geniş öyrənilən ingilis və fransız dillərində eyni cür olduğu doğrudur, lakin onlarla başqa dil də var ki, bu sözləri öz orfoqrafik qaydaları əsasında fonetik olaraq transkripsiya edirlər. Bu sözləri seks, taksicaz kimi yazmaqla Azərbaycan dili də istisna vəziyyətinə düşmür.

Kiril qrafikasının təsirinə dair Elmir bəy tərəfindən qeyd edilən başqa bir misal da məşhur insanların və tarixi şəxsiyyətlərin adlarının yazılışı ilə bağlıdır. Y. S. Bax (J. S. Bach), Stefan Sveyq (Stefan Zweig), Ziqmund Freyd (Sigmund Freud) və s. kimi adların əksər başqa latın qrafikalı dillərdə olduğu kimi yazıldığı doğrudur və bu hallarda Azərbaycan dili azlıqdadır. Lakin təkcə Azərbaycan dilində yox, bütün latın qrafikalı yazı sistemlərində bu tendensiyaya çoxlu istisnalar var. Misal üçün, kökü ərəb, çin və ya istənilən qeyri-latın qrafikalı başqa bir dil olan söz müxtəlif latın qrafikalı orfoqrafiyalarda fərqli şəkildə yazılır. Sadəcə bir neçə misala baxaq:

Qeyri-latın qrafikalı dillərdə:

Çingiz xan:     Čingischán (çex), Genghis Khan (ingilis), Dschingis Khan (alman) və s.

Çaykovski:     Tchaïkovski (fransız), Tsjajkovskij (norveç), Chaikovski (ispan) və s.

Xamenei:        Chāmeneʾi (alman), Jamenei (ispan), Hamaneyi (türk) və s.

Amma bu növ orfoqrafik variasiyaların yeganə mənbəyi monqol, rus, fars və başqa qeyri-latın qrafikalı yazı sistemləri deyil. Məsələn, müxtəlif dillərdə bir çox tarixi şəxsiyyətin və mifik qəhrəmanların adları hər bir dil üçün unikal olan əsrlər boyu formalaşmış ənənələrə əsasən yazılır. Bu hallarda adların kökü hətta latın qrafikalı dillər də ola bilər:

Latın qrafikalı dillərdə tarixi adlar:

III Vilhelm:    William III (ingilis), Guillaume III (fransız), Wilhelm III. (alman) və s.

Siseron:           Zizeron (bask), Cicerone (italyan), Cícero (portuqal) və s.

XIV Lüdovik: Lodewyk XIV (afrikaans), Louis XIV (fransız), Ludwig XIV (alman) və s.

Elmir bəy Azərbaycan dilinin orfoqrafiyasındakı iddia etdiyi “absurd” misalları bir yerə yığaraq iki səhvə yol verir. Qeyd edilir ki, “bütün dünyada” Homeros kimi tanınan əfsanəvi yunan şairin adı Azərbaycan dilində kiril qrafikasının təsiri altında Homer kimi yazılır. Qəhrəman “Hercules”in adının da Azərbaycan dilində Herakl kimi təhrif edildiyi deyilir. Problem budur ki; 1) bu adların hər ikisi latın qrafikasında yazılmayan yunan dilindən gəlir və 2) hər ikisi də qədim və çox məşhurdur, həmçinin müxtəlif yerli adətlər bu adları fərqli formada qəbul ediblər. Buna görə də elə gözlənildiyi kimi aşağıda da asanlıqla göstərmək olar ki, bu adlar üçün bütün latın qrafikalı dillərdə standart yazılış qaydası yoxdur:

Homer:  Homer (ingilis), Hóiméar (irland), Omero (italyan) və s.

Herakl:           Hèrcules (katalan), Ercole (italyan), Herkul (sloven) və s.

Sözlərin yazılışı ilə bağlı ümumdünya konsensusu belə görünür ki, həqiqət deyil. Həm bir çox dillər tərəfindən alınmış sözlər (məs., caz), həm də bir çox şəxsi adlar (məs., Siseron) əksər latın qrafikalı müxtəlif dillərdə fərqli şəkildə yazılır. Bu baxımdan hər bir yazılı dilin özünəməxsus qaydaları var. Bu fenomenin ingilis dilindən indoneziyalıların dilinə kimi ən müxtəlif latın qrafikalı dillərə təsirindən aydın olur ki, onun kiril qrafikası ilə xüsusi bir əlaqəsi yoxdur. Nəzərə alsaq ki, eyni fenomen dünyanın başqa yerlərində hələki “total savadsızlığa” yol açmayıb, ona görə də çətin ki, Azərbaycanda savadsızlığa səbəb olsun.

Üç Yanaşma

Bir qeyddə Elmir bəy yazır:

“(…) misal üçün, bəzi şəhər adlarının yazılışı – tutalım, amerikalıların və ingilislərin New York, polyakların Nowy Jork, rusların Нью-Йорк, başqalarının (o cümlədən Türkiyədə) isə orijinalda olduğu kimi yazdığı bu şəhəri bizim (yenə də kirillik məkandan götürülmüş) Nyu York kimi yazmağımız bir qədər məntiqsiz görünür.”

Bu hissə olduqca əhəmiyyətlidir. Çünki bizi latın qrafikalı orfoqrafiyaların alınma sözlərin yazılışını necə qəbul etməsinə dair üç yanaşma ilə bağlı misallarla təmin edir. Həmin üç yanaşma qısaca aşağıdakı kimi xarakterizə edilə bilər:

  1. Transplantasiya:       New York (ingilis)     →        New York (türk)

Türk dilində bir çox əncəbi adın yazılışı, hətta türk dilində mövcud olmayan əcnəbi hərflərin olduğu adlar da daxil olmaqla sadəcə olaraq bütövlüklə dilə köçürülüb (transplantasiya edilib); məsələn, “New York” adındakı “w” hərfi.

  1. Tərcümə:        New York (ingilis)     →        Nowy Jork (polyak)

Polyak dilindəki bu misalda əcnəbi şəhər adı orijinal dildəki mənasını qoruması üçün tərcümə edilib; məs., ingilis dilindəki “new” (yeni) polyak dilindəki “nowy” (yeni) sözü ilə əvəzlənib.[i]

  1. Transkripsiya:           New York (ingilis)     →        Nyu-York (azərbaycanca)

Azərbaycan dilində əcnəbi adlar orijinal dildəki tələffüzə ən yaxın şəkildə fonetik olaraq transkripsiya edilib və buna görə də ingilis “new” sözü Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun olaraq “nyu” ilə əvəzlənib.

Bütün bu misalların da göstərdiyi kimi bu strategiyalardan ayrı-ayrılıqda hər biri əcnəbi sözlərin müxtəlif aspektini qoruyub saxlayır: birincisi yazılışını, ikincisi mənasını, üçüncüsü isə fonetikasını. Hər üç yanaşma da geniş şəkildə istifadə edilir və faktiki olaraq hər bir dil bu yanaşmaların hər birini fərqli kontekstlərdə istifadə edə bilir. Məsələn, ingilis dilini nəzərdən keçirək:

İngilis dilində[ii]

Bu cədvəldən göründüyü kimi ingilis dilində alınma sözlərin yazılışında hər üç strategiyadan istifadə edilir. Həmçinin aydındır ki, hansı strategiyanın nə vaxt tətbiq edilməsi ilə bağlı ciddi qaydalar yoxdur: İspan sözü olan Cabo de Hornos “Cape Horn” (azərb. Horn Burnu) kimi tərcümə edilirsə də, Tierra del Fuego (azərb. Odlar Yurdu) ingilis dilində tərcümə edilmədən saxlanılır. İngilisdillilər Danimarka dili barədə nəsə bilməlidir ki, hygge (tələffüz: hyuqa) sözünü düzgün deyə bilsin. Hygge sözü ingiliscədə Danimarka dilində olduğu kimi yazılsa da, macar gulyás sözü fonetik olaraq təxmini goulash (azərb. qulyaş) kimi transkripsiya edilib. Latın qrafikalı bir çox başqa dillərin orfoqrafiyalarının təhlili göstərir ki, eyni dilə alınma sözlərin qəbul edilməsi zamanı fərqli yanaşmalar istifadə edilir.

Bu üç yanaşmanın hər biri eyni dərəcədə məntiqlidir və onların hamısının həm üstünlükləri, həm də çatışmazlıqları var. Amma yalnız fonetik transkripsiya metodunu tənqid etməklə Elmir bəy bu yanaşmanın üstünlüklərini və digər yanaşmaların çatışmazlıqlarını görməzdən gəlir.

Məsələn, gəlin fonetik transkripsiya ilə transplantasiyanı müqayisə edək. Fonetik transkripsiyanın üstünlüyü onun alınma sözlər üçün standart tələffüz qaydası formalaşdırması olduğu halda transplantasiyanın çatışmaz cəhəti onun oxucunun sözləri düzgün tələffüz edə bilməsi üçün heç bir bələdçilik etməməsidir. Transplantasiyanın geniş istifadə edildiyi ingilis dilində bir çox əcnəbi adların standart tələffüz qaydası yoxdur. İngilisdillilər Göte (Goethe) və Sveyq (Zweig) kimi adları özlərinin həmin adlarla olan tanışlıqları, sözlərin alındığı orijinal dillə olan tanışlıqları, bildikləri oxşar yazılışlı sözlərlə apardıqları analogiya və s. də daxil olmaqla bir çox faktorun təsiri altında müxtəlif cür (əgər hələ bacarsalar!) tələffüz edirlər. Bu o deməkdir ki, ingilisdilli mətnlərdə əcnəbi adlar tez-tez (standart metodun olmadığı) fonetik transkripsiya cəhdləri ilə müşayiət edilir və gündəlik danışıqda ingilisdillilər eyni adın fərqli tələffüzləri ilə rastlaşmaq məcburiyyətindədirlər. Yuxarıdakı cədvəldən polyak Rzeszów sözünü nümunə kimi götürsək görərik ki, polyak sözlərinin yazılışı barədə biliyi olmayan ingilisdilli biri sadəcə olaraq sözün necə tələffüz ediləcəyini tapmalıdır, azərbaycandilli adamın isə polyak dili qaydaları ilə tanış olmasına ehtiyacı yoxdur. Çünki Azərbaycan dilindəki istənilən mətndə həmin polyak sözü onlar üçün fonetik olaraq sadəcə Jeşuv kimi transkripsiya ediləcək. Başqa sözlə desək, fonetik transkripsiya mətnlərin nitqə köçürülməsini asanlaşdırdığı halda transplantasiya bunu etmir.

Elmir bəyin Azərbaycan dilinin fonetik transkripsiya ənənəsinin zərərli olması iddiasının səhv olduğunu düşünsəm də, müəyyən çərçivədə saxlanıldığı halda çətinliklərinə baxmayaraq yuxarıda qeyd edilən transplantasiya yanaşmasının mütləq şəkildə zərərli olduğunu demək də yanlış olardı. Yuxarıdakı misallarla sadəcə olaraq göstərmək istəyirəm ki, Azərbaycan dilinin alınma sözləri fonetik transkripsiya ilə qəbul etmək tendensiyası 1) Azərbaycan dilinə və ya kiril əlifbasına məxsus xüsusi marjinal fenomen deyil və 2) tələffüz qaydalarını müəyyən etdiyi üçün onun öz üstünlükləri var.

Fonetik transkripsiya kiril qrafikasından daha qədimdir

Yuxarıdakı misallar göstərir ki, fonetik transkripsiyanın orfoqrafik strategiyası ilə kiril əlifbası arasında heç bir daxili əlaqə yoxdur. Lakin Azərbaycan dili nümunəsində belə bir əlaqənin olduğunu iddia etmək sadəcə olaraq xronoloji cəhətdən səhvdir. Azərbaycan dilinin latından latına fonetik transkripsiya adəti əslində dilin kiril əlifbasına keçməsindən əvvəl yaranıb.

1922-ci ildə Nəriman Nərimanov Azərbaycan dili üçün latın qrafikalı yazı sisteminin yaradılması məqsədilə komissiya formalaşdırılması haqqında əmr verdi, linqvist və inqilabçı Səməd ağa Ağamalıoğlu isə komissiyanın sədri seçildi. Həmin ilin sentyabr ayında Yeni yol (o zaman Jeni jol kimi yazılırdı) qəzeti yaradıldı və paralel olaraq həm ərəb, həm də latın qrafikası ilə yazılar dərc edilməyə başlandı.[iii]

1922-ci ildən başlayaraq 1940-cı ildə Azərbaycan kiril əlifbasının yaranmasına qədər olan zaman kəsiyində Azərbaycan dilində bütün əcnəbi sözlər və adlar üçün fonetik transkripsiya artıq sistemli şəkildə istifadə edilirdi. Həmin dövrdə dərc edilmiş Yeni yol, ya da istənilən başqa kitab və ya qəzetə nəzər salsaq Şeqspir, Moljer, Ƶyl-Vern, Fransa və Bordo[iv] kimi yazılmış sözləri görərik.

Azərbaycan dilinin orijinal latın əlifbasının yaradıcılarından və ən aktiv dəstəkçilərindən biri linqvist Bəkir Çobanzadə idi. XX əsrin 20-ci illərində Çobanzadə orfoqrafiya problemləri barədə ətraflı yazır və fonetik transkripsiyanı əsas bələdçi prinsip olaraq müdafiə edirdi. O, alınma sözlərin yazılışlarının götürüldükləri dillərdən dəyişdirmədən transplantasiya edilməsini yaratdığı problemlərə görə israrla rədd edirdi:

“Avropa dillərindən alınan kəlmələrin yazısına deyil, tələffüzünə diqqət etməlidir, çünki o dillərin xüsusən firəng, ingilis (bəzən alman və rus) dillərinin imlası tarixi olduğundan, indiki halda o dillərdəki kəlmələrin yazıları ilə tələffüzləri arasında böyük fərq əmələ gəlmişdir. Məsələn, ingilis dili lüğətində hər kəlmənin qarşısında tələffüzü göstərilməzsə, əcnəbilərin, bəlkə ingilislərin də öz lüğətlərindən asanlıqla istifadə etməsi çətinləşir.”[v]

Nəticədə Çobanzadənin təklifləri əsasən qəbul edilərək orfoqrafiya lüğətlərində, məktəb dərsliklərində və s. kodlaşdırıldı və fonetik transkripsiya yanaşması XX əsrin 20-30-cu illərin azərbaycandilli latın qrafikalı mətnlərində sistemli şəkildə tətbiq edildi.

Amma Çobanzadə fonetik transkripsiya prinsipini Azərbaycanda təbliğ edən ilk insan deyildi. Azərbaycan dilinin islahatı hərəkatının başlanğıcından etibarən, hətta Sovetlərin qrafikanı latınlaşdırmasından əvvəl də bu konsept özünə yerli ziyalılar arasında geniş dəstək tapmışdı. Erkən dil islahatçılarının da qeyd etdiyi kimi Azərbaycan dilinin əvvəlki ərəb-fars yazı sisteminin problemlərindən biri onun alınma sözləri və adları fonetik olaraq qəbul edə bilməməsi idi. Məsələn, gəlin Molla Nəsrəddin jurnalının 1909-ci il sayından təəssüflə qeyd edilən bu hissəyə baxaq:

“Söz yox, Köçərli cənablarının açıq və mənalı məqalələrindən, Üzeyir cənablarının şirin tərcümələrindən və qeyri yazıçılarımızın Qoqol [غوغول] barəsində verdikləri məlumatlardan oxucularımız həmin yazıçını bir növ tanıdılar və bəlkə də yaxşı tanıdılar. Amma mən bunu istəyirəm deyəm ki, genə bununla belə, yəni bu yazı-pozuların varlığı ilə rus dilini bilməyən oxucularımız indi hələ genə bilmirlər ki, bu yazıçının adı nədir.”[vi]

Qoqolun adının ərəb dilindəki yazı şəkli olan غوغول tələffüz üçün qətiyyən bələdçi deyil və ya ən azından hədsiz dərəcədə qeyri-mükəmməl bələdçidir. Bunu müasir Azərbaycan dilinə ğuğul kimi transliterasiya etmək olar, ancaq faktiki olaraq bu söz ərəb-fars yazı sisteminin daxili qeyri-müəyyənliyinə (çoxmənalılığına) görə başqa bir çox formada da transliterasiya edilə bilər. Mirzə Cəlilin şikayətinin ərəb-fars orfoqrafiyasına yönləndirilməsinə baxmayaraq əslində vəziyyət Goethe, Rzeszów və ya hygge kimi sözlərin alındıqları orijinal dildən Azərbaycan, ingilis və s. kimi latın qrafikalı dillərə transplantasiya edilməsindən heç də fərqli deyil. Doğma orfoqrafik sistemlərinin kontekstindən kənarda bu yazılışlar artıq həmin sözlərin tələffüzünü əks etdirmirlər və hər bir oxucu mətni nitqə tərcümə edərkən həmin sözlərin tələffüzünü təxmin etmək məcburiyyətində qalır.

İstənilən halda aydındır ki, fonetik transkripsiya Azərbaycan dili ərəb-fars əlifbasında yazılanda da müdafiə edilirdi və bu, ilk dəfə XX əsrin 20-ci illərində orijinal latın qrafikalı Azərbaycan dilində sistemli şəkildə tətbiq edildi. Kiril qrafikası və onun orfoqrafiyası isə ilk dəfə iki dekada sonra 1940-cı ildən etibarən tətbiq edilməyə başlandı.

Səbəb, yoxsa təsir?

Mədəniyyətlər və əlifbaların əlaqəsi barədə Elmir bəy yazır:

“Misal üçün, əgər hər hansı bir dildə ərəb qrafikası istifadə edilirsə, bu həmin dillərə həm leksik, həm qrammatik, bəzi məsələlərdə hətta fonetik baxımdan da şübhəsiz ki, dərin təsirini göstərəcəkdir, çünki bu zaman saitlər istifadə edilməyəcək, təbii olaraq ərəb dilinin bir çox qrammatik qaydaları, bundan başqa o dildən bir çox terminlər keçəcək və s. Tutalım hansısa dildə heroqliflər istifadə edilirsə, bu artıq tamam başqa bir dünyagörüşünün aynası olacaqdır.”

Bu pasajda Elmir bəy iddia edir ki, dilin yazı sistemi onun fonetikası, qrammatikası, leksikonu və hətta xüsusi dünyagörüşü ilə daxilən əlaqəlidir. Buna görə də o, iddia edir ki, dil hansısa bir əcnəbi qrafikanı qəbul edəndə həmin qrafikanın orijinal olaraq yaradıldığı dilin təsiri altında kəskin dəyişikliklərə məruz qalacaq. Azərbaycan dilini misal kimi götürsək görərik ki, dil ərəb, fars, rus, türk və ingilis dillərindən güclü təsirlənib və bu da Azərbaycan dilinin istifadə etdiyi əlifbalar ilə üst-üstə düşür: ərəb-fars, kiril və latın.

Amma sadə bir oxşarlığı müəyyən etmək bizim hələ səbəb-təsir əlaqəsini tapmağımız demək deyil. Başqa sözlə desək, Azərbaycan dili ərəb və fars dillərindən ərəb-fars əlifbasında yazıldığı üçün dərin təsirlənib, yoxsa bu əlifba sadəcə artıq Azərbaycanın ərəb-fars mədəni, siyasi və linqvistik dominantlığı altında olduğu üçün qəbul edilmişdi? Eyni sualı kiril və latın qrafikaları barədə də demək olar.

Dünya tarixində geniş mədəni dəyişikliklərlə müşayiət edilməyən hər hansı bir əlifba dəyişikliyindən bixəbərəm. Lakin əlifbanın dəyişilməsi ilə müşayiət edilməyən saysız-hesabsız mədəni və linqvistik dəyişiklik misalları var. Məsələn, Elmir bəy qeyd edir ki, yapon dilininin latınlaşdırılmasına dair bütün cəhdlər uğursuzluğa düçar oldu. Amma bu, hekayənin sonu deyil. Əslində Romaji hərəkatının uğursuzluğuna baxmayaraq yapon dili Amerika Birləşmiş Statları və Qərbdən ingilis dili başda olmaqla kütləvi surətdə linqvistik və mədəni təsirlər mənimsəyib. Yaponiyanın qərbləşdirilməsi XIX əsrdə başlayıb və II Dünya Müharibəsindən sonra ABŞ işğalı ilə sürətlənib. Təkcə leksikonu misal götürək; belə hesablanıb ki, hələ ingilis dilinin yapon dilindəki digər sahələrə, məsələn, populyar mədəniyyətə, jarqonlara və s. olan təsirlərini bir kənara qoysaq, yapon dilində menecmentlə bağlı dilin lüğət tərkibinin 53 faizi, marketinqlə bağlı 75 faizi, ticarətlə bağlı 80 faizi, kompüter elmləri ilə bağlı 99 faizi ingilis sözləridir. Belə çıxır ki, latın qrafikası ilə qəti əlaqəsi olmayan yapon dilinin hədsiz mürəkkəb yazı sistemi Qərbin linqvistik və mədəni təsirləri üçün heç də baryer təşkil etmir.[vii]

Azərbaycan dili misalından aydındır ki, hər bir əlifba dəyişikliyindən əvvəl geniş mədəni və linqvistik dəyişikliklər baş verib. Yenə də leksikonu misal kimi götürsək görərik ki, Azərbaycan dilinə rus sözləri kütləvi şəkildə kiril əlifbasının qəbulundan sonra yox, Gülüstan sazişindən sonra daxil olub. XIX əsrdə Azərbaycan dili hələ ərəb-fars əlifbasında yazılan zaman çoxlu rus sözləri və ifadələri dilə qəbul edilməyə başlandı: okrujnoy sud, uşkol, milyon, poçt, nəçərnik, student, fotoqraf, və s. Bu alınma sözlər yeni idarəçilik və təhsil sistemi, yeni texnologiyalar, rus və Avropa mədəniyyəti ilə artan əlaqələr, genişlənən ticarət və s. də daxil olmaqla həmin dövrdə baş vermiş daha böyük dəyişikliklərin refleksiyasıdır. Əlifba bu dəyişikliklər üçün nə baryerdir, nə də köməkçi vasitə.

Beləliklə, əlifbaların və digər yazı sistemlərinin milli mədəniyyətlərdə əhəmiyyətli simvolik rol oynamasını qəbul etməklə yanaşı, çox vacib qənaət budur ki, yazı sistemlərinin dil üzərində olan təsiri şişirdilməməli, həmçinin bir yazı sisteminin hər hansısa formada milli icmanın mədəni orientasiyasını müəyyənləşdirdiyi düşünülməməlidir. Bunu etmək səbəb ilə təsiri qarışdırmaq olardı. Azərbaycan dilinin yeni orfoqrafik islahatlar dövrünə qədəm qoyduğu bir dövrdə ictimai müzakirə gərək yazı sisteminin nə olduğu və necə işlədiyinin aydın dərk edilməsi üzərində qurulsun. Yazı başlıca olaraq bir alətdir və istənilən bir qrafika xüsusi bir dili hansı dərəcədə aydın və dəqiq təmsil edib-etməməsi ilə mühakimə olunmalıdır. Digər bütün suallar ikinci dərəcəlidir.

İstinadlar:

[i] Bu, həm də transkripsiyaya olan nümunədir: “York” sözü Polyak dilinə fonetik olaraq “Jork” kimi transkripsiya edilib.

[ii] Burada nümunə kimi verilən bütün alınma sözlər latın qrafikalı dillərdən götürülüb.

[iii] Audrey L. Altstadt, The Politics of Culture in Soviet Azerbaijan, 1920-40, Routledge, 2016, Kindle Edition, Loc 2513-2526.

[iv] Misallar bu mənbələrdən götürülmüşdür: M. F. Axundov, Əsərləri, Bakь: Azərnəşr, 1938; Ƶyl-Vern, Sirrli ada, Bakь: AzLQGI MQ, 1939; Yeni yol (Jeni jol) qəzetinin ilk buraxılışından: 21 sentyabr, 1922, təkrar dərc edilib: Bilâl N. Şimşir, Türk Yazı Devrimi, Ankara: Türk Tarih Kurumu Basımevi, 1992.

[v] Bəkir Çobanzadə. Seçilmiş əsərləri, V cild. Bakı: Şərq-Qərb, 2007, s. 233.

[vi] “Molla Nəsrəddin”, 5 April, 1909, № 14, götürülüb: Məmmədquluzadə, Əsərləri, v. II, səh. 353, 731

[vii] L. J. Loveday, Language Contact in Japan. A Socio-Linguistic History, Oxford, 1996, səh. 101-103; В. М. Алпатов, Япония: язык и культура, Москва: Языки славянских культур, 2008, səh. 93.

https://bakuresearchinstitute.org/az/argumentum-ad-ignorantiam-use-of-latin-script-in-azerbaijani/
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.