fbpx

Cəmiyyət

Cəmiyyət

Narkotik maddələrə dair qlobal siyasət: Leqallaşdırılma qaçılmazdırmı?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Son iki onillikdə narkotiklərə dair siyasət qlobal miqyasda fərqli istiqamətdə inkişaf etməkdədir. Klassik ‘narkotiklərə qarşı müharibə’ (‘war on drugs’) mexanizminin xeyirdən çox zərər gətirdiyi artıq bir sıra ölkələrdə dərk edilir. Narkotiklərə qarşı müharibə kimi tanınan qadağa sistemi ilkin olaraq istənilən növ narkotik maddənin istifadə, satış, dövriyyə və sahibkarlığını qanuni olaraq cəzalandırır. Ümumilikdə, bu müharibə siyasəti ilk olaraq inkişaf etmiş qərb ölkələrində yaranmış və oradan dünyanın digər ölkələrinə yayılmışdır. Baxmayaraq ki, əksər inkişafda olan və inkişafdan qeri qalan ölkələr bu qlobal cərəyanda iştirak etmir, narkotiklərə dair siyasəti quran və diktə edən dövlət və beynəlxalq təşkilatlar yeni və daha humanist fikirləri, həmçinin də, sosial-siyasi tədbirləri qlobal səviyyədə təşviq etməkdədirlər. Hazırkı məqalə praktikadan keçirilmiş və mövcud olan sosial-siyasi dəyişikliklərin bir neçə beynəlxalq misallarını sintez etmək və sonda Azərbaycanın bu qlobal tendensiyada yerini müzakirəyə çıxarmaqdır.

Sosial-siyasi baxımdan narkotik maddələrin leqallaşdırılması birinci növbədə narkotik istifadə edən insanlara dair daha humanist qanunların yaradılması deməkdir. Leqallaşdırılma mexanizmi altında leqal olan narkotik maddələrin tərkibini yoxlamaq, onların istehsalını idarə etmək və satışından ödənilən vergilər sayəsində dövlət büdcəsinə gəlir gətirmək leqallaşdırılmanın müsbət tərəflərindən bəziləridir (Kilmer 2014). Bundan əlavə, leqal olan narkotik maddəyə istifadəçilər tərəfindən adətən daha çox etibar edilir. Çünki, leqal yollarla istehsal olunan narkotik maddələrin tərkibi və zəhərin miqdarı haqqında qanuni və rəsmi məlumat mövcud olur. Bununla da istifadəçinin məlumat əldə etməsi asanlaşır və beləliklə, gözlənilməyən və həddindən artıq dozadan keçinmə hallarının baş verməsi azalır. ‘Qara bazar’da satılan narkotik maddələr haqqında isə eyni fikirləri söyləmək mümkün deyil. Tədqiqatlar və laboratoriya ekspertizaları göstərir ki, istehsalı leqal olmayan narkotik maddələrin tərkibində müxtəlif zərərli qatqılar tapılır (məs. siçovul zəhəri, üyüdülmüş şüşə, yaxud paltaryuyan toz). Tərkibi müəyyən olunmayan narkotik maddələrin verə biləcəyi ziyanı da, məhz buna görə əvvəlcədən ölçmək olmur. Məhz buna görə, son illərdə bir sıra qərb ölkələrində ‘drug checking’ yaxud ‘pill-testing’ adı altında tanınan zərərin-azaldılması (harm reduction) xidmətləri yaradılıb və fəaliyyət göstərməkdədir. Bu xidmətlərin fəaliyyət göstərməsi üçün leqallaşdırmanın tətbiq olunması zəruri deyil (Ritter 2019). Pill-testing xidməti müxtəlif festivallarda və digər narkotik maddələrin geniş istifadə olunduğu əyləncə məkanlarında pulsuz və anonim olaraq istifadəçilərə təklif olunur.[1] Xidmətin sayəsində istifadəçilər qəbul etməyi planlaşdırdıqları narkotikləri əvvəlcədən yoxlatdırıb, tərkibi və zəhərli miqdarı haqqında məlumat əldə edə bilərlər. Bu metodla potensial olaraq təhlükəli olan dozaların qarşısı alınır. Bu cür xidmətlər həm də onu göstərir ki, narkotik maddələrin istifadəsi ilə bərabər onların istehsalının monitorinq edilməsi və istifadəçilərin maarifləndirilməsi də eyni dərəcədə vacibdir. Digər sözlə, əgər maddə leqaldırsa, onun tərkibini məlumat vərəqəsindən öyrənmək və həmin məlumata əsasən rasional qərar vermək mümkündür.

Klassik müharibə modeli ilə fəaliyyət göstərən qanunlar isə ümumiyyətlə heç bir illeqal sayılan narkotik maddənin istifadəsini məqbul görmür. Tibb elmlərindəki tədqiqatların nəticələri bu cür siyasəti qismən dəstəkləyir. Belə ki, tibbdə narkotik maddələrdən istifadəyə beyin xəstəliyi kimi yanaşılır (Volkow, Koob və McLellan 2016). Sosial elmlərdə isə bu cür yanaşma son 30 ildə ciddi tənqid nəticəsində təkzib olunmaqdadır (Conrad 2007). Buna səbəb sosial və humanitar elmlərdə insanların narkotik maddələrdən istifadəsinin ancaq ‘anormal’ yaxud ‘xəstəlik’ kimi davranışlar olmadığını göstərən elmi tədqiqat nəticələridir. Son bir neçə onillikdə insanların narkotik maddələrdən əsasən əyləncə, dincəlmək və stressə qarşı mübarizə məqsədi ilə istifadə etdiyi və bu istifadədə həzz hisslərinin əsas faktor olduğu fikirləri önə çəkilir. Bu yanaşma həzzin neqativ məna daşımadığını, əksinə insana məxsus olan təbii ehtiyac olduğunu və bəzi insanlar üçün bu ehtiyacın narkotik maddə istifadəsi ilə qarşılandığını vurğulamağa çalışır. Qadağa və müharibə siyasəti altında isə bu fikirlər onilliklərlə məqsədyönlü şəkildə inkar edilir və əhəmiyyətsiz sayılır. Həzz faktoru nəinki nəzərə alınmır, hətta, ortaya qoyulacaq layiqli arqument kimi də qəbul olunmur, çünki həzz axtaran şəxsin iradə gücünə sahib olmadığı anlamına gəlir (Valverde 1998). Lakin hər gün genişlənən narkotiklərə dair elmi araşdırmalar göstərir ki, əksər narkotik maddə istifadəçiləri ‘iradə gücünü itirmiş asılı’ yaxud ‘xəstə’ insanlar deyildir (Becker 2016). Standart gözləntilərin əksinə olaraq beynəlxalq tədqiqatlar göstərir ki, əksər istifadəçilər narkotik maddələrin istifadəsini rasional şəkildə idarə edə bilir, istifadəni məhdudlaşdırmağı və həyatına, həmçinin də sağlamlığına neqativ təsirləri minimuma endirməyi bacarır (Race 2017). Bu yanaşma həm də narkotik maddələrin istifadəsinə dair ağır-yüklü mənəvi və ictimai qınağın da əksər hallarda əsassız olduğunu izah etməyə çalışır və bu cür stiqmatizasiyaya qarşı mübarizə aparır. Sadalanan nəticələr nəinki mövcud olan müxtəlif reallıqları və vərdişləri ortaya çıxarır, həmçinin sosial-siyasi dəyişikliklər üçün platforma da yaradır. Beləliklə, aydın olur ki, elmi tədqiqat nəticələrinin bu cür birbaşa olaraq qanunların yazılmasında, icra olunmasında, həmçinin də ölkədəki ictimai və siyasi ab-havanın dəyişdirilməsinə təsiri mümkündür.

Leqallaşdırılmanın tətbiqi və mövcud effektləri: Portuqaliya misalı

Narkotiklərə dair sosial və tibbi elmin rolunu bir sıra ölkələrin nümunələrində görmək olar. Məsələn, son 5 il ərzində Kanada, Cənubi Afrika, Uruqvay və Argentina çətənə bitkisinin (cannabis sativa) və ondan hazırlanmış məhsulların (cannabis derivatives) şəxsi istifadəsini, alışını və satışını tamamən leqallaşdırıb. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsində çətənə bitkisinin istifadəsi dekriminalizasiya edilib. ABŞ-ın 11 ştatı isə hazırda bitkinin tibbi və əyləncə məqsədli istifadəsini leqallaşdıran qanunlar qəbul edib. Siyasi və ictimai müzakirələr digər ştatların da bu hərəkata qoşulacağını və yaxın illərdə çətənə bitkisinin ölkə səviyyəsində qanuniləşdiriləcəyini proqnozlaşdırırlar (Adams 2019; Graf 2019).

Beynəlxalq səviyyədə gedən bu liberal təkanlara səbəb olan ilk ölkə isə Portuqaliyadır. İyulun 1-i 2001-ci ildə Portuqaliya hökuməti inqilabi addım ataraq bütün mövcud narkotik maddələri və psixotrop maddələri dekriminalizasiya etmək barədə qanun qəbul etdi (Cabral 2017). Dekriminalizasiya narkotik maddələrin qanunsuz olaraq qalması, amma istifadəyə görə heç bir cinayət məsuliyyəti yaratmaması, digər sözlə, mülki cəza ilə qadağa sistemi deməkdir. Bu addım Portuqaliyada maddələrin qanuni olaraq leqallaşdırılması demək deyil, çünki narkotik maddələrin və psixotrop maddələrin istehsalı, alınması və şəxsi istifadəsi üçün sahiblik hələ də inzibati cərimə ilə cəzalandırılır (Cabral 2017). Həmin qanuni dəyişikliyin arxasında dayanan səbəb isə ölkədə 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində baş verən sosial narahatçılıq idi. Kütləvi heroin istifadəsi və onun neqativ fəsadları, insanların ictimai yerlərdə onlardan istifadəni adi hala çevirməsi də əsas səbəblərdən idi. Əlavə olaraq, İİV və QİÇS daşıyıcılarının 60%-i heroin istifadəçiləri idi və bu rəqəm dövlət səviyyəsində geniş narahatçılıqlar yaradırdı. Belə ki ölüm halları sürətlə artmaqda idi, insanlar heroin və digər narkotik maddələrdən istifadəyə görə kütləvi sürətdə həbs edilirdilər (Domosławski 2011). Buna qarşı mübarizə yolu olaraq Portuqaliya ilk növbədə 1980-ci illərin sonunda TAİPAS[2] adlı müalicə mərkəzi yaratmaqla istifadəçi insanlara tibbi, sosial, hüquqi və psixoloji yardım təklif etməyə başladı. 2001-ci ildə qəbul edilmiş dekriminalizasiya qanunu isə bilavasitə olaraq diqqəti müalicə imkanlarının genişləndirilməsinə yönləndirdi. Yeni qanuna əsasən, narkotik istifadəçiləri istifadəyə görə yerli hüquq-mühafizə orqanları tərəfindən tutulmur, kiçik miqdarda sahibkarlığa görə qanuni cəza almır, normadan artıq sahibkarlığa və şəxsi istifadəyə görə ancaq yüngül cərimə ödəyir və nəhayət, bütün istifadəçilərə dövlət tərəfindən çoxşaxəli müalicə imkanları təklif olunur. Bu qanunla Portuqaliya indiyədək həbsxanalarda cəzalandırılmaq üçün dövlət büdcəsindən ayrılan məbləği müalicə imkanlarına yönləndirmiş olur.

Qanunun tətbiqindən az sonra Portuqaliya yeni statistik göstəricilərlə digər Qərb ölkələrinə müsbət mənada ciddi təəssürat bağışladı. Dekriminalizasiya qanunundan sonra həddindən artıq dozadan (overdose cases) ölüm halları 80%-dən çox azaldı, istifadəçi insanlar arasında yeni İİV / QİÇS yoluxma halları cəmi 6%-ə düşdü və narkotik cinayətləri ilə əlaqədar həbs cəzası 40% azaldı (Drug Policy Alliance 2018). Həmçinin, narkotiklərdən istifadə edənlərin ümumi sayı azaldı və stabilləşdi. Bu siyasətin nəticəsində son 18 il ərzində Portuqaliyadakı narkotiklərə dair problemin kəskinliyi tədricən aradan qalxdı. Həmçinin, cəmiyyətdəki stiqma problemləri (yəni narkotik istifadəçilərinin təcrid olunması, qanuni əmək bazarına çıxışın məhdudlaşdırılması, tibbi və digər müalicə xidmətlərinin göstərilməməsi) də ciddi şəkildə azaldı. 1995-ci ildə Lissabon şəhərində Narkotik Maddələr və Asılılıq üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) quruldu və dekriminalizasiya qanunundan sonra narkotiklərə dair illik beynəlxalq konfranslar, həmçinin elmi, siyasi və digər rəsmi görüşlərin böyük hissəsi bu mərkəzdə keçirilməyə başlandı. Portuqaliya 2001-ci il qanunu ilə dünyada bu günə qədər heç bir ölkənin etmədiyi nümunəvi siyasi və sosial rifah dəyişikliyinə imza atdı.

Texnoloji inkişafın və onlayn platformaların leqallaşdırılmaya olan aidiyyatı

Narkotiklərə dair ekspert və elmi biliklər sürətlə artmaqdadır. Məsələn, 750 000-dən çox insanın onlayn şəkildə anonim olaraq hər il iştirak etdiyi Narkotiklərə dair Qlobal Sorğunun (Winstock 2019) yeni çıxan elmi tədqiqat nəticələri müxtəlif maraqlı faktları dünya ilə paylaşır. 2019-cu ilin sorğu nəticələri məlum etdi ki, psilocybin[3] göbələkləri ən təhlükəsiz narkotik maddədir; Birləşmiş Krallıq kokain sifarişinin ən tez çatdırıldığı ölkədir; yaxud Finlandiya narkotiklərin ən çox onlayn alındığı ölkədir. Bu biliklərin ilk dəfə ortaya çıxması isə birbaşa olaraq onlayn platformaların insanların gündəlik həyatına artan təsiri ilə bağlıdır.

Son illərdə artan narkotik maddələrin növləri, illeqal bazarların genişlənməsi və onlayn platformalara da keçid alması onu göstərir ki, qlobal olaraq narkotik maddələrə qarşı müharibə siyasətini reallaşdırmaq mümkünsüzdür. Bu həm də ondan irəli gəlir ki, ‘müharibə siyasəti’ adı altında tanınan kriminalizasiya strategiyaları dövlət büdcələri və beynəlxalq mübarizə təşkilatları üçün günü-gündən daha çox maddi resurs tələb edir. ‘Qara bazar’ı idarə etmək çətinləşir, onlayn fəaliyyət göstərən bazarlar isə sürətlə çoxalır (Barratt və Aldridge 2016). Ən son beynəlxalq hesabatlar göstərir ki, onlayn narkotik bazarlarının müxtəlif sosial şəbəkələr üzərindən fəaliyyət göstərməsi narkotik maddələrin fərdlər tərəfindən əldə edilməsini daha da asanlaşdırır. Sosial bazar (social supply channels) yolları ilə ayrı-ayrı fərdlər narkotik maddələri dostlardan, tanışlardan və dostların dostlarından etibarlı və təhlükəsiz şəkildə sifariş edib ala bilirlər. Bu sosial şəbəkə metodları (məsələn, WhatsApp, Wickr, Facebook) narkotik satıcılarına da istənilən anonimliyi təklif edir (Demant və d. 2019). Bütün bu araşdırmalar detallı olaraq göstərir ki, texnoloji inkişaf sayəsində narkotiklərin alışı və satışı daha da sadələşib. 2009-2019 illər arasında son bir ildə narkotik istifadə etdiyini bildirən insanların sayı dünyada 210 milyondan 271 milyona qədər artıb. Dünya narkotik istifadəçilərinə dair hesabata əsasən, bu, 15-64 yaş arası olan dünya əhalisinin 5.5% -ini təşkil edir (UNODC 2019). Bu artımın səbəbləri müxtəlif olsa da, elmi tədqiqatlar və siyasi təşkilatlar başlıca olaraq qadağa və müharibə strategiyalarını günahlandırırlar. Bu isə öz növbəsində ona işarə edir ki, narkotik maddələri qadağa edən qanunlar effektli deyildir və daha çox zərərə səbəb olmaqdadır.

Yekun fikirlər: Qlobal siyasi dəyişikliklərdə Azərbaycanın yeri

Yuxarıda bəhs edilən liberal dəyişikliklərin Azərbaycanda öz əksini tapması hələ ki müzakirəyə çıxarılan mövzulardan deyil. Bu baxımdan hazırkı məqalənin məqsədlərindən biri belə müzakirələrin yaranmasına təkan olmaqdır. Azərbaycan bir çox digər ölkələr kimi narkotiklərə dair sərt kriminalizasiya qanunlarını tətbiq etməkdədir. Bu qanunların tətbiqində ən çox yer alan isə monitorinq faəliyyətidir. Dövlətin narkotik maddələrə dair ən çox diqqət yetirdiyi mübarizə metodu birmənalı olaraq narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının sərhədlərdə (xüsusilə də Qafqaz qaçaqmalçılıq yolu üzərindən)[4]  konfiskasiyası ilə yekunlaşır. Belə monitorinq siyasəti əksər hallarda beynəlxalq standartlar və narkotiklərə qarşı müharibə siyasəti ilə izah olunur və hər il toplanan beynəlxalq hesabatlarda öz əksini tapır (məsələn, UNODC 2015). Bu yanaşma indiyədək dominant olmuş metoddur və bunu tətbiq edənlər narkotik maddələri məhv etməklə istifadənin qarşısının alınacağına inanırlar. Halbuki, yuxarıda haqqında bəhs edilən qlobal dəyişikliklər göstərir ki, narkotiklərə qarşı müharibə sistemi ilə fəaliyyət göstərən ölkələrin, həmçinin də Azərbaycan hökumətinin apardığı növ sərt mübarizə metodları səmərəli deyil. Mövcud ədəbiyyat və siyasi debatlarda isə mərkəzi nəzəriyyə budur ki, narkotik maddələrin istifadəsini tamamilə kökündən məhv etmək mümkün deyil və insanların narkotiklərdən istifadəsi həmişə müxtəlif formalarda mövcud olacaqdır (Dunn, McKay və van de Ven 2019).

Ölkədə aparılan mübarizə metodlarından əlavə son illərdə beynəlxalq siyasi təşkilatların təzyiqi və maliyyələşdirməsi sayəsində (Klein 2008) zərərin azaldılmasına (harm reduction) xidmət edən bəzi müalicə imkanları tətbiq olunmuşdur (Sultan 2017). Bu xidmətlərə həbsxanalarda pulsuz şpritslərin və prezervativlərin paylanılması, dövlət büdcəsi ilə maliyyələşən dispanserlərdə isə metadon – əvəzedici proqramının (methadone maintenance treatment) tətbiqi daxildir. Buna baxmayaraq, mövcud olan məhdud saylı müalicə mərkəzlərinin təklif etdiyi xidmətlər əksər istifadəçilər üçün, xüsusilə də gənc yaşda olan pasientlər üçün yararsız qalır (Sultan 2018).

Beynəlxalq arenada narkotik istifadəçilərinin sayına əsasən ölkədə narkotik ‘probleminin’ olub-olmamasını statistik rəqəmlərlə ölçmək artıq effektiv sayılmır. Lakin tədqiqatlar və leqallaşdırma prosesləri göstərir ki, narkotik istifadəçilərinin dəqiq sayını müəyyənləşdirmək çətindir. Bu bir daha onu vurğulayır ki, əksər narkotik istifadəçiləri ‘problemli’ istifadəçilər deyillər. Belə istifadəçilərə adətən ‘arabir/təsadüfi’ (occasional) yaxud ‘sosial’ istifadəçilər deyilir. Belə şəxslərin narkotik maddələrdən istifadə nəticəsində yaşadığı sağlamlıq, yaxud sosial-psixoloji problemləri adətən diqqətdən kənarda qalır. Buna səbəb cəmiyyətdə mövcud olan stiqma və ayrı-seçkilik, həmçinin dövlət səviyyəsində fəaliyyət göstərən qadağanedici qanunlardır. Bu vəziyyət problem yaşayan insanların kömək üçün müraciət etmələrinin qarşısını alır, nəticədə isə onların narkotik istifadəsi daha da dərinləşir, yaxud həyati təhlükəli fəsadlara gətirib çıxara bilir.

Bu məqalə göstərdi ki, leqal olan narkotik maddələrin istifadəsi ilə bağlı yaranan problemləri açıq, şəffaf və istifadəçi şəxsin rifahını önə çəkən xidmətlərlə həll etmək daha asandır, nəinki onları cəmiyyətdə gözdən salmaq, yaxud həbsxanalara təcrid etməklə. Humanist qanunlarla ictimai sağlamlığı da daha asanlıqla monitorinq etmək mümkündür. Məsələn, ötən ilki Narkotiklərə dair Qlobal Sorğu müəyyən etdi ki, qadağa mexanizmi ilə işləyən 20-dən çox dövlətdə narkotiklərə dair daha liberal siyasət və qanunlar yaradılarsa, o ölkələrdə yaşayan narkotik istifadəçiləri kömək üçün müraciət etməyə daha meyilli olarlar (Benfer və d. 2018). Bütün sadalananlar bir daha sübut edir ki, əksər narkotik istifadəçilərinin təsadüfi ölüm hallarının, yaxud Narkotik maddələrin bilinməyən tərkibindən dolayı psixi və digər sağlamlıq pozuntularına düçar olmasının qarşısını daha humanist qanunlarla almaq mümkündür və hazırkı qlobal cərəyanda həm də arzuolunandır.

Ədəbiyyat siyahısı

Adams, M. (2019). Two Things Happening Right Now That Could Force U.S. Government To End Marijuana Prohibition. Retrieved December 5, 2019, from https://www.forbes.com/sites/mikeadams/2019/09/03/two-things-happening-right-now-that-could-force-us-government-to-end-marijuana-prohibition/#10bda9cc433e

Barratt, M. J., & Aldridge, J. (2016). Everything you always wanted to know about drug cryptomarkets* (*but were afraid to ask). International Journal of Drug Policy, 35(July), 1–6. https://doi.org/10.1016/j.drugpo.2016.07.005

Becker, H. (2016). Becoming a Marihuana User. The American Journal of Sociology (Vol. 59). University of Chicago Press.

Benfer, I., Zahnow, R., Barratt, M. J., Maier, L., Winstock, A., & Ferris, J. (2018). The impact of drug policy liberalisation on willingness to seek help for problem drug use: A comparison of 20 countries. International Journal of Drug Policy, 56(March), 162–175. https://doi.org/10.1016/j.drugpo.2018.03.032

Cabral, T. S. (2017). The 15th anniversary of the Portuguese drug policy: Its history, its success and its future. Drug Science, Policy and Law, 3, 205032451668364. https://doi.org/10.1177/2050324516683640

Conrad, P. (2007). The medicalization of society. Statewide Agricultural Land Use Baseline 2015 (Vol. 1). Baltimore, MD: Johns Hopkins University Press. https://doi.org/10.1017/CBO9781107415324.004

Demant, J., Bakken, S. A., Oksanen, A., & Gunnlaugsson, H. (2019). Drug dealing on Facebook, Snapchat and Instagram: A qualitative analysis of novel drug markets in the Nordic countries. Drug and Alcohol Review, 38(4), 377–385. https://doi.org/10.1111/dar.12932

Domosławski, A. (2011). Drug Policy in Portugal The Benefits of Decriminalizing Drug Use. Open Society Foundations. https://doi.org/10.1094/PD-69-451b

Drug Policy Alliance. (2018). Drug Decriminalization in Portugal: Learning from a Health and Human-Centered Approach. Retrieved from www.drugpolicy.org

Dunn, M., McKay, F. H., & van de Ven, K. (2019). There’s a (drug policy) storm coming. Performance Enhancement and Health, 6(3–4), 95–97. https://doi.org/10.1016/j.peh.2019.05.001

Graf, A. (2019). Marijuana Legalization in US: Is End of Cannabis Prohibition in Sight? Retrieved December 5, 2019, from https://theglobepost.com/2019/09/13/cannabis-legalization/

Kilmer, B. (2014). Policy designs for cannabis legalization: Starting with the eight Ps. American Journal of Drug and Alcohol Abuse, 40(4), 259–261. https://doi.org/10.3109/00952990.2014.894047

Klein, A. (2008). Drugs and the World. London: Reaktion Books.

Race, K. (2017). Thinking with pleasure: Experimenting with drugs and drug research. International Journal of Drug Policy, 49(0), 144–149. https://doi.org/10.1016/j.drugpo.2017.07.019

Ritter, A. (2019). Making drug policy in summer—drug checking in Australia as providing more heat than light. Drug and Alcohol Review, dar.13018. https://doi.org/10.1111/dar.13018

Sultan, A. (2017). Narkotik maddələrdən asılı şəxslərə sosial yardımın modelləri [Brief analysis of substance use social service models]. Elmi Əsərlər, 1(28), 111–117.

Sultan, A. (2018). Overlooked youth: How does national drug discourse influence recovery in Azerbaijan? Retrieved September 30, 2018, from https://bakuresearchinstitute.org/overlooked-youth-how-does-national-drug-discourse-influence-recovery-in-azerbaijan/

UNODC. (2015). Fact Sheet: Republic of Azerbaijan.

UNODC. (2019). Global overview of drug demand and supply. https://doi.org/10.18356/bdc264f4-en

Valverde, M. (1998). Diseases of the will: Alcohol and the dilemmas of freedom. New York: Cambridge University Press.

Volkow, N. D., Koob, G. F., & McLellan, A. T. (2016). Neurobiologic advances from the brain disease model of addiction. New England Journal of Medicine, 374(4), 363–371. https://doi.org/10.1056/NEJMra1511480

Winstock, A. (2019). Global Drug Survey 2019: Executive Summary. London. Retrieved from https://www.globaldrugsurvey.com/wp-content/themes/globaldrugsurvey/results/GDS2019-Exec-Summary.pdf

[1] Əlavə məlumat üçün, məsələn, Avstraliyada gənc insanların təşəbbüsü ilə fəaliyyət göstərən “Students for Sensible Drug Policy” təşkilatı haqqında bu saytda oxumaq olar – https://www.ssdp.org.au/

[2] TAİPAS təşkilatı müalicənin müxtəlif mərhələlərində pasientlərə hərtərəfli xidmət təklif edir. TAİPAS-da üç psixiatr, psixoloq və sosial işçi qrupu var və bu qruplar birgə olaraq məsləhət, müalicə, psixoterapiya və metadon təklif edirlər. Uzunmüddətli narkotik istifadəçisi ilk iki həftə müddətində detoksifikasiya edilir və müalicənin davam etdirilməsi üçün nəzərdə tutulan sosial-psixoloji yardıma keçid alınır.

[3] Sehrli göbələklər (magic mushrooms) adı ilə tanınan psilocybin göbələkləri mədədə həzm olunduqdan sonra şüurun və qavrayışın dəyişdirilməsinə təsir edən toksinlər ifraz edir və bununla da hallüsinogen effekt yaradır.

[4] Əlavə məlumat üçün, UNODC hesabatına nəzər salın https://www.unodc.org/documents/data-and-analysis/AOTP/AOTP_newsletter_caucasus-route_2019_web.pdf

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.