fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycan parlament seçkiləri kampaniyasını geridə qoydu. 9 fevral 2020-ci il tarixli növbədənkənar seçkilərlə Milli Məclisin yeni tərkibi (VI çağırış) formalaşdı. Səsvermənin gedişi, səslərin sayılması və protokollaşdırılması zamanı baş verənlər, seçki müşahidəçiliyi, seçicilərin etinasızlığı, yeni parlamentdən gözləntilər, seçkilərdən sonrakı mərhələ barədə müzakirə və mübahisələr qarşıdakı həftələrin əsas mövzusu olacaq. Hələlik isə bu yazıda seçkiqabağı şəraitdən, seçki kampaniyasının gedişatından, bu kampaniya zamanı önə çıxan məqamlardan, siyasi partiyaların bu prosesdə rolundan, seçkilərin ilkin siyasi və arifmetik nəticələrindən bəhs edirik.

Azərbaycan hansı şəraitdə seçkiyə getdi?

Parlament seçkiləri ümummilli miqyasda böyük siyasi hadisəyə çevrilə bilmədi və seçki kampaniyası ayrı-ayrı istisnalarla ümumilikdə sönük keçdi. Bunun bir sıra səbəbləri var.

İlk növbədə vurğulanmalı olan məqam əhalinin ötən dövrün neqativ təcrübəsinin nəticəsi olaraq seçki institutuna və seçki yolu ilə ölkədə hər hansı dəyişikliyin mümkünlüyünə inamsızlığıdır. Seçki administrasiyası bütün etimadı itirib. Hələ təbliğat-təşviqat mərhələsinin başlanğıcında bəlli olur ki, inzibati resurs hansı namizədlər üçün səfərbər olunub. Bunu müşahidə edən, eşidən vətəndaşda seçkidə iştirak üçün hansı maraq, hansı motivasiya yarana bilər? Bu səbəbdən seçki prosesinin subyektləri (fərdlər, namizədlərin komandaları, siyasi partiyalar) kampaniya zamanı cəmiyyətdəki dərin apatiyanı aradan qaldıra bilmədilər.

Ölkədə konstitusion hüquq və azadlıqların təminatı sahəsində problemlər, siyasi məhbusların mövcudluğu, qorxu mühitinin davam etməsi siyasi fəallığı, siyasətə marağı və siyasi iştirakçılığı əngəlləyən digər amildir. Müxalifət partiyaları son illər permanent basqı altında, çox məhdud resurslarla fəaliyyət göstərmək məcburiyyətində qalıblar, daha doğrusu, onlar siyasi fəaliyyətdən daha çox öz mövcudluqlarını qorumaqla məşğul olublar. Ümumilikdə Azərbaycanda müxalifətçilik perspektivsiz və təhlükəli siyasi məşğuliyyət kimi qəbul olunur. Belə bir şəraitdə rəqabətli siyasi mühitdən, müxalifət namizədlərinin hakimiyyətin dəstəklədiyi namizədlərlə bərabər imkanlarından danışmaq əbəsdir. Məhz bu səbəblərdən aparıcı müxalifət partiyalarından olan AXCP boykot qərarı verdi, seçkidə iştirak edən digər müxalif təşkilat və bloklar isə bütün seçki dairələri üzrə namizəd irəli sürə bilmədilər. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin hesablamasına əsasən, ölkə üzrə 125 seçki dairəsinin 30 faizində iqtidaryönlü namizədlərə alternativ kimi çıxış edən müxalif və ya müxalif mövqeli müstəqil namizəd olmayıb.

Televiziya kanallarının seçki kampaniyasına – namizədlərə və siyasi partiyalara efir verməməsi, ümumən ölkədə söz, mətbuat azadlığı sahəsində problemlərin qalması da bu seçkilərin ölkə miqyaslı siyasi hadisəyə çevrilməsinə əngəl törədən amillər sırasında göstərilməlidir. Sosial medianın populyarlaşmasına və gündəmi diktə etməsinə baxmayaraq, ənənəvi media – televiziya kanalları hələ də bütün ölkəni əhatə edən, insanlar üçün əlçatan əsas kütləvi informasiya vasitəsi olaraq qalır. TV kanalları kampaniyanın gedişini gündəlik işıqlandırsaydı, namizədlərin debatlarını, siyasi ekspertlərin müzakirələrini təşkil etsəydi seçici fəallığı daha yüksək ola bilərdi.

Azərbaycanda tətbiq olunan seçki sistemi də parlament seçkilərinin ölkə miqyaslı siyasi kampaniyaya çevrilməsinə və prosesin siyasiləşməsinə yol vermir. Majoritar sistem parlament seçkilərini bələdiyyə seçkilərinin səviyyəsinə endirir, ölkənin siyasi, iqtisadi, sosial xarakterli problemlərinin əvəzinə namizədləri məhəlli problemləri – seçki dairəsinin lokal ərazisində kommunal xidmətlər sahəsində mövcud olan çatışmazlıqları önə çəkməyə vadar edir. Bu sistemdə seçicilər də onunla görüşə gəlmiş namizədlərin qarşısında məhz yerli problemləri qaldırır və onların həllini umurlar. Belə bir sistem siyasi hakimiyyət və onun namizədləri üçün əlavə üstünlüklər yaradır.     

Siyasi partiyaların vəziyyəti

Seçkilərə 1314 namizəd qatılmışdı. Onlardan yalnız 246 nəfəri siyasi partiyalar tərəfindən irəli sürülmüşdü ki, bu şəxslərin 122 nəfəri hakimiyyətdəki Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri idi. Yerdə qalan 124 namizədin arasında da ictimaiyyətdə “cib müxalifəti” kimi tanınan iqtidaryönlü partiyaların nümayəndələri vardı. Doğrudur, üzv olduğu siyasi partiyanın adından deyil, müstəqil namizəd kimi seçkiyə qatılan müxalifətçilər də oldu, amma ümumilikdə bu rəqəmlər və təsvir etdiyimiz mənzərə Azərbaycanda müxalifət partiyalarının hansı vəziyyətdə olduğunu anlamaq üçün yetərlidir. Siyasi partiya institutunu zəiflətmək üçün məqsədyönlü siyasət aparılıb.

Məsələn, 1995-ci və 2000-ci illərdə Milli Məclisə keçirilən seçkilərdə qarışıq sistem tətbiq olunurdu: deputatların 100-ü birmandatlı, 25-i isə proporsional sistem üzrə seçilirdi. 1995-ci il seçkilərində məntəqə seçki komissiyalarının üzvlərinin 30 faizi siyasi partiyaların, 20 faizi deputatlığa müstəqil namizədlərin nümayəndələri idi. 2000-ci ilin seçkilərində isə Mərkəzi Seçki Komissiyası (MSK) əsas siyasi qüvvələri təmsil edən 17 nəfərdən ibarət təşkil olunmuşdu ki, bunlardan üçdə biri, yəni 6 nəfəri Milli Məclisdə təmsil olunan 2 müxalifət partiyası – AXCP və Milli İstiqlal Partiyası tərəfindən irəli sürülmüşdü. 2000-ci il seçkilərindən sonra proporsional sistem ləğv olundu. 2005-ci ilin parlament seçkiləri qeyri-bərabər imkanlara baxmayaraq, rəqabət mühitinin mövcud olduğu və müxalifətin mütəşəkkil qaydada çıxış edə bildiyi sonuncu parlament seçkiləri kimi yadda qalıb: əsas müxalifət partiyaları – AXCP və Müsavat həmin seçkilərdə Azadlıq blokunda birləşərək ciddi alternativ kimi ortaya iddia qoymuşdular. Bu seçkilər də total qanunsuzluq və saxtakarlıq şəraitində keçirildikdən sonra ölkə toplumun depolitizasiyasına və siyasi indifferentliyə aparan, müxalif fəaliyyətlərin və düşüncənin daha sərt təqib edildiyi, təksəsliliyin hakim olduğu bir dönəmə qədəm qoydu. Sonrakı seçkilər həm partiyaların zəifləməsi, həm də seçki institutuna inamsızlıq şəraitində gerçəkləşdi.

2010-cu ilin parlament seçkilərində namizədlərin 19%-i YAP-ı, 29%-i digər partiya və blokları təmsil edirdi, bitərəflər isə 52% idi. 2015-ci ildə namizədlərin 16%-i YAP-dan, 27%-i digər partiya və bloklardan idi, bitərəflərin sayı 57% olmuşdu. 2020-ci il seçkilərində isə YAP-ın namizədləri 9%-ə, siyasi partiya və blokların namizədləri 14%-ə endi, bitərəflərin kəmiyyəti 77%-ə yüksəldi. Başqa bir hesablamaya nəzər salaq: əgər 2010-cu ildə bütün namizədlərin 52%-i öz təşəbbüsü ilə, 47%-i partiya və bloklar tərəfindən irəli sürülmüşdüsə, 2015-ci ildə bu rəqəmlər müvafiq olaraq 62% və 37,8%, 2020-ci ildə isə 82% və 17% təşkil edib. Bu rəqəmlər ildən-ilə siyasi partiyaların Azərbaycan siyasətində rolunun və seçkilərdə iştirak səviyyəsinin azalan trendlə getdiyini göstərir, hətta iqtidar partiyası YAP-ın da bu apolitik tendensiyanın təsirinə məruz qaldığını görürük. 

Seçki və beynəlxalq müşahidə missiyasının ilkin rəyi

Fevralın 9-da seçki məntəqələrində baş verənlər öz vətənlərindəki seçki praktikasına yaxşı bələd olan azərbaycanlılar üçün gözlənilməz deyildi, amma yaşananların əks-sədası bu dəfə əvvəlki dövrlərdən daha güclü oldu: baxmayaraq ki, müxalifət zəifləmiş və dağınıq halda seçkilərə qatılmışdı. Əsas fərq bu oldu ki, namizədlər və onların müşahidəçiləri manipulyasiya, saxtakarlıq faktlarını dərhal sosial media platformalarında yayırdılar. Seçici fəallığı çox aşağı olsa da, sosial şəbəkələrdə qanun pozuntularına çox sərt və emosional reaksiyalar müşahidə edildi və edilməkdədir. MSK-nın elan etdiyi ilkin nəticələr əsasında görürük ki, Milli Məclisin buraxılmış tərkibindən 82 nəfər yenidən deputat seçilib. Bu fakt belə bir məntiqi sual ortaya çıxarır: parlament niyə buraxılırdı? Çünki yeni parlamentdə səs çoxluğu yenə əvvəlki tərkibə aiddir, hətta “köhnələr” üçdə iki səs çoxluğundan (83) cəmi 1 yer az əldə ediblər. Şübhə yoxdur ki, Milli Məclisi buraxıb, yeni seçki təyin edən siyasi iradənin məqsədi eyni şəxsləri 2 ay sonra yenidən seçdirmək deyildi. Amma MM-in buraxılması barədə qərardan sonra hakimiyyət dəhlizlərində nələr baş verdiyi, iqtidarın daxilində başlamış transformasiyanın niyə qanunverici orqanı əhatə etmədiyi barədə hər hansı informasiyamız olmadığından hələlik bu barədə konkret fikir söyləmək çətindir. Amma sual aktuallığını uzun müddət qoruyacaq.

Formalaşdırılan yeni parlamentin legitimliyi şübhə altındadır. Bunu Azərbaycan hökumətinin dəvəti ilə seçkiləri müşahidə etmiş beynəlxalq müşahidə missiyasının (ATƏT DTİHB, ATƏT PA, AŞPA) bir gün sonra açıqladığı ilkin rəyə əsasən də söyləmək olar. AŞPA missiyasının rəbəri Frank Şvabenin “namizədlərə iştirak etmək imkanı verilsə də, qalib gəlmək imkanı verilmədi” cümləsi bütün seçki prosesinin xülasəsidir, bundan daha dəqiq və lakonik qiymətləndirmə ola bilməzdi. Müşahidə missiyasının üzvləri namizədlərin çoxluğuna baxmayaraq, əsl rəqabətin olmadığını bildiriblər. Onlar səsvermə günü  qutulara topa bülleten atılmasını, “karusel” əməliyyatını, namizədlərin və müşahidəçilərin məntəqələrdən qovulmasını və digər başqa pozuntuları müşahidə edərək qeydə alıblar. Xatırladaq ki, ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyası yanvarın 29-da yaydığı aralıq hesabatında seçkiqabağı vəziyyəti də tənqidi qiymətləndirmişdi. Hesabatda DTİHB və Avropa Şurasının Venesiya Komissiyası tərəfindən sərbəst toplaşma və ifadə azadlığı, media mühiti və namizədlərin qeydiyyatı ilə bağlı əvvəlki illərdə irəli sürülmüş çoxsaylı tövsiyyələrin hələ də Azərbaycan hökuməti tərəfindən nəzərə alınmadığı, Konstitusiyanın ifadə azadlığına, məlumat əldə etmək hüququna zəmanət verməsinə və senzuranı qadağan etməsinə baxmayaraq, bu hüquqların ciddi şəkildə məhdudlaşdırıldığı qeyd olunmuşdu.

Beləliklə, Azərbaycan 9 fevralda demokratikləşmə istiqamətində ciddi addım atmaq üçün daha bir şansı əldən verdi və bu sahədə qonşularından geri qalmağa davam edir…

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.