fbpx

iqtisadiyyat

iqtisadiyyat

2018-ci İlin İqtisadi Yekunları

Read this article on other language
Download article
image_pdf
image_pdf

2018-cİ İlİn İqtİsadİ yekunları

(ilin əsas makroiqtisadi, monetar və maliyyə nəticələri)

Giriş

Neftin dünya bazar qiymətinin kəskin şəkildə aşağı düşməsi və ölkənin neft gəlirlərinin kəskin azalması ilə 2015-2016-cı illərdə ölkə iqtisadiyyatı dərin böhranla üzləşmiş, 2017-ci ildə böhranın daha da dərinləşməsinin qarşısı əsasən alınmışdı. Belə bir şəraitdə dünya neft bazarının konyunkturasının ölkəmiz üçün əsasən sərfəli olduğu və neftin qiymətinin çox zaman 60 dol./barreldən yüksək olması nəticəsində ölkənin neft gəlirlərinin artdığı 2018-ci ildə ölkə iqtisadiyyatında baş verənlər böyük maraq doğurur. 2018-ci il üzrə ölkənin iqtisadi və sosial inkişafının bütün sahələr üzrə yekunları hələlik tam açıqlanmasa da, Bakı Araşdımalar İnstitutunun ekspert qrupu müvafiq hökumət qurumları tərəfindən indiyəcən açıqlanan məlumatlar əsasında ötən ilin makroiqtisadi durumunu əks etdirən bu bülleteni hazırlayıb.

Bülletenin məqsədi 2018-ci ilin makroiqtisadi yekunlarını qısaca qiymətləndirmək, xüsusilə monetar və büdcə siyasətləri sahəsində mühüm meylləri aşkara çıxarmaqdır. Bülleten 2018-ci ilin bütün iqtisadi nəticələrini əhatə etmir, yalnız əsas makroiqtisadi proseslərin təqdimatını nəzərdə tutur.

Bülletenin hazırlanması zamanı Dövlət Statistika Komitəsi (DSK), Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi (DGK), Maliyyə Nazirliyi və digər qurumların açıqladıqları statistik və hesabat məlumatlarından istifadə edilmişdir.

Ötən ilin makroiqtisadi durumunun araşdırılması nəticəsində BRİ-nin ekspert qrupunun gəldiyi əsas nəticələr bunlardır:

  • 2018-ci ildə monetar və maliyyə sabitliyinin təmin edilməsinə, ölkənin neft gəlirlərinin əvvəlki illə müqayisədə ciddi artmasına, xarici ticarət dövriyyəsində 8.0 milyard dollarlıq müsbət saldo və icmal büdcədə 4.7 milyard manatlıq artıqlıq olmasına, dövlət büdcəsi xərclərinin əvvəlki illə müqayisədə 29.1%, büdcə investisiyalarının isə 80 faizədək artmasına rəğmən ölkədə ÜDM-in real artımı cəmi 1.4% səviyyəsində olub;
  • neft gəlirlərinin artmasına uyğun olaraq ölkə istisadiyyatının neft sektorundan asılılıq səviyyəsi yenidən artmaqdadır: i) ÜDM-də qeyri-neft sektorunun payı 2016-cı ildəki 34.2%-dən 2018-ci ildə 41.5%-ə yüksəlib; ii) hesabat ilində dövlət büdcəsi gəlirlərində birbaşa neft sektorundan daxilolmaların payı ümumi gəlirlərin 59.8%-i qədər olub; iii) ölkənin ümumi ixracının 91.2%-i neft-qaz sektorunun payına düşüb;
  • hökumət il ərzində əldə etdiyi neft gəlirlərinin əksər hissəsini dövlət büdcəsi və digər kanallarla iqtisadiyyata yönəltsə də, bu, tikinti sektorunda böhranı aradan qaldıra bilməyib və bütövlükdə iqtisadi artıma ciddi təsir göstərə bilməyib;
  • neft gəlirlərinin artması ölkənin valyuta ehtiyatlarının artmasını təmin edib;
  • son illər ölkədə biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviq edilməsi və dövlət investisiyalarının artırılmasına rəğmən iqtisadi artım tempinin 2%-dən aşağı olması iqtisadi sahədə daha ciddi islahatların zəruri olduğunu göstərir.

2018-ci ilin Makroiqtisadi Yekunları

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən 2018-ci ildə ölkədə 79797.3 mln. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. 2017-ci illə müqayisədə ÜDM-in real artım tempi 101.4%, ÜDM deflyatoru isə 112.2% olub. DSK-nın məlumatına görə, ÜDM-in 58.5%-i qeyri-neft sektorunda, qalan 41.5%-i isə neft sektorunda yaradılıb. Əvvəlki illə müqayisədə hesabat ilində iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 1.8%, neft sektorunda isə 0.6% artıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 8126.2 manat, yaxud 4780.1 ABŞ dolları təşkil edib ki, bu da 2017-ci illə müqayisədə real ölçüdə 0.5% çoxdur.

DSK-nın aylıq məlumatlarına əsasən, nominal ÜDM istehsalında ən aşağı səviyyə fevral ayında (5.5 mlrd. manat), ən yüksək səviyyə isə iyun ayında (7.7 mlrd. manat) qeydə alınıb (diaqram 1). Diaqram 1-dəki qrafikdən müşahidə olunur ki, il ərzində ÜDM deflyatoru 110-115% aralığında dəyişib: xüsusilə neftin dünya bazar qiymətinin yuxarı olduğu may-oktyabr ayları arasındakı dövrdə deflyatorun göstəricisi daha yüksək olub. Real artım tempi yanvarda 102.0%-dən başlasa da, ilin ortasında – iyun ayında – 100.2%-ə qədər aşağı düşüb, sonra isə yüksəlmə baş verib və ili 101.4%-lə başa vurub.

İl ərzində yeni yaradılan əlavə dəyərin 44.2%-i sənayenin, 9.6 %-i ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8.0%-i tikintinin, 6.3%-i nəqliyyat və anbar təsərrüfatının, 5.3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 2.2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 1.6%-i informasiya və rabitə sahələrinin, qalan 15.0%-i isə digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7.8 faizini təşkil edib.

ÜDM-də qeyri-neft sektorunun payı son 3 ildə azalmaqda davam edir. 2018-ci ildəki nominal ÜDM-in 46671.3 mln. manatı yaxud 58.5%-i qeyri-neft sektorunda yaradılıb. Beləliklə, ÜDM-də qeyri-neft sektorunun payı son 3 ildə azalmaqda davam edir: bu göstəricinin səviyyəsi 2016-cı ildə 65.8% olduğu halda, 2018-ci ildə 58.5%-ə düşüb, yəni 7.3 faiz bəndi azalıb (bax: cədvəl 2). Bu isə ÜDM-də neft sektorunun payının bir o qədər artması deməkdir. Bu, dünya bazarlarında neftin qiymətində baş vermiş artımla bağlıdır.

DSK-nın məlumatına əsasən, 2018-ci ildə 47.7 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1.5% çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 73.0%-i mədənçıxarma sektorunda, 22.2%-i emal sektorunda, 4.1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 9.1%, emal sənayesində isə 7.9% artdığı bildirilir. Beləliklə, emal sənayesində 2016-2017-ci illərdə qeydə alınmış azalma 2018-ci ildə artımla əvəzlənib.

Sənayedən fərqli olaraq ölkənin tikinti sektorunda azalma nəinki davam edib, hətta dərinləşib: bu sektorda 2017-ci ildə 1.5%-lik azalma olduğu halda, 2018-ci ildə azalma 9.0% təşkil edib. Bu, əsas kapitala yönəldilən investisiyaların 2017-ci illə müqayisədə 4.4% azalması ilə izah olunur. DSK-nın məlumatına əsasən, 2018-ci ildə əsas kapitala 17238.2 milyon manat məbləğində, yaxud 2017-ci illə müqayisədə 4.4% az vəsait yönəldilib. Bu azalmanın neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olduğu bildirilir. Qeyri-neft sektoruna yönəldilən sərmayənin həcminin 22.0%, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyaların 23.0% artdığı qeyd olunur.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına[i] əsasən 2018-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 30923.6 mln. ABŞ dolları məbləğində olub ki, bunun da 19458.6 mln. manatı yaxud 62.9%-i ixracın, qalan 11465.0 mln. dolları (37.1%-i) idxalın payına düşüb. Xarici ticarət dövriyyəsində təqribən 8.0 milyard dollarlıq müsbət saldo yaranıb.

Hesabat ilində ölkənin ümumi ixracının 91.2%-i neft-qaz sektorunun payına düşüb. Ümumi ixracın cəmi 8.7%-i, yaxud 1689.2 mln. manatı qeyri-neft sektorunun payına düşür. 2018-ci ildə ölkədən 15.7 milyard ABŞ dolları (ümumi ixracın 80.8%-i qədər) məbləğində xam neft, 1.5 milyard dollarlıq (ümumi ixracın 7.7%-i) təbii qaz, 520.6 mln. dollarlıq (ümumi ixracın 2.7%-i qədər) neft məhsulları ixrac olunub. Neft-qaz sektorunun ümumi ixracda cəmi payı 91.2% təşkil edib.

DGK-nin məlumatına əsasən, 2018-ci ildə ölkəyə idxal olunan 11.5 milyard ABŞ dolları məbləğində malların 1.37 milyard dolları (12.0%-i) yeyinti məhsuları, 2.6 milyard dolları (22.6%-i) maşın, mexanizm, elektrik aparatları və avadanlıqları, 1.2 milyard dolları (19.5%-i) qara metallar, 945.5 mln. dolları (8.3%-i) nəqliyyat vasitələri və onların ehtiyat hissələri olub.

Monetar Siyasət

Mərkəzi Bankın 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında əsas vəzifə olaraq makroiqtisadi sabitlik çərçivəsinin dayanıqlığının gücləndirilməsi qeyd edilib, inflyasiya gözləntilərinin azaldılmasına yönəldilmiş siyasətin davam etdirilməsi nəzərdə tutulub. Mərkəzi Bank uçot dərəcələrinin azaldılması fonunda pul kredit siyasətini nisbətən yumşaltsa da, milli valyutanın inzibati qaydada sabitliyi hesabına inflyasiyanı gücləndirən amillərin, o cümlədən xarici amillərin təsirini  minimuma endirməyə müvəffəq olub.

Bəyanata uyğun olaraq 2018-ci ildə inflyasiya səviyyəsi azalma tendensiyası göstərməklə təkrəqəmli həddə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il orta illik inflyasiya 2.3% təşkil edib. Ərzaq məhsullarının qiymətləri üzrə orta illik inflyasiya 1.7%, qeyri-ərzaq məhsulları üzrə 2.7%, xidmətlər üzrə isə 2.7% olub. Halbuki 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağı hədəflənmişdi. 2017-ci ildə orta illik inflyasiya səviyyəsi 12.9% olub. Həmin dövrdə ərzaq məhsullarında qiymət artımı hətta 16.4%-ə yüksəlib (diaqram 2).

Rəsmi məlumatlara görə, 2018-ci ildə ümumilikdə 521 adda mal və xidmətdən 121-nin qiyməti azalıb, 40-nın qiyməti isə dəyişməz qalıb. Qiymətləri bahalaşan məhsulların 90%-də artım 5%-i keçməyib. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının qiymət dəyişimi nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2018-ci ildə 1.8% təşkil edib.[ii]

İnflyasiya səviyyəsinin aşağı düşməsinin əsas səbəbi milli valyutanın məzənnəsinin sabitliyi olub. Üzən məzənnəyə keçid elan edilməsinə rəğmən hesabat dövrü ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7000 manat təşkil edib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Dövr ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1.6965, satış məzənnəsi isə 1.7023 manat təşkil edib. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.2% (0.0035 manat), satış məzənnəsi ilə isə 0.1% (0.0023 manat) olub. Mərkəzi Bankın hesabatlarında və açıqlamalarında manatın rəsmi məzənnəsinin banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edildiyi qeyd edilir[iii]. Halbuki martın 3-dən bəri ABŞ dollarının orta günlük rəsmi məzənnəsi 1.7000 manat olmaqla dəyişməz qalıb. Dünya bazarlarında isə ABŞ dollarının digər valyutalara nəzərən məzənnəsi kəskin dəyişib. Bütün bunlar milli valyutamızın məzənnəsinin inzibati qaydada tənzimləndiyini göstərir. Prezidentin 17 iyul 2018-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə  dəyişiklik edilərək, tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi müddəti 2017-ci ildən 2020-ci ilə kimi uzadılması məzənnənin inzibati qaydada tənzimlənməsinə sübutdur.

Ötən il manatın orta illik rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən 40 ölkənin 28-nin milli valyutalarına münasibətdə bahalaşıb, 11-nin valyutalarına münasibətdə ucuzlaşıb, 1 ölkənin valyutasına münasibətdə dəyişməz qalıb. Dövr ərzində manatın rəsmi orta illik məzənnəsi ABŞ dollarına qarşı 0,01%, Türkiyə lirəsinə qarşı 28.6%, Rusiya rubluna qarşı 16.9%, avroya qarşı 4.1%, İngiltərə funt sterlinqinə qarşı 5.9% bahalaşıb.[iv]

Dünya bazarlarında neftin bahalaşması səbəbindən 2018-ci ildə manat möhkəmlənmə təzyiqi altında olub. Bəzi ayları çıxmaq şərti ilə valyuta bazarında təklif tələbi üstələyib. Xüsusilə də aprel, avqust və dekabr aylarında xarici valyutaya tələbin artması müşahidə edilib ki, bu da bəzi tərəfdaş ölkələrdə (Rusiya, Türkiyə) milli valyutanın kəskin ucuzlaşmasından doğan psixoloji gözlənti ilə əlaqədar olub. Aprel ayında dollar satışının həcmi 545.7 milyon USD, avqust ayında isə 542.7 milyon USD olub. Halbuki digər aylarda dollar satışı 150-230 milyon USD intervalında dəyişib[v].  Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiyada rublun dollara qarşı rəsmi məzənnəsi aprel ayında 8.3%, Türkiyə lirəsi isə 2% ucuzlaşıb. Avqust ayında Rusiya rublunun ucuzlaşması 9.2% olduğu halda, Türkiyə lirəsinin ucuzlaşması 33% olub. Dekabr ayında dollar satışının artması (584.2 milyon USD) ilin sonunda büdcə öhdəliklərinin icrası ilə bağlıdır. 2018-ci ildə  satılan dolların həcmi 3.41 milyard USD olub ki, bu 2017-ci illə müqayisədə (1.76 milyard USD) təxminən 2 dəfə çoxdur.

Manata ucuzlaşma təzyiqinin olmaması Mərkəzi Banka valyuta ehtiyatlarını nəinki qorumağa, hətta artırmağa da imkan verib. Ötən il Mərkəzi Bankın valyuta ehtiyatı 287.9 milyon dollar və ya 5.4% artaraq 5.62 milyard dollara çatıb.  Bu vəsaitin 115 milyon dolları valyuta ehtiyatlarının idarə edilməsinin, 1/3-i svop əməliyyatları hesabına banklardan geri qayıtmış vəsaitlərin, yerdə qalanı isə Mərkəzi Bankın beynəlxalq təşkilatlara göstərdiyi xidmətlərin payına düşür[vi].

Mərkəzi Bankın məlumatına görə[vii], 2018-ci ildə valyuta həm qeyri-nağd, həm də nağd əməliyyatlar seqmentində artım müşahidə edilib. Qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 25.4 milyard ABŞ dolları ekvivalentində olub. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 83.3%-i ABŞ dollarında, 16.7%-i digər valyutalarda aparılıb. Qeyri-nağd valyuta əməliyyatlarının 33%-i banklararası valyuta bazarının (BVB), 67%-i isə bankdaxili valyuta bazarının (BDVB) payına düşüb. BVB-də ABŞ dolları ilə aparılmış əməliyyatların 53.5%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də valyuta əməliyyatlarının həcmi 17 mlrd. dollar ekvivalentində olub ki, bunun da 77%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil edib. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların artım tempi son 5 ilin ən yüksək həddində olub. Bu müddətdə ABŞ valyutası üzrə alqı-satqının həcmi 2017-ci illə müqayisədə 56% artaraq 5.4 milyard dollara çatıb. Artım əsasən satış hesabına baş verib. Dollar satışı əvvəlki illə müqayisədə 2 dəfəyədək artıb, alış isə 17.5% olub. Avronun alqı-satqı dövriyyəsinin artım tempi dörd il ardıcıl azalmadan sonra ötən il nəhayət 32% artaraq 964.2 milyon avroya çatıb[viii].

Dövlət Neft Fondunun valyuta satışı kəskin artıb. 2018-ci ildə Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi məqsədilə həftədə 2 dəfə olmaqla keçirilən hərraclarda xarici valyuta satışlarının həcmi 6460.4 milyon ABŞ dolları təşkil edib[ix]. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 79.6% çoxdur. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə ARDNF-in valyuta satışı 3598.1 milyon USD, 2016-cı ildə isə 4586.5 milyon USD olub[x]. Ötən il Fondun valyuta satışının həcminin əvvəlki illərlə müqayisədə yüksək olması dövlət büdcəsi üçün transfertin həcminin artması ilə bağlıdır. Belə ki, 2016-cı ildə Fonddan dövlət büdcəsinə transfert şəklində 7.6 milyard manat, 2017-ci ildə 6.1 milyard manat, 2018-ci ildə isə 10.96 milyard manat köçürülüb.

Mərkəzi Bank çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlasa da, ötən il ancaq açıq bazar əməliyyatlarını tətbiq edə bilib. Pul kütləsinin həcmini tənzimləmək və banklarda son dövrlər yaranmış izafi likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bank 2018-ci ildə milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 55 depozit hərracı, notların yerləşdirilməsi üzrə 51 hərrac keçirib. Depozit əməliyyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilib, notlar isə 28 gün müddətinə yerləşdirilib. Banklar depozit hərracları vasitəsilə 54 milyon manat, notların alınması vasitəsilə 90 milyon manata yaxın faiz gəliri əldə ediblər[xi].

İl ərzində Mərkəzi Bankın uçot dərəcəsi 15.0%-dən 9.75%-ədək aşağı salınıb. 2018-ci ildə Mərkəzi Bank pul kredit siyasətini yumşaltmaq siyasəti çərçivəsində uçot dərəcəsini mərhələli şəkildə aşağı salıb. Uçot dərəcələri 12 fevral tarixində 15.0%-dən 13.0%-ə, 10 aprel tarixində 11.0%-ə, 14 iyunda 10.0%-ə, 30 oktyabrda 9.75%-ə endirilib. Bu müddətdə faiz dəhlizinin yuxarı həddi 18.0%-dən 11.75%-ə, aşağı həddi isə 10.0%-dən 7.75%-ə salınıb. Faiz dəhlizinin aşağı salınmasına baxmayaraq tələb təklifi keçirilən depozit hərraclarında 2.6 dəfə, notların yerləşdirilməsi üzrə hərraclarda isə 2.4 dəfə üstələyib. Buna səbəb kreditləşmənin zəifləməsi fonunda banklarda izafi likvidlik yaranmasıdır[xii].

Məcburi ehtiyat normaları ötən il də dəyişməz saxlanılıb. Məcburi ehtiyat normaları son dəfə 2016-cı ilin mart ayının 3-də dəyişilib. Həmin dəyişikliyə görə, məcburi ehtiyat norması xarici valyutada öhdəliklər üzrə 1.0%, manatla və qiymətli metallarda öhdəliklər üzrə 0.5%, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0 müəyyənləşdirilib. Hesabat dövründə məcburi ehtiyatlar 141.2 milyon AZN-dən 163 milyon AZN-ə qədər artıb[xiii].

2018-ci il pul təklifi artıb. Ötən il manatla pul bazası 11.7% artaraq ilin sonuna 9545,7 milyon manat təşkil edib. İl ərzində manatla geniş pul kütləsi (M2) 17.5% artaraq 14643.6 milyon manata çatıb. Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi 1.5%, fiziki şəxslərin manatla əmanətləri 24.1%, hüquqi şəxslərin manatla depozitləri isə 42.9% artıb.

Manatla tələb olunanadək əmanət və depozitlərin 50.1%, müddətli əmanət və depozitlərin isə cəmisi 10.4% artmasını əhalinin milli valyutanın sabitliyinə və bankların dayanıqlığına əminliyinin az olmaması ilə əlaqələndirmək olar.

Nağdsız əməliyyatların təşviqinə rəğmən dövriyyədə olan nağd pul artıb. Ötən il dövriyyədəki nağd pulun həcmi 2.8% artaraq 8.4 milyard manata çatıb. Bu, 2014-cü ildən (10.9 milyard manat) sonra ən yüksək həddir. Artıma baxmayaraq dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti il ərzində azalaraq 82.5%-dən 81.1%-ə düşüb.

Pul kütləsinin artımını Mərkəzi Bank deposit hərracları və not buraxılışı vasitəsilə tənzimləyib. Hesabat dövründə depozit hərracları və not buraxılışı vasitəsilə dövriyyədən müvəqqəti çıxarılan pul kütləsinin həcmi 1.7-1.8 milyard manat arasında dəyişib.

Milli valyutanın sabitliyi bank sektorunda dollarlaşma səviyyəsinin aşağı düşməsini təmin edib. Həm kredit qoyuluşunda, həm depozit cəlbində əksdollarlaşma müşahidə edilib. 2018-ci ildə xarici valyutada olan kreditlərin payı 40.9%-dən 38.0%-ə, ümumi depozitlərin payı isə 72.4%-dən 65.3%-ə düşüb. Azalma həm əhalidən cəlb edilən əmanətlərdə, həm də maliyyə və qeyri-maliyyə təşkilatlarının yerləşdirdikləri depozitlərdə baş verib. Belə ki, ötən il əhali əmanətlərində xarici valyutaların payı 66.5%-dən 62.5%-ə, maliyyə təşkilatlarının depozitlərində 82.4%-dən 72.9%-ə, qeyri-maliyyə təşkilatlarının depozitlərində 74.7%-dən 66.4%-ə düşüb. Hazırda ən yüksək dollarlaşma səviyyəsi maliyyə təşkilatlarının depozitlərində mövcuddur[xiv].

Ölkədən valyuta axının məhdudlaşdırılması və bununla da valyuta bazarında sabitliyi təmin etmək məqsədilə Mərkəzi Bankın 26 fevral 2018-ci il tarixli, 4/1 saylı Qərarı ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilib. Bu dəyişikliklərlə rezidentlər və qeyri-rezidentlər tərəfindən banklar vasitəsi ilə xarici valyuta əməliyyatlarının aparılmasına dair tələblər daha da sərtləşdirilib. Eyni zamanda dəyişiklik vasitəsilə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunması müddəti 180 gündən 270 günə qədər artırılıb.

Dövlət Büdcəsinin İcrası Durumu

2018-ci ilin ortasında dövlət büdcəsinin proqnozlarında dəyişiklik edilib. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2017-ci ilin dekabrın 1-də imzalanmışdı. Həmin Qanuna əsasən 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20127.0 mln. manat, xərcləri isə 21047.0 mln. manat proqnozlaşdırılmış, dövlət büdcəsinin proqnozlaşdırılan kəsirinin yuxarı həddi 920.0 mln. manat nəzərdə tutulmuşdu.

İl ərzində ARDNF-dən dövlət büdcəsinə 9216.0 mln. manat transfert edilməsi nəzərdə tutulmuşdu ki, bu da dövlət büdcəsinin proqnozlaşdırılan bütün gəlirlərinin 45.8%-i demək idi. 2017-ci illə müqayisədə ARDNF-dən dövlət büdcəsinə edilən transfertin məbləğinin 3116.0 mln. manat yaxud 51.1% artırılması qərara alınmışdı. Ümumiyyətlə, 2017-ci ilin büdcə gəlirləri proqnozu ilə müqayisədə 2018-ci ilin büdcə gəlirləri 3361.0 mln. manat və ya 20.0% çox proqnozlaşdırılmışdı. Bu artımın 3156.0 mln. manatı (yaxud artımın 94%-i) birbaşa neft sektorundan daxilolmalar hesabına baş verməli idi.

Qeyd edilməlidir ki, 2018-ci il üçün dövlət büdcəsi gəlirlərinin proqnozu neftin 45 dol./bar. orta illik qiyməti əsasında hazırlanmışdı. Lakin 2018-ci ilin birinci yarısında neftin dünya bazar qiymətinin 60 dol./bar.-dən yüksək olması ilə əlqaədar olaraq, hökumət 2018-ci ilin ortasında dövlət büdcəsinin gəlir və xərclərinin proqnozunu artırmaq qərarına gəldi. Azərbaycan Respublikasının 29 iyun 2018-ci il tarixli qanunu ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edildi: 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 22149.0 mln. manat, xərcləri isə 23100.0 mln. manat təsdiqləndi. Dəyişiklik nəticəsində dövlət büdcəsinin ilkin proqnozlaşdırılan gəlirləri 1983.0 mln. manat, xərcləri isə 2014.0 mln. manat artırıldı. Dəyişiklikdən sonra dövlət büdcəsi kəsirinin yuxarı həddi 951.0 mln. manata yüksəldildi.

Büdcə dəyişikliyi zamanı dövlət büdcəsi gəlirlərinin artımı neft-qaz sektoru və xarici iqtisadi fəaliyyətdən daxilolmalar hesabına baş verib, qeyri-neft sektorundan daxilolmalar proqnozu isə azaldılıb. Bu dəyişikliklər zamanı 1 dekabr 2017-ci il tarixli Qanunla təsdiq edilmiş ilkin proqnozla müqayisədə dövlət büdcəsinin gəlirlərində ümumi artım 1983.0 mln. manat olmasına baxmayaraq, ayrı-ayrı mənbələr üzrə büdcə daxilolmalarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazım gəlir. Belə ki, dəyişikliklər zamanı rezident hüquqi şəxslərin mənfəət vergisi üzrə büdcəyə proqnozlaşdırılan gəlirlərin məbləği 230.0 mln. manat, ölkə daxilində istehsal edilən mal və xidmətlər üzrə ƏDV-dən daxilolmaların ilkin proqnozlaşdırılan məbləği isə 770.0 mln. manat azaldılıb. Eyni zamanda, ARDNF-dən transfertin məbləği 1750.0 mln. manat, HPBS üzrə podratçı şirkətlərin mənfəət vergisindən daxilolmaların məbləği 450.0 mln. manat, idxal mallarına ƏDV üzrə daxilolmalar 508.0 mln. manat, gömrük rüsumları 205.0 mln. manat artırılıb (bax: diaqram 3).

Göründüyü kimi, dəyişikliklər zamanı ilkin proqnozla müqayisədə dövlət büdcəsinin ayrı-ayrı gəlir mənbələri üzrə daxilolmaların məbləği ümumilikdə təqribən 3.0 milyard manat artırılıb, bəzi gəlir mənbələri üzrə isə təqribən 1.0 milyard manat azaldılıb. Həm də artım əsasən birbaşa neft sektorundan (2200.0 mln. manat) və xarici iqtisadi fəaliyyətdən (725.0 mln. manat) daxilolmalar hesabına baş verdiyi halda, azalmalar əsasən məhz rezident şəxslərin ölkə daxilində mənfəət vergisi və ƏDV üzrə büdcəyə ödənişlərində qeydə alınıb.

Beləliklə, bu dəyişikliklərdən sonra 2018-ci il dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri 2017-ci ilin gəlirlər proqnozu ilə müqayisədə ümumilikdə 5383.0 mln. manat və ya 33.0% artırılmış oldu. Dəyişiklikdən sonra dövlət büdcəsinin birbaşa neft sektorundan daxilolmalarında gözlənilən artım 5356.0 mln. manat proqnozlaşdırılıb ki, bu da demək olar büdcə gəlirlərinin proqnozlaşdırılan ümumi artımına bərabərdir. 2017-ci ilin büdcə gəlirləri proqnozu ilə müqayisədə 2018-ci ilin dəqiqləşdirilmiş büdcə gəlirləri proqnozunda Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə daxilolmalarda təqribən 800.0 mln. manatlıq artım gözlənildiyi halda, Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektorundan gözlənilən vergi daxilolmalarında təqribən bir o qədər azalma nəzərdə tutulub.

2018-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş proqnozuna əsasən ümumi büdcə gəlirlərinin 13346.0 mln. manatı, yaxud 61%-i birbaşa neft sektorundan daxilolmalar, o cümlədən 10966.0 mln. manatı, yaxud tən yarısı (50.0%-i) isə ARDNF-in transferti hesabına formalaşacağı gözlənilirdi.

Büdcə dəyişikliyi nəticəsində büdcə xərclərində baş verən artımın yarıdan çoxunun (57.0%-i) 3 dövlət şirkətinə verilməsi nəzərdə tutulub. Dəyişiklik zamanı 2018-ci il üçün dövlət büdcəsinin xərcləri ilkin proqnozla müqayisədə təqribən 2014.0 mln. manat artırıldı. Bu artımın 1144.6 mln. manatı (57.0%-i) “iqtisadi fəaliyyət” bölməsinə, 270.0 mln. manatı (14.0%-i) investisiya xərclərinə, 166.5 mln. manatı müdafiə xərclərinə, 145.9 mln. manatı sosial müdafiə və sosial təminat xərclərinə, 99.0 mln. manatı kənd təsərrüfatı xərclərinə, 42.0 mln. manatı təhsil xərclərinə və s. əlavə edildi. “İqtisadi fəaliyyət” bölməsi üzrə xərclərə əlavə edilən 1144.6 mln. manat vəsaitin hamısı 3 dövlət şirkətinə verilmək üçün nəzərdə tutulmuşdu: bunun 963.2 mln. manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR), 100.0 mln. manatı “Azərbaycan Dəmir Yolları” QSC-yə, qalan 81.4 mln. manatı isə “Azərenerji” ASC-yə verilir.

2018-ci il dövlət büdcəsinin icrası. Maliyyə Nazirliyinin operativ məlumatına[xv] görə 2018-ci il üzrə dövlət büdcəsinin gəlirləri 22411.3 mln. manat, xərcləri 22718.9 mln. manat, büdcə kəsirinin məbləği isə 307.6 mln. manat olub.

Büdcə gəlirləri. 2018-ci il üzrə dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılan məbləğdən (22149.0 mln. manat) 262.3 mln. manat yaxud 1.2% çox yerinə yetirilib.

Dövlət büdcəsinin ümumi gəlirlərinin 10959.0 mln. manatı (48.9%-i) ARDNF-in transferti, 7417.6 mln. manatı (33.1%-i) Vergilər Nazirliyinin xətti ilə toplanan vəsaitlər (o cümlədən 4975.5 min manatı (22.2%-i) qeyri-neft sektorundan daxilolmalar), 3434.4 mln. manatı (15.3%-i) DGK-in xətti ilə daxilolmalar, 466.4 mln. manatı (2.1%-i) büdcə təşkilatlarının ödənişli xidmətləri, qalan 134.3 mln. manatı isə digər mənbələr hesabına formalaşıb (bax: diaqram 4).

İlkin məlumatlara əsasən, 2018-ci il dövlət büdcəsi gəlirlərində birbaşa neft sektorundan daxilolmaların ümumi məbləği 13401.1 mln. manat olub ki, bu da ümumi gəlirlərin 59.8%-i deməkdir. Bu vəsaitin 10959.0 mln. manatı ARDNF-in transferti, qalan 2442.1 mln. manatı isə Vergilər Nazirliyinin xətti ilə neft sektorundan  daxilolmalardır (yəni ARDNŞ-in ödənişləri və HPBS çərçivəsində xarici podratçı şirkətlərin mənfəət vergisi üzrə ödənişləri).

ARDNF-in transferti nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin məbləği 11452.3 mln. manat olub ki, bu da 2018-ci ildə dövlət büdcəsinin faktiki cari xərclərinin (11549.8 mln. manat) məbləğindən 97.5 mln. manat yaxud 0.85% azdır.

Dövlət büdcəsi gəlirlərinin 20.8%-i (yaxud 4562.9 mln. manatı) ilin I rübündə, 23.5%-i (5258.6 mln. manatı) II rübdə, 28.0%-i (6268.1 mln. manatı) III rübdə, qalan 28.1%-i (6321.6 mln. manatı) isə IV rübdə icra olunub (diaqram 5).

Eyni zamanda ARDNF-dən dövlət büdcəsinə transfert olunan ümumi vəsaitin 2299.0 mln. manatı (yaxud 21.0%-i) I rübdə, 2309.0 mln. manatı (21.1%-i) II rübdə, 3180.0 mln. manatı (29.0%-i) III rübdə, qalan 3171.0 mln. manatı (28.9%-i) isə IV rübdə köçürülüb. Bu isə o deməkdir ki, dövlət büdcəsi gəlirlərinin I rübdə 50.4%-i, II rübdə 43.9%-i, III rübdə 50.7%-i, IV rübdə isə 50.2%-i ARDNF-in transfertinin hesabına formalaşıb.

2018-ci ildə dövlət büdcəsinin faktiki gəlirləri 2017-ci ilin gəlirləri (16516.7) ilə müqayisədə 5894.6 mln. manat, yaxud 36.0% çox olub. 2017-ci illə müqayisədə 2018-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfertin məbləği 4859.0 mln. manat yaxud 79.7%, Vergilər Nazirliyinin xətti ilə neft sektorundan cəlb edilən vəsaitlərin məbləği 662.8 mln. manat, yaxud 37.3%, DGK-nin xətti ilə daxilolmaların məbləği 825.6 mln. manat, yaxud 31.6%, büdcə təşkilatlarının ödənişli xidmətlərindən əldə olunan gəlirlər isə 100.3 mln. manat yaxud 27.4% artıb (bax: diaqram 6).

Bununla yanaşı, əvvəlki illə müqayisədə 2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektorundan dövlət büdcəsinə cəlb edilən vəsaitin məbləği 217.2 mln. manat, yaxud 4.2%, sair mənbələrdən daxilolmalar isə 265.7 mln. manat yaxud 66.4% azalıb (2017-ci ildə Mərkəzi bankın mənfəətindən 250.0 mln. manat vəsait dövlət büdcəsinə köçürülmüşdü, lakin 2018-ci ildə belə köçürmə olmadığından sair daxilolmalarda belə kəskin azalma müşahidə olunub).

Beləliklə, 2017-ci illə müqayisədə 2018-ci ilin dövlət büdcəsinin gəlirlərində bütün mənbələr üzrə baş verən ümumi artımın 5521.8 mln. manatı yaxud 86.0%-i neft sektorundan daxilolmalar, 12.8%-i isə xarici iqtisadi fəaliyyətlə bağlı daxilolmalar hesabına baş verdiyi məlum olur.

Büdcə xərcləri. Maliyyə Nazirliyinin operativ məlumatına əsasən, 2018-ci il üçün dövlət büdcəsinin xərcləri 22718.9 mln. manat məbləğində olub ki, bu da proqnozlaşdırılan xərclərdən 381.1 mln. manat yaxud 1.6% azdır.

Dövlət büdcəsi xərclərinin 11549.8 mln. manatı (50,8%-i) cari xərclərə, 8941.9 mln. manatı (39,4%-i) əsaslı xərclərə, 2227.2 mln. manatı (9.8%-i) isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə  yönəldilib (diaqram 7).

Maliyyə Nazirliyinin məlumatına görə, dövlət büdcəsi xərclərinin 31.7%-i və ya 7196.6 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Bunun 2017-ci illə müqayisədə 505.9 mln. manat yaxud 7.6% çox olduğu bildirilir.

Dövlət büdcəsi xərclərinin  4408.0 mln. manatı (illik xərclərin 19.4%-i) ilin I rübündə, 5116.3 mln. manatı (22.5%-i) II rübdə, 6141.7 mln. manatı (27.0%-i) III rübdə, qalan 7052.9 mln. manatı (31.0%-i) isə IV rübdə icra olunub (diaqram 8).

2018-ci il dövlət büdcəsinin xərclərinin ümumi məbləği 2017-ci ilin xərcləri ilə müqayisədə 5124.4 mln. manat yaxud 29.1% çox olub. Hesablamalara əsasən, 2017-ci illə müqayisədə 2018-ci ildə dövlət büdcəsinin cari xərcləri 643,7 mln. manat yaxud 5.9%, əsaslı xərcləri 3767.1 mln. manat yaxud 72.8%, dövlət borcuna xidmət xərcləri isə 713.5 mln. manat yaxud 47.1% artıb. Bu isə o deməkdir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə dövlət büdcəsinin xərclərində baş verən artımın əksər hissəsi – 73.5%-i yaxud 3767.1 mln. manatı – məhz əsaslı xərclərə, yəni investisiya xarakterli işlərə yönəldilib. Büdcə xərcləri artımının 13.9%-i (713,5 mln. manatı) dövlət borcuna xidmət xərclərinə, 12.6%-i (643.7 mln. manatı) isə cari xərclərə sərf olunub.

Büdcə kəsiri. 2018-ci il üzrə dövlət büdcəsi kəsirinin məbləği 307.6 mln. manat olub. Dövlət büdcəsinin icrası barədə operativ məlumatlardan aydın olur ki, əslində ilin ilk 3 rübündə büdcənin gəlirləri onun xərclərindən çox olub: I rübün sonunda 154.9 mln. manatlıq, II rübdə 142.3 mln. manatlıq və III rübdə 126.4 mln. manatlıq, 3 rübdə cəmi 423.6 mln. manatlıq büdcə artıqlığı yaranmışdı (diaqram 9).

Lakin ilin son rübündə dövlət büdcəsinin xərcləri büdcə gəlirlərindən 731.3 mln. manat çox olub ki, nəticədə ilin sonunda 307.6 mln. manatlıq büdcə kəsiri yaranıb. Bu, büdcə kəsiri üçün qanunla təsdiqlənən yuxarı həddin – 951.0 mln. manatın – 32.3%-i qədərdir, yaxud ondan 643.4 mln. manat azdır.

Xatırladaq ki, 2017-ci ildə dövlət büdcəsinin kəsirinin məbləği 1077.8 mln. manat olmuşdu, yəni 2017-ci illə müqayisədə 2018-ci ildə dövlət büdcəsinin kəsiri 3.5 dəfə azaldılıb.

İcmal Büdcənin Gəlir və Xərcləri

Maliyyə Nazirliyinin operativ məlumatına əsasən, 2018-ci ildə icmal büdcənin gəlirləri 31034.7 mln. manat olub ki, bu da 2017-ci illə müayisədə 6958.7 mln. manat və ya 28.8% çoxdur. İcmal büdcənin xərcləri 26334.4 mln. manat olub ki, bu da qanunla təsdiq olunmuş yuxarı həddən 240.9 mln. manat azdır. 2017-ci illə müqayisədə 2018-ci ildə icmal büdcənin xərcləri 4.6% yaxud 1151.4 mln. manat artıb.

2018-ci ildə icmal büdcədə 4700.3 mln. manatlıq profisit yaranıb. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə icmal büdcədə 1107.0 mln. manatlıq kəsir olmuşdu .

2018-ci il üzrə icmal büdcənin ümumi gəlirlərinin 22.8%-i I rübdə, 25.9%-i II rübdə, 28.2%-i III rübdə, qalan 23.1%-i isə IV rübdə formalaşıb. İcmal büdcənin ümumi xərclərinin 18.1%-i I rübdə, 23.1%-i II rübdə, 27.1%-i III rübdə, qalan 31.7%-i isə IV rübdə icra olunub (diaqram 10).

10-cu diaqramın məlumatlarından göründüyü kimi ilin ilk 3 rübündə icmal büdcənin gəlirləri onun xərclərindən çox olub: III rübün sonuna icmal büdcədə 5879.7 mln. manatlıq profisit (artıqlıq) olub. Lakin IV rübdə icmal büdcənin gəlirlərində əvvəlki 2 rüblə müqayisədə azalma baş verib, xərcləri isə artıb. Buna görə də son rübdə icmal büdcənin xərcləri onun gəlirlərindən 1179.4 mln. manat çox olub. Nəticədə ilin sonuna icmal büdcədə 4700.3 mln. manatlıq artıqlıq yaranıb.

Yekun

Sonda ötən il makroiqtisadi baxımdan ölkə iqtisadiyyatında baş veən əsas hadisələri aşağıdakı kimi ümumiləşdirmək olar:

Makroiqtisadi göstəricilər üzrə:

  • 2017-ci illə müqayisədə ÜDM-in real artım tempi 101.4%, ÜDM deflyatoru isə 112.2% olub;
  • Əhalinin hər nəfərinə düşən ÜDM 8126.2 manat, yaxud 4780.1 ABŞ dolları təşkil edib ki, bu da 2017-ci illə müqayisədə real ölçüdə 0.5% çoxdur;
  • ÜDM-də qeyri-neft sektorunun payı son 3 ildə azalmaqda davam edib: bu göstəricinin səviyyəsi 2016-cı ildə 65.8% olduğu halda, 2018-ci ildə 58.5%-ə düşüb;
  • Emal sənayesində 2016-2017-ci illərdə qeydə alınmış azalma 2018-ci ildə 7.9%-lik artımla əvəzlənib;
  • Tikinti sektorunda azalma nəinki davam edib, hətta dərinləşib: bu sektorda 2017-ci ildə 1.5%-lik azalma olduğu halda, 2018-ci ildə azalma 9.0% təşkil edib;
  • 2018-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsində təqribən 8.0 milyard dollarlıq müsbət saldo yaranıb;
  • Hesabat ilində ölkənin ümumi ixracının 91.2%-i neft-qaz sektorunun, cəmi 8.7%-i isə qeyri-neft sektorunun payına düşüb;

Monetar siyasət üzrə:

  • Ötən il istehlak qiymətləri indeksi (İQİ) əvvəlki illə müqayisədə 102.3% təşkil edib (2017-ci 112.9% olmuşdu). İnflyasiya səviyyəsinin aşağı düşməsinin əsas səbəbi milli valyutanın məzənnəsinin sabitliyi olub;
  • 2018-ci ildə manat möhkəmlənmə təzyiqi altında olub. Bir neçə ay istisna olmaqla, valyuta bazarında təklif tələbi üstələyib;
  • Manata ucuzlama təzyiqinin olmaması Mərkəzi Banka valyuta ehtiyatlarını nəinki qorumağa, hətta artırmağa da imkan verib: ötən il Mərkəzi Bankın valyuta ehtiyatı 5.4% artaraq 5.62 milyard dollara çatıb;
  • Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların artım tempi son 5 ilin ən yüksək həddində olub;
  • 2018-ci ildə ARDNF-in valyuta satışı əvvəlki illə müqayisədə 79.6% artıb: Fond il ərzində 6460.4 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib;
  • Pul kütləsinin həcmini tənzimləmək və banklarda son dövrlər yaranmış izafi likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bank 2018-ci ildə milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 55 depozit hərracı və 51 notların yerləşdirilməsi üzrə hərrac keçirib;
  • İl ərzində Mərkəzi Bankın uçot dərəcəsi mərhələlərlə 15.0%-dən 9.75%-ədək aşağı salınıb, məcburi ehtiyat normaları dəyişməz saxlanılıb, manatla pul bazası isə 11.7% artırılıb;
  • Nağdsız əməliyyatların təşviqinə rəğmən dövriyyədə olan nağd pulun həcmi 2.8% artıb;
  • Milli valyutanın sabitliyi bank sektorunda dollarlaşma səviyyəsinin aşağı düşməsini təmin edib: 2018-ci ildə xarici valyutada olan kreditlərin payı 40.9%-dən 38.0%-ə, ümumi depozitlərin payı isə 72.4%-dən 65.3%-ə düşüb;

Dövlət büdcəsinin icrası üzrə:

  • İlin birinci yarısında dünya bazarlarında neftin qiymətinin yüksək olması və ölkənin neft gəlirlərinin artması ilə əlaqədar olaraq 2018-ci ilin ortasında dövlət büdcəsinin proqnozlarında dəyişiklik edilib: büdcənin gəlirləri 1.9 milyard manat, xərcləri isə 2.0 milyard manat artırılıb;
  • Dövlət büdcəsi gəlirlərinin artımı əsasən birbaşa neft sektorundan (2200.0 mln. manat) və xarici iqtisadi fəaliyyətdən (725.0 mln. manat) daxilolmalar hesabına baş verdiyi halda, rezident şəxslərin ölkə daxilində mənfəət vergisi və ƏDV üzrə büdcəyə ödənişlərinin proqnozu təqribən 1.0 milyard manat azaldılıb;
  • Büdcə dəyişikliyi nəticəsində büdcə xərclərində baş verən artımın yarıdan çoxu (57.0%-i) 3 dövlət şirkətinə verilməsi üçün nəzərdə tutulub;
  • 2018-ci il üzrə dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılan məbləğdən 1.2% çox, 2017-ci ilin gəlirləri ilə müqayisədə 36.0% çox olub.
  • Dövlət büdcəsi gəlirlərində birbaşa neft sektorundan daxilolmaların payı ümumi gəlirlərin 59.8%-i qədər olub;
  • ARDNF-in transferti nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin məbləği dövlət büdcəsinin faktiki cari xərclərindən 0.85% az olub;
  • Əvvəlki illə müqayisədə 2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektorundan dövlət büdcəsinə cəlb edilən vəsaitin məbləği 4.2% az olub;
  • 2017-ci illə müqayisədə 2018-ci ilin dövlət büdcəsinin gəlirlərində bütün mənbələr üzrə baş verən ümumi artımın 86.0%-i neft sektoru, 12.8%-i isə xarici iqtisadi fəaliyyətlə bağlı daxilolmalar hesabına baş verib;
  • 2018-ci il üçün dövlət büdcəsinin xərcləri proqnozlaşdırılan məbləğdən 1.6% az, 2017-ci illə müqayisədə isə 29.1% çox olub;
  • Dövlət büdcəsi xərclərinin 50,8%-i cari xərclərə, 39,4%-i əsaslı xərclərə, 9.8%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib;
  • 2018-ci il üzrə dövlət büdcəsi kəsirinin məbləği 307.6 mln. manat, yaxud qanunla təsdiqlənən yuxarı həddin 32.3%-i qədər olub;
  • 2018-ci ildə ölkənin icmal büdcəsində 4700.3 mln. manatlıq profisit yaranıb (2017-ci ildə 1107.0 mln. manatlıq kəsir olmuşdu).

Nəticə

  • 2018-ci ildə monetar və maliyyə sabitliyinin təmin edilməsinə, ölkənin neft gəlirlərinin əvvəlki illə müqayisədə ciddi artmasına, xarici ticarət dövriyyəsində 8.0 milyard dollarlıq müsbət saldo və icmal büdcədə 4.7 milyard manatlıq artıqlıq olmasına, dövlət büdcəsi xərclərinin əvvəlki illə müqayisədə 29.1%, büdcə investisiyalarının isə 80 faizədək artmasına rəğmən ölkədə ÜDM-in real artımı cəmi 1.4% səviyyəsində olub;
  • neft gəlirlərinin artmasına uyğun olaraq ölkə istisadiyyatının neft sektorundan asılılıq səviyyəsi yenidən artmaqdadır: i) ÜDM-də qeyri-neft sektorunun payı 2016-cı ildəki 34.2%-dən 2018-ci ildə 41.5%-ə yüksəlib; ii) hesabat ilində dövlət büdcəsi gəlirlərində birbaşa neft sektorundan daxilolmaların payı ümumi gəlirlərin 59.8%-i qədər olub; iii) ölkənin ümumi ixracının 91.2%-i neft-qaz sektorunun payına düşüb;
  • hökumət il ərzində əldə etdiyi neft gəlirlərinin əksər hissəsini dövlət büdcəsi və digər kanallarla iqtisadiyyata yönəltsə də, bu, tikinti sektorunda böhranı aradan qaldıra bilməyib və bütövlükdə iqtisadi artıma ciddi təsir göstərə bilməyib;
  • neft gəlirlərinin artması ölkənin valyuta ehtiyatlarının artmasını təmin edib;
  • son illər ölkədə biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviq edilməsi və dövlət investisiyalarının artırılmasına rəğmən iqtisadi artım tempinin 2%-dən aşağı olması iqtisadi sahədə daha ciddi islahatların zəruri olduğunu göstərir.

İstinadlar:

[i] http://customs.gov.az/modules/pdf/pdffolder/71/FILE_44C1D3-FD03FF-A9A62A-0678E5-8898EF-88787F.pdf

[ii] Pul siyasəti icmalı.  Yanvar – dekabr 2018. N:4, Azərbaycan Respublikası Mərkəzi Bankı, Bakı, 2018

[iii] Pul siyasəti icmalı.  Yanvar – sentyabr 2018. Azərbaycan Respublikası Mərkəzi Bankı, Bakı, 2018

[iv] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:12 (225), 12/2018. www.cbar.az

[v] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:09 (222), 09/2018. www.cbar.az

[vi] https://report.az/maliyye/amb-oten-il-valyuta-ehtiyatlarinin-idare-edilmesinden-15-mln-dollar-gelir-elde-edib/

[vii] Pul siyasəti icmalı.  Yanvar – dekabr 2018. N:4, Azərbaycan Respublikası Mərkəzi Bankı, Bakı, 2018

[viii] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:12 (225), 12/2018. www.cbar.az

[ix] Dövlət Neft Fondunun məlumatları əsasında hesablanıb

[x] Mərkəzi Bankın və Bakı Fond Birjasının məlumatları əsasında hesablanıb.

[xi] 2016-cı ildə Mərkəzi Bank tərəfindən əlavə olaraq 833 milyon USD satılıb.

[xii] Mərkəzi Bank. www.cbar.az

[xiii] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:12 (225), 12/2018. www.cbar.az

[xiv] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:12 (225), 12/2018. www.cbar.az

[xv] http://www.maliyye.gov.az/static/105/dovlet-budcesinin-icrasina-dair-operativ-melumat

Məlumat mənbələri:

Dövlət Statistika Komitəsinin aylıq “Sosial-iqtisadi inkişaf bülleteni – 12 (yanvar-dekabr 2018) https://www.stat.gov.az/news/macroeconomy.php?page=1 ;

Maliyyə Nazirliyinin 2018-ci il üzrə dövlət büdcəsinin icrasına dair operativ məlumatı: http://www.maliyye.gov.az/static/105/dovlet-budcesinin-icrasina-dair-operativ-melumat ;

Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikası. Hesabat dövrü: 01.01.2018 – 31.12.2018 http://customs.gov.az/modules/pdf/pdffolder/71/FILE_44C1D3-FD03FF-A9A62A-0678E5-8898EF-88787F.pdf

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.