Çox zaman uşaqlar arasında baş verən konfliktlər böyüklər tərəfindən biganəliklə qarşılanır. Məktəb rəhbərliyi və ya valideynlər bu kimi konfliktlərin ciddi olmadığını, uşaqların bunları yaşayaraq böyüdüklərini və problemlərini özləri həll edə bilməyi beləcə öyrəndiklərini düşünərək müdaxilə etməyin mənasız olduğunu hesab edirlər. Bəs əslində nələr baş verir, bu kimi hallar necə xarakterizə olunmalıdır? Bullinq üzündən qapalı həyat tərzi keçirən, heç kimə qaynayıb-qarışmayan, dərslərində geriləyən və intihar edən uşaqların hekayələri məsələnin əslində nə qədər ciddi olduğunu göstərmirmi?

Azərbaycanda bullinq haqqında ilk dəfə sosial mediada aktiv müzakirələrin başlanmasına 13 yaşlı Elina Hacıyevanın məktəbdə üzləşdiyi bullinq nəticəsində aprelin 4-ü 2019-cu ildə  oxuduğu 162 nömrəli məktəbdə sarsıdıcı intiharı səbəb oldu. Buna qədər Elina üzləşdiyi bullinq halları ilə bağlı müəllim və valideynlərini məlumatlandırmasına baxmayaraq bu halın müsbətə doğru dəyişməsi üçün məktəb rəhbərliyinin heç bir addım atmadığı məlum oldu. Hətta məktəb rəhbərliyi yaralanmış şagird üçün vaxtında tibbi yardım çağrılmasını məqsədli şəkildə yubatmış və şagirdin ölümündən sonra valideynlərini onu yaxşı tərbiyə etməməkdə günahlandırmışdı. Hadisənin təfərrüatları üzə çıxarkən Elinanın məktəbdə bullinqin mənəvi, fiziki, homofob növlərinə məruz qaldığı məlum oldu: “Elina Hacıyeva bu məktəbə təzə gəlmişdi. Sinif yoldaşlarının dediyinə görə, onunla heç kim dostluq etmirmiş. Paralel sinifdə oxuyan Elinanın yeganə rəfiqəsi Nərgiz (ad dəyişdirilib) deyir ki, şagirdlər, o cümlədən, yuxarı sinif şagirdləri tez-tez onu döyürlərmiş: ‘Elina tualetdə ağlayanda qızlar ona baxıb gülürdülər. On birinci sinif şagirdinin onu döydüyünü mən özüm görmüşəm, Elinanı tez-tez itələyib təhqir etdiklərini də. Məsələn, o, dəhlizdə gedəndə 9-10 şagird yaxınlaşıb ona tüpürür və ya eynəyini əlindən alırdı’” (Zeynalov 2019).

Müzakirələr zamanı o da məlum oldu ki, hər hansı bir şagirdə məktəbdə Elinaya edildiyi kimi psixoloji və fiziki qısnamaların bullinq davranışı olduğundan həmin məktəbin özünün və əhalinin böyük bir təbəqəsinin xəbəri yoxdur. Buna görə də bullinqin profilaktikası və bullinq  baş verən zaman onunla necə mübarizə aparmağın əvvəlcədən hazırlanmış yolları da mövcud deyildir. Elinanın anasının dəfələrlə həmin məktəbə onun bu cür hallarla üzləşdiyini xəbər verdiyinə baxmayaraq məktəb rəhbərliyi heç bir addım atmamış və hətta onu müdafiə edən rəfiqəsini bullinq halı barədə xəbər verdiyinə görə qiymətləndirmək və bullinq haqqında öyrəndikdən sonra dərhal onun qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, Elinanı müdafiə etməyə davam edərsə özü də bu problemlərlə üzləşəcəyi ilə bağlı xəbərdar etmişlər (Zeynalov 2019). Bu kimi hallar Azərbaycanda təhsil sisteminin sosial haqların qorunmasını təmin edəcək ciddi dəyişikliklərə ehtiyacı olduğunu və bu dəyişiklikləri yubanmadan həyata keçirməyin vacibliyini bir daha göstərdi.

Bütün bunları analiz etmək və müəyyən həll yollarını göstərmək məqsədilə məqalədə bullinqin mənası, onun hansı növləri və kimlərin bullinq riski altında olduğu haqqında izah verilir. Daha sonra isə məqalədə bullinqin qarşısının alınması məqsədilə bir məktəbin öz daxili imkanları hesabına nə kimi proqram və layihələri həyata keçirə biləcəkləri haqqında məlumat verilir. Bu işdə xüsusilə məktəblərin tabe olduğu rayon təhsil şöbələrinin müvafiq təşəbbüsləri, təhsil nazirliyinin müəyyən qərarları və bullinq əleyhinə ölkə üzrə həyata keçirilməsi planlaşdırılan proqram və layihələrin olması ən böyük dəyişiklərə səbəb olardı. Buna görə də belə proqram dəyişikliklərinin məhz bu rəhbər qurumlardan gəlməsinin vacibliyi məqalədə vurğulanır.

Bullinq həm də sosial ədalət prinsiplərinin pozulması deməkdir. Sosial ədalət bütün insanların sərvət, tibbi xidmətlər, rifah və fürsətlərə bərabər çıxışının vacibliyini izah edən bir anlayışdır (Clingerman 2011, 337). Buna görə də bərabər imkanların təmin olunmadığı cəmiyyətdə böyüyən uşaqlar arasında bullinq kimi ədalətsizlik hallarının çox olması təəccüb doğurmur. Məktəblərdə sosial ədalət prinsipləri ilə bağlı təlimlərin keçirilməsinin vacibliyi ilə yanaşı bu prinsipin pozulmasının bullinqlə nə kimi qarşılıqlı əlaqəsinin olduğu məqalədə vurğulanır. Həmçinin, məktəblərin bullinqlə bağlı mübarizə aparacaq əsas heyət üzvlərinə diqqət yetirərkən burada sosial işçi ştatının olmadığı da görünür. Halbuki təhsil sahəsində qabaqcıl ölkələrdə sosial işçilər məktəbdə bullinqlə mübarizədə bir nömrəli kadr hesab olunur. Bundan əlavə, məktəblərdə sosial işçilərin çalışmasının məktəblər, eləcə də məktəbin yerləşdiyi icma və rayonlar üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə məqalədə geniş izah verilir.

Azərbaycan haqqında statistik məlumatların qıtlığı üzündən bu gün məktəblərdə bullinq, homofobiya, seksizm, nifrət nitqi kimi sosial ədalət prinsiplərinə zidd halların nə dərəcədə yayıldığını öyrənmək mümkün deyildir. Bullinq kimi halların baş verdiyi məktəblər haqqında heç bir məlumat və ya statistikanın olmadığı bir halda bullinq və bu kimi davranışların profilaktikası üçün ölkə üzrə nə kimi proqramların  yaradılmasının vacib olduğunu bilmək qeyri-mümkündür. Buna görə də məktəblərdə bullinq haqqında sorğuların aparılmasının vacibliyi və effektləri məqalədə izah olunur. Əlavə olaraq, Azərbaycan Respublikası Qanunvericiliyində  bullinq, onun xarakteri və baş verdiyi yerlər haqqında izah verəcək və məktəblərdə antibullinq proqramlarının yaradılmasını tələb edəcək qanun layihəsinə də ehtiyac vardır. Bu qanun layihəsinin hazırlanması zamanı nələri əsas götürməyin vacib olduğu və qanunun tətbiqinin hansı müsbət dəyişikliklərə səbəb olacağı da məqalədə öz əksini tapır.

Bullinq nədir?

Əsasən ibtidai siniflərdən başlayaraq məktəbyaşlı uşaqların bir-birinə qarşı göstərdiyi aqressiyanı xarakterizə edən bullinq daha sonra yuxarı siniflərdə, universitetdə, iş yerlərində və hətta qocalar evi kimi toplu şəkildə yaşayışın mövcud olduğu icmalarda da baş verə bilər. Adı çəkilən  yerlərdə bir-birinə qarşı aqressiv davranışları izah edən bullinq ingiliscədən kiməsə zərər yetirməyə meyilli olma, kimisə qorxutma, nəyəsə məcbur etmə kimi mənalara gəlir. Xüsusən də, əgər bu davranışlar digərlərinə nəzərən gücsüz, ictimai imtiyazları az olan, asanlıqla alçaltmaq, əzmək mümkün olan və özünü müdafiə edəcək mövqedə olmayan fərdlərə qarşı təkrarən törədilirsə bunlar bullinq halları kimi xarakterizə edilir. Bullinq həm də bir dəfə deyil, vaxtaşırı olaraq həyata keçirilir və adətən fiziki cəhətdən güclü olan uşaqlar digərlərinə qarşı bullinq törədir (Barhight və b. 2013, 375). Bullinq kiməsə ləqəb qoşmaq, söyüş və alçaldıcı sözlər işlətmək, müəyyən bir işi etməyəcəyi təqdirdə qurbanı fiziki şiddət göstərəcəyi, şantaj edəcəyi, ona məxsus olan əşyalara və ya ondan kiçik bacı-qardaşlarına zərər yetirəcəyi ilə qorxutmaq, qrupdan kənarda saxlamaq kimi formalarda törədilə bilər. Bullinq ona məruz qalanın psixoloji vəziyyətində depressiya, özünə qapanma, antisosiallıq, intihara meyilli düşüncələr kimi neqativ dəyişikliklərə səbəb olmaqla yanaşı, eləcə də tədris müəssisələrində təlim-tərbiyə və təhsil prosesinin düzgün həyata keçirilməsinə mane olur. Buna görə də bullinq ictimai sağlamlıq üçün böyük bir riskdir və məktəblərdə onun qarşısının alınmasına nəzarət edilməsi daha aktual hesab edilir (Barhight və b. 2013, 375).

Dünya üzrə statistikaya nəzər salsaq 12-18 yaş arası uşaqlar arasında aparılmış sorğular nəticəsində onların 20%-nin bullinqlə üzləşdiyi məlum olmuşdur, 30% uşaq isə bu və digər formada bullinq törətdiyini etiraf etmişdir (Facts About Bullying 2019). Bullinqin baş verdiyi an 85% hallarda ətrafda olan digər uşaqlar da buna şahid olurlar. (Barhight və b. 2013, 375). Bullinq təkcə məktəbdə şagirdlər arasında yaşanmır, eləcə də universitet tələbələri arasında, iş yerlərində də bullinq halları müşahidə oluna bilər. Məktəbdə baş verən bullinq Azərbaycanda da ən çox yayılmış aqressiv davranışlardan biri olsa da indiyə qədər Azərbaycanda bullinq mövzusu araşdırılmamış və məsələnin sosial, psixoloji və kliniki tərəfləri öyrənilməmişdir. Buna görə də bullinqin xarakteri və profilaktikası ilə bağlı yazıdakı fikirləri  daha çox ABŞ, Böyük Britaniya və digər Avropa ölkələri üzrə tədqiqat aparmış araşdırmaçıların tədqiqatlarından sitat gətirməklə əsaslandıracağam. Düşünürəm ki, bu ölkələrdəki məktəblərdə yaşanan bullinqin başvermə səbəbləri və təbiəti ilə Azərbaycan məktəblərində baş verən bullinq halları arasında tamamilə eynilik olmasa da oxşarlıqlar çoxdur. Ona görə də yazıda istifadə etdiyim ədəbiyyatlar üzrə olan trendlər Azərbaycanda baş verən bullinq hallarının səbəb və nəticələri  haqqında ümumi mənzərəni izah etməyə kömək edəcək.

Bullinqin baş verməsində hər zaman iki tərəf iştirak edir – bullinqi törədən və bullinqə məruz qalan. Lakin çox vaxt bullinqin baş verməsində üçüncü bir tərəfin də istər-istəməz iştirakı baş verir ki, buna da “şahid” və ya “kənarda duran” deyilir.

Adətən bullinqi törədən tərəfin hərəkəti onun tərbiyəsində mövcud olan çatışmazlıqlarla yanaşı onun əqli keyfiyyətləri və sosial statusu haqqında neqativ anlayışlarla xarakterizə edilir. Lakin, bullinqi törədən tərəfin bu davranışı nə üçün törətdiyi haqqında tədqiqatlar aparmış Sutton və həmkarları bullinqi törədən şəxsin heç də sosial prosesləri qavramaqda və nəticə çıxarmaqda digərlərindən geri qalmadığını və hətta bəzi əqli qabiliyyətlərinə görə digərlərindən üstün olduğunu müzakirə etmişlər (Sutton və b. 1999 götürülüb Arsenio və Lemerise 2001, 60). Onların fikrinə görə, bu tip fərdlər öz əqli imkanlarını digərlərini manipulyasiya etməyə və idarəsi altında saxlamağa sərf edirlər. Bullinq edən çox zaman sosial və fiziki üstünlüyə sahib olur və mütəmadi olaraq eyni insanları bullinqə məruz qoyur. Bullinqi törədənlər adətən özlərinə diqqət çəkməyə, dominantlığa  meyilli fərdlərdir. Adətən belə fərdlərin valideynləri onlar üzərində nəzarəti və ya intizam qaydalarını az həyata keçirir. Bəzi tədqiqatçılar onlarda həmçinin empatiya hissinin azlığının müşahidə edildiyi fikrini dəstəkləyirlər. İtaliya məktəbləri üzrə aparılan tədqiqatlara görə yuxarı sinif şagirdləri olan oğlanların bullinq törətməklərində xüsusi olaraq onların vecsiz və rəhmsiz (ing. callous) olmaları böyük rol oynayır (Ciucci və Baroncelli 2014, 73). Bundan əlavə, bullinq edənlər arasında sosial cəhətdən təcrid olunmuş, özünəinamı aşağı olan, özü barəsində digərlərinin fikrinə əhəmiyyət verən fərdlər də mövcuddur.

Bullinqə məruz qalan tərəf adətən sosial cəhətdən aşağı imkanlara sahib kəsdir ki, ona qarşı bullinq törətmək asandır və nəticədə bullinq törədənlərin cəza ilə üzləşmək ehtimalı olduqca aşağıdır. Lyublyana universiteti tədqiqatçısının gəldiyi qənaətə görə 10-19 yaşlılardan bullinqlə üzləşən şagirdlər arasında əsasən qızlar daha çoxdur, oğlanlar isə bullinq törədən tərəf kimi daha çox halları təşkil edirlər. (Pečjak və Pirc 2017, 27). Məktəb şagirdləri arasında bullinqlə üzləşən fərdin məxsus olduğu dost qrupu yoxdursa, eləcə də həmin şəxs hər hansı bir şəkildə təcrid olunubsa, müəllimlərin və administrativ işçilərin simpatiyasından kənardırsa (axırıncı fakt çox acınacaqlıdır və müəllimlərin qeyri-peşəkarlığına işarədir), onda onun bullinqin qurbanı olmaq ehtimalı daha yüksəkdir. Bullinqin qurbanı olan şəxslər çox zaman digərlərindən fərqlənən geyimə, davranışa, danışığa, xarici görünüşə sahib olur və fərqli ünsiyyət qabiliyyətinə görə fərqlənirlər. Bu kimi şəxslərin sosial norma qəbul edilmiş əlamətlərə sahib olmaması onların bullinq qurbanı olması riskini daha da artırır. Adətən sinifdə və ya məktəbdə populyar olan bir qrup şagird digər populyar olmayan, özlərini sadə aparan və digərlərinin gözündə möhtəşəm sayılacaq bir qabiliyyəti olmayan şagirdlərə qarşı bullinq tətbiq edirlər.

Əksər hallarda məktəbdə bullinqin baş verdiyi an ətrafdakı şagirdlər buna şahid olurlar. Bullinqə şahid olanın və ya kənarda duranın bullinqi dayandırmaq kimi bir potensialı vardır. Bullinqə qarşı susmayan və onun qarşısını almaq üçün dərhal hərəkətə keçən kəslərə “köməyə duran” və ya “müdaxilə edən” deyilir və onların hadisə zamanı hərəkətə keçməsi bullinqə məruz qalan şəxsin özünü yalnız hiss etməsinin qarşısını alır. Lakin bullinq halının baş verdiyi an kənarda dayanan şəxslər nə edəcəyini, kimə xəbər verməli olduğunu və ya ümumiyyətlə xəbər verməyin lazım olduğunu bilmədiyindən bullinqin qarşısını almağa cəhd göstərməyə bilər. Ən acınacaqlı hal isə onların da bullinqi törədənə qoşulmasıdır. Çox zaman kənarda dayanan şəxslərin hərəkətsizliyinə görə bullinq qurbanları özlərini yalnız hiss edir, depressiyaya düşür və bir çox psixoloji problemlər yaşayırlar. Məktəbdə şagirdlər, müəllimlər, məktəb heyəti və valideynlər bullinqə şahid ola bilərlər.

Bullinq kənarda dayanan şəxslərin də psixologiyasına mənfi təsir göstərir və bir çox hallarda bullinqin qarşısını almaq onlar üçün çox çətin olur. Böyük Britaniyada 14 məktəbdə 12-16 yaşlı şagirdlər arasında aparılmış sorğular əsasında bullinqə şahid olmanın uşaqların psixologiyasına nə kimi mənfi təsir göstərdiyi araşdırılıb (Rivers və b. 2009). Məlum olub ki, bullinqə şahid olmaq şagirddə daha öncə gördüyü travmatik bir hadisəni təkrar yaşada və beləliklə də psixoloji gərginliyə səbəb ola bilər. Üstəlik, şagirdin bullinqə məruz qalana kömək etməli olduğunu bildiyi halda belə öz təhlükəsizliyi üçün bu fikirdən daşına və sonradan buna görə günahkarlıq hissi keçirə bilər. Həmçinin kömək göstərsə belə bullinqin növbəti hədəfi özü olacağından qorxduğu üçün də davamlı olaraq stress keçirə bilər. Digər bir tərəfdən isə bir şagird bullinqin baş verdiyi haqda digərlərinə məlumat verməklə öz məxsus olduğu qrup içində müəyyən etibarsızlığa səbəb olacağından da qorxa və buna görə də bullinqə məruz qalana dəstək göstərməkdən imtina edə bilər (Brown 2015).

Uşaqların əvvəlki təcrübələrinə baxmayaraq onların bullinq zamanı hansı addımlar atacağı müəyyən situasiyalardan asılı olaraq fərqli ola bilər. Məsələn, əvvəllər bullinqlə üzləşmiş bir  şagird bullinqin dayandırılması üçün nəsə etməyə çəkindiyi halda, eyni situasiyanı yaşamış başqa bir şagird aktiv şəkildə bullinqin dayandırılmasına yardım göstərə bilər. Barhayt və həmkarlarının apardığı araşdırmaya görə emosional uşaqlar qeyri-emosional uşaqlardan daha çox bullinqin qarşısını almağa səy göstərirlər. Tədqiqatçılar laboratoriya təcrübəsi zamanı bir qrup uşaqların bullinq videolarına baxdıqdan sonra ürək ritmlərindəki dəyişikliklərə görə onları emosional və qeyri-emosional qruplara ayırmışlar. Onlar həm də belə qənaətə gəlmişlər ki, şagirdin şahidi olduğu bullinqi dayandırmaq üçün onun bu ağır işdə uğurlu olacağı haqqında özünəinamı olmalıdır. Şagirdlərdəki səmərəlilik effektini xüsusi vurğulayan həmin tədqiqatçılar, onların özləri haqqında hiss etdikləri səmərəlilik hissinin bullinq halları zamanı müdaxilə edib etməyəcəkləri baxımından müsbət proqnozlaşdırıcı olduğunu fərz edirlər (Barhight və b. 2013, 377). Buna görə də məktəb psixoloqları, eləcə də sosial işçiləri bullinqlə üzləşmiş və ya şahidi olmuş şagirdlərlə işləyərək, qıraqda durmaq əvəzinə daha çox kömək etməyə təşəbbüs göstərmələri üçün onlarda şəxslərarası müsbət davranış göstəricilərinin və qabiliyyətlərinin inkişafına, eləcə də daxili gücün formalaşmasına yardım göstərə bilərlər.

Bullinqin növləri

Bullinq özü də törədilmə formalarına görə bir neçə növə ayrılır. Bunlardan ən çox yayılanı fiziki, sözlü, homofobik bullinqkiberbullinqdir.

Fiziki bullinqə vurmaq, döymək, badalaq vurmaq, əşyalarını zorla əlindən almaq və kənara tullamaq, itələmək kimi hərəkətlər aid edilir. Fiziki bullinq həmçinin cinsi zəmində qısnama və məcburetmə şəklində də özünü göstərə bilər. Bullinqin bu növündən istifadəyə uşaqlar ibtidai siniflərdən başlasa da, buna ən çox 5-8 -ci siniflər arasında (11-14 yaşlar arası) rast gəlinir. Fiziki bullinq törədən şəxslər adətən buna məruz qalan fərdlərdən fiziki cəhətdən güclü olur. Belə fərdlər adətən zorakılığa müsbət baxır, təlim-tərbiyə qaydalarına riayət etmir, tez-tez digərlərini də bu qaydaları pozmağa təhrik edir. Fiziki bullinqlə üzləşənlər isə, adətən, sosial statusu aşağı olan ailələrdən gələn, bədəncə kiçik, fərqli etnik, dini, irqi mənsubiyyətə və cinsi yönümlülüyə, hər hansı bir fiziki və əqli məhdudiyyətlərə sahib olan uşaqlar olur. Bullinq törətmək hal-hazırda Azərbaycanda heç bir qanun pozuntusu sayılmasa da virtual və real həyatda təqiblər, fiziki və cinsi zorakılıq, ölüm həddinə çatdırmaq kimi müəyyən bullinq davranışları vardır ki, olduqca kriminal xarakterə malikdir və cinayət halları kimi müəyyən edilə bilər.

Sözlü bullinq əsasən alçaltmaq, qrupdan kənarlaşdırmaq, başqalarının gözündə cılızlaşdırmaq məqsədilə bir kəsi nalayiq sözlərlə ittiham etmək, söyüş və ləqəblə çağırmaqla törədilir. Sözlü bullinq ona məruz qalanın psixologiyasına mənfi təsir göstərir, onun təcrid olmasına və aşağılanmasına səbəb olur. Adətən qızların özlərini dominant göstərmək üçün sözlü bullinqdən istifadə etməsi fikrinin yayğın olduğuna baxmayaraq, oğlanlar da sözlü bullinqdən istifadə edirlər. Sözlü bullinq fiziki zədələrlə müşahidə olunmadığından ondan məktəb rəhbərliyi, müəllimlər və valideynlərin xəbər tutması da az olur. Bu bullinq növü fərdin özünü ifadə etməsinə, şəxsi imicinin yaradılmasına mənfi təsir göstərə, eləcə də, emosional və psixoloji problemlərə səbəb olub ağır depressiya yarada bilər. Sözlü bullinqlə üzləşən fərdlər müəyyən psixoloji yardım göstərilmədikdə zərərli vərdişlərə əl ata və hətta intihara da cəhd edə bilərlər.

Homofobiyanın daha geniş yayıldığı ölkələrdən biri olan Azərbaycanda şagirdlər arasında homofob ləqəb və söyüşlərlə bir-birini alçaltmaq daha geniş yayılmışdır. Homofob bullinq o zaman baş verir ki, bullinq törədən tərəf digər tərəfi onun güman etdiyi və ya birbaşa məlum olan cinsi yönümlülüyünə görə bullinqə məruz qoyur. Belə bullinqlə adətən geyimi, davranışı digərlərindən fərqli olan, yaxın dostunun gey olduğu və ya ailəsində gey fərd olan şagirdlər üzləşə bilərlər. Bu gümanların özünü doğrultmadığı hallarda belə digər şagirdlərdən sadəcə fərqli olan şagirdlər də homofob bullinqə məruz qalırlar. Elina Hacıyeva hadisəsindən də məlum olduğu kimi sinif və məktəb yoldaşları xarici görünüşündəki fərqliliklərə görə (saçını rəngləməsi, fərqli geyimlər geyinməsi, davranışındakı fərqliliklər və s.) onu “lezbiyan” kimi ifadələrlə alçaltmışlar. Bir nüansa diqqət yetirmək lazımdır ki, buradakı lezbiyan sözü bir şəxsin cinsi yönümlülüyünün lezbiyan olduğunu söyləməklə eyni deyil. Bu söz homofob şagirdlər tərəfindən məhz qarşı tərəfi alçaltmaq məqsədilə işlədildiyi üçün homofob bullinq sayılır. Həmçinin kimisə alçaltmaq məqsədilə ona  “gey”, “mavi”, “qızbibi” kimi sözlərlə xitab etmək də bu qəbildən olan bullinq növüdür. Ümumilikdə, bu sözlər onların homofob və alçaldıcı sözlər olduğunun fərqinə varmayan insanlar tərəfindən tez-tez işlədildiyindən uşaqlara da bu sözləri işlətmək normal gəlir. “Orta və yuxarı sinif şagirdləri çox zaman LGBTQ fərdlər, onların davranışları və münasibətdə olduqları insanlar haqqında alçaldıcı ləqəblərlə ev şəraitində təkrarən üzləşir və bir növ bu sözləri də məktəbdə digərlərinə qarşı yamsılayırlar” (Orue və Calvete 2018, 96).

Homofob bullinq sözlü və həmçinin fiziki olaraq törədilə bilər. Bir şəxsin sosial norma hesab edilən gender normalarına uyuşmaması və ya cəmiyyətdə tabu sayılan geyim, davranış və ya şəxsi rəyə sahib olması onu digərləri tərəfindən ağır fiziki şiddətə də məruz qoya bilər. Homofob bullinq nəticəsində hətta bəzi şəxslər xəsarət alır və ya qətlə yetirilirlər; onlar  arasında isə trans* (bütün trans kimliklər üçün çətir termin olaraq ulduzcuqla müşaiyət olunan trans sözünü yazmaq qəbul edilmişdir) şəxslər üstünlük təşkil edirlər. Böyük Britaniya məktəblərində sorğu keçirən Stonewall təşkilatı buradakı LGBTQ şagirdlərin təxminən yarısının və trans* şagirdlərin isə 65%-nin homofob bullinqə məruz qaldığını qeydə almışdır (Bradlow və b. 2017). Azərbaycan məktəblərində bullinqlə bağlı sorğu aparılmadığından bu rəqəmlərin Azərbaycanla müqayisəsini aparmaq mümkün olmasa da Azərbaycan cəmiyyətinin qatı homofob cəmiyyət olduğunu nəzərə alaraq bu rəqəmlərin qat-qat artıq olduğunu söyləmək olar (Country Ranking Rainbow Europe 2019).

Kiberbullinq bir kəsə qarşı kompüter, mobil telefon və digər elektron vasitələrin köməyilə bilərəkdən və təkrarən törədilmiş zərərdir (Hinduja və Patchin, 2018). Kiberbullinq mesajlaşma, e-mail göndərmək, sosial media saytlarında kiminsə haqqında zərərli və şaiyə xarakterli şərhlər yazmaq, şəkil və ya video yerləşdirmək şəklində baş verir. Kiberbullinqin təkrarən və qəsdən törədilən bir davranış növü olması onun mənfi effektini daha da artırır. ABŞ məktəbləri üzrə aparılmış tədqiqatlarda 6-8-ci siniflər arası şagirdlərin 25-30%-inin kiberbullinqlə üzləşdiyi məlum olmuşdur. Yeniyetmələrin də çox zaman internetdə özləri haqqında çoxlu şəxsi məlumat paylaşdıqlarından kiberbullinqlə üzləşmə riski daha çoxdur (Roberto və b. 2014, 1030). Kiberbullinqin bir neçə xarakteri ola bilər: (1) kiberbullinqə məruz qalan şəxsin onun haqqında sosial mediada yayılmış hər hansı mənfi məzmunlu statusdan xəbəri olmaya bilər. Hətta belə bir statusu yayanın kimliyi də naməlum qala bilər ki, bu da kiberbullinqin daha çətin nəzarət ediləcək bullinq növü olduğunu göstərir; (2) internetdə yerləşdirilən məzmunu dəfələrlə paylaşmaq və göndərmək mümkün olduğundan kiberbullinqə məruz qalan tərəf haqqında yerləşdirilmiş status sürətlə yayıla və geniş kütləni əhatə edə bilər; (3) kiberbullinq həm də ən soyuqqanlı bullinq növlərindəndir, belə ki, kiberbullinqi törədən şəxs buna məruz qalan şəxslə fiziki olaraq bir yerdə olmadığından öz hərəkətlərinin mənfi effektlərindən xəbərsiz və onun bu davranışı nəticəsində hansı təhlükəli nəticələr baş verəcəyindən adətən məlumatsız olur. Kiberbullinq nəticəsində şagirdlərdə ciddi emosional problemlər yaranır, belə ki, onlarda özünəinamsızlıq, narahatlıq, həyəcan, qorxu kimi hisslər müşahidə oluna bilər. Bu hal onlarda stress, depressiya əmələ gətirə və onları  intihar  haqqında düşünməyə məcbur edə bilər.

Kiberbullinqə məruz qalan şagird nə edəcəyi barədə bilgiyə sahib olmaya bilər, buna görə də məktəb rəhbərliyi kiberbullinqin qarşısının alınması üçün şagirdlərə müvafiq yolları başa salmalıdır. Belə ki, ilk növbədə şagirdlərə şəxsi məlumatların (nömrə, parol və ya elektron ləqəblər) necə gizli saxlanılması haqqında təlimatlar verilməlidir. Kiberbullinqə məruz qalmış şagird ona göndərilmiş mənfi mesajları, onun haqqında edilmiş mənfi məzmunlu sosial media statuslarının şəkillərini sübut üçün kompüter və ya telefonunda saxlamalıdır. Belə bir bullinqlə üzləşən şagird bu sübutları öz valideyninə, müəllim və ya məktəb rəhbərliyinə və sosial işçisinə təqdim edə və paylaşılmış münasib olmayan şəkil və yazıları sosial media saytlarındakı alətlər vasitəsilə şikayət edə bilər. Daha bir məqam isə kiberbullinq baş verən an müəyyən şəxslərin həmin postları bəyənməsi və paylaşmasıdır. Şagirdlərə izah etmək lazımdır ki, belə hallarda hətta təzyiq hiss etsələr belə kiberbullinqi törədən şəxsə qoşulmamalı, onların paylaşdığı məzmunu bəyənib yenidən paylaşmamalıdırlar. Kiberbullinqi törədən şəxsi dayandırmalı və əgər bullinqə məruz qalanın xəbəri yoxdursa mütləq ona xəbər verməlidirlər (Pacer National Bullying Prevention Center 2018).

Bullinq – sosial ədalət problemi

Bullinqin çox baş verdiyi yerlərdə sosial ədalət prinsiplərinin az inkişaf etdiyi müşahidə olunur. Sosial ədalət haqqında yuxarıda qeyd edilmiş tərifə əsasən sosial ədalət prinsiplərinə görə fərdin cəmiyyətlə əlaqəsi zamanı ona qarşı bərabər imkanlar təmin olunmalıdır. “Sosial ədalət prinsiplərinin başlıca məqsədi bütün qrupların öz ehtiyaclarını ödəmək üçün qarşılıqlı şəkildə formalaşmış bir cəmiyyətdə tam və bərabər iştirakıdır” (Bell 1997, 3 götürülüb Polanin və Vera 2013, 304). Bu prinsiplərin pozulması məktəblərdə bullinqin yaranma səbəblərindəndir. Bullinq sadəcə məktəb yaşlı uşaqların bir-birinə qarşı mənfi münasibəti deyil, bu, geniş ictimai təcrübədən irəli gələn bir davranış formasıdır. Cəmiyyət daxilində sosial, iqtisadi və digər üstünlüklərə malik bir qrupun digər qrup üzərində hökmranlıq etməsi və nəzarət altında saxlamasının bir ucu da məktəblərdə bullinqə gətirib çıxarır. Belə ki, böyüklərin sosial-iqtisadi vəziyyətinə, dərisinin rənginə, fərqliliyinə görə kimisə diskriminasiya etdiyini görən və götürən məktəblilər də (bunu həm evdə valideynlərindən, qonşulardan, qohumlardan və eləcə də məktəbdə müəllimlərdən  öyrənə bilərlər) adətən bu hərəkətlərin digərlərinə qarşı törədilməsini normal sayır və belə insanların diskriminasiya edilməsinin təbii olduğunu istər-istəməz qəbul edir, öyrənir. Bu davranışları ailə və cəmiyyətdən öyrənən “uşaqlar böyümə prosesində düzgün olmayan və stereotipik hərəkətləri xüsusi bir qism uşaqlara qarşı yönəldərsə, bu zaman onlar həm də mədəni tərkibli dözümsüzlük nümayiş etdirmiş olurlar” (Polanin və Vera 2013, 305). Bullinqin sosial ədalətsizliyin ən böyük nəticəsi olduğunu demək mübahisəli olsa da, bunu dəqiq demək olar ki, şagirdlər məktəb vaxtlarından bullinq vasitəsilə – bullinqi törətmək, ona məruz qalmaq və ya şahid olmaq kimi hallar vasitəsilə opressiya haqqında öyrənir və sonrakı həyatlarında da (icma zorakılığı, məişət zorakılığı kimi formalarda) tətbiq edirlər.

Bullinqin profilaktikası

Bullinqlə mübarizə çoxmərhələli və çoxşaxəli prosesdir. Hər bir məktəb öz fəaliyyət planlarında bullinqin profilaktikası işinə ən vacib məsələ kimi yanaşmalı və dərs ili boyu bu məqsədlə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirməlidir. Təbiidir ki, bu fəaliyyət planı rayon təhsil şöbələri və yerli icra hakimiyyətləri tərəfindən dəstəklənməli və bu tədbirləri uğurla həyata keçirmək üçün məktəblərin resurslarla zənginləşdirilməsi məqsədilə onlara yardımlar edilməlidir. Antibullinq kampaniyasının bütün ölkə üzrə həyata keçirilməsi üçün təhsil üzrə bütün əlaqədar struktur və rəhbərliklər qanunlar, fərmanlar hazırlamaqla yanaşı, kurikulum dəyişiklikləri, antibullinq proqramları yaratmaq işinə də göstəriş verməlidirlər. Aşağıdakı misallarda əsasən bullinqin cari baş verdiyi yer olan məktəb və onun rəhbərliyinin bu barədə hansı profilaktik tədbirlər görə biləcəyi haqqında izahlar verilir:

Hər bir məktəb müəllimlərdən tutmuş sürücülərinə qədər bütün işçi heyətini bullinq haqqında məlumatlandırmalı, onun müəyyən edilməsi, fəsadları və haralarda (məsələn, məktəbdə, məktəbə gələn yolda, insanların çox görünmədiyi məktəbə yaxın yerlərdə) baş verə biləcəyi barədə xəbərdar etməlidir. Bu işdə müəllimlər, məktəbin administrasiya heyəti, şagird və valideynlərin sıx əlaqəsi daha böyük əhəmiyyətə malikdir. Con Hopkins Universiteti tədqiqatçıları ABŞ-ın 2.163 müəllim və 2.901 digər məktəb əməkdaşının üzv olduğu Milli Təhsil Assosiasiyasının verilənlər bazasından istifadə etməklə apardığı araşdırmalarda müəyyən etmişlər ki, “məktəb mühiti və məktəb heyətinin bir-biri ilə əlaqəsi özündə məktəbin təhlükəsizliyi, münasibətlərin keyfiyyəti, intizam təcrübəsi və fiziki mühitin aspektlərini ehtiva edən çoxmüstəvili konstruksiyalardır” (O’Brennan və b. 2014, 871). Şagirdləri ilə yaxın münasibətdə olan müəllimlər daha çox onların inamını qazanır və bullinq hallarında da şagirdlər daha çox ona xəbər verməkdə özlərini rahat hiss edirlər. Məktəb işçiləri və müəllimlərin bir-biri ilə sıx əlaqəsi halında məktəbdaxili qayda-qanunların yaradılması və nəzərdən keçirilməsində bərabər töhfələr verilmiş olur, heyət işçiləri arasında bir-birinin rəyi müsbət qarşılanır. Sözügedən araşdırma nəticəsində həmçinin bu da müəyyən edilmişdir ki, müəllimlər bullinq əleyhinə qaydalarla tanış olduqda onlar bullinqlə mübarizədə özlərini daha artıq cavabdeh hiss edirlər. Eləcə də, onlar “bullinqin qarşısını almaq üçün lazımi biliklərə sahib olduqlarını bildikdə şagirdlərin bir-birinə qarşı zərərli vərdişləri ilə xarakterizə olunan məktəb normalarını dəyişməyə də kömək edə bilirlər” (O’Brennan və b. 2014, 877). Müəllimlərə və eləcə də şagirdlərə keçirilən antibullinq proqramları mütləq şəkildə LGBTQ fərdlərə qarşı baş verən bullinq hallarına da xüsusi yer ayırmalıdır (Orue and Calvete 2018, 103).

Hər bir məktəb xüsusən bullinqin qarşısının alınması üçün bullinq əleyhinə məktəbdaxili qaydalar toplusu işləyib hazırlaya bilər. Bu qanunlar hər kəsin oxuya biləcəyi yerdə yerləşdirilə və bu qaydaların həyata keçirilməsində müəllim, şagird və valideynlərin iştirakı və vəzifələri müəyyən edilə bilər. Bu qaydalar toplusu hər bir sinif otağında və ya məktəb daxilində ən görünən yerlərdə asılmaqla, ekran və ya bilbord nümayişi edilməklə yanaşı, şagirdlərlə birgə və ya birbaşa olaraq evdə valideynlərə də göndərilməlidir. Hətta məktəb öz şəxsi imkanları hesabına şagirdlərin iştirakı ilə bullinq əleyhinə, onun müəyyən edilməsi və qarşısının alınması haqqında izah verəcək və ya bullinq qayda-qanunlarını əks etdirəcək kiçik hekayələrlə video çarxlar hazırlayıb daima təkrarlanan ekran lövhələrində yerləşdirə bilər. Məktəb rəhbərliyi nəzarət kameralarının məktəbdə müvafiq yerlərdə və müvafiq sayda yerləşdirməsinə diqqət yetirməlidir. Eləcə də onlar nəzarət kameralarının digərlərinin çox vaxt görünmədiyi, şagirdlərin əsas fəaliyyət sahələrindən uzaq guşələrdə də yerləşdirilməsindən əmin olmalıdırlar.

Bullinqin baş verdiyi an şagirdlər bunun məhz bullinq olduğunu və onun baş verdiyi vaxt nə edəcəklərindən məlumatları olmaya bilər. Buna görə də hər bir məktəb öz kurikulumunda hər rüb bullinq haqqında və bullinq probleminin həllində şagirdlərin nə kimi rolu ola biləcəyi haqqında məlumat verməli, icbari sinif müzakirələrini təşkil etməlidirlər. Bundan əlavə, şagirdlərə aktiv olaraq bullinq qurbanına necə yardım göstərə biləcəyi haqqında ipucları verilməli və onlarla bullinq qurbanına qarşı empatiya, bullinq törədənə qarşı isə dözümsüzlük yaratmağa kömək edəcək maarifləndirmə xarakterli söhbətlər aparılmalıdır. Məsələn, şagirdlərə məktəbdə hər hansı bir bullinq şahidi olarkən ilk növbədə kimə müraciət edəcəklərini və kimə ən birinci xəbər etməli olduqlarını dəqiq göstərən yol xəritəsi göstərilməlidir. Onlara həmçinin bullinqi dayandırmaq və bullinqə məruz qalan tərəfi xilas etmək üçün ona dəstək olmaqdan çəkinməməyi tərbiyə etmək lazımdır. Məsələn, əgər şagird bullinq törədənə qarşı səsini çıxara bilmədikdə, (öz təhlükəsizliyini qorumaq üçün) onlara bullinqə məruz qalanın dağılmış çantasını yığmaq, tullanmış əşyalarını tapıb gətirmək kimi hərəkətlərlə zərərçəkənə yardım edə biləcəklərini aşılamaq lazımdır. Şagirdlərə heç vaxt bullinqə səbəb olacaq davranışlara yol verməmələrini öyrətmək və bullinq törədənə dəstək olmamağa çağırmaq lazımdır. Onlar bilməlidir ki, açıq və gizli şəkildə onlar həmişə bullinqə məruz qalan tərəfi dəstəkləməlidirlər. Şagirdləri həmçinin bullinq törədən tərəfi sülh yolu ilə bu əməlindən daşındıracaq cəhdlərə səy göstərə biləcəkləri barədə də məlumatlandırmaq lazımdır.

Bullinq haqqında öyrənən sosial psixoloqlar bullinqin qarşısının alınması və bullinqi törətməyə meyilli olan şagirdlərin tərbiyəsində məhz empatiya hissinin yaradılmasını məqsədəuyğun hesab edirlər. Empatiya hissi “prososial və antisosial davranışlara təsir göstərən fundamental insan xarakteristikasıdır” (Noorden və b. 2015, 637). Empatiyanın “koqnitiv komponenti bir insanın başqa birinin duyğularını anlamaq qabiliyyətinə malik olduğunu göstərir” (2015, 638 vurğu orijinaldır). Bu o deməkdir ki, bullinqi törətməzdən əvvəl bir şəxs bullinqin təsirinə məruz qalacaq şəxsin özünü necə hiss edəcəyini və hansı sarsıntı keçirəcəyini anlaya bilir. Empatiyanın təsiredici komponenti isə “bir insanın başqa birinin duyğularını yaşaya bilmək qabiliyyətidir” (2015, 638 vurğu orijinaldır). Empatiya hissi emosional deyil, əqli vəziyyətlə idarə olunur və yaşa dolduqca insanlarda bu hiss daha çox müşahidə edilir. Buna görə də empatiya hissini şagirdlərdə inkişaf etdirmək mümkündür və şagirdlərə digərlərinin bullinq nəticəsində necə hiss etdiklərini və bullinqi törədən şəxsin nə səbəblə bunu etdiyi haqqında təlimlər verilməsi daha məqsədəuyğundur (2015, 653).

Məktəblər həmçinin şagird liderlər yetişdirilməsi işində daha təşəbbüskar olmalı və bullinqlə mübarizədə məhz şagird liderlərin köməyindən istifadə etməlidir. Belə ki, şagird liderlərə kommunikasiya bacarıqları, münaqişənin həlli yolları və şahid strategiyaları haqqında təlimatlar keçirilməlidir. Şahid strategiyaları dedikdə şagirdin şahidi olduğu bullinqin dayandırılması üçün atacağı ardıcıl addımlar strategiyası nəzərdə tutulur. Burada bullinqin baş verdiyi an onun effektiv dayandırılması və ondan sonra atılacaq addımlar haqqında biliklər toplusu izah olunur və şagird liderlər ilk imkanda onlardan istifadə etməli olduqları haqqında təlimatlandırılır.

Məktəb daxili ictimai tədbirlər əsasən məktəb rəhbərliyi tərəfindən irəli sürülən və keçirilməsi vacib hesab edilən tədbirlər siyahısıdır. Valideynlərin də dəvət olunduğu teatr tamaşaları və şer müsabiqələri, şagirdlərlə birgə “Bullinq əleyhinə qaç!” kimi marafon qaçışları, antibullinq həftəsi və ya ayının keçirilməsi bullinq haqqında məlumatlılığın yaradılmasında böyük effektə malikdir. Bullinq əleyhinə yaradıcı tədbirlərdən isə bullinq əleyhinə rəsm sərgilərinin təşkili, “Bir-birimizə dəstəyik” başlığı altında şagirdlərin boyaya batırılmış və divara həkk edilmiş əl izləri olan məktəb divarı illustrasiyalarının yaradılması, məktəbin yerləşdiyi rayonlarda sosial ədaləti bərpa etmək mövzusunda olan tədbirlər üçün şagirdlərə pulsuz və ya endirimli girişlərin təmin edilməsi misal ola bilər.

Məktəbdən sonra şagirdlərin ən çox ünsiyyətdə olduğu ailə üzvləri və valideynləridir, buna görə də valideynlərin də bullinqin müəyyən edilməsində və dayandırılmasında birbaşa rolları vardır. Valideynlər uşaqlarına düzgün nəzarət edə bilməyi öyrənməli və məktəblə, müəllimlərlə sıx əlaqədə olmağa çalışmalıdır. Valideyn ilk növbədə uşağın davranışlarına fikir verməyi bacarmalıdır, belə ki onun uşağı həm bullinqi törədən, həm də bullinqə məruz qalan tərəf ola bilər. Əgər uşaqda depressiv hallar müşahidə edilirsə, məktəbə getmək istəmirsə, dərslərində geriləmə müşahidə olunursa, evə müəyyən yaralar, cızıqlar ilə gəlirsə, əşyalarını tez-tez itirirsə və ya kitab-dəftərlərində cırılmış vərəqlər görmək olarsa və tez-tez ruh halında dəyişikliklər müşahidə olunursa, ümidsiz, intihara meyilli kəlimələr işlədirsə, o zaman valideyn ona qarşı məktəbdə və ya məktəbdən kənarda bullinqin baş verdiyindən şübhələnə bilər.

Əgər uşaq valideyninə hər hansı bir hadisə haqqında danışırsa, ona hadisəni ətraflı danışması üçün imkan verməli və lazım gələrsə suallarla ona kömək etməlidir. Əgər belə insidentlər təkrarlanırsa mütləq şəkildə vəziyyəti düzəltmək üçün valideyn hərəkətə keçməli və bullinq haqqında ölçü götürülməsi üçün məktəblə əlaqə saxlamalıdır. Bullinqin baş verdiyi məlum olarsa, insidentlər haqqında mütləq bir vərəqdə yazıb nüsxələri saxlamaq lazımdır, çünki yazıda olmayan şikayət çox zaman ciddi hesab edilmir. Eləcə də, məktəbə göndərilən şikayətlər nəticəsində məktəbin nə kimi ölçü götürdüyü haqqında da mütləq tarixçə qeyd edilməlidir. Ola bilsin ki, müəllim və sinif rəhbərləri, hətta şagirdin sinif yoldaşları da ona qarşı törədilən bullinqdən xəbər tutmasınlar. Buna  görə də valideyn və ya valideyn rolunu daşıyan hər hansı bir şəxs sinif rəhbəri, məktəbin sosial işçisi və ya psixoloqu, eləcə də administrativ işçiləri ilə görüşüb məsələ haqqında onları məlumatlandırmalıdır. Valideynlər onlar üçün təşkil olunan sinif iclasında və məktəblə əlaqəli toplantılarda mütləq bullinq haqqında danışmağa səy göstərməlidir. BMT-nin uşaq hüquqları konvensiyasında deyildiyi kimi, hər bir uşağın evdə, məktəbdə və yaşadığı icmada təhlükəsiz hiss etmək haqqı var (BMT 2008). Buna görə də valideynlər uşaqlarının bullinq probleminə yetəri qədər ciddi yanaşmalı və onları bullinqin qurbanı olmaqdan maksimum dərəcədə qorumalıdırlar.

Məktəb heyəti: Sosial işçi problemi

Azərbaycan məktəblərində məktəb heyətinin daxili intizam qaydalarını məktəbin müdiriyyəti və həmkarlar ittifaqı komitəsi həmin məktəbin iş şəraitinə uyğun hazırlayıb təsdiq edirlər (Ümumtəhsil Məktəbləri Üçün Müəssisədaxili Nümunəvi İntizam Qaydaları 2010). Lakin bu kimi vacib qaydaların hazırlanmasında psixoloq və sosial işçilərin iştirakının nə dərəcədə təmin edildiyi məlum deyil. Üstəlik, məktəb heyətinə nəzər saldıqda bullinq kimi sosial əhəmiyyətli məsələnin qarşısının alınmasında bilavasitə iştirak edəcək səlahiyyətli heyət üzvləri arasında sosial işçilərin olmadığını görürük. Halbuki bu cür məsələnin həll olunması, şagirdlərdə bir-birinə qarşı empatiya hissinin yaradılması kimi davranış tərbiyəsi işində sosial işçilər mühüm rola malikdirlər.

Baxmayaraq ki, son illər sosial işin təşkili üzrə ali təhsil müəssisələri sosial işçilər yetişdirir, onların işə götürülməsində struktur olaraq vahid sosial xidmət işinin təsnifatı hazırlanmadığından məktəblərdə sosial işçi ştatının açılması problemi hələ də qalmaqdadır. Halbuki məktəblərdə sosial işçilərin çalışması təxirəsalınmazdır. Sosial işçilərin işi məktəb psixoloqlarının işinə yaxın olsa da sosial işçilər çox zaman fərd və qruplarla onların cəmiyyətdə yeri və inteqrasiyası barədə daha ətraflı iş aparmağa nail ola bilirlər. Psixoloqlar isə daha çox ruhi sağlamlıq vəziyyəti barədə testlər götürə və buna uyğun olaraq da şəxsin ruhi sağlamlığına yönəlmiş konsultasiyalar və görüşlər keçirə bilərlər.

Məktəb sosial işçiləri isə şagirdlərlə müxtəlif fəaliyyət növləri üzrə işləyirlər. Onlar həmçinin məktəbin administrativ heyəti, müəllimlər və valideynlərlə də sıx ünsiyyətdə olurlar. Məktəb sosial işçisi nəinki məktəb, həm də məktəbin olduğu rayon, kənd və ya qəsəbə üçün də çox vacib kadrdır. Belə ki, məktəb sosial işçisi bir növ məktəblə məktəbdən kənar digər resurslar arasında əlaqə quran şəxsdir. Buna görə də sosial işçi psixoloq deyildir, o daha geniş mənada şagirdə yaranmış məsələ ətrafında onu resurslarla əlaqələndirən, əlavə həyati bacarıqları öyrədən və şagirddə özünəinam, optimizm yaradan vacib bir kadr rolunu oynayır. Məktəb sosial işçisi şagirdlərin rifahının yaxşılaşdırılması üçün vəkil rolunu oynamaqla yanaşı, həmçinin davamiyyət, bullinq, icma ehtiyaclarının qabardılması, evlərə səfər, intihar, əlilliyi olan şagirdlərlə iş kimi təhsilin gedişatını axsadacaq problemlərin həllində rol oynayan fəaliyyət növləri ilə məşğul olur. Məktəb psixoloqu və sosial işçisi birlikdə məktəb rəhbərliyi, müəllimlər və valideynlərlə sıx münasibət saxlayaraq məktəbdaxili davranışla bağlı intizam qaydalarını hazırlaya və tətbiqinə yardım göstərə bilərlər.

Bullinq nəticəsində xəsarət alan və ya intihar edən sinif yoldaşının olması digər uşaqlar üçün olduqca travmatik haldır. Buna görə də məktəb psixoloqu və ya sosial işçisi intihara cəhd baş verən zaman əvvəlcədən müəyyən edilmiş fəaliyyət planını həyata keçirməlidir. Buraya hadisənin baş verdiyi barədə dərhal valideynin məlumatlandırılması, tibbi yardımın çağırılması və polisə xəbər verilməsi kimi cəld addımlar daxildir. Digər şagirdlərin xəbərdən daha çox sarsılmaması üçün təhlükəsiz mesaj ötürmə işi həyata keçirilməlidir. Burada valideynə mənəvi dəstək olmaq, məktəb direktorunun valideynin evinə getməsi və çətin anda məktəbin həmin valideynin yanında olması da çox vacib komponentdir. Eləcə də hadisə barəsində mediaya xəbər verərkən də əmin olmaq lazımdır ki, xəbərin sonunda eyni vəziyyətdə olan şagirdlər və valideynlərə kömək olacaq informasiyalar, psixoloji yardım mərkəzləri, qaynar xətlər (əgər varsa) haqqında məlumatlar verilsin.

Məktəb sosial işçilərinin peşəkarlığının artırılması məqsədilə Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə sistemli təcrübə proqramları hazırlasa və hər bir sosial işçiyə bu təcrübə proqramlarını bitirmək kimi öhdəlik qoysa bu məktəblərin fəaliyyətində və ümumiyyətlə məktəbin yerləşdiyi icmada çox böyük müsbət dəyişikliklərə səbəb ola bilər. Ümumiyyətlə, bu iki qurum Azərbaycanda yaranmaqda olan Sosial iş üzrə ictimai birliklərlə yaxından işləyib onların yaratdıqları və tövsiyə etdikləri proqram dəyişiklikləri və ya struktur layihələrinin uzunmüddətli tətbiq edilməsinə şərait yaratmaldır. Bundan əlavə, bu iki rəhbər qurum ölkə üzrə sosial iş fəaliyyət planları barədə tədqiqat aparacaq, təlim keçəcək, proqram yenilikləri və rəhbər prinsipləri hazırlayıb onlardan sosial xidmət üzrə çalışan idarə və fərdlərin istifadə etməsinə imkan yaradacaq vahid bir mərkəz yaratmağa təşəbbüs göstərməlidir. Məsələn, sosial işin struktur və təcrübi baxımdan geniş inkişaf etmiş ölkələrindən biri olan ABŞ-da Sosial İşçilərin peşəkar inkişafını təmin edən, sosial iş üzrə baza standartları yaradan və sosial siyasəti yaxşılaşdırmaq üçün çalışan Sosial İşçilərin Milli Assosiasiyası məktəbdə çalışan sosial işçilər üçün aşağıdakı rəhbər prinsipləri hazırlayıb:

  • Məktəblərə təsir edən islahat və siyasətlə bağlı məsələlərin üzə çıxarılmasında fəal olmaq
  • İnsident hallarının baş verdiyi anlarda qanunla müəyyən edilmiş tapşırıqları dərhal yerinə yetirmək (sosial işçi şagirdin üzərində fiziki şiddət izləri və s. gördüyü zaman rəhbərlikdən icazə almadan müvafiq polis orqanlarına xəbər vermək, insident hallarında məktəb heyəti vaxtında təxirəsalınmaz tibbi yardım çağırmaq kimi öhdəliklərini düzgün yerinə yetirmədikdə sahə polisinə müraciət etmək kimi səlahiyyətə sahibdir);
  • Şagirdlərə özlərini rahat hiss edəcək məktəb mühiti və ya konsultasiya saatı yaratmağa çalışmaq;
  • Məktəbdə olan qayda-qanunların bərabərhüquqlu olduğunu yoxlamaq;
  • Pozitiv davranış dəyişiklikləri üçün vəkillik etmək;
  • Bütün şagirdlər üçün bərabərhüquqlu təhsilin təşkil olunmasına çalışmaq;
  • Bərabərhüquqlu təhsilə yiyələnə bilmək üçün şagirdlər, valideynlər, müəllimlər, administrasiya işçiləri və icma üzvləri ilə birgə işləmək;
  • Ekoloji nəzəriyyədən istifadə etmək (ekoloji nəzəriyyə uşağın inkişafında mikrosistem, mezosistem və makrosistem daxil olmaqla onun əhatə olunduğu mühitin təsirlərini müəyyən edir və buna uyğun effektiv müdaxilələri müəyyən edir);
  • Müsbət davranışları və sosio-emosional inkişafı təşviq edən qabaqlayıcı proqramları təşkil etmək;
  • Məlumatlandırmaq üçün datadan istifadə etmək, qısamüddətli müdaxilə üçün kiçik qruplar yaratmaq kimi etik kodeks qaydaları daxildir (National Association of Social Workers, 2012);

Göründüyü kimi məktəbdaxili pozitiv mühitin bərqərar olmasında sosial işçilərin olması çox vacibdir. Onların hazırlayacağı bullinq əleyhinə proqramlar bullinq hallarının azalmasına birbaşa töhfə verə bilər.

Bullinq sorğularının keçirilməsi

Bullinqin məktəblərdə hansı dərəcədə yayılmasının, kimlərin bullinq riski altında olmasının və hansı təxirəsalınmaz addımların atılmasının öyrənilməsi üçün məktəbdaxili bullinq sorğularının keçirilməsi çox vacibdir. Belə ki, məxfi şəkildə keçirilən və şagirdlər tərəfindən doldurulan sorğu vərəqləri məktəbin daxili mühiti haqqında geniş məlumat verir. Məktəb rəhbərliyi, eləcə də bu iş üzrə peşəkar şəxs və qurumlar məktəbdaxili sorğu nəticələrini nəzərdən keçirməklə bullinqə səbəb olan müxtəlif faktorları müəyyən edə bilərlər. Sorğuların hazırlanmasını məktəb sosial işçisinə və ya bu işdə səriştəli peşəkarlara tapşırmaq olar və sorğuları elə tərtib etmək olar ki, burada ailədaxili vəziyyət, bullinqlə bağlı ailə tarixçəsi, şagird və valideynlərin məktəbdən razılıq dərəcəsi kimi detalları müəyyən etmək mümkün olsun. Belə sorğular həmçinin bullinqin baş verdiyi tezliyi və bullinqin baş verdiyi yer haqqında da məktəb heyətini xəbərdar etməyə müvəffəq olur. Bullinq insidentlərinin şagirdlər tərəfindən gizli saxlanmasını və çox zaman məktəb rəhbərliyinə və müəllimlərə xəbər vermədiklərini nəzərə alsaq, o zaman məktəbdaxili sorğuların keçirilməsinin nə dərəcədə əhəmiyyətli olduğu məlum olur.

Bullinq haqqında məktəbdəki daxili mühiti öyrənmək üçün sorğu vərəqlərinə əsasən aşağıdakı detalları əhatə edəcək suallar daxil edilir: bullinqin baş verdiyi insidentlərin sayı, bullinq haqqında xəbər verildiyinin öyrənilməsi, bullinqin baş verdiyi qaynar nöqtələr, şagirdin özünü məktəbdə təhlükəsiz hiss etməsi üçün nələrin vacib olduğu haqqında fikirləri, məktəb heyətinin təhlükəsizlik haqqındakı fikirləri, bullinqin qarşısının alınması üçün məktəbin nə edəcəyi barədə fikirləri. Bu kimi sorğuları adətən dərs ilinin əvvəlində və ya həm əvvəlində, həm də axırında aparmaq olar. Yaxşı olardı ki bu tip sorğular hər sinif üçün eyni anda aparılsın (və ya xüsusi siniflər üzrə eyni anda da aparıla bilər). Bu zaman şagirdlərin sualları və cavabları bir-biri ilə müzakirə etməyə imkanı olmayacaq və sorğular daha şəffaf (yalansız) cavablandırılacaq (Assess Bullying 2017).

Sorğuların təşkil edilməsi məktəb üçün daxili mühiti qiymətləndirməyə imkan verən bir alətdir. Sorğuların nəticələrini və bu nəticələrə uyğun hansı addımların atılacağını məktəb bu zaman asanlıqla müəyyən edə və buna uyğun da müəyyən proqramları yerinə yetirə bilər. Məktəb keçirdiyi bullinq sorğularının nəticələri barədə müəllim, şagird və valideynləri xəbərdar etməlidir. Eləcə də Təhsil Nazirliyi illik statistik məlumatlarında məktəb göstəriciləri siyahısına bullinq halları, bullinq riski altında olan uşaqlar haqqında göstəriciləri də daxil etməli və məktəblərlə qarşılıqlı iş şəklində sorğuların aparılması, işlənməsi və analiz edilməsi işini rayon təhsil  şöbələrinin əsas fəaliyyət planına salmalıdır.

Bullinq əleyhinə qanunların hazırlanması

Bullinqlə mübarizə haqqında qanunlara gəldikdə isə belə bir xüsusi qanunun Azərbaycan Respublikası Qanunvericiliyində olmadığını görürük. Qanunda bu kimi boşluqları aradan qaldırmaq üçün mütləq bullinq əleyhinə qanun layihəsi işlənib hazırlanmalıdır. Elina Hacıyevanın hadisəsi əlaqədar qurumları bullinq əleyhinə qanun layihəsini işləyib hazırlamağa təşviq etməli idi. Çünki bu hadisə yetəri qədər Azərbaycan məktəblərindəki bullinq haqqında məlumatsızlığın hökm sürdüyünü və bullinqin profilaktikası üçün hazırlıqlarının olmamasını ortaya qoydu ki, bu da şagirdlərin intiharı kimi mümkün acınacaqlı hadisələrə yol açır. Bullinq əleyhinə qanunlar toplusu hazırlanarkən bullinqin dəqiq tərifi və onun hansı formalarda baş verə biləcəyi haqqında geniş izah verilməlidir. Məktəblərdə bullinqin hansı əsaslara görə və nə kimi hallarda baş vermə ehtimalının olduğu barədə məlumat verilməlidir.

Bullinq əleyhinə qanunlar toplusu işlənib hazırlanan zaman aşağıdakılar əsas götürülməlidir: (1) bullinqin geniş izahı və ya tərifi qeyd edilməli; (2) bullinqin ona məruz qalan fərdin sosial rifahına qarşı yönəldiyini və bunun dövlətin qanunlarına, məktəb qaydalarına və məktəbin yerləşdiyi rayon sakinləri və ya icma üzvlərinin haqlarına qarşı olduğu vurğulanmalı; (3) bullinq baş verən zaman onun barəsində necə xəbər verilməsi haqqında dəqiq və ardıcıl izah verilməli; (4) bullinq haqqında tərəflər, məktəb heyəti və valideynlərin birgə müzakirələr aparmalı olduğu və müvafiq ölçülər götürülməsinin vacibliyi göstərilməli, insidentlə bağlı zərər çəkmiş şagird və bullinqi törədən şagirdlə işləyəcək sosial işçi, psixoloq və ya məsləhətçinin mümkünlüyü barədə göstəriş verilməlidir (ILCS 2017). Bu qanunlardan irəli gələn öhdəlikləri yerinə yetirməyən məktəb barəsində məhkəmə davası açıla bilər. Lakin qanun layihəsi məktəbin və bullinqi törədənin cəzalandırılmasından daha çox bullinqin qarşısının alınması üçün lazım olan proqramların təhsil sistemi və məktəblər tərəfindən necə və hansı yollarla tətbiq edilməsini diqqət mərkəzində saxlamalıdır (Cornell və Limber 2015, 338).

Nəticə

Azərbaycan məktəblərində bullinq, onun təzahür formaları və onunla mübarizə haqqında məlumat çatışmazlığı vardır. Bunun qarşısının alınması və şagirdlərin bullinqdən azad bir məktəbdə təlim-tərbiyə alması üçün təxirəsalınmaz şəkildə antibullinq proqramları yaradılmalıdır. Belə ki, hər bir məktəb öz daxili mühitində antibullinq qayda-qanunları yarada və onların tətbiqinə nəzarət edə bilər. Məktəb öz resursları hesabına bullinqin qarşısını alacaq sinif müzakirələri, ictimai tədbirlər, valideynlərlə görüşlər kimi fəaliyyət növlərini yaratmaqda maraqlı olmalıdır. Bunun üçün məktəb heyəti bullinq və digər sosial ədalət prinsiplərinə zidd olan davranışlar və onların qarşısının alınması haqqında təlimatlandırılmalıdır ki, onlar bu haqda düzgün bilik bazasına və qabiliyyətlərə malik olsunlar. Burada məktəbin işinə yardım edəcək dövlət strukturları olmalı, tapşırıq və göstərişlər məktəb və təhsil şöbələrinin iştirakı ilə birgə hazırlanmalıdır. Təlimatlandırma işləri yüksək instansiyalar, təhsil şöbələri, eləcə də sosial iş sahəsi üzrə çalışan mərkəzlər tərəfindən aparıla bilər. Ümumiyyətlə, təhsil nazirliyi və digər əlaqədar nazirliklər, eləcə də səlahiyyətli qurumlar ölkədə sosial işin təşkilinə dair müsbət dəyişikliklərə səbəb olacaq proqramlar yaratmaq işinə başlamalıdırlar.

Sosial iş üzrə təhsil alan tələbələrin çox olmasına baxmayaraq, hələ də məktəblərdə bu iş üzrə ştat yeri açılmayıb. Sosial iş üzrə başladılan proqramlar hələ də başlanğıc mərhələsindədir. Onun davam etməsi, sistemləşdirilməsi və məktəblərdə mühiti yaxşılaşdıracaq sosial işçi kimi kadrların fəaliyyət göstərməsinə göstəriş verilməlidir. Çünki məktəblərdə daxili mühitin nizamlanmasında, şagirdlərdə ruh yüksəkliyi yaranmasında, onların sosial ədalət prinsipləri haqqında öyrənməsində, eləcə də şagirdlərin və onların valideynlərinin müəyyən resurslarla əlaqələndirilməsində məhz sosial işçilərin böyük rolu vardır.

Təhsil Nazirliyinin rəsmi vebsaytı, eləcə də digər statistik məlumatlar hazırlayan qurumlar Azərbaycan məktəblərinin pozitiv təhsil göstəriciləri və s. haqqında statistik məlumatlarla yanaşı bullinq, diskriminasiya, homofobiya və nifrət nitqi haqqında da statistik məlumatları hazırlayıb öz platformalarında yerləşdirməlidirlər. Buna görə də hər bir məktəb həm öz daxili mühitini gözdən keçirmək və bullinqin baş vermə faizi, yeri, xarakteri, risk altında olan şagirdlərin müəyyən edilməsi üçün, həm də ölkə üzrə statistik məlumatların hazırlanmasına yardım etmək məqsədilə şagirdlərlə illik sorğuların keçirilməsini öz fəaliyyət planlarına salmalıdırlar. Bunun üçün təhsil nazirliyi xüsusi göstərişlər verməli və rayon təhsil şöbələri də sorğu prosesinin təmin olunması üçün məktəblərə öz texniki yardımlarını göstərməlidirlər. Sorğuların keçirilməsi məktəbdaxili mühiti öyrənməyə imkan verdiyi kimi, sorğuların analizi zamanı bullinq hallarının xarakteri müəyyən edilir və buna uyğun olaraq preventiv proqramların hazırlanmasına imkan yaranır.

Məlum olduğu kimi Azərbaycanda bullinq əleyhinə heç bir qanun layihəsi işlənib hazırlanmayıb. Bullinq hallarının qarşısının alınması üçün bullinqə geniş izah verə biləcək və profilaktika məqsədilə müəyyən proqramların yaradılmasını tələb edəcək qanun layihəsinin hazırlanması və tətbiq edilməsi məktəblərdə bullinqin qarşısının alınmasına ən böyük yardım göstərmiş olardı. Bullinq şagirdlərin böyümə prosesində ən ciddi problem olub, dərin travma izləri buraxacaq davranışlardan biridir və onun qarşısının alınması məktəblərin və təhsil sisteminin qarşısında duran ən vacib məsələdir.

İstifadə olunmuş ədəbiyyat

  1. Arsenio, W. F. and Lemerise, E. A. (2001), Varieties of Childhood Bullying: Values, Emotion Processes, and Social Competence. Social Development, 10: 59-73.
  2. Assess Bullying. 2019. Stopbullying.Gov. https://www.stopbullying.gov/prevention/at-school/assess-bullying/.
  3. Barhight, Lydia R., Julie A. Hubbard, and Christopher T. Hyde. “Children’s Physiological and Emotional Reactions to Witnessing Bullying Predict Bystander Intervention.” Child Development 84, no. 1 (2013): 375-90.
  4. Bell, Lee Anne. “Theoretical Foundations for Social Justice Education.” In Teaching for Diversity and Social Justice: A Sourcebook, edited by Maurianne Adams, Lee Anne Bell, and Pat Griffin, 3–15. Psychology Press, 1997.
  5. Bradlow, Josh, Fay Bartram, April Guasp, and Vasanti Jadva. 2017. “SCHOOL REPORT The Experiences of Lesbian, Gay, Bi and Trans Young People in Britain’s Schools in 2017.” Cambridge: Centre for Family Research, University of Cambridge. https://www.stonewall.org.uk/system/files/the_school_report_2017.pdf.
  6. Brown, C. (2015). Bullying Hurts Everyone, Even Bystanders. [online] Psychology Today. Available at: https://www.psychologytoday.com/us/blog/beyond-pink-and-blue/201504/bullying-hurts-everyone-even-bystanders
  7. Ciucci, Enrica, and Andrea Baroncelli. 2014. “The Emotional Core of Bullying: Further Evidences of the Role of Callous–Unemotional Traits and Empathy.” Personality and Individual Differences 67: 69-74.
  8. Clingerman, Evelyn. 2011. “Social Justice.” Journal of Transcultural Nursing 22 (4): 334-341.
  9. Cornell, Dewey, and Susan P. Limber. 2015. “Law and Policy On the Concept of Bullying at School.” American Psychologist 70 (4): 333-343.
  10. Country Ranking | Rainbow Europe.2019. Rainbow-Europe.Org. https://rainbow-europe.org/country-ranking.
  11. Facts About Bullying. 2019. Stopbullying.Gov. https://www.stopbullying.gov/media/facts/index.html#stats.
  12. Hinduja, S. & Patchin, J. W. (2018). Cyberbullying Identification, Prevention, and Response. Cyberbullying Research Center (cyberbullying.org).
  13. Ideas for Addressing Cyberbullying – Episode 13 – National Bullying Prevention Center. 2018. Pacer.Org. https://www.pacer.org/bullying/video/player.asp?video=143.
  14. ILCS, 105 5/27-23.7. 2019. Ilga.Gov. Accessed June 11. http://www.ilga.gov/legislation/ilcs/documents/010500050K27-23.7.htm.
  15. NASW Standards for School Social Workers. [online] https://www.socialworkers.org. (2012). Available at: https://www.socialworkers.org/LinkClick.aspx?fileticket=5qpx4B6Csr0%3d&portalid=0
  16. Noorden, Tirza, H. Haselager, J. Cillessen, and Gerbert Bukowski. “Empathy and Involvement in Bullying in Children and Adolescents: A Systematic Review.” Journal of Youth and Adolescence 44, no. 3 (2015): 637-57.
  17. O’Brennan, Lindsey M., Tracy E. Waasdorp, Catherine P. Bradshaw, Graesser, Arthur C., and Graham, Steve. “Strengthening Bullying Prevention Through School Staff Connectedness.” Journal of Educational Psychology 106, no. 3 (2014): 870-80.
  18. Orue, Izaskun, and Esther Calvete. 2018. “Homophobic Bullying in Schools: The Role of Homophobic Attitudes and Exposure to Homophobic Aggression.” School Psychology Review 47 (1): 95-105.
  19. Pečjak, Sonja and Tina Pirc. “Bullying and Perceived School Climate: Victims’ and Bullies’ Perspective.” Studia Psychologica 59, no. 1 (2017): 22-33.
  20. Polanin, Megan & Elizabeth Vera (2013) Bullying Prevention and Social Justice, Theory into Practice, 52:4, 303-310.Rivers, Ian, V. Paul Poteat, Nathalie Noret, and Nigel Ashurst. 2009. “Observing Bullying at School: The Mental Health Implications of Witness Status.” School Psychology Quarterly 24 (4): 211-22
  21. Roberto, Anthony J., Jen Eden, Matthew W. Savage, Leslie Ramos-Salazar, and Douglas M. Deiss. 2014. “Outcome Evaluation Results of School-Based Cybersafety Promotion and Cyberbullying Prevention Intervention for Middle School Students.” Health Communication 29 (10): 1029-1042.
  22. Sutton, J., Smith, P. K., & Swettenham, J. (1999). Bullying and ‘theory of mind’: A critique of the ‘social skills deficit’ view of anti-social behaviour. Social Development, 8, 117–127.
  23. United Nations (1998). UN convention on the rights of the child. 22 noyabr, 2008, http://www.unicef.org/crc
  24. Zeynalov, Məhərrəm. 2019. “‘Elina Üçün Susma.’ Azərbaycanı Sarsıdan İntihar.” BBC News Azərbaycanca. https://www.bbc.com/azeri/azerbaijan-48192076.