Rusiya Ali İqtisad Məktəbinin (ВШЭ) müəllimi Dmitri Dubrovskinin bu məqaləsi ilk olaraq Liberal Missiya Fondunun saytında rus dilində işıq üzü görüb və müəllifin icazəsi ilə Bakı Araşdırmalar İnstitutu tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Məqaləni orijinal dilində buradan oxuya bilərsiniz.

Bu elə bir mövzudur ki, sanki onunla bağlı səssiz bir razılaşma var, ancaq elə ilk araşdırmalar ortaya qoydu ki, bu haqda heç bir ümumi fikir və təsəvvürlər yoxdur. Əsas məqamlar, əlbəttə ki, bir çox alimin sovet keçmişi (SSRİ akademik azadlıqlar olan bir məkan deyildi), məxfilik və dövlət sirri məsələləri (alimləri daim nəzarətdə saxlamaq istəyi) və nəhayət, dövlət ideologiyası ilə akademik plüralizmin mütəmadi toqquşmasıdır.

Bütün bu məsələlər Rusiya məkanında demək olar ki, müzakirə edilməyib – daha doğrusu, orada akademik azadlıqların pozulduğu konkret misallarla bağlı müzakirə olunur, ancaq son vaxtlara qədər postsovet məkanında akademik azadlıqlar mövzusunda materialların davamlı dərc edildiyi layihələr praktik olaraq yox idi. İlk qaranquş Azad Sosioloji Araşdırmalar Mərkəzi – cisrus.org oldu ki, burada kiçik bir bloq rejimində problemlə bağlı aktual suallar və araşdırmalar müzakirə olunur. Bu layihə çərçivəsində uzun oxumalar (longridlər) və müsahibələr nəzərdə tutulmur. Bu bölmənin çərçivəsində araşdırma materiallarına, xarici publikasiyalara, akademik haqlar və azadlıqların müqayisəli perspektivdə görünən vəziyyətinə, eləcə də araşdırmaçılar, həmkarlar ittifaqı aktivistləri, tələbələr, müxtəlif akademik institut və ali təhsil müəssisələrinin müəllimləri və araşdırmaçıları ilə müsahibələrə həsr olunmuş mətnlər planlaşdırılır.

Universitetlər və dövlət: keçmişə nəzər

Uzun müddət Amerika Universitet Professorları Assosiasiyasının (American Association of University Professors) vitse-prezidenti olmuş professor Henri Reyxmanın (Henry Reichman) bu yaxınlarda dərc olunan kitabı da əslində az qala eyni adlanır – Akademik Azadlığın Gələcəyi. Akademik haqq və azadlıqların öyrənilməsi və müdafiəsinə uzun illərini vermiş müəllif bu kitabında akademik azadlıqların qarşısında nə kimi müasir çağırışların durması sualı ətrafında düşünür. Aydındır ki, indi akademik azadlıq özünün ən yaxşı dövrünü yaşamır – ancaq təsəvvür edildiyi kimi, o həmişə hansısa təzyiqlə üz-üzə olub, onda bəs, indi nə dəyişib və onun gələcəyini necə görmək olar? Bu sualın aydın görünən tərkib hissələrindən birini universitet və dövlət arasında münasibətlər, keçmişdə siyasi rejimin akademik azadlığa təsiri məsələsi təşkil edir.

Akademik azadlığın keçmişi

Həqiqətən də, akademik azadlıq çətin bir yol keçib – bütün qitələrdə. Çikaqo Universitetinin professoru Edvard Levi qeyd edir ki, ABŞ-da ali təhsilin tarixinə nəzər saldıqda, görmək olur ki, akademik azadlıq bu ölkədə normal bir hadisəyə çevrilənə, hətta universitet ictimaiyyəti tərəfindən vacib bir problem kimi görülməyəcək bir mərhələyə gələnə qədər necə çətin bir yol qət edib. Kifayət qədər aydındır ki, akademik azadlığın və akademik muxtariyyətin ən yaxşı inkişaf etmiş sisteminin ortaya çıxa bilməsinə səbəb təkcə tarixi inkişaf yox, həm də Amerikanın spesifikliyi olub.

Əvvəllər amerikan kollecləri əksərən dindar idi, bu və ya digər doqmanı hər hansı formada ictimai tənqid edən, yaxud şübhə altına alan kimsə xaric edilə, ya da işdən çıxarıla bilərdi; XIX əsrin ilk rübündə cənub ştatlarında quldarlıq, ya da ağ irqin üstünlüyü ideyası ilə bağlı sual verən hamı bu və ya digər formada cəzalandırılırdı, ya da universitetlərdən kənarlaşdırılırdı, həmin əsrin sonunda isə varlı filantropların universitetlərə ianə etməyə başladığı bu və ya digər pul vəsaitinin etikliyini sorğulayanlar da belə intizam tədbirlərinə məruz qalırdılar. XX əsrdə isə professorlar Birinci Dünya Müharibəsi vaxtı  hərbi təbliğata qarşı olmaq, yaxud da makkartizm dövründə kommunist ideyalara simpatiya bəsləmək şübhəsinə görə işlərini itirə bilərdilər. Nəticədə, təəccüblü olsa da, akademik ifadə azadlığının pozulmasının sərhədlərini müzakirə edən işlərə görə məhz solçulara borcluyuq. ABŞ Ali Məhkəməsində akademik ifadə azadlığını akademik azadlıqla əlaqələndirən ilk iş New Hampshire Universitetinin sol mövqeli professoru Pol M. Svizinin özünün universitetdəki mühazirələrində istənilən fikri söyləmək hüququ uğrunda mübarizəsinin nəticəsində oldu. Ümumilikdə isə demək olar ki, amerikan akademik azadlığı üçün əsas problemlər dövlətlə münasibətlərdən (əsas da makkartizm dövründə) çox, universitet rəhbərliyi ilə mübarizə, əsas da donor və nəzarət şuraları ilə fikir ayrılıqları idi.

Orta əsrlər sonrası Avropa qitəsində isə akademik azadlığın inkişafı başqa cür gedirdi. Prinston Universitetinin fəxri professoru Coan Skott əmindir ki, Avropada universitetin yaranması milli dövlətin yaranması və inkişafı ilə bağlıdır və bu da dərhal həqiqəti axtarmağın məntiqi və iqtidarın tələbləri arasında ciddi qarşıdurmanın ortaya çıxmasına səbəb oldu; tənqidi düşüncə və dövlətin milli istisnalıq təbliğatı arasında bir qarşıdurma. XVIII əsrin əvvəllərində burda arxaik universitet modeli – öz arxaik tədris dili (bu, milli dövlət üçün qətiyyən uyğun deyildi) olan orta əsr sex universiteti və istisna olaraq utilitar məqsədlər üçün yonulmuş, ali təhsili dövlətə lazım olan peşələr üzrə mütəxəssis hazırlamaq üçün “dərzi kursları”na qədər endirmiş, həddən artıq “napoleonsayağı” model mövcud olmağa davam edirdi.

Yalnız Almaniyada yaranmış Humboldt Universiteti utilitarizm və universitet muxtariyyəti arasındakı konflikti az-çox balanslı bir şəkildə – məşhur akademik azadlıq (Lern-und Lehrfreiheit) prinsipi ilə araşdırma və tədris prinsiplərinin birləşməsi şəklində –  müəyyən etdi. Bu cür araşdırmalarda universitet dövlətin tələblərindən azad idi, ancaq nəzərdə tutulurdu ki, tədris nəticəsində təkcə savadlı mütəxəssis yox, həm də milli dövlətə loyal vətəndaş ortaya çıxacaq. Ancaq alman sisteminin bu unikallığı, onun XIX əsr boyu və XX əsrin otuzuncu illərinə qədər olan təntənəsi bu universitet və dövlət arasında olan balansın özünün yaratdığı çağırışın qarşısında tamamilə darmadağın oldu: dövlət liberal olmağı dayandırdı və totalitarlaşdı. Burada ortaya çıxdı ki, alman universitetlərinin Reyxin yeni təhsil naziri Bernard Rustun artıq 1936-cı ildə Haydelberq Universitetinin yubileyində irq və qanın biliyin vəziyyətini müəyyən etməsini və buna görə də yəhudilərin, eləcə də Reyxin təhlükəsizliyinə təhdid olan marksistlərin ümumiyyətlə, universitetlərdə dərs deməməli olduqları ifadələrinə verəcək heç bir cavabı yox idi. Ortaya çıxdı ki, universitetlərin muxtariyyət və müstəqillik sistemi bütün rektorların Təhsil Nazirliyi tərəfindən təyin olunmağa başladığı, bütün alman müəllimlərinin isə  – ölkədən qaçanlardan başqa – dövlətin dəyişməsini, eləcə də yəhudilərin alman akademiyasından qovulmasını və “qeyri-ari ktabların” yandırılmasını qəbul etdikləri o anda çökdü. Müqavimət göstərən azlar alman ali məktəbinin əfsanəsinə çevrildilər – antinasist müqavimətin faciəli şəkildə həlak olan qəhrəmanı, Münhen Universitetinin tələbəsi Sofi Şoll və onun qardaşı Hans kimi. Alman akademiyası – əsas da onun humanitar və sosial bilikləri əhatə edən hissəsi – ideoloji nəzarətə alındı, akademiya daxilində demokratik prosedurlar dayandırıldı və beynəlxalq elm ilə əməkdaşlıq faktiki olaraq ləğv edildi. Müharibədən sonra alman universitetlərinin denasifikasiyası siyasətini aparmaq üçün böyük səylər tələb olundu. Qeyd olunmalıdır ki, sovet işğalı zonasında qalan universitetlərin bu cəhətdən bəxtləri az gətirdi – orada nasist ideologema tez bir zamanda Sovet İttifaqında olduğu kimi,  kommunist ideologema ilə əvəz olundu.

Akademik (qeyri-) azadlığın siyasi rejimdən birbaşa asılılığı, əlbəttə, Sovet İttifaqının misalında açıq görünürdü. Aydındır ki, “fəlsəfi gəmi”dən başlayaraq akademik ictimaiyyətin bir çox təmsilçisi Sovet Rusiyasını tərk etməyə və sürgündə yeni azad universitetlər yaratmağa üstünlük verdilər. Qalanlar isə bir müddət proletariatın ideoloji diktəsinə münasibətdə müəyyən bir muxtariyyətdə qaldılar, ancaq “akademik iş” nəinki Stalin repressiyaları dövrünün başlanğıcını qoydu, həm də, əslində, sovet akademiyasının inqilabdan əvvəlki cəbhəsinin qalıqlarını bütünlüklə məhv etdi. Buna baxmayaraq, rəhbərliyi seçmək prinsipi saxlanılırdı və partiyanın müdaxiləsindən qorunmaq lazım gələndə aparıcı araşdırmaların müdafiə əhəmiyyətinə müraciət etmək akademik strukturlara “elmdə partiyalılıq” prinsipinə kifayət qədər uğurla müqavimət göstərməyə və bununla da sovet Elmlər Akademiyasının daxilində bir az muxtariyyətin və bəzi protodemokratik prosedurların qorunub saxlanılmasına imkan yaradırdı.

Yalnız müharibədən və Xruşşov dövrü yumşalmasından sonra sovet intelligensiyası stalinizmin soyuq dəhşətindən yavaş-yavaş özünə gəlməyə və akademik azadlıqlardan – sözsüz ki, son dərəcə məhdudlaşdırılmış –  istifadəni yoxlamağa başladı, ancaq bununla belə, təəccüblü deyil ki, bir çox sovet dissidentləri məhz bu mühitdə ortaya çıxdılar. Məsələn, Elmlər Akademiyasının istilik mühəndisliyi laboratoriyasında Xruşşovun Stalin şəxsiyyətinin pərəstişinə dair məruzəsinin müzakirəsində gələcək dissident və insan haqları müdafiəçisi, gənc fizik Yuri Orlov kəskin tənqidlə çıxış etdi. Əlamətdar olan odur ki, bütün bu insan haqları müdafiəçiləri təbiət elmləri mühitindən gəlirdilər – onlar daha az ideoloji təzyiq altındaydılar və müzakirələr üçün ideoloji yüklənmiş humanitar elmlərdən daha azad idilər. Bunlar Y. Orlovdan başqa, əlbəttə ki, görkəmli fizik A. D. Saxarov, fiziklər N. Şaranski, V. Çalidze, bioloq S. A. Kovalov, kimyaçı Y. Kukk, riyaziyyatçı Y. Şafareviç və başqaları idilər, sovet insan haqları ideyasının yaradıcısı özü – A. S. Yesenin-Volpin – ilk növbədə riyaziyyatçı idi.

Akademik və sovet hidrogen bombasının atası Andrey Dmitriyeviç Saxarovun akademik azadlıq ideyasına necə gəldiyi də əlamətdardır. Özünün “Sülh, tərəqqi və intellektual azadlığa dair düşüncələr” (Progress, Peaceful Coexistence, Intellectual Freedom, 1968)  əsərində o, nəinki senzura və akademik azadlığın pozulmasını sülhə qlobal meydan oxumaqla eyni sıraya qoyur, həm də SSRİ Elmlər Akademiyası rəhbərinin çıxışını (M. Keldış məcburi hospitalizasiya olunmuş A. S. Yesenin-Volpinə dəstək üçün məktub kampaniyasını pisləmiş və bəyan etmişdi ki, elm həmişə “xalqın, Leninin partiyasının”  yanında olacaq) birbaşa rüsvayçılıq adlandırır və onun mövqeyini “ya qorxudulmuş, ya da son dərəcə doqmatik” bir insanın fikirləri adlandırır. Hər şeydən əvvəl dövlət təzyiqindən, dövlət senzurasından sərbəst olmaq kimi başa düşülən akademik azadlıq SSRİ-nin dağılmasından əvvəl sovet intelligensiyası arasında ən çox arzulanan nəsnə idi.

XX əsr akademik azadlıq və akademik muxtariyyət üçün ciddi bir sınaq əsri oldu. Onun əsas düşməni ilk əvvəl milli dövlət idi ki, universitet muxtariyyətinə müdaxilə edərək və birbaşa akademik hüquq və azadlıqları pozaraq ümumən dövlətdən müstəqil olmanı şübhə altına alırdı. Ancaq görünən odur ki, indi praktiki olaraq bütün dünyada baş verən bu cür bölünmə universiteti fərqli tip bir böhrana gətirib çıxarıb.