Hər dəfə Azərbaycanda fors-major vəziyyətlər yarananda, kütləvi və ya məhdud miqyasda etirazlar baş qaldıranda hökumətyönlü və hökumətəyaxın media, siyasətçilər və ekspertlər tərəfindən təkrarlanan bir mantra mövcuddur. Yığcamlıq üçün ümumiləşdirsək, Azərbaycan vətəndaşları təxminən belə bir məzmunda açıqlama ilə qarşılaşırlar: Azərbaycanı gözü götürməyən xarici qara qüvvələr və onların əlaltıları yenə iş başındadır, lakin xalq-iqtidar birliyi qarşısında onlar növbəti dəfə uğursuzluğa düçar oldular.

Dövlət rəsmiləri, millət vəkilləri, çoxsaylı siyasətçi və ekspertlər milli telekanallarda, çap və elektron mediada, son zamanlar isə həm də sosial şəbəkələrdə təbliğatçı rolunda çıxış edərək bu düşmənləri ən kəskin və ədəbi-bədii ifadələrlə ifşa edirlər. Öz növbəsində, ictimaiyyət də bu çıxışların passiv dinləyicisi qismində qalmır. Onların bəzən adı çəkilən, bəzən isə paytaxt sakini və ya rayon sakini kimi ümumi sözlərlə təqdim edilən nümayəndələri yeri gələndə bu ifşaçıların xoruna qoşulurlar. Məsələn, dövlət televiziyasının efirində millət vəkilləri, politoloqlar, jurnalistlər, incəsənət xadimləri və idmançılarla yanaşı Bakı, Mingəçevir, Göyçay, Zaqatala, Lənkəran, Ağdam və s. kimi şəhər və rayonların sakinlərinin də bu düşmənləri ifşa edən çıxışlarını izləmək mümkündür.

Dövlət təbliğat maşını tərəfindən xarici qara qüvvələr və onların əlaltıları barəsində son belə qəzəbli tirada iyulun 3-də Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi[i], ardınca şəhərdə iğtişaş cəhdi və yüksək rütbəli iki polis zabitinin qətlindən[ii] sonraya təsadüf edir.

Budəfəki performansın dərhal nəzərə çarpan bir maraqlı cəhəti işfa prosesinin elektron media və sosial şəbəkələr seqmentinin kifayət qədər peşəkar səviyyədə təşkil olunması idi. Bu məqsədlə ənənəvi təbliğatçılar / ifşaçılar komandasına elektron media və sosial şəbəkələrdə çoxillik fəallıq təcrübəsi olan bir neçə yüksək profilli oyunçunun transferi həyata keçirilmişdi. Hətta bu yeni oyunçulardan biri gələcəkdə tez-tez eşidəcəyimiz, ona görə də uğurlu tapıntı hesab edə biləcəyimiz hücrə sözünü ifşaçıların leksikonuna daxil etmişdir.

Lakin xarici qara qüvvələr və onların əlaltıları tipli ifadələr dövlət təbliğat maşını tərəfindən o qədər tirajlanır, üstəlik hökumətin fəaliyyətindən narazı şəxslər tərəfindən o dərəcədə lağa qoyulur ki, bu ifadələrin nə zaman ciddi, nə zaman zarafatla səsləndiyini tutmaq çətinləşməyə başlayıb. Təəssüflə qeyd etməliyik ki, burada da konsepsiyanın bulanması fenomeninin şahidi oluruq. Kifayət qədər su qatılmış və hələ də su qatılan xarici qara qüvvələr və onların əlaltıları konsepsiyası ziddiyyətli məzmun alır.

Digər tərəfdən, ortaya haqlı bir etiraz da çıxa bilər: bu tipli ifadələr geniş ictimaiyyətə təsir etmək üçün nəzərdə tutulmuş bir təbliğat alətidir. Bu ifadələrin lap başlanğıcdan heç bir essensiyası, aydın məzmunu olmayıb, ona görə də indi baş verənlər konsepsiyanın bulanması deyil, konsepsiyanın özünün ziddiyyətli məzmunundan irəli gələn boşboğazlıqdır.

Bir anlıq qəbul etsək ki, bu sonuncu fərziyyə doğru deyil – yəni xarici qara qüvvələr və onların əlaltıları əslində aydın məzmunu olan (və ya nə zamansa olmuş) bir konsepsiyadır və dövlət təbliğat maşınını idarə edənlərin şüurunda oturuşmuş düşmən obrazının inikasıdır (və ya nə zamansa olub) – bu zaman yeni sual meydana çıxır: biz xarici qara qüvvələr və onların əlaltıları tipli ifadələrin təhlilindən Azərbaycanın düşmənlərinin ümumiləşdirilmiş portretini rekonstruksiya edə bilərikmi? Bu tipli ifadələri onların səslənməyinə səbəb olan konkret ictimai-siyasi hadisələrdən təcrid etsək, yalnız özləri və işlənmə tərzlərinin təhlili əsasında xəyali düşmən obrazına çıxa bilsək, onda bu düşmən hansı səciyyələri daşıyacaqdır?

Bu yazı Gəncə hadisələrindən sonra Azərbaycan Dövlət Televiziyasının (AzTV) 11 iyul 2018-ci il tarixli efirində əsas xəbərlər buraxılışı və Günün nəbzi verilişində səsləndirilmiş bənzər ifadələrin təhlili əsasında belə bir ümumiləşdirilmiş portret, bir növ düşmənin fotorobotunu düzəltməyə cəhd edir. Təhlilə cəlb edilmiş ifadələrin hamısı göstərilən tarixdə AzTV-nin efirində çoxsaylı ifşaçılar – jurnalistlər, dövlət rəsmiləri, millət vəkilləri və digər siyasətçilər, eskpertlər, eləcə də paytaxt və əyalət sakinləri tərəfindən işlədilib. Onların siyahısı yazının sonuna əlavə edilib.

Paradoksal düşmən

Dövlət təbliğat maşınının əhaliyə təqdim etdiyi düşmən obrazına gözucu baxmaq kifayət edir ki, bu düşmənin nə qədər paradoksal təbiətə malik olduğu aşkara çıxsın.

Bir tərəfdən, düşmən olduqca cılız və acizdir. Dayanmadan uğursuzluğa düçar olan bu düşmənlərə əksər hallarda bir qrupünsür kimi müraciət edirlər. Əgər bir ifşaçı qüvvələr sözünü işlədirsə, digər ifşaçılar onun sözünə dərhal düzəliş verirlər – təxminən qüvvələr yox, ünsürlər – tipli remarkaları AzTV efirində dəfələrlə eşitmək olur. Bəzi ifşaçılar hətta bu sözü də onları təsvir etmək üçün çox görürlər. Məsələn, Günün Nəbzi verilişinin aparıcısı Rövşən Raqifoğlu ünsür sözünü işlətməyin düzgün olmadığı bildirərək, onlara fərdlər şəklində müraciət etməyi təklif edir. APA Holdinqin prezidenti Vüsalə Mahirqızı onları hücrə hesab edir. Digər bir ifşaçı isə pars pro toto məcazından geninə yararlanır: dövlət rəsmilərinə qarşı çıxan insanlar kiçilərək dövlətə qarşı qalxan əllərə çevrilirlər.

Digər tərəfdən isə düşmən çox güclüdür. Sanki ona vaxtında məhəl qoyulmasa, zamanında əhəmiyyət verilməsə, xoşagəlməz nəticələr yarana bilər. Təbliğat maşını çox böyük resurslar sərf edərək nəinki Bakıda, hətta bütün respublika ərazisində çoxsaylı ifşa tədbirləri təşkil edir. Dövlət rəsmiləri və ictimaiyyət nümayəndələrinin ən yaxşıları, populyar simalar, hətta incəsənət xadimləri və beynəlxalq yarışların qalibi olan idmançılar, nüfuzlu din xadimləri ifşa proseslərinə cəlb olunurlar. Dövlət televiziyasının xüsusi müxbirləri bölgələrə ezam olunur, yerli müxbirlər isə yerli sakinlərdən intervyular alırlar. Bu intervyuların bəzilərində, əsasən də rayonlarda yerli sakinlər kamera qarşısında qrup şəklində dayanırlar. Onlardan biri kadrın mərkəzində qərar tutub düşmənləri ən kəskin ifadələrlə ifşa edir, digər sakinlər isə onun ətrafında yarımdövrə şəklində mövqe alıb ciddi və təhdidedici nəzərlərlə kameraya baxırlar. Aydındır ki, bu miqyasda və təbiətdə ictimai səfərbərlik aciz və cılız düşmən qarşısında deyil, yalnız həyati təhlükə törədən düşmən qarşısında baş verə bilər.

Azərbaycanın düşmənləri necə axı eyni zamanda həm güclü, həm də aciz ola bilərlər? Çox güman ki, bu Azərbaycansayağı paradoksun cavabı xəyali düşmənlərin qarşılıqlı əlaqələrinin strukturunda gizlənir. Çünki Azərbaycanın düşmənləri iyerarxik şəkildə təşkilatlanıb.

İyerarxik düşmən

İfşaçıların çıxışları düşmən strukturların təşkilatlanması barədə kifayət qədər informasiya daşıyır. Onların çıxışlarının təhlili belə fikrə gəlməyə əsas verir ki, düşmən beynəlxalq səviyyədə təşkilatlanmaqla yanaşı, həm də mürəkkəb iyerarxik struktura malikdir.

Xarici qara qüvvələr və onların əlaltıları adlarından da göründükləri kimi iki böyük struktura bölünürlər. İfşaçıların çıxışları əsasında düşmən təşkilatlanmanı xarici və daxili strukturlar olaraq təsnif etmək olar. Bu iki struktur arasında iyerarxik əlaqə mövcuddur: strukturun düşünən başı xaricdə yerləşir, icraçı ayağı isə ölkə daxilindədir. Doğrudur, ifşaçıların xoruna yeni qoşulmuş Rauf Arifoğlunun (dövlətə əl qaldırmış bu insanlar və onların dəstəkçiləri) və ya təcrübəsiz ictimaiyyət nümayəndəsinin ifadələrində (Azərbaycanı istəməyən qüvvələrin istəyini həyata keçirən qüvvələr) bu əlaqə könüllülük prinsipi əsasında – istəkdəstək üzərində qurulmuş kimi görünür, lakin təcrübəli ifşaçı, millət vəkili, Professor Elman Nəsirov bu əlaqənin iyerarxik strukturunu müəyyənləşdirməkdə tərəddüd göstərmir (icraçılar və daha böyük siyasi qüvvələr)[iii].

İfşaçıların çıxışlarına inansaq, düşmən təşkilatlanmanın xarici və daxili strukturlarının da öz daxillərində iyerarxik qaydada təşkil olunmasını ehtimal etmək olar. İfşaçılar xarici strukturlara bəzi hallarda anti-Azərbaycan mərkəzlər, ya da xüsusi mərkəzlər kimi müraciət edirlər. Bu mərkəzlər arasında əlaqələrin hansı prinsip əsasında təşkil edilməsi bizə hələ ki qaranlıq qalır. Düşmən təşkilatlanmasının başında bu mərkəzlərdən biri dayanır, yoxsa bir-biri ilə əməkdaşlıq / rəqabət şəraitində olan bir neçə mərkəz? Bu sualın cavabını bilməsək də, bu mərkəzlərin özləri barədə müəyyən ehtimallar qurmaq mümkündür. Mərkəz dedikdə, son zamanlar müasir Azərbaycan dilində müəyyən bir təşkilatlanmış qurum nəzərdə tutulur ki, bu mərkəzin fəaliyyəti müəyyən siyasət hazırlamaq, onu həyata keçirmək, ya da həyata keçirilməsinə rəhbərlik etməkdir. Mərkəzin adətən rəhbər orqanları, sədri və ya prezidenti, icraçı direktoru, işçiləri olur. Azərbaycana qarşı düşmən siyasət də çox güman belə mərkəzlərdə düşünülüb hazırlanır və daha sonra onların rəhbərliyi altında həyata keçirilir.

Düşmən strukturun ölkə daxilindəki icraçı ayağı son zamanlara qədər kifayət qədər ümumi şəkildə təsvir edilirdi. Qüvvələr, qruplar, ünsürlər kimi ifadələr bu icraçıların öz daxillərində hansı formada təşkilatlanması barədə tutarlı bir fikir yürütməyə imkan vermirdi. Gəncə hadisələrindən sonra səslənmiş hücrə sözü ilk baxışdan bu məsələyə aydınlıq gətirmiş kimi olur. Lakin hücrə sözü bu mənada bir növ arxaik sözün neologizmə çevrilməsidir. Azərbaycan dilində ümumişlək olmayan hücrə sözü məscid və ya ibadətxanada kiçik otaq mənası verir[iv]. Ona görə də ifşaçıların bu sözü işlədərkən arxasına hansı məzmun qoyduğunu anlamaq üçün bir qədər gözləmək lazım gələ bilər. Bir ehtimal kimi bu söz ingiliscədən cell sözünün tərcüməsi ola bilər. Bir qayda olaraq, terrorçu qrupların və ya silahlı müqavimət hərəkatlarının təşkilatlanması cell formasında olur ki, burada da mürəkkəb iyerarxik münasibətlər mövcuddur.

Bununla belə, son tendensiya olaraq bəzi ifşaçılar həm də daxili strukturda iyerarxiyanın mövcud olmadığını və ya əhəmiyyətsiz olduğunu vurğulayırlar (məsələn, onlara fərdlər olaraq müraciət etməyi təklif edən Rövşən Raqifoğlu). Çox güman ki, gələcəkdə hücrəfərd yanaşmalarının tərəfdarları arasında maraqlı bir debatın şahidi ola bilərik. Dumanlı səslənən qüvvə ünsür ifadələrinin arxasında hansı məzmunun olması bu debatın nəticəsində aşkara çıxacaqdır.

İrrasional düşmən

Bəs görəsən Azərbaycan Respublikası, onun dövləti və xalqı hansı günahların və ya təqsirlərin sahibidir ki, beynəlxalq səviyyədə təşkilatlanmış belə mərkli düşmənin hədəfinə çevrilib? Xoşbəxtlikdən, ifşaçıların ifadələri düşmənin motivasiyası barəsində bəzən təfərrüatlarına qədər məlumat verməkdədir. Lakin bu məlumat bizi maarifləndirməklə birgə həm də təəccübləndirir. İfşaçıların çıxışlarından belə məlum olur ki, Azərbaycanın yeganə təqsiri onun ölkə daxilində əldə etdiyi nailiyyətlər və beynəlxalq arenada imza atdığı uğurlardır. Bir sözlə, düşmən öz fəaliyyətini irrasional əsaslar üzərində qurur, düşmən irrasionaldır. Düşmən Azərbaycana paxıllıq edir, Azərbaycanı istəmir, Azərbaycanın uğurlarını həzm edə bilmir, Azərbaycanı və onun nailiyyətlərini gözü götürmür, Azərbaycanın sabitliyindən xoşu gəlmir. Hər dəfə Azərbaycanın müvəffəqiyyətlərinin və nailiyyətlərinin şahidi olanda onların əsəbləri tab gətirmir və onlar Azərbaycana qarşı hərəkətə keçir.

Doğrudur, ifşaçıların dediklərinə görə, Azərbaycanın düşmənləri iyerarxik struktura malikdir. Bu sadalanan irrasionallıq da daha çox xarici strukturlara (mərkəzlər, siyasi dairələr, ölkələr və s.) aiddir. Daxili strukturları (qrupları, ünsürləri, fərdləri, hücrələri) isə daha çox rasional aktyor hesab etmək olar. Onlar icraçıdır və onları icraçı olmağa sövq edən yeganə amil bəlkə də maliyyə maraqlarıdır (xaricdən maliyyələşən qüvvələr). Unutmayaq ki, icraçılar düşmən strukturunda ifşaçılar tərəfindən əhəmiyyətsiz elementlər hesab edilirlər. İfşaçıların çıxışlarına inansaq, onları zərərsizləşdirmək su içmək kimi asan prosedur olmalıdır və dövlət orqanları bu işin öhdəsindən rahatlıqla gəlirlər. Xarici strukturlar Azərbaycanın fəaliyyət sferasından kənarda yerləşdikləri üçün, bəzən isə Azərbaycanın qüvvəsindən daha böyük qüvvəyə sahib olduqları üçün onları zərərsizləşdirmək mümkün deyil. İrrasional olanlar da məhz bu zərərsizləşdirilməsi mümkün olmayan daha böyük qüvvələrdir.

Klauzevits qeyd edirdi ki, insanları müharibəyə iki motiv sürükləyir: instinktiv düşmənçilikdüşmən niyyət[v]; lakin müharibənin definisiyasında ikinci motivi əsas, birinci motivi daha az əhəmiyyətli hesab edirdi. Klauzevits düşünürdü ki, müharibəni ancaq düşmən niyyət səciyyələndirə bilər, çünki hətta instinktiv səviyyədə olan ən qəddar nifrət hissini də düşmən niyyətlə birgə olmadan təsəvvür etmək mümkün deyil[vi]. Bu baxımdan, Azərbaycana qarşı elan olunmamış müharibədə düşməni yönləndirən əsas motiv Klauzevitzin bütün nəzəri sistemini çətin vəziyyətə salardı, çünki Azərbaycanın düşmənlərini müharibəyə sürükləyən başlıca motiv hətta Klauzevitsin də münfərid şəkildə mövcud olma ehtimalını təsəvvür edə bilmədiyi instinktiv səviyyədə olan ən qəddar nifrət hissidir. Azərbaycana qarşı bütün düşmən niyyətlər mahiyyətcə ikincidir və məhz bu instinktiv düşmənçilikdən qaynaqlanır.

Permanent düşmən

İfşaçıların çıxışlarından indiyə qədər çıxardığımız nəticələri ümumiləşdirsək, qəribə və bir qədər də tükürpədici mənzərə ilə qarşılaşırıq. Azərbaycana qarşı fəaliyyətdə olan daha böyük qüvvələr var. Onlar Azərbaycana instinkt səviyyəsində nifrət edirlər və dəhşətli dərəcədə irrasionaldırlar. Bununla yanaşı, onlar xüsusi anti-Azərbaycan mərkəzlər şəklində təşkilatlanır və az qala qeyri-məhdud maliyyə resurslarına sahibdirlər.Azərbaycanın hər uğuru bu qüvvələri qıcıqlandırır və onlar dərhal hərəkətə keçirlər. Onlar xaricdə yerləşsələr də, məhz tükənməz maliyyə imkanları səbəbindən ölkə daxilində öz planları üçün icraçılar tapmaqda çətinlik çəkmirlər.

Bu təşkilatlanmış, irrasional və zəngin düşmən hər yerdə və hər zaman həmləyə keçə bilər və keçir. Hər dəfə bu qəfil həmlələr zamanı Azərbaycan dövləti və xalqı bu icraçıları zərərsizləşdirir, xalq-iqtidar birliyini bir daha nümayiş etdirir, sonra da yeni uğurlar əldə etmək üçün fəaliyyətlərinə davam edir. Düşmənin xarici strukturu isə Azərbaycan dövlətinin fəaliyyət sferasından kənarda yerləşdiyi üçün öz mövcudluğunu qoruyub saxlayır və növbəti planlar üzərində işləməyə başlayır. Bir sözlə, düşmən permanentdir. Düşmən məğlubedilməzdir.

Bu formada permanent məğlubedilməz bir düşmənin hətta perspektivi də dünyanın istənilən fövqəldövlətinin siyasi elitasının yuxusuna haram qatmaq üçün kifayət edərdi. Lakin ifşaçılar – dövlət və hökumət rəsmiləri, siyasi ekspert və jurnalistlər, incəsənət xadimləri və idmançılar, paytaxt sakinləri və rayon ictimaiyyətinin nümayəndələri, bir sözlə, siyasi elita və xalq eyni dərəcədə bu düşmən qarşısında mətin dayanır. Onlar ən kəskin ifadələrlə düşmənin heysiyyatına toxunur, AzTV ekranından ən təhdidedici nəzərlərlə düşmənə baxırlar. Onlar düşməndən nəinki çəkinmirlər, hətta ona meydan oxumaqdan sanki zövq alırlar. Bəs görəsən niyə? Bu arxayınlığın, hətta dəliqanlılığın arxasında nə dayana bilər?

Eksistensial düşmən

Xarici qara qüvvələr və onların əlaltıları tipli ifadələri səsləndirən zaman ifşaçıların mimikası, jestləri, emosiyaları sanki onların bu vəziyyətdə bir jouissance yaşadıqlarını büruzə verir. Hətta pozucu qüvvələr kimi rəngsiz və banal bir ifadə spikerin ağzından çıxarkən fişəng partlaması effekti yaradır. AzTV efirində çıxış edənlərin qətiyyətlə, özünəinamla, hətta böyük şövqlə səsləndirdiyi bu ifadələrin yaratdığı atmosfer Azərbaycanın düşmənlərinin sanki bir eksistensial düşmən olduğunu bəlli edir. İfşaçıların çıxışlarından belə təəssürat yaranır ki, xarici qara qüvvələr və onların əlaltıları Azərbaycan üçün yalnız təhdid deyil, sanki həm də Azərbaycanın varlığının təməl səbəbidir. Bu düşmənlər mövcud olmazsa, nəinki bu ifşaçıların özləri, həm də onların təmsil etdikləri, adından danışdıqları Azərbaycan ümumiyyətlə mövcud olmaz.

İtalyan yazıçısı, semiotiki və filosofu Umberto Eko Düşmənin ixtirası essesində yazırdı: Düşmənə sahib olmağımız nəinki kimliyimizi müəyyən etmək üçün əhəmiyyətlidir, eyni zamanda öz dəyərlər sistemimizi ölçmək üçün bizə bir maneə verir və bu maneəni aradan qaldırmaq səylərimizdə biz öz ləyaqətimizi nümayiş etdiririk[vii]. Bir sözlə, Azərbaycanı Azərbaycan edən onun düşmənləridir. Məşhur Azərbaycan atalar sözünü parafraz etsək – düşmənini göstər, deyim kimsən. Ona görə də, əgər düşmən yoxdursa, – davam edir Eko, – biz onu ixtira etməliyik[viii].

Dövlət televiziyasında çıxış edən ifşaçıları dinlədikcə istər-istəməz belə bir təəssürat formalaşır ki, xarici qara qüvvələr və onların əlaltıları olmasa, Azərbaycan üçün yeganə alternativ nəinki dünya səhnəsindən silinmək, hətta marrusin, osk, emisikapayan kimi keçmiş qövmlərin cərgəsinə qoşulmaq olacaqdır. Bəs bu gün onları kimsə xatırlayırmı?

Əlavə

AzTV-nin 11 iyul 2018-ci il tarixində efirə getmiş əsas xəbərlər buraxılışında və Günün nəbzi verilişində səsləndirilmiş xarici qara qüvvələr və onların əlaltıları tipli ifadələrin siyahısı

  • radikal ünsürlər
  • cinayətkar ünsürlər
  • bir qrup cinayətkar ünsür
  • pozucu qüvvələr
  • bəzi qüvvələr
  • müəyyən qüvvələr
  • bəzi müxalif dairələr
  • öyrədilmiş bir qrup
  • sapı özümüzdən olan baltalar
  • anti-Azərbaycan mövqedə olan qüvvələr
  • xaricdəki anti-Azərbaycan qüvvələr
  • xaricdəki anti-Azərbaycan mərkəzlər
  • xüsusi mərkəzlər
  • beynəlxalq siyasi dairələr
  • iaşə müxalifəti (Əli Həsənovdan sitat)
  • xaricdə yaşayan müəyyən şəxslər
  • xaricdən maliyyələşən qüvvələr
  • bəzi xarici dairələr
  • bizi istəməyən ölkələr
  • bizim sabitliyimizdən xoşu gəlməyənlər
  • Azərbaycanın düşmənləri
  • Azərbaycana paxıllıq edənlər
  • Azərbaycanı gözü götürməyən qüvvələr
  • Azərbaycanın nailiyyətlərini gözü götürməyən məkrli qüvvələr
  • Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr
  • Azərbaycan dövlətinə qarşı qalxan əllər
  • dövlətə əl qaldırmış bu insanlar və onların dəstəkçiləri (Rauf Arifoğlu)
  • hücrələr (Vüsalə Mahirqızı)
  • fərdlər (Günün nəbzi verilişinin aparıcısı Rövşən Raqifoğlu)
  • icraçılar və daha böyük siyasi qüvvələr (Professor Elman Nəsirov)
  • terrorçular
  • terrorist qruplaşmasından təyinat (sic!) almış bir qrup
  • Azərbaycanı istəməyən qüvvələrin istəyini həyata keçirən qüvvələr
  • Azərbaycanı cəhalətə, xurafata, feodal dövrünün qaranlığına sürükləmək istəyənlər (Elçin Mirzəbəyli)
  • din pərdəsi altında gizlənən qüvvələr
  • din pərdəsi altında fəaliyyət göstərən radikal qüvvələr
  • dini radikal qruplar və onları himayə edənlər
  • bir qrup radikal dini yönümlü ünsürlər (sic!)

Istinadlar

[i] “Gəncənin icra başçısına sui-qəsd”, Teleqraf.com, 3 iyul 2018, https://teleqraf.com/news/yasavul/178572.html

[ii] “Gəncədə iki polis zabiti öldürüldü”, Amerikanın səsi, 10 iyul 2018, https://www.amerikaninsesi.org/a/g%C9%99nc%C9%99d%C9%99-iki-polis-zabiti-%C3%B6ld%C3%BCr%C3%BCld%C3%BC-video-/4476963.html

[iii] İndiyə qədər bu iyerarxik struktur cəmi bir halda tərsinə formada ifadə olunmuşdur. Keçən il “26” kafesinə reyd zamanı Bakı şəhər icra hakimiyyətinin keçmiş rəhbəri Hacıbala Abutalıbov “Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarlarını” ölkə daxilində lokasiya etmişdi . Lakin bu nadir rast gəlinən halı mövcud variantlardan biri hesab etməyə başqa əsaslar yoxdur, sadəcə istisnadır. Bax: “Bakının mərkəzindəki “26” kafesi bağlandı – Generalla Abutalıbov da gəldi”, Qafqazinfo.az, 8 sentyabr 2017, http://qafqazinfo.az/news/detail/bakinin-merkezindeki-26-kafe-baglandi-generalla-abutalibov-da-geldi-196173

[iv] Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2006, səh. 406.

[v] Carl von Clausewitz, On War, trans. J. J. Graham, rev. F. N. Maude (Ware: Wordsworth, 1997), 6.

[vi] Ibid.

[vii] Umberto Eco, Inventing the Enemy and Other Occasional Writings, trans. Richard Dixon (Boston and New York: Houghton Mifflin Harcourt, 2012), 2.

[viii] Ibid.