Azərbaycan dilinin latın qrafikalı yazıya keçməsi haqqında 18 iyul 2001-ci il tarixli məlum qərardan 17 ildən çox bir zaman keçmişdir.

Latın qrafikası etiraz kimi

Latın əlifbasına keçid istəyinin bir hərəkat kimi az qala 30 il bundan öncə başladığını hazırkı zaman yüksəkliyindən rahatlıqla qeyd edə bilərik. O zaman bu istəyin kiçik çevrələrdən başlayıb, tədricən geniş kütlələrə keçməsi xaotik bir tərzdə baş vermişdi.

Həmin dövr bir çox obyektiv və subyektiv səbəblər üzündən latın qrafikasına keçid çoxlarımız üçün sadəcə yazı ilə bağlı olmayıb, müstəqil dövlət olacağımızın, acı-boz sovet gerçəkliyindən rəngarəng-illüzor “azad dünya”nın bir hissəsinə çevriləcəyimizin, habelə etnik cəhətdən yaxın Türkiyə ilə görünər-görünməz sərhədlərin tamamilə qalxacağının danılmaz aspektlərindən biri idi. Çox rahatca baş tuta biləcəyinə sadəlöhvcəsinə ümid bəslədiyimiz ümumi türk dili ideyası isə beyinlərdə və havada dolaşırdı. Mədəniyyətdən daha çox siyasi sferaya aid olacaq bu addım bizim ilk olaraq sovet imperiyasında məcburən sürükləndiyimiz “vahid əlifba məkanı”nın dışına çıxmaq, “sivil” və intuitiv olaraq bir növ avropalı olmaq istəyimizdən doğurdu. O zamandan bəri icazəli-icazəsiz, rəsmi və ya qeyri-rəsmi, evdə-küçədə, oldu-olmadı bu qrafika ilə yazı cəhdləri kortəbii bir etiraz xarakterində idi.

Nəhayət ki, 1992-ci ildə bu qrafika qanunla rəsmiləşdi və 2001-ci ilin yayından artıq məcburi xarakter aldı. Tələm-tələsik həllinə cəhd edilmiş və artıq qeyri-siyasiləşmiş bu məsələnin sırf kulturoloji problemləri indi də qalmaqdadır. İstənilən qrafika tətbiq edildiyi kültür çərçivəsində vacib rol oynadığı üçün bəzi məqamlar üzərində dayanmağa dəyər.

Latın qrafikası kültür məkanı kimi

Son bir neçə əsrdə planetar miqyasda dominant[i] rolunu oynayan hazırkı Avropa Qədim Yunanıstanla Roma imperiyasının varisidir və latın qrafikası da onlara – Qərbi Roma İmperiyasının təsiri altında formalaşmış german-roman sivilizasiyasına[ii] aid olan bir mədəniyyətin tərkib hissəsidir.

Qədim zamanlardan kahinlər və kilsə ilə sıx bağlı olan yazı mədəniyyəti, Avropanın o zamankı “barbar” tayfalarına, Roma imperiyasının onları fəthindən və dağılmasından sonra, əsasən xristian dininin yayılması nəticəsində gəlib çıxmışdı. Bu tayfalardan yəni qotlardan, qallardan, sakslardan (həmçinin hunlardan, slavlardan və s.) formalaşacaq yeni millətlər (almanlar, fransızlar, ingilislər və başqaları) təbii olaraq latın qrafikasında öz yazı transkripsiyalarını yaratdılar, məs: ş kimi tələffüz etdiyimiz hərf – ingiliscə sh, almanca sch, fransızca ch, italyanca sc, polyakca sz, çex dilində š kimi yazılır. Almancada hallanma zamanı a, ou hərflərinin Umlaut[iii] qəbul etdiyi zaman iki nöqtə yerinə həmçinin bu hərflərdən sonra sadəcə e hərfi qoyula bilər: ä=ae, ö=oe, ü=ue. Beləliklə iki nöqtə tətbiq edilməyən latın qrafikalı başqa dillər üçün transkripsiya problemi yaranmır. Yəni, latın qrafikasının bu xalqların yazı mədəniyyətində özünün min illərlə oturuşmuş bir ənənəsi var.

Bu sahədə bir çox mürəkkəbliklər və problemlər “köklü” olaraq latın qrafikasından istifadə edən xalqlarda bu günə qədər də qalmaqdadır və bu sahədə zaman-zaman keçirilən islahat cəhdləri hətta indiyədək davam etdirilir.[iv] Bu anlamda bizdə yazı qrafikasının dəyişilməsinin mədəniyyətimizdə və cəmiyyətimizin gələcək inkişafında nə qədər dərin bir iz qoyacağının fərqinə varılmayıb.

Misal üçün, əgər hər hansı bir dildə ərəb qrafikası istifadə edilirsə, bu həmin dillərə həm leksik, həm qrammatik, bəzi məsələlərdə hətta fonetik baxımdan şübhəsiz ki, dərin təsirini göstərəcəkdir, çünki bu zaman saitlər istifadə edilməyəcək, təbii olaraq ərəb dilinin bir çox qrammatik qaydaları, bundan başqa o dildən bir çox terminlər həmin dilə keçəcək və s.  Tutalım hansısa dildə heroqliflər istifadə edilirsə, bu artıq tamam başqa bir dünyagörüşünün aynası olacaqdır.

Azərbaycan dilində uzun illər ərəb qrafikası istifadə edildiyi üçün həmin dövrə uyğun qrammatik normalar vardı. Kiril əlifbası məkanı da eynilə belədir – 1940-ci ildə Azərbaycanda tətbiqinə keçən zaman bu yazıya uyğun qrammatik normalar işlənib hazırlandı.

Romalıların Qobustana qədər gəlib çıxmış məşhur XII Fulminata (İldırım sürətli) legionu tərəfindən oradakı daş abidədə latınca oyulmuş yazının bizim tariximiz və mədəniyyətimizə aidiyyatı latın qrafikasının bizə nə qədər aidiyyatı ola biləcək qədər müəmmalı bir sualdır. Bu cür böyük mədəni sıçrayışın gətirə biləcəyi nəticələr cəmiyyətimiz tərəfindən tam dərk edilməmış və tətbiq ediləcəyi zaman zəruri olan konseptual yanaşma hazırlanmamışdı.

Kiril əlifbasının kabusu

Yazı qrafikasının dəyişilməsi mədəniyyətdən savayı ilk öncə etnosun sivilizasiya və kültür mənsubiyyətinin, eyni zamanda uzun zamanlar daşıdığı və qəbul etdiyi ideologiyanın, əsas inkişaf istiqamətlərinin və bununla yanaşı hansı geosiyasi məkana, nüfuz dairəsinə aid olduğunun təsdiqidir. Biz avropalı olmaq istəyir və gələcək perspektivlərimizi bu sivilizasiya məkanında görürdük. Hətta çox zaman uduzaraq bizi məyus edən futbol komandalarımız da bu məkanda oynayır. Hərçənd ki, bu oyundakı vəziyyətimiz yazı qrafikasındakından daha məqbuldur: çox zaman xokkey oyununa daha müqabil olacaq hesablarla uduzsaq da, hər halda bu oyunun bizim deyil, başqalarının ixtirasının olduğunun fərqindəyik və bu oyunun heç olmazsa qaydalarına riayət etməkdəyik. Məsələn, bu oyunda əl ilə oynanılmır, oyundankənar vəziyyət (offside) var, cərimə zərbəsi 11 metrdən vurulur və s.

Yazı qrafikasında isə artıq bərpasına ilk cəhdlərimizdən 30 ildən çox bir zaman keçməsinə baxmayaraq indiyədək kiril əlifbasının mental dairəsindən və yazı qaydalarından ayrılmamışıq,[v] buna hətta dərin və köklü-konseptual bir cəhd də edilməyib.

Latın qrafikalı dillərdə istifadə edilən bir çox sadə ümumiləşmələr, məs: Jazz, Taxi, Sex,[vi] DVD, WC, VIP, Web, URL və s. bu tipli sözlər latın qrafikalı dillərdə artıq tərcümə edilmir, belə kəlmələr latın əlifbası işlənən ölkələrdə artıq sadəcə məna bildirən, tərcümədənkənar heroqlif (o cümlədən məşhur ticarət markaları, loqolar, məs.: BMW, Mercedes, Coca-Cola, SONY, Peugeot və s.), hətta mixi yazı xarakteri almışdır və yalnız bü cür də işlənir.[vii]

Latın əlifbası istifadə edilən demək olar ki, bütün dil və ölkələrdə (o cümlədən Türkiyədə) şəxslərin ismi və soyadı dəyişdirilmədən yazılır, biz isə bütün insanların və hətta tarixi şəxsiyyətlərin adını yenə də kiril əlifbası sistemindən istifadə edərək eşitdiyimiz kimi, qeyri-məntiqi şəkildə yazırıq (məs: I.S.Bach yerinə İ.S.Bax,[viii] Freud yerinə Freyd, Zweig yerinə Sveyq, adı bütün dünyada Homeros kimi səslənən şairin kiril məkanından götürülmüş Homer, Hercules yerinə Herakl, Goethe yerinə Höte, yaxud Heine yerinə Heyne və s.) ki, nəticədə bu total savadsızlığa, fonetik və qrammatik qeyri-dəqiqliyə gətirib çıxarır.[ix]

Yazımızda başqa bir mənasız məsələ isə hətta latın dilindəki bəzi deyimlərin belə orijinalda olmayıb, “özümüzünküləşdirmə” cəhdimizdi, məs., Kazus belli (Casus belli), Karpe Diem (Carpe Diem) və s.

Bundan başqa latın qrafikası ilə toponimlərin yazılışı dəqiqləşdirilməlidir. Buna qida rasionumuza artıq sıx daxil olmuş və Bakı küçələrində dönərlə bərabər satılan hamburger də (hərçənd ki, satıcılar əksər halda kiril “qamburger”, və hətta “gamburger” kimi yazırlar) daxildir.[x]

Habelə bütün latın əlifbalı dillərdə söz ortasında işlədilən – ‘ (apostrof) işarəsinin hansı səbəblər ucundan ləğv edildiyini də anlamaq qeyri-mümkündür. Bir çox sözlərin dəqiq ifadəsi üçün bu işarə zəruri idi – məs.: mə’na, şe’r, ən’ənə, e’lan və s. Bundan başqa yuxarıda qeyd edildiyi kimi, səxs adlarını orijinalında olduğu kimi yazarkən, dilimizdəki isimlərin hallanması bunu mütləq tələb edəcəkdir. (məs.: George Bush’un siyasəti və ya J. W. Goethe’nin yaradıcılığı və s.).

Yuxarıda gətirilmiş bütün qeydlərin, “dilimizin milli xüsusiyyətləri” kimi dəlillərlə təkzib edilməsindən öncə, latın əlifbasının tərəfimizdən qəbulundan öncəki tətbiqinin neçə min il yaşı olduğu bir də düşünülməlidir. Gətirilmiş dəlillər heç də dilimizin xüsusiyyətləri olmayıb, məhz kiril əlifbasının xüsusiyyətləridir. Kiril əlfbasının kabusu indiyədək yazımızda dolaşmaqdadır.[xi]

Əlifba müharibələri

Keçmiş Sovet İttifaqı ölkələrindən kirildən latın qrafikasına keçidi ilk dəfə Moldova, Azərbaycan, Türkmənistan və Özbəkistan elan etdilər. Rusiya daxilində isə bu məsələ ilk dəfə Prezident Dudayevin zamanında İçkeriya-Çeçenistanda, sonra isə Tatarıstanda qaldırıldı.

Bu əlifba müharibələrinin nəticələri məlumdur – sonda, 2005-ci ilin yanvarında Rusiyanın Konstitusiya məhkəməsi Tatarıstana bu məsələdə etiraz edərək ölkənin “vahid əlifba məkanı”nın pozulmasının yolverilməz olduğunu göstərərək, bu problemin istənilən halda ilk öncə siyasi, daha sonra isə mədəni və s. xarakter daşıdığını bir daha sübuta yetirdi.

Lakin bu proses zamanı ən ciddi faktorlardan biri də psixoloji amildir. Yaponiya və Çində bir neçə dəfə latınlaşma problemi qaldırılaraq müzakirə edilmişdi,[xii] lakin heroqliflərdən imtina hər şeydən əvvəl psixoloji səbəblərdən qeyri-mümkündür.

Dünya tarixində hələ yapon, çin və ya rus dili qədər zəngin bir ədəbiyyata malik dillərin əlifbasının dəyişməsinə misal ola biləcək bir hadisə baş verməmişdir. Bəzi ölkələr isə bu işdə hətta sadəcə maddi problemlərlə üzləşirlər, məs., keçən əsrin 70-ci illərində məcburən kiril əlifbasına keçməyə sürüklənmiş Monqolustan,[xiii] sonradan qədim monqol yazısına keçid elan etsə də, bu mümkün olmadı – belə bahalı bir layihə zəngin bizlərə nisbətən, kasıb dövlət üçün imkansız idi.

Yazı qrafikasının dəyişilməsi qlobal sivilizasion layihə kimi

Əlbəttə ki, ümumi olaraq hər hansı bir mədəniyyətdə yazı qrafikasının dəyişilməsi hansısa qlobal sivilizasion layihə ilə bağlı olur, tutalım, Kəmalist Türkiyənin 1928-ci ildə latın əlifbasına keçidi şəriət məhkəmələrinin, mədrəsə təhsilinin, hicri təqviminin ləğvi (və hətta fəs gəzdirməyin belə qadağası) ilə bərabər faktiki olaraq Osmanlı sultanlığının son olaraq məhvi, türklərin isə o zamankı dövrün tələblərinə uyğun yeni, dünyəvi bir dövlət layihəsinə imzalarının rəmzi və təsdiqi idi.

Zamanın tələbinə uyğun bu modernləşmə prosesi bir labüdlük, zəruri olan yeniləşmə idi, əks təqdirdə bu dövlətin mövcudluğu belə şübhə altına alınırdı. Lakin bu zaman bir çox aspektləri də nəzərdən qaçırmaq olmaz, əvvəla Osmanlı türklərinin Avropa ilə istənilən formatdakı dərin təmaslarının[xiv] yaşı 6-ci yüzilliyi haqlamışdı və bu imperiyanın Avropaya bütün formalarda olan təsiri kimi, ona da Qərbdən edilən əks-təsirlər tamamilə təbii idi. Sırf bu cəhətdən onların latın qrafikasına keçidi haradasa əsaslandırılmış olmasa da, tamamilə qeyri-təbii görünmür.

Bundan başqa yazı qrafikası dəyişilən zaman o dövr Türkiyə əhalisinin demək olar ki, 90%-dən çoxu savadsız idi (bizdəki 1992-ci ildəki vəziyyətin tamamilə əksinə olaraq) və bu faktor da ağrılı prosesi xeyli sadələşdirirdi. Şübhəsiz ki, indiki zaman çərçivəsindən kifayət qədər skeptik görünən “État-nation”[xv] layihəsi o zaman tamamilə süquta uğramış Osmanlı xaricində və daxilində yaranmış kollaps durumundan çıxış üçün ən optimal bir model idi.

Doğrudur, elə bu zamanlar Rusiyada da bu yolun tərəfdarları var idi, lakin tamamilə başqa səbəblərdən – burada həqiqətən də əsassız olmayaraq tezliklə “dünya inqilabı” gözlənilirdi[xvi] və yaranacaq global ümumdünya dilinin əlifbası yalnız latın şrifti ola bilərdi. Ümumiyyətlə bolşeviklərin bütün məsələlərdə olduğu kimi dil sahəsində də ozünəməxsus fikirləri var idi – XX əsrin 20-30-cu illərində hesab edilirdi ki, SSRİ-də yaşayan bütün kiçik xalqların yazı mədəniyyəti mütləq olmalıdır. Bu xalqların bəzilərində yazı mədəniyyəti heç zaman olmamış, bəzilərinin qrafikası isə “mürtəce” idi – ərəb, yaxud qədim monqol yazısı və s.

Beləliklə 1923-cü ildən 1939-cu ilə qədər 50-dək yeni əlifba yaradıldı,[xvii] 1930-cu ilin yanvarında isə rus dilinin latınlaşdırılması layihəsi artıq tam hazır idi.[xviii] Bu layihəni hətta sovetlərin o zamankı başlıca ideoloqu A. Lunaçarski çox bəyənərək Leninin də latın əlifbasının sözsüz tərəfdarı olduğunu xatırlatmışdı.

Lakin bu dövrdə kiril əlifbasının dəyişilməsi əleyhinə çox güclü bir faktor vardı, bu ideologiya idi – Stalin məhz bu dövrdən başlayaraq “dünya inqilabı” konsepsiyasından imtina etmiş və “ayrıca götürülmüş ölkədə sosializm qurulması” modelinə üstünlük vermişdi. Bu səbəbdən bolşeviklərin bir çox inqilabi açılımlarından vaz keçilmiş və keçən əsrin 30-ci illərində SSRİ artıq tamamilə qapalı bir ortodoksal imperiyaya çevrilməkdə idi. Dövlət siyasətinin belə kəskin sıçrayışı nəticəsində 1937-41-ci illər ərzində bir neçə dil (gürcü, erməni, alman, idiş, sonra isə baltikyanı ölkələrin dilləri və s.) istisna edilməklə, bütün SSRİ xalqları dillərinin qrafikası kiril əlifbasına çevrildi və beləliklə imperiyanın “vahid əlifba məkanı” təmin edilmiş oldu. Bununla da Stalin əlifbanın ideoloji bir silah olduğunu bir daha təsdiq etdi.

Görəsən müstəbidin heç ağlına gələrdimi ki, bu silahdan ilk öncə onun imperiyasını xarabazara çevirənlər istifadə edəcək? Bəlkə də yox, amma istənilən halda latın qrafikasının dilimizdə hazırkı əcaib istifadəsi özlüyündə həmin tarixi-kültür ballastı daşımaqdadır və yuxarıda qeyd etdiyimiz kimi kiril əlifbasının kültür məkanında qalmaqda davam edir.

İstinadlar və şərhlər

[i] Burada bir çox aspektlər nəzərdə tutulur: hərbi-siyasi, elmi-texniki, mədəni və s.

[ii] Bu anlayışa (sırf etnik cəhətdən fərqli olsalar da) finlər, macarlar və qərbi slavlar (polyak, çex, slovak, xorvat, sloven və s.) da aid edilə bilər.

[iii] Umlaut (alman) — saitlərin dəyişməsi, burada hallanmanın nəticəsi kimi, saitin iki nöqtə qəbulu kimi başa düşülür: ä, ö, ü.

[iv] 26 simvoldan ibarət olan ingiliscənin çox dolaşıq olan transkripsiyası məşhur yazıçı Bernard Şounu qətiyyən qane etmədiyinə görə o ingilis dilinin yeni əlifbasının hazırlamasına 25000 funt vəsiyyət etmişdi. 1962-ci ildə bu iş artıq başa çatmışdı və 48 səsdən ibarət olan əlifba ingilis dilinin fonetikasına ideal olaraq uyğun gəlirdi, amma ənənəvidən o qədər fərqlənibmiş ki, onun real həyatda tətbiqi qeyri-mümkün sayılır.

[v] Burada başqa latın qrafikalı əlifbalara nisbətdə müxtəlif çeşidli problemlər – xüsusilə x və q hərflərinin qeyri-adekvat istifadəsi, həmçinin ə kimi latın əlifbalı başqa dillərdə analoqu olmayan hərfin düşünülmədən qəbulu və başqaları nəzərdə tutulur.

[vi] Lap bu yaxınlara kimi şəhərimizdə məzəli elanlar qalmaqda idi – dülgər sexi, taxta sexi, şüşə sexi və s.

[vii] Bunların içərisində ən biabırçısı isə UNESCO adlanan beynəlxalaq təşkilatın isminin indiyə kimi həm dövlət müəssisələri, həm də QHT-lər tərəfindən YUNESKO kimi yazılması bu sahədəki savadsızlığın bariz nümunəsidir. Dilimizə Birləşmiş Millətlərin Beynəlxalq Təhsil, Elm və Mədəniyyət Təşkilatı kimi tərcümə olunan bu beynəlxalq təşkilatın ismi ya olduğu kimi – UNESCO (ən optimal variant da elə budur, bütün latın qrafikalı dillərdə yazıldığı kimi), ya da öz dilimizə tərcümədə abreviatura kimi yazılmalıdır. Bütün başqa abreviaturalar (ISESCO və b.) haqqında da eynisini demək olar.

[viii]  Konkret bu halda ən məntiqsizi odur ki, məhz bu adda çox da tanınmamış bir ingilis bəstəkarı, Arnold Bax (1883- 1953)  var.

[ix]  Bəzi istisnalar mövcuddur, məs., XX əsrin 80-ci illərində Çexoslovakiyaya səfər etmiş İngiltərənin o zamankı baş naziri Margaret Thatcher’in isminin çexsayağı Malgorzata Thatcherova yazılması səbəbindən qalmaqal qopmuşdu.

[x]  İşin bu tərəfində də bir çox problemlər mövcuddur. Misal üçün, bəzi şəhər adlarının yazılışı – tutalım, amerikalıların və ingilislərin New York, polyakların Nowy Jork, rusların Нью-Йорк, başqalarının (o cümlədən Türkiyədə) isə orijinalda olduğu kimi yazdığı bu şəhəri bizim (yenə də kiril məkanından götürülmüş) Nyu York kimi yazmağımız bir qədər məntiqsiz görünür.

[xi] Xatirinizdədirsə mətnlərin kompüterdə çapı zamanı Microsoft XP 2002 proqramına qədər normal unifikasiya edilmiş şriftlərimiz belə yox idi, məlum olduğu kimi bu zamana qədər mövcud olan Azərbaycan şriftləri standart Microsoft Office paketinə daxil olmayaraq xüsusi olaraq yüklənir, şriftimiz latın əlifbası olmasına rəğmən RU (kiril əlifbası) kodunda yığılırdı – nə qədər absurd olsa da bu belədir, bütün proqramçılar və başqaları rusdilli olduğu üçün. İstənilən halda tam əminliklə demək olar – kiril əlfbasının kabusu bu günlərədək və ən müasir texnologiyalarda belə üzərimizdə dolaşmaqdadır.

[xii] Romaji (yap. – Roma yazısı) sistemi xaricilərin oxuması üçün yapon dilinin transliterasiyası kimi yaradılması çox uzun bir müddəti əhatə edir, lakin bu dilin özü üçün deyil, yalnız xaricilərin oxuya bilməsi üçün edilmişdi.

[xiii] 2002-ci ildə Qobi səhrasında beynəlxalq festivalın iştirakçısı olduğum zaman bu əlifbanın, xüsusilə insanlarını çox bəyəndiyim bu orijinal ölkəni nə qədər gülünc etməsinin canlı şahidiyəm.

[xiv] İstənilən sferada, məs., elə müharibələr — nəzərdən qaçırmaq olmaz ki, Avropanın göbəyindəki Vyananın Osmanlı tərəfindən son mühasirəsi vur-tut 1683-cü ildə baş vermişdi və o zaman Osmanlıların sərhəddi oranın cəmi bir neçə kilometrliyindən keçirdi. Əgər Avropa Osmanlıdan o zamanın döyüş taktikalarını, qəhvə mədəniyyəti və zərb alətlərini asanlıqla idxal edə bilirdisə, təbii olaraq bunun əksi də baş verirdi.

[xv] État-nation (fr.) — dövlət-millət, burada ənənəvi olaraq formalaşmış mərkəzçi tipli Avropa dövlətləri modeli nəzərdə tutulur, məs: Fransa, İtaliya, Almaniya və s.

[xvi] Bolşevik rəhbərliyinin daxili çəkişmələrinin nəticəsi kimi 1920-ci ilin payızında Qızıl Ordunun Varşava altındakı döyüşlərdə marşal Pilsudskiyə gözlənilməz məğlubiyyəti bu planlara son zərbəni vurdu, əks halda Avropaya yol almanların darmadağın edilmış Kayzer İmperiyasının (II Reich) viranələrində sosial-demokratlar tərəfindən tələm-tələsik yaradılmış Veymar Respublikası üzərindən tamamilə açıq idi.

[xvii] Bildiyimiz kimi, sonralar bütün bu dillər yenidən kiril əlifbasına keçirildi.

[xviii] Layihənin rəhbəri prof. Nikolay Feofanoviç Yakovlev olan elmi qrup biri-birindən o qədər də fərqlənməyən üç alternativ variant təqdim etmişdi.

Elmir Mirzəyevin “Argumentum ad ignorantiam” məqaləsinə cavab