Həm postsovet məkanında, həm də qlobal miqyasda müsəlmanların “radikallaşması” ilə bağlı çoxlu ictimai müzakirələr yaranıb. Son illərdə radikallaşma haqqında olan söhbətlər öz verdiyi mesaja haqq qazandırmaq üçün iki əsas tendensiyaya işarə etməyə meyillənib: birincisi, İslam daxilində məzhəb bölünməsinin və məzhəblərarası zorakılığın artması və müəyyən islamçı qrupların fəaliyyət göstərdikləri ölkələrin hökumətlərinə qarşı militarist mövqeyi; və ikincisi, İŞİD (İraq Şam İslam Dövləti)-in həm Qərb dünyasında, həm də postsovet məkanı da daxil olmaqla əhalisinin əksəriyyətinin müsəlman olduğu yerlərdən müsəlmanları özünə müvəffəqiyyətlə cəlb etməsi. İslam dinini radikalizm və zorakılıq ilə əlaqələndirən İslamla bağlı müasir elit diskursun çox hissəsi açıq şəkildə qüsurludur və aydın görünür ki, elitin siyasi agendasına (bu agenda Qərbdən Şərqə doğru fərqlənir) xidmət etmək məqsədi ilə qurulduğu halda,[1] hətta kimsə İŞİD-in özünün (kobud reallıq və konsept kimi) Qərbdəki müəyyən güclər tərəfindən yönləndirildiyi və buna görə də İŞİD liderlərinin – (ən azı erkən dövrdə) Əl-Qaidə keysindən fərqli olmayaraq – Qərb maraqlarına xidmət etdikləri fikrini qəbul etsə də, yenə də ən azından, İŞİD-in özünə müsəlmanları cəlb etməsindəki uğurundan da göründüyü kimi bəzi məhdud radikallaşmanın işarələri mövcuddur.

Azərbaycan kontekstində, mövcud rejimi açıq şəkildə tənqid edən daha geniş Sələfi icmasının tərkibindəki bəzi kiçik qruplar zorakılığı özlərinin siyasi mübarizəsində prinsipial taktika kimi qəbul ediblər: bu reallıq isə geniş ictimaiyyətin gözündə İslam dininin barbarlıq, radikalizm və zorakılıqla əlaqəsini gücləndirməyə xidmət edib. Əsas Sələfi icması tərəfindən “Xəvaric” (ərəbcə “xaric edilmiş”) adlandırılan, şimal regionlarında, o cümlədən də Sumqayıt şəhərində toplanmış bu qrup hazırkı rejimin legitimliyini tanımır və buna görə də Sələfilərin böyük əksəriyyətindən fərqli olaraq “mövcud hökumətə qarşı qiyam etməyi və özləri kimi davranmayan bütün müsəlmanları kafir” adlandırmağı uyğun görür.[2] Azərbaycandakı Sələfi icmasının uzunmüddətli lideri Qamət Süleymanova görə, onlar (xəvariclər) “Müsəlman ümmətinə bağlıdırlar, amma ona qarşı üsyan edirlər.”[3]

İŞİD-in yaranması ilə Qamət Suleymanov kimi mötədillərin birmənalı və çox güclü müxalifətinə baxmayaraq, Azərbaycanın Sələfi icmasının yüzlərlə üzvü (xüsusilə də Sumqayıt və Zaqataladan) Suriya və İraqdakı İŞİD-in cihadçı qüvvələrinə qoşulmaq üçün 2013-cü ildə ölkəni tərk etdi: bu reallıq ilə də Azərbaycanın yerli təhlükəsizliyi üçün İslamın təhlükəli olması fikrinə (və buna görə də əhalinin əksəriyyətinin gözündə İslamın mənfi təmsilinə) bir səbəb daha əlavə edilmiş oldu. 2016-cı ildə Azərbaycandan İŞİD-ə qoşulanların sayının min nəfərə çatması iddiaları ilə belə bir narahatlıq var idi ki, Azərbaycana qayıdandan sonra “silah mənbələrinə, terror qruplaşmalarına çıxış əldə etmiş, döyüş təcrübəsinə yiyələnmiş [bu insanlar] … real təhlükəyə çevriləcəklər.”[4] Bu, müsəlman vətəndaşları İŞİD-ə qoşulmuş və ya digər radikal qruplara qoşulması üçün uğurla manipulyasiya edilmiş bütün ölkələrə təsir edən qlobal reallıqdır.

Hazırkı isteriyanın böyük hissəsinin göründüyü qədəri ilə özlərinin müvafiq sahələrində elitin siyasi agendasının legitimləşdirilməsinə kömək edən islamofobiyanın daha da güclənməsinə yönəlmiş Qərb və postsovet sekulyar mediasının məhsulu olsa da[5], xüsusilə İŞİD-in dindar müsəlmanları öz tərəfinə cəlb etməkdəki uğuru timsalında mövcud olan fərdi radikal ifadə halları diqqət tələb edən dərin reallıqların üstünün açılması üçün nəzərə alınmalıdır; bu reallıqlar Qərb (və Qərbə bənzər) modernizminin ideoloji yüklənmiş şəraitində müsəlman icmasının üzvlərinin özlərinin daha yaxşı versiyasını qəbul etməsinə bu vaxta qədər mane olmuşdu. “Müsəlman ekstremizmi” haqqında istənilən araşdırmanın birinci mövzusu İŞİD kimi təşkilatların özünə adam cəlb etməkdəki uğurunun səbəblərinin analizi olmalıdır, çünki məzhəbdaxili gərginlik və zorakılıq, təşkilatların öz hökumətlərinə qarşı militarist mövqeyi də daxil olmaqla iddia edilən radikallaşmanın digər formaları böyük ölçüdə (çox sayda müsəlmanın bir neçə mövcud ekstremist təşkilatın onlayn və ya sahə təcrübəsində olarkən qarşılaşdığı təbliğat maşınına aldanması ilə) bu sonuncu reallıqdan qaynaqlanır.

Bəs son bir neçə il ərzində müsəlmanları İŞİD kimi təşkilatlara qoşulmağa nə vadar etdi? Radikalizm iddialarının güclənməsinə gətirib çıxaran bu fenomenin əsas səbəbləri nələrdir? Qərbdəki və postsovet məkanındakı müsəlmanların vəziyyətinin bir sıra səviyyələrdə fərqlənməsinə baxmayaraq, onların hamısı bəzi ümumi xüsusiyyətləri bölüşürlər.

Şərq Kontekstində Dövlət Avtoritarizmi

İstər postsovet məkanında, istər Yaxın Şərqdə, istərsə də ümumilikdə Avrasiyada əhalisinin əksəriyyətinin müsəlman olduğu ölkələr üçün sadə bir izah var. Dünyanın bu hissəsində həm ümumi əhaliyə, həm də dindar müsəlman əhaliyə qarşı yönəlmiş dövlət təzyiqinin səviyyəsi kiçik dəyişiklik ehtimalları vəd edən istənilən boşluğun meydana gəlməsi üçün əlverişli şərait yaradır. Təəssüf ki, bu növ boşluqları dolduranlardan biri də İŞİD kimi təşkilatlardır.[6]

Qərb Kontekstində Simvolik Zorakılıq və İrqçilik

Bir çox Qərb ölkələrindəki müsəlmanları İŞİD-ə qoşulmağa vadar edən əsas vəziyyət bir sıra yöndən müsəlman Şərqindəki avtoritar vəziyyəti xatırladır. Burada birinci nəsil immiqrantlara və dini və etnik fərqliliklər əsasında ayrı-seçkilik və mədəni qərəzliliyə məruz qalan “Özgə” kimi sinifləşdirilənlərə qarşı olan irqçilik dərəcəsi sürətlə heç vaxt görülməmiş səviyyəyə qalxdı; bu reallıq son illərdə Yaxın Şərqdən Avropaya köçmüş müsəlmanlara qarşı olan münasibətdə və Trampın prezident seçilməsindən sonra ABŞ-dakı islamofobiyanın şiddətlənməsi timsalında daha aydın görünür. Şərq kontekstində müsəlmanların məruz qaldığı təzyiqlərlə oxşar səviyyədəki struktural vəziyyət təşkil edən Qərbdəki irqçiliyin dinamikası Qərbdəki müsəlmanların da İŞİD-in təqdim etdiyi saxta fürsəti oxşar şəkildə müsbət qarşılamaqlarına səbəb oldu.[7]

Həqiqətən də hazırda Qərbdə müsəlman icmalarının üzləşdiyi – həm Qərb mediası tərəfindən şiddətlə təbliğ edilən, həm də siyasətçilərin həvəslə gündəmdə saxladığı – əsas hekayə budur ki, müsəlmanlar kimisə öldürəndə, bu həmişə “nifrət cinayəti” və terrorizmdir; amma müsəlmanlar qətlə yetiriləndə, bu “parkinq yeri üstündə düşmüş mübahisənin nəticəsidir.”[8] Və xristianlar hətta geniş miqyasda belə olsa cinayət planlaşdıranda (və ya cinayət törədəndə) onlar qətiyyən nə terroristdirlər, nə də “mədəni motivlidirlər;” bunun əvəzində onlar “adam öldürməkdən əl çəkə bilməyən”, təcrid olunub “cəmiyyətə uyuşmayan qatillərdir.”[9] Yəni, bütün dünyadakı cinayətkarlar və qatillər tibbi yardıma ehtiyac duyan əqli qüsurlu, cəmiyyətdən təcrid olunmuş insanlardır (“yalquzaqlar”). Amma əgər müsəlmandırlarsa, o zaman onlar beynəlxalq səviyyəli terroristlərdir, ya da siyasi bağları olan azadlıq düşmənləridirlər.[10]

Ümumilikdə, içərisində müsəlman olan hər şeyə qarşı artan mənfi ictimai rəy reallığı ilə yaşamağı öyrənmək məcburiyyətində qalması Qərbdəki müsəlmanların öz aralarında radikalizmin və dözümsüzlüyün artmasının başlıca səbəbidir. Və bu mənfi rəyin görməzdən gəlinməsi dəhşətlidir. Londonda Mərkəzi Asiya ilə bağlı seminarın başlanmasından əvvəl Londonun region üzrə məşhur alimlərindən biri ilə çay müzakirəsində o, həvəslə iddia etməyə başladı ki, “Böyük Britaniyadakı məscidlərin əksəriyyəti bağlanmalı, ya da ən azından ciddi müşahidə altında olmalıdır, çünki Britaniyanın əslində sekulyar olan kontekstində radikalizm və dözümsüzlüyü bəsləyən məhz həmin məscidlərdir”. Dərhal reaksiyam “səhvdir” oldu, çünki doğru olan bunun əksidir. Qərbin sekulyar kontekstində müsəlman icmalarının, ələlxüsus da yeni immiqrantların olduğu icmaların getdikcə daha da sıx üzləşdikləri mənfi ictimai rəy və medianın mənfi təqdimatı şəraitində müsəlmanlar məhz məscidlərdə sosial rahatlıq tapırlar. Onlar məscidlərdə özləri kimi düşünən inanclı insanlardan ibarət icma tapırlar və bu, onları dözümsüzlük və radikalizmdən uzaq tutur.[11]

İslama və ümumilikdə dinə qarşı olan mənfi münasibət getdikcə Qərb elmi ədəbiyyatında da özünü biruzə verir. Məsələn, bu yaxınlarda Çikaqo Universitetində aparılmış beynəlxalq bir araşdırma belə bir “nəticəyə” gəlir ki, dindar ailələrdəki uşaqlar – buna görə də dindar tərbiyə almış uşaqlar – sekulyar ailələrdəki uşaqlarla müqayisədə daha “aqressiv” olmağa meyillidirlər və daha “radikal” fikirlərə sahib olurlar; bu bəyanat göründüyü kimi bir çox sekulyaristin özünün din (və xüsusilə də İslam) haqqında dinin və dindarlığın daxilən pis və arzuedilməz fenomen olmasına dair əvvəlcədən qəbul etdikləri fikirlərə “elmi” don geyindirmək məqsədilə hazırlanıb. Məqalənin müəllifləri həmçinin “dindar ailələrdəki uşaqların həmyaşıdlarına nisbətdə daha mehriban və altruistik böyüdükləri ilə bağlı kök salmış düşüncəni” də qınayıb qeyd edirlər ki, “onların öz eksperimentlərində ateist və dindar olmayan valideynlərin uşaqlarının daha səxavətli olduqları müşahidə edilib.”[12]

Müsəlman Ailəsi Kontekstində Patriarxiya və Təzyiq

Qərbdən və ya Şərqdən gəlməsindən asılı olmayaraq bəzi (əslində, bir çox) müsəlmanlar üçün İŞİD kimi təşkilatlara qoşulmaq avtoritar və patriarxal mədəniyyətin dominant olmağa davam etdiyi evin boğucu reallıqlarından çarəsizcəsinə qaçmaq cəhdidir. Həqiqətən də bugünkü müsəlman mövcudluğunun reallığını dəstəkləyən repressiv ailə quruluşu dindar müsəlman fərdlərin onlara potensial qaçış təklif edən istənilən qrupa meyl etməsində əhəmiyyətli rol oynayıb. Xüsusilə də müsəlman Şərqində bir gənc insanın həyatı həm ailənin, həm də dövlətin boğucu avtoritarizmi və patriarxallığından mütəmadi olaraq qaçmaq cəhdlərindən ibarət olur; cəhalətin və ümidsizliyin struktural reallığı ilə şərtlənmiş bu cəhdlər bir çoxlarının İŞİD kimi təşkilatların əlinə düşməsinə səbəb olub. Buna görə də rəhbərlik etməli olan yaşlılardakı daima yenidən istehsal edilən zəiflik kompleksi (patriarxiyanın kök salmasının arxasındakı başlıca səbəb) cəmiyyəti uçurumun kandarına çəkdi, onu ölümcül bir döyüşdə ağılsız piyadaya və manipulyasiya üçün asan qənimətə çevirdi.[13]

İnanclılar Arasında İnanc Ənənəsinin Geniş Yayılmış Cəhaləti

Nəhayət, bəlkə də ən vacib olaraq, Qərb kontekstində və eyni zamanda əksəriyyətin müsəlman olduğu Yaxın Şərqdə dindarlar da daxil olmaqla müsəlmanların öz inanc ənənələri barədə həqiqi biliyə sahib olmaması İŞİD kimi təşkilatları sadəlövhcəsinə qəbul etməklərindən də göründüyü kimi son radikalizm dalğasının arxasındakı mühüm faktor oldu; bu qəbullanma radikallaşmaqdan çox, böyük ölçüdə yanılmağın nəticəsidir. Oliver Roy bunu xüsusi vurğulayaraq iddia edirdi ki, “yeni cihadçıların” bir qrupu öz radikal xasiyyətlərini legitimləşdirmək üçün İslamı seçmiş radikal kütlələrdir;[14] digər qrup isə cihadçı rəhbərliyin saxta çağırışlarına aldanmış səmimi inanclı müsəlmanlardan ibarətdir.

Dini bilik radikallaşmağın və terrorist qruplaşmalara qoşulmağın (və beləliklə də böyük miqyaslı və uzunmüddətli deradikalizasiyanın) qarşısını almaq üçün ən yaxşı məlhəm olsa da, onun təsirləri ilə bağlı yanlış fikirlər geniş yayılmışdır. Azərbaycan kimi postsovet ölkələrində İslamla bağlı əsas qəbul edilmiş düşüncə bu olub ki, Sovet vaxtında olduqca sekulyar olan əhalinin İslamla bağlı həqiqi biliyi olmadığından məzhəblər (şiə-sünni daxil) arası bölünmələr elə də məşhur deyildi; son üç onillikdə isə dini mövzuda məlumatın artması müsəlman icması daxilində məzhəblər arası gərginliyin və dözümsüzlüyün artmasına səbəb oldu və beləliklə də radikallaşmağa gətirib çıxardı. Dini biliklərə yiyələndikdə və dini dərketmənin ən elementar səviyyəsindən irəli getdikdə görürük ki, həqiqət daha mürəkkəbdir; bunu edən, daima maraqlanan bir adamın beynində radikal düşüncələrin və fikirlərin oturuşması üçün heç bir ehtimal qalmır. Belə bir adam heç İŞİD kimi təşkilatlara qoşulmağı da fikirləşməz, çünki onların şər qüvvə olduğunu dərk edər: təkcə ona görə yox ki, o, Peyğəmbərin (s.a.s.)[15] hədislərindən[16] mövzu barədə[17] daha dolğun bilik əldə edər, həm də ona görə ki, o, bilər ki, müsəlmanlar üçün Allaha və Onun Elçisinə (s.a.s.) inandığını iddia edən istənilən şəxsin, yəni inanclı birinin qanı və mülkü digər müsəlmanlar üçün müqəddəsdir.

Quranda (4:93) deyilir ki, “hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah, ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlayar!” Həmçinin əlavə edilir ki, “Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahlanaraq: ‘Sən mömin deyilsən!’ deməyin!” (4:94). Həqiqətən də aydın şəkildə işlənilmiş günah (cinayət) olmadığı halda inanclı və ya inancsız olmasından asılı olmayaraq istənilən insanın qanı İslamda müqəddəs hesab edilir. Quranda deyilir ki, “hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni xilas etsə, o, bütün insanları xilas etmiş kimi olur” (5:32). Nəticədə, təkmil dini biliyi olan heç bir inanclı şəxs fərq qoyulmadan şiələrin və kürdlərin öldürülməsini heç vaxt İslamın əmri kimi qəbul etməz; bu hərəkətləri küfür, ya da ən azından yanlışlıq, çaşqınlıq kimi qəbul edər. Amma belə dərin biliyi olmayan dindar nə qədər imanlı olsa da demək olar ki, qaçınılmaz şəkildə dərhal özünü İŞİD kimi təşkilatların çağırışları, həm də özünün şəxsən nə etməli olması barədə şübhə içində qalacaq. Başqa sözlə desək, belə bir inanclı şəxs asanlıqla ekstremist propaqanda maşınının qurbanı olacaq.

İŞİD-in yenicə yarandığı və dünyadakı müsəlmanların hələ bu təşkilatın həqiqi kimliyi barədə əmin olmadıqları bir vaxtda, əslən pakistanlı olan və Britaniyada doğulmuş ikinci nəsil bir müsəlman ilə nahar vaxtı İŞİD barəsində söhbət etdik. Olduqca savadlı oftalmoloq olan bu mömin şəxs İslamın şərtlərini yerinə yetirməyə yenicə başlamışdı və buna görə də dini biliyi az idi. O, məndən soruşdu ki, “səncə, biz niyə İŞİD-in sıralarına qoşulmaq üçün can atmırıq? Bizə bunu etməyə nə mane olur?” Dərhal qısaca İŞİD-ə qoşulmaq ehtiyacı duymadığımı desəm də o, öz “hərəkətsizliyini” müxtəlif arqumentlərlə əsaslandırmağa çalışıb dedi ki, “bir ölkə olaraq Britaniya ona keyfiyyətli təhsil də daxil olmaqla hər şey verib və İŞİD-ə qoşulmaq vətənə xəyanət olardı.” Baxmayaraq ki, əsas media orqanları bizə İŞİD-ə qoşulanların hamısının savadsız, tənha radikallar olduğunu təlqin edir, dini ənənəsinə yenicə səyahətə çıxmış bu şəxs İŞİD-in nəyi təmsil etdiyi və özünün şəxsən İŞİD-in çağırışına cavab verib onun sıralarına qoşulub-qoşulmamaq qərarı alması barədə şübhə içində idi.

Həmçinin dünyanın hər yerindən qabaqcıl İslam alimlərinin birləşərək öz hərəkətləri ilə bütün islami qaydaları pozduğu üçün İŞİD-i pisləyən və bütün müsəlmanları bu qüvvədən uzaq durmağa çağıran birgə bəyanat ilə çıxış etməklərini də xatırlayıram. Bir məşhur müsəlman alimin İŞİD-in şər qüvvə olmasına dair fikirləri ilə birgə yuxarıdakı bəyanatı Facebook hesabımda paylaşmışdım. Azərbaycanlı dostlarımdan biri dərhal şərh bildirərək, mənə təşəkkürünü bildirib əlavə etdi ki, paylaşdığım bu məlumat ona “kömək” etdi – yəni bu informasiya İŞİD fenomeninə necə münasibət bəsləməli olması ilə bağlı qərar qəbul etməsində ona yardımçı oldu. ABŞ universitetlərindən birindən doktorluq dərəcəsi olan yüksək təhsili, uğurlu karyerası və xoşbəxt ailəsi olan biri olmasına baxmayaraq, aydındır ki yeni yarandığı dövrdə İŞİD-lə bağlı sualları var idi.

Dini Cahilliyin Təşviqi və Dəstəklənməsində Elitin İşbirliyi: Şərq Konteksti

Bu reallıqların nəzdində məntiqli olaraq belə bir nəticəyə gəlmək olar ki, “radikallaşmağa” qarşı ən yaxşı vasitə müsəlmanların öz inanc ənənələri barədə biliyini artırmağa yönəldilmiş dini cahilliyə qarşı mübarizədir. Həqiqətdə tam əksi baş verir: qlobal müsəlman icması dramatik bilik böhranı içindədir. Bu böhranı isə avtoritar rejimlərin iqtidarda olduğu, əhalisinin əksəriyyəti müsəlman olan Şərq ölkələrinin (xüsusilə də postsovet məkanının) milli hökumətlərinin qəbul etdiyi məhdudlaşdırıcı tədbirlər daha da dərinləşdirir. Bu hökumətlər modernliyi özlərini legitimləşdirən inanc kimi qəbul ediblər və istənilən həqiqi dini biliyin yayılmasını özlərinin siyasi həyatına potensial təhlükə kimi görürlər.

Buna görə biz hələ də Azərbaycan və postsovet məkanındakı rejimlərdə kitablar və dini məktəblər də daxil olmaqla inanclı insanların həqiqi dini bilik əldə edə biləcəyi hər kanalın bağlanmasının, senzuraya məruz qalmasının və sıxışdırıldığının (xüsusən də ABŞ-dakı 11 Sentyabr hadisələrindən sonra) şahidi oluruq.

Mədrəsələri (İslami dini məktəbləri), Gənclər və İdman naziri Azad Rəhimovun ifadəsilə, “gənclərə Azərbaycan haqqında dərs keçməkdənsə, təhsilin İran kimi xarici hökumətlərin milli ideologiyalarının yayılmasına fokuslandığı propaqanda mərkəzləri” kimi görən Azərbaycan iqtidarı hələ XXI əsrin ilk illərində bütün İran dəstəkli mədrəsələri bağladı və İran mollalarını ölkədən çıxardı. Həmin dövrdə Türkiyədən və Körfəz ölkələrindən olan din xadimlərinə də ölkədən çıxmalı olduqları deyildi.[18]

2002-ci ilə qədər Azərbaycan hökuməti ölkənin müxtəlif regionlarındakı İran dəstəkli 22 mədrəsəni bağladı və onların bir çoxu sonradan Quran kurslarına çevrildilər.[19] 2007-ci ilin avqust ayında hökumət ölkədəki məscidlərdə fəaliyyət göstərən təxminən 200-ə qədər yenidən qurulmuş mədrəsələrdən (Quran kurslarından) 19-nu (onların 14-ü cənub regionlarında İranla sərhəddə yerləşirdi) da bağladı və İran vətəndaşı, ya da İranda təhsil almış mollaları dərs prosesindən kənarlaşdırdı.[20] Geridə qalan mədrəsələr isə 2007-ci ilin avqust ayında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən senzuraya məruz qaldı. Əlavə olaraq, 2009-cu ilin yayında Dini Etiqad Azadlığı Haqqında Qanuna edilmiş yeni əlavələrlə Azərbaycan hökuməti əcnəbilərin və xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının rəsmi icazə olmadan “İslam dininə aid ayin və mərasimlərin aparılmasına” (Maddə 21.3) qadağa qoydu. Həmin qanunun 24.2-ci maddəsi isə dini icmalardan xarici ölkələrə oxumaq üçün Azərbaycan vətəndaşlarını göndərməzdən əvvəl yerli icra hakimiyyəti orqanının razılığını almasını tələb edirdi.[21] Bundan savayı həmin qanunun 10-cu maddəsində deyilir ki, “Din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün dini təhsil müəssisələri yalnız dini mərkəz və idarələr yarada bilərlər.” Buna görə də bu qanun “dini mərkəz və idarələrin üzvü olmayan şəxslərin öz icmalarında başqaları ilə ibadət və tədris vasitəsilə dini görüşlərini ifadə etmək hüququnu ləğv edir”[22]

Vətəndaşların ölkədən kənarda dini bilik əldə etməsi üzərindəki ciddi nəzarətdən başqa hökumət əcnəbi vətəndaşlara dini təbliğatı da qadağan etdi və 2004-cü ildən etibarən bütün növ dini materialların idxalı və yayılmasına ciddi nəzarət etməyə başladı. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin keçmiş nümayəndəsi Ceyhun Məmmədov 2008-ci il 18 mayda Forum jurnalına verdiyi müsahibəsində dini ədəbiyyat üzərindəki dövlət senzurasını belə əsaslandırırdı ki, “bizdə dini ekstremizmi yaymaq istəyən insanlar var … azad nəşrlərə icazə versək, anarxiya olar. Kitabların təsiri var.”[23]

Ümumiyyətlə, ölkədəki bir çox məscidin bağlanması, orta məktəblərdə hicab qadağası, dini icmaların dövlət qeydiyyatı, dini ədəbiyyatın idxalı və yayılması, dini aktivistlərin və din xadimlərinin anti-dövlət fəaliyyətdə ittiham edilib həbsə atılması da daxil olmaqla İslami dirçəlişin dinamikasını zəiflətməyə yönəlmiş hökumət tədbirlərinin çoxu demək olar eynilə Sovetin Azərbaycandakı idarəçiliyinin ilk üç onilliyində İslama edilmiş dövlət hücumlarının təkrarıdır.[24]

Dini biliyə qarşı olan bu hücumun nəticəsi odur ki, başqa şəraitdə dini bilik mənbəyi rolunu oynaya biləcək “mollalar” əksər hallarda özləri də cahildirlər. Belə ki, onlar təkcə İslam dinini mənfi təqdim etməklə və dinin bilik əldə etməyin əksi olmasına dair fikirləri təsdiqləməklə kifayətlənməyib, eyni zamanda müsəlman əhali üçün dini bələdçilik etməkdə aciz qalıblar; bu reallıq nəticədə əhalini dini bələdçilik üçün başqa yerə baxmağa sövq edir – buna görə də onların İŞİD kimi ekstremist təşkilatlar tərəfindən manipulyasiya edilə biləcəklərinə uyğun şərait yaradır. Bəlkə də daha kədərlisi budur ki, avtoritar elit təbəqə tez-tez öz qurduğu tələyə düşüb öz hərəkətlərinin nəticəsini – ölkədə dini biliyin əldə edilməsinə qoyulan qadağanın nəticəsində din xadimlərinin təhsil səviyyəsinin aşağı olması kimi – İslamın elmə qarşı olmasına “sübut” kimi görür. Hakim elit təbəqənin nümayəndələrindən biri ilə söhbətimi xatırlayıram; mənə qəribə sual kimi gəlsə də, soruşdu ki, mən İslama əməl etdiyim halda necə həm də elmi fəaliyyətlə məşğul oluram. Cavab verdim ki, əslində İslami şərtlərə əməl etmək mənim elmi fəaliyyətimə dəstək verir və mənə bir çox dəyərli baxış bucaqları bəxş edir. Həmsöhbətim isə Azərbaycandakı “mollalar”ın cahilliyinə istinad edərək İslam dininin elmi olan istənilən şey ilə uyğunlaşmadığı cavabını vermişdi. Aydındır ki, “insanların gözlərini çıxardanlar onları kor olduqlarına görə qınayırlar.”[25]

Belə görünür ki, artıq Azərbaycan iqtidarı başa düşür ki, “radikalizmin yayılmasının kökündə xarici amillərlə yanaşı, cəhalət, savadsızlıq və bilgisizlik dayanır”[26] və buna görə də İslamın xaricdən gələn təsir üçün alət kimi istifadə edilməsi qorxusu hələ qalsa da, istənilən növ əsl deradikalizasiya tədbirləri üçün bilik olduqca əhəmiyyətlidir. Bu ehtiyatlı dərketmənin ən son nəticəsi ötən ilin fevral ayında İlahiyyat İnstitutunun yaradılması oldu. Bu qurumun yaradılma məqsədlərindən biri “savadlı, zəngin dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə malik ilahiyyatçıların yetişdirilməsi,” digəri isə “yetişdirilən insanlarda dövlətə bağlılıq, azərbaycançılıq ideyasının və vətən sevgisinin” aşılanmasıdır.[27]

Sekulyar Modernlik, Sosial Təcrid və Biliyin Böhranı: Qərb Konteksti

Qərb kontekstində dini biliyin böhranı (və buna görə də manipulyasiyada xarici cəhdlərə ayıq-sayıqlıq qabiliyyəti) modernlik və istehlakçılığın populyar dinə (və ictimai nəzarətin əsas məntiqinə) çevrildiyi sekulyar kontekst tərəfindən gücləndirilir. Belə ki, bu böhran davamlı təcrid və irqçilik şəraitində müsəlmanların cəmiyyət tərəfindən qəbul edilmək üçün verdikləri heç vaxt bitməyən mübarizənin nəticəsidir. Əslində dini-sekulyar bölünmə arasında sağlam müzakirənin baş tutmasına iki tərəfi bir-birindən ayıran epistemoloji ayrılıq mane olur. Bu, Qərbdəki (və bir çox hallarda sekulyar müsəlman Şərqindəki) dindar müsəlmanları tədricən öz mövqelərini və arqumentasiya nöqtələrini sekulyaristlərin əsas müzakirə mövzularına uyğunlaşdırmağa və nəticədə müqəddəs bilikdən tamamilə imtina etməyə vadar edir; belə ki, dindar müsəlmanlar hazırda böyük ölçüdə sekulyarlaşmış epistemologiyalarını bu gün Qərbdə (və Qərb elmində) hökmranlıq edən pozitivist (oxu: empirik) bilik anlayışına uyğunlaşdırmalı olurlar.

Lakin müqəddəs biliyin əldə edilməsi və dini mətnlərin həqiqi anlayışının inkişafı –  maddi elmlərin biliyi ilə bərabər – bu gün müsəlman radikallığının böyük hissəsini təşkil edən çoxlu manipulyasiyalardan və hücumlardan tamamilə azad olmaq üçün açar rolunu oynayır. Əvvəlcə qəbul etməliyik ki, bu gün müsəlman icmasında bilik böhranı var; bu icmadakı cahillik pərdəsini qaldırmaq – tam dini təhsil üçün yeni mexanizmlər qurmaqla və müsəlman ailələrin bu mexanizmlərdən özləri ilə uşaqlarının təhsili üçün fəal istifadəsini həvəsləndirmək üçün daxili propaqanda cəhdlərini onların istiqamətinə yönəltməklə – əsl deradikalizasiya üçün birinci addım olmalıdır.[28] Başqa sözlə desək müsəlman icması özünün dünyagörüşünün və anlayışının vacib, transsendental elementindən sadəcə olaraq modern sekulyaristlər onu görə bilmirlər deyə imtina etməməlidir.

Təbii ki, Azərbaycan kimi ölkələrdə sosial ədalətin olmaması, ümumi avtoritar mühit və Böyük Britaniya ilə ABŞ kimi ölkələrdə müsəlman icmasına qarşı artan mənfi ictimai rəy radikallaşmanı təşviq edib, icmalarının qarşılaşdığı problemləri həll etmək üçün müsəlmanların başqa yerlərə baxmasına səbəb olur. Lakin bu gün müsəlman icmalarında ciddi problemlərə səbəb olan bilik səviyyəsinin pisləşməsi radikallaşmaya həm uyğun şərait yaradır, həm də onu bəsləyir. Bu reallıq isə müsəlman icmasının deradikalizasiyası üçün əhəmiyyətli olan bilik əldə edilməsinin əsl yollarının qurulmasına maneə yaradır. Sadələşdirsək deyə bilərik ki, dünyanın hər yerindəki müsəlman icmalarının problemi daha da dindar olmaqları yox, dini ibadətləri və inanc ənənələri barədə baza biliyi tərk etmələridir – bu trendin ən aydın ifadəsi modernist dönüş və onunla bağlı olan sekulyarlaşma dinamikasıdır. Problem dinin daha çox yox, daha az olmasıdır.

Nəticə Əvəzi: Dini Cahilliyin Geniş Mənzərəsi və Onunla Mübarizə Aparmağın Yolları

Xüsusilə qeyd etmək lazımdır ki, “radikallaşan” və cahillik ilə öz inancları barədə bazis biliklərinin olmaması nəticəsində “radikal” yanaşmaları güclənənlər təkcə müsəlman icması deyil. Son bir neçə onillikdə xristianlar və əslində yəhudilər də əsasən güclü media tərəfindən yaradılmış oxşar cahillik tələsinə düşüblər. Və içində müsəlman olan hər şeyə qarşı xristian və yəhudilərin ədavətinin əsas mənbəyi kimi xidmət edən də məhz bu cahillikdir. Britaniyada Kembricin mərkəzi məscidində hər il təşkil edilən “açıq günlər”də iştirak edən bir xristian qadının göstərdiyi marağı heç vaxt unutmayacağam. Onun gəlməsinin səbəbi İslam barədə həqiqəti öyrənmək istəməsindən qaynaqlanırdı, çünki özünün də etiraf etdiyi kimi Qərbin əsas media qurumları tərəfindən İslam barədə aldığı məlumat onda vahimə və şübhəyə səbəb olmuşdu. O, ilk əldən həqiqətən İslamın nə olduğunu görmək istəyirdi.

Həmçinin mənim də iştirak edə bildiyim, bu yaxınlara qədər Kembric Universitetinin İlahiyyat Məktəbində bir neçə il mütəmadi olaraq təşkil edilən dini mətnlər əsasında düşüncə məşqləri dinlər və məzhəblər arasındakı əlaqələrin qurulmasına şərait yaradaraq biliyin və qarşılıqlı anlaşmanın gücünə bariz nümunə oldu. Müsəlman, xristian və yəhudi ənənələrinin nümayəndələri bu məşqlərdə doxsan dəqiqə hər üç ənənənin də müqəddəs mətnləri ilə tanış olurdular: hər üç ənənədən eyni mövzu (məs. liderlik, hikmət, rəhbərlik və s.) barədə seçilmiş mətnləri iştirakçılar iyirmi dəqiqə müzakirə edib öz ənənələrindən və ətraflarındakı real həyatın dinamikasından bildikləri ilə oxuduqları mətnlər arasında əlaqə qurmağa çalışırdılar. Təkcə başqa ənənələri öyrənmək üçün faydalı platforma yaratdığına görə yox, eyni zamanda və ən əhəmiyyətlisi, öz mənsub olduğum ənənəmi dərk etməkdə və bu gün bir-biri ilə ziddiyyətdə olan bu üç ənənənin ortaq cəhətlərini görməyimə vasitəçi olduğu üçün bu təcrübə mənim üçün olduqca maraqlı idi. Digər iştirakçıların da oxşar təcrübələrinin olduğunu bilirəm: təkcə belə dediklərinə görə yox, həmçinin hər bir yığıncaqdakı müzakirələrin təbiəti – məsələlər ilə maraqlanan iştirakçılar, qarşılıqlı hörmət və mütəmadi olaraq “aha” tipli ifadələr  – göstərirdi ki, biliyin gücü mədəniyyətlər arasındakı ədavəti aradan qaldırmağa və insanları bir yerə yığmağa qadirdir.

Təəssüf ki, nə bütün xristianlar, nə müsəlmanlar, nə də yəhudilər həmin qadın kimi və məscidin “açıq günlər”ində iştirak edən digər bir çoxları qədər bilik axtarışında fəal deyillər. Çox az adam dini mətnlər əsasında düşüncə məşqi barədə eşidib. Buna görə də dini cahilliyin aradan qaldırılması üçün bütün bu üç ənənə daxilində və arasında ciddi səylər göstərilməlidir ki, nəhayətində bu üç icmanı – ya da ən azından bu üç icma daxilində bu mesaja qulaq vermək istəyən çoxlarını – bir yerə gətirəcək bilik və qarşılıqlı anlaşma körpüsü qurula bilsin.

[1] Murad Ismayilov, The Dialectics of Post-Soviet Modernity and the Changing Contours of Islamic Discourse in Azerbaijan: Toward a Resacralization of Public Space (Lanham, MD: Lexington Boks, August 2018).

[2] International Crisis Group, “Azerbaijan: Independent Islam and the State,” Europe Report 191, 25 March 2008, s.11.

[3] Gamet Suleymanov, Attitude Towards the Leaders (Baku, 2001), s.17. Sitat götürülüb International Crisis Group, “Azerbaijan: Independent Islam…”, s.11.

[4] http://goo.gl/C82dOY.

[5] Murad Ismayilov, The Dialectics of Post-Soviet Modernity…; Murad Ismayilov, “The Changing Landscape of (Political) Islam in Azerbaijan: Its Contextual Underpinnings and Future Prospects,” Central Asian Affairs 5:4, October, 342-72; John Heathershaw and David W Montgomery, “Islam, Secularism, and Danger: A reconsideration of the link between religiosity, radicalism, and rebellion in Central Asia,” Religion, State and Society 44:3, November 2016, ss. 192-218.

[6] İman adlı çeçen qadın və onun Süleyman adlı qazax ərinin keysi üçün bax, Diana Khachatryan, “Run, Iman, Run,” Takie Dela, in Russian, 29 noyabr 2017. goo.gl/c1Kiho.

[7] Məsələn, şimali Londonun bir məscidində Qərbdəki müsəlmanlar arasında bəzi fərdlərin radikallaşmasının başlıca səbəbinin hazırda Qərb ölkələrində müsəlman əhalinin cəmiyyətdən kənarlaşdırılması və “başqalaşdırılması” siyasətinin olması barədə danışan imamla müsahibə üçün baxın, goo.gl/Cbz9eb.

[8] BBC News, “Chapel Hill: Obama condemns ‘brutal and outrageous murders,’” 13 fevral 2015. goo.gl/IHqC3o.

[9] BBC News, “Canada Halifax: Police Say They Foiled Shooting Plot,” 14 feval 2015. goo.gl/tPPKRt.

[10] BBC News, “Virginia Shootings: Gunman Ordered to Seek Medical Help,” 27 avqust 2015. goo.gl/W6z35m.

[11] See also an interview with an imam in a North London mosque, goo.gl/Cbz9eb.

[12] Susie Allen, “Religious Upbringing Associated with Less Altruism, Study Finds,” UChicago News, 5 noyabr 2015. goo.gl/cxuHxe.

[13] Khachatryan, “Run, Iman, Run.”

[14] Oliver Roy, “Who Are the New Jihadists?” The Guardian, 13 aprel 2017. goo.gl/Swi8Gp.

[15] Səllallahu aleyhi və səlləm (ona Allahın salavatı və salamı olsun).

[16] Hədis Məhəmməd Peyğəmbərin (s.a.s.) deyimlərinin cəmlənməsidir və bu, onun gündəlik davranışları (Sünnə) ilə birgə müsəlmanlar üçün Qurandan başqa əsas bələdçi mənbədir.

[17] İslam Dövlətinin öz simvolu kimi qara bayrağı seçməsi onun  peyğəmbərin (s.a.s.) Qiyamət Günü ilə bağlı məşhur bir hədisi ilə əlaqə qurmaq məqsədi daşıyır. Hədisdə deyilir ki, “əgər [bir müsəlman] Xorasandan [Şərqi İranın bir qismini və Əfqanıstanın çox hissəsini əhatə edən “doğan günəşin torpağı”] gələn qara bayraqlıları görsə, hətta buzun üstündə sürünməli də olsa dərhal onların yanına getməlidir, çünki həqiqətən də xəlifə əl-Mehdi onların arasındadır.” İslam Dövləti “işarə edir ki, onun bayrağı təkcə öz hökumətinin simvolu və gələcək xilafətin müjdəçisi deyil; o, Qiyamət Günündəki sonuncu döyüşün müjdəçisidir” (William McCants, “How ISIS Got Its Flag,” The Atlantic, 22 sentyabr 2015. goo.gl/vXaeQc). Din ilə bir qədər dərindən maraqlananlar isə bilərlər ki, İŞİD-in minlərlə müsəlmanı özünə cəlb etmək üçün istifadə etdiyi bu qeyd olunan hədis çoxdan İslam alimləri tərəfindən zəif hədis olaraq klassifikasiya edilib (yəni həqiqi olmayan və yəqin ki, sonradan uydurulmuş) (bax, goo.gl/nRsLEA and goo.gl/JLpb9q).

[18] Sitat götürülüb WikiLeaks, “New Azerbaijani Youth Minister: A Rare Breath of Fresh Air,” Cable 06BAKU383_a, 10 mart 2006. goo.gl/4ayYAd.

[19] Altay Goyushov and Elchin Asgarov, “Islam and Islamic Education in Soviet and Independent Azerbaijan.” In: Michael Kemper, Raoul Motika, and Stefan Reichmuth, eds. Islamic Education in the Soviet Union and Its Successor States (London and New York, 2010), s.210.

[20] Mədrəsələrin bağlanmasına rəsmi səbəb kimi məktəblərin tədris planlarını yenidən nəzərdən keçirməsi göstərilmişdi. Ancaq bir çoxları bu günə qədər də açılmayıb, ən azı isə onların əksəriyyəti xarici müsəlman ölkələrin (xüsusilə də İran və Türkiyənin) vətəndaşları tərəfindən idarə olundu. Bax, WikiLeaks, “Recent Steps Highlight GOAJ’s Attempts to Control Islam,” Cable 07BAKU1244_a, 16 oktyabr 2007. goo.gl/yA3Dnn.

[21] Felix Corley, “Azerbaijan: Repressive New Religion Law and New Punishments Enter into Force,” Forum 18 News Service, 3 June 2009. goo.gl/iDbDXZ; Felix Corley, “Azerbaijan: ‘The Government Doesn’t Want to Give Up Control Over Religion,’” Forum 18 News Service, 22 iyul 2009. goo.gl/s87afI.

[22] Venice Commission, Joint Opinion on the Law on Freedom of Religious Belief of the Republic of Azerbaijan by the Venice Commission and the OSCE/ODIHR, Opinion 681/2012, Strasbourg, Warsaw, 15 oktyabr 2012, s.15.

[23] Felix Corley and John Kinahan, “Azerbaijan: Religious Freedom Survey, April 2012,” Forum 18 News Service, 17 aprel 2012. goo.gl/coHlOc.

[24] Müqayisə üçün bax, Goyushov and Asgarov, “Islam and Islamic Education…”, ss.168–89.

[25] John Milton’s Apology for Smectymnuus. In: John Milton, The Prose Works of John Milton (London : W. Ball, 1838 [1642]), s.92.

[26] Azərbaycanda yeni yaradılmış İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov ilə müsahibə üçün bax, (24 iyul 2018) goo.gl/QcGv3p.

[27] Ibid.

[28] Bax, Nicolas Pirsoul, “Reviving Islamic Epistemology as a Solution to Jihadi Terrorism,” Global Politics, 20 sentyabr 2017.goo.gl/zsKsL9; Jim al-Khalili, “Does the Muslim World Need a Scientific Renaissance?” Al Jazeera, 20 oktyabr 2015. goo.gl/ZBMsSL.