fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycanda Böyük Terror və Bağırovun rolu

Read this article on other language
Download article
image_pdf
image_pdf

XX əsrin 30-cu illərinin əvvəllərinə qədər artıq SSRİ-də həm Stalinin bolşevik partiyası daxilindəkı əsas opponentləri, həm də bütövlükdə Sovet hökumətinə qarşı potensial müxalifət siyasi cəhətdən zərərsizləşdirilmişdi.  Lakin proses nəinki bununla dayanmayacaq, hətta daha da şiddətlənəcək, şaxələnəcək və potensial opponentlərin kütləvi fiziki məhvini də ehtiva edəcəkdi. Bu siyasət ilk növbədə Stalinin tam mütləq hakimiyyət qurmaq niyyətinin doğurduğu “zərurət” idi. O, partiyanın XVII qurultayını (yanvar-fevral 1934-cü il) ilk müxalifətsiz və fraksiyasız qurultay kimi dəyərləndirsə də, elə oradaca “daxili və xarici düşmənlərə qarşı döyüşə” çağırırdı.

Hələ bu qurultaydan xeyli əvvəl, 1932-ci ilin dekabrında, Stalin əleyhdarlarına qarşı repressiyaların həyata keçirilməsinin əsas mexanizmi olan yeni təmizləmələrə start verilmişdi.

Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitənin  (ÜİK(b)P MK) Siyasi Bürosunun 12 dekabr 1932-ci il qərarına əsasən Böyük Təmizləmələr qarşıdan gələn 1933-cü il ərzində həyata keçirilməli idi. Lakin obyektiv və subyektiv amillərin təsiri nəticəsində proses 1930-cu illərin sonuna qədər uzandı. Kütləvi repressiyaların pik nöqtəsi 1933-cü ilə deyil, 1936-1937-ci illərə təsadüf etdi.[1]

Bağırovun təyinatı. Respublika partiya və hakimiyyət orqanlarının xüsusi xidmət orqanlarının əlinə keçməsi

1933-cü ildə Moskva Azərbaycan SSR Kommunist (Bolşevik) Partiyasının birinci katibi vəzifəsinə uzun illər respublikada sovetlərin əsas təhlükəsizlik orqanı olan Əksinqilab və Sabotaja qarşı Fövqəladə Komissiyaya (Çeka) rəhbərlik etmiş Mir Cəfər Bağırovu gətirdi. Bu təyinatı ilk növbədə məhz, yuxarıda danışdığımız, Stalinin mütləq hakimiyyətə sahiblənmək niyyəti şərtləndirirdi. Sovet İttifaqının rəhbərinə Azərbaycanda onun əmrlərini qeydsiz-şərtsiz, ağına-bozuna baxmadan yerinə yetirəcək bir kadr lazım idi. Bağırovun tərcümeyi-halı onun məhz belə bir adam olacağına zəmin yaradırdı. Azərbaycan təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi müddətdə Bağırov özünü stalinizmin sadiq əsgəri kimi sübut etmişdi. Hətta bu sahədə bəzi hallarda ziyadə qəddarlıq nümayiş etdirərərək özünü “papadan artıq katolik” göstərməsi Moskvanın narazılığına da səbəb olmuşdu. Misal üçün, 1930-cu ildə kollektivləşmə əleyhinə çıxan üsyançılara qarşı hərbi əməliyyatlardan birinə rəhbərlik edərkən, üsyançıların kəndi tərk etməsi barədə məlumatın olmasına baxmayaraq, kəndi artilleriya atəşinə tutması və nəticədə 30-dan artıq qadın və uşağın ölümü Moskvanın onu işindən uzaqlaşdırması ilə nəticələnmişdi.[2]

Lakin indi vəziyyət başqa idi, Stalin kütləvi repressiyalara hazırlaşırdı və  ən sərt üsullara əl atmaqdan qətiyyən çəkinməyən idarəçilərə xüsusi ehtiyac yaranırdı. Güman etmək olar ki, Bağırovun məhz bu xarakteri Azərbaycanın 1936-1938 -ci illərdə repressiya olunanların sayına görə qonşu Cənubi Qafqaz respublikalarını az qala iki dəfədən çox “ötməsinə”, ümumiyyətlə, SSRİ-də öndə gedən 5-6 respublikadan biri olmasına öz “töhfəsini” vermişdi[3].

Sözsüz ki, Bağırovun təyin edilməsində dostu Lavrentiy Beriyanın təqdimatının rolu olmuşdur və o, məhz sonuncunun himayəsi ilə Azərbaycanda  qeyri-məhdud hakimiyyətə yiyələnə bilmişdir. Beriya  artıq 1932-ci ildən ÜİK(b)P-nin Zaqafqaziya Vilayət Komitəsinin (Zakkraykom) birinci katibi idi.

Bu ikisinin əlaqələri hələ 20-ci illərin əvvəllərindən başlamışdı. Qafqaz partiya təşkilatında onları “siam əkizləri” adlandırırdılar. Sovetləşmədən qabaq Azərbaycan Cumhuriyyəti dövründə (1918-1920) onlar birlikdə xüsusi xidmət orqanlarında çalışmış, 1921-ci ildə Bağırov Azərbaycanda Çeka rəhbərliyinə təyin olunduqdan sonra Beriyanı özünün müavini vəzifəsinə gətirmişdi. Daha sonra isə Beriya Çekanı əvəzləyən Dövlət Siyasi İdarəsinin (DSİ-QPU) bütün Zaqafqaziyadakı rəhbəri təyin edilmişdi. Partiya və dövlət iyerarxiyasında sürətlə irəliləyən Beriya 1932-1938-ci illərdə Zakkraykomun birinci katibi, 1938-ci ildən isə SSRİ Daxili İşlər komissarı və SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olmuşdu.

Beriya Bağırovu da Siyasi Büro (o vaxt Prezidium adlanırdı) üzvlüyünə namizəd seçdirməyə müvəffəq olur. Bu hadisə Stalinin ölən günü baş verir.  Lakin bir az sonra Beriya məhv edilən kimi Bağırov da dərhal həbs olunaraq güllələnir.

Beriya güclü bir şəbəkə qurmuşdu. Onun himayədarlıq etdiyi şəbəkə gizli polis orqanlarının əməkdaşları idi və digər şəbəkələrlə nüfuz və güc uğrunda mübarizə aparırdı. 1920-ci illərin əvvəlində fəaliyyətə başlayan şəbəkə 30-cu illərin əvvəlində Cənubi Qafqazda, həmin onilliyin sonunda isə Moskvada İttifaq səviyyəsində güc strukturlarına liderliyi ələ ala bilmişdi[4].

Azərbaycan partiya rəhbərliyinə yeni təyinatlar Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin və Bakı Komitəsinin (AK(b)P MK və BK) 10 dekabr 1933-cü il tarixli birgə iclasında baş verdi. İclas iştirakçıları Tbilisidən göndərilmiş L.Beriyanın təqdimatı ilə M.C.Bağırovu Azərbaycan Xalq Komissarları Soveti (XKS) sədri vəzifəsindən azad edib, AK(b)P MK və BK-nın birinci katibi seçdilər. AK(b)P MK-nın ikinci katibi Hüseyn Rəhmanov isə XKS-nin sədri oldu. H.Rəhmanovun əvəzinə AK(b)P MK-nın ikinci katibi vəzifəsinə S.Kudryavtsev gətirildi.

Azərbaycanda kütləvi repressiyaların həyata keçirilməsində əsas fiqurlardan biri olan A.Akopov bu iclasda BK-nın ikinci katibi təyin edilsə də, 1 fevral 1936-cı ildə AK(b)P MK-nın ikinci katibi postuna gətirildi və bu postda A.Aqrbanı əvəz etdi.

Elə 1933-cü ildən də respublikanın bir sıra mühüm partiya və hökumət orqanlarında “çekistləşdirmə” prosesinə start verildi. 1933-1937-ci illərdə AK(b)P MK katibləri arasında M.C.Bağırovla yanaşı digər peşəkar çekistlər – Az.DSİ sabiq sədri A.Aqrba (1934-1936), Az.DSİ sabiq sədr müavini R.Qulbis (1932-1937) də yer almışdılar[5].

Digər peşəkar çekist Y.Novikova 1933-cü ildən etibarən MK-nın ən mühüm gizli məlumatlarının toplandığı MK Xüsusi Sektorunun Məxfi Hissəsinin müdiri təyin edilmişdi. Y.Novikova Azərbaycan çekasında M.C.Bağırovla eyni zamanda, 1921-ci ildə, fəaliyyətə başlamış sonuncu respublika XKS sədri təyin edilən zaman (1932-ci il) Y.Novikovanı da XKS Məxfi Hissəsinin müdiri vəzifəsinə gətirmişdi. Y.Novikova 1938-ci ilin noyabrında MK-nın ən mühüm orqanı olan Xüsusi sektorun müdiri oldu[6].

1934-cü ilin oktyabrında Azərbaycan SSR Ali Məhkəməsinin Xüsusi Kollegiyasının, 1936-cı ilin oktyabrından isə həmçinin respublika Ali Məhkəməsinin sədri vəzifələrini daşıyan T.Quliyev (1937-ci ilin noyabrında T.Quliyev Azərbaycan SSR XKS-nin sədri təyin edildi.), 1934-1936-cı illərdə Respublika Prokuroru işləmiş Əbdülhəmid Yaqubov və 1936-cı ilin oktyabrında respublika Ali Məhkəməsinin Xüsusi Kollegiyasının sədri təyin edilən Q.Şahverdiyan da peşəkar çekist idilər. 1933-cü ilin oktyabrında digər peşəkar çekist Əsəd Axundov respublikanın Baş Milis İdarəsinin rəisi oldu[7].

SSRİ Mərkəzi İcraiyyə Komitəsinin (MİK) 10 iyul 1934-cü il qərarına əsasən ölkədə mərkəzləşdirilmiş cəza orqanı Ümumittifaq Xalq Daxili İşlər Komissarlığı (ÜİXDİK ) yaradıldı. “Bu vaxtdan etibarən, siyasi polis, nizami polis, cinayət təhqiqatı xidməti, sərhəd qoşunları, daxili qoşunlar, 1934-cü ilin oktyabrından isə cinayət işləri ilə bağlı olan bütün sistem bir orqanın tabeliyinə keçdi. XDİK siyasi polisin sinoniminə çevrildi, halbuki, sonuncu yalnız onun bir hissəsi idi. Bütün bu nəhəng maşın birbaşa Stalinə tabe oldu”. [8]

Bununla yanaşı, müttəfiq respublikalarda da Xalq Daxili İşlər Komissarlığı (XDİK) yaradıldı. O zaman Azərbaycan SSR Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) tərkibinə daxil olduğundan burada ayrıca XDİK ləğv edildi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (MİK) özünün 22 iyul 1934-cü il qərarı ilə ZSFSR XDİK Azərbaycan İdarəsini təsis etdi. AK(b)P MK Bürosunun 25 iyul 1934-cü il qərarı ilə Y.Sumbatov-Topuridze ZSFSR XDİK Azərbaycan İdarəsinin rəisi, İ.Purnis isə onun müavini təyin edildilər. Qeyd olunan şəxslər və ZSFSR XDİK Azərbaycan İdarəsinin digər rəhbər işçilərinin böyük əksəriyyəti bolşeviklərə sonradan qoşulmuş və ziddiyyətli keçmişə malik olan çekist-karyeristlər idilər.

Məsələn, 1905-ci ildən menşevik partiyasının üzvü olan Y.Sumbatov məhz L.Beriyanın köməyi ilə 1921-ci ildə Azərbaycan çekasına sıravi işə qəbul olunmuş, 1922-ci ilin avqustunda respublika çekasının banditizmlə mübarizə şöbəsinin rəisi təyin edilmiş və partiya bileti əldə etmişdi. L.Beriya ilə yaxınlığı Y.Sumbatova M.C.Bağırovun etimadını qazanmağa yardım etmişdi. 1927-ci ildə M.C.Bağırov Tiflisə göndərilən zaman Y.Sumbatov da Azərbaycan xüsusi xidmət orqanlarının sıralarını tərk etmiş və onunla getmişdi. 1929-cu ildə M.C.Bağırov yenidən Azərbaycanın təhlükəsizlik orqanının rəhbərliyinə qayıdanda Y.Sumbatovu da özü ilə gətirmişdi. Nəhayət 1930-cu ildə M.C.Bağırov bir daha Azərbaycan xüsusi xidmətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb Moskvaya göndəriləndən az sonra Y.Sumbatov da Azərbaycanı tərk edərək öz karyerasını Tiflisdə davam etdirmişdi.

1932-1933-cü illərdə M.C.Bağırov Azərbaycan rəhbərliyinə təyin ediləndə Y.Sumbatovu bu dəfə də özü ilə gətirir və respublikada kütləvi repressiyaları əl-ələ verib, birgə həyata keçirirlər. 5 may 1933-cü ildə Sumbatov respublika xüsusi xidmət orqanının, yəni Azərbaycan Dövlət Siyasi İdarəsinin sədr müavini, 5 mart 1934-cü ildə isə sədri təyin edilir[9].

30-cu illərin ikinci yarısında Azərbaycan SSR-də baş verən kütləvi repressiyalar zamanı M.C.Bağırov və Y.Sumbatovun ən yaxın silahdaşlarından biri T.Borşev olmuşdu. O, bir çox cinayətkar aksiyaların, xüsusilə 200 nəfərin məhkum edildiyi məşhur “Əli-Bayramlı işinin” əsas təşkilatçılarından idi və repressiyalara məruz qalmış insanlara şəxsən işgəncə vermişdi[10].

Sumbatovla Borşev birbaşa Beriyanın şəbəkəsinə daxil idilər. T.Borşevin 30-cu illərdə və sonrakı dövrdə qeyri-adi karyerasında L.Beriya xüsusi rol oynamışdı. M.C.Bağırov 50-ci illərin ortalarında T.Borşevdən bəhs edərkən onu L.Beriyanın kadrı adlandırmışdı[11].

Həmçinin “Şamaxı işinin” əsas təşkilatçılarından biri olan X.Qriqoryan hələ 20-ci illərin əvvəllərində L.Beriya ilə birlikdə fəaliyyət göstərmişdi. “Şamaxı işi” 1937-ci il 27 oktyabrdan 2 noyabra qədər davam etmiş, həmin prosesdə Həmid Sultanov başda olmaqla 400 nəfər məhkum edilmişdi[12]. 30-cu illərin II yarısı – 40-cı illərin əvvəllərində X.Qriqoryan L.Beriya və M.C.Bağırovun yaxından köməyi ilə XDİK Azərbaycan İdarəsinin Məxfi-Siyasi şöbəsində müxtəlif məsul vəzifələrdə çalışmış, sonra həmin idarənin Su şöbəsinin rəisi, Üçüncü şöbəsinin rəisi, 1943-cü ildə isə Azərbaycan SSR XDİ komissarının müavini vəzifəsini tutmuşdu.

1937-1938-ci illərdə Azərbaycanın müxtəlif rayonlarında, saxta ittihamlar əsasında kütləvi həbslər həyata keçirən XDİK-nın yüksək çinli məmurları olan A.Atakişiyev və R.Markaryan isə şəxsən M.C.Bağırovun yetirmələri sayılırdılar.

Böyük terrorun Azərbaycanda bəzi xüsusiyyətləri

1936-cı ilin avqustunda Zinovyev və Kamenev daxil “16-ların” məhkəməsini tarixşünaslıq “Böyük terror”un start nöqtəsi kimi səciyyələndirir. Bilavasitə Azərbaycanda “Böyük Terror”un anonsu isə L. Beriyanın 1936-cı il avqustun 21-də “Pravda”, həmçinin Zaqafqaziyanın bütün qəzetlərində nəşr etdirdiyi və Cənubi Qafqaz respublikalarındakı “xalq düşmənlərini” hədəfə alan “Sosializmin düşmənlərinin külünü göyə sovuraq”(“Развеять в прах врагов социализма”) başlıqlı yazısı oldu.[13] Beriya digərləri ilə yanaşı “Bakıda toplanmış bir qrup əksinqilabçının” adını çəkərək hədəf göstərdi. Müəllif açıq-aşkar şər ataraq onları menşevik, daşnak,müsavatçı və ağqvardiyaçılarla əlbir fəaliyyət göstərdiyini iddia edirdi.[14] Tarixin ironiyası odur ki, gələcəkdə həm Beriya, həm də Bağırov gizli müsvatçılıqda ittiham olunaraq, məhkum ediləcəkdilər.

Artıq 1936-cı ilin payızında Böyük terrorun dalğası Azərbaycanı tam gücü ilə bürüdü. İlk növbədə partiya daxilində Stalinin rəhbərliyinə loyal olmayanlar,  keçmişdə digər sosial-demokrat partiya və fraksiyalarının üzvü olanlar hədəf alındılar.

Azərbaycanda Böyük Terror (repressiya) başlamazdan öncə hələ 1935-1936-cı illərdə partiya təmizləmələri baş vermişdi. Partiyanı “təxribatçılar”dan və “düşmən ünsürlər”dən təmizləmək adı ilə başlayan bu prosesdə  57 903 partiya üzvü və partiya üzvlüyünə namizəddən 12 718 (22%) nəfəri ixtisar edilmişdi[15].  Xaric edilənlərin  95.5%-i partiyaya 1930-32-ci illərdə daxil olanlar idi. Bu ixtisarlar partiyanı əsas düşmən elan olunmuş “trotskiçi və zinovyevçi”lərdən təmizləmək adı altında aparılırdı.[16] Halbuki aparılmış araşdırmalar göstərirdi ki, 30-cu illərin əvvəllərində partiya üzvü olanların xeylisi (Bakının sənaye rayonunda partiya üzvlərinin 38%-i, pambıqçılıq rayonları kommunistlərinin isə 54%-i) savadsız insanlar idi.

Məsələ burasındadır ki, Böyük Terror başlayana qədər xeyli insan sadəcə olaraq təqiblərdən yaxa qurtarmaq, yaxud imtiyaz əldə etmək üçün partiya üzvü olurdular. 1936-cı ilin əvvəllərində təmizləməni aparan komissiya müəyyən etmişdi ki, partiya sıralarında rəsmi 54 928 üzv olduğu halda əldə 57 903 partiya bileti var. Baberovski bunu faktiki olaraq Azərbaycanın bir çox rayonlarında partiya biletlərinin alqı-satqısı prosesi ilə əlaqələndirir[17]. Professor Cəmil Həsənlinin fikrincə bu bir çox partiya üzvlərinin respublikadan getməsi, yerdəyişmələr, repressiyaların sürətlə getməsi səbəbilə bəzilərinin partiya qeydiyyatından çıxarılmaması ilə əlaqəlidir[18].

Çoxlu sayda bəy, molla və hətta kriminal keçmişi olanlar, üstəgəl İran vətəndaşları bu üsullarla partiya üzvü ola bilmişdilər. İndi isə partiya rəhbərliyi kommunistlərin bioqrafiyasını araşdırmağa,  “sinfi və düşmən ünsürləri” ifşa etməyə başladılar. Azərbaycan KP MK-nın ikinci katibi Akopov 1936-cı il yanvarın sonunda keçirilmiş plenumda bəyan edirdi ki, 1935-ci ildə 1204 partiya üzvü olan neftçinin 335-i partiyadan qovulub. Onlar 1930-1931-ci illərdə kənddən şəhərə qaçmış qolçomaqlar və qaçaqlardır. Bu cür “yad ünsürlər” yalnız sənaye bölgələrində deyildi. 390 kolxoz sədrindən 51-i sabotajda günahlandırılaraq partiyadan qovulmuşdu. Lakin qeyd etmək lazımdır ki, bu rəsmi ittihamların əksəriyyəti həqiqətə söykənmirdi, sui-istifadələr xeyli yayılmışdı. Bir çox rayon partiya katibləri təmizləmələrdən şəxsi məqsədləri üçün istifadə edir, özünün rəqiblərini və tənqidçilərini qolçomaq və bəy adı ilə partiyadan uzaqlaşdırırdı[19].

Proseslərdən öz şəxsi düşmənlərini sıradan çıxartmaq işini ən effektiv görən isə Bağırov olacaqdı. Stalin onun Azərbaycanın hakimi-mütləq despotu olmasına icazə vermişdi. Moskva Azərbaycan əyalətində Bağırovun külli-ixtiyarını təmin edirdi. Bağırov da bu işinə ilk növbədə AKP daxilindəki bütün rəqiblərini, başqa sözlə Azərbaycanda Sovet hökumətini qurmuş partiya və dövlət xadimlərini məhv etməklə başlayacaqdı.

Sanki Sovet repressiyası maşını Azərbaycanda Sovet hökumətini quranlardan qisas alırdı. Təkcə 1937-ci ildə 22 xalq komissarı, 49 KP regional komitə katibi, 29 rayon icra komitəsi sədri, 57 sənaye və neft müəssisəsi direktoru, 110 hərbçi, 207 həmkarlar ittifaqı fəalı və 8 professorun əksəriyyəti güllələndi.[20] 1937-1938-ci illərdə Azərbaycan prokurorluq orqanlarının 200 əməkdaşı həbs olundu. Xalq məhkəmələrinin 80%-i xalq düşməni elan edildi.[21]

1936-1938-ci illərdə AKP-nin ilk 1920-ci ildəki qurultayında seçilmiş Mərkəzi Komitəsinin demək olar ki, bütün üzvləri repressiya olundu. Partiya elitası ilə yanaşı faciə elm, ədəbiyyat, mədəniyyət və ictimaiyyət xadimlərinin də qapısını döydü.  Qeyd etmək lazımdır ki, xüsusən məşhur adlar, partiya, dövlət xadimlərinin təqib olunması üçün bilavasitə Moskvanın razılığı tələb olunurdu. Azərbaycandan bu tip, Moskvanın razılığı tələb olunan, siyahılarda 830 nəfərin adı salınmışdı[22]. Bunlara “Stalin siyahıları” deyirdilər. Onların üzərində Stalinin bəzən Molotov, Malenkov, Kaqanoviç, bəzən də Mikoyanla birlikdə imzaları olurdu. Bu siyahılar 1937-ci ilin əvəllərindən tərtib olunmağa başlamışdı. Əgər ilk siyahılarda çoxluğu qeyri-azərbaycanlılar təşkil edirdilərsə, 1937-nin ikinci yarısında siyahılarda azərbaycanlılar çoxluq təşkil etməyə başladılar. [23]

Azərbaycan kəndləri də repressiyadan yan keçmədi. Bağırov şəxsən respublikanın bütün şəhərlərinə gedir və yerli partiya rəhbərlərinin terroru təşkilinə nəzarət edirdi. O, çıxışlarının birində deyirdi: “Bütün bu iyrənclikləri harada axtarmaq lazım olduğunu soruşan yoldaşlara mən deyirəm: rayonlarda, müəssisələrdə, məktəblərdə, sexlərdə, kolxozlarda, traktor briqadalarında, MTS, ali təhsil müəssisələrində, teatrlarda, kinolarda, milis, təhsil orqanlarında, partiya təşkilatlarının yığıncaqlarında, düşmənin sızdığı və ya gələcəkdə sıza biləcəyi hər yerdə. Sərhəd ölkəsi, çoxmillətli ölkə şərtlərində Azərbaycanda biz hər belə insana bizim partiyamızın düşməninin agenti, xain, satqın kimi baxmalıyıq.”[24]

XDİK-nın rayon şöbələrinin hər birinin özünün birinci (edam) və ikinci kateqoriyalı repressiya kvotası var idi. Yalnız həbs olunanlar və günahlandırılanlar repressiyanın qurbanı deyildi, Astaradan Culfaya qədər sərhəd rayonlarının sakinləri “şübhəli” statusunda olanlar Qazaxıstana sürgün edilirdilər. Hətta repressiya olunanların həyat yoldaşları da “qurban” idilər. Nəinki hazırkı həyat yoldaşları, hətta daha öncədən ayrılmışlar da sürgün edilirdi[25].

Həyat yoldaşları ilə bərabər uşaqlar da repressiyaya məruz qalır, uzunmüddətli sorğuya alınır və işlərindən məhrum olurdular. Onlar “vətən xaininin övladı” kimi damğalanırdı[26].

Beləliklə də Azərbaycanda “Böyük Terror”un ümumi qurbanlarının sayı 80 mini haqlamışdı.[27]

Bağırovun respublikadan kənarda olan düşmənləri ilə mübarizəsi

Bağırov ölkə daxilində özünə qarşı hər hansı müxalifətin yaranmasının qarşısını almaq üçün Azərbaycan partiya, hökumət rəhbərliyində Moskva ilə əlaqələri monopoliyaya almışdı və MK üzvlərinə mərkəzlə əlaqə saxlamaq qadağan olunmuşdu. Həmçinin potensial rəqiblərini və keçmiş düşmənlərini SSRİ-nin müxtəlif bölgələrindən Azərbaycana gətirib cəzalandıra bilmişdi.

Bunların içində həmin dövrdə Moskvada olan görkəmli kommunistlər –  Azərbaycanda sovetləşmənin önündə gedən Q.Musabəyov, Mirzə Davud Hüseynov və Ə.Qarayev də var idi.  Həmçinin Ukraynada zavod direktoru işləyən, sovetləşmənin ilk illərində opponentlərinə qarşı qəddarlığı ilə seçilən  Çingiz İldırım da Azərbaycana göndərilmiş və “bəy oğlu” adı ilə barəsində ölüm hökmü verilmişdi. Bağırovun Fövqəladə Komissiyanın rəhbərliyindəki sələfi Eyyub Xanbudaqov da oxşar ittihamlarla repressiya olunmuşdu.

Bağırov rəqiblərini məhvetmə işinə necə aludə olmuşdusa, Böyük terrordan əvvəl vəfat etmiş köhnə kommunistlər Nəriman Nərimanov və Səmədağa Ağamalıoğlunu da rahat buraxmamışdı. Onların yazıları  kitabxanalardan yığışdırılır, mətbuatda adları ancaq mənfi kontekstdə işlənilirdi. 20-ci illərin əvvəllərini xarakterizə etmək üçün isə xüsusi “nərimanovşina” termini mətbuatın dövriyyəsinə buraxılmışdı.

Qeyd etmək lazımdır ki, yerlərdə terrora çevrilmiş repressiya siyasətinin  həyata keçirilməsi üzərində ciddi nəzarət etmək üçün Stalin tez-tez   mərkəzdən yerlərə emissarlar göndərirdi. Misal üçün, terror illərində Jdanov Başqırdıstan, Tatarıstan və Orenburqa, Mikoyan dəfələrlə Ermənistana, Kaqanoviç Çelyabinsk, Yaroslavl, İvanovo və Donbassa, Andreyev Şimali Qafqaz, Özbəkistan və Tacikistana göndərilmişdi. Amma SSRİ-nin rəhbəri Azərbaycan və Gürcüstana bu cür yoxlamalar  göndərilməsinə lüzum görmürdü. Bu da Stalinin Bağırov və Beriyanın sədaqətinə əlahiddə etibarından və onlara repressiyaların aparılmasında  bir növ sərbəstlik vermək niyyətindən doğurdu[28].

Üçlüklər

1937-ci ilin avqustundan etibarən repressiya səlahiyyəti Xalq Daxili İşlər Komissarlığının xüsusi “Üçlük”lərinə verilirdi.  Azərbaycanın ilk “Üçlüyü” M.C.Bağırovun təklifi ilə Y.Sumbatov, C.Axundzadə və T.Quliyevdən ibarət olmaqla yaradıldı[29].

“Üçlük” təhlükəsizlik orqanlarının göndərdiyi siyahıları yoxlaya bilər, vəkil və ya prokurorun iştirakı olmadan məhkəmə keçirə bilər və ölüm hökmü də daxil olmaqla istənilən qərarı qəbul edə bilərdi.

1936-1938-ci illərdə XDİK tərəfindən təhqiq edilən işlərə ya prokuror nəzarəti tamamilə olmamış, ya da formal xarakter daşımışdı. Həmin illərdə Respublika Prokurorları olmuş şəxslər (Əbdülhəmid Yaqubov, Bahadur Vəlibəyov, Ağahüseyn Əlihüseynov), nəinki, XDİK-nin qeyri-qanuni əməllərinə qarşı çıxmamış, əksinə, sonuncunun əlavəsinə çevrilmişdilər. Müxtəlif vaxtlarda “üçlüyə” ya M.C.Bağırov, ya Y.Sumbatov, ya da M.Rayev sədrlik etmişdilər. “Troyka”nın iclaslarında Mir Teymur Yaqubov (Üçlüyün üzvü, respublika komsomolu MK-nın birinci katibi, 1938-ci ilin əvvəlindən AK(b) MK-nın III katibi), Teymur Quliyev (Respublika Ali Məhkəməsinin sədri), İ.Lixovidov (Üçlüyün üzvü, XDİK qoşunlarının hərbi prokuroru), Ağahüseyn Əlihüseynov (Respublika Prokuroru) və s. aktiv şəkildə iştirak etmişdilər. 1937-ci ildə Troyka 2792 nəfəri ölüm hökmünə, 4425 nəfəri isə uzunmüddəli həbs cəzasına məruz qoymuşdur[30].

1938-ci il yanvarın 31-də Politbüro cəzalandırılmalı olan Anti-sovet ünsürlərin sayı ilə bağlı yeni qərar qəbul etdi. Bu qərara əsasən Azərbaycan SSR-də 2000 insana ölüm hökmü verilməli idi. Həmin il 10 000 nəfərdən artıq insan istintaqa cəlb olundu[31]. Tək “Troyka” 7241 nəfərin istintaqı ilə məşğul olmuşdur[32]. Troykadan başqa Hərbi Kollegiya, hərbi tribunallar və daimi məhkəmələr də fəaliyyət göstərirdi.

Donos

Repressiya mühiti, hökumətin xüsusi xidmət orqanlarının nəzarətinə keçməsi, ölkənin sovetləşdirilməsində əlahiddə rol oynamış məşhur şəxsiyyətlərin belə kütləvi təqibə məruz qoyulması əhali arasında böyük xof yaratmışdı. Hüquq-mühafizə orqanlarına etibarın ölməsi əhalinin öz arasında belə etibarsızlıq, şübhə, inamsızlıq mühitinin yaranmasına səbəb olmuşdu. Hamı bir-birindən şübhələnir, cəmiyyətin tarixi bağ və ənənələri sürətlə sıradan çıxır, deqradasiyaya uğrayırdı. Bu deqradasiya mühitində donosbazlıq geniş yayılmış fenomenə çevrilirdi. Çoxları donoslardan rəqib gördüklərini, sevmədiklərini vurmaq üçün istifadə edirdilər. Fəqət donoslar həm də insanların özlərini sığortalamaq, mümkün təqiblərdən yaxa qurtarmaq üçün istifadə etdiyi üsul idi.

Həmçinin terror mühiti klançılığın geniş yayıldığı hakimiyyət orqanlarında donosçuluğu qarşı tərəflər arasında mübarizə vasitəsinə çevirirdi. Bu, əyalətlərdə də mübarizənin geniş yayılmış aləti idi. Adi camaat  sürətlə dövlət ritorikasını mənimsəyir və bundan öz məqsədləri üçün istifadə edirdi.

Donosların stili oxşar idi. Yazanlar  özlərini sosializm, həqiqi bolşevizm uğrunda döyüşən və onu düşmənlərdən xilas etmək istəyən mübarizlər kimi təqdim edirdi. Yazılar adətən Stalinin, onun apardığı siyasətin tərifindən başlayırdı. Müraciətlərin xeylisi Moskvaya, SSRİ rəhbərliyinə ünvanlanırdı.

Azərbaycanın Moskvaya ən çox donos göndərilən regionlardan birinə çevrilməsi məhz Bağırovun repressiyalarının daha miqyaslı və çirkin  olmasından irəli gəlirdi. Donos epidemiyası o qədər geniş yayılmışdı ki, yalnız Azərbaycan prokurorluq orqanları 1937-ci ildə 68 035 şikayət məktubu almış və 20 000 insanın işini məhkəməyə göndərmişdi. On minlərlə insan formal hüquq prosedurlarına riayət edilmədən ölümə və ya həbs düşərgələrinə məhkum olunmuşdu[33].

İş o yerə çatmışdı ki, Azərbaycandan çox böyük sayda şikayətin getməsi SSRİ-nin rəhbərlərindən Molotovun da diqqətini çəkmişdi. 1938-ci il aprelin sonunda Bağırov Molotovdan rəsmi məktub almışdı. Həmin məktubda yalnız 1937-ci ilin ikinci yarısında Azərbaycandan 1477, 1938-ci ilin ilk üç ayında isə 699 şikayət məktubunun alındığı yazılmışdı.[34] Molotov Bakıya göndərdiyi məktubda istehza ilə Azərbaycanda ayrıca donos nazirliyinin fəaliyyət göstərib, göstərmədiyini soruşurdu.

1938-ci ilin yanvarında Moskvada təmizləmələrin nəticəsinin müzakirə olunduğu respublika və vilayətlərin partiya katiblərinin yığıncağında Bağırova heç bir digər bölgədən Azərbaycandan olduğu qədər şikayət gəlmədiyi bildirilmişdi. Bağırov isə öz növbəsində donos epidemiyası ilə mübarizədə yetərsiz nəzarəti bəhanə gətirmiş və qayıdandan sonra yerli büronu sərt şəkildə tənqid etmişdi.

Artıq May ayının əvvəlində Bağırov Politbüroya Azərbaycan dövlət aparatını “Moskvaya şikayət göndərməyi təşkil edən antisovet elementlərdən” təmizləməyi tapşırdı. Hökumət rəhbəri və respublika prokuroru öz aparatlarından Moskvaya şikayət göndərən xalq düşmənlərini təmizləmək haqqında göstəriş aldı. İyulda Bağırov özünü sığortalamaq üçün Molotova “şikayət göndərənlərin əksəriyyətən repressiya olunmuş iran əsilli xalq düşmənlərinin qohumları” olması və lazımi tədbirlər görülməsi haqqında hesabat verdi[35].

Amma Bağırov, həmçinin, donosçuluq əsasında həbs olunmuş bəzi repressiyaya məruz qalanları azad etmək məcburiyyətində də qaldı.

1938-ci ilin martından başlayaraq partiyadan qovulmuş, həbs olunmuş kommunistlərin rehabilitasiyasına başlanıldı və donosçular izahat verməyə çağırıldı. Baş prokuror Əlihüseynov respublika prokurorlarının yığıncağında bildirdi ki, 1938-ci ildən başlayaraq kompromat materiallara əsasən 402 kolxoz sədri və 1075 kolxozçu həbs olunub[36].

Həmçinin ölkədə 1937-ci ildə donosa əsaslanaraq 131 prokuror həbs olunmuşdu. 1938-ci ildə 100 iş yenidən yoxlanılmış və 22 prokuror işə bərpa olunaraq, 14 iftiraçı isə həbs edilmişdi[37].

Ümumən, Azərbaycan prokurorluğu Molotovun tələbindən sonra ona hesabat verirdi ki, 1938-ci ilin birinci ayında 15 000 əsassız həbs olunmuş insan həbsdən azad edilib, yüzlərlə donosçu isə bunun əksinə həbs olunub[38].

Moskva çox məharətli oyun oynayırdı; repressiyaları başladır, onların şiddətli olması üçün sərt bir adamı respublikaya rəhbər təyin edir, işini rahat görməsi üçün ona tam səlahiyyət verir, bilərəkdən nəzarətdən kənar qoyur, sonra da Bağırovun özünü şiddətdə, həddini aşmaqda günahlandırmaq üçün əsas yaradırdı. Bir növ Moskva Bağırovla müqayisədə özünün daha mərhəmətli olması görüntüsünü yaradırdı.

Gələcəkdə məhz belə də olacaqdı. SSRİ prokuroru Bağırovu həmçinin 10 minlərlə azərbaycanlını məhv etməkdə günahlandıracaq, Bağırov isə “məni etdiklərimə görə şaqqalamaq da azdır”cavabı[39] verəcəkdi.

İstinadlar

[1] Xəlilov A. Azərbaycan SSR-in partiya və məhkəmə-istintaq orqanlarının rəhbərliyi kütləvi repressiyalara hazırlıq dövründə (1933-1936-cı illər) http://az.strategiya.az/old/?m=xeber&id=11256

[2] Исмаилов, Эльдар, Очерки по истории Азербайджана. (Баку,2010) с.294-305

[3] Исмаилов. Э. Очерки по истории Азербайджана. с.294-305

[4]Blauvelt, Timothy., “March of the chekists: Beria’s secret police patronage network and Soviet crypto-politics, Communist and Post-Communist Studies no 44 (1), (2011) pp.73-88

[5] Xəlilov A. Azərbaycan SSR-in partiya və məhkəmə-istintaq orqanlarının rəhbərliyi kütləvi repressiyalara hazırlıq dövründə (1933-1936-cı illər) http://az.strategiya.az/old/?m=xeber&id=11256

[6] Xəlilov A. Azərbaycan SSR-in partiya və məhkəmə-istintaq orqanlarının rəhbərliyi kütləvi repressiyalara hazırlıq dövründə (1933-1936-cı illər) http://az.strategiya.az/old/?m=xeber&id=11256

[7]Xəlilov A. Azərbaycan SSR-in partiya və məhkəmə-istintaq orqanlarının rəhbərliyi kütləvi repressiyalara hazırlıq dövründə (1933-1936-cı illər) http://az.strategiya.az/old/?m=xeber&id=11256

[8]Эндрю К. и  Гордиевский  О. КГБ. История внешнеполитических операций от Ленина до Горбачева.М.: “Nota   Bene”, 1992,655 с.

[9] Xəlilov A. Azərbaycan SSR-in partiya və məhkəmə-istintaq orqanlarının rəhbərliyi kütləvi repressiyalara hazırlıq dövründə (1933-1936-cı illər) http://az.strategiya.az/old/?m=xeber&id=11256

[10] «Как Азербайджан пережил «большой террор»”. Интервью с Эльдаром Исмайловым

http://www.1news.az/interview/20070809122026379.html

[11] Xəlilov A. Azərbaycan SSR-in partiya və məhkəmə-istintaq orqanlarının rəhbərliyi kütləvi repressiyalara hazırlıq dövründə (1933-1936-cı illər) http://az.strategiya.az/old/?m=xeber&id=11256

[12]Исмаилов, Эльдар, История «Большого террора» в Азербайджане. —М.Политическая энциклопедия, 2015. —239 с. s. 128-129

[13]Ismailov, Eldar. “Soviet State Terrorism in Azerbaijan” The Caucasus and Globalization V.4. 2010. P.163-172

[14] https://www.litres.ru/lavrentiy-beriya/stalin-missiya-nkvd/chitat-onlayn/page-3/

[15] Баберовски. Йорг. “Враг есть везде. Сталинизм на Кавказе” ([пер. с нем. В.Т.Алтухова]. — М.: Российская политическая энциклопедия (РОССПЭН); Фонд «Президентский центр Б.Н.Ельцина», 2010.)  p.761

[16]Баберовски, “Враг есть везде. Сталинизм на Кавказе” p.761

[17] Баберовски, “Враг есть везде. Сталинизм на Кавказе” p.762

[18] Professor Cəmil Həsənli ilə məsləhətləşmə (elektron poçtla)

[19] Баберовски, “Враг есть везде. Сталинизм на Кавказе” p.763

[20]Ismailov, Soviet “State Terrorism in Azerbaijan” P.167

[21]Баберовски, “Враг есть везде. Сталинизм на Кавказе” p.777

[22] Исмаилов, Очерки по истории Азербайджана. с.294-305

[23] Исмаилов, Очерки по истории Азербайджана. с.294-305

[24]Баберовски, “Враг есть везде. Сталинизм на Кавказе” p.776

[25]Ismailov,“Soviet State Terrorism in Azerbaijan” P.167-168

[26]Ismailov, “Soviet State Terrorism in Azerbaijan” P.168

[27]Исмаилов, Очерки по истории Азербайджана. с.294-305

[28]Баберовски, “Враг есть везде. Сталинизм на Кавказе” p.739-42

[29]Марк Юнге, Геннадий Бордюгов, Рольф Биннер. Вертикаль большого террора. История операции по приказу НКВД №00447. 2008.M. — С. 71-72

[30]Ismailov, Soviet “State Terrorism in Azerbaijan” P.167

[31]Xəlilov A. Azərbaycan SSR-in partiya və məhkəmə-istintaq orqanlarının rəhbərliyi kütləvi repressiyalara hazırlıq dövründə (1933-1936-cı illər) http://az.strategiya.az/old/?m=xeber&id=11256

[32]Ismailov, “Soviet State Terrorism in Azerbaijan”P.167

[33]Баберовски, “Враг есть везде. Сталинизм на Кавказе” p.788

[34]Баберовски, “Враг есть везде. Сталинизм на Кавказе” p.787

[35]Баберовски, “Враг есть везде. Сталинизм на Кавказе” p.789

[36] Баберовски, “Враг есть везде. Сталинизм на Кавказе” p.788

[37] Баберовски, “Враг есть везде. Сталинизм на Кавказе” p.788

[38] Баберовски, “Враг есть везде. Сталинизм на Кавказе” p.789

[39]Mir Cəfər Bağırovun məhkəməsi [Mətn] : arxiv materialları /tərtibçi . N. Rüstəmli, T. Alıyev ; tərc. ed. N. Rüstəmli s.115

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.