Əhalinin yığımlarında, nominal və real gəlirlərində baş verən dəyişikliklər

Ev təsərrüfatı gəlirlərinin dinamikasında və strukturunda müşahidə olunan əsas trendlərin müntəzəm izlənməsi əhalinin həyat səviyyəsindəki real dəyişikliklərin dəyərləndirilməsi baxımından çox mühümdür. Xüsusilə də, böyük neft pullarının daxil olduğu 2005-2014-cü illər və iqtisadiyyatda dərin böhran meyllərinin hökm sürdüyü, neftin kəskin ucuzlaşması nəticəsində hökumətin maliyyə imkanlarının məhdudlaşdığı 2015-2017-ci illər üzrə müqayisəli təhlilin aparılması ölkəmizdə bu məsələyə aydınlıq gətirilməsi üçün olduqca vacibdir.     

Nominal və real gəlirərin dinamikası

Əhalinin nominal gəlirləri pul ifadəsində əldə olunan qazanclardır, real gəlirlər isə inflyasiyanın təsiri nəzərə alınmaqla nominal qazanclar hesabına əldə edilən mal və xidmət dəstinin həcmidir.

Əhalinin nominal və real gəlirlərinin, inflyasiyanın dinamikası

Diaqram aydın göstərir ki, 2005-2013-cü illərdə əhalinin nominal gəlirlərinin artım tempi kifayət qədər yüksək olub və 7.4%-22.2% intervalında dəyişib. Həmin zaman kəsiyində inflyasiyanın aşağı (bir rəqəmli) olması əhalinin real gəlirlərinin də artımını təmin edib. Belə ki, 2005-2013-cü illərdə əhalinin real gəlirlərinin artımının ən aşağı səviyyəsi 5%, ən yüksək həddi 12.6% olub.

Lakin 2014-ci ilin ikinci yarısından dünya bazarlarında xam neftin kəskin ucuzlaşması resurslardan yüksək asılılığı olan Azərbaycanda bütün iqtisadi göstəricilərə, o cümlədən ev təsərrüfatlarının real gəlirlərinin azalmasına təsir göstərdi. Rəsmi statistika 2014-ci ildə əhalinin nominal və real gəlirlərinin artım tempini əvvəlki 10 ilin ən aşağı göstəriciləri kimi qeydə almışdı – nominal gəlirlərin artımı 5.1%, real gəlirlərin artımı 3.7% təşkil etmişdi.

2016-2017-ci illərdə isə inflyasiyanın ikirəqəmli olması və əhalinin nominal gəlirlərinin artım tempini üstələməsi axır 20 ilə yaxın bir dövrdə ilk dəfə real gəlirlərin azalmasına səbəb oldu. Son iki ildə inflyasinın 12.5-13%-lik səviyyəsi müqabilində nominal gəlirlərin 8.3-8.7% həddində artımı əhalinin real gəlirlərinin 2016-cı ildə 3.7%, 2017-ci ildə isə 4.7% azalması ilə nəticələndi.    

Əhalinin gəlirlərinin strukturunda baş verən dəyişikliklər

2005-ci ildən sonrakı dövrü götürsək, bu zaman kəsiyində əhalinin gəlirlərinin strukturunda baş verən əsas dəyişiklik kimi əmək gəlirlərinin payının azaldığını qeyd edə bilərik.

Əhali gəlirlərinin strukturunda baş verən dəyişikliklərin dinamikası

Diaqramdan göründüyü kimi, 2005-ci ildən sonra əmək haqqı gəlirlərinin əhalinin ümumi gəlirində payı davamlı şəkildə azalaraq 12 il ərzində 36.6%-dən 24.6%-ə enib. Müxtəlif ölkələrin analoji statistikalarının analizi göstərir ki, inkişaf etmiş ölkələrdə əhalinin gəlirlərinin ən azı 60-65%-ni məhz əmək haqqı gəlirləri təşkil edir. Azərbaycanda bu göstəricinin inkişaf etmiş ölkələrdən orta hesabla 2-2.5 dəfə geri qalması muzdlu əməyin tətbiq sferasının son dərəcə məhdud olması və əmək haqqı səviyyəsinin əlavə dəyərdə payının kəskin azlığı ilə bağlıdır.

Oxşar tendensiya əhaliyə çatan cari transfertlərə münasibətdə də müşahidə olunub. Milli hesablar sistemi üzrə beynəlxalq standartlara görə, “ev təsərrüfatlarına çatan cari transfertlər” dedikdə əhalinin sosial müdafiəsinin təşkili ilə bağlı ən müxtəlif ödənişlər (pensiyalar, sosial müavinətlər və sosial müdafiə sistemi ilə bağlı digər natural və pul ödəmələri) nəzərdə tutulur. Əgər 2005-ci ildə cari transfertlər üzrə ödənişlərin əhalinin ümumi gəlirlərində payı 20.7% idisə, 2017-ci ildə bu göstərici 11.3%-ə düşüb.

Rəsmi statistikaya görə, əhalinin gəlirlərinin əsas hissəsi (təxminən 60%-i) sahibkarlıq fəaliyyəti hesabına formalaşır. 2005-ci ildə bu mənbə ev təsərrüfatı gəlirlərinin 42.6%-ni təşkil etdiyi halda, 2017-ci ildə analoji göstərici 62.9%-ə yüksəlib. Müxtləlif ölkələrdə əhalinin gəlirləri üzrə buna bənzər statistikanın araşdırılması göstərir ki, bazar münasibətlərinin və sahibkarlığın yüksək inkişaf yolu keçdiyi qabaqcıl ölkələrdə sahibkarlıq gəlirlərinin ev təsərrüfatlarının ümumi gəlirlərində payı 10-15%-dən yüksək deyil. Azərbaycanda bu göstəricinin inkişaf etmiş ölkələrlə müqayisədə 3-4 dəfə yüksək olması milli hesablar sistemi vasitəsilə “qarışıq gəlirlər”in dəqiq uçota alınmaması, rəsmi məşğulluq səviyyəsinin aşağı, qeyri-leqal muzdlu əmək sferasının isə yüksək olması ilə bağlıdır.

Nəhayət, mülkiyyətdən gəlirlərin əhalinin ümumi gəlirindəki payında artım müşahidə olunub. Milli hesablar sistemi üzrə beynəlxalq statistikaya görə, əhalinin mülkiyyətdən gəlirlərinə maliyyə aktivlərindən əldə olunan qazancları daxildir. Bura depozitlər, səhmlər, borc kağızları üzrə faiz gəlirləri, dividendlər və s. aiddir. 2005-2014-cü illərdə bu mənbədən gələn gəlirlərin ümumi gəlirdə xüsusi çəkisi 0.08%-dən 3.1%-ə yüksəlsə də, 2015-ci ildən həmin göstəricidə azalma baş verib və artıq 2017-ci ildə bu göstərici 1.84%-ə düşüb.

Bu azalmaya iki əsas amil səbəb olub:

1) ev təsərrüfatlarının banklardakı depozitlərinin azalması

Doğrudan da, 2015-ci illə müqayisədə 2017-ci ildə ev təsərrüfatlarının depozitləri 20.2% və ya 1.9 milyard manat azalıb;

2) devalvasiya nəticəsində milli valyutanın kəskin ucuzlaşması üzündən əhalinin daha aşağı faizlə (2-3%) xarici valyutada depozit yerləşdirməyə məcbur olması

Həqiqətən, 2014-ci ildə əhalinin depozitlərinin təxminən 62%-i manatla saxlandığı halda, 2017-ci ildə bu göstərici 33%-ə enib. Başqa sözlə, devalvasiyadan öncə hər 100 manat depozitin 62 manatı, 2017-ci ildə isə 33 manatı 10% və ya daha yüksək faizlə depozit kimi saxlanıb.       

Əhali yığımlarında baş verən əsas dəyişikliklər

Əhalinin real gəlirləri azalırsa, ev təsərrüfatlarının qənaətinin də azalması qaçılmazdır. Milli hesablar statistikasına görə, ev təsərrüfatlarının qənaəti o zaman formalaşır ki, əhalinin sərəncamında qalan gəlirlər (vergi və digər icbari ödənişlərdən sonra əhaliyə qalan vəsaitlər) son istehlak xərclərini üstələyir. Əgər ev təsərrüfatının qənaət potensialı varsa, demək, qənaət olunan vəsait hesabına həm maliyyə, həm də qeyri-maliyyə aktivlərini artırmaq imkanı da var. Maliyyə aktivlərinə qiymətli daşlara, depozitlərə, səhm və borc kağızlarına, investisiya və pensiya fondlarına yatırımlar daxildir. Qeyri-maliyyə aktivləri dedikdə əsasən daşınmaz əmlak və avtomobilə yatırımlar nəzərdə tutulur.

Qənaətlərin dinamikası ilə bağlı Azərbayanın rəsmi statistik mənbələrində bir-birinə zidd iki müxtəlif statistika var. Əhalinin həyat səviyyəsi ilə bağlı statistikaya görə, devalvasiya nəticəsində və ucuz neft dövründə əhalinin qənaətlərində, həmçinin maliyyə və qeyri-maliyyə aktivləri üzrə yığımlarında azalma olsa da, qənaəti müəyyən səviyyədə qorumaq və onun hesabına yığımları təmin etmək mümkün olub.

Əhalinin qənaət və yğımlarının həcmində baş verən dəyişikliklər

Əhalinin həyat səviyyəsi üzrə statistik məlumatlar əsasında hazırlanmış bu diaqramdan göründüyü kimi, 2005-2012-ci illərdə əhalinin qənaətlərinin həcmi çox sürətlə artıb və illik qənaət səviyyəsi 1.555 milyard manatdan 10.205 milyard manata yüksəlib.

Yuxarıda təqdim olunan məlumatlardan göründüyü kimi, həmin zaman intervalında inflyasiya aşağı, nominal gəlirlərin artım tempi isə yüksək həddə olduğundan qənaətlərin həcmi də böyük olub. Lakin sonrakı mərhələdə, xüsusən 2015-2017-ci illərdə qənaətlərin həcmi əhəmiyyətli dərəcədə azalıb. Məsələn, 2017-ci il üzrə qənaətlərin məbləği (4 milyard manat) bu göstərici üzrə ən pik səviyyəsinin qeydə alındığı 2012-ci ilə (10.2 milyard manat) nisbətən təxminən 2.5 dəfə azdır. Eyni zamanda, 2005-2012-ci illərdə əhalinin qənaətləri hesabına maliyyə yığımları 1.077 milyard manatdan 8.6 milyard manata yüksəlsə də, 2017-ci ildə həmin göstərici pik səviyyəyə nisbətən 3.5 dəfə azalaraq 2.7 milyard manata enib. Maliyyə yığımlarının azalması prosesi 2014-cü ildən sonra daha sürətli gedib.

Qeyri-maliyyə aktivləri üzrə əhali yığımlarında daha mötədil azalma baş verib. 2005-2014-cü ildə bu yığımlar 5 dəfəyə yaxın genişlənərək 2.2 milyard manata çatsa da, 2017-ci ildə 939 milyon manat (41%) azalaraq 1.3 milyard manata düşüb.

Bu statistikadan görünən daha bir maraqlı məqam odur ki, əhalinin qənaətlərdən istifadəsində həmişə maliyyə yığımları dominantlıq təşkil edib. 2010-2013-cü illərdə qənaətlərin 80-87%-i, 2014-2017-ci illərdə isə 67-75%-i məhz maliyyə alətlərinə yatırılıb.

Lakin milli hesablar statistikası ortaya daha fərqli göstəricilər çıxarır. Milli hesablarla bağlı hələlik açıqlanan ən son statistika milli valyutanın kəskin şəkildə dəyərsizləşdiyi və xam neftin qiymətinin əvvəlki dövrlə müqayisədə 2 dəfədən çox ucuzlaşdığı 2015-ci ilə aiddir. Milli hesablar statistikasına görə, 2015-ci ildə ev təsərrüfatlarının son istehlak xərcləri sərəncamda qalan gəlirlərini 705 milyon manat üstələyib və qənaət statistik uçota mənfi işarə ilə daxil edilib. Milli hesablar üzrə beynəlxalq statistikanın tələbinə görə, qənaətin mənfi işarə ilə qeydə alınması o deməkdir ki, əhali həmin zaman kəsiyində nəinki yığım imkanını itirib, hətta son istehlak xərclərini və icbari öhdəliklərini qarşılamaq üçün ya əvvəlki il üzrə yığımlarından istifadə etməli olub, ya da borclanmaya məcbur qalıb. Əslində, rəsmi statistikadan görünür ki, əhalinin nominal gəlirlərinin artım tempinin inflyasiyanın artım tempindən geri qalması nəticəsində real gəlirlərin azalması qənaət imkanını aradan qaldırır. Bir sözlə, alternativ və müstəqil ölçmələrin olmadığı şəraitdə neft gəlirlərinin azalmasının və devalvasiyanın əhalinin gəlirlərinə təsirini real əks etdirən yeganə mənbə hələlik milli hesablar statistikasıdır…