2012-ci ildə “Azərbaycan 2020: Gələcəyə baxış inkişaf strategiyası” təsdiq edildi. İqtisadi inkişaf baxımından 8 il orta müddətdir, lakin bu müddət ərzində belə qoyulmuş hədəflərin demək olar ki, heç birinə çatılmayıb. Məsələn, hazırda Azərbaycanın Ümumi Daxili Məhsulu 2012-ci ildəkindən 30% aşağıdır. Diversifikasiya mənasında marjinal irəliləyiş olsa da, onun bir hissəsi statistik definisiyaların dəyişdirilməsi hesabına “baş verib” (məsələn, bir sıra neftlə əlaqəli kimyəvi emal sahələri qeyri-neft sektoru olaraq müəyyən edilib). 2020-ci ildən gələcəyə baxdıqda Azərbaycan iqtisadiyyatı iki böyük risklə üzləşir: neft gəlirlərinin (uzun müddətdə) kəskin azalması və iqlim dəyişkənliyinin fəsadlarının post-neft iqtisadiyyatına təsiri. Bu essedə neft asılılığının yaratdığı bir sıra səciyyəvi xüsusiyyətlərin nəticələrinin post-neft iqtisadiyyatının iqlim dəyişikliyinin təsiri fonunda inkişafına idarəetmə baxımından hansı çətinliklər yaradacağını, bu çətinliklərin aradan qaldırılması üçün hansı uzunmüddətli strategiyanın hazırlanmasının vacib olduğu sualına cavab verməyə çalışacağıq.

Neftin sürətlə əhəmiyyətsizləşməsi və uzunmüddətli dövrdə neft gəlirlərinin kəskin azalması Azərbaycanın yaxın onilliklərdə iqtisadi inkişafına təhlükə yaradır. Post-neft dövründə iqtisadi tənəzzülün fəsadlarını idarə etmək üçün Azərbaycanda inkişafı prioritetləşdirilməli olan sahə kənd təsərrüfatı olmalıdır. Lakin kənd təsərrüfatı (eləcə də turizm) yaxın onilliklərdə iqlim dəyişikliyinin bir sıra fəsadları ilə üzləşəcək ki, bu da həmin sahələrin dayanıqlı inkişafına təhlükə törədəcək. Azərbaycan hökuməti ölkənin uzunmüddətli inkişafına fundamental təhlükə törədən bu iki riski idarə edmək üçün gecikib, bugünə qədər atılan addımlar isə xaotikdir, strateji deyil. Bu iki amilin törədəcəyi iqtisadi və sosial fəsadların aradan qaldırılması üçün neftdən asılı iqtisadiyyatlara səciyyəvi olaraq Azərbaycan iqtisadiyyatının bir sıra xüsusiyyətlərini nəzərə alan uzunmüddətli inkişaf strategiyası hazırlanmalıdır. Yuxarıdakı faktorları nəzərə alaraq ən pis ssenarinin reallaşma ehtimalı böyük olduğundan, hökumət bu ssenariyə uyğun siyasət həyata keçirməlidir.

Yuxarıdakı iddialarımızı əsaslandırmaq məqsədi ilə əvvəlcə neft gəlirlərinin azalacağını izah edir, sonra isə neftdən asılılığın yaratdığı bir qrup iqtisadi və institusional vəziyyəti təqdim edirik. Üçüncü hissədə neft gəlirlərinin uzun müddət azalacağı fonunda kənd təsərrüfatının hansı səbəblərdən prioritet sahəyə çevrilməli olduğunu göstəririk. Dördüncü hissədə iqlim dəyişikliyinin gözlənilən fəsadlarının kənd təsərrüfatı (həmçinin turizm) kimi prioritetləşdiriləcək sahələrə göstərəcəyi təsirləri müəyyən edirik. Beşinci hissədə xam neft ixracından asılılığın bu təsirlərin aradan qaldırılması üçün lazım olan adaptasiyalara yaratdığı çətinlikləri, altıncı hissədə isə bu çətinlikləri aradan qaldırmaq üçün Azərbaycan hökumətinin icra etdiyi və etməli olduğu inkişaf strategiyasını müzakirə edirik.

Bu essenin sahəsi siyasi iqtisaddır, siyasət deyil. Essenin yazılmasında statistik məlumatlardan və akademik mənbələrdən istifadə edilib. Kənd təsərrüfatı, yaxud iqlim mütəxəssisi olmadığımızdan bu sahədə təqdim etidiyimiz məlumatlar akademik araşdırmalara əsaslanır. Essedə dövlət, hakimiyyət və hökumət terminləri qarşılıqlı istifadə olunur və eyni məna daşıyır.

Neftdən asılılıq və gəlirlərinin azalması 

Azərbaycan iqtisadiyyatı əmtəə və xidmətlərin uzunmüddətli istehsalı baxımından bir sıra çətinliklərlə üzləşir.

Birincisi, neft gəlirləri azalır; iqtisadi artımın böyük hissəsini əhatə edən neft istehsalı və nəticədə ixracının – beləliklə, gözlənilən gəlirlərin – növbəti 20 ildə tədricən azalması qaçılmazdır.[1]

Şəkil 1-ə baxarkən Azərbaycanda iqtisadi artımın 2011-ci ildən bu ilə qədər illik artım faizini görərik. Artım trendi göstərir ki, 2010-cü ildən başlayaraq ÜDM-in artım faizi azalmaqdadır və neftin qiymət proqnozlarını[2] və Azərbaycanda neft istehsalının ildən ilə azaldığını, tükənməyə doğru getdiyini nəzərə alsaq,[3] əminliklə iddia etmək olar ki, 2006-2008-ci illər arasında ölkədə baş verən iqtisadi artım artıq bir daha baş verməyəcək.

Şəkil 1: İqtisadi artım, faizlə, hər əvvəlki ilə nisbətən

Əgər ÜDM-in ümumi illik səviyyəsinə nəzər salsaq (şəkil 2), o zaman bu trendin Azərbaycan bazar iqtisadiyyatı tarixində analoqu olmayan bir dövrün artıq başa çatdığını təsdiqlədiyini qəbul edə bilərik. Gördüyümüz kimi, 2015-ci illərdə 70 milyard ABŞ dollarına yaxınlaşan illik ÜDM 2015-ci ildən sonra 40 milyard ABŞ dolları ətrafına düşüb.

Şəkil 2: ÜDM illik artım səviyyəsi

Bu enişin səbəbi 2014-cü ildən başlayaraq neft qiymətlərinin iki dəfədən artıq azalmasıdır. Bu səbəbin təsirini daha aydın anlamaq üçün 3-cü şəkilə diqqət yetirək.

Şəkil 3: 2016-2019-cu illərdə rüblük iqtisadi artım, faizlə, əvvəlki ilə nəzərən

Gördüyümüz kimi, bütün göstərilmiş üç illik dövr ərzində Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatının sağlam inkişafı üçün zəruri hesab olunan nominal (inflyasiyanı nəzərə alan) 3% artımın altında olub. Bəs, neft qiymətlərinin azalması Azərbaycanın ümumi daxili məhsulunun azalmasına niyə bu qədər kəskin təsir etdi? Bu sualın cavabını anlamaq üçün iqtisadiyyatımızın neft qiymətlərindən asılılıq dərəcəsini müşahidə etməliyik. Bunun üçün bizə 4-cü şəkil kömək edəcək.

Şəkil 4: ÜDM-in tərkibi

Qrafikdən göründüyü kimi, son 10 il ərzində xidmət sektorunun payı ÜDM-də nisbətən artsa da, ümumilikdə kənd təsərrüfatı sektory 5-6%, sənaye 40-60%, xidmət sektoru isə 20-30% arasında dəyişib. İlk baxışdan ÜDM-in bu formada təsnifatı normal görünür. İqtsiadiyyatın xarici bazarların təsirlərinə kəskin reaksiya verməsinin səbəblərini anlamaq üçün ÜDM-in tərkibindəki komponentləri – sənaye və xidmət sektorlarının kompozisiyasını görməliyik.

Şəkil 5: Sənaye sahələrinin ümumi buraxılışı, cari qiymətlərlə

Şəkil 5 bizə ÜDM-in tərkibindəki sənaye istehsalının tərkibini 2005-2016-cı illər üçün manatla göstərir. Bu, sahə qrafikidir. Göy rəngdə gördüyünüz hissə mədənçıxarma sənayesi olaraq təsniflənib. Bu, neft, qaz və müəyyən miqdarda xam metal istehsalıdır. Sarı rənglənmiş sahə neft və qaz sektoruna birbaşa bağlı olan elektrik enerjisi istehsalı, qaz istehsalı və enerji paylanmasından əldə edilən dəyəri ifadə edir. Bənövşəyi rənglənmiş sahə isə eyni dövr üçün emal sənayesində istehsal olunmuş dəyəri göstərir. Emal sənayesi ümumi ifadə olduğundan, bu sənayenin də tərkibinə baxmaq faydalı olardı. Şəkil 6-da eyni illər üzrə emal sənayesinin tərkibinə nəzər salsaq, görərik ki, iki ən böyük sahə – neft məhsullarının istehsalı (yaşıl) və qida məshsullarının istehsalını (narıncı) əhatə edir. Biz hər iki sahənin neftə bağlı iqtisadiyyatımızın inkişafı dövründə artdığını müşahidə edə bilərik.

Şəkil 6: Emal sənayesində illik ümumi sektorial buraxılış, milyon manatla

Emal sənayesinin tərkibi barədə daha aydın təsəvvürümüzün olması üçün 2016-cı ilin bölgüsünə baxsaq (şəkil 7), yenə də qrafikin böyük bir hissəsinin neft və qida məhsulları istehsalından ibarət olduğunu görürük. Biz neft istehsalına bağlı digər sahələrin də – məsələn, kimya sənayesi və rezin istehsalı – emal sənayesindəki payına diqqət yetirsək, bu zaman hidro-karbon resurslarından asılı olan sənayenin ümumi emalda daha böyük paya sahib olduğunu görə bilərik.

Şəkil 7: Emal sahəsində ümumi buraxılışın sektorial bölgüsü

Əgər biz sənayedə yaradılmış ümumi əlavə dəyərin – yəni sırf Azərbaycanda yaradılmış dəyərin hansı sənaye sahələri tərəfindən yaradılmasına (şəkil 8) və bu dəyərin hər bir sahə üzrə ÜDM-dəki faizlə ifadə olunmuş payına nəzər salsaq (şəkil 9), mədənçıxarmanın – yəni, əsasən neft-qaz sektorunun payının daha da artığını, son illər neft qiymətlərinin azalması ilə əlaqədar bütün sənayenin ÜDM-dəki payının azaldığını (bax: şəkil 9) görə bilərik.

Şəkil 8: Sənaye sahələrində yaradılmış əlavə dəyər

Şəkil 9: Sənayedə yaradılmış əlavə dəyərin ÜDM-də faizlə çəkisi, hər il üçün cari qiymətlərlə

Beləliklə, yuxarıdakı təqdim olunmuş qrafiklərdən göründüyü kimi, əsasən neft-qaz sektorundan ibarət olan emal sənayesilə mədənçıxarma sənayesi birlikdə ÜDM-in 50%-ı əhatə edən sənayedə yaradılmış dəyəri müəyyən etdiyini görə bilərik. Buraya hətta tikinti sektorunu əlavə etsək vəziyyət çox da dəyişməyəcək (şəkil 10).

Şəkil 10: Iqtisadi fəaliyyət növləri üzrə sənaye sahəsində ÜDM istehsalı

Növbəti qrafikdə ÜDM-in 2016-cı il üçün 38%-i əhatə edən xidmət sektorunun tərkibindəki sahələri görə bilərik (şəkil 11).

Şəkil 11: Xidmət sahəsində iqtsiadi fəaliyyət növləri üzrə illik ÜDM istehsalı

Bu sahələrin əsasən ticarət, nəqliyyat vasitələrinin təmiri, maliyyə-sığorta fəaliyyəti, dövlət büdcəsindən maliyyələşən xidmətlər, daşınmaz əmlak, nəqliyyat və səhiyyə xidmətlərini əhatə etdiyini görə bilərik. Makroiqtisadi nəzəriyyədən məlumdur ki, sadə ifadə etsək, xidmət sektorunda yaradılmış əlavə dəyər əsasən gəlirin yenidən bölüşdürülməsini, yəni sənayedə yaradılmış əlavə dəyərin iqtisadiyyatın digər xidmət sahələrinə paylanmasını ifadə edir.[4]

Qalır kənd təəsərrüfatı (bax: şəkil 10). İqtisadi artımda payının ən az olmasına baxmayaraq, qrafikdən aydın görünür ki, neft-qaz və əlaqəli sahələri çıxsaq, kənd təsərrüfatı qalan ən böyük sahə olacaq və son illərdə bu sahənin, neft qiymətlərinin düşməsi və iqtisadiyyatımızın üzləşdiyi iqtisadi böhrandan sonra, AZN-in dəyərsizləşməsi nəticəsində, daha böyük paya sahib olduğunu görə bilərik.

Digər tərəfdən, Azərbaycanda neft hasilatının əsas təminatçısı olan BP şirkəti 2050-ci ildə neft istehsalını tamamilə alternativ enerji mənbələri ilə əvəzləyəcəyini bəyan edib.[5] McKinsey qlobal neft tələbinin 2025-dən sonra stabilləşəcəyi və növbəti 10 ildə azalacağını proqnozlaşdırır.[6] Eyni zamanda, qlobal neft istehsalının yeni texnologiyaların tədbiqi nəticəsində artacağı proqnozlaşdırılır[7]. Bu isə, yenə də, neft qiymətlərinin orta və uzun müddətdə azalacağı deməkdir. Eyni zamanda, son 10 ilin neft qiymətləri və gələcəkdəki texnoloji inkişaf və qlobal iqtisadiyyatın struktural dəyişikliyi neft qiymətlərindəki dalğalanmaların 20-ci əsrin ikinci yarısına nəzərən getdikcə daha dəyişkən, həmçinin, bu dəyişkənliyin daha kəskin olacağını göstərir. Bu iki məsələ – neft qiymətlərindəki dəyişikliklərin daha dəyişkən olması – iqtisadi gəlirlərin növbəti illərdə tədricən, həmçinin qeyri-stabil formada azalacağını göstərir.

Azərbaycanda neft hasilatının perspektivi, yaxın 10 ildə, müsbət görünmür. Eyni zamanda, neft qiymətlərinin inkişaf tendensiyası onu deməyə əsas verir ki, qlobal neft tələbinin artımı sürətlə azalmaqdadır.[8] Nəzərə alsaq ki, bu artımın azalmasının fərqində olan neft şirkətləri həm bazarda mövqelərini qorumaq, həm də neft dövrünün bitməsinə qədər mümkün qədər çox mənfəət əldə etmək üçün istehsalı daha da artırmaqda maraqlıdırlar,[9] yaxın 10 ildə neft qiymətlərinin orta illik 40-45$ üzərində olması real görünmür. Bu, ən yaxşı ehtimal hesab edilir.

 

Neft asılılığının fəsadları

Neft iqtisadiyyatı sosial, siyasi və iqtisadi inkişaf baxımından bir sıra səciyyəvi xüsusiyyətlər formalaşdırır. Təəccüblü deyil ki, mürəkkəb institusional inkişafın və effektiv iqtisadi siyasətin olduğu Norveç kimi ölkələrdə belə qeyri-neft sektorunun diversifikasiyası, ən yaxşı halda, qismən uğurlu olub.[10] Digər bütün təbii-resurs ölkələri diversifikasiya baxımından dəfələrlə geridədirlər. Neftin xam hasilatı və ixracı müəyyən siyasi-makroiqtisadi münasibətləri şərtləndirir ki, bu da qeyri-neft sektorunun inkişafına ciddi maneə yaradır.

Ölkədə istehsal və ixrac artdıqca, əhalinin alıcılıq qabiliyyəti də artır (varlanır), ölkənin milli valyutasına yerli və beynəlxalq bazarda tələb artır, nəticədə valyutanın dəyəri artır. Bu artım, öz növbəsində, ölkə əhalisinin xaricə nisbətən (idxal baxımından) alıcılıq qabiliyyətini daha da gücləndirir. Ölkənin istehsal və ixracı çoxşaxəli olduqda, həm gəlirin əhali arasında paylanması, həm də sənayenin beynəlxalq tələbə həssaslığı baxımından inkişaf daha dayanıqlı olur. İstehsal və ixracının bir və ya azsaylı resursdan asılı olduğu ölkələrdə isə, xüsusən iqtisadiyyatı əhali sayı baxımından kiçikdirsə, ölkənin istehsal və ixrac etdiyi məhsul və xidmətlərə beynəlxalq tələb, bu məhsul və xidmətlərin qiymətləri iqtisadi inkişafı daha dayanıqsız edir.

Bu dayanıqsızlığın bir sıra xüsusiyyətləri var. Bunlardan ən təsirlisi Holland sindromudur. Holland sindromu ÜDM artıqca ölkənin valyutasının sürətlə dəyərlənməsi səbəbindən inkişafdan nisbətən geri qalan sənaye və xidmət sahələrinin rəqabətlilyinin azalmasıdır. Sürətlə və çox dəyərlənmiş valyuta ölkənin ixracını xaricilər üçün bahalaşıdırır, idxalı isə ucuzlaşdırır. Buna görə də yerli istehsalçılar daxili və xarici bazarda rəqabətliliyi itirirlər. Onların məhsulları daha baha başa gəlir, nəticədə, sıradan çıxır. İqtisadiyyat çoxşaxəli olanda, belə problem yaranmır. İqtisadiyyat bir resursdan asılı olanda, digər bütün sektorlar qısa müddətdə sıradan çıxır. Digər sektorların rəqabətliliyinin azalması uzun müddət davam edərsə, həmin sektorlarda tələb olunan bilik-bacarıqlar, infrastruktur, qanunvericilik və s.-in əhəmiyyətini itirməsi, onların da öz növbəsində sıradan çıxması, nəticə etibarilə onlara bağlı olan digər sahələrin də sıradan çıxmasına gətirib çıxarır.[11]

Həmin resursun neft olması vəziyyəti daha da qəlizləşdirir. Neft sənayesi əhalinin cüzi hissəsini işlətməklə ÜDM-in böyük hissəsini təmin etdiyinə görə, neft gəlirləri daha az sayda əhali arasında paylanır, yaxud bu gəlirlərin müxtəlif formalarda əhali arasında paylanması neft sektoruna və gəlirlərə nəzarət edən şəxslərin sərəncamında olur. Bu, öz növbəsində, güclü iqtisadi-siyasi mərkəzləşməyə, həmçinin, renta yığıcılığına, korrupsiyaya gətirib çıxarır.

Holland sindromu Azərbaycanda güclü təzahür etməkdədir və 2005-2014-cü illər arasında milli valyutanın dəyər qazanması neft ixracının artırılmasından əvvəl mövcud olan digər sahələrin xaricə ixrac, daxildə idxal rəqabətliliyini kəskin azaltdı və tezliklə neft gəlirlərinin ümumi ÜDM-dəki payının kəskin artmasına gətirib çıxardı.[12]

Qeyri-neft sektorunun inkişafdan geri qalması müvafiq olaraq iqtisadi artımın və daha geniş mənada iqtisadi inkişafın uzunmüddətli perspektivdə əsas determinantı olan təhsilin (xüsusilə elmi tədqiqatın) neft sektoru və bu sektorun şərtləndirdiyi digər münasib sahələrdən asılı olması və həmin sahələrə, gəlir baxımından daha əlverişli olduğu üçün, yönəlməsi ilə nəticələnir. (Məsələn, neft-kimya mühəndisliyi, tikinti, maliyyə və s.) Neft gəlirlərinin tikinti-infrastruktur inkişafına yönəlməsi digər ixtisaslar üzrə təhsilə müəyyən tələbat yaratsa da, bu sektorlarda əmtəə və xidmət tələbatının böyük hissəsi idxal hesabına təmin olunur. Yerli idxal əvəzləyici sənayelər isə (məsələn, sement, armatur və s. tikinti materialları və müvafiq xidmətlər təklif edən yerli şirkətlər) dəyər zənciri baxımından əsasən idxaldan asılıdır. Beləliklə, qeyri-neft sektorunun şaxəli inkişafını şərtləndirən ixtisaslar (xüsusilə peşə ixtisasları, hansı ki bunların arasına İT, kənd təsərrüfatı, yüngül və ağır sənaye daxildir, eyni zamanda digər sahələr – fizika, riyaziyyat, biologiya, kimya, fəlsəfə, iqtisadiyyat, tibb, hüquq, siyasi nəzəriyyə, sosiologiya, arxeologiya və s.) geridə qalır. Bu sahələrdə kvalifikasiyaya yiyələnmiş məzunlar əsas tələb olunan sahələrdəki məzunlardan dəfələrlə  aşağı əməkhaqqı alır, sahibkarlar dəfələrlə az gəlir əldə edirlər.[13]

Araşdırmalar göstərir ki, institusional inkişafla təbii resurslardan asılılığın azaldılması arasında düz mütənasiblik var. Təbii resurs iqtisadiyyatları, təbii resursların kəşf, istehsal və ixrac olunduğu zamanda inkişaf etmiş demokratik təsisatlara malikdirlərsə, bu zaman təbii resurs iqtisadiyyatının şərtləndirdiyi, yuxarıda sadaladığımız səbəblərin təsiri azalmış olur.[14] Lakin demokratik və sosial nəzarət təsisatlarının inkişaf etmədiyi cəmiyyətlərdə təbii resursların mənimsənilməsi əldə edilmiş gəlirlərin cəmiyyətin unzunmüddətli sosial-iqtisadi inkişafına yatırılması əvəzinə, hakimiyyətə nəzarət edən müxtəlif qrupların öz nəzarət və güclərini artırmasına yönəlmiş qısamüddətli maraqlarına xidmət edir. Nəticədə sosial və iqtisadi təsisatlar həm neft gəlirlərinin iqtisadiyyatda paylanmasında, həm də yenidən bölüşdürülməsində alətə çevrilir, korrupsiyalaşır. Bu korrusiyalaşma, birbaşa neft gəlirlərinin qısa müddətdə azalmasına təsir etməyəcək, eyni zamanda hakim elitanın hakimiyyətini təhlükə altına atmayacaq sahələri çıxmaq şərtilə, bütün digər sahələri əhatə edir. Bu cür korrupsiyalaşma petit korrupsiya deyil, təşkilatlanmış korrupsiyadır. Bu, məsələn, gəlirlərə və onların idarə olunmasına birbaşa təhlükə yaratmayan, təhsil və səhiyyə sisemi də daxil olmaqla, bütün sahələri əhatə edir.[15]

Yuxarıda sadalanan səbəblərdən, hakimiyyət onu təmsil edən formal siyasi təsisatlarla (parlament, məhkəmə sistemi, media və s.) deyil, onun üzərində nəzarəti həyata keçirməyə çalışan müxtəlif qruplaşmalar və ya bu qruplaşmalar arasında mübarizə nəticəsində təmərküzləşmiş bir qruplaşma tərəfindən təmsil olunur. İqtisadi siyasət strateji deyil, taktiki həyata keçirilir və hakimiyyət üzərində nəzarəti bölüşdürməyə çalışan maraq qruplarının  konsensusu əsasında formalaşır. Beləliklə, iqtisadi siyasət iqtisadi və siyasi risklərin idarə olunmasında aciz qalır.[16]

Sxem 1: Holland sindromunun mexanizmi

 

Kənd təsərrüfatı niyə prioritet olmalıdır?

Yaxın onilliklərdə Azərbaycanın gəlirləri və əhalinin həyat şəraiti yuxarıdakı səbəblərdən bir daha 2008-2014-cü illərdəki ilə eyni olmayacaq. Tendensiya onu göstərir ki, Azərbaycan cəmiyyəti budan sonra onilliklər ərzində əvvəlki gəlir səviyyəsinə çata bilməyəcək. Bu, müasir dövrdə iqtisadi inkişafın bütün faktorlarını, həmçinin, qarşımızda olan çətinlikləri nəzərə alsaq belə, dəyişmir. Növbəti onilliklərdə iqtisadiyyatımızın daha çox ‘sağ qalmaq’ uğrunda mübarizə aparacağını söyləyə bilərik.

Bu səbəbdən, Azərbaycan höküməti iqtisadiyyatın növbəti 10-15 il və ondan sonrakı post-neft dövründə davamlılığını təmin etməlidir. Bu təminat yalnız qeyri-neft sektoru hesabına baş verə bilər. Lakin hökümətin hansı qeyri-neft sektorunu dəstəkləməsi (əlbəttə, bir çox sahələr inkişaf edə bilər, sadəcə, hökümətin dəstək resursları limitlidir və seçim etməlidir) strateji qərar olacaq. Belə bir seçim strateji olmalıdır, iki şərtə cavab verməlidir; post-neft dövründə bizi gözləyən iqtisadi risklərin idarə olunması və iqtisadiyyatın qızıl prinsipi – müqayisəli üstünlük.

Müqayisəli üstünlük o deməkdir ki, dövlətin dəstəkləyəcəyi sahə bizim üçün ən asan inkişaf edəcək və ən çox mənfəət gətirəcək sahə olmalıdır. Məsələn, Azərbaycanda ixtiyari bir şirkət təyyarə istehsal edə bilər. Nəzəri olaraq bu mümkündür. Lakin bir təyyarə istehsal etmək üçün əgər Boeing 10 milyon dollar, Airbus 13 milyon dollar, Rusiya şirkəti 18 milyon dollar xərc çəkirsə, bizdə bu, 100 milyon dollara başa gələ bilər. Yəni, astarı üzündən baha olacaq.

Astarı üzündən baha olmayan 3 sahə düşünülə bilər, bunların hər birinə hökumət kifayət qədər sərmayə yatırmağa çalışır. Bunlar turizm, İKT və kənd təsərrüfatı sektorlarıdır.

İKT sektoru perspektivlidir, amma:

-İKT sektoru İKT təhsilinə birbaşa bağlıdır. İKT təhsilinin təşkili və onun nəticə verməsi uzunmüddətli prosesdir. Bu, əksər hallarda onilliklər çəkir və uzun müddətdə məntiqli seçim olsa da, qısa müddət üçün yaramır. Yəni, normal İKT sektoru inkişaf etdirmək üçün ölkənin məktəbəqədər hazırlıqdan tutmuş, doktorantura dərəcəsinə qədər riyaziyyat, fizika və kompüter elmləri üzrə ciddi təhsil sistemi qurulmalıdır. Bunun üçün, iradə və doğru yanaşma olsa belə (bu özü elə ən böyük məsələdir), onilliklər lazımdır.

-Bununla bərabər, qiymət rəqabətliliyi məsələsi var. Azərbaycanda İKT sektorunun beynəlxalq rəqabətliliyini təmin etmək üçün manatın dəyəri xeyli ucuzlaşmalıdır ki, yerli şirkətlər Ukrayna, Belarus və Ermənistanla müqayisədə daha ucuz xidmət təklif edə bilsinlər. Bu isə, qısamüddətli perspektivdə mümkün görünmür. Manatın bu dərəcədə ucuzlaşması yuxarıda qeyd etdiyimiz kimi, ərzaq təhlükəsizliyi başda olmaqla, bir sıra idxal əsaslı inflyasiya kimi problemlər yarada bilər.

Turizm sektorunun perspektivi çox limitlidir. Bu, həm Azərbaycandakı infrastruktur, həm resurs, həm də müqayisəli üstünlük baxımından belə görünür. Bugünə qədər turizmə yatırılmış sərmayə adətən büdcə turizmindən yan keçərək, lüks turizmə hesablanıb.[17] İnfrastruktur çatışmazlığı və strategiyanın olmaması turizm sektorunun əsas problemlərindəndir.[18] Daha genişmiqyaslı və büdcə turizmini həyata keçirmək üçün bundan sonra külli miqdarda infrastruktur və xidmət inkişafı proqramlarına sərmayə qoyulmalıdır ki, bu da səmərəli olmayacaq. Azərbaycan manatının dəyərinin bugünkü yüksək vəziyyətində, yuxarıdakı amilləri də nəzərə alaraq, Azərbaycan turizm sektoru Gürcüstan və Ermənistana uduzur. Resurs baxımından isə, əsasən Bakı və bəzi şimal regionlarının müəyyən turizm potensialı var. Bu üç səbəbdən turizm sektoru Azərbaycanda post-neft dövrünün aparıcı sənayesinə çevrilə bilməz. Turizm potensialından əsasən kənd əhalisinin məşğulluğunu artırmaq, gəlirlərini yaxşılaşdırmaq və şaxələndirmək üçün istifadə etmək mümkündür. Müqayisəli üstünlük baxımından bu gün Azərbaycan turizm sahəsində qonşu ölkələrlə rəqabət aparmaq iqtidarında deyil. (Baxmayaraq ki, turizm rəqabətliliyi indeksində onlardan çox da geridə qalmır,[19] turist saylarına və turizm infrastrukturuna baxdıqda, fərqin daha böyük olduğunu görə bilərik.) Manatın devalvasiyası şərtilə turizm sektorunun müəyyən inkişafı mümkündür, lakin bu, heç vaxt neft ÜDM-ni əvəzləyəcək səviyyəyə çata, iqtisadiyyatın yaxın gələcəkdə aparıcı sənayesi ola bilməz.

Digər sahələr, məsələn, Azərbaycanın nəqliyyat dəhlizi rolunu oynaması (şərq-qərb, cənub-şimal) ilə bağlı iddialar şişirdilib. Azərbaycan strateji olaraq əlverişsiz yerdə yerləşir. Heç bir ciddi beynəlxalq nəqliyyat dəhlizi üzərində deyil və bir-iki kiçik istisnanı çıxsaq, ümumiyyətlə, nəqliyyat dəhlizi perspektivi olmaq şansı yoxdur. Beynəlxalq ticarətin əhəmiyyətli hissəsi dənizdən aparılır. Qalan, daha kiçik hissəsi quru və hava ilə. Bunların da heç biri Azərbaycandan keçmir. Türkmənistanın qazını Avropaya satmaq Azərbaycanı beynəlxalq nəqliyyat dəhlizinə  çevirmək üçün kifayət etməyəcək.

Neft iqtisadiyyatının yaratdığı fəsadları və növbəti 10 ili nəzərdən keçirdikdə, Azərbaycanın qarşısında dayanan ən əsas məsələ ərzaq təhlükəsizliyidir. Neft qiymətlərinin kəskin düşəcəyi və bir müddət aşağı səviyyədə qalacağı halda, Azərbaycan manatının dəyəri kəskin düşməli olacaq. Bu halda, əsasən idxaldan formalaşan ərzaq səbətinin qiyməti proporsional olaraq qalxacaq. Bu, yüz minlərlə ailəni ərzaq qiymətləri inflyasiyası ilə üz-üzə qoyacaq. Azərbaycanda əhalinin böyük əksəriyyətinin 2014-cü ildən sonra gəlirlərinin getdikcə artan hissəsini ərzağa xərclədiyini fərz etsək, həmin əhali kəsimi üçün ərzaq qiymətlərinin kəskin artmasının ərzaq təhlükəsizliyi məsələsinə çevriləcəyini deyə bilərik.

Hökumətin qısa müddətdə neft böhranının təsirlərinin azaldılması, risklərinin idarə olunması üçün optimal seçimi kənd təsərrüfatıdır. Azərbaycanda təsərrüfata yararlı çoxlu torpaqlar var, nisbətən də olsa, su var (hərçənd, bu da artıq sual altındadır), müvafiq iqlim var. Başqa heç nə. Azərbaycanda hər hansı ciddi sənaye qurmaq üçün heç bir təhsil infrastrukturu yoxdur. Peşə təhsili yoxdur. Mühəndislik yoxdur. Kimya-fizika kimi sahələrin praktik istiqamətləri üzrə kadr hazırlığı sıfır dərəcəsindədir. Sovetlərin elmi mirası da sıradan çıxıb. Az-çox biliyi olanlar ölkəni tərk edib, qalanları da mələyin uçma sürətini öçməklə məşğuldurlar.

Kənd təsərrüfatının inkişafı iqtisadi artımı əvəzləmək baxımından deyil, daha çox ərzaq təhlükəsizliyi və kənd yerlərinin dayanıqlı inkişafının təmin olunması üçün vacibdir. Növbəti onilliklərdə dünya əhalisinin artımı, iqlim dəyişikliyinin fəsadları, kapitalizmin qlobal böhranı fonunda ərzaq qiymətlərinin artması və ərzaq çatışmazlığı gözləntilərinin fonunda Azərbaycanın gəlirlərinin kəskin şəkildə azalacağı post-neft dövründə uzunmüddətli böhranla üzləşməməsi üçün bu inkişaf vacibdir.

Aydındır ki, kənd təsərrüfatı sənayesi də yüksək iqtisadi inkişafın təminatçısı deyil. Yəni, kənd təsərrüfatının inkişafı heç bir inkişaf etmiş ölkədə iqtisadi artımın və həmin ölkələrin inkişaf etmiş ölkəyə çevrilməsinin əsas amili olmayıb. Kənd təsərrüfatının yaratdığı əlavə dəyər çox az olduğundan, o, Azərbaycanda da, hətta çox yüksək səviyyədə inkişaf etmiş olsa belə, neft gəlirlərini əvəzləyəcək həcmdə olmayacaq. Əlbəttə, kənd təsərrüfatını prioritetləşdirmək yeganə seçimi olduğu üçün Azərbaycan hökuməti olduqca çətin vəziyyətdədir. Məsələ burasındadır ki, biz 20 il sonra Azərbaycanın nəinki neft gəlirlərinin əvəzlənməsi, ümumiyyətlə, iqtisadiyyatın “sağ qalmasından” danışırıq. Ölkədəki məşğulluğun demək olar ki, hamısı neft gəlirlərinin iqtisadiyyatda paylanması nəticəsində təmin olunur. Birinci hissədə irəli sürdüyümüz kimi, neftin 10 il sonra Azərbaycan iqtisadiyyatında payının kəskin azalacağını fərz etsək, məşğulluğun təminatı və iqtisadi fəaliyyətin davamlılığı üçün kənd təsərrüfatı (iqtisadi artım baxımından daha az perspektivli olsa belə) məşğulluq və gəlir paylanması baxılmından, xüsusən də qarşıdan gələn iqlim dəyişikliyinin fəsadları founda, Azərbaycanda iqtisadi fəaliyyətin və məşğulluğun dayanıqlılığını təmin etmək üçün ən əhəmiyyətli sahə olacaq. Eyni zamanda, kənd təsərrüfatının inkişafının dəstəklənməsi digər sektorların (məsələn, İKT, turizm, yaxud qlobal nəqliyyat tranziti) dəstəklənməməsi anlamına gəlmir. Sadəcə olaraq, müqayisəli üstünlük prinsipinə əsasən üstünlük kənd təsərrüfatına verilməlidir.

 

İqlim dəyişikliyinin riskləri

İqlim dəyişikliyi sosial bərabərsizliklə birlikdə bu gün dünya iqtisadiyyatı və qlobal dayanıqlı iqtisadi inkişafa əsas təhlükədir. Müqayisə üçün, son buz dövründə yerin orta temperaturu indikindən 5C aşağı idi. O zaman dəniz səviyyəsi indikindən 120 m. aşağı, Şimali Avropa və Amerikanın böyük hissəsi isə buzlaqlarla örtülü idi. Avropadan Kanadaya buzlar üzərində yeriyərək getmək mümkün idi.[20]

Şəkil 12: 1850-2019-cu illərdə hər il üçün orta illik temperatur dəyişkənliyi

İPCC-ə əsasən 1990-2000-ci illərdə qlobal orta illik temperatur 0.4C artıb, yağıntı miqdarı ortalama 10% azalıb. 2000-2020-ci illərdə artım sürəti daha da yüksəlib. Məsələn, 2019-cu ildə orta illik temperatur 1940-60-cı illərə nisbətən 0.8C artıb. 2020-2050-ci illər üçün orta temperaturun 1.5-1.6C artacağı, əsrin sonuna qədər isə 1850-1900-cü illərlə müqayisədə orta temperaturun ən yaxşı halda 2C, ən pis halda 6.4 C artacağı gözlənilir.[21]

İqlim dəyişikliyi qlobal istiləşmə fonunda Qafqaz və Azərbaycanda bütün sahələrə, amma ən əhəmiyyətlisi kənd təsərrüfatı və turizmə təsir edəcək. Bu təsir şirin su çatışmazlığı, orta temperaturun artması, temperaturun və iqlim hadisələrinin dəyişkənliyinin və dəyişkənliyin kəskinliyinin artması, fəsillərin sürüşməsi, yağıntı miqdarının dəyişməsi və daha dəyişkən olması, həmçinin, təbii fəlakətlərin (sel, qasırğa, daşqın) miqdarının və kəskinliyinin artmasında özünü göstərəcək.[22]

Bunların ən əhəmiyyətlisi şirin su ehtiyatlarının azalmasıdır. Qafqazda şirin suyun 62%-i Gürcüstanın, 28%-i Ermənistanın, 10%-i isə Azərbaycanın payına düşür. Bu 10%-ın 70%-i isə mənbəyini Gürcüstan, Ermənistan, Türkiyə, İran və Rusiyadan götürən su hövzələrindən alır. (Çaylar, yeraltı çaylar, buzlaqlar və s.) Azərbaycanda istifadə zamanı ən aşağı ehtimalla 25% su itkiyə gedir. Azərbaycanda şirin su ehtiyatlarının vəziyyəti nəinki Qafaqaza nisbətən, ümumiyyətlə, mütləq mənada kritik vəziyyətdədir. Bununla belə, Azərbaycanda hər il ortalama 300km2 ərazi sel suları ilə yuyulur və əkinçiliyə yararsız vəziyyətə düşür. 1960-1990-cı illərdə torpaq sürüşməsi və daşqınlar ortalama ildə 2-4 dəfə, 2000-ci ildən sonra isə ildə ortalama 15-18 dəfə baş verir. Şoranlıq, neft tullantıları, kimyəvi çirklənmə külək, yağış, suvarma nəticəsində eroziya səbəbindən əkinə yararlı ərazinin yalnız 49%-ı istifadə olunur. Ərazimizin yalnız 11%-i meşə ilə örtülüdür (normadan 2 dəfə az). Gürcüstanda bu, 40%-dir.[23]

14-cü şəkilə baxdıqda Qafqazda suvarılan əkin torpaqlarının əksəriyyətinin Azərbaycanın payına düşdüyü, Azərbaycandakı əkin torpaqlarının isə 90%-nın suvarılan olduğu görünür.

 Şəkil 13: 2040-cı illərdə iqlim dəyişikliyinin Qafqazda məhsul yığımına təsiri proqnozu (su çatışmazlığı nəzərə alınmır)

Növbəti xəritə isə (13-cü şəkil) suvarılan əkin torpaqlarının suya ehtiyacını göstərir. Proqnoza əsasən artan suvarma tələbatı bütün bölgələrdə müşahidə olunacaq. 20 ildən sonra Kür-Araz ovalığında suya tələbat ən pis halda 78%, ən yaxşı halda 66% artmış olacaq. Nəzərə alsaq ki, şirin su ehtiyatları azalır, onların paylanması bərabərsizləşir və su itkisi keyfiyyətsiz infrastruktur səbəbi ilə getdikcə artır, suvarmaya artan tələbin fonunda iqlim dəyişikliyi Azərbaycan kənd təsərrüfatı, nəticədə ərzaq təminatına ciddi təhlükə törədəcək.

 Şəkil 14: 2040-cı illər üçün Qafqazda suvarılan torpaqlar və su qıtlığı ssenarisi

Havanın temperaturunun ortalama illik artımına baxdıqda Azərbaycanda, xüsusilə son 10 il ərzində digər iki ölkələrə nisbətən daha çox, 1C dərəcədən artıq artması növbəti onilliklərdə iqlim dəyişikliyinin Azərbaycanda daha kəskin fəsadlar törədəcəyini, xüsusən quraqlıq və yağıntıların daha çox dəyişkən olmasını və dəyişkənliyin getdikcə daha da kəskinləşməsini gözləməliyik.

İqlim dəyişikliyi nəticəsində Azərbaycanda Xəzərin səviyyəsinin artması, nəticədə çayların daşması; buzlaqların həcminin getdikcə daha çox azalması (2020-ci ilə qədər Qafqazdakı buzlaqların həcmi 2 dəfəyə qədər azalıb), şirin su ehtiyatlarının 20%-ə qədər, adambaşına düşən şirin su ehtiyatının iki dəfəyə qədər azalması, 300,000 ha. ərazidə şirin su çatışmazlığı gözlənilir.

Bu dəyişikliklər Azərbaycanda kənd təsərrüfatına bir sıra təsirlər göstərəcək ki, bunları artıq xüsusən son beş ildə hiss etmək mümkündür. Bu təsirlər təkcə kənd təsərrüfatında istehsala (əzaq təminatı baxımından) deyil, həmçinin, məhsuldarlığa, nəticə etibarilə gəlirlərə ziyan vurur.[24]

İqlim dəyişikliyi kənd təsərrüfatına müxtəlif istiqamətlərdə təsir göstərir. Temperatur dəyişikliyi, dəyişkənliyin tezliyi və kəskinlyinin artması əkin bitkilərinin tozlanmasına, böcək populyasiyasının miqdarına, artımına və paylanmasına, çiçəklənmə dövrlərinin gecikməsinə, çiçəklənmədən sonra tozlanmanın gecikməsinə, yaxud soyuq temperatur və ya küləyin bitkilərin məhsuldarlığına təsiri artıq müşahidə olunmaqdadır.[25] Bunun ən bariz nümunəsi arıçılıqda əhəmiyyətli dərəcədə hiss edilir. Eyni zamanda, yağıntı miqdarının və sel sularının yem bitkilərinin məhsuldarlığına ciddi təsiri bir çox Aran bölgələrində hiss olunur. Əkin sahələrinin qrunt sularının qalxması nəticəsində bütün Kür-Araz ovalığında ziyan görməsi, Kür hövzəsinin daşması nəticəsində əkin torpaqlarının yararsız hala düşməsi xəbərlərini hər gün eşidirik.

Şəkil 15: Cənubi Qafqazda hava temperaturunda dəyişikliklər; mənbə: “Climate Change in the South Caucasus: A visual Synthesis” Zoi Environment Netwok, International Environment House, January, 2012, p. 17

İstiləşmənin digər təsiri su çatışmazlığıdır. Su hövzələrinin buxarlanmasının artması, eyni zamanda dağ-dağətəyi bölgələrdə çayların quruması, buzlaqlardan qidalanan çayların sezon boyunca su həcminin qeyri-stabil dəyişməsi suvarmadan asılı əkinçiliyə ciddi təsir göstərməkdədir. Nəzərə alsaq ki, 60 ilə yaxındır artezian və subartezianlarla aqressiv şəkildə istismar olunan yeraltı suların miqdarı azalır, yaxın gələcəkdə yüz minlərlə hektar əkin torpaqlarının su çatışmazlığı ilə üzləşəcəyini gözləmək olar. Bu təsirləri heyvandarlığa həm yem bitkilərinin məhsuldarlığının azalması, həm də birbaşa iribuynuzlu heyvanların getdikcə artan istilərlə sınağa çəkilməsində görə bilərik.

Bu təsirlər birləşdikdə kumulyativ effekt yaradır. Yəni, bunların hər hansı birinin ayrılıqda təsiri əhəmiyyətli, yaxud coğrafi əhatəli olmasa da, birləşərək müxtəlif bölgələrdə müxtəlif kənd təsərrüfatı fəaliyyətinə kəskin və fərqli təsir göstərir. İqlim dəyişikliyi ilə bağlı ən yaxşı proqnozlar belə göstərir ki, bu təsirlər növbəti onilliklərdə daha sürətlə artacaq. Nəticədə, kənd təsərrüfatı məhsullarının bazarda qiyməti yüksələcək. Bu, bütün dünyada gözlənilən trenddir. Eyni zamanda, qiymət dəyişkənliyinin tezliyi və kəskinliyi də artacaq və nəticə etibarilə son ərzaq məhsullarının qiymətlərində getdikcə daha çox dəyişkənlik müşahidə edəcəyik. Qiymətlərin artması özü özlüyündə tələb baxımından bir sıra iqtisadi çətinliklər yaratsa da, dəyişkənliyin getdikcə daha gözlənilməz olmasının iqtisadi fəsadları olacaq.

 

Adaptasiyanı necə təmin etmək?

Bütün bu səbəblərdən Azərbaycan cəmiyyəti yaxın gələcəkdə üzləşəcəyi ərzaq çatışmazlığı və ərzaq qiymətlərindəki dəyişkənliyin qarşısını almaq, dayanıqlı kənd təsərrüfatı sistemi yaratmaq üçün neft asılılığının yaratdığı institusional, makroiqtisadi çətinliklər və iqlim dəyişikliyinin gətirəcəyi fəsadları nəzərə alaraq, qısamüddətli deyil, nəticə yönümlü strateji inkişaf həyata keçirməlidir.

Aydındır ki, Azərbaycanın iqlim dəyişikliyinin və qlobal istiləşmənin qarşısını almaq üçün hər hansı əhəmiyyətli tədbir görməsindən söhbət gedə bilməz. Azərbaycanın həm qlobal istiləşməyə birbaşa töhfəsi çox aşağıdır, həm də iqtisadiyyatı qlobal parnik qazlarını azaltmağa töhfə verəcək həcmdə deyil, əhəmiyyətsizdir. Bu səbəbdən, bizim etməli olduğumuz əsas, vacib və təcili məsələ iqlim dəyişikliyinə və post-neft dövrünə adaptasiyadır.

Lakin Azərbaycan iqtisadiyyatının neftdən asılılığının yaratdığı çətinliklər, yəni qeyri-neft sektorunun və ona bağlı təhsil sisteminin sıradan çıxması, eyni zamanda korrupsiyalaşmış renta yığıcılığına əsaslanan təsisatlar, yerli özünüidarənin zəif olması, güclü siyasi mərkəzləşmə və qərarvericilik, manatın xarici valyuta bazarında rəqabətədavamlılığı təmin edəcək qədər ucuz olmaması, ümumi idarəçilik və təşkilati mədəniyyətin rentaçılıq və güclü ierarxiya üzərində qurulması həm qeyri-neft sektorunun inkişafını, həm də iqlim dəyişikliyinə adaptasiyanı çətinləşdirir.

Neft gəlirlərinin və iqlim dəyişikliyinin Azərbaycanın post-neft iqtisadiyyatına ciddi təhlükə yaratdığını nəzərə alsaq, Azərbaycanda yaxın onilliklərdə sosial və ətraf mühit baxımından dayanıqlı iqtisadiyyat təmin etmək üçün hökumət artıq gecikib. Bu səbəbdən, riskləri minimallaşdırmaq və uzunmüddətli iqtisadi tənəzzülün və sosial çətinliklərin qarşısını almaq üçün daha təcili addımlar atılmalıdır.

Son 5 ildə Azərbaycanda aparılan islahatlar hökumətin kənd təsərrüfatı, turizm, İKT və bir sıra digər sahələrə investisiya qoyuluşları ilə müşayiət olunur. Ümumilikdə müsbət tendensiya olsa da, təəssüf ki, bu inkişaf siyasəti xaotikdir, strateji deyil. Kənd təsərrüfatnı inkişaf etdirmək üçün neft qiymətlərinin kəskin düşməsi nəticəsində manatın qaçılmaz 2015-2016-cı illər devalvasiyasından sonra hökumətin iki strateji seçimi var idi:

 

1.Kiçik-orta sahibkarlıq üzərində qurulmuş dəyər zəncirlərini inkişaf etdirmək

Bu halda dəyər zəncirlərinin hər bir təchizat vahidində fəaliyyətlə məşğul olan kiçik və orta ölçülü sahibkarlar digərləri ilə bazarda əlaqə qurur, məhsulun və xidmətin təchizatı çox sayda kiçik sahibkarın bazar münasibətləri ilə tənzimlənir, eyni zamanda, gəlir çox sayda kiçik sahibkar arasında dəyər zənciri boyunca paylanır (Şəkil 16.). Bu cür inkişaf modelində gəlir qısa müddətdə yuksək olmasa da, orta və uzun müddətdə həm gəlirin paylanması, həm də iqlim dəyişikliyinə adaptasiya və müqavimət baxımından daha üstündür. Uzun müddətdə isə bu cür yanaşma əhalinin böyük bir hissəsinin özməşğulluğunu təmin edərək, gəlirləri və sosial rifahı daha səmərəli təmin etmiş olur.

İqlim dəyişikliyinin təsirləri, riskləri bütün dəyər zənciri boyu paylandığına görə, ölkənin müxtəlif bölgələrində müxtəlif dəyər zəncirlərinə aid olan yüzlərlə kiçik sahibkar eyni zamanda, eyni formada təsirə məruz qalmayacağına görə, risklər daha çox paylanır (risk diversification). Eyni zamanda, iqtisadi vahid olaraq bu risklər daha şaxəli olduğuna görə, dəyər zəncirinin hər hansı bir mərhələsində bir qrup sahibkarın müflis olması ümumi dəyər zəncirinə təhlükə yaratmır və dövlətin həm əvvəlcədən daha uyğunlaşdırılmış adaptasiya (çünki kiçik sahibkarın iqlim dəyişikiyi təsirlərinə adaptasiyası daha asandır), həm də zərər görmüş sahibkara dəstək mexanizmləri ilə bu risk aradan qaldırıla bilir.

Bu yanaşma eyni zamanda makroiqtisadi baxımdan daha dayanıqlıdır. Kiçik-orta sahibkarlıq və şaxələnmiş dəyər zəncirləri üzərində qurulan kənd təsərrüfatı həm maliyyələşmə baxımından daha az risklidir, həm gəlirin daha bərabər paylanması baxımından (yəni, daha dayanıqlı məşğulluq baxımından) üstündür.[26]

Sonda dəyər zəncirlərinin kiçik-orta sahibkarlar əsasında şaxələndirilməsi iqtisadi və sosial gücün daha bərabər paylanmasına, yerli idarəetməyə, nəticə etibarilə ayrı-ayrı icmaların iqlim dəyişikliyinin və post-neft dövrünün gətirəcəyi iqtisadi çətinliklərə daha sürətli adaptasiyasını, müqavimətini (resilience) gücləndirir.[27]

Kənd təsərrüfatının kiçik və orta sahibkarlıq üzərinə qurulduğu uğurlu ölkələr sırasında Niderland, İsrail, İspaniya və digərləri var ki, onlar hazırda kənd təsərrüfatında məhsuldarlıq baxımından dünya liderləridir.[28]

Şəkil 16: Kiçik-orta sahibkarlıq üzərinə qurulmuş dəyər zənciri

2. Ölçü iqtisadiyyatı yaratmaq üçün dəyər zəncirlərini konsolidasiya etmək

İkinci seçim dəyər zəncirinin bir, yaxud bir neçə şirkət, ya da holdinqin əlində birləşdirilərək konsolidasiya olunması, əhalinin əksəriyyətinin isə bu holdinqin şirkətlərində muzdlu işə cəlb olunmasını şrətləndirir (bax: Şəkil 17).

 

Şəkil 17: Dəyər zəncirinin holdinq fermer təsərrüfatında konsolidasiyası (ölçü iqtisadiyyatı)

2-ci seçim qısa müddətdə daha yüksək mənfəət vəd etdiyinə (baxmayaraq ki, bu, mübahisəlidir və bunun üçün bir çox şərtlər ödənilməlidir), kənd əhalisinin (yaxın gələcəkdə dövlət və xidmət sektorundan kənar işləyəcək əksər məşğul əhali kənd əhalisindən ibarət olacaq) əksər hissəsini muzdlu əməyə cəlb edəcəyinə görə, mənfəətin şirkət sahiblərində cəmləşməsinə, gəlirin daha qeyri-bərabər paylanmasına gətirib çıxaracaq.

Eyni zamanda, bir neçə holdinq altında konsolidasiya olunmuş dəyər zəncirlərindən ibarət kənd təsərrüfatı[29] iqlim dəyişikliyinin təsirlərinə həddən artıq həssasdır. Çünki iqlim dəyişikliyinin fəsadları dəyər zəncirinin bir, yaxud bir neçə seqmentinə ciddi zərər vurarsa, bu, həmin dəyər zəncirini konsolidasiya etmiş şirkətin ümumi iqtisadi dayanıqlılığı və balansına zərər yetirir. Holdinq böyük olduğundan və bürokratikləşdiyindən onun iqlim dəyişikliyinin fəsadlarına həm adaptasiyası, həm də vurulan zərərin aradan qaldırılması üçün reaksiyası hər zaman gecikir; daxili istehsal-təchizat münasibətləri bazar deyil, əmək münasibətləri üzərində qurulduğuna görə, beləliklə, qərarvermə təmərküzləşdiyinə görə səmərəlilik və təmsilçilik azalır. Bütün bunlar iqtisadi səmərəsizliyə gətirib çıxarır ki, bu da holdinqlərin və böyük fermer təsərrüfatlarının ortalama kiçik və orta təsərrüfatlara nisbətən daha az səmərli və məhsuldar olması ilə nəticələnir.[30]

Bu yanaşma həm də makroiqtisadi olaraq dayanıqsızdır. Gəlir qısa müddətdə xeyli yüksək olsa da, onun böyük bir hissəsi mənfəət şəklində sahibkara gedir, nəticədə gəlirin bölüşdürülməsi daha qeyri bərabər təşkil olunur. Belə bir şirkətlərdən birinin tənəzzülü minlərlə işçinin işini itirməsi deməkdir. Fermer kooperativlərindən, icma əsaslı istehsaldan fərqli olaraq, holdinqlərin əsas maraqları mənfəəti qorumaq olduğundan, onlar işçilərin gəlirlərini prioritetləşdirməyəcəklər. Bu da, əsasən holdinqlərdən ibarət kənd təsərrüfatının əmək bazarının dayanıqlılığı və məşğulluq baxımından dayanıqlılığını azaldacaq. Əlbəttə, fermanın ölçüsünün onun iqlim dəyişikliyinə adaptasiya uğuru arasında əlaqə həm də ölkədəki iqtisadi siyasətdən, dəstək mexanizmlərindən asılıdır.

Eyni zamanda, kənd təsərrüfatı, yəni ərzaq təminatı istehsalı və xidmətinin təşkilinin holdinqlərin nəzarətində olduğu bir ölkədə ərzaq təminatı siyasətinin əhalinin maraqlarına deyil, bir qrup holdinq sahibinin maraqlarına xidmət edir, onların da, öz növbəsində, mənfəətlərini daha da artırmaq və dəyər zəncirlərini daha da konsolidasiya etmək üçün dövlətin kənd təsərrüfatı siyasətinə təsir imkanları daha da artır.[31]

Bu cür yanaşma adətən geniş torpaqları olan ölkələrdə tətbiq olunur və yüksək texnoloji investisiya tələb edir. Böyük holdinqlər texnoloji intensiv olduğundan, bu texnologiya isə Azərbaycanda istehsal edilmədiyindən, onların idxal asılılığı faiz etibarilə kiçik sahibkardan dəfələrlə çoxdur və bunu yaxın gələcəkdə azaltmaq qeyri-mümkündür. Orta və uzun müddətdə manatın dəyərdən düşəcəyini nəzərə alsaq, bu texnologiyanın həm əldə olunması, həm də saxlanılması (amortizasiyası) getdikcə bahalaşacaq. Digər tərəfdən, satılan son məhsul və xidmətin dəyəri əsasən xarici bazarda müəyyən olunduğudnan, artan xərclər gəlir marjasını azaldacaq və holdinqlərin mənfəətini getdikcə sıxışdıraraq onların rəqabətqabiliyyətliliyini azaldacaq. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatının növbəti 30 ildə müasir kombayn, yaxud digital suvarma sistemi istehsal edəcəyini gözləmirik, onların bu çətinliyin öhdəsindən gəlmələri mümkün görünmür.

Nəhayət, Azərbaycanda neft asılılığından dolayı geniş yayılmış korrupsiya haqqında da bir neçə kəlmə deyək. Kiçik müəssisələrin korrupsiyalaşması böyük müəssisələrə nisbətən az olur.[32] Onların gəlir marjası aşağı olduğundan məhsuldarlıqdan qurban verə bilməzlər. 5 nəfərin işlədiyi fermada yeyinti və rüşvət də marjinal olacaq. 10000 nəfərin işlədiyi böyük holdinqdə isə bunun dəfələrlə çox olacağını güman edə bilərik. Dünyanın bütün ölkələrində belədir. CPİ indeksi[33] yüksək olan Azərbaycanda da bu, istisna olmayacaq. Boyük holdinqlərdə digər səbəblərlə yanaşı, bir də bu səbəbdən səmərəlilik xeyli aşağı düşür.

Yuxarıda sadalanan səbəblərdən Azərbaycanda kənd təsərrüfatında və ərzaq emalında fəaliyyət göstərən holdinqlərin bir çoxunun, hətta xərclərinin böyük hissəsinin subsidiyalaşdırılırmasına baxmayaraq, maliyyə balansları mənfidədir. İdarəçilikdən asılı olmayaraq, vəziyyətin uzun müddətdə daha da pisləşəcəyini iddia edə bilərik.

 

Hökumətin seçimi

Azərbaycan hökuməti hələ ki ikinci seçimi edir. Bunun səbəbi neft asılılığının yaratdığı faktorlardan qaynalqanır. Güclü iqtisadi-siyasi mərkəzləşmə, renta yığıcılığı və manatın dəyərinin yüksək olması Azərbaycan hökuməti üçün hələ ki ikinci seçimi daha cəlbedici edir. Lakin uzunmüddətli perspektivdə bu, bir tələdir. Hökumət bunun yanlış strategiya olduğunun nə qədər tez fəqinə varsa, onu nə qədər tez dəyişsə, dayanıqlı iqtisadiyyat qurmaq üçün bir o qədər çox imkanı olacaq.

Doğrudur, kiçik-orta sahibkarılığın inkişafı üçün geniş ictimai müzakirə açılıb. Lakin görülən işlər və onların nisbəti hələ ki prioritetin əsas etibarilə ikinci seçimə verildiyini göstərir. Məsələn, kiçik-orta sahibkarlara məsləhət, hüquqi yardım və bazara çıxış dəstəyi göstərən Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb. Halbuki, kiçik-orta sahibkarlığın inkişafı ilə məşğul olmalı olan qurumun mandatı və büdcəsi dəfələrlə böyük, əhatəli, çoxşaxəli olmalı idi. Nəzərə alaq ki, kənd təsərüfatı bu qurumun əhatə dairəsinin yalnız bir hissəsidir.

Digər tərəfdən, təəssüf ki, hər iki seçimi etmək mümkün deyil. Çünki holdinqlərin olduğu bazarda kiçik-orta sahibkarlar rəqabət apara bilmirlər. Holdinqlərin bazarda qiyməti diktə etmə imkanları, həmçinin iqtisadi və aqrar siyasətə təsir imkanlarının olması onlara ümumi marağı kiçik-orta sahibkarları öz təchizat zəncirlərinə bağlamaq, yaxud onları mülksüzləşdirib təsərrüfatlarını öz dəyər zəncirlərinə birləşdirmək, özlərini isə muzdlu işçiyə çevirmək imkanı yaradır. Beləliklə, onlar bir tərəfdən təchizat zəncirində və əmək bazarında təklifi artırır, digər tərəfdən, istehlak bazarında rəqiblərini azaltmış olurlar.

Ehtimal edə bilərik ki, hökumətin bu seçimi etməsinin səbəbi getdikcə azalan neft gəlirlərini əvəz etmək üçün qısa müddətdə yüksək mənfəət əldə etmək, eyni zamanda, qərarvermənin və pulun cəmiyyətdə şaquli paylanması nəticəsində sosial nəzarəti asanlaşdırımaqdır. Çünki on minlərlə kiçik sahibkarın maraqlarını idarə etmək yüz minlərlə muzdlu işçinin maraqlarını idarə etməkdən daha çətindir. Lakin bu qərar, qeyd etdiyimiz kimi, məhz qısamüddətli düşüncənin nəticəsidir. Tezliklə gərilən iqtisadi vəziyyət, quraqlıq, su çatışmazlığı, aşağı məhsuldarlıq, xəstəliklər və s. 45 dərəcə isti ilə birləşərək əvvəlcə iqtisadi, ardınca isə sosial böhrana gətirib çıxaracaq. O zaman, təəssüf ki, vəziyəti düzəltmək üçün bugünkü, gecikmiş olsa belə, fürsət olmayacaq.

Nəticədə, getdikcə artan yoxsulluq və gəlir bərabərsizliyi fonunda əhalinin tədricən daha çox hissəsi iqlim dəyişikliklərinin təsirlərinə məruz qalacaq, ÜDM daha sürətlə azalacaq, əhalinin böyük qismi yaxşı halda ərzaq çatışmazlığı (ərzaq qiymətlərinin artması), pis halda isə aclıqla üzləşəcək.

Əlbəttə ki, bu ssenari bir çoxlarına inandırıcı görünmür. Çünki bir çoxlarına görə, Azərbaycanda “heç vaxt aclıq olmayıb”. Lakin belə düşüncənin yayğın olmasının sadə səbəbləri var. Əvvəla, 19-cu əsrə qədər bu barədə heç bir məlumat yoxdur. 19-cu əsrdə ərzaq təhlükəsizliyimizi Rusiya İmperiyası, 20-ci ərsdə isə sovet hökuməti təmin edirdi. 1990-cı ildən bu günə qədər də neft təmin edir. 2030-dan sonra kimin, necə, hansı şərtlərlə təmin edəcəyi sual altındadır.

 

Nə etməli

Azərbaycanda uzunmüddətli iqtisadi inkişafı sosial və ətraf mühit baxımından dayanıqlı etmək üçün Azərbaycan hökuməti post-neft dövrünün inkişafına “nə şiş yansın, nə kabab” prinsipi ilə deyil, strateji yanaşmalıdır. Kənd təsərrüfatının inkişafı baxmından bu strategiya mümkün qədər ikinci seçimdən birinci seçimə keçmək və bunu həm kənd təsərrüfatı, həm turizm, həm İKT, həm də müəyyən ediləcək digər sahələrdə nəzərə almaq olmalıdır. İqlim dəyişikliyinin fəsadlarının azaldılması və adaptasiyası üçün nəticəyönümlü metodlara əsaslanan strategiya hazırlanmalıdır.

Məsələn, su hövzələrinin qorunması və su itkisinin azaldılması üçün:

– Suvarma kanallarının bərpası (altına beton, üstünü örtmək);

– Kiçik çaylar üzərində kiçik su anbarlarının tikilməsi;

– Suvarma sistemlərinin və su paylanmasının təminatı;

– Kəhrizlərin bərpası və yeni kəhrizlərin qazılması;

– Artezian və subartezianların istifadəsinin azaldılması;

– Suvarma qaydalarının təkmilləşdirilməsi, fermerlərin təhsilə cəlb olunaraq suvarma barədə öyrədilməsi;

– Su qiymətlərinin vergiylə nizamlanması və gəlirlərin su təchizatının təkmilləşməsinə yönəlməsi;

– Çirkab suların təmizlənməsi və yenidən istifadəyə verilməsi;

– Dəniz suyunun şirinləşdirlməsi üçün uzunmüddətli, yerli layihəyə başlamaq (xaricdən gətirməyə yəqin ki, imkanımız yoxdur);

Bakıdakı parkların otlarının suvarılmaması, onların yerinə ağacların əkilməsi (Bakı Las Veqas deyil, heç kimin də hökumətdən yaşıl otlu parklar salmaq kimi bir gözləntisi yoxdur)

və çoxlu sayda digər strateji addımlar atılmalıdır.  “Prezident sərəncam verdi, 10 ədəd su anbarı tikiləcək” kimi strateji olmayan, səmərəliliyi sual altında olan qərarlar çətin ki, dayanıqlı qeyri-neft sektoru inkişafına gətirib çıxara bilsin. Məsələn, niyə 10 ədəd? Bəlkə, 9 bəs edərdi? Bəlkə 12-si tikilməlidir? Eynilə də, digər sahələrdə.

Bütün bu addımları birləşdirən yanaşmanın mərkəzində adaptasiyanın milli səviyyədə deyil, yerli səviyyədə təşkil olunması, hər bir bölgənin özünün inteqrasiyalı adaptasiya strategiyasının hazırlanması, istehsalın və xidmətin icma əsaslı kooperativ təşkilinin əsas götürülməsi və bunun yerli əhalinin – kiçik, orta fermerlərin və sahibkarların iştirakı ilə edilməsi lazımdır. Onlar məsələnin mərkəzinə qoyulmalı, onların maraqları nəzərə alınmalı, təmin edilməlidir.

Uzunmüddətli perspektivdə Azərbaycanda qeyri-neft sektorunda kənd təsərrüfatının iqlim dəyişikliyinə adaptasiya fonunda hazırlanacaq inkişaf strategiyası bütün hallarda nəticə etibarilə gəlib təhsil sisteminin islahatına dayanacaq. Səbəbi sadədir – istənilən inkişaf məhsuldarlığın inkişafıdır. Məhsuldarlığın əsas determinantı texnologiyadır. Texnologiyanın əsas determinantı təhsildir və elmi tədqiqatdır. Buna görə də, artıq xeyli müddətdir gecikməyimizə baxmayaraq, Azərbaycan hökumətinin etməli olduğu ilk addım iqtisadi inkişaf strategiyasına uyğunlaşdırılmış təhsil islahatı aparmaq, xüsusən səriştə əsaslı təhsili 20 il sonra Azərbaycandakı istehsalat və xidmət sahələrini beynəlxalq rəqabətə davamlı etmək üçün ayaqda saxlaya biləcək kadrlar yetişdirəcək səviyyəyə çatdırmaq lazımdır. Paralel olaraq, inkişafın davamlılığını təmin etmək üçün elmi araşdırma institutu yaratmaq lazımdır. Bu, əlbəttə ki, ən çətinidir. “Beyin axını”  bunu daha da çətinləşdirir. Lakin bunsuz mümkün deyil. İqtisadi inkişafın bəlli həddindən sonra, elmi araşdırmalar olmadan, inkişaf etmək mümkün deyil. Belə bir nümunə yoxdur.

Həmçinin – Bakını unutmaq lazımdır. Bakı bütün mənalarda dayanıqsız şəhərdir. Ümumiyyətlə, Bakının mövcud olmasının yeganə səbəbi neftdir. Neft olmayanda, Bakıda da əvvəlki nisbi dinamik həyat olmayacaq. Neft iqtisadi mənada əhəmiyyətsizləşdikdən sonra Bakını zorla saxlamaq mümkün olmayacaq. İqtisadiyyat buna imkan verməyəcək. Və o zaman bu çox ağrılı proses baş verəcək. Ona görə də, Bakını indidən dayanıqlı etmək, 30 il sonra tamamilə ruhlar şəhərinə çevrilməməsi üçün indidən strateji olaraq boşaltmaq və tədricən kiçiltmək lazımdır. (Başa düşürük, biraz ağrılıdır. Amma bir azca rasional olsaq, Bakını indidən boşaltmağa başlasaq, uzun müddətdə bunun faydalarını görəcəyik. Biz də, Bakı da. Amma bu mövzu qalsın başqa vaxta…)

 

Nəticə

Azərbaycan inkişaf etmiş ölkə olmaq şansını itirib. Bu, bir tərəfdən bizim özümüzdən asılı olan, digər tərəfdən iqtisadi qanunların və qlobal iqtisadi münasibətlərin diktə etdiyi şərtlərdən dolayı, belədir. Kapitalizmin 10 ildən artıqdır davam edən struktural, qlobal böhranı fonunda yaxın 20 ildə iqtisadi vəziyyətin yaxşılaşacağı görünmür. Ətraf mühitin çirklənməsi və sosial bərabərsizlik baxımından vəziyyət getdikcə pisləşir. Hələ ki vəziyyətin düzələcəyini göstərən heç bir işarə yoxdur. Bu səbəbdən, biz “failed state” (uğursuz, baş tutmamış dövlət) olmamaq üçün qəbul edəcəyimiz minimal şərtləri müəyyənləşdirməli, cəmiyyət olaraq bu şərtləri təmin etmək üçün strategiya qurmalı və icra etməliyik. Məqsədimiz uşaqlarımızın sağlam yaşayacağı, insanların ərzaq çatışmazlığı ilə sınağa çəkilməyəcəyi, yoxsulluğun olmayacağı, sosial bərabərsizliyin az olacağı, ətraf mühit baxımından və uzunmüddətli hədəflərə yönəlmiş dayanıqlı iqtisadiyyat qurmaq olmalıdır. Ölkənin üzləşdiyi iqtisadi riskləri özümüzü rahatlatmaq xatirinə kiçiltməməli, əksinə, bu riskləri idarə etməyə daha hazırlıqlı olmaq üçün onlara real baxmalıyıq.

 

 

[1] Azərbaycan neft hasilatını azaldır: Neft gəlirləri də azalacaqmı? (2020, April 10). Retrieved July 28, 2020, from https://www.bbc.com/azeri/azerbaijan-52226080

[2] BP sets ambition for net zero by 2050, fundamentally changing organisation to deliver: News and insights: Home. (2020, February 12). Retrieved July 28, 2020, from https://www.bp.com/en/global/corporate/news-and-insights/press-releases/bernard-looney-announces-new-ambition-for-bp.html

[3] İbid.

[4] Məsələn, daşınmaz əmlak (tikinti deyil), yaxud avtomobil ticarəti və ya təmiri sənayedə yaradılmış dəyərin iqtisadiyyatda paylanmasını təmin edir (yeni avtomobillə istifadə olunmuş avtomobilin satışını müqayisə edin).

[5] BP sets ambition for net zero by 2050, fundamentally changing organisation to deliver: News and insights: Home. (2020, February 12). Retrieved July 28, 2020, from https://www.bp.com/en/global/corporate/news-and-insights/press-releases/bernard-looney-announces-new-ambition-for-bp.html

[6] Global Oil Supply and Demand Outlook Summary (2019), McKinsey. Retrieved July 28, 2020 from https://www.mckinsey.com/solutions/energy-insights/global-oil-supply-demand-outlook-to-2035/~/media/231FB01E4937431B8BA070CC55AA572E.ashx

[7] IEA (2020), Oil 2020, IEA, Paris https://www.iea.org/reports/oil-2020

[8] IEA (2020), Oil 2020, IEA, Paris https://www.iea.org/reports/oil-2020

[9] Watts, J., Ambrose, J., & Vaughan, A. (2019, October 10). Oil firms to pour extra 7m barrels per day into markets, data shows. Retrieved July 30, 2020, from https://www.theguardian.com/environment/2019/oct/10/oil-firms-barrels-markets

[10] The government’s revenues. (2020, May 12). Retrieved July 29, 2020, from https://www.norskpetroleum.no/en/economy/governments-revenues/

[11] “The Dutch Disease. A disease after all?” Sweder van Wijnbergen, The Economic Journal Vol. 94, No. 373 (Mar., 1984), pp. 41-55. https://www.jstor.org/stable/2232214.

[12] Hasanov, Fakhri. (2013). Dutch Disease and the Azerbaijan economy. Communist and Post-Communist Studies. Volume 4. 1-18. 10.1016/j.postcomstud.2013.09.001.

[13] Parcero, O., & Papyrakis, E. (2016, June 07). Income inequality and the oil resource curse. Resources and Energy Economics.Volume 45, pages 159-177 https://www.sciencedirect.com/science/article/abs/pii/S0928765516301348

[14] Wiens, David, et al. “The Political Resource Curse: An Empirical Re-Evaluation.” Political Research Quarterly, vol. 67, no. 4, 2014, pp. 783–794. JSTOR, www.jstor.org/stable/24371951. Accessed 29 July 2020.

[15] The Resource Curse: The Political and Economic Challenges of Natural Resource Wealth. NRGI. March 2015. https://resourcegovernance.org/sites/default/files/nrgi_Resource-Curse.pdf.

[16] Ross, Michael L. “The Political Economy of the Resource Curse.” World Politics, vol. 51, no. 2, 1999, pp. 297–322. JSTOR, www.jstor.org/stable/25054077. Accessed 29 July 2020.

[17] Büdcə turizmi dedikdə həm səyahət həm də gecələmə xərclərinin aşağı olduğu turizm nəzərdə tutulur.

[18] Hashimli, Madina. “Azerbaijan’s tourism sector-opportunities and obstacles” CESD Press. August, 2019. Retrieved on July 29, 2020 from http://cesd.az/new/wp-content/uploads/2019/08/CESD_Paper_Tourism_2019.pdf.

[19] Rəqabətlilik indeksini müəyyən edən faktorlar barədə ətraflı məlumatı Dünya İqtisadi Forumu, Turizm Rəqabətlilik Hesabatından oxuya bilərsiniz http://reports.weforum.org/travel-and-tourism-competitiveness-report-2019/?doing_wp_cron=1567434061.3136858940124511718750.

[20] McIntyre, A & Moore, Ted & Andersen, B & Balsam, W & Be, A & Brunner, Charlotte & Cooley, J & Crowley, T & Denton, G & Gardner, James & Geitzenauer, K & Hays, J. & Hutson, W & Imbrie, J & Irving, G & Kellog, T & Kennett, J & Kipp, N & Kukla, G & Thompson, P. (1976). The Surface of the Ice-Age Earth. Science. 191. 1131-1144.

[21] Ahouissoussi, Nicolas & Neumann, James & Srivastava, Jitendra & Okan, Cüneyt & Boehlert, Brent & Strzepek, Kenneth. (2014). Reducing the Vulnerability of Azerbaijan’s Agricultural Systems to Climate Change. The World Bank Impact Assessment and Adaptation Options Technical Report, page 4. Retrieved on July 29, 2020 from https://www.researchgate.net/publication/281782510_Reducing_the_Vulnerability_of_Azerbaijan’s_Agricultural_Systems_to_Climate_Change

[22] Ibid.

[23] “Climate Change in the South Caucasus: A visual Synthesis” Zoi Environment Netwok, International Environment House, January, 2012, p. 17

[24] Data çatışmazlığından dolayı maddi ziyanın ölçülməsi çətindir.

[25] Arora, N.K. Impact of climate change on agriculture production and its sustainable solutions. Environmental Sustainability 2, 95–96. 27 June, 2019. https://doi.org/10.1007/s42398-019-00078-w

[26] Hazell, P., Poulton, C., Wiggins, S., & Dorward, A. (2011, August 12). The future of small farms for poverty reduction and growth. Retrieved July 30, 2020, from https://ebrary.ifpri.org/digital/collection/p15738coll2/id/125263

[27] Kiçik-orta sahibkarların iqlim dəyişikliyinə adaptasiyası Beynəlxalq Ətraf-mühit və İnkişaf İnstitutunun bu məqaləsində geniş müzakirə olunur: https://pubs.iied.org/pdfs/16518IIED.pdf.

[28] Niderland kimi kənd təsərrüfatı istehsalında lider ölkələrdə kiçik fermerlərin rolu barədə daha ətraflı BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının resurslarından ətraflı məlumat əldə edə bilərsiniz: http://www.fao.org/family-farming/countries/nld/en/ Avropa birliyi ölkələrində kənd təsərrüfatı subyektlərinin 90%-a qədəri kiçik-orta ölçülü fermerlərdir: https://ec.europa.eu/eurostat/statistics-explained/index.php?title=File:Share_of_total_number_of_farm_holdings,_by_economic_size_of_farm,_EU-28,_2005–2013_(%25_of_total)_update.png

[29] Burada böyük fermer təsərrüfatlarından deyil, yüz minlərlə hektar torpaq, onlarla böyük emal müəssisələri, minlərlə işçisi və yüz milyonlarla illik dövriyyəsi olan holdinqlər nəzərdə tutulur.

[30] Gorelick, Steven; Norberg-Hodge, Helen (2002). Bringing the Food Economy Home: Local Alternatives to Global Agribusiness. Kumarian Press (US). Retrieved 5 November 2014; Douglas, Gollin. Farm Size and Productivity: Lessons from recent literature. IFAD 2018. https://www.ifad.org/documents/38714170/40974017/Research+Series+34.pdf/64a10247-6fdd-e397-b75b-3d45767d956c ; Ərzaq və İnkişaf Siyasəti İnstitunun kiçik fermerlərin məhsuldarlığı barədə müzakirəsi: https://foodfirst.org/wp-content/uploads/2013/12/BK6_4-Winter-1999-Vol-6-4-On-The-Benefits-of-Small-Farms.pdf

[31] Böyük fermer təsərrüfatlarının iqtisadi və aqrar siyasətə təsiri barədə əlavə məlumat: Avropa Birliyində Bednarikova, Zuzana & Jilkova, Jirina. (2012). Why is the agricultural lobby in the European Union member states so effective?. E a M: Ekonomie a Management. 15. 26-37. ABŞ-da: Gawande, Kishore, and Bernard Hoekman. “Lobbying and Agricultural Trade Policy in the United States.” International Organization, vol. 60, no. 3, 2006, pp. 527–561.

[32] Nguyen, T.D. Does firm growth increase corruption? Evidence from an instrumental variable approach. Small Bus Econ 55, 237–256 (28 February, 2019). https://doi.org/10.1007/s11187-019-00160-x  JSTOR, www.jstor.org/stable/3877819. Accessed 30 July 2020.

[33] İstelak Qiymətləri İndeksi (Consumer Price İndex) istehlak səbətinin illik orta qiymətini ölçür. Ölkədə ümumi qiymət səviyyəsinin göstəricisidir. CPİ-ın illik dəyişmə faizi yerli valyutada qiymətlərin infliyasiyasını göstərir.