Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun 2019-cu il noyabrın 10-11-də Ermənistana rəsmi səfəri zamanı söylədiyi fikirlər Azərbaycanda narazılıqla qarşılanıb. Əslində Lavrov istər öz ölkəsinin bu məsələ üzrə bilinən mövqeyindən prinsipial şəkildə fərqlənən, istərsə də Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə təməl prinsiplərə zidd olan nəsə deməyib. Sadəcə olaraq o, həqiqətləri bir az çılpaq və özünəməxsus ötkəmliklə ifadə edib, halbuki insanlar uzun illərdir vasitəçilərin quru diplomatik ritorikasına və düşüncələrini siyasi korrektlik çərçivəsində bəyan etməsinə öyrəşib.

Bu yazıda Lavrovun Ermənistan paytaxtında səsləndirdiyi bəyanatların izahını verməyə çalışacağam. Əvvəldən qeyd edim ki, 30 ilini tamamlayan bu ağır problemin həlli istiqamətində 2018-ci ilin sonlarında canlanmağa başlayan kövrək ümidlər yenidən öz yerini bədbinliyə və qeyri-müəyyənliyə buraxıb. Rusiya Xarici İşlər nazirinin sözləri bir daha bu gerçəyi xatırlatdı ki, sülh razılaşmasının təklif olunan konturları və məzmunu Azərbaycan üçün udulması çox çətin olan “acı həb”dir.

Lavrov bildirib ki, Dağlıq Qarabağ xalqının razılığı olmadan münaqişənin həllinə dair heç bir razılaşma imzalana bilməz. Onun “Ermənistan, sadəcə olaraq, belə bir sənədə imza atmayacaq” sözləri Rusiya-Ermənistan münasibətlərinin xarakterini də ortaya qoyur. Cümlə həqiqəti əks etdirsə belə, bir ölkənin rəsmi nümayəndəsinin digər dövlətin adından bu qədər konkret danışması dövlətlərarası münasibətlərdə sıx rast gəlinən hal deyil. Rusiyalı nazir onu da əlavə edib ki, Dağlıq Qarabağın statusu hüquqi baxımdan öhdəlik yaradan öz iradəsini ifadəetmə (yəni ümumxalq səsverməsi) əsasında müəyyən olunmalıdır. Hər iki fikir – konfliktin həllində Dağlıq Qarabağ xalqının rəyinin əhəmiyyəti və yekun statusun xalqın iradəsi əsasında müəyyənləşdirilməsi – bir-birinin məntiqi davamıdır. Bu müddəalar yenilənmiş Madrid prinsiplərində əksini tapıb, sülh danışıqları da məhz bu prinsiplər əsasında aparılır. 2009-cu ilin iyul ayında Böyük səkkizlərin (G8) İtaliyanın Akvill (L’Aquila) şəhərində keçirilən zirvə toplantısı zamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin – ABŞ, Fransa və Rusiya – prezidentlərinin birgə bəyanatında əksini tapmış həmin prinsipləri bir daha xatırlayaq:

      • Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması;
      • Dağlıq Qarabağa təhlükəsizliyini və özünüidarəetməsini təmin edəcək müvəqqəti statusun verilməsi;
      • Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması;
      • Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadəetmə yolu ilə müəyyənləşdirilməsi;
      • Bütün məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qaytarılması;
      • Sülhməramlı əməliyyat da daxil olmaqla, beynəlxalq təhlükəsizlik təminatları.

Bu çərçivə 2010-cu ilin iyununda Kanadada (Muskoka) keçirilən G8 zirvəsində həmsədr ölkə prezidentlərinin bəyanatında bir daha təkrar edilib. Həmin il dekabrın 1-də Astanada keçirilən ATƏT sammitində isə həmsədr ölkə liderləri ilə Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanata imza atıblar. Bəyanatda münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, eləcə də ABŞ, Rusiya, Fransa prezidentlərinin Akvill və Muskoka bəyanatları əsasında həllinə bağlılıq ifadə olunub. 2011-ci ilin mayında Fransada  (Dövildə) keçirilən G8 toplantısında həmsədr ölkə liderləri bir daha, üçüncü dəfə eyni məzmunda bəyanat qəbul ediblər.

Şübhə yoxdur ki, Lavrov “Dağlıq Qarabağ xalqı” dedikdə hazırda orada yaşayan əhalini nəzərdə tutur. Hətta Azərbaycanın tərkibində mövcud olmuş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin münaqişədən əvvəlki demoqrafik vəziyyəti bərpa edilsə belə, balansın ermənilərin xeyrinə olacağı hamıya aydındır. Bu isə onu deməyə əsas verir ki, hər hansı referendum və ya ümumxalq sorğusunun nəticələri erməni əhalinin iradəsinə və istəyinə uyğun nəticələnəcək. Bəs Dağlıq Qarabağ erməniləri nə istəyir? Müstəqillik. Bundan sonrakı mərhələnin isə Ermənistanla birləşmə olacağı sirr deyil. Bu problem 1988-ci ildə elə məhz miatsum (birləşmə) şüarı ilə başlayıb.

Bir sözlə, Azərbaycanın yenilənmiş Madrid prinsiplərinə razılıq verməsi strateji xəta olub. Artıq sülh müqaviləsi üçün baza təşkil edən bu çərçivədən imtina etmək çox gecdir və qeyri-mümkün görünür.

Özünü doğrultmayan gözləntilər

2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsi və “Rusiyanın adamı” olmayan Nikol Paşinyanın iqtidara gəlməsindən sonra Azərbaycan cəmiyyətində gözləntilər yaranmışdı ki, Rusiya hökuməti ilə Ermənistanın yeni rəhbərliyi arasındakı soyuqluqdan faydalanıb, işğal altındakı torpaqları ya hərb, ya sülh yolu ilə geri qaytarmaq mümkün ola bilər. Bu fikir hakimiyyətə yaxın şərhçilər, jurnalistlər, siyasətçilər tərəfindən ifadə olunurdu və cəmiyyətdə Azərbaycanın uğurlu diplomatiyasının nəticə verməyə başladığına dair nikbin əhval-ruhiyyə təbliğ edilirdi. (Bu barədə Bakı Araşdırmalar İnstitutunda geniş bir yazımız yayımlanıb.) Amma bir daha görürük ki, Rusiya kimi böyük dövlətin uzunmüddətli maraqları, konkret halda Qafqaz siyasəti və erməni məsələsinə baxışı cari siyasi hadisələrin təsiri, o cümlədən iqtidar dəyişikliyi ilə sinxron şəkildə radikal dəyişikliyə məruz qala bilməz.

Lavrovun sonuncu səfəri Paşinyanın gəlişindən sonra Rusiya-Ermənistan münasibətlərində yaranmış anlaşmazlıqların həll edildiyini, Rusiya hökumətinin Ermənistanın yeni hökumət rəhbərinə etibar etməyə başladığını göstərir, baxmayaraq ki, ciddi problem kimi Putinin şəxsi dostu, keçmiş prezident Robert Koçaryanın hələ də həbsdə saxlanılmasını qeyd etmək olar. Rusiya Xarici İşlər nazirindən əvvəl isə müdafiə naziri Şoyqu Ermənistana səfər edərək oradakı Rusiya hərbçiləri ilə görüşmüş və 102 saylı hərbi bazanı Qafqaz regionunda sabitliyin təminatçısı adlandırmışdı. Belə güman etmək olar ki, Şoyqu həm də Rusiya hərbi bazasının Azərbaycanı hərbi əməliyyatlardan çəkindirən və beləliklə, bölgədə müharibənin qarşısını alan güc olduğuna işarə vurur. Rusiyanın bu cür rolu ATƏT-in Minsk Qrupunun bir çox beynəlxalq problemlə bağlı ziddiyyətli mövqelərə sahib həmsədr ölkələrinin Qarabağ məsələsinə münasibətdə konsensusa gəlməsində də mühüm rol oynayır: ABŞ və Fransa başa düşür ki, həm Ermənistan, həm də Azərbaycan üzərində real təsir imkanlarına malik Rusiya bölgədə müharibəni əngəlləyən əsas faktordur. (Bu məqamda yenə Lavrovun bəyanatını xatırlamaq yerinə düşəcək: nazir oktyabrın əvvəlində Valday konfransında bildirib ki, Rusiya Dağlıq Qarabağda müharibəyə imkan verməyəcək.)

Azərbaycanda hələ də mövcud olan başqa bir yanlış gözlənti və iddia bundan ibarətdir ki, Türkiyə-Rusiya əlaqələrində müşahidə olunan yaxınlaşma, intensivləşən Putin-Ərdoğan dialoqu Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqlarına uyğun həllinə zəmin yaradacaq. Lakin anlamaq lazımdır ki, Rusiya Türkiyə ilə nüfuz dairələrinin bölgüsünü aparmır, özünün hansısa maraqlarından geri çəkilmir; Qarabağ məsələsi isə ümumiyyətlə, bu dialoqun əsas mövzusu deyil. Bu dövlətlər arasında dominant mövzu Suriyadır. Türkiyənin bəzi məsələlərdə (enerji, silah alışı və s.) Rusiya hökumətinin maraqlarını təmin etməsi müqabilində Rusiya zaman-zaman Suriyada Türkiyə üçün məhdud fürsətlər pəncərəsi açır.

Nota “yağışı”

Azərbaycan üçün işlərin yolunda getmədiyini göstərən daha bir tendensiya isə budur ki, Azərbaycan hökuməti son aylarda hər üç həmsədr ölkəyə dəfələrlə etiraz notaları təqdim etmək məcburiyyətində qalıb. Dağlıq Qarabağ ermənilərinin nümayəndəsi (tanınmamış idarəçiliyin xarici işlər naziri) Masis Mailyan həm ABŞ-a, həm də Rusiyaya səfərlər edib. Azərbaycan XİN bununla əlaqədar 1 noyabr tarixində ABŞ səfirini, 6 noyabrda isə Rusiya səfirini dəvət edərək onlara rəsmi etiraz bildirib. Bundan əlavə, sentyabr ayında Fransa parlamentarilərinin Dağlıq Qarabağa səfəri ilə əlaqədar bu ölkəyə etiraz notası verilmiş, oktyabr ayında isə Ermənistana səfər edən Fransa regionlarının rəsmi nümayəndəsinin Mailyanla görüş keçirməsi faktına görə bu ölkənin Azərbaycandakı səfiri XİN-ə çağırılaraq ona daha bir etiraz notası təqdim olunmuşdu. Həmçinin, oktyabr ayında Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulinin Dağlıq Qarabağ ermənilərinin tədbirinə qatılması və orada verdiyi açıqlamalar da Azərbaycanın narazılığına səbəb olmuş və bu ölkə XİN-ə etiraz notası göndərilmişdi.

Həmsədr ölkələrin Mailyanın personasına diqqəti onun gələn il keçiriləcək seçkilərdə Dağlıq Qarabağ ermənilərinin yeni lideri seçilməsi ehtimalından qaynaqlanır. Ermənistan hökumətinin məhz bu şəxsi dəstəklədiyi bildirilir. Ümumiyyətlə, həmsədrlər Dağlıq Qarabağdakı faktiki idarəçiliyi yerli ermənilərin təmsilçisi kimi çoxdan tanıyırlar.