Azərbaycanın Bank Sektoru 9 ayda

    (2018-ci ilin yanvar-sentyabr ayları üzrə)

Mündəricat

 

Giriş

Bank qanunvericiliyindəki dəyişikliklər

Banklar və təmərküzləşmə səviyyəsi

Bankların resursları: formalaşma mənbələri və istifadəsi

Kredit bazarı

Depozit bazarı

Mərkəzi Bankın banklara maliyyə dəstəyi

Bank müştəriləri və hesabları

Bank sektorunda dollarlaşma səviyyəsi

Əsas tendensiyalar

 

Giriş

 

Artıq 2018-ci ilə yekun vurub 2019-cu ilə qədəm qoymuşuq. Ölkənin sosial-iqtisadi həyatında 2018-ci ildə baş verən proseslərin qiymətləndirilməsi vaxtıdır. Bu bülletendə Bakı Araşdırmalar İnstitutunun ekspertləri ölkənin bank sektorunun durumunu və orada baş verən dəyişiklikləri qiymətləndirməyə cəhd edib. Ancaq açıqlanan rəsmi statistik məlumatlar bank sektorunun yalnız 9 aylıq fəaliyyətinə qiymət verməyə imkan verdiyindən bu bülletendə də 2018-ci ilin yanvar-sentyabr ayları üzrə vəziyyət araşdırılıb.

Bülletenin əvvəlində ötən il bank sektorunun fəaliyyətini tənzimləyən qanunvericilikdə baş verən dəyişikliklər təqdim olunur. Sonra ölkədə fəaliyyət göstərən banklar və onların filial şəbəkəsinin sayındakı dəyişikliklər haqqında məlumat verilib və bank sektorunda təmərküzləşmə səviyyəsi qiymətləndirilib.

Daha sonra bülletendə fəaliyyət göstərən bankların resursları, onların formalaşması mənbələri və istifadə istiqamətləri, xüsusilə kredit və depozit bazarlarının durumu təhlil olunub. Ölkənin kredit və depozit bazarlarında dollarlaşma səviyyəsində müşahidə olunan əsas meyllər aşkara çıxarılıb.

Bakı Araşdırmalar İnstitutu ümid edir ki, oxuculara təqdim edilən və bank sektorunun ümumi vəziyyətini xarakterizə etməyə imkan verən iqtisadi bülleten 2018-ci ilin yanvar-sentyabr aylarında ölkədə baş verən dəyişikliklərin real mənzərəsini təsvir edə bilib.

2018-ci ilin 9 ayı Azərbaycanın bank sektorunda nisbi sabitlik və bank göstəricilərinin cüzi yaxşılaşması ilə yaddan qalıb. Bank sektorunda ümumi tendensiya kapital çatışmazlığının aradan qaldırılması, kredit qoyuluşunda müəyyən canlanma, əmanətlər üzrə faiz dərəcələrinin azalması, banklarda izafi likvidliyin artımı və bankların alternativ gəlir mənbələrinə üsünlük vermələri istiqamətində olub.

Bank qanunvericiliyindəki dəyişikliklər

2018-ci ildə bank qanunvericiliyində, o cümlədən bankların fəaliyyətinə təsir göstərən aşağıdakı dəyişiklikər baş verib:

  • Prezidentin 29 mart 2018-ci il tarixli, 1901 saylı Fərmanı ilə “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”“Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği” təsdiq edilib. Qaydalar daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin fəaliyyətinin təşkili, habelə onun aparılması, istifadəsi və məlumatların mühafizəsi ilə bağlı münasibətləri tənzimləyir. Qaydalara əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının operatorluğu ilə daşınar əmlakın yüklülüyünün dövlət reyestri yaradılır.
  • Mərkəzi Bankın 26 fevral 2018-ci il tarixli, 4/1 saylı Qərarı ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilib. Bu dəyişikliklərlə rezidentlər və qeyri-rezidentlər tərəfindən banklar vasitəsi ilə xarici valyuta əməliyyatlarının aparılmasına dair tələblər daha da sərtləşdirilib. Eyni zamanda dəyişiklik vasitəsilə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunması müddəti 180 gündən 270 günə qədər artırılıb.
  • “Banklar haqqında” Qanuna dəyişiklik edilərək Müşahidə Şurasının səlahiyyətləri artırılıb, İdarə Heyətinin səlahiyyətləri isə azaldılıb. Bundan başqa İdarə Heyəti, Müşahidə Şurası və Audt Komitəsinin səlahiyyət müddəti 4 ildən 3 ilə qədər azaldılıb.
  • Prezidentin 1 may 2018-ci il tarixli, 30 saylı Fərmanı ilə “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə qəbul edilib. Bu Əsasnamə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin və ipoteka kreditləri üzrə təminatların, habelə sahibkarların manatla aldıqları kreditlər üzrə təminatların və sahibkarlıq kreditlərinə hesablanmış faizlərin bir hissəsinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsi məqsədi ilə “Elektron ipoteka və kredit zəmanət” sisteminin fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Bundan başqa Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırılmasını və bankların dayanıqlığının artırılmasını nəzərdə tutan bir sıra normativ aktlar qəbul edilib:

Banklar və təmərküzləşmə səviyyəsi

2017-ci ildən başlayaraq bank sektorunda azalması müşahidə edilən təmərküzləşmə tendensiyası 2018-ci ildə yenidən artım meyli nümayiş etdirib. 2013-2016-cı illər ərzində bank sektorunda 5 bankın bazar payı 55%-dən 68,2%-ə yüksəldiyi halda 2017-ci ildə 65,2%-ə düşüb, 2018-ci ilin  9 ayında isə cüzi artımla 65,3%-ə yüksəlib.

Ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının aktivlərinin həcmi və bazar payı azalmaqda davam edib. Hesabat ilində bankın aktivləri 4,3% və ya 374,8 milyon manat azalıb, bankın bazar payı isə 31,1%-dən 28,5%-ə düşüb. Ölkənin ikinci ən böyük bankı olan Paşa Bank aktivlərini 22% artırmağa, bazar payını 12,7%-dən 14,8%-ə yüksəltməyə müvəffəq olub. Aktivlərinin həcminə görə növbəti yerləri bölüşən Kapital Bank (6,5%-dən 6,6%-ə), Xalq Bank (6,5%-dən 6,6%-ə) cüzi də olsa bazar paylarını artıra bilib, Azərbaycan Sənaye Bankının bazar payı (3,4%) sabit qalıb (Cədvəl 1).

Cədvəl 1

Azərbaycanın 10 ən böyük bankının aktivlərinin dəyişməsi

(milyon manat)

 

Təmərküzləşməni ölçmək üçün Herfindahl-Hirşman indeksi əsasında apardığımız qiymətləndirmənin nəticələri göstərir ki, 2018-ci ilin 9 ayında bank sektorunda təmərküzləşmə səviyyəsi 1382-dən 1293-ə düşüb. Bu isə orta səviyyədə təmərküzləşmə həddi hesab olunur.

Devalvasiyadan sonra xərclərin optimallaşdırılması tədbirləri çərçivəsində bank şəbəkələrinin ixtisarı sonradan bu şəbəkələrin genişlənməsi tendensiyası ilə əvəzlənib. 2017-ci ilin sonunda Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən, “DəmirBank” ASC-nin lisenziyası ləğv edilib (ilin birinci yarısında isə Atabank və Caspian Development Bank birləşib). Qərara səbəb kimi bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olması, eləcə də kreditorlar qarşısında olan öhdəlikləri yerinə yetirə bilməməsi göstərilir. Bununla da bankların sayı 30-a düşüb (Cədvəl 2).

 

Fəaliyyətdə olan bankların sayı

Cədvəl 2

(Mənbə: Maliyyə Bazarlarına Nəzarət Palatası)

Dəmirbankın bağlanması, eyni zamanda bəzi bankların maliyyə vəziyyətinin pisləşməsi filial şəbəkəsinin ixtisarına gətirib çıxarıb. Ötən ilin müvafiq dövri ilə müqayisədə 2018-ci ilin 9 ayında bank filialların sayı 8,6% azalaraq 557-dən 511-ə düşüb. Cari ilin 9 ayı ərzində isə əksinə, 2 yeni filial açılıb. Bu müddətdə bir banka düşən filialın sayı 18-dən 17-yə düşüb. Son bir ildə cəmisi 2 bank şöbəsi açılıb. (Cədvəl 2)

Filialların zəif artımına rəğmən bank sektorunda çalışanların sayındakı artım əhəmiyyətli olub. 2018-ci ilin 9 ayında işçilərin sayı 5,5% artaraq 17066-yə yüksəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayının artımı 4,4% təşkil edib (Cədvəl 2).

Bank resursları: formalaşma mənbələri və istifadəsi

Bankların aktivlərində son illər müşahidə edilən azalma 2018-ci ilin 9 ayında artımla əvəz olunub. Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasının təhlili göstərir ki, bu müddətdə bankların aktivləri 4,6% artaraq 27,92 milyard AZN-dən 29,2 milyard AZN-ə qalxıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 11,6% olub.

Aktivlərin artmasını onun strukturuna daxil olan ayrı-ayrı göstəricilərin artması şərtləndirib. 2018-ci ilin 9 ayında nostro hesablarmaliyyə institutlarındakı depozitlər istisna olmaqla digər göstəricilər artıb. Aktivlərdə əsas artım qiymətli kağızlarda (34,7%), digər aktivlərdə (23,8%), nağd vəsaitlərdə (19,5%) və Mərkəzi Bankda müxbir hesablarının (18,5%) həcmində olub. Ən çox azalma isə Nostro hesablarda (21,6%) baş verib (Diaqram 1).

2017-ci ilin müvafiq dövrü ilə müqayisə edəndə görmək olur ki, artım daha çox qiymətli kağızlarda baş verib. Bankların qiymətli kağızlara yatırımı bu dövrdə 3 dəfəyədək artıb (Diaqram 1).

Bankların dayanıqlığını gücləndirmək üçün onların kapitalının artırılması prosesi davam etdirilib. Bankların cəmi kapitalı 2018-ci ilin 9 ayı ərzində 10,9% artaraq 3,71 milyard AZN-dən 4,11 milyard AZN-ə çatıb. Bu artım nəticəsində bankların aktivlərində kapitalın payı 13,3%-dən 14,1%-ə yüksəlib.

Kapitalın əsas artımı Bank Respublikada (46,7%), Bank VTB-də (36,5%), Azərbaycan Beynəlxalq Bankında (35%), Unibank ASC-də (33,5%), Silk Vey Bankda (24,6%) baş verib. Ancaq Amrahbank (28,5%), Accessbank (18,7%), AGBank (10,9%), Nikoilbank (7,6%) və digər banklarda azalma qeydə alınıb[i].

2018-ci il oktyabr ayının 1-i tarixinə bankların öhdəliklərinin 77,6%-ni depozitlər (fiziki və hüquqi şəxslərin, o cümlədən maliyyə institutlarının) hesabına formalaşıb və bu mənbəyin payı 2017-ci ilin sonu ilə müqayisədə artaraq 76%-ə bərabər olub. Bank və digər maliyyə institutlarından alınan kreditlər bankların ikinci əsas maliyyə mənbəyi olub. Bu mənbə üzrə cəlbetmə azaldığından ümumi öhdəliklərdə payı 8,7%-dən 8%-ə düşüb. Azalmanın səbəbkarı bankların verdikləri kreditlərin azalması olub. Bu müddətdə banklar tərəfindən buraxılmış qiymətli kağızların bank öhdəliklərində payı 7,7%-dən 7,3%-ə düşüb (Diaqram 2).

 

Bankların qiymətli kağızlara yatırımının kəskin artmasının əsas səbəbi onların devalvasiyadan sonra yüksək risk səbəbindən kredit yatırmağa maraqlarının azalması ilə bağlıdır. 2018-ci ilin yanvar-sentyabr aylarında kredit qoyuluşunun həcmində artım olsa da aktivlərdə payı azalmaqda davam edib. Belə ki, ölkə üzrə kredit qoyuluşu bu müddətdə 4,3% artaraq 11,6 milyard AZN-dən 12,1 milyard AZN-ə yüksəlib. Bu, 2015-ci ildən bəri ilk artım olub. Kredit qoyuluşunun aktivlərdə payı azalaraq 41,55%-dən 41,44%-ə düşüb. 2017-ci ilin 9 ayında bu göstərici daha yüksək (47,02%) olub (Diaqram 3).

 

Vəsaitlərini aktiv kreditləşməyə istədikləri səviyyədə yönəldə bilməyən kredit təşkilatları qiymətli kağızlara yatırımlara üstünlük verirlər. Bunun nəticəsidir ki, 2017-ci ilin sentyabrından 2018-ci ilin sentyabrına qədər olan dövrdə qiymətli kağızların aktivlərdə payı 5,1%-dən 11,5%-ə yüksəlib[ii].

Kredit bazarı

Kredit qoyuluşunun artımı özəl bankların, xüsusilə də yerli kapitala malik özəl bankların hesabına baş verib. Dövlət mülkiyyətini təmsil edən Azərbaycan Beynəlxalq Bankı və Azər-Türk Bankın birgə kredit qoyuluşunun həcmi cari ilin yanvar-sentyabr aylarında 3% azalaraq 1916,2 milyon manatdan 1858,8 miyon manata düşüb. Bu müddətdə özəl bankların kreditləşməsi 6,6% artaraq 9421,4 milyon manatdan 10042,6 milyon manata çatıb. Artımın əsas dəstəkləyicisi yerli kapitala malik özəl banklar olub. Yerli bankların kredit qoyuluşu bu müddətdə 621,2 milyon manat, 100% xarici kapitallı bankların kredit qoyuluşu 25,9 milyon manat artıb, Kapitalında xarici kapitalın payı 100%-dən az olan digər özəl bankların kredit qoyuluşu isə 53 milyon manat azalıb[iii].

Banklardan fərqli olaraq bank olmayan kredit təşkilatlarının (BOKT) iqtisadiyyatı maliyyələşdirməsi azalmaqda davam edib. 2018-ci ilin 9 ayında BOKT-ların kredit qoyuluşu 4,6% azalaraq 420,2 milyon manatdan 401,1 milyon manata düşüb. Bu, 2013-cü ildən sonra ən aşağı həddir.

Kredit qoyuluşunun sektorlar üzrə analizi göstərir ki, 2018-ci ilin 9 ayında inşaat və əmlak sektoru istisna olmaqla digər sektorlarda artım baş verib. Belə ki, hesabat ilin yanvar-sentyabr aylarında ticarət və xidmət sektoru üzrə kreditləşmə 0,4%, sənaye və istehsal sektoru üzrə 9,1%, nəqliyyat və rabitə sektoru üzrə 14,4%, kənd təsərrüfatı və emal sektoru üzrə 8,1%, istehlak kreditləşməsi üzrə 9,7% artım qeydə alınıb. Bu dövrdə inşaat və əmlak sektoru üzrə 29% azalma olub (Diaqram 4).

İstehlak kreditlərinin payının 2014-cü ildən başlayaraq azalması tendensiyası son dövrlər yenidən artımla əvəz olunmağa başlayıb. İlin əvvəli ilə müqayisədə cəmi kreditlərdə istehlak kreditlərinin payı 39,2%-dən 41,1%-ə yüksəlib. Bu müddətdə ticarət və xidmət sektorunun payı 17,6%-dən 16,9%-ə, inşaat və əmlak sektorunun payı 4,6%-dən 3,2%-ə düşüb. Kənd təsərrüfatı sektorunun payı 3,7%-dən 3,8%-ə, sənaye və istehsal sektorunun payı 5,3%-dən 5,5%-ə, nəqliyyat və rabitə sektorunun payı 9,6%-dən 10,5%-ə yüksəlib[iv].

Kreditlərin valyuta strukturu göstərir ki, xarici valyutadan fərqli olaraq milli valyutada kredit qoyuluşunda artım müşahidə edilib. Milli valyutada kredit qoyuluşu 2018-ci ilin 9 ayında 8,7% artaraq 7557,2 milyon manat təşkil edib. Buna baxmayaraq manat kreditlərin həcmi 2011-ci ildən bəri ən aşağı həddə olub. Xarici valyutada olan kreditlərin həcmi isə bu müddətdə 1,2% azalaraq 4745,2 milyon manata düşüb[v].

Kreditlərin müddətinə gəldikdə, banklar qısamüddətli kreditləşməyə daha çox üstünlük veriblər. Cari ilin yanvar-sentyabr aylarında valyuta strukturundan asılı olmayaraq qısamüddətli kreditlərin həcmi 17,2%, uzunmüddətli kreditlərin həcmi isə cəmisi 1,9% artıb.  Milli valyutada həm qısa (24,8%), həm də uzunmüddətli (5,9%) kreditlərdə artım baş verib. Xarici valyuta üzrə isə qısamüddətli qoyuluş artsa da (9,9%), uzunmüddətli kreditləşmə azalıb (4,4%)[vi].

Regionların kreditləşməsində zəif də olsa artım olub. 2018-ci ilin 9 ayı ərzində regionlara yönəldilən kreditlər həcmi və payında artım qeydə alınıb. Regionlarda kreditləşmə 14,4% artdığı halda paytaxtda artım cəmisi 2,6% olub. Bu artım nəticəsində ümumi kreditləşmədə regionların payı 16,9%-dən 18,5%-ə yüksəlib. Belə artıma rəğmən Bakı şəhərinin ümumi kreditləşmədə mütləq üstünlüyünü (81,5%) qoruya bilib.

Milli valyutada olan kreditlərin ölkə üzrə faiz dərəcəsi 14,2% olduğu halda bu hədd Bakıda daha aşağı – 12%-ə bərabərdir. Regionlarda isə (Naxçıvan MR istisnadır) manat kreditləri üçün illik faiz dərəcəsi 16-25% civarında dəyişir. Məsələn, Aran iqtisadi rayonunda orta illik faiz dərəcəsi 23,2%, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 25,4%-ə çatır. Regionlarda kreditlərin illik faiz dərəcəsinin paytaxt ilə müqayisədə yüksək olması nəticəsində müştərilər Bakı şəhərindən kredit götürməyə üstünlük verirlər. Bunun üçün Bakı şəhərinin ümumi kreditləşmədə payı illər üzrə 80-85% arasında dəyişir. Ən aşağı faiz dərəcəsi Naxçıvan MR-də (9,3%) olduğu halda onun ümumi kreditləşmədə payı cüzidir (0,9%). (Diaqram 5)

Bankların ölkə iqtisadiyyatını maliyyələşdirmək marağını azaldan vaxtı keçmiş kreditlər artmaqda davam edib. Mərkəzi Bankın rəsmi məlumatına görə, cəmi kreditlərdə problemli kreditlərin payı cari ilin 9 ayı ərzindən 13,8%-dən 14,2%-ə yüksəlib. Vaxtı keçmiş kreditlərin həcmi yanvar-sentyabr aylarında 122 milyon AZN və ya 7,5% artaraq 1626,7 milyon AZN-dən 1748,7 milyon AZN-ə çatıb. Artımın 31%-i milli, 69%-i xarici valyutanın payına düşüb  (Diaqram 6).

Problemli kreditlərin artımı əsasən xarici valyutada olan kreditlər hesabına baş verib.  Milli valyuta üzrə problemli kreditlərin həcmi 37,9 milyon AZN artsa da manat kreditlərində payı 11,4%-dən 10,9%-ə düşüb. Xarici valyuta üzrə vaxtı keçmiş kreditlərinin həcmi 84 milyon AZN artıb və bununla da payı 17,8%-dən 19,4%-ə yüksəlib. Problemli kreditlərin əsas hissəsi uzunmüddətli kreditlərin payına (79,5%) düşür. Hesabat dövründə qısamüddətli kreditlər üzrə gecikmələr 11%, uzunmüddətli kreditlər üzrə 6,6% artıb.

Depozit bazarı

2015-2017-ci illərdə depozit bazarında müşahidə edilən kiçilmə 2018-ci ildə yenidən böyümə meyli ilə əvəzlənib. Bu ilin 9 ayında ölkə üzrə ümumi depozit qoyuluşu 4,8% artaraq 21,6 milyard manata yüksəlib. Depozitlərin həcminin artması bankların öhdəliklərində də əksini tapıb. Bankların depozitlərdən asılılığının artması davam edib. 2015-ci ildə cəmi öhdəliklərdə depozitlərin payı 74,9% olduğu halda 2017-ci ildə 76%-ə, 2018-ci ilin yanvar-sentyabr aylarında isə 77,6%-ə çatıb (Diaqram 7).

 

Depozitlərin payının artımına səbəb bankların xarici öhdəliklərdən getdikcə imtinası və bank və digər maliyyə institutlarından kredit almaq imkanlarının məhdudlaşmasıdır. Mərkəzi Bankın məlumatına görə, 2018-ci ilin yanvar-sentyabr aylarında xarici öhdəliklərin həcmi 2,3 milyard AZN-dən 1,9 milyard AZN-ə qədər azalıb. Bu müddətdə banklar və digər maliyyə institutlarından cəlb edilmiş kreditlər 2,12 milyard AZN-dən 2,02 milyard AZN-ə düşüb. [vii]

Ümumi depozit qoyuluşunda artım olsa da maliyyə təşkilatlarının depozitlərində azalma olub. Maliyyə təşkilatlarının depozitləri 9 ayında 15,7% azalaraq 1,6 milyard AZN-ə düşüb. Bu müddətdə əhali əmanətləri 8,4% artaraq 8,2 milyard AZN-ə, qeyri-maliyyə depozitləri 5,8% artaraq 11,75 milyard AZN-ə yüksəlib.

Depozitlərin valyuta strukturu göstərir ki, ümumi depozitlərin artımını milli valyuta üzrə depozitlər şərtləndirib. Milli valyutada yerləşdirilən depozitlər 23,8% artıb, xarici valyutada cəlb edilən depozitlər isə 2,5% azalıb. Milli valyutada olan əhalinin əmanətləri 21,2%, maliyyə təşkilatlarının depozitləri 10,2%, qeyri-maliyyə təşkilatlarının depozitləri 27,8% artıb. Xarici valyutada olan əhali əmanətləri 2% artdığı halda maliyyə qeyri-maliyyə təşkilatlarının depozitləri uyğun olaraq 21,2% və 1,6% azalıb.

Manat depozitlərinin artması son aylar milli valyutanın məzənnəsinin sabitliyi və manat əmanətlərinin illik gəlirliyinin yüksək olmasıdır. Manat depozitlərinin illik faiz dərəcəsinin azalması tendensiyası bu valyutada olan depozitlərin cəlbediciliyini azaltmayıb. Məsələn, 2017-ci ilin sonu ilə müqayisədə manat əmanətlərinin illik faiz dərəcəsi 11,59%-dən 10,3%-ə enib. Hüquqi şəxslərin yatırdıqları depozitlərin orta illik faiz dərəcəsi bu müddətdə 5,82%-dən 5,55%-ə düşüb. Oxşar azalma xarici valyuta depozitlərinin orta illik faiz dərəcəsində də baş verib. Fiziki şəxslərin depozitləri üzrə azalma 3,66%-dən 2,95%-ə, hüquqi şəxslərin depozitləri üzrə 1,41%-dən 1,22%-ə düşüb (Diaqram 8).

 

Devalvasiyadan sonra manat depozitlərinin illik faiz dərəcəsinin artımı baş verdiyi halda 2018-ci ildə azalmağa başlayıb. Xarici valyutada olan depozitlərin illik faiz dərəcəsi azalmaqda davam edib. 2015-2018-ci illərdə fiziki şəxslərin depozitləri üzrə 8,83%-dən 2,95%-ə, hüquqi şəxslər üzrə 4,81%-dən 1,22%-ə düşüb. Xarici valyuta üzrə illik gəlirliliyin azalmasının nəticəsidir ki, istər fiziki, istərsə də hüquqi şəxslərin xarici valyutada depozit yerləşdirmə marağı azalıb (Diaqram 8).

Depozit qoyuluşunun tələbolunanadək növünün artımı depozit sahiblərinin bank sektorunun dayanıqlığına əmin olmamalarının göstəricisidir. 2018-ci ilin 9 ayında tələbolunanadək depozitlər 9,6% artaraq 11,3 milyard AZN-ə çatıb. Bununla da cəmi depozitlərdə tələbolunanadək depozitlərin payı 50%-dən 52,3%-ə yüksəlib. Artımın səbəbkarı milli valyuta üzrə depozitlər (34,8%) olub, bu növ xarici valyuta olan depozitlər isə əksinə 2,2% azalıb[viii]. Milli valyuta üzrə tələbolunanadək depozitlərin artımını qeyri-maliyyə təşkilatları təmin ediblər (42,8%).

19 yanvar 2016-cı il tarixində qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna əhali əmanətləri valyuta növündən asılı olmayaraq müəyyən edilmiş illik faiz dərəcəsi həddində (milli valyuta üzrə maksimum 15%, xarici vayuta üzrə maksimum 3%) 3 il müddətində tam sığortalanır. Qanunun müddəti uzadılmasa qüvvəsini 19 yanvar 2019-cu il tarixində itirəcək və bu halda tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi 29 dekabr 2006-cı il tarixindən qüvvədə olan “Əmanətlərin sığortalanması haqqında” Qanunla tənzimlənəcək. Adıçəkilən Qanunun 26.1-ci maddəsinə görə, Əmanətlərin Sığortalanması Fond tərəfindən sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

“Əmanətlərin tam sığortalanması haqqında” Qanun əhalinin banklardan əmanətlərini geri çəkmələrini minimuma endirdi. Elə bu səbəbə əhali əmanətlərində tələbolunanadək depozitlərin payı 32% civarındadır, ancaq son aylar artım müşahidə edilir. Adıçəkilən Qanun hüquqi şəxslərə şamil edilmədiyindən onların depozitləri qorunmur. Elə bu səbəbdən qeyri-maliyyə təşkilatlarının depozitlərində müddətiz depozitlərin payı yüksək olaraq qalmaqdadır və hətta cari ilin yanvar-sentyabr aylarında artaraq 70,6%-ə yüksəlib. Artım tendensiyası maliyyə təşkilatlarının depozitlərində də (18,2%-dən 22,6%-ə) qeydə alınıb[ix].

Mərkəzi Bankın rəsmi məlumatına görə, ölkə üzrə milli valyutada tələbolunanadək depozitlərin illik faiz dərəcəsi 0,2%, xarici valyutada isə 0,1%-dir. Halbuki müddətli əmanətlər üzə bu göstərici uyğun olaraq 10,2% və 2,9%-dir.

Əmanətlərin regional paylanması səviyyəsi göstərir ki, əmanətlər əsasən Bakı şəhərində təmərküzləşib. Cari ilin 9 ayı ərzində ölkə üzrə əmanət qoyluşunda Bakı şəhəri üzrə artım tempi (8%) regionların artım tempindən (14%) aşağı olduğunda paytaxtın payında cüzi azalma (92,6%-dən 92,2%-ə) müşahidə edilib. Regionlarda daha çox artım Yuxarı Qarabağ (52,3%), Dağlıq Şirvan (41,7%) və Quba-Xaçmaz (31,2%) iqtisadi rayonlarında olub. Aran iqtisadi rayonunda isə 2,6% azalma qeydə alınıb (Diaqram 9).

Ümumilikdə götürdükdə regionların əmanət qoyuluşunda payı aşağı olaraq qalıb. Regionlar üzrə əmanət qoyuluşunun aşağı olmasının səbəbi cəlb edilən vəsaitə aşağı faiz dərəcəsi təklif edilməsidir. Bakı şəhəri milli valyuta üzrə orta illik faiz dərəcəsi 7-8% civarında dəyişdiyi halda regionlarda 2,5%-7% arasında dəyişir. Məsələn, Naxçıvan MR-də 2,6%-ə, Şəki-Zaqatala iqtisadi rayonunda 4,1%-ə, Aran iqtisadi rayonunda 4,4%-ə bərabərdir.

 

Mərkəzi Bankın banklara maliyyə dəstəyi

Mərkəzi Bank depozit cəlbinin əhəmiyyətli artımı, ancaq buna baxmayaraq kreditləşmənin zəifləməsi səbəbindən banklarda yaranmış izafi likvidliyi azaltmağa yönəlik maliyyə alətlərindən istifadə etməklə banklara dəstək verməyi davam etdirib.

2018-ci ilin yanvar-sentyabr aylarında Mərkəzi Bank tərəfindən ümumilikdə 41 depozit hərrac keçirilib[x]. Bu depozitlər qısamüddətli – 14 günlük cəlb edilib. Cəmi 3 hərracda depozitin cəlb edilmə müddəti fərqli olub: 10, 13 və 20 günlük. Hərraclarda Mərkəzi Bank tərəfindən depozit sifarişinin həcmi 200-350 milyon manat civarında dəyişib. Yalnız 1 hərrac istisna olmaqla, bütün hərraclarda bankların tələbi təklifi bir neçə dəfə üstələyib. Depozit hərracı üçün Mərkəzi Bank tərəfindən təklif olunan illik faiz dərəcəsi 8,01%-14,79% intervalında dəyişib. Keçirlmiş 41 hərracın 34-dən illik faiz dərəcəsi 8,01% olub. Hesabat dövründə banklar bu hərraclar vasitəsilə 41 milyon manatdan çox faiz gəliri əldə edib.

Mərkəzi Bank eyni zamanda qısamüddətli notlar vasitəsilə banklara dəstək verib. Hesabat dövründə Mərkəzi Bank Bakı Fond Birjası vasitəsilə 40 dəfə qısamüddətli not yerləşdirib[xi]. Notların yerləşdirmə müddəti 28 gün olub. Cəmisi iki yerləşdirmə 27 günlük, bir yerləşdirmə isə 364 günlük olub. Yerləşdirilən notların həcmi əsasən 250-300 milyon manat həcmində dəyişib. Bankların bu qiymətli kağızlara tələbi 2-3 dəfə üstələyib. Notların illik gəlirliliyi 8,01%-14,52% intervalında dəyişib. Bu qiymətli kağızlar vasitəsilə banklar təxminən 69 milyon manat həcmində faiz gəliri əldə ediblər.

Mərkəzi Bankın likvidliyin idarə edilməsi üzrə digər əməliyyatları – 1, 3 və 7 günlük repo və əks-repo əməliyyatları baş verməyib.

Mərkəzi Bank tərəfindən verilən mərkəzləşdirilmiş kreditlər bankların resurs mənbələrindən biri hesab edilir. Ancaq son dövrlər bu mənbəyin payı getdikcə azalır və uyğun tendensiya 2018-ci ildə də davam edib. 2018-ci ilin 9 ayı ərzində mərkəzləşdirilmiş kreditlərin həcmi 19,2% azalaraq 746,3 milyon AZN-ə düşüb. Hazırda belə kreditlərin həcmi son 10 ildən ən aşağı səviyyədədir. Mərkəzi Bankın ən yüksək kredit dəstəyi isə 2015-ci ildə (6,2 milyard AZN ) olub[xii].

Mərkəzləşdirilmiş kreditlərin həcminin azalması bu növ kreditlərin payının da azalmasına gətirib çıxarıb. Hesabat dövrü ərzində mərkəzləşdirilmiş kreditlərin bankların kredit portfelində payı 8%-dən 6,2%-ə düşüb. Bu müddətdə illik faiz dərəcələri 15%-dən 10%-ə endirilib. Buna səbəb Mərkəzi Bankı uçot dərəcələrini mərhələlərlə 15%-dən 10%-ə endirməsidir.

Bank müştəriləri və hesabları

2018-ci il oktyabrın 1-i tarixinə bank müştərilərininin sayı 6,23 milyona çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 7,9% çoxdur. Bu, tarixi rekord həddir. Bu müştərilərin 6,13 milyon və ya 98,4%-i fiziki, 1,6%-i və ya 99,6 mini hüquqi şəxslərin payına düşüb. Hesabat dövrünün sonuna müştəri hesablarının sayı isə 8,5% artaraq 17,5 milyona yüksəlib. Müştəri hesablarının 83,4%-i cari, 14,6%-i kredit, 2%-i depozit hesablarının payına düşür. Ümumən götürdükdə son illər kredit və depozit hesablarının azalması hesabına cari hesabların payının artımı müşahidə edilir. Devalvasiyadan əvvəlki il – 2014-cü ildə cari hesabların payı 74,7% olduğu halda 2018-ci ilin sentyabr ayının sonuna 83,4%-ə çatıb. Bu müddətdə kredit hesablarının payı 22,4%-dən 14,6%-ə, depozit hesablarının payı isə 2,9%-dən 2%-ə düşüb. 2013-cü ildə bir bank müştərisinə 1,7 hesab düşürdüsə, hazırda bu göstərici 2,8-ə qədər artıb[xiii].

Bank sektorunda dollarlaşma səviyyəsi

Bank sektorunda dollarlaşma səviyyəsinin aşağı düşməsi tendensiyası 2018-ci ildə də davam edib. Həm kredit qoyuluşunda, həm depozit cəlbində əksdollarlaşma müşahidə edilib.

2015-ci ildə 2006-cı ildən sonra ən yüksək dollarlaşma səviyyəsinə (49,4%) çatan kredit qoyuluşunda manatın məzənnəsinin sabitliyi fonunda növbəti illərdə azalma müşahidə edilib. 2018-ci ilin 9 ayı ərzində xarici valyutada olan kreditlərin payı 40,9%-dən 38,6%-ə düşüb. Bu, 2014-cü ildən sonra ən aşağı həddir (Diaqram10)

Milli valyutanın sabitliyi və xarici valyuta üzrə depozitlərə banklar tərəfindən təklif edilən aşağı gəlirlilik fiziki və hüquqi şəxslərin xarici valyutada yatırımlara marağını azaldıb, bu da öz növbəsində depozitlərin dollarlaşması səviyyəsinə azaldıcı təsir göstərib. Ümumi depozit qoyuluşunda müşahidə edilən dollarlaşma səviyyəsinin azalması tendensiyası 2018-ci ildə də davam edib və həmin ilin III rübünün sonuna 72,4%-dən 67,4%-ə düşüb. Əksdollarlaşmanın ən aşağı həddi əhali əmanətlərində qeydə alınıb. 2018-ci ilin 9 ayı ərzində əmanətlərin dollarlaşması səviyyəsi 66,5%-dən 62,6%-ə düşüb. Devalvasiyaya görə ən yüksək həddə dollarlaşan (89,1%) maliyyə təşkilatlarının depozitlərində xarici valyutanın payı azalaraq oktyabrın 1-i tarixinə 77,1% təşkil edib. 2017-ci ildə qeyri-maliyyə təşkilatlarının depozitlərində yenidən dollarlaşmağa meyllənsə də 2018-ci ildən başlayaraq əksdollarlaşma ilə əvəz olunub (Diaqram 11).

 

 

Əsas tendensiyalar

 

Rəsmi statistik rəqəmlərin analizi 2018-ci ilin 9 ayında bank sektorunda müşahidə edilən aşağıdakı tendensiyaları üzə çıxartdı:

  • 2017-ci ildə bank sektorunda təmərküzləşmə səviyyəsinin müşahidə edilən azalması 2018-ci ildə zəif artımla əvəz olunub
  • Bank şəbəkələrinin (filial və şöbələr) və işçilərinin sayının artımı baş verib
  • Devalvasiyadan sonra bankların aktivlərində müşahidə edilən azalma tendensiyası hesabat dövründə artımla əvəz olunub.
  • Bankların qiymətli kağızlara aktiv yatırımı artmaqda davam edib və 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yatırımın həcmi 3 dəfə artıb.
  • Kredit qoyuluşu artıb və bu artım özəl bankların, xüsusilə də yerli kapitala malik özəl bankların hesabına baş verib.
  • İstehlak kreditlərinin həcmində və payında yenidən artım müşahidə edilib və bu kreditlərin payı 41,1% olmaqla son 4 ilin ən yüksək həddinə çatıb.
  • Milli valyutada kredit qoyuluşu artıb, xarici valyutada olan kredit qoyuluşu isə azalıb
  • Banklar qısamüddətli kreditləşməyə daha çox üstünlük veriblər.
  • Paytaxtla müqayisədə regionların kreditləşməsində artım daha yüksək olub
  • Vaxtı keçmiş kreditlər artmaqda davam edib.
  • Bankların depozit resurslarından asılılığı artmaqda davam edib.
  • Ümumi depozit artımını milli valyuta üzrə cəlbetmələr şərtləndirib, xarici valyutada cəlb edilən depozitlər isə azalıb.
  • Manat depozitlərinin illik faiz dərəcəsinin azalması tendensiyası bu valyutada olan depozitlərin cəlbediciliyini azaltmayıb.
  • Depozit qoyuluşunun tələbolunanadək növü artıb
  • Mərkəzi Bank tərəfindən verilən mərkəzləşdirilmiş kreditlərin payı azalmaqda davam edib
  • Bank müştərilərinin sayı artmaqda davam edib və tarixi rekord həddə çatıb
  • Bank sektorunda dollarlaşma səviyyəsi azalmağa başlayıb

[i] Bankların renkinqləri. Azərbaycan Banklar Assosiasiyası. https://aba.az/banklar/renkinql%C9%99r/

[ii] Maliyyə Bazarlarına Nəzarət Palatası statistik bülleteni

[iii] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:09 (222), 09/2018. www.cbar.az

[iv] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:09 (222), 09/2018. www.cbar.az

[v] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:09 (222), 09/2018. www.cbar.az

[vi] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:09 (222), 09/2018. www.cbar.az

[vii] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:09 (222), 09/2018. www.cbar.az

[viii] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:09 (222), 09/2018. www.cbar.az

[ix] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:09 (222), 09/2018. www.cbar.az

[x] Mərkəzi Bank. www.cbar.az

[xi] Bakı Fond Birjasının məlumatı. www.bfb.az

[xii] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:09 (222), 09/2018. www.cbar.az

[xiii] Azərbaycan Respublikasının Mərkəzi Bankı, Statistik bülleten, N:09 (222), 09/2018. www.cbar.az