fbpx

iqtisadiyyat

iqtisadiyyat

“Evdar məşğulluq”: İşsizləri udan sirli mənbə…

Read this article on other language
Download article
image_pdf
image_pdf

İqtisadiyyatda həmişə yaş baxımından işləmək hüququ olan əhalinin sayı iqtisadi fəal əhalinin sayından daha çox olur. Problem təkcə işsizliyin real miqyasının gizlədilməsi ilə bağlı deyil. Əslində qanunvericiliyə görə, iqtisadi fəal əhalinin tərkibinə statistikanın məşğul kimi uçota aldığı şəxslərlə yanaşı, rəsmi uçota alınan işsizlər də daxildir. Məsələn, hazırda Azərbaycanda iqtisadi fəal əhalinin ümumi sayı 5.3 mln. nəfərə yaxındır – 5 mln. nəfərdən bir az çox məşğul, 250 minə yaxın isə rəsmi işsiz elan olunan şəxslər. Halbuki rəsmi statistika göstərir ki, hazırda əmək qabiliyyətli yaşında olan əhalinin sayı iqtisadi fəal əhalinin sayından təxminən 1.5 mln. nəfər çoxdur. Bəs bu qədər insan haradadır, statistika onları hansı statusla uçota alır?

Ən mühümü: bəzən iddia edildiyi kimi bu qədər insan gizli işsizlər ordusunumu təmsil edir? Əlbəttə, bu tam da belə deyil – gizli işsizlər bu rəqəmin içərisində gizlənə bilər, amma həmin iqtisadi fəal əhalidən əlavə ölkənin əmək resurslarının içərisində yer alan təxminən 2 mln. nəfər 15-65 yaşlı insanların xeyli hissəsinin leqal statusu var və rəsmi statistika onları qanunvericiliyə uyğun olaraq “iqtisadi qeyri-fəal əhali” kimi qeydiyyata alır.

Əmək qabiliyyətli yaşında olsa da, çalışmayan və “iqtisadi qeyri-fəal əhali” kateqoriyasına kimlər daxildir? Əlilliyə və bəzi güzəştli şərtlərə (məsələn, zərərli iş yerlərində çalışmağa, xidmət illərinə, çoxuşaqlılığa görə və s.) görə erkən yaşda pensiya hüququ qazananlar, əmək ehtiyatlarına daxil olan, lakin orta məktəbin yuxarı sinfində oxuyanlar (15-17 yaş intervalı), digər təhsil pillələri üzrə oxuyanlar əmək qabiliyyətli yaşında qeyri-fəal iqtisadi əhalini təşkil edir. Lakin qeyri-fəal iqtisadi əhalinin tərkibində 2 qrup var ki, onların işə ehtiyacının olmaması səbəbindən çalışmaması xeyli dərəcədə şübhəlidir. Çünki söhbət əmək qabilliyyətli yaşda olan, çalışmaq üçün fiziki və əqli imkanları yetən 750 min nəfərə yaxın insandan gedir.

Dövlət statistika qurumunun məlumatına görə, 2017-ci ilin sonuna əmək qabiliyyətli yaşında iqtisadi cəhətdən qeyri-fəal əhalinin sayı 1.472 mln. nəfər təşkil edib ki, bu 10 il əvvəlki statistika ilə müqayisədə təxminən 500 min nəfər çoxdur. 2008-2017-ci illərdə iqtisadi fəal əhalinin sayı 700 min, iqtisadi cəhətdən qeyri-fəal əhalinin sayı isə 500 min nəfər artıb. Diqqəti cəlb edən ən vacib məqam budur ki, əmək qabiliyyətli yaşında işləmək potensialı olan qeyri-fəal əhalinin əsas hissəsini qadın işçi qüvvəsi təşkil edib. Belə ki, 2017-ci ildə bu kateqoriya üzrə insanların 920 min nəfəri və ya 63%-i qadınlar, 37%-i (552 min nəfər) kişilər olub. Rəsmi statistika bunu əmək qabiliyyəti olsa da, işləməyən insanların təxminən yarısının haqqı ödənilməyən ev işlərinin (uşaqlara və ailə üzvlərinə  qulluqla bağlı evdar qadınlar) yerinə yetirilməsi ilə əlaqələndirir. Belə ki, 2017-ci ildə “evdar” kateqoriyası üzrə iqtisadi qeyri-fəal əhalinin sayı 640 min nəfərdən çox olub ki, bu həmin dövr üzrə əmək qabiliyyətli qadınların ümumi sayının 20%-nə bərabərdir. Ümumilikdə son 10 ildə əmək qabiliyyətli yaşında olan qadınların sayı təxminən 600 min nəfər artıb. Bu artımın təxminən yarısı rəsmi işləyən kimi “məşğulluq” statusu qazansa da, digər yarısı “iqtisadi qeyri-fəal əhali” kateqoriyasına daxil olub. Bu müddətdə “evdar” statusu alan qadınların sayı az qala 2 dəfə artıb – 330 min nəfərdən 620 min nəfərə yüksəlib.

Məlumat üçün qeyd edim ki, rəsmi məlumata görə, statistikanın uçotunda ev işlərini yerinə yetirməsi səbəbindən çalışmayan kişilər də var, lakin onların sayı çox azdır – ötən il üzrə 22 min nəfər. Amma 2008-ci ildə bu rəqəm 50 min nəfərə yaxın olub. Maraqlıdır ki, 10 ildə “evdar qadınlar”ın sayı 2 dəfə artsa da, eyni məşğulluq statusuna malik kişilərin sayı 2 dəfə azalıb. Müqayisə üçün deyim ki, hazırda əmək qabiliyyətli yaşında kişilərin 16%-i, qadınların isə 27%-i iqtisadi qeyri-fəal əhali hesab edilir. Qadınlar arasında məşğulluq statusuna görə qeyri-fəallığın belə yüksək olmasının da əsas səbəbi məhz evdarlıqdır. Amma bu günə qədər bircə alternativ institut “evdar” statusu ilə statistikanın uçota almadığı qadınlar arasında sorğu aparmayıb ki, onların real olaraq hansı hissəsi üçün bu status icbari seçimdir (əlverişli iş imkanları, azyaşlı uşaqları üçün keyfiyyətli və əlçatan bağça olmadığına görə və s), yoxsa ən müxtəlif səbəbdən evdar olmaq onların könüllü seçimidir. Hər halda çox maraqlı bir tədqiqatın mövzusudur.

Rəsmi statistika əmək qabiliyyətli yaşında olan, amma işləmək istəməyən insanların bir hissəsini də yüksək təminatla bağlayır. Daha doğrusu rəsmi statistikaya görə, elə bir qrup var ki, onların sahib olduqları mülkiyyətdən daimi qazancları (faiz, icarə haqqı və s. formasında) olduğu üçün sadəcə işləməyə ehtiyac duymurlar. Ən son rəsmi informasiyaya görə, bu qrupa daxil olan ümumi əhalinin sayı 84 min nəfərə yaxındır: onların 60 min nəfərini kişilər, 24 min nəfərini isə qadınların təşkil etdiyi bildirilir. Məlumat üçün deyim ki, 10 il öncə bu göstərici təxminən 39 min nəfər təşkil etmişdi.

Nəhayət, əhalinin məşğulluq statusu baxımından şəhər və kənd, yüksək və nisbətən aşağı təhsilli qruplar arasında da fərqlər çox maraqlıdır. Ötən ilin yekunlarına görə, iqtisadi qeyri-fəal əhalinin ümumi sayında ali təhsillilər 273 min, orta ixtisas təhsili olanlar 269 min, peşə təhsillilər isə 97 min nəfər olub ki, həmin kateqoriya üzrə ümumi əhalinin təxminən üçdə birinə bərabərdir. Öz növbəsində, əmək qabiliyyətli yaşında iqtisadi qeyri-fəal əhalinin 55%-i şəhərlərin, 45%-i isə kəndlərin payına düşür. Son 10 ildə bu göstərici şəhərlər üzrə 210 min, kəndlər üzrə 260 min nəfər artmışdır.

Beləliklə, Azərbaycanda uzun illərdir ki, müzakirədən çıxmayan “gizli işsizlyin real miqyası nə qədərdir” sualına dəqiq cavab tapmaq üçün əsas işlərdən biri də məhz iqtisadi qeyri-fəallıq göstəricisinin alternativ araşdırılmasıdır. Çünki rəsmi cavablar bu məsələni işıq gələn tərəfə çəkməkdə maraqlı deyil…

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.