II

Biz gördük ki, bir cümlənin bildirimini həmişə o zaman axtarırıq ki, onun tərkib hissələrinin bildirimindən söhbət getsinvə bu, yalnız və yalnız o zaman mümkündür ki, cümlənin doğruluq dəyəri ilə bağlı sual edilsin.

Beləliklə, cümlənin doğruluq dəyərini elə onun bildirimi kimi tanımaq məcburiyyətindəyik. Cümlənin doğruluq dəyəri deyərkən, onun doğru və ya yanlış olmasını nəzərdə tuturam. Başqa bir doğruluq dəyəri yoxdur. Qısaca olaraq, birini Doğru, digərini isə Yanlış adlandırıram. Beləliklə, tərkibindəki sözlərin bildirimindən asılı olaraq hər bir nəqli cümləni xüsusi ad kimi nəzərdən keçirmək gərəkdir və əlbəttə, onun bildirimi (əgər varsa) ya Doğru ya da Yanlışdır. Bu iki şey səssiz olsa da, ümumilikdə hökm edən, nəyisə doğru hesab edən hər kəs tərəfindən –yəni, həmçinin skeptiklər tərəfindən də sorğu-sualsız qəbul edilir. Doğruluq dəyərinin şey kimi nəzərdən keçirilməsi əsassız fantaziya məhsulu və bəlkə də dərin nəticələr çıxarılması mümkün olmayan boş söz oyunu kimi görünə bilər. Şey adlandırdığım daha dəqiq yalnız anlayış və əlaqə ilə birlikdə müzakirə oluna bilər. Bunu başqa bir məqaləyə saxlamaq istəyirəm. Hərçənd, indi buraya qədər artıq aydın olmalıdır ki,hər bir hökmdə[1] (nə qədər öz-özünə anlaşılan olsa belə) artıq fikir səviyyəsindən bildirimlər (obyektivlik) səviyyəsinə addım atılmışdır.

Fikrin Doğruya münasibətini mənanın bildirimə yox, subyektin predikata münasibəti kimi nəzərdən keçirməyə cəhd edilə bilər. Birbaşa olaraq deyilə bilər: “5 sadə ədəddir fikri doğrudur”. Ancaq daha diqqətlə baxılsa, onda aydın olar ki, əslində bununla adi “5 sadə ədəddir” cümləsindən başqa heç nə deyilməmişdir. Hər iki halda doğruluğun təsdiqi cümlənin təsdiqi formasında ehtiva olunur – hətta onun adəti təsdiqedici gücü olmayan halda belə; məsələn, səhnədə aktyorun dilindəki “5 sadə ədəddir fikri doğrudur” cümləsi də yalnız bir fikri, məhz adi “5 sadə ədəddir”cümləsindəki fikri, ehtiva edir. Buradan belə nəticə çıxır ki, fikrin Doğruya münasibəti ilə subyektin predikata münasibəti müqayisə oluna bilməz. Subyekt və predikat axı (məntiqi mənada) fikrin hissələridir, onlar idraka münasibətdə eyni səviyyədə dururlar. Subyekt və predikatı birləşdirməklə həmişə yalnız fikir əldə edilir, heç vaxt mənadan bildirimə və ya fikirdən onun doğruluq dəyərinə keçid edilmir. Biz yalnız eyni səviyyədə qalırıq, növbəti səviyyəyə irəliləyə bilmirik. Doğruluq dəyəri fikrin hissəsi ola bilməz– necə ki, məsələn, Günəş də fikrin hissəsi ola bilməz, çünki o, məna deyil, predmetdir.

Əgər bizim cümlənin bildirimi onun doğruluq dəyəridir fərziyyəmiz düzgündürsə, onda cümlənin hansısa hissəsi eyni bildirimli, ancaq başqa mənalı ifadə ilə əvəzləndiyi halda, doğruluq dəyəri dəyişməz qalmalıdır.Və bu, həqiqətən belədir. Leybnis beləcə izah edir: “Eadem sunt, quae sibi mutuo substitui possunt, salva veritate”. Cümlənin tərkib hissələrinin bildirimi nəzərə alındıqda doğruluq dəyərindən başqa daha nə tapıla bilər ki, ümumən hər cümləyə aid olsun və verilmə tərzinin əvəzlənməsində dəyişməz qalsın?

Madam ki, cümlənin doğruluq dəyəri onun bildirimidir, onda bütün doğru cümlələr bir tərəfdən, bütün yanlış cümlələr isə digər tərəfdən, eyni bildirimə malik olacaqlar. Buradan görürük ki, cümlənin bildirimində tək-tək olanların hamısısilinir. Deməli, bizi heç zaman yalnız cümlə bildiriminin özü maraqlandıra bilməz; hərçənd, adi fikir də deyil, yalnız öz bildirimi, yəni, doğruluq dəyəri ilə birlikdə olan fikir bilik verir. Hökmetməni, fikirdən onun doğruluq dəyərinə addım kimi anlamaq olar. Əlbəttə, bubirtərif ola bilməz. Hökmetmə özü olduqca xüsusi və müqayisə olunmaz bir şeydir. Həm də belə demək olar: hökmetmə elə doğruluq dəyəri daxilindəki hissələri bir-birindən fərqləndirməkdir.Bu fərqləndirmə fikrə geri qayıtmaqla baş verir. Doğruluq dəyərinə aid olan hər bir məna hissələrin özünəməxsus təhlil üsuluna uyğun gəlmiş olar. “Hissə” sözünü burada, əlbəttə, xüsusi tərzdə istifadə etmişəm. Sözün bildirimini cümlə bildiriminin hissəsi adlandırmaqla (əgər söz özü bu cümlənin hissəsidirsə) mən cümlədəki tam və hissə münasibətini onun bildiriminə daşıyıram. Məsələnin belə ifadəsi, əlbəttə, mübahisəli ola bilər, çünki bütöv bildirim və onun bir hissəsi digər hissəni müəyyən etmir, çünki fiziki cisimlərə münasibətdə“hissə” sözü başqa mənada istifadə olunur. Bunun üçün xüsusi termin yaratmaq gərəkli olar.

İndi cümlənin doğruluq dəyərinin onun bildirimi olması fərziyyəsini yoxlamağa davam edək. Biz müəyyən etdik ki, əgər cümlədə hansısa ifadəni eyni bildirimli başqası ilə əvəzləsək, cümlənin doğruluq dəyəri toxunulmaz qalır:ancaq biz əvəzlənən ifadənin özünün cümlə olması halını hələ nəzərdən keçirməmişik. Bizim baxışımız doğrudursa, onda əgər hissə-cümləni eyni doğruluq dəyərli başqası ilə əvəzləsək, həmin cümləni özündə bir hissə kimi ehtiva edən cümlənin doğruluq dəyəri dəyişməz qalmalıdır. İstisnalar o zaman gözlənilə bilər ki, tam cümlə, yaxud onun bir hissəsi vasitəli və ya vasitəsiz nitq olsun; çünki, gördüyümüz kimi, bu halda sözlər adəti bildirimə malik olmur. Cümlə vasitəsiz nitqdə yenə də cümləni, vasitəli nitqdə isə fikri bildirir.

Beləliklə, biz budaq cümlələri nəzərdən keçirməyə yönləndirildik. Bunlara məntiqi baxımdan cümlə, daha doğrusu baş cümlə kimi görünən mürəkkəb cümlənin hissələri kimi rastlanır. Ancaq burada sualla qarşılaşırıq: bildirimin doğruluq dəyəri sayılması budaq cümlələr üçün də keçərlidirmi? Vasitəli nitqdən biz artıq əksi olduğunu bilirik. Qrammatiklər budaq cümləni cümlə hissəsinin təmsilçisi kimi nəzərdən keçirirlər və onları müvafiq olaraq tamamlıq, təyin, zərflik budaq cümlələrinə ayırırlar. Buradan belə bir fərziyyə ortaya qoyula bilər ki, budaq cümlənin bildirimi bir doğruluq dəyəri deyil, ismin, sifətin, zərfin – qısaca, cümlə hissələrinin bildirimi kimidir; onun mənası isə fikrin özü deyil, onun yalnız bir hissəsidir. Təkcə ətraflı araşdırma bu suala aydınlıq gətirə bilər. Bununla belə, biz burada qrammatikanı əldə rəhbər tutmayacağıq, məntiq baxımdan eynicinsli olanları xülasə edəcəyik. Gəlin birinci elə halları araşdıraq ki, orada budaq cümlənin mənası, bir az əvvəl fərz etdiyimiz kimi müstəqil bir fikir deyil.

Vasitəli nitq “ki” ilə başlayan tamamlıq budaq cümlələrə də aiddir. Gördüyümüz kimi, belə nitqdə sözlər adəti mənalarına uyğun gələn vasitəli bildirimə malik olurlar. Belə olan halda budaq cümlənin bildirimi doğruluq dəyəri deyil, bir fikirdir; onun mənası isə fikir deyil, “…fikri” sözlərinin mənasıdır – o məna ki,tam cümlənin fikrinin yalnız bir hissəsidir. Belə budaq cümlələrə (alman dilində) adətən “demək”, “eşitmək”, “nəzərdə tutmaq”, “əmin olmaq”, “nəticəyə gəlmək” və digər bunlara bənzər sözlərdən sonra rastlanır.[2] “Qavramaq”, “bilmək”, “təsəvvür etmək” kimi sözlərdən sonra gələnlərlə isə məsələ başqa cür və əslində olduqca qəlizdir (bunlara sonra nəzər salınacaqdır).

Baxdığımız hallarda budaq cümlənin bildiriminin əslində fikir olması həm də bununla təsdiqlənir ki, budaq cümlə ilə ifadə olunmuş fikrin doğru və ya yanlış olması tam cümlənin doğruluğu üçün təsirsizdir. Məsələn, iki cümləni müqayisə edək: “Kopernik inanırdı ki, planetlərin orbitləri dairəvidir” və “Kopernik inanırdı  ki, Günəşin hərəkətdə olma görüntüsü gerçək olaraq Yerin hərəkəti hesabına yaranır”. Burada, doğruluq dəyərinə təsir etmədən, bir budaq cümlə digəri ilə əvəzlənə bilər. Baş cümlə budaq cümlə ilə birlikdə məna kimiyalnız tək bir fikrə malikdir və bütöv cümlənin doğruluğu budaq cümlənin nə doğruluğunu, nə də yanlışlığını ehtiva etmir. Belə hallarda budaq cümlədə hansısa ifadəni eyni adəti bildirimə malik başqası ilə əvəzləmək yolverilməzdir; yalnız vasitəli bildirimli ifadə ilə, yəni eyni adəti mənaya malik ifadə ilə əvəzləmək olar. Əgər kimsə nəticə çıxarmaq istəsə idi ki, cümlənin bildirimi onun doğruluq dəyəri deyil,ona görə ki, bu halda istənilən cümlə həmişə eyni doğruluq dəyərli başqası ilə əvəzlənə bilər, o, çox şeyi sübut etmiş olardı. Eyni şəkildə iddia edilə bilər ki, “dan ulduzu” (səhər ulduzu anlamında– red.) ifadəsinin bildirimi Venera deyil; çünki “dan ulduzu” ifadəsinin əvəzinə heç də həmişə “Venera” deyilə bilməz. Haqlı olaraq yalnız belə nəticə çıxarıla bilər ki, cümlənin bildirimi heç də həmişə onun doğruluq dəyəri deyil və “dan ulduzu” ifadəsi heç də həmişə Venera planetini bildirmir – yəni, o halda bildirmir ki, bu söz vasitəli bildirimə malikdir. Bu cür istisna hala indicə nəzərdən keçirdiyimiz bildirimi fikir olan budaq cümlədə rastlandı.

“Görünür ki…” deyilirsə, deməli “mənə elə gəlir ki…” və ya “düşünürəm ki…” nəzərdə tutulur. Deməli, burada da eyni vəziyyətdən söhbət gedir. “Sevinmək”, “təəssüflənmək”, “razılıq vermək”, “qınamaq”, ümid etmək”, “qorxmaq” kimi ifadələrlə də (alman dilində) məsələ eyni cürdür. Əgər Velinqton Belle-Alyans[3] döyüşünün sonuna doğru prusların yaxınlaşmasına sevinirdisə, sevincinin səbəbi əminliyidir. O, yanılmış olsaydı belə, yanılması davam etdiyi müddətcədaha az sevinməyəcəkdi;və o, prusların gələcəyinə əmin olmağa başlayana qədər isə– hətta pruslar əslində artıq yaxınlaşsaydılar belə– buna sevinə bilməyəcəkdi.

Əminlik və ya inam hansısa bir hissin əsası olduğu kimi, nəticəçıxarmada başqa bir inamın da əsası ola bilər. “Kolumb Yerin kürə formasında olmağından bu nəticəyə gəldi ki, o, qərbə doğru üzərək Hindistana çata bilər” cümləsində hissələrin bildirimi olaraq iki fikir vardır: Yer kürə formasındadırKolumb qərbə doğru üzərək Hindistana çata bilər. Məsələ yenə də yalnız burasındadır ki, Kolumb hər iki fikirdən əmin idi və bir inam (əminlik) digərinin əsası idi.Yerin doğrudan da kürə formasında olub-olmaması və Kolumbun düşündüyü kimi, qərbə doğru üzməklə onun Hindistana çata bilib-bilməməsi bizim cümlənin doğruluğu üçün əhəmiyyətsizdir; ancaq biz “Yer” sözünü  “peyki Ay və peykinin diametri öz diametrinin dörddə birindən böyük olan planet” ifadəsi ilə əvəz etsək, onda bu əhəmiyyətsiz olmaz. Burada da sözlər vasitəli bildirimə malikdir.

Məqsəd bildirən zərflik budaq cümləsi də (almanca “damit”lə qurulan) bu qəbildəndir; çünki məlumdur ki, məqsəd fikirdir; bu səbəbdən: sözlərin vasitəli bildirimi və konyunktiv.

Vasitəsiz nitqdə “ki” bağlayıcılı budaq cümlə “əmr etmək”, “xahiş etmək”, “qadağan etmək” tipli feillərlə imperativ (əmr) kimi görünür. Bu cür budaq cümlələrin bildirimi yoxdur, yalnız mənası var. Bir əmr və ya xahiş fikir olmasa da, fikirlə eyni səviyyədə durur. Bu səbəbdən “əmr etmək”, “xahiş etmək” və s. kimi feillərdən asılı olan budaq cümlələrdəki sözlərin vasitəli bildirimləri var. Belə bir cümlənin bildirimi doğruluq dəyəri yox, əmr, xahiş və s.-dir.

“Şübhə etmək” (zweifeln, ob), “bilməmək”(nicht wissen, was) kimi ifadələrlə qurulan tabeli sual cümlələrindəki vəziyyət buna oxşardır. Burada da sözlərin vasitəli bildirimə malik olaraq götürülməli olması asanlıqla görünür. “Kim”, “nə”, “hara”, “nə zaman”, “necə”, “nə ilə” və s. ilə qurulan tabeli sual cümlələri bəzən sözlərinin adəti bildirimə malik olduğu zərflik budaq cümlələrinə çox oxşar görünür. Dil (alman dili) baxımından sual budaq cümlələri ilə zərflik budaq cümlələri bir-birindən feilin formasına görə fərqlənir. Konyunktivdə sual budaq cümlələri və sözlərin vasitəli bildirimi vardır və burada xüsusi ad ümumilikdə eyni predmeti bildirən başqa bir xüsusi adla əvəzlənə  bilməz.

İndiyə qədər nəzərdən keçirilən hallarda budaq cümlələrdəki sözlər vasitəli bildirimə malik idivə buradan da aydın oldu ki, budaq cümlələrin öz bildirimləri də vasitəlidir; yəni, doğruluq dəyəri deyil, hansısa bir fikir, əmr, xahiş və ya sualdır. Budaq cümləyə isim kimi baxmaq olar; əslində lap belə də deyilə bilər: bu fikrin, bu əmrin və s. xüsusi adı kimi, hansı ki, xüsusi ad olaraq o, mürəkkəb cümləyə daxil olur.

İndi biz başqa cür budaq cümlələrə keçirik, hansılarda ki, sözlər adəti bildirimə malik olsalar da, bu hallarda nə məna fikir kimi, nə də bildirim doğruluq dəyəri olaraq çıxış edir. Bunun necə mümkün olmasını ən yaxşısı misallarla aydınlaşdıraq:

“Kim ki, planet orbitlərinin ellipsvari formasını kəşf edib, yoxsulluq içində ölmüşdür.”

(“Der die elliptische Gestalt der Planetenbahnen entdeckte, starb im Elend.”)

Əgər burada budaq cümlə məna olaraq fikrə malik olsaydı, ondabu fikri baş cümlədə də ifadə etmək mümkün olmalı idi. Ancaq bu, mümkün deyil, çünki qrammatik subyekt olan “kim” (der) heç bir müstəqil mənaya malik deyil, o, sadəcə növbəti cümlə – “yoxsulluq içində ölmüşdür” – ilə əlaqəni vasitələndirir. Buradan belə çıxır ki, budaq cümlənin mənası da tam bir fikir deyil vəonun bildirimi isə doğruluq dəyəri deyil, Keplerdir. Etiraz edilə bilər ki, bütöv cümlənin mənası, birhissəsi olaraq özündə fikir ehtiva edir: planet orbitlərinin ellipsvari formasını ilk kəşf edən bir kəs (kimsə) olmuşdur; çünki bütöv cümləni doğru qəbul edən biri bu hissəni inkar edə bilməz. Sonuncu  şübhəsizdir; amma yalnız ona görə ki, əks halda “kim ki, planet orbitlərinin ellipsvari quruluşunu kəşf edib” budaq cümləsinin bildirimi olmazdı. Əgər nəsə iddia edilirsə, onda həmişə belə bir varsayım öz-özünə anlaşılandır ki, istifadə etdiyimiz sadə və ya mürəkkəb xüsusi adların bildirimləri vardır. Əgər “Kepler yoxsulluq içində ölmüşdür” iddia olunursa, burada “Kepler” adının nəyisə işarələdiyi var sayılır; bununla belə “Kepler yoxsulluq içində ölmüşdür” cümləsinin mənasına “Kepler” adı nəyisə işarələyir fikri daxil deyil. Əgər belə olsaydı, bu halda cümlənin inkarı “Kepler yoxsulluq içində ölməmişdir” deyil, “Kepler yoxsulluq içində ölməmişdir və ya “Kepler” adı bildirimsizdir” kimi olardı.

“Kepler” adının nəyisə işarələməsi əslində eyni dərəcədə həm “Kepler yoxsulluq içində ölmüşdür” iddiası,həm də onun əksiüçün şərtdir. Lakin dillərin bu çatışmazlığı var: onlarda elə ifadələr mümkündür ki, qrammatik formasına görə predmeti işarələməyə uyğun görünürlər; ancaq onlar bu uyğunluğa xüsusi hallarda cavab vermirlər, ona görə ki bu, ayrı bir cümlənin doğruluğundan asılıdır. Belə ki;

“Planet orbitlərinin ellipsvari formasını kəşf etmiş birisi olmuşdur”

(“Es gab einen, der die elliptische Gestalt der Planeten bahnen entdeckte”)

cümləsinin doğruluğundan

“planet orbitlərinin ellipsvari formasını kəşf etmiş birisi”

(“der die elliptische Gestalt der Planetenbahnen entdeckte”)

budaq cümləsinin həqiqətən bir predmeti işarələməsi və ya sadəcə bununla bağlı görüntü yaradıb, əslində isə bildirimsiz olması asılıdır.Və belə görünə bilər ki, bizim budaq cümləmiz mənasının hissəsi kimi planet orbitlərinin ellipsvari formasını kəşf etmiş birisi olmuşdur fikrini ehtiva edir. Əgər bu, düz olsaydı, onda onun inkarı bu cür olmalı idi:

“Planet orbitlərinin ellipsvari formasını ilk aşkar edən yoxsulluq içində ölməmişdir və ya planet orbitlərinin ellipsvari formasını kəşf etmiş birisi olmamışdır”

(“der die elliptische Gestalt der Planetenbahnen zuerst erkannte, starb nicht im Elend, oder es gabkeinen, der die elliptische Gestalt der Planetenbahnen entdeckte.”)

Bu məsələ dilin naqisliyi ilə bağlıdır və yeri gəlmişkən, riyazi analizin simvolik dili də bu naqislikdən tam azad deyil; burada da elə işarə birləşmələrinə rast gəlinə bilər ki, ilk baxışdan nəsə işarələyirlər, ancaq ən azından hələ indiyə qədər bildirimsizdirlər – məsələn, sonsuz dağılan sıralar. Əgər xüsusi razılaşma ilə qəbul olunsa ki, sonsuz dağılan sıralar 0 ədədini bildirməlidir, onda bundan yan qaçmaq olar. Məntiqi baxımdan  mükəmməl olan bir dildən (anlayış yazısı) tələb edilməlidir ki, hər bir ifadə, hansı ki, artıq daxil edilmiş işarələrdən qrammatik baxımdan düzgün bir şəkildə xüsusi ad olaraq qurulmuşdur, həqiqətən də bir predmeti işarələsin və heç bir işarə hər hansı bir bildirimlə təmin edilməmiş xüsusi ad kimidaxil edilməsin. İfadələrin çoxmənalılığı məntiqdə məntiqi yanlışlıqların mənbəyi kimi qeyd edilir. Mən belə bir xəbərdarlığı ən azı eyni dərəcədə heç bir bildirimi olmayan xüsusi adlar üçün də uyğun hesab edirəm. Riyaziyyat tarixinə bu səbəbdən yaranmış yanlışlıqlar məlumdur. Sözlərdən demaqoqcasına sui-istifadə də belə yanlışlıqlara aiddir (bəlkə də çoxmənalı sözlərdən daha çox aiddir). “Xalqın iradəsi” bunun üçün yaxşı misal ola bilər; çünki asanlıqla müəyyən etmək olacaq ki, bu ifadənin ən azından ümumi qəbul edilmiş bir bildirimi yoxdur. Buna görə,bu yanlışlıqların mənbəyini heç olmasa elm üçün birdəfəlik bağlamaq əhəmiyyətsiz deyil. Bu halda indicə haqqında danışdığımız qəbildən olan anlaşılmazlıqlar mümkün olmayacaq; çünki onda xüsusi adın bildiriminin olub-olmaması heç zaman fikrin doğruluğundan asılı olmayacaq.

Tamamlıq budaq cümlələrini məntiqi baxımdan onlara yaxın olan təyin və zərflik budaq cümlələrinin bir növü ilə birlikdə nəzərdən keçirə bilərik.

Təyin budaq cümləri də mürəkkəb xüsusi adları yaratmaq üçündür –bunun üçünonlar təkcə özləri, tamamlıq budaq cümlələri kimikifayət etməsə belə. Belə təyin budaq cümlələri sifət kimi nəzərdən keçirilməlidir. “4-ün kvadrat kökü, hansı ki, 0-dan kiçikdir” (die Quadratwurzel aus 4, die kleiner ist als 0) yerinə “4-ün mənfi kvadrat kökü” (die negative Quadratwurzel aus 4) də deyilə bilər. Biz burada elə hala rastlayırıq ki, orada anlayış ifadəsindən, təkdə olan müəyyənlik artiklının köməyi ilə mürəkkəb bir xüsusi ad formalaşır; bu, hər halda o zaman mümkündür ki, həmin anlayışa yalnız və yalnız bir predmet aid olsun.[4]

Anlayış ifadələri isə elə qurula bilər ki, əlamətlər təyin budaq cümlələri vasitəsi ilə verilsin — bizim misalda “0-dan kiçikdir” budaq cümləsi vasitəsi ilə verildiyi kimi. Aydındır ki, belə təyin budaq cümləsi əvvəl nəzərdən keçirdiyimiz tamamlıq budaq cümləsi kimi məna olaraq fikrə vəya bildirim olaraq doğruluq dəyərinə malik ola bilməz; o,  məna olaraq yalnız fikrin bir hissəsinə malikdir ki, bu da bəzi hallarda tək sifət ilə ifadə oluna bilir. Tamamlıq budaq cümlələrində olduğu kimi, burada da müstəqil subyekt və beləliklə, budaq cümlənin mənasını müstəqil baş cümlə ilə yenidən vermək imkanı yoxdur.

[1]Mənə görə, hökm fikrin sadəcə dərki deyil, həm də onun doğruluğunun qəbul edilməsidir.

[2]“A yalandan dedi ki, o, B-ni görmüşdür” cümləsində budaq hissə bir fikir bildirir; həmin fikir haqqında, birinci, deyilir ki, A onu doğru kimi təsdiqləyir, ikinci, A əmindir ki, o, yanlışdır.

[3] Vaterlo döyüşü nəzərdə tutulur.

[4]Yuxarıdakı qeydlərə əsasən, belə bir ifadənin əslində xüsusi razılaşma vasitəsi ilə həmişə bildirimi olmalıdır; məsələn, 0 ədədi o zaman bildirim kimi nəzərdən keçiriləcək ki, anlayışa ya heç bir, ya da birdən artıq olan predmet aid olsun.

 

Tinay Muşdiyeva, “Freqe fəlsəfəsi nədir və tərcüməsi nəyə görə lazımdır?!”:

Freqe fəlsəfəsi nədir və tərcüməsi nəyə görə lazımdır?!

 

Freqe, “Məna və bildirim haqqında (I Hissə)”:

 

Məna və bildirim haqqında (I Hissə)