1. Elə[i] həmin qışı[ii] afinalılar bu müharibədə[iii] ilk ölənlərin dəfnini dövlət işlərində atalarından qalma adətə uyğun olaraq təşkil etdilər. Bu dəfnlər belə təşkil edilirdi: onlar ölənlərin sümüklərini xüsusi çadırda üç gün boyu saxlayırdılar və hər kəs, əgər istəsə idi, əzizinə bir vida hədiyyəsi gətirirdi. Dəfn zamanı yetişəndə isə sərv ağacından olan tabutlar hər qəbilə[iv] üçün biri olmaqla on arabada dəfn yerinə aparılırdı; həlak olanların sümükləri onların aid olduğu qəbiləyə görə müvafiq tabuta qoyulurdu. Döyüşlərdə itkin düşüb cəsədləri tapılmayanlar üçün isə üstü örtüklü boş bir mafə aparılırdı. Vətəndaşlardan və gəlmələrdən kim istəsəydi, dəfn mərasiminə qatılırdı; yaxınlarını itirmiş qadınlar qəbir üstündə ağı söyləmək üçün mərasimdə iştirak edirdilər. Ölənlərin sümükləri şəhər ətrafının ən gözəl yerində[v] ictimai məzarlıqda dəfn olunurdu; müharibədə həlak olanları afinalılar həmişə burada dəfn edirdilər. Marafon döyüşündə[vi] həlak olanlar isə istisna idi: onların şücaəti elə misilsiz idi ki, onları birbaşa döyüş meydanında dəfn etmişdilər. Həlak olanlar torpağa tapşırılandan sonra, şəhər sakinləri tərəfindən seçilmiş, fövqəladə ağıl və ictimai nüfuza malik olan bir şəxs ölənlərin şərəfinə nitq söyləyirdi, daha sonra hər kəs dağılışırdı. Afinalıların dəfn mərasimi belə idi və bütün müharibə boyu, hər dəfə məqamı çatanda, onlar bu qədim adətə riayət edirdilər. İndi, müharibədə ilk ölənlərin dəfnində nitq söyləmək üçün Ksantippin oğlu Perikl seçilmişdi. Çıxışın zamanı yetişəndə o, məzarın önündən bir qədər irəli çıxdı və toplaşanlar arasında mümkün qədər çox insanın eşidə bilməsi üçün yüksək kürsüyə çıxaraq belə söylədi:
  2. “Əvvəllər burada çıxış etmiş natiqlərin çoxu ilk olaraq bu adəti köhnə qanunlara əlavə etmiş şəxsə[vii] tərif deyib, çünki müharibədə həlak olanların dəfni zamanı belə bir nitqin söylənməsi onlara ehtiramın əlaməti sayılır. Mənə isə elə gəlir ki, öz rəşadətlərini əməlləri ilə sübut etmiş şəxslərə şərəfli ehtiram elə əməl ilə göstərilsə, kifayət edər; necə ki, bu ictimai dəfn mərasimi buna nümunədir; və beləcə, bir çox insanın şücaətinin dəyəri bir nəfərin yaxşı, ya da pis nitq söyləməsindən asılı olmaz. Hətta sadə bir hadisə ilə bağlı, dinləyənləri doğru olana inandırmağın az qala mümkün olmadığı vəziyyətdə, bir nitqdə lazım olanları deyə bilmək heç də asan məsələ deyil. Çünki hadisənin şahidi olmuş və niyyəti saf olan bir dinləyici, natiqin sözlərinin öz hisslərindən və bildiyindən çox arxada qaldığını güman edəcək; hadisə yerində olmayan digəri isə öz gücü xaricində olan bir əməl haqqında deyilənləri paxıllığından şişirdilmiş hesab edəcək. Başqasına deyilən tərif yalnız bir məqama qədər dözülən olur: hər kəsin eynisini özünün də edə biləcəyini düşündüyü məqama qədər; bundan böyük olan şeylər isə paxıllıq və buna görə də inamsızlıq ilə qarşılanır. Lakin əcdadlarımız bu mərasimi düzgün hesab edibsə, mən də ənənəyə tabe olmalıyam və sizlərdən hər birinin gözləntilərinə mümkün qədər cavab verməyə çalışmalıyam.
  3. Öncə icazə verin, əcdadlarımız barəsində danışaraq başlayım; belə bir əlamətdar gündə onları da ehtiramla yad etmək düzgün və yerində olardı. Çünki onlar öz şücaət və fəzilətləri sayəsində bu ölkəni kəsilməyən bir ardıcıllıqla nəsildən nəsilə ötürərək, bu saata kimi, onu özlərindən sonra gələnlərə azad bir ölkə olaraq miras qoyub. Onlar buna görə əlbəttə ki, tərifə layiqdirlər; lakin bizim atalarımız onlardan daha yüksək tərifə layiqdirlər. Çünki onlar aldıqları mirasa bizim bugünkü əzəmətimizi[viii] əlavə ediblər – təbii ki, bu da mübarizəsiz olmayıb – və bu gün yaşayan bizlər üçün qoyub gediblər. Nəhayət biz özümüz, hələ həyatda və yetkin yaşda olanlar və indi burada toplananlar, onların başladığı işi davam etdirmişik, şəhərimizi hər bir cəhətdən olduqca qüvvətləndirmişik ki, həm müharibə, həm də sülh vəziyyətində özü özünə yetərli ola bilsin. Burada mən, bugünkü nailiyyətlərimizə görə borclu olduğumuz hərbi rəşadətlər haqqında sizin qarşınızda, özləri həmin döyüşləri görmüş kişilərin önündə uzun-uzadı danışmaq istəmirəm, nə də bizim özümüzün, yaxud atalarımızın, bizi təhdid edən barbarların və ya yunanların hücumlarını harada necə dəf etməsinə toxunmayacağam. Həlak olanlara tərif deməzdən öncə, mən istəyirəm ki, bizi bu qüdrətə gətirib çıxaran prinsiplərdən, eləcə də bizim hakimiyyətimizi belə uca mövqelərə qaldıran ictimai quruluşumuzdan və həyat yolumuzdan söhbət açım. Çünki düşünürəm ki, bu deyəcəyim sözlər bugünkü mərasim üçün heç də daha az uyğun sayılmaz, buraya toplaşan vətəndaşlar və yadlar üçün bunları dinləməkdə fayda var.
  4. Bizim ictimai quruluşumuz digərlərində olan təsisatları yamsılamır; əksinə, digərlərini yamsılamaqdan daha çox, biz özümüz onlar üçün nümunəyik. Bizim ictimai quruluşumuz demokratiya[ix] adlanır, çünki hakimiyyət azlığın əlində deyil, çoxluğun əlindədir. Şəxsi məsələlərdə hər kəs qanun qarşısında bərabərdir; siyasi həyata gəldikdə isə, hər kəs burada, mənsub olduğu hər hansı bir ictimai təbəqənin nümayəndəsi olduğu üçün deyil, sahib olduğu həqiqi qabiliyyətinə görə iştirak edir. Bir kimsə yoxsul ola bilər, amma vətənə bir fayda vermək iqtidarında olduğu təqdirdə, onun fəaliyyət imkanları əlverişsiz həyat şərtlərinə görə məhdudlaşdırıla bilməz. Siyasi həyatda azadlıqdan tam bəhrələndiyimiz kimi, gündəlik həyatımızda da işlərimizi, əməllərimizi bir-birimizi güdməklə məhdudlaşdırmırıq. Əgər qonşumuz sərbəst şəkildə öz ürəyindən keçəni edirsə, biz ona tənə ilə baxmırıq: doğrudur, bu cür tənə ona maddi ziyan gətirməz, amma əhvalını korlaya bilər. Beləliklə, şəxsi münasibətlərimizdə bir-birimizə dözümlü yanaşdığımız kimi, ictimai həyatımızda da ədəb-ərkandan irəli gələn bir çəkingənliklə hər cür qanun pozuntusundan qaçırıq; müvafiq hakimiyyətə və qanunlara, ələlxüsus da əzilənlərin müdafiəsinə yönəlmiş qanunlara və yazılmamış qanunlara könüllü olaraq tabe oluruq, çünki onları pozmaq icmanın nəzərində rüsvayçılıq sayılır.
  5. Bundan başqa, biz gərgin zəhmətlərdən sonra ruhumuzun dincəlməsi üçün hər cür imkanlar yaratmışıq. Bütün il boyu çoxsaylı yarışlar və qurban mərasimlərini təşkil edirik; evlərimizdə isə hər gün gözümüzü oxşayıb tutqun fikirləri bizdən uzaq tutan əşyalar saxlamağı sevirik. Şəhərimizin böyüklüyündəndir ki, ürəyimiz istəyən az qala hər şey dünyanın hər yerindən bizim üçün gətirilir və biz, eynən öz ölkəmizin məhsullarından olduğu kimi, başqa ölkələrin məhsullarından da doyunca faydalana bilirik.
  6. Biz həm də müharibəyə münasibətimizdə rəqiblərimizdən fərqlənirik: şəhərimizi hər kəs üçün açıq etmişik, nə də düşmən üçün yararlı ola biləcək sirlərimizi öyrənmələrinin, yaxud görmələrinin qarşısını almaq üçün gəlmələri vaxtaşırı olaraq şəhərdən qovmuruq; çünki biz hərbi hazırlıqlara və gizli tədbirlərə deyil, açıq döyüş meydanında cəsarətimizə arxalanırıq. Bizim rəqiblərimiz tərbiyə işlərində gənc yaşdan başlayaraq əziyyətli məşqlər vasitəsilə cəsarətə çatmağa çalışırlar[x]; biz isə bunun əksinə, heç bir məşəqqətə qatlanmadan yaşayırıq, lakin eyni təhlükələrə onlarınkı qədər cəsarətlə atılırıq. Dediklərimin sübutu budur: spartalılar bizim ölkəmizə hücum edərkən heç vaxt tək gəlmirlər, bütün müttəfiqlərini də özləri ilə gətirirlər; biz isə, bunun əksinə, düşmənin ölkəsinə tamamilə tək, müttəfiqlərsiz gedirik, bizim üçün yad olan ölkədə, öz doğma evi və ocağı üçün vuruşan ordulara əziyyət çəkmədən qələbə çalırıq. Bizim toplam hərbi qüvvəmiz ilə hələ heç bir düşmənimiz qarşılaşmayıb, çünki biz həm dənizdən mühafizəmizin qayğısına qalırıq, həm də quruda vətəndaşlarımızı müxtəlif istiqamətlərdə hərbi səfərlərə göndərməli oluruq. Onlar bizim qüvvəmizin bir hissəsi ilə toqquşanda və qalib gələndə, elə öyünürlər ki, sanki bütün ordumuzu məğlub ediblər; əksinə, onlar məğlub olanda, elə iddia edirlər ki, guya bütün ordumuza məğlub olublar. Biz, əziyyətli məşqlərin nəticəsi olaraq deyil, ürək rahatlığı ilə, qanunların tələbi ilə deyil, xarakterimizin gücünə arxalanaraq təhlükələrə atılmağa hazırıqsa, deməli burada bizim müəyyən üstünlüyümüz də vardır: biz, gələcəkdə qarşımıza çıxacaq çətinliklərə sinə gərmək üçün özümüzə indidən əziyyət verməli deyilik; onsuz da belə çətinliklərə rast gələndə, vaxtını ən sərt məşqlərdə keçirənlərlə eyni səviyyədə cəsarət sərgiləyirik. Lakin bizim şəhərimiz tək buna görə yox, həm də başqa səbəblərdən heyrətə layiqdir.
  7. Biz gözəlliyi sadəlikdə axtarırıq, müdrikliyə olan meylimiz bizi heç də yüngülməcaz etmir; biz var-dövlətimizlə qürrələnmirik, onu həyat və fəaliyyətimiz üçün düzgün qaydada sərf edirik; yoxsulluğunu etiraf etmək bir kimsə üçün rüsvayçılıq sayılmır, əksinə, rüsvayçılıq – yoxsulluqdan qurtulmaq üçün heç bir iş görməməkdir. Bizim dövlət adamlarımız ictimai maraqların müdafiəsində mahir olduqları kimi öz şəxsi maraqlarını da gözləməkdə mahirdirlər; daha çox öz şəxsi işləri ilə məşğul olanlar da dövlətin işləri haqqında ətraflı məlumata sahibdirlər. Çünki yalnız biz, siyasət və dövlət işlərində iştirak etməyənləri qayğısız vətəndaş yox, yararsız vətəndaş hesab edirik[xi]. Biz hadisələr barəsində mövqeyimizi ya özümüz formalaşdırırıq, ya da digərlərinin fikirlərini götür-qoy etdikdən sonra qəbul edirik, çünki müzakirələrdə fəaliyyət üçün bir maneə görümük; əksinə, vacib bir əməli həyata keçirməzdən öncə onu kifayət qədər müzakirə edib düzgün nəticə çıxarmamaqdan daha çox zərər gəlir. Biz digərlərindən bir də ona görə irəlidəyik ki, cürətli olmağımızla yanaşı, hər işimizi öncədən ölçüb-biçirik. Digərlərinin cəsarəti onlarda düşünmək çatışmazlığından qaynaqlanır, düşünmək isə tərəddüdə səbəb olur. Ancaq o kəslər əsl cürətkar sayıla bilər ki, həm əzab, həm də həzzin nə olduğunu ən yaxşı onlar bilirlər, bununla belə təhlükədən də qorxub geri çəkilmirlər. İnsan münasibətlərində həmçinin, biz əksəriyyətdən fərqlənirik. Biz, başqalarından yaxşılıq gözləməklə deyil, başqalarına yaxşılıq etməklə dost qazanırıq. Yaxşılıq edən şəxs isə daha etibarlı dostdur, çünki yaxşılıq etdiyi insanın minnətdarlığının sönməsinə imkan verməmək üçün yeni yaxşılıqlar etməyə hazır olur. Bunun əksinə, yaxşılıqdan faydalanan şəxs daha az etibarlıdır: o, minnətdarlıq duyğusundan deyil, sanki borcun altından çıxırmış kimi dostluq sərgiləyir. Bundan əlavə, yalnız biz, sadəcə azad insanlara xas etibarla, çəkinmədən və öz xeyrimizi güdmədən, başqalarına öz dəstəyimizi əsirgəmirik.
  8. Qısaca desəm, bizim şəhərimiz bütün Yunanıstan üçün bir məktəbdir. Digər tərəfdən, bizdə, mənim fikrimcə, hər bir ayrıca şəxs çoxsaylı fəaliyyət növlərində özünü sınamaqla, öz işini ustaca və çevik görməklə, öz şəxsiyyətinin əsl sahibinin məhz özü olduğunu nümayiş etdirir. Bütün bunların, sözgəlişi deyilmiş bəzəkli ifadələr yox, gerçəklik olduğunu şəhərimizin əzəməti sübut edir; bu əzəmət, sadaladığım keyfiyyətlər sayəsində əldə edilib. Bütün indiki şəhərlər arasında yalnız bizim şəhər öz ad-sanından da böyük sınaqla qarşılaşır; yalnız bizim şəhər imkan yaradır ki, nə ona hücum edib, amma məğlub olan düşmən zəif olduğu üçün utansın, nə də məğlub edilmiş rəqib özündən dəyərsiz biri tərəfindən idarə edildiyini düşünsün. Biz bu əzəmətimizi yetəri qədər sübuta yetirmişik, onu yer üzündə nişanəsiz buraxmamışıq, buna görə də müasirlərimiz kimi, gələcək nəsillər də bizə valeh olacaqlar. Şənimizə qəhrəmanlıq şərqilər oxuması üçün bizim bir Homerə, ya da digərinə ehtiyacımız yoxdur; bu gözəl sözlər bizi bir anlıq məst edə bilər, lakin onların təxəyyül gücü gerçəkliyin qarşısında puç olub gedir; çünki biz öz cəsarətimizlə bütün dənizlərdə və quruda hər yerdə özümüzə yol açmışıq, ayaq basdığımız yerlərdə geriyə buraxdığımız abidələr bizim orada olmağımıza, dostlara etdiyimiz yaxşılıqlara və düşmənlərə etdiyimiz pisliklərə əbədi şahidlik edəcək. Burada dəfn etdiyimiz kişilər məhz belə bir şəhər üçün, onu əldən vermək istəmədikləri üçün şərəflə döyüşüb həlak olub; sağ qalanlar arasında isə elə birimiz yoxdur ki, onun uğrunda hər cür əzab-əziyyətə qatlanmaqdan çəkinsin.
  9. Mən şəhərimiz haqqında buna görə ətraflı danışıram, çünki sizə əyani şəkildə göstərmək istəyirəm: bizim uğrunda vuruşduğumuz şeylər digərlərinin uğrunda vuruşduqları ilə eyni deyildir, onların sahib olduqları bizim sahib olduğumuz üstünlüklərlə müqayisəyə gəlməz. Həmçinin mən, həlak olanlar üçün söylədiyim tərifimi sübutlarla qüvvətləndirmək istəyirəm. Əslində, vacib olan hər şey artıq deyilmişdir. Mənim tərifini söylədiyim və bu şəhəri şərəfləndirən əməllərə görə burada dəfn etdiyimiz yaxşıların (ἀρεταὶ) və onlar kimi digərlərinin şücaətinə borcluyuq; hətta digər ellinlər arasında tərif və əməllərin bu cür üst-üstə düşməsinə çox da rast gəlməzsiniz. Mən düşünürəm ki, burada dəfn olunan kişilərin dəyərinin ilk göstəricisi, həm də yekun dəlili onların ölümlərinin özüdür. Əlbəttə, onların bəziləri şəxsi qüsurlardan xali deyildi, amma unutmayaq ki, onlar müharibədə, vətən uğrunda sərgilədikləri şücaətləri sayəsində, öz pis cəhətlərini yaxşı əməlləri ilə yaddaşlardan silib; onların vətən uğrunda bir yerdə göstərdikləri xidmət ayrı-ayrılıqda verdikləri zərərdən daha üstündür. Onların heç biri öz var-dövlətindən daha çox həzz ala bilmək üçün təhlükə qarşısında tərəddüdə düşməyib; onlardan heç biri yoxsulluqdan qurtulub varlanacağı ümidi ilə ölümü ləngitməyə çalışmayıb; çünki düşməndən qisas almaq onlar üçün bütün bunlardan daha cəlbedici olub, təhlükəyə atlamaq əməllərin ən gözəli sayılıb. Buna görə də onlar digər nemətlərdən imtina edərək təhlükəni və düşməndən qisas almağı seçib; onlar uğurun taleyini Ümidə etibar edib, döyüş meydanında özlərinə güvənib, geri çəkilmək və xilas olmaq yerinə müqavimət göstərməyi və əzaba qatlaşmağı üstün tutub; onlar yalnız insanların tənəsindən qaçıb, ölümün qarşısına öz varlıqları ilə çıxıb və həyatlarının ən yüksək məqamında, qorxu hissi ilə deyil, şərəf hissi ilə öz canlarından keçib.
  10. Beləliklə, burada dəfn etdiyimiz kişilər şəhərimizə layiq olduqlarını nümayiş etdirib; qalanlar isə daha yaxşı aqibət üçün dua etməlidirlər, amma düşmənə qarşı ən azı eyni cəsarətlə davranmağı da arzu etməlidirlər. Düşmənə müqavimət göstərməyin faydalarını sizə kiminsə sözdə izah etməsinə ehtiyacınız yoxdur, onları özünüz də çox yaxşı bilirsiniz. Bunun əvəzinə, yaxşı olardı ki, siz şəhərimizin gerçək əzəmətini hər gün seyrə dalasınız və qəlbinizi ona qarşı sevgiyə açasınız. Onda, şəhərimizin əzəməti qarşısında anlayacaqsınız ki, bütün bunları, ürəkləri cəsarətlə dolu olanlar öz əməllərindən şərəf hissi duyaraq əldə edib; onlar bəzən düçar olduqları uğursuzluğa görə cəsarətlərini vətəndən əsirgəməyi ədalətsizlik hesab edib, ona verə biləcəkləri ən gözəl qurbanları verib. Onlar şəhərimiz uğrunda və bizim uğrumuzda öz canlarından keçib, bunun qarşılığında zamandan uca tərif və uzaqlara işıq saçan sərdabə əldə edib. Mən onların içində yatdıqları məzarı nəzərdə tutmuram, onların şöhrətini əbədi yaşadacaq, məqamı yetişəndə isə başqalarını ruhlandıracaq sözləri və əməlləri nəzərdə tuturam. Çünki böyük kişilər üçün bütün dünya bir abidədir. Onlardan xəbər verən təkcə vətənlərində məzar daşları üzərində kiçik yazılar deyil, onların yazılmamış xatirəsi yad ellərdə də hər kəsin qəlbində yaşayır. Onlardan nümunə götürün, siz də xoşbəxtliyi azadlıqda, azadlığı isə cəsarətdə axtarın, müharibə təhlükəsindən çox da səksəkəyə düşməyin. Çünki həyatından keçməyə səbəbi olanlar heç də daha yaxşı bir şeyə ümidi olmayan səfillər deyil, yalnız məğlub olması ilə həyatında əks tərəfə dönüş təhlükəsi yaranan şəxslərdir. Qürurlu bir şəxs üçün qorxaqlığın gətirdiyi rüsvayçılıq, onun gücünü və ümidlərini yarıda qoyan qəfil ölümdən daha ağrılıdır.
  11. Buna görə də mən, həlak olanların burada toplaşan valideynlərinə qoşulub yas saxlamaq istəmirəm, daha çox onlara təsəlli vermək istəyirəm. Onlar yaxşı bilirlər ki, tale necə dəyişkəndir; bəxtinə xoşbəxt yaşadığı kimi xoşbəxt də ölmək düşənlər, nəsibi şərəfli ölüm olanlar – burdakılar kimi, nəsibi şərəfli hüzn olanlar – sizlər kimi, necə də bəxtəvərdir! Mən anlayıram ki, sizi buna inandırmaq asan deyil. Siz tez-tez başqalarını xoşbəxt görəndə bir vaxtlar sizi də xoşbəxt edən övladlarınızı xatırlayacaqsınız. Biz, sahib olmadığımız nemətləri itirəndə yox, sevməyə alışdığımız nemətləri itirəndə ağrı duyuruq. İndi, dünyaya hələ uşaq gətirmək yaşında olanlar yeni oğul ümidi ilə gərək toxtasınlar, çünki evinizdə yeni doğulan oğullarınız itirdiyiniz oğulların acısını sizə unutduracaq. Bu həm də şəhərimiz üçün ikiqat faydalıdır: həm əhalisi azalmayacaq, həm də təhlükəsizliyi zəifləməyəcək; çünki uşaqlarını itirmək təhlükəsi yaşamayan vətəndaşlar şəhərimizin işlərinin müzakirəsində öz layiqli töhfəsini verə bilməz. Sizlərdən, yenidən dünyaya uşaq gətirmək üçün həddən çox yaşlı olanlar isə, həyatınızın xoşbəxt olduğunuz əvvəlki daha böyük qismini qazancınız olaraq düşünün; bilin ki, bundan sonrakı qismi qısa çəkəcək və oğullarınızın şöhrətinə söykənib qəddinizi düzəldin; çünki yaşlanmayan tək şey yalnız ləyaqət hissidir, çoxlarından eşitdiyimiz kimi, həyatın son illərində sevinc gətirən nemət heç də pul qazanmaq yox, məhz şərəf hissidir.
  12. Sizlər üçün isə, qəhrəmanlarımızın oğulları və qardaşları, qarşıda çətin mübarizə görürəm. Həyatda olmayanları hər kəs tərifləyir, siz ən böyük şücaətləri göstərsəniz də onlara bərabər tutulmayacaqsınız, onlardan həmişə bir qədər geridə qalacaqsınız. Çünki rəqiblər həyatda olanda qısqanclıqla qarşılaşırlar, bizi tərk edənlər isə qeyd-şərtsiz ehtiramla anılırlar. Bundan sonra dul kimi yaşamalı olacaq qadınların fədakarlığına da toxunmalı olsam, qısa bir xitabla hər şeyi demiş olaram: yaxşı olar ki, təbiətən sizə xas olan zəifliyinizdən daha aşağıya düşməyəsiniz, həmçinin kişilər arasında, haqqınızda nə yaxşı, nə də pis danışılmasın.
  13. Adətin tələbinə uyğun olaraq, uyğun bildiyim hər şeyi bu nitqimdə söylədim. Ölənlərin şərəfinə edilməli olanların bir hissəsi artıq edilib; digər hissəsinə gəldikdə isə, dövlət onların övladlarını yetkinlik yaşına çatana qədər öz himayəsinə alacaq. Bu da həm ölənlərin, həm sağ qalanların mübarizəsinə görə şəhərimiz onları təltif etdiyi şərəf çələngidir. İndi isə, əzizləriniz üçün doyunca ağlayın və sonra evinizə qayıdın!”

[i] Fukidid, Peloponnes müharibəsi, 2, 34-46

[ii] E.ə. 431-ci ilin sonu və ya 430-cu ilin əvvəli.

[iii] Peloponnes müharibəsi (e.ə. 431-404-cü illər) – Afinanın rəhbərliyi altında Delos ittifaqı və Spartanın rəhbərliyi altında Peloponnes ittifaqı arasında müharibə. Afinanın məğlubiyyəti ilə başa çatıb.

[iv] Qəbilə, yəni fila (phyle) – Afina şəhər-dövlətinin yerləşdiyi Attika vilayətinin inzibati vahidləri. Əvvəllər Attika dörd qəbilədən ibarət idi, ənənəvi qəbilələrin gücünü zəiflətmək üçün e.ə. VI əsrin sonlarında həmin qəbilələr ləğv edildi, ixtiyari əraziyə və əhaliyə sahib 10 yeni inzibati vahid yaradıldı. Lakin həmin inzibati vahidlər islahatdan sonra da qəbilə adını saxladılar – bu gün ABŞ-da inzibati ərazi vahidlərinin hələ də qraflıq adlandığı kimi.

[v] Afina şəhəri ətrafında Keramika ərazisində.

[vi] Yunan-İran müharibələri zamanı, e.ə. 490-cı ildə Afina yaxınlığında Marafon düzündə afinalılar və onların müttəfiqləri tərəfindən iranlılar üzərində qələbə ilə başa çatan döyüş.

[vii] Qəbirüstü nitq (epitaphios logos) mərasiminin nə zaman təşəkkül tapması dəqiq məlum deyil. Bəzi antik müəlliflər bu adətin Solon tərəfindən gətirildiyini qeyd etsələr də, müasir tarixçilər yunan-İran müharibələri zamanı yarandığını ehtimal edirlər.

[viii] Perikl burada Delos ittifaqını nəzərdə tutur. Afinanın ağalıq etdiyi ittifaq Periklin zamanında öz gücünün zirvəsində idi və faktiki olaraq imperiyaya çevrilmişdi.

[ix] Yunanca demokratiya, yəni “xalqın hakimiyyəti”.

[x] Perikl burada spartalıların gənc yaşlarından başlayaraq oğlan uşaqlarına verdikləri hərbi tərbiyə üsuluna işarə edir.

[xi] XX əsrin tanınmış ingilis klassisisti və yazıçısı Reks Uorner (Rex Warner, 1905–1986) bu fraqmenti daha bədii formada belə ifadə edir:  “… this is a peculiarity of ours: we do not say that a man who takes no interest in politics is a man who minds his own business; we say that he has no business here at all.” [“…bu da bizim bir özünəməxsusluğumuzdur: biz, siyasətlə maraqlanmayan şəxs haqqında demirik ki, o, ancaq öz işlərilə məşğuldur; biz deyirik ki, onun ümumiyyətlə burada heç bir işi yoxdur.”] Bax, Thucydides, History of the Peloponnesian War, trans. Rex Warner (London: Penguin, 1972), 147.

Bu tərcüməyə Əli Novruzovun “Ön sözünü” aşağıdakı linkdən oxuya bilərsiniz:

Periklin Qəbirüstü nitqinin qədim yunan dilindən dilimizə tərcüməsinə şərh-müqəddimə