I-ci hissə

Aşağıda Platonun “Protaqor” dialoqu haqqında qısa tanışlıq yazısı veriləcək. Yazıda məqsəd, bir tərəfdən, Qərb fəlsəfəsinin təməlini təşkil etmiş “Sokrat metodu”unu konkret bir nümunə üzərində oxucuya təqdim etməkdir. Digər tərəfdən də oxucumuzu Platon dialoqlarının arqumentativ strukturu ilə tanış etmək istəyirik ki, bu da gələcəkdə sizə təqdim ediləcək yazılarımızda qaldıracağımız suallar üçün istinad müstəvisi olacaq.

Platonun dialoqlarının xronoloji ardıcıllığı kifayət qədər mübahisələrə səbəb olmuş mövzudur. Tərəflərin arqumentlərinə girmədən yazımız üçün “Protaqor” dialoqunun seçilməsində Platon tərcüməsi sahəsində klassik ad olan alman filoloq Otto Apeltin xronologiyasına əsaslanıram. Bu xronologiya həm də “Felix Meiner” nəşriyyatının əsaslandığı xronologiyadır ki, hazırda həmin nəşrlərdən istifadə edirəm.

Elenxos (ελεγχος) yaxud “Sokrat metodu”

Dialoqa keçmədən əvvəl qədim yunanlarda mübahisə ənənəsi olan elenxos (sinonim kimi “dialektik söhbət”və ya “Sokrat metodu” ifadələri də işlənir) ilə tanış olmaq vacibdir. Bu ənənə əsasən “Sokrat metodu” kimi tanınsa da Sokratdan əvvəl bu və digər formada təcrübədən keçirilən söhbət forması olub. Aristotelin bir qeydinə görə, dialektik söhbəti ilk olaraq “tapan” elealı Zenon olmuşdur.

Platonun dialoqlarına gəldikdə isə, elenxos Sokratın mübahisələrdə istifadə etdiyi sual-cavab oyunudur. “Oyun” adlandırılması metaforadır və bu təcrübənin qeyri-ciddiliyinə dəlalət etmir. Elenxosun müəyyən strukturu və qaydaları var. Sokratın əsas fiqur olduğu Platon dialoqlarının strukturu əsasən bu elenxos oyunlarına istinadən qurulub. Platon dialoqlarının fəlsəfi nəsr yox, məhz dialoq (“fəlsəfi dram” ifadəsi işlədən müəlliflər də var) formasında olması Platonun fəlsəfənin xeyrinə əl çəkməli olduğu şairlik ambisiyasının qalıqları deyil; bu, elenxos mübahisələrinin quruluşundan irəli gələn bir xüsusiyyətdir. Elenxos oyunlarının nəzəriyyəsini sonradan Aristotel “Topica” əsərində təqdim edir və ümumiyyətlə götürdükdə elenxos oyunları Aristotel məntiqinin praktiki bazasını təşkil edir.

Bir elenxos oyunu iki iştirakçı arasında üç anlayış əsasındə baş tutur. Birinci anlayış əvvəldə təqdim olunan tərifdə verilir; ikinci anlayış yoxlamadan keçirilən “ortaq anlayış”dır; üçüncü anlayış isə mübahisənin sonundakı əqli nəticədə təqdim olunur. Mübahisələr adətən hansısa məclisdə publika qarşısında olsa da, söhbətdə ikidən artıq şəxs iştirak edə bilməz. Publikanın qısa müdaxilələri adətən ikinci dərəcəli replika xarakterlidir və arqumentin gedişinə təsirsizdir. İki nəfər iştirakçıdan biri sual edən tərəf, digəri isə cavab verən tərəfdir. Bu rollar başlanmış bir arqumentativ mərhələ sona gətirilənədək (arqumentdə növbəti mərhələyə keçidə qədər) dəyişdirilə bilməz. Amma həmin arqument bitəndən sonra, yəni ümumi dialoq daxilində, mübahisə edənlər rollarını dəyişdirə bilərlər.

Sual verən tərəf hücumçu, cavab verən tərəf müdafiə mövqeyində olur. Bununla bərabər sualçı tərəfin isə əqli nəticəyə gəlib çıxanadək heç bir mülahizə irəli sürmək ixtiyarı yoxdur. Cavabçı tərəf isə istədiyi mülahizə ilə elenxosa giriş etməkdə sərbəstdir. Eyni zamanda, cavabçı tərəf sual verə bilməz (sualını başa düşmədiyi hallar istisnadır, bu vaxt hər iki tərəf sualın nədən ibarət olduğunu soruşa bilər. Ancaq bunlar hücumçu dialektik suallar deyil, anlayış məqsədli cavabçı suallardır).

Sualçı cavabçının cavablarını mühakimə edə bilməz, yəni deyə bilməz ki, bu yaxşı yaxud pis cavabdır. Onun işi cavabçının cavablarını “yığmaq” və onları növbəti suallarında premis olaraq nəzərə almaqdır.

Elenxos sualçının “X nədir?” sualı ilə başlayır. Cavabçı buna bir tərif ilə cavab verməlidir. Bundan sonrakı mərhələdə sualçının məqsədi bu tərifin səhv olduğunu sübut etməkdirsə cavabçının da məqsədi onu müdafiə etməkdir. Bunun üçün sualçı ancaq “hə” və “yox” sualları verir, cavabçı isə ancaq təsdiq yaxud inkar cavabları verir. Sualçının məqsədi cavabçının mülahizələri arasındakı məntiqi əlaqəni göstərmək və onların əsasında hələ deyilməmiş başqa bir mülahizəyə keçid etməkdir. Cavabçının işi isə sualçının hansı premislərə keçmək istədiyini izləyərək mübahisənin əvvəlində ortaya qoyduğu tərifi qoruya bilmək üçün cavablarını buna uyğun olaraq təsdiq və ya inkarda qurmaqdır.

Əgər sualçı mübahisənin sonunda sübut edə bilsə ki, onun sual şəklində ortaya gətirdiyi (və cavabçının təsdiq yaxud inkar etdiyi) premislər nəticəsində əldə olunan əqli nəticə cavabçının ilkin mülahizəsinə uyğun deyil, onda sualçı qalib sayılır. Yox, əgər ortaya çıxsa ki, elenxosdan çıxan əqli nəticə cavabçının ilkin tərifini təsdiqləyir, onda sualçı məğlub, cavabçı qalib hesab edilir.

Elenxos “ənənəsi”nə görə tərəflər istifadə olunan anlayışların aydın olmasını təmin etməli və çoxmənalı anlayışlardan imtina etməlidirlər. Çoxmənalı sözlərdən ancaq hansı mənasının müzakirəyə götürülməsi razılaşdırıldığı təqdirdə istifadə oluna bilər. Yəni, anlayışların çoxmənalılığını instrumentallaşdırıb mübahisə daxilində birindən digərinə (razılaşdırılmadan) keçid etmək qəbul edilmir. Əgər kimsə bunu edərsə, bu artıq elenxos yox, Sokratın kinayə obyekti olan eristika təcrübəsi olur. Eristika anlayışı fitnə-fəsad ilahəsi Eresin adı ilə bağlıdır. Bu, sofistlər arasında geniş yayılmış praktika idi, əsas mahiyyəti əks tərəfi müxtəlif səfsətə və omonimiya (omonimlər: deyilişi və yazılışı eyni, leksik mənaları fərqli sözlər) oyunları ilə çaşdıraraq mübahisədən nəyin bahasına olsa da qalib çıxmaq idi. Elenxosda isə məqsəd bunun tam əksi, yəni məntiqi şəffaflıqdır. Elenxosun eristikadan fərqini təmin edən əsas faktor odur ki, mübahisəyə gətirilən mülahizələr onu iddia edənlərin şəxsinə bağlı deyil. Sualçının “X nədir?” sualına cavab olaraq cavabçı hər hansı bir definisiya ilə elenxosa giriş edə bilər. Bu, onun öz fikri yaxud da hər hansı başqa adamın fikri ola bilər. Tez-tez xalq arasında ümumi olaraq qəbul edilmiş fikirlər, endoksa, mübahisə obyekti olur. Cavabçı, bu fikrin düzgünlüyünə inana yaxud inanmaya bilər. Əsas məqsəd, həmin mülahizənin “elmi” (müasir “elm” mənasında yox, məntiqi əsaslılıq mənasında) tutarlılığını yoxlamaqdır. Oyunun qaydalarına görə isə cavabçı elenxos bitənə kimi yuxarıda təsvir etdiyimiz rolu daxilində bu fikrin vəkili kimi çıxış etməlidir. Mübahisənin məntiqi nəticələrindən asılı olaraq bu fikir “yoxlama”dan uğurla keçir, ya da keçmir; yəni qalib, ya da məğlub olur. Ancaq bu heç bir halda sualçının və cavabçının şəxsi qalibiyyəti və ya məğlubiyyəti sayıla bilməz. Platonun dialoqlarında cavabçıların öz mülahizələrini (şəxsən inandıqları olsa belə) təftiş etməsi, ya da onlardan imtina etməsi normal haldır. Elə aşağıda xülasəsini verəcəyimiz “Protaqoras” dialoqunda Sokrat özü belə bir nümunə nümayiş etdirir.

Yuxarıda deyildiyi kimi, elenxosun dialektik “oyun” adlandırılması metaforadır və bu təcrübənin qeyri-ciddiliyinə dəlalət etmir. “Oyun” sözü daha çox dialektik mübahisənin eksperiment xarakterinə görədir. Söhbət xüsusi qaydalar və struktur əsasında aparılır – bir növ məntiqi məşqdir. Elenxosun “oyun” xarakteri həm də “hücum” və ya “müdafiə”nin şəxsi müstəvidə yox, razılaşdırılmış rollarda aparılmasına imkan verir və oyunun sonunda hücumçu və müdafiə olunan tərfələr asanlıqla bu rollardan çıxırlar. Elə dialoq daxilində də rolların dəyişdirilməsi bu məqsədə xidmət edir.

II-ci hissə

“Protaqor” dialoqun quruluşu

Adından da göründüyü kimi dialoq Sokrat ilə məşhur olan sofist Protaqor arasında gedən arqumentativ söhbətdən ibarətdir. Strukturuna görə dialoq girişdən əlavə 6 mərhələyə bölünə bilər:

Giriş

  1. Sokratın Hippokrat ilə söhbəti
  2. Protaqorun təqdim olunması
  3. Protaqor ilə Sokrat arasında birinci mübahisə
  4. Simonidin şeirinin izahı
  5. Protaqor ilə Sokrat arasında ikinci mübahisə
  6. Son

Dialoq bir nəfər tanışının yolda Sokrat ilə qarşılaşması ilə başlayır. Tanışı Sokratdan onun haradan gəldiyini soruşur. Sokrat deyir ki, indicə Protaqor ilə uzun bir söhbətdən qayıdır. Tanışının xahişi ilə Sokrat baş verənləri nəql etməyə başlayır.

Sokratın Hippokrat ilə söhbəti (310 A – 314 C (c.2-5))

Səhər gün çıxmamış Hippokrat (bu, məşhur həkim Hippokrat deyil. Bu şəxs haqqında dialoqda deyilənlərdən başqa məlumat yoxdur) Sokratın evinə gələrək onu yuxudan oyadır. Hippokrat varlı ailədən olan, oxuyub-öyrənmək həvəsi böyük olan yeniyetmə oğlandır. O, Sokratdan xahiş edir ki, onu hazırda Afinada olan, Kallinin evində qonaq qalan məşhur sofist Protaqor ilə tanış etsin. Hippokrat Protaqordan dərs almaq və biliklərini təkmilləşdirmk istəyir. Əsas məqsədi Protaqorun köməyi ilə yaxşı vətəndaş olmağın yollarını öyrənməkdir. Kallinin evinə yola düşmək üçün çox tez olduğunu deyən Sokrat oğlanı onunla həyətdə gəzməyə və onu Protaqorun yanına aparan arzu və məqsədləri haqqında onunla söhbət etməyə dəvət edir. Söhbət əsnasında Hippokratın ümumiyyətlə sofistlərin kim olması haqqında aydın təsəvvürü olmadığı ortaya çıxır. “Sofist kimdir?” sualına Hippokratın cavabı yoxdur. Söhbətin qalan hissəsində Sokrat təcrübəsiz bir tələbə üçün sofistlərin təliminin təhlükələri haqqında onu məlumatlandırmağa çalışır.

Protaqorun təqdim olunması (314C – 362A (c.6-40))

314C – 317E (c. 6-8): Sokrat və Hippokratın söhbəti hava işıqlanana qədər davam edir. Sonra hər ikisi Kallinin evinə yollanırlar. Qapıda durmuş qulluqçu onları ardı-arası kəsilməyən sofistlərdən bilib içəri buraxmaq istəməyib deyir ki, ağam Kalli məşğuldur, vaxtı yoxdur. Sofist olmadıqlarını dedikdən sonra qapıçının hirsi soyuyur. Platon dialoqun bu hissəsini əsasən bədii məqsədlər üçün istifadə edir. Protaqorun təqdim olunması hissəsinin arqumentativ çəkisi yoxdur. Bu passajda daha çox sofistlərə olan (neqativ, ironik) münasibət çatdırılır. Əsasən bədii-deskriptiv üsullardan istifadə olunur. Qapıçının reaksiyası buna nümunə ola bilər. Sokrat və Hippokrat içəri girərkən orada çoxlu qonaqların yığışdığını görürlər. Protaqor başına yığılmış tərəfdarları və pərəstişkarları ilə sütunlar arasında var-gəl edir, digər qonaqlardan bəzisi oturmuş, bəzisi naxoşluqdan uzanmış vəziyytədədir. Bir qədər sonra Sokrat gənc dostunun xahişini Protaqora məruzə edir və ondan xahiş edir ki, gənclərin sofistlərdən faydalı nə öyrənə biləcəklərini izah etsin. Protaqor hamı qarşısında bunu etməyə razılıq verir. O, əvvəlcə öz sənətini (sofizmi) tərifləməkdən başlayır. Deyir ki, bu sənət hələ Homer və Hesiodun vaxtlarına gedib çıxır, amma hakimiyyətdə olanların qorxusundan sofist olduğunu heç kim dilə gətirə bilməyib. İlk dəfə bunu edən o, yəni Protaqordur. Bundan sonra Kallinin arzusu ilə bütün qonaqlar, o cümlədən yataqda naxoş halda uzanmış Prodikos, başlayacaq mübahisəni dinləmək üçün zalın bir tərəfində yerləşirlər.

317E – 320C (c. 9-10): Sokrat Protaqora sual ünvanlayır: Hippokratın onunla (Protaqor ilə) ünsiyyətdən əldə edəcəyi fayda nə olacaq? Protaqorun cavabı: (vətəndaş olaraq) gündən-günə mükəmməlləşmək, həmçinin təsərrüfat və dövlət idarəetməsi üçün daha faydalı biri kimi yetişmək. Buna irad olaraq Sokrat bildirir ki, bunlar öyrədilməsi mümkün olmayan şeylərdir. Səbəbləri aşağıdakılardır: 1) Siyasi məsələlərdə afinalılar xalq yığıncaqlarında danışmaq istəyən hər kəsə söz verib dinləyirlər, hər kəsin fikri ciddiyə alınır. Texniki məsələlərdə isə yalnız bu sahələrdə usta olan adamların rəyinə qulaq asırlar. Məsələn, inşaatla bağlı məşvərətdə bir inşaat ustasının fikri mühümdür, səhiyyədə həkimin və s.. Bu sahələrdə biliyi və bacarığı olmayan biri məsləhət verməyə qalxarsa, gülərlər. 2) Ən yaxşı dövlət adamları belə onları dövlət üçün faydalı edən fəzilətlərini öz oğullarına öyrədə bilmirlər.

O, Protaqordan xahiş edir ki, bunlarla bağlı öz fikrini bildirsin.

320C – 328D (c.11-17): Protaqorun cavabı aşağıdakı kimi bölünə bilər: 1) Afinalıların siyasi məsələlərdə hər bir vətəndaşın fikrinə önəm verməklərinin səbəbi; 2) Siyasi fəzilətlərin (siyasi bacarıqlılıq da demək olar) öyrədilə bilən olmasının təsbiti; 3) Bəzi oğullara, dövlətin və valideynlərin bütün səylərinə baxmayaraq, nəyisə öyrətməyin mümkün olmamasının səbəbləri.

Birinci bəndi Protaqor bir mif danışmaqla ötüşdürür. Bu mifə əsasən Prometey insanlara odla bərabər həm də texniki bacarıqlar verib, ancaq bəşəriyyətin nəslinin kəsilməməsi üçün vacib olan siyasi fəzilətləri (vətəndaş fəzilətləri)[1] isə yox. Belə olduqda Zevs insan nəslini xilas etmək üçün onlara Hermesin vasitəsilə ədalət və utanmaq hissi göndərib və bunu istisnasız bütün insanlara göndərib. Buna görədir də, dövlətlə bağlı məsələlərdə hər kəs danışa bilər.

O, ikinci bəndi onunla izah edir ki, afinalılar vətəndaşların digər anadangəlmə qüsurlarına qarşı anlayışlı olsalar belə, əxlaq və fəzilət məsələlərində tolerant deyillər və bu cəhətdən zəif olanların tərbiyə olunması üçün əllərindən gələn heç nəyi əsirgəmirlər.

Üçüncü bəndin izahı üçün Protaqor deyir ki, yaxşı ataların pis oğullarının olması faktı əslində vətəndaşların bacarıqlarını düzgün qiymətləndirməməkdən irəli gəlir. Bütün insanlar əzəldən siyasi fəzilətə sahib olduqlarından, bu fəzilətləri daha da inkişaf etdirmişlərlə müqayisədə elə görünür ki, digər zəifləri (fəzilətləri zəif inkişaf etmişləri) ümumiyyətlə bu fəzilətdən məhrumdur. Əslində isə onlar tam fəzilətsiz deyil, sadəcə birincilərə nisbətdə zəifdirlər.

Protaqor ilə Sokrat arasında birinci mübahisə (328D – 338E (c.18-25))

Sokrat Protaqorun məruzəsindən mütəəssir olur, ancaq daha bir “xırdalığa” aydınlıq gətirməsini xahiş edir. O, soruşur ki, Protaqorun “fəzilət” ilə bağlı işlətdiyi sözlərin (1. möminlik, 2. təmkin/öz ağlına  sahib olma (ağlıbaşındalıq), 3. ədalət) fəzilətlə münasibəti nədir. Bunlar sadəcə fəzilətin başqa adlarıdır yoxsa bir vahid olan fəzilətin tərkib hissələridir? Protaqor bunların sonuncu olduğunu deyəndən sonra Sokrat ondan soruşur ki, onların öz aralarında olan münasibəti nədir? Bunlar keyfiyyətcə eyni şeydir yoxsa fərqlənirlər (məsələn, üz hissələri olan burun, ağız və s. kimi)? Protaqor onların fərqləndiyini deyir. Buna irad olaraq Sokrat izah edir ki, bu üçündən nəinki ədalət və möminlik mahiyyətcə eynidir, həm də ağlıbaşındalıq/təmkin (“sofrosine”)  və müdriklik (“sofia”) bir şeydir. Və buradan keçid edərək Sokrat həm də ədalət və müdrikliyin eyni şey olduğunu sübut etməyə çalışır. Mübahisənin bu yerində Sokrat Protaqorun davranışına (Protaqor cığallıq edərək elenxos qaydalarını pozur) etiraz olaraq arqumentini saxlayır və məclisi tərk edəcəyini bildirir. Məclisdəkilərin xahişi və iradları ilə Protaqor mübahisə qaydalarına əməl edərək soruşan tərəf, bundan sonra yenə cavab verən tərəf olmaq öhdəliyini üzərinə götürür və Sokrat söhbəti davam etdirməyə razı olur.

Simonidin şeirinin izahı (338E – 348A (c.26-32))

Mübahisəyə sualçı olaraq davam edən Protaqor indi aparıcı tərəf olmasından istifadə edərək dərhal anlayışlara əsaslanmış arqumentasiyadan poeziya müstəvisinə keçir (sofistlərin sevimli sahəsi) və sözünü Simonidin (Keoslu Simonid, e.a. 556-468-ci illərdə yaşamış yunan şairi; farslarla müharibələrdə yunanların qəhrəmanlıqlarına həsr etdiyi şeirlərə görə məşhurlaşmışdı; saraylarda sevimli qonaq idi) bir şeiri vasitəsilə əsaslandıracağını deyir. O, arqumentin səmtinin indi tamam itəcəyindən narahat olan dinləyiciləri əmin edir ki, bu şeirdə də mövzu fəzilətdir, ona görə belə seçim edir və şeir elə onların haqqında danışdıqları məsələdən bəhs edir. Şeirdə fəzilətlərin qazanılması və onlara sahib olmaqdan söhbət getdiyini iddia edən Protaqor şeirdən misralar gətirərək Simonidin özünün özü ilə ziddiyyətə girdiyini iddia edir. Həmin şeiri çox yaxşı tanıyan Sokrat Protaqorun arqumentasiyasının yönünü dəyişərək şeirin izahını öz öhdəsinə götürür və konteksti aydınladan izah verərək (şeirin Pittakos adlı bir yunan hökmdarına irad olaraq yazılması, “var olmaq” və “olmaq” (bir şeydən başqa şey olmaq) anlayışlarının izahı və s.) sübut edir ki, Simonid bu şeirdə əslində elə onun da (Sokratın) iddia etdiyi fəzilətin və biliyin bir olması fikrini ifadə edir. Bu vaxt məclisdəkilərdən Hippias da həvəslənərək həmin şeiri şərh etməyi arzu etdiyini deyir, ancaq Alkibiadın iradından sonra bunu etmir. Sokrat isə söhbətin gedişatından istifadə edərək dialektik mübahisələrdə şeiriyyat ilə arqument gətirmək cəhdlərinə kinayə edir, bunu bilik əldə etməyin elmi üsulları ilə heç bir əlaqəsi olmayan oyun adlandırır.

Protaqor ilə Sokrat arasında ikinci mübahisə (348B – 360E (c.32-39))

Protaqoru yenidən cavabçı roluna yönəldəndən sonra Sokrat söhbətin Simonidesin şeirindən əvvəl qaldığı yerə qaytarır və soruşur ki, Protaqor hələ də möminlik, ağıllılıq/təmkin və ədalətin eyni şey olduğunu inkar edir yoxsa yox. Protaqor bildirir ki, mübahisənin bu yerində artıq bunu inkar etmir, ancaq cəsarət və müdrikliyin eyni şey olması ilə razılaşa bilməz. Çünki, cəsarət həm də hər cür fəzilətdən məhrum adamlarda ola bilər. Sokrat buna aşağıdakı mülahizə zənciri ilə cavab verir: cəsarət həmişə gözəldir (cəsarət gözəllikdir). Çünki, cəsarətin şərti qorxmazlıqdır. Biliksiz qorxmazlıq isə dəlilikdir, deməli eybəcərdir. Beləliklə, cəsarət biliksiz ola bilməz. Protaqor buna cavab olaraq əvvəlki iddiasını (cəsarət və qorxmazlığın eyni şey olması, 350 a) geri götürür, daha doğrusu, Sokratın onun sözlərini təhrif etdiyini deyir. O, bildirir ki, cəsarət mütləq qorxmazlıq tələb edir, yəni cəsarətli insan avtomatik həm də qorxmaz insandır. Ancaq qorxmazlıq avtomatik olaraq cəsarətlilik demək deyildir (351b). Cəsarətdən məhrum çoxlu qorxmaz adamlar vardır, Protaqora görə. Belə olduqda Sokrat arqumentini başqa yola yönəldir. Sofistlərin də çox sevdiyi “həzz” və “yaxşı”nın identikliyi fikri əsasında Sokrat iddia edir ki, yaxşı ilə pis arasında seçim olduğu bir situasiyada ancaq bilikdən məhrum (hikmətsiz) biri pisi seçə bilər (baxmayaraq ki, xalq arasında əksəriyyət belə bir seçim vaxtı çox adamın yaxşının yaxşı, pisin pis olduğunu bilə-bilə və yaxşını seçmək imkanı olduğu halda həzz tərəfindən məğlub edilərək pisi seçdiyini düşünür). Bilən (hikmət sahibi) biri isə həmişə yaxşını seçəcək, belə ki, o, yaxşı ilə pisi seçə biləcək ölçüb-biçmək sənətinə sahibdir. Cəsarət təhlükə (qorxulmalı olan) və onun əksi arasında bir müstəvidə baş tutur. Fəzilət olduğu üçün isə cəsarət mütləq həmişə gözəl və yaxşı olana əsaslanmalıdır. Təhlükə (qorxulmalı olan) və bunun əksi olan müstəvilərdə gözəllik və yaxşılığı tanımaq və bunun fərqində olmaq cəsarət iddiası olan hər kəs üçün ilkin şərtdir. Və beləliklə cəsarət qorxulu olan və qorxulu olmayan haqqında, yəni gözəllik və yaxşılığa uyğun olan və bunlara uyğun olmayan haqqında bilgidən başqa bir şey deyildir.

Son (361A – 362A (c.40))

Söhbətin sonunda Sokrat mübahisənin nəticələrinə çox təəccübləndiyini bildirir. Belə ki, indi həm o, həm də Protaqor söhbətə başlarkən fəzilət haqqında olduqları mövqelərinin tam əksini iddia edirdilər. Başlanğıcda fəzilətin (konkret olaraq vətəndaş fəzilətinin, siyasi fəzilətin) öyrədilməsinin mümkün olmadığını iddia edən Sokrat sonda iddia edir ki, fəzilət bilikdir (bununla da avtomatik olaraq onun öyrədilə bilən bir şey olduğunu qəbul etmiş olur). Söhbətin əvvəlində fəzilətin öyrədilə bilən olduğunu iddia edən Protaqor isə indi onun bilik ilə eyni şey olduğunu qəbul etmir və bununla da onun öyrədilə bilən bir şey olduğunu inkar etmiş olur. Mübahisə belə ziddiyyətli sonluqla bitdiyinə görə məclisdə qərara alınlar ki, tezliklə fəzilətin mahiyyətini bir yerdə müəyyən etmək üçün əlavə araşdırmalar təşkil edib yığışsınlar. Son olaraq Protaqor Sokratın araşdırmalara olan həvəsini və intizamını tərifləyir və ona böyük bir gələcək gözlədiyini deyir. Bundan sonra Sokrat nəhayət “vacib işlərin ardınca getmək” üçün məclisdən ayrılır.

[1] Fəzilət: qədim yunancada “arete”, hərfi tərcüməsi “(bir şey üçün) yaxşı olma”, “yararlılıq”, işə yarama.”