İlk növbədə onu deyim ki, müqayisəli təhlil dil məsələsinin dünyada daha çox siyasi olduğunu göstərir, nəinki elmi.[i] Həmçinin bizdə də siyasi amil həlledici rol oynayıb. 1918-ci ilin iyun ayında Azərbaycanda Cümhuriyyət hökuməti dövlət dilinin türkcə olması haqqında qanunu qəbul edir. Romantik etnik millətçiliyin yeni siyasi elita arasında aparıcı mövqeyə malik olduğu şəraitdə bu tamamilə təbii idi, həm də faktiki tarixi reallığı əks etdirirdi.

Yəni, məsələn, məhz ədəbi dilinə görə tariximizin bir parçası hesab etdiyimiz Füzuli bu dili “türkcə” adlandırırdı. Mirzə Şəfi Vazeh dilin tədrisi üçün hazırladığı kitabın adını “Kitabi-Türki” qoyurdu. Bakıxanov çoxluğa xitabən “əhalinin dili türkcədir” deyirdi. Axundovdan başlayaraq maarifçilərimiz Azərbaycanda yaşayanların əksəriyyətinin danışdığı dili “türk dili” hesab edirdilər.

Türk dilindən Azərbaycan dilinə

Cümhuriyyətdən sonra gələn sovetlərin dövlət dili məsələsinə birmənalı baxışı yox idi. Moskvada ümumiyyətlə bu anlayışdan tamamilə imtina tərəfdarları, başda Lenin olmaqla, az deyildi. Həm də onsuz da rus dilinin rəsmi statussuz da aparıcı mövqeyini qoruyacağı tamamilə aydın idi. Amma öz müqəddəratını təyinetmə uğrunda mübarizə aparmış digər imperiya xalqları dil məsələsinə əlahiddə önəm verirdilər. Bu ziddiyyətli yanaşma sovet hökumətinin ilk illərində rəsmi sənədlərdə də özünü büruzə verir. Fəqət sovetlərin ilk dönəmlərində Azərbaycan SSR-də çoxluğa məxsus yerli dilin adı məsələsində hələ ki, problem yox idi. Cümhuriyyət dövrü ənənəsi davam etdirilirdi.

1921-ci ilinin fevralında Azərbaycan “Revkom”unun əmri ilə yerli çoxluğun dilinin rus dili ilə paralel rəsmi kargüzarlıq dili kimi istifadəsi məsələsi qanuniləşdirilir. Bu sənəddə dil “türk dili” kimi tanıdılır. 1922-ci ildə Azərbaycan Sovet Respublikası, Gürcüstan və Ermənistanla Zaqafqaziya Sovet federasiyasında (ZSFSR) birləşir. ZSFSR-in 1922-ci il konstitusiyasındakı gerbinin təsvirində dilin adı “türk dili” kimi keçir, bu federasiyanın 1925-ci il konstitusiyasında isə rəsmi sənədləşmə dillərindən biri kimi yenə də “türk dili” tanınır.

1922-ci ildə SSRİ-nin yaradılması haqqında müqavilə imzalanır. Müqavilənin 14-cü maddəsində rus, Ukrayna, belorus, gürcü, erməni və “türk dili” kimi qeyd olunan Şura Azərbaycanının dili SSRİ-nin 6 sənədləşmə dilindən biri kimi göstərilir. 1924-cü ilin iyun ayında isə Sovet Azərbaycanının Mərkəzi İcraiyyə Komitəsi “türk dili”ni respublikada həm də dövlət dili kimi rəsmiləşdirmişdi. Sosialist Azərbaycanın 1927-ci il konstitusiyasında dövlət dili anlayışı olmasa da, respublikanın bayrağının üstündəki yazıları təsvir edərkən yenə də “türk” termini işlədilir.

1937-ci ildə isə vəziyyət kökündən dəyişir. Bu ildə qəbul olunmuş konstitusiyada dövlət dili anlayışı yenə də yer almasa da, artıq təsvirlərdə və məhkəmə dilinə aid maddədə “türk dili” ifadəsi “azərbaycan dili” ifadəsi ilə əvəz edilir. 1956-cı ildə isə “azərbaycan dilinə” qanuni şəkildə rəsmi dövlət dili statusu verilir. Bu status 1978-ci il konstitusiyasında da əks olunur. Gördüyümüz kimi, “türk dili” anlayışı bir tərəfdən öz dövrünün siyasi ideallarının təcəssümü olmaqla yanaşı, tarixi və faktiki reallığı da əks etdirirdi.

“Azərbaycan dili” məfhumu isə məhz Sovet hökuməti tərəfindən formalaşdırlmış anlayışdır, sırf siyası məqsədlərlə tətbiq edilmişdir. Niyyət etnik Azərbaycan milləti quruculuğu və buranı Türkiyə təsirindən uzaqlaşdırmaq idi. SSRİ dağılandan sonra Cümhuriyyətin, onun atributlarının bərpası və həmçinin etnik türk millətçiliyinin yeni yüksəlişi zəminində 1992-ci ildə dil haqqında qanuna əsasən yenidən Azərbaycanda dövlət dilinin adı “türk dili”nə dəyişdirilir. Lakin Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə qəbul olunmuş konstitusiyada dövlət dilinin adı kimi “Azəbaycan dili” ifadəsi qaytarılaraq “türk dili” ifadəsini əvəz edir.

Dilin özü

Maarifçilik dövründə buranın ziyalıları arasında dilin adı məsələsində fikir ayrılığı olmasa da, standart dil, ədəbi dil məsələsində ciddi mübahisələr mövcud idi. Məsələn, “Molla Nəsrəddin”in ilk nömrəsindəki xitabında Mircə Cəlil yazdığı, danışdığı dili “türk dili” adlandırır, amma “Anamın kitabında”kı Səməd Vahid obrazının nümunəsində ədibin, öz yerli ləhcəsini qoyub Osmanlı ədəbi dilində danışanlara mənfi münasibət göstərdiyi bəlli olur. O vaxt Cəlil Məmmədquluzadə kimi maarifçilər ədəbi dili bu ərazilərdəki vernakulyar, yəni yerli danışıq dili əsasında formalaşdırmağa çağırırdılar. Bir qism Hüseyn Cavid kimi ədiblər isə Osmanlıda istifadə olunan yazı dilindən ədəbi dil kimi istifadəyə üstünlük verirdilər. Mətbuatda da oxşar vəziyyət yaranmışdı.

Sovetləşmədən sonra isə hökumətin də təşviqi ilə birinci ideya daha populyar olur və Cəfər Cabbarlı kimi ədiblər tərəfindən təkmilləşdirilərək, fərqli standartlaşmış Azərbaycan türkcəsinin formalaşması yolu davam etdirilir. Fəqət 1920-1930-cu illər boyu hələ bu dildə Osmanlı yazı dilinin qrammatik, leksik və sairə qaydalarının Azərbaycandakı ədəbi dilə güclü təsirini görmək mümkündür. 1937-ci ildən sonra dilin adının dəyişdirilməsi ilə yanaşı linqvistik islahatlarla özü də ciddi dəyişikliyə məruz qalır. Paralel olaraq Türkiyədə də intensiv dil islahatları aparılır.

Yəni, reallıqda faktiki iki müxtəlif standartlaşdırılmış yazı və nitq dili: Türk və Azərbaycan dilləri formalaşır. Urbanizasiyanın, elm və təhsilin, televizyanın təsiri ilə bu qütbləşmə həm şaquli, həm üfüqi istiqamətdə dərinləşir. Xatırlayıram ki, ilk dəfə türk film və televiziya proqramlarına baxanda çox çətinliklə başa düşürdüm. Onların Azərbaycan standart ədəbi dilini başa düşməsi isə yəqin ki, indi də asan məsələ deyil.

Post-sovet dövründə

1995-ci ildə qəbul olunmuş konstitusiyada “Azəbaycan dili” məfhumunun bərpası sovetlərin etnik Azərbaycan millətçiliyinə və Türkiyənin mədəni-siyasi təsirindən qorunmaq siyasətinə qayıdış idi. Lakin ad formal məsələdir. Adı fərqli, özü isə eyni dillər də mövcuddur. Serb və xorvat dilləri var, əlifbaları da fərqlidir, amma mütəxəssislər deyir ki, bunlar tamamən eyni dillərdir. Yaxud Tacikistanda dövlət dillinin adı “tacik dili”dir (əlifba kirilldir), Əfqanıstan taciklərinin dilinin adı isə “dari” kimi rəsmiləşdirilib. “Azərbaycan dili” nümunəsindən fərqli olaraq, “tacik” və “dari” terminlərinin dərin tarixi əsasları da mövcuddur, hər ikisi fars dilinin orta əsrlərdə istifadə olunmuş adlarıdır. Lakin bu gün Tacikistanda, yaxud Əfqanısatnda istifadə olunan standartlaşmış dillər demək olar İrandakı fars ədəbi dilinin eynisidir.

Yəni, indi bizdə də dilimizin rəsmi adı fərqli olsa da, İran Azərbaycanı əhalisinin “türk” adlandırdığı dillə eynidir. Amma onlara hal-hazırda Türkiyə standart dili daha güclü təsir etməkdədir, nəinki bizim ədəbi dil. Elə bizdə də son 25 ildə Türkiyə televizyalarının, elmi və bədii ədəbiyyatının, Türkiyədə ali təhsil alanlarımızın, buradakı türk məktəblərinin rolu və təsiri danılmazdır. Üstəgəl, bizim standart dilin həmin dövrdə keyfiyyətli məhsul istehsal etmək baxımından tənəzzülü rəqabət potensialını zəiflədib.

Sovet dövründə həmçinin sərhədlərin bağlı olması, qapalı şəraitdə ədəbi “Azərbaycan dili”ni gücləndirirdi. Ondan qabaq isə məhz Azərbaycanın maarifçi ədəbiyyatı region müsəlmanlarının dəb verəni idi. Hal hazırda isə Azərbaycan dili həm təsirə açıq, həm də rəqabətə davamsızdır. Elmi terminologiya nöqteyi-nəzərindən də ciddi problemləri var. Təhsilimiz, elmimiz, mətbuatımız, ədəbiyyatımız keyfiyyətli dil aşılamaq funksiyanın öhdəsindən hələki gəlmir.

Bundan əlavə, əksəriyyət oxumur, baxır. Oxumayanların əksəriyyətinin baxdığı da məhz Azərbaycanda çox populyar olan türk serialları və şoularıdır. Azərbaycanın indiki gənc nəsli hal-hazırda türk dilini özündən əvvəlki nəsildən qat-qat yaxşı bilir. Amma tendensiya hal-hazırda aşağı-yuxarı bu cür olsa da, davamlı olub-olmayacağını demək çətindir. Çünki təkrar edək ki, siyasi amil bu məsələdə mühüm rol oynayır, dil isə dinamikdir.

[i] Qeyd: Bu yazı ilk dəfə BBC Azərbaycan servisinin saytında 9 avqust 2016-cı ildə işıq üzü görmüşdür: https://www.bbc.com/azeri/analysis/2016/08/160809_azer_turk_language