Türkiyə 2017-ci ilin 16 aprel referendumu ilə Konstitusiya dəyişiklikləri həyata keçirərək 2018-ci ilin 24 iyun parlament və prezident seçkilərindən etibarən parlamentar sistemdən prezident üsul-idarəsinə keçdi. Sistem dəyişikliyi nəticəsində hakimiyyətin daha da mərkəzləşdirilməsi və tək əldə cəmləşdirilməsi baş verdi. Artıq ölkədə güclü və çox geniş səlahiyyətlərə malik prezident institutu var. Buna baxmayaraq, bələdiyyə institutu yerli özünüidarəetmədə rolunu qoruyub saxlayır, bələdiyyə seçkiləri isə bir barometrdir və ölkədəki siyasi iqlimə ciddi təsir edən, daxili siyasətə yön verən mühüm siyasi kampaniyalardan biridir. 31 mart seçkiləri də bu baxımdan istisna deyil.

Yaxın keçmişə qədər Türkiyədə siyasi partiyaların bloklaşması qadağan idi, əgər siyasi qüvvələr gücünü birləşdirmək istəyirdisə, bunu yalnız partiyalardan birinin tərkibində reallaşdırmaq mümkün idi. 2018-ci ilin martında qəbul olunan qanunla bu məhdudiyyət aradan qaldırıldı və partiyaların ittifaq yaratmasına icazə verildi. Qanun ilk olaraq ötən ilin 24 iyununda keçirilən prezident və parlament seçkilərində tətbiq olundu və iki böyük seçki bloku formalaşdı: Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) yaratdığı Cumhur İttifaqı və Cümhuriyyət Xalq Partiyası (CHP), İyi Parti, Səadət Partiyasının (SP) yaratdığı Millət İttifaqı. Kiçik istisna xaricində (SP seçkilərə müstəqil qatılıb) bu iki blok bələdiyyə seçkiləri üçün də qüvvədədir.

Seçici siyahılarında 57 milyon 56 min vətəndaşın adı var və onlardan 78%-i böyük şəhərlərdədir. Ölkədə böyük şəhər statusuna malik (əhalisi 750.000 nəfərdən çox) 30 yaşayış məntəqəsi var. Cumhur İttifaqı 81 vilayətdən 51-də (30 böyük şəhərin hamısında), Millət İttifaqı isə 50 vilayətdə (23 böyük şəhərdə) ortaq namizədlərlə çıxış edir. 44 milyon 212 min seçicinin cəmləşdiyi böyük şəhərlərdə, xüsusən də 3 meqapolisdə səsvermənin nəticələri böyük önəm daşıyır və siyasi partiyalar əsas diqqətini və gücünü buralara yönəldib.

Ankara

Paytaxtdan başlayaq. 3 milyon 904 min seçicinin qeydiyyatda olduğu Ankara 25 ildir mühafizəkar siyasi partiyalar tərəfindən idarə olunur: 1994-cü ildə Rifah Partiyasından Ankara bələdiyyə başqanı seçilən Məlih Gökçək bu partiyanın ləğvindən sonra onun əvəzinə yaradılan Fəzilət Partiyasına, AK Parti qurulduqdan sonra isə bu partiyaya üzv olub və 1999, 2004, 2009-cu illərdə keçirilən bələdiyyə seçkilərində ardıcıl qalib gəlib. M.Gökçək 2017-ci ilin oktyabrında prezident Ərdoğanın çağırışı ilə istefaya gedib və bu seçkilərdə ekologiya və şəhər işləri naziri Mehmet Özhaseki iqtidar partiyasından və Millət İttifaqından Ankara bələdiyəsinə namizəd göstərilib. 62 yaşlı Özhaseki təcrübəli siyasətçidir və bələdiyyəçilik təcrübəsi də var. O, 1999-2015-ci illərdə Kayseri böyük şəhər bələdiyyəsinə rəhbərlik edib.

Millət İttifaqı isə paytaxtda yaxşı tanınan vəkil Mansur Yavaşın namizədliyini irəli sürüb. M.Yavaş sol-mərkəzçi CHP-nin namizədi olsa da, millətçi-mühafizəkar siyasətçi profilidir və siyasi fəaliyyətə MHP-də başlayıb. Onun da zəngin bələdiyyəçilik və seçki təcrübəsi var. 64 yaşlı Yavaş 1999-2009-cu illərdə Ankaranın Bəypazarı rayonunun bələdiyyə başqanı olub, 2009-cu ildə MHP-dən paytaxt bələdiyyəsinin sədrliyinə namizəd göstərilib və 27% səslə 3-cü yeri tutub. 2014-cü ildə Yavaş yenidən Ankara bələdiyyə sədrliyinə namizəd olub (bu dəfə CHP-dən) və cəmi 1% səs fərqi ilə rəqibi Gökçəkə uduzub. (Nəticələr mübahisələrə səbəb olmuşdu.) İndi o, üçüncü dəfə eyni vəzifəyə iddialıdır və bu dəfə qələbəyə və 25 illik fasilədən sonra paytaxt bələdiyyəsini CHP-yə qazandırmağa yaxınlaşıb.

2018-ci ilin parlament seçkilərində Cumhur İttifaqı Ankarada 53,5% səs alıb. İlk baxışdan Özhaseki üçün problem olmamalıdır və o, ittifaqın 9 ay öncə əldə etdiyi göstəricidən 3% daha az səs qazansa belə, qalib gələcək. Lakin qeyd etdiyimiz kimi, Yavaş klassik CHP təmsilçisi, yəni sol profil deyil, sağ cinahdan gələn və millətçi-dindar təbəqələrdən də səs ala bilən siyasətçidir, üstəlik, ankaralıdır və kayserili rəqibi ilə müqayisədə paytaxt sakinləri onu daha yaxşı tanıyır. Keçirilən rəy sorğularının əksəriyyəti 64 yaşlı Yavaşın yarışın favoriti olduğunu göstərir. Ölkə paytaxtının itirilməsi və ideoloji-siyasi “düşmənin” – CHP-nin əlinə keçməsi prezident Ərdoğanın asanlıqla barışacağı və həzm edəcəyi bir durum deyil. Bu qanqaraldıcı (hakimiyyət üçün) ehtimal ortaya çıxdıqdan sonra iqtidar mediasında Yavaşa qarşı təbliğat kampaniyasına start verildi. Kampaniya iş adamı kimi təqdim edilən bir nəfərin Yavaşı vəkillik fəaliyyəti ilə əlaqədar sənəd saxtakarlığında ittiham etməsi üzərində qurulub. Media müxalifət namzədi haqqında prokurorluqda başqa araşdırmalar da aparıldığını iddia edir, amma hələ ki prokurorluq özü bu haqda rəsmi açıqlama yaymayıb, ona görə də xəbərlərinin, ortaya atılan iddiaların hansının doğru, hansının yalan olduğu və bunların hansı hüquqi nəticələrə səbəb ola biləcəyi qaranlıq qalır. Lakin prezident Ərdoğan və daxili işlər naziri Süleyman Soylu son günlər seçkiqabağı mitinqlərdə çıxışlarında və mətbuata müsahibələrində dəfələrlə vurğulayıblar ki, Yavaş seçilsə belə, onun vəzifədən uzaqlaşdırılması məsələsinə baxılacaq. (DİN-in hüquqa zidd əməllər törədən bələdiyyə sədrlərini vəzifədən kənarlaşdırmaq səlahiyyəti var.) Hələlik bu cür bəyanatlar seçicilərin iradəsinə təsir göstərməyə, onları Yavaşa səs verməyin mənasız olduğuna inandırmağa yönəlib. Ötən illər rəy sorğularına xüsusi diqqət yetirən, bu yolla davamlı olaraq ictimaiyyətin nəbzini tutan və siyasətini buna uyğun quran Ərdoğan bu dəfə sorğulara inanmadığını və sosioloji xidmətlərin yanılacağını söyləyib.

İstanbul

Türkiyə üzrə 57 milyon seçicidən 10,5 milyon nəfəri, yəni təxminən beşdə biri ölkənin 1 saylı meqapolisində cəmləşib. Ərdoğanın zirvəyə gedən yolu da buradan başlayıb. Təsadüfi deyil ki, “İstanbul bələdiyyəsini alan Türkiyəni alar” fikri ölkədə geniş yayılıb. İstanbul Türkiyə siyasətində hər zaman tramplin rolunu oynayıb. 1994-cü il seçkilərində Ankarada olduğu kimi, İstanbulda da Rifah Partiyası qalib gəlmişdi və şəhər o zamandan bəri eyni siyasi cərəyanın müxtəlif təmsilçiləri (Tayyib Ərdoğan, Ali Müfit Gürtuna, Kadir Topbaş) tərəfindən idarə olunur. (2017-ci ilin sentyabrında Topbaş istefaya gedib.) Şübhəsiz ki, Ərdoğan İstanbula ən azı Ankara qədər, hətta Ankaradan daha çox əhəmiyyət verir. Elə buna görə iqtidar partiyası və Cumhur İttifaqı adından İstanbul bələdiyyə sədrliyinə ölkənin 2-ci adamı, Böyük Millət Məclisinin sədri Binali Yıldırımın namizədliyi irəli sürüldü. Yıldırımın xüsusi təqdimata ehtiyacı yoxdur, AK Partinin 17 illik hakimiyyəti dövründə o, hər zaman vitrində olub və Ərdoğanın ən çox inandığı şəxslərdən biridir. 64 yaşlı Yıldırım prezident üsul-idarəsinin tətbiqindən əvvəl baş nazir və hakim partiyanın lideri idi. Konstitusiya dəyişikliyi nəticəsində baş nazir vəzifəsi ləğv olunduqdan sonra ölkə başçısı onun sədaqətini parlament sədrliyi vəzifəsi ilə mükafatlandırdı. Bu prestijli və rahat işdə çalışdığı bir dövrdə bələdiyyə başqanlığına namizəd olmağa və yenidən küçələrə, meydanlara qayıtmağa razılaşması onun nə qədər kaprizdən uzaq və komplekssiz siyasətçi olduğunu göstərir.

Yıldırım 2014-cü ildə İzmir bələdiyyə sədrliyinə namizəd olmuş və seçilməsə də, partiyasının aldığı səs miqdarını artıra bilmişdi. Onun İstanbul bələdiyyəsinə namizədliyi açıqlandıqdan sonra Türkiyədə hər kəs artıq seçkini taleyinin həll olunduğuun düşünürdü. Xüsusən də, CHP-nin və Millət İttifaqının Əkrəm İmamoğlunun namizədliyini irəli sürməsi ilk günlərdə bu fikirləri daha da möhkəmləndirdi. 49 yaşlı Ə.İmamoğlu İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə başqanı idi və nəinki şəhər miqyasında, CHP daxilində də çox az tanınırdı. Təsadüfi deyil ki, ilk rəy sorğuları Yıldırım və İmamoğlu arasında birincinin lehinə 15%-lik fərq olduğunu göstərmişdi. Lakin vaxt ötdükcə, həftələr irəlilədikcə İmamoğlu insanların diqqətini cəlb etməyə və tanınma problemini aşmağa başladı. Yavaş kimi, İmamoğlu da klassik CHP-li siyasətçi profilindən bir qədər uzaqdır, heç vaxt ideoloji mübahisələrdə adı hallanmayıb, mühafizəkar ailənin övladıdır, hətta Quran hafizliyi bacarığı var. Bir sözlə, mühafizəkar çevrələrdən səs ala biləcək namizəddir. Onun başqa bir üstünlüyü isə Qara dəniz bölgəsindən – Trabzondan olmasıdır. İstanbul əhalisinin təxminən üçdə biri Qara dənizdəndir və bu insanlarda həmşəhrilik hissi, öz yerlilərini sahiblənmək meyli güclüdür. (Ərdoğan da Qara dənizdən – Rize vilayətindəndir.) Qara dənizlilərin böyük əksəriyyəti adətən sağ partiyalara səs verir və onlar əsasən Cumhur İttifaqının elektoratıdır. CHP rəhbərliyində İmamoğlunun bu sementləşmiş sağçı-mühafizəkar kütlənin bir qismini öz tərəfinə çəkə biləcəyi gözləntisi var. Başqa bir hədəf qrupu isə kürdlərdir. İstanbulda təxminən 3 milyon kürd yaşayır. Son parlament seçkilərində etnik kürdlərin partiyası HDP (Halkların Demokrasi Partisi) İstanbulda 12,7% səs toplayıb. Cumhur İtifaqı 51%, Millət İttifaqı isə 35,9% səs alıb. Bu tablo göstərir ki, İmamoğlu seçilmək üçün HDP-nin də səslərini almalı və Cumhur İttifaqından səs qoparmalıdır. Çox çətin vəzifədir, amma rəy sorğuları kampaniyanın sonlarına doğru iki namizəd arasında səs fərqinin azaldığını ortaya qoyub, yəni favorit Yıldırım olsa da, İmamoğlunun da şansı var.

HDP İstanbulda, eləcə də Ankara, İzmir, Adana, Antalya, Mersin, Bursa, Qaziantep, Hatay, Aydın kimi böyük şəhərlərdə namizəd irəli sürməyib. Bu şəhərlərdə HDP seçicilərinin əksəriyyətinin Millət İttifaqı namizədlərini dəstəkləyəcəkləri gözlənilir, çünki partiyanın həbsdəki lideri Səlahəddin Dəmirtaş öz tərəfdarlarını iqtidarın əleyhinə səs verməyə çağırıb.

İzmir və digər böyüş şəhərlər

Türkiyənin ən modern şəhəri sayılan İzmir mühafizəkar AK Parti iqtidara gəldikdən bəri CHP-nin qalasına çevrilib. Şəhərin sekulyar həyat tərzinin qorunması məsələsində çox həssas olan əhalisi daha çox bu səbəbdən CHP-yə səs verir. İzmirdə 3 milyon 250 min seçici qeydiyyatdadır. CHP 2004-cü ildən bəri şəhəri idarə edən 71 yaşlı Aziz Kocaoğlunu dəyişdirdi və onun yerinə 1959-cu il təvəllüdlü Tunç Soyeri namizəd göstərdi. Soyer 2009-cu ildən bəri İzmirin Seferihisar rayonunun bələdiyyə başqanıdır və uğurlu işləri ilə şəhər miqyasında da tanınıb.

İqtidar – Cumhur İttifaqı isə Ankara və İstanbulda olduğu kimi, İzmirdə də qələbə ümidi ilə tanınmış simanı – keçmiş iqtisadiyyat naziri Nihat Zeybəkçini namizəd göstərib. 1961-ci il təvəllüdlü Zeybəkçi daha əvvəl Dənizli böyük şəhər bəhlədiyyəsinin sədri olub və bu sahədə təcrübəsi var. Son parlament seçkilərində Millət İttifaqı İzmirdə 53%, Cumhur İttifaqı 35%, HDP 11% səs alıb. Rəy sorğuları bu dəfə də CHP namizədinin qalib gələcəyini göstərir, Millət İttifaqı və HDP-nin səsləri bunun üçün yetərlidir.

Digər böyük şəhərlərə gəldikdə isə hazırda Cumhur İttifaqının əlində olan Bursa, Adana, Antalya, Balıkəsir və Dənizli kimi Türkiyənin turizm və sənaye mərkəzlərində şanslar yaxındır, ittifaqlardan hər hansı birinin qələbəsi sürpriz sayılmayacaq. Son bələdiyyə seçkilərində MHP-nin qalib gəldiyi Mersində də MHP ilə CHP-nin səsləri bir-birinə yaxındır. 1999-cu ildən Əskişəhəri idarə edən 82 yaşlı Yılmaz Büyükerşenin (CHP) qarşısında bu dəfə Cumhur İttifaqından güclü namizəd var və burada da gərgin mübarizə gedir. Konya, Kayseri, Trabzon, Ordu, Samsun, Ərzurum, Qaziantep, Sakarya, Kocaeli, Kahramanmaraş, Malatya və Manisa Cumhur İttifaqının rahatlıqla təkrar qalib gələcəyi şəhərlər kimi göstərilir. Hatay, Muğla, Aydın və Tekirdağ isə böyük ehtimalla CHP-nin nəzarətində qalacaq. HDP-nin hazırda dövlətin təyin etdiyi qəyyumlar tərəfindən idarə olunan Diyarbəkir, Van və Mardində qələbəsi şübhə doğurmur. Kürdlərin çoxluqda olduğu digər böyük şəhər – Şanlıurfada isə AK Parti və Səadət Partiyası arasında rəqabət var.

İqtisadi böhran nəticələrə necə təsir edəcək?

Türkiyə seçkilərə iqtisadi böhranın ağırlaşmağa başladığı bir vaxtda gedir. 2018-ci ilin 3-cü rübündə Ümumi Daxili Məhsulda (ÜDM) 1,8%, 4-cü rübdə isə 3% azalma baş verib, beləliklə, iki rüb ardıcıl iqtisadiyyat kiçildiyi üçün ölkə resessiyaya daxil olub. Sonuncu dəfə Türkiyə iqtisadyyatında tənəzzül 10 il əvvəl – 2009-cu ilin 3-cü rübündə 2,8% geriləmə ilə qeydə alınmışdı. Adambaşına düşən gəlir 2017-ci ildə 10 min 597 dollar olduğu halda, 2018-ci ildə 9 min 632 dollar təşkil edib. İnflyasiyanın səviyyəsinə görə Türkiyə dünya ölkələri arasında yüksək yerlərdən birini tutur. 2018-ci ildə rəsmi inflyasiya 20,30% olub və ən çox qiymət artımı qida məhsullarında, meyvə-tərəvəzdə qeydə alınıb. Əhalinin narazılığını azaltmaq üçün hökumət böyük şəhərlərdə ucuz qiymətə meyvə-tərəvəz satışa çıxarmağa məcbur olub, nəticədə küçələrdə uzun növbələr gözə dəyib. İşsizlik də artır. Rəsmi məlumata əsasən 2018-ci ilin dekabrında işsizlərin sayı 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,1% artaraq 13,5%-ə çatıb. Beləliklə, hazırda ölkədə rəsmi qeydiyyatda olan işsizlərin sayı 4 milyon 302 min nəfərə yüksəlib. Real işsizlik isə 19,3% səviyyəsində qiymətləndirilir. Gənclər arasında işsizlik 24,5%-dir, yəni bu gün Türkiyədə hər 4 gəncdən biri işsizdir. Mərkəzi Bankın valyuta ehtiyatları əriməkdədir, martın 21-nə olan məlumata əsasən net ehtiyatların həcmi 21,7 milyard dollara qədər geriləyib ki, bu da Türkiyə kimi ölkə üçün olduqca aşağı rəqəmdir.

İqtisadi böhranın seçkilərin nəticələrinə təsiri olacaq, amma hansı miqyasda? Ən çox maraq doğuran suallardan biri budur. Ölkənin mərhum prezidenti Süleyman Dəmirəlin belə bir sözü var ki, yemək qazanı istənilən hökuməti devirə bilər. Yaxın keçmişin seçkiləri də bu fikri təsdiqləyir. Ak Parti 2002-ci ildə məhz iqtisadi böhran dalğasında iqtidara gəlib. 2008-ci il dünya maliyyə böhranı Türkiyədən də yan keçməmişdi, nəticədə 2009-cu il bələdiyyə seçkilərində AK Partinin səsi 38,8%-ə düşmüşdü, halbuki 2 il əvvəl – 2007-ci il parlament seçkilərində partiya 46,5% səs almışdı. Bu səbəblə, seçki kampaniyası dövründə müxalif çevrələrin dilində “1989-cu il” sözü tez-tez təkrarlandı. Həmin il keçirilən bələdəyyə seçkilərində hakimiyyətdə olan Ana Vətən Partiyası (ANAP) gözlənilmədən sarsıdıcı məğlubiyyətə düçar olaraq 21,80% səslə üçüncü yeri tutmuş və cəmi 3 vilayətdə bələdiyyələri qazanmışdı. Seçkilərin qalibi isə 28,69%-lə Sosial Demokrat Xalqçı Partiya (SHP) olmuşdu. SHP Ankara, İstanbul və İzmir də daxil olmaqla, 39 vilayətdə qələbə çalmışdı. (Sonradan bu partiya CHP-yə birləşdi.) Amma 1989-cu il Türkiyəsi ilə 2019-cu il Türkiyəsini müqayisə etdikdə oxşarlıqla yanaşı, ciddi fərqlərin daha çox olduğunu görürük. Oxşarlıq budur ki, indi olduğu kimi, o zaman da ölkə xarizmatik sağçı lider (Turqut Özal) tərəfindən idarə olunurdu. Özal Türkiyəni bazar iqtisadiyyatına keçirən və iqtisadi böyüməyə nail olan şəxsiyyətdir, onun rəhbərliyi ilə ANAP 1983-cü il parlament seçkilərində 45,1%, 1987-ci il parlament seçkilərində 36,3% səs toplayaraq təkbaşına iqtidar olmuşdu. Lakin 2 il sonra bələdiyə seçkilərində partiya şok nəticə ilə qarşılaşmış və ANAP-ın tənəzzülü başlamışdı. (Bu fakt da göstərir ki, bələdiyyə seçkilərinin nəticələri ölkə siyasəti üçün nə qədər önəmlidir.)

İndi Türkiyə müxalifəti AK Parti və Ərdoğanın da bənzər şokla üzləşəcəyinə ümid edir. Amma 2019-cu il Türkiyəsinin əsas fərqi odur ki, ölkədə azadlıqlar məhdudlaşdırılıb və hakimiyyətlə müxalifət arasında nəinki bərabər, heç yaxın imkanlar da yoxdur. Türkiyə 2018-ci ildə qanunun aliliyi indeksində (Rule of Law Index) 126 ölkə arasında 109-cu sırada yer alıb. “Freedom House”un hesabatında Türkiyə 195 ölkə arasında 114-cü pillədə yer alaraq azad olmayan ölkələrin arasında göstərilib. Media azadlığı sahəsində isə ölkə son 10 ildə 55 pillə geriləyib və 2018-ci ildə 157-ci sırada yer alıb. AK Parti dönəmindən əvvəl də Türkiyə hüquq və azadlıqlar baxımından nümunəvi ölkə sayılmırdı, amma müxalifətə bu qədər təzyiq yox idi, iqtidar partiyası dövlətin imkanlarından bu dərəcədə yararlanmırdı və media azadlığı var idi.

Hazırkı seçki kampaniyası boyunca hökumət çalışdı ki, ölkənin real problemləri – yoxsulluq, işsizlik, qiymət artımı kimi insanların gündəlik həyatına təsir edən mövzular gündəmə gəlməsin. Prezident Rəcəb Tayyib Ərdoğan və onun müttəfiqi, MHP lideri Dövlət Bahçeli “beka sorunu”, yəni ölkənin mövcudluğuna təhlükə yarandığı fikrini ortaya atdılar və bu fikirlə həmrəy olmayan müxalifəti terror təşkilatları ilə əməkdaşlıqda ittiham etdilər. Bütün kampaniya müxalifətə qarşı bu ağır ittihamın fonunda keçdi, iqtidarın nəzarətindəki media orqanları davamlı olaraq müxalifətin terror təşkilatları ilə əməkdaşlığı mövzusunu gündəmdə saxladılar. Bundan başqa, prezident Ərdoğan Yeni Zelandiyada cümə namazı vaxtı müsəlmanlara qarşı törədilən terror hadisəsindən də öz kampaniyasında istifadə etdi (terrorçu silahının üzərinə Türkiyəni hədəf alan sözlər yazmışdı), hətta mitinqlərdə terrorun videosunu nümayiş etdirib, “beka sorunu” iddiasının nə qədər əsaslı olduğunu əhaliyə aşılamağa çalışdı.

Seçki sonrası Türkiyə: Gül və Davudoğlunun siyasi planları

Türkiyədə növbəti prezident və parlament seçkiləri 2023-cü ildə keçirilməlidir, yəni 4 il sonra. Amma ölkədə siyasi proseslərin dinamikası növbədənkənar seçkiləri də zəruri edə bilər, bu isə daha çox 31 mart axşamı ortaya çıxacaq mənzərədən asılı olacaq. Ötən illərdə ölkə rəhbərliyində təmsil olunmuş bəzi nüfuzlu şəxslərin – keçmiş prezident Abdulla Gül, sabiq baş nazir Əhməd Davudoğlu, keçmiş iqtisadiyyat naziri Əli Babacan və digər şəxslərin yeni siyasi partya qurmaq üçün hazırlıqlara başladıqları idddiası Ankara kulislərinin ən çox müzakirə olunan mövzularından biridir. Bu iddialar hələ ki spekulyativ mahiyyət daşısa da, maraqlıdır ki, adları çəkilən şəxslər təkziblə çıxış etməyiblər. Gözlənti budur ki, hakimiyyət bələdiyyə seçkilərində uğursuzluğa düçar olarsa, məsələn, Ankara və İstanbulu itirərsə, Davudoğlu və Babacan Gülün dəstəyi ilə hərəkətə keçəcək və pərdəarxası çalışmalarını ictimailəşdirəcəklər.

Bunun baş verməsi hakim partiyada bölünmələrin başlamasına səbəb ola bilər. Yəni 31 mart seçkilərində məğlubiyyət ölkə üçün deyil, şəxsən Ərdoğan üçün “beka sorunu”na çevrilə bilər. Bunu çox yaxşı anlayan prezident aktiv kampaniya apardı və özünü ön plana çıxararaq partiyasının namizədlərini kölgədə qoydu. Ölkənin hər yerində bilbordlarda namizədlərdən daha çox dövlət başçısının təsviri var. Seçicilərə təlqin edilir ki, siz 31 martda hansısa namizədin yox, məhz prezidentin lehinə, yaxud əleyhinə səs verəcəksiniz. Bu taktikanın seçilməsinə səbəb odur ki, bütün problemlərə rəğmən Ərdoğan hələ də öz tərəfdarları arasında nüfuzunu qoruyur və ölkənin ən reytinqli siyasətçisi olaraq qalır. Yaxşı düşünülsə də, risklidir, çünki bu cür taktika yerli özünüidarəetmə seçkilərini ölkə miqyaslı etimad referendumuna çevirib. Nəticədə 31 martda xalq yerli idarəçiləri seçməklə birlikdə, həm də mərkəzi hakimiyyətə münasibətini ortaya qoymuş olacaq.