Azərbaycan dövləti 15 milyard dollar ayırsa da, təhlükəsiz, şiddətsiz və inklüziv təhsil mühiti yarada bilməyib. Bullinqə qarşı mübarizə siyasətinin, inklüziv kurrikulumun olmaması və ehtiyaclara laqeyd yanaşılması LGBTİ (lezbian, gey, biseksual, transgender və interseks) fərdlərinə qarşı ayrı-seçkiliyə töhfə verən əsas amillərə çevrilib. Ayrı-seçkiliyin bu növü Azərbaycandakı digər sosial qruplara qarşı olan ayrı-seçkiliklə müqayisədə daha geniş yayılıb və cəmiyyət tərəfindən daha çox qəbul edilib. Bu növ ayrı-seçkilik LGBTİ fərdlərinin təhsil, həmçinin siyasi və vətəndaş iştirakçılığı da daxil olmaqla, həyatın bir çox sahələrindəki fürsətlərdən istifadə etməsinə şərait yaratmır və onların sosial-iqtisadi problemlərlə üzləşməsinə, sağlamlıq vəziyyətlərinin pisləşməsinə gətirib çıxarır. Sözsüz ki, LGBTİ fərdlərinin bu sahələrdə təcrid edilməsində dövlətin biganəliyi də rol oynayır. LGBTİ vətəndaşların şikayətlərinə, xüsusi ehtiyaclarına qulaq verməməklə, onları sosial, iqtisadi və inkişaf siyasətlərindən kənarlaşdırmaqla, dövlət əslində öz vətəndaşlarının konstitusion hüquqlarını pozmuş olur.

Dünyadakı 141 ölkə arasında LGBTI fərdlərinin ictimai qəbuledilmə indeksinə görə Azərbaycan ən sonuncu yerdədir. Villiams İnstitutunun Qlobal Qəbuledilmə İndeksi göstərir ki, 2004-2008-ci illərlə müqayisədə 2009-2014-cü illərdə Azərbaycanda LGBTİ fərdlərinin ictimai qəbuledilməsi azalıb (Polarized Progress 2018). Avropanın 49 ölkəsinin LGBTİ fərdləri ilə bağlı qəbul etdiyi bərabərlik qanunları və siyasətini araşdıran ILGA təşkilatının Avropa Göyqurşağı İndeksində Azərbaycan 48-ci yerdə qərarlaşıb (ILGA Europe 2014). Lakin həmin qurum 2015-ci ildən bəri dövlət qanunları, siyasəti və praktikasına görə Azərbaycanı ən aşağı balla qiymətləndirərək LGBTİ fərdləri üçün Avropadakı ən təhlükəli ölkə elan edib (ILGA Europe 2019). Rusiyada getdikcə artan homofobiya barədə araşdırmasında Vilkinson belə nəticəyə gəlir ki, qeyri-heteroseksuallığın və qeyri-heteronormativliyin mövcudluğu, sosial cəhətdən aşağılandığı vəziyyətdə LGBTİ fərdləri kənarlaşdırma siyasətinin diqqət mərkəzinə çevrilirlər (Wilkinson 2014). Bu, sadəcə olaraq yanlışdır və düzəldilməlidir.

İlk növbədə dövlət öz təhsil stragetiyasını düzəldərək – bullinqə qarşı əhatəli mübarizə siyasəti qəbul etmək və onun iş mexanizmini inkişaf etdirib, müvafiq proqramlar icra edərək işə başlaya bilər. LGBTİ fərdləri cinsi yönümlülükləri, gender kimlikləri və özlərini ifadə etdiklərinə görə digər şagird və tələbələr, tez-tez isə məktəb və universitet heyəti tərəfindən bullinqə məruz qalırlar. Təhsil hüququ Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, təhsillə bağlı digər normativ hüquqi aktlar və Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrlə tənzimlənir. Azərbaycan qanunvericiliyi cins, irq, dil, din, siyasi baxış, milliyyət və sosial statusundan asılı olmayaraq, hər kəsin təhsil hüququnu tanıyır və insanlara qarşı yuxarıda sadalananlara görə ayrı-seçkiliyi qadağan edir, lakin qanunların dili reallığı kifayət qədər dəqiqliklə əks etdirmir. Məktəb və universitetlərdə LGBTİ fərdlərinə qarşı edilən zorakılıq onların ətraf-mühitdən kəskin şəkildə kənarlaşdırılmasına və ictimai qınağa məruz qalmasına səbəb ola bilər. UNESCO-nun qlobal hesabatında da qeyd edildiyi kimi, belə bir mühit fərdlərin akademik uğur qazanmalarına, psixoloji və fizioloji sağlamlıqlarına olduqca mənfi təsir edir (UNESCO 2016, 17-28).

Azərbaycanla bağlı ayrıca araşdırmalar olmasa da, dünya üzrə aparılmış 19 elmi araşdırmanın statistik analizinə əsasən demək olar ki, bullinq qurbanı olmaq qısa və uzunmüddətli sağlamlıq problemlərinin yaranması riskini artırır (Gini and Pozzoli 2009) və bullinqə məruz qalmağın şagirdlərin zəif buraxılış nəticələri ilə aydın əlaqəsi var (Wolke and Lereya 2015). Azərbaycandakı real vəziyyəti əks etdirmək üçün üç nəfərdən müsahibə aldım:

“Universitetdə oxuyanda digər tələbələr mənim bəzi feminin davranışlarıma söz atırdılar. Bəzi qızların geyimim və davranışımı ələ salması, ‘gəlin, onu soyundurub baxaq oğlandır, yoxsa qız,’ ‘beləsini ancaq döymək adam edər,’ ‘geylik psixoloji xəstəlikdir’ kimi sözləri eşitmək məni bezdirmişdi. Bunlar mənə mənfi təsir edirdi. Depressiyaya düşürdüm və cəmiyyətdən uzaqlaşırdım. Bəzi müəllimlərin mənə münasibətindən hiss edirdim ki, cinsi yönümlülüyümə görə mənimlə daha sərt davranırlar, onlara şikayət belə edə bilmirdim. Özümü pis hiss etməyimdən başqa, adətən tək olurdum və sinif otağını tərk etmirdim. Özümü depressiv və gərgin hiss edirdim” (C.O., 22 yaş, gey kişi).

“Orta məktəbdə bir sinif yoldaşım cinsi yönümlülüyümə görə məni bullinqə məruz qoyurdu. Müəllimlər bunu öyrənəndə həmin oğlanla məni lövhənin qabağına çıxardılar, məni məcbur etdilər ki, özümü müdafiə etmək’ üçün faktlarımı təqdim edim. Bütün sinif mənim əslində gey olmadığımı ‘sübut etməyimə’ tamaşa edib, dediklərimi qiymətləndirirdi. Sinif hakim və münsiflər heyətindən ibarət məhkəmə zalına oxşayırdı” (A.N., 20 yaş, gey kişi).

“Məktəb illərində kimliyimlə bağlı problemlərim var idi, amma həmin vaxt transgender olduğumu başa düşmürdüm. Doğulduğu zaman müəyyən edilən cins ilə indiki genderi üst-üstə düşən [sisgender] adamlarla söhbətim alınmırdı və həmişə məni səhv başa düşürdülər. Müəyyən bir vaxtda inandım ki, səhv olan mənəm və 17 yaşım olanda [intihara cəhd edərək] bütün bu əzab-əziyyətə son vermək qərarına gəldim. O gündən altı il keçir və indi burada sizinlə söhbət edirəm” (C. O., 23 yaş, transgender qadın).

Cəmiyyətdə LGBTİ fərdlərinə qarşı olan ayrı-seçkiliyin və alçaldılmanın, həmçinin məktəb və universitetlərdəki bullinqin arxasındakı səbəblərdən biri kurrikulumlarıdır. Tədris heyətinin, şagird və tələbələrin məlumatsızlığı LGBTİ fərdlərinin bullinq və təzyiqlərə məruz qalmasına səbəb olur. Bir tərəfdən dövlət fundamental insan haqlarını, gender bərabərliyini, sülhü və insan müxtəlifliyini təbliğ edən kurrikulum hazırlaya bilməyib. Dövlət üç ildir yeni kurrikulum hazırlayır və bu kurrikulum Azərbaycan tədris müəssələrində ilk əhatəli seks təhsili olacaq (Clayton 2019). Lakin proqramın uğuru bir çox hallarda zəif hazırlıqlı və seks təhsilinə qarşı qərəzli mövqedə olan müəllimlərin proqramı necə icra edəcəklərindən asılı olacaq. Yeni kurrikulum həmçinin müxtəlif cinsi yönümlülüklər, gender kimlikləri, davranışları və təcrübələri barədə müvafiq məlumatı özündə əks etdirmir. Digər tərəfdən isə müvafiq kurrikulumun olmaması LGBTİ fərdlərinin cəmiyyətdən kənarlaşdırılmasını normal və təbii hal kimi göstərməklə yanaşı, yeni təhlükəli halların yaranmasına da şərait yaradır. Məsələn, bir müddət əvvəl Azərbaycan Müəllimlər İnstitutunun psixologiya fakültəsində tədris edilən “Ailə psixologiyası” fənninin dərsliyində tibbi baxımdan əsassız iddialara rast gəlindi. Dərslik Təhsil Nazirliyi tərəfindən təsdiqlənib və 2015-ci ildə dərc edilib. Bu dərslik homoseksuallığı “abnormal cinsi yönümlülük pozğunluğu” və patologiya adlandırıb, onu pedofiliya və nekrofiliya ilə eyni cərgəyə qoyur. Dərslikdə deyilir ki, “homoseksuallıq əsasən psixopatlarda müşahidə edilir və homoseksuallar xəstə insanlardır.” Yəqin ki, Təhsil Nazirliyi Azərbaycanın 2005-ci ildən bəri Xəstəliklərin Beynəlxalq Təsnifatına (ICD – 10) əsaslandığını və homoseksuallığın uzun müdətdir ki, əqli pozğunluq hesab edilmədiyini nəzərə almayıb (Nafas 2016).

Hər bir azərbaycanlının 2010-2019 illər arasında təhsildə hər kəs üçün təhlükəsiz, şiddətsiz, inklüziv, bərabər və effektiv ətraf-mühit yaratmaq üçün 15,2 milyard dollar xərcləyən dövlətin konkret olaraq nə etdiyini bilmək hüququ var. Akademik nailiyyət, kasıblıq, qeyri-sağlamlıq, gender bərabərsizliyi və rasionallaşdırılmış şiddət arasında inkaredilməz əlaqələr mövcuddur. Bu problemlə başa çıxmağın yeganə yolu dövlət siyasətində dəyişikliklər etməkdir. Bullinq bu gün bir çox yeniyetmə və gəncə təsir edir. Dövlət müvafiq tədbirlər görmədikcə də bu mənfi təsir davam edəcək (Shaliyev 2019). Dövlətdən tədris müəssisələrindəki müəllimlər, psixoloqlar və sosial işçilərin bullinqə və digər ayrı-seçkilik formalarına məruz qalmış şagird və tələbələrlə necə rəftar etmələri ilə bağlı müvafiq proqramın hazırlanıb, tətbiqini tələb etməliyik. Kurrikulumun hər bir fərdə hörmət, qəbullanma və müsbət münasibət aşılamasını və fərdləri ayrı-seçkiliyə məruz qoymamasını təmin etmək üçün insan haqları ilə bağlı mövzular məktəb və universitet kurrikulumuna daxil edilməlidir. Vəziyyətin daha yaxşı öyrənilməsi üçün sorğuların keçirilməsinə böyük ehtiyac var. Dövlət siyasətinin hazırlanması, icrası və qiymətləndirilməsində LGBTİ icması ilə işləyən təşkilatlarla əməkdaşlıq zəruridir. LGBTİ fərdlərinə qarşı cəmiyyətdə mövcud olan dözümsüzlük dövlətin bu mövzuda səssiz qalmasına heç vaxt haqq qazandıra bilməz.

 

Ədəbiyyat siyahısı 

Clayton, A. (Jan 11, 2019) Azerbaijan’s new sex-ed curriculum targets sex-selective abortions. Available at: https://eurasianet.org/azerbaijans-new-sex-ed-curriculum-targets-sex-selective-abortions.

D’Augelli, Anthony R. (2002). Mental health problems among lesbian, gay, and bisexual youths ages 14 to 21. IN: Clinical Child Psychology and Psychiatry, 7:439-462.

Flores, A. R. and Park, A. (2018) ‘Polarized Progress Social Acceptance of LGBT People in 141 Countries’, (March). Available at: https://williamsinstitute.law.ucla.edu/wp-content/uploads/Polarized-Progress-April-2018.pdf.

Gini, G. and Pozzoli, T. (2009) ‘Association between bullying and psychosomatic problems: A meta-analysis’, Pediatrics, 123(3), pp. 1059–1065. doi: 10.1542/peds.2008-1215.

ILGA Europe (2014) ‘European countries order according to Rainbow Europe Map / Index’. Available at: https://ilga-europe.org/sites/default/files/Attachments/coutry_order_may2014.pdf.

ILGA Europe (2019) ANNUAL REVIEW OF THE HUMAN RIGHTS SITUATION OF LESBIAN, GAY, BISEXUAL, TRANS AND INTERSEX PEOPLE. Available at: https://www.ilga-europe.org/sites/default/files/2019/full_annual_review.pdf

Nafas LGBT Azerbaijan Alliance (2015), Official Inquriy to the Ministry of Health and answer. Available at: https://www.nefeslgbt.org/en/ministry-of-education-homosexuality-occurs-in-psychopaths/ 

Shaliyev Rahim (14 April, 2019) Teenager’s tragic death at Baku school directs anger towards Azerbaijan’s broken system. Available at: https://globalvoices.org/2019/04/14/teenage-suicide-at-baku-school-directs-anger-towards-azerbaijans-broken-system/.

UNESCO (2016) Education sector responses to violence based on sexual orientation and gender identity/expression. Paris. doi: 10.15718/discog.2010.17.3.111.

Wilkinson, C. (2014) ‘Putting “Traditional Values” Into Practice: The Rise and Contestation of Anti-Homopropaganda Laws in Russia’, Journal of Human Rights, 13(3), pp. 363–379. doi: 10.1080/14754835.2014.919218.

Wolke, Dieter & Lereya, Tanya. (2015). Long-term effects of bullying. Archives of disease in childhood. 100. 10.1136/archdischild-2014-306667.