Dünyada koronavirus və onun sosial-iqtisadi nəticələri diqqət mərkəzində olduğu günlərdə Rusiya prezidentinin qeyri-aktual mövzuda müsahibəsi yayıldı. Putin bildirdi ki, postsovet ölkələrində SSRİ-nin bərpası ilə əlaqədar fobiya tədricən aradan qalxır və hər kəs inteqrasiyanın faydalı olduğunu anlayır. Onun sözlərinə görə, postsovet məkanında daha dərin inteqrasiyanın baş verməsinə Qərb mane olur, çünki onlar iqtisadi rəqibin ortaya çıxmasında maraqlı deyil. Putin bu fikirləri 2019-cu il oktyabrın 1-də Rossiya-1 telekanalının “Moskva. Kreml. Putin.” proqramına müsahibəsində deyib, lakin bu hissə məhz 2020-ci ilin aprelində efirə verilib. Bu mövqe yazısında Rusiya prezidentinin SSRİ-ni hansısa adla bərpa etmək xülyasından, bunun mümkün olub-olmamasından, bəyanatın niyə indi gündəmə gətirilməsinin səbəblərindən bəhs edəcəyik.

Əvvəl ondan başlayaq ki, Putin “Qərb iqtisadi rəqibin ortaya çıxmasında maraqlı deyil” sözləri ilə Avrasiya İqtisadi İttifaqının – hətta ona qoşula biləcəyi ehtimal olunan ölkələrlə birlikdə – potensialını həddən artıq şişirdir. 2019-cu ildə ABŞ-ın qlobal ÜDM-də payı 29,39%, Avropa Birliyinin payı 15,8% (birlikdə 45%-dən çox) təşkil etdiyi halda, Avrasiya İttifaqı ölkələrinin payı cəmi 3,62% olub. Bunlar heç də ciddi rəqabətə dəlalət edən rəqəmlər deyil.

Putin hələ 2005-сi ildə SSRİ-nin dağılmasını XX əsrin böyük geosiyasi fəlakəti adlandırmışdı. Doğrudur, bu sözləri o, SSRİ-nin bərpasının zəruriliyi kontekstində söyləməmiş və elə həmin çıxışında Rusiya Federasiyasının azad, demokratik ölkə kimi inkişafının vacibliyini vurğulamışdı. Lakin sonrakı illərdə Qərblə münasibətlərdə rəqabət elementləri yenidən önə çıxmağa başladı və Putin Rusiyanın beynəlxalq münasibətlər sistemindəki yerindən və rolundan məmnun olmayaraq mövcud dünya düzəninə təftişçi yanaşma ortaya qoydu. Bu mənada onun 2007-ci ilin fevralında Münhen təhlükəsizlik konfransındakı məşhur nitqini xüsusi qeyd etmək lazımdır. Bu çıxışında Putin təkqütblü beynəlxalq sistemi sərt tənqid edərək bunun qəbuledilməz olduğunu vurğulamış və Rusiyanın min illik dövlətçilik tarixi olan ölkə kimi müstəqil xarici siyasət yeritmək imtiyazına sahib olduğunu diqqətə çatdırmışdı. (Putin və onun tərəfdarları hesab edirlər ki, SSRİ-nin dağılmasından sonra Yeltsin hökumətindəki liberallar təslimçi siyasət yeridiblər və Rusiyanı Qərbin qarşısında diz çökdürüblər. Putin dövründəki Россия встала с коленDiz çökmüş Rusiya ayağa qalxdı metaforası buradan yaranıb.) Qərb siyasətçiləri və təhlilçiləri Putinin Münhen nitqini soyuq müharibə ritorikası kimi qiymətləndirib, tənqid etsələr də, belə görünür ki, onun niyyətini ciddiyə almadılar. Rusiyanın keçmiş SSRİ coğrafiyasında öz nüfuzunu və təsirini bərpa etməyə başlamasında Qərbin yetərli müqavimət görməməsinin də rolu var. 2008-ci ilin avqustunda Gürcüstana hücumu zamanı Qərb yalnız atəşkəs üçün hərəkətə keçdi və Rusiyanın beynəlxalq hüququ kobudcasına pozması cavabsız qaldı. Hətta həmin il ABŞ prezidenti seçilən Barak Obama 2009-cu ildə fəaliyyətə başladıqdan sonra Rusiya ilə münasibətlərdə yeni səhifə açdı, iki ölkə xarici siyasət idarələrinin rəhbərləri mart ayında Cenevrədə qəhqəhələrlə şərti reset-perezaqruzka düyməsinə basaraq münasibətlərdə yeni mərhələnin startını verdilər. 2014-cü ilin fevralında Rusiya bu dəfə Ukraynaya qarşı hərbi güc tətbiq etdi. Yalnız Ukraynadakı hadisələrdən – Avropa Birliyi və NATO-nun 4 üzv dövləti ilə həmsərhəd olan bu keçmiş sovet ölkəsinə qarşı hərbi müdaxilələrdən sonra Qərb Putinin niyyətinin ciddiliyini anlayaraq əks addımlar atmağa başladı. Sonradan – 2018-ci ildə ABŞ dövlət katibinin müavini Uess Mitçell Tiflisdə keçirilən konfransda təəssüflə vurğuladı ki, “biz 2008-ci il müharibəsindən sonra ayılmadıq.”

2011-сi ilin oktyabrında Putin Rusiya, Belarus və Qazaxıstan arasındakı Gömrük Birliyinin tədricən Avrasiya İqtisadi İttifaqına çevrilməli olduğuna dair ideya irəli sürərək müasir dünyanın qütblərindən biri ola biləcək dövlətlərüstü güclü birlik modeli təklif etdiyini açıqladı. Bu ideya 2014-cü ilin mayında Avrasiya İqtisadi İttifaqının yaradılmasına dair müqavilənin imzalanması ilə reallaşdı. Hazırda təşkilatda 5 keçmiş sövet respublikası (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan) tamhüquqlu üzv, Moldova müşahidəçi statusu ilə təmsil olunur. Özbəkistan isə bu günlərdə – 2020-ci il aprelin 28-də təşkilatda müşahidəçi kimi təmsil olunmaqla bağlı rəsmi qərar qəbul edib. İqtisadi birlikdən əvvəl isə Rusiya postsovet məkanında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlı hərbi ittifaq yaradıb, eyni ölkələr (Tacikistan da əlavə olunmaqla) burada da təmsil olunur. Göründüyü kimi, postsovet məkanında Rusiyanın liderliyi ilə birlik modelləri artıq mövcuddur, Avrasiya İttifaqı Avropa Birliyinin, KTMT isə NATO-nun analoqu kimi təsis olunub. İndi qalır bu qurumları böyütmək və onların çərçivəsində inteqrasiyanı daha da dərinləşdirmək: yəni Putinin məlum müsahibəsində nəzərdə tutduğu məqsədi həyata keçirmək.

Rusiyanın hələ 2012-ci ildə elan olunan xarici siyasət kursunda postsovet məkanında inteqrasiya prioritet kimi qeyd olunmuşdu. 2016-cı ildə qəbul olunan və hazırda qüvvədə olan bu xarici siyasət kursunda da MDB, Avrasiya İttifaqı və KTMT çərçicəsində inteqrasiya prioritet elan edilib. Rusiya bu coğrafiyaya kənar güclərin, xüsusən ABŞ və Avropa Birliyinin müdaxiləsini qəbul etmir, bunu özünün milli təhlükəsizlik maraqlarına təhdid kimi qiymətləndirərək keçmiş sovet respublikalarını bəzən yumşaq, həm də sərt gücündən istifadə etməklə, öz çətiri altında toplamaq siyasəti aparır. Lakin bu, elə də asan vəzifə deyil: Avrasiya İqtisadi İttifaqınının ötən müddətdə ölkələr üçün böyük preferensiyalar vəd edən bir cazibə mərkəzinə çevrildiyini söyləmək çətindir. Təşkilatın özünün daxilində ziddiyyətlər var və eyni hədəfə istiqamətlənmiş homogen fəaliyyətdən danışmaq mümkün deyil. Hətta Rusiyanın onunla etno-kultural yaxınlığı olan, qardaş ölkə sayılan Belarusla münasibətlərində ciddi problemlər yaranıb və Rusiya hökumətinin bu ölkəyə qarşı apardığı təzyiq siyasəti çətin ki, digər ölkələrdə bu birliyə rəğbət yaratsın.

Rusiya Belarusdan nə istəyir?

Putin kağız üzərində qalmış Rusiya-Belarus İttifaq Dövlətinin real inteqrasiyasına nail olaraq bu dövlətin lideri olmaq niyyətində idi. Bu, həm Krımdan sonra keçmiş SSRİ coğrafiyasının geostrateji əhəmiyyəti böyük olan daha bir hissəsini ələ keçirməyə (bu dəfə siyasi-diplomatik üsulla), həm də Putinə 2024-cü il problemini – səlahiyyət müddətinin başa çatmasından və prezidentliyə yenidən namizəd olmaq hüququnu itirdikdən sonra da hakimiyyətdə qalmaq vəzifəsini həll etməyə imkan verəcəkdi. Bu mövzuda daha əvvəl Bakı Araşdırmalar İnstitutunda yazmışdıq. 2019-cu il dekabrın 7-də Putin və Lukaşenko arasında Soçidə keçirilən görüşdə inteqrasiyanın dərinləşdirilməsi haqqında razılaşma əldə olunacağı gözlənilirdi. Anlaşma Rusiya-Belarus İttifaq Dövlətinin yaradılmasının (8 dekabr, 1999) 20-ci ildönümünə həsr olunacaqdı. Lakin 5,5 saatlıq görüşün sonunda hər hansı sənəd imzalanmadı. Dekabrın 20-də Sankt-Peterburqda aparılan danışıqlar da nəticəsiz qaldı. Bu görüşlər ərəfəsində iki tərəf arasında iqtisadi inteqrasiyaya dair 31 “yol xəritəsi” müzakirə olunurdu. Sonuncu – 31-ci yol xəritəsində ittifaq dövləti haqqında müqaviləyə uyğun olaraq dövlətlərüstü orqanların yaradılması əksini tapmışdı. Putin açıq bildirmişdi ki, Belarusa iqtisadi dəstək yalnız bu tip ümumi idarəetmə orqanlarının yaradılacağı təqdirdə veriləcək. Sirr deyil ki, həmin dövlətlərüstü orqanlar faktiki olaraq, Putinin rəhbərliyi altında bir mərkəzdən hər iki ölkəni idarə edəcəkdi. Lakin Belarus prezidenti Lukaşenko bu təklifi rədd etdi, mövqeyini belə əsasıandırdı ki, tarixdə ilk dəfə olaraq qurulan, öz əlləri ilə yaratdığı müstəqil Belarusu qəbirə qoya bilməz. Planları alt-üst olan Rusiya bu cür qəti mövqedən sonra Belarusa qarşı təzyiq metoduna əl atdı, 2020-ci ilin yanvarından etibarən bu ölkəyə güzəştli qiymətlərlə neft ixracı dayandırıldı.

Ancaq görürük ki, Rusiyanın siyasəti əks effekt verməkdədir. Lukaşenko Rusiyadan iqtisadi asılılığı azaltmaq barədə qərar qəbul edib, buna uyğun olaraq, Rusiya neftinə alternativ mənbələr axtarılıb və tapılıb. Belarus artıq Norveç, Azərbaycan və Səudiyyə Ərəbistanından neft alır. Mənbələri müxtəlifləşdirmək üçün Lukaşenkonun sərəncamı ilə 2023-cü ilə qədər yeni neft kəmərinin tikintisi həyata keçiriləcək. Bu kəmər Polşa və Ukrayna ərazisi vasitəsilə Belarusa neft nəqlinə imkan verəcək. 2020-ci il fevralın 1-də ABŞ dövlət katibi Pompeonun Minskə tarixi səfəri, bunun nəticəsində Vaşinqtonun 12 illik fasilədən sonra Belarusa səfir təyin etməsi göstərir ki, bu ölkə artıq Rusiya ilə münasibətlərdə “kiçik qardaş” rolundan imtina edir və müstəqil xarici siyasət aparmaqda qərarlıdır. Lukaşenko hətta Qərb və NATO-nu ölkəsinin müstəqilliyinin qarantı da adlandırıb. Bütün bunların əsasında onu deyə bilərik ki, Belarusu nə xoşluqla, nə də iqtisadi təzyiqlə inteqrasiyaya məcbur etmək mümkün deyil – ən azı Lukaşenkonun hakimiyyətdə olduğu dövrdə. Belarus müxalifəti də bu məsələdə onunla həmrəydir, hətta avrointeqrasiya tərəfdarıdır.

Digər postsovet ölkələri

Avrasiya İqtisadi İttifaqının Mərkəzi Asiyadan olan üzvlərinin Rusiya ilə indikindən daha dərin inteqrasiyaya razı olacağını söyləməyə əsas yoxdur. Onlar son illər Rusiyanın təsirini Çin və Qərblə balanslaşdırma siyasəti aparır və buna suverenliyin təminatı kimi baxırlar. Bölgədə son illər qlobal oyunçu – Çin öz nüfuzunu sürətlə genişləndirir. Artıq Qazaxıstanın xarici ticarətində bu ölkənin payı Rusiya ilə eyniləşib, hətta az fərqlə Çin önə çıxıb. Belə ki, 2019-cu ildə Qazaxıstan-Çin ticarət dövriyyəsinin həcmi 6,7% artaraq 20 milyard dollara çatıb. Qazaxıstan-Rusiya ticarət dövriyyəsi də artıb, lakin 19,6 milyardla Çinlə olan ticarətin azacıq gerisində qalıb. Qırğızıstanın 1 saylı ticarət tərəfdaşı da Çindir. 2019-cu ilin birinci yarısında iki ölkə arasında ticarət həcmi 873 milyon dollardan çox olub. Avrasiya İttifaqının üzvləri ilə Qırğızıstanın ticarəti 2019-cu ildə 5,9% azalaraq cəmi 2,6 milyard dollar təşkil edib. Birlik daxilində Rusiyanın ən sadiq müttəfiqi kimi yalnız Ermənistan görünür, amma bu sədaqət daha çox ehtiyacdan və qorxulardan irəli gəlir. Ermənistan Azərbaycan ərazilərinin işğalını yalnız Rusiyanın dəstəyi ilə davam etdirə bilir.

Avrasiya İttifaqı xaricindəki postsovet ölkələrinə nəzər salaq. Ukrayna və Gürcüstanla bağlı vəziyyət aydındır, bu ölkələrin strateji seçimləri, yəni avroatlantik inteqrasiya siyasəti nə qədər problemli getsə də, dəyişməz görünür. Hər iki ölkədə Rusiya ilə inteqrasiyanın tərəfdarı olan siyasi qüvvələrin mövqeləri güclü deyil və onların hakimiyyətə gəlmək şansları çox azdır. (Bəlkə nə vaxtsa koalisiya hökumətlərinin tərkibində iştirakları mümkün ola bilər.) Moldovada geoisiyasi zəmində gərginlik hələ davam etsə də, bu kiçik ölkə Avropa Birliyi ilə assosiativ müqavilə imzalayıb və Rumıniya ilə dərin əlaqələrə malikdir. Dnestryanı problemin həll olunmamış qalması və orada Rusiya ordusunun mövcudluğu, eləcə də qaqauzların əsasən dini səbəbdən (pravoslavlıq) Rusiyaya bağlılıq hiss etməsi Moldova siyasətində Rusiya amilini güclü saxlayan əsas faktorlardır. Bunun əksinə, Moldovanın Rusiya ilə həmsərhəd olmaması, NATO və AB üzv dövləti Rumıniya və bu ittifaqlara can atan Ukraynanın əhatəsində olması isə Rusiya təsirini məhdudlaşdıran, hətta sıxışdıran amillərdir. Dnestrdəki Rusiya qoşun qruplaşması da bu baxımdan mühasirə vəziyyətindədir. Eyni sözləri Ermənistan haqqında da deyə bilərik, bu ölkənin Rusiya ilə yalnız Gürcüstan üzərindən quru əlaqəsi yaratmasının mümkünlüyü həm oradakı Rusiya hərbi bazalarının logistika və hər hansı fövqəladə situasiyada təchizat imkanlarını məhdudlaşdırır, həm də Ermənistan-Rusiya iqtisadi-ticarət əlaqələrinə maneə yaradır. Ermənistan bu mənada Avrasiya İttifaqı daxilində bir anklavdır.

Özbəkistan diktator İslam Kərimovun vəfatından sonra Rusiya ilə yaxınlaşma siyasəti aparır və artıq qeyd etdiyimiz kimi, Avrasiya İttifaqında müşahidəçi statusunda təmsil olunmağa qərar verib. Lakin parlamentin aşağı palatasında 82 deputat lehinə səs verdiyi halda, 46 nəfərin qərara dəstək verməməsi göstərir ki, özbək elitasında bu məsələyə dair konsensus yoxdur. KTMT çərçivəsində Rusiya ilə müttəfiq olan Tacikistanın Rusiya ilə münasibətləri problemsiz davam edir. Bu ölkə qeyri-sabit cənub sərhədlərindən (Əfqanıstan istiqaməti) gələn təhlükəni Rusiyanın hərbi gücü ilə neytrallaşdırır. Özbəkistan və Tacikistanı Rusiya ilə yaxınlaşdıran əsas amillərdən biri budur ki, onlar bu ölkəyə ən çox əmək miqrantı göndərən ölkələrdir. Rusiyada işləyən bir neçə milyon özbək və tacik öz ailələrini məhz bu qazancla saxlayır, bu isə öz növbəsində Özbəkistan və Tacikistandakı sabitliyə töhfə verir, yerli hökumətlərin yükünü azaldır. Yəni Rusiya faktiki olaraq, işsiz özbək və tacikləri işlə təmin edir.

Azərbaycana gəldikdə isə, Heydər Əliyev dövründə müəyyənləşdirilmiş xarici siyasət kursu hələ qüvvədədir. Bu siyasət rəqabət aparan geosiyasi mərkəzlər arasında seçim etməməyə, çevik və elastik (zaman-zaman konyuktur şərtlərin diktəsi ilə tərəflərdən birinə doğru əyilən) siyasətlə müstəqilliyi qorumağa hesablanıb. “Biz müstəqil siyasət yeridirik” şüarı indiki prezident İlham Əliyevin dilindən çox tez-tez və qürurla səslənən cümlədir. Gerçəkdən də, İlham Əliyev ölkəni mümkün qədər öz iradəsi ilə, hər hansı dövlətlərüstü qurumların müdaxiləsi olmadan, suverenlik hüquqlarını başqa mərkəzlərə güzəştə getmədən idarə etməyə üstünlük verən siyasətçidir. İllərdir formalaşmış və indiyədək effektiv olan bu xarici siyasət kursunun radikal dəyişikliyə məruz qalacağı ağlabatan ehtimal deyil, baxmayaraq ki,  Azərbaycanın da Avrasiya İqtisadi İttifaqına üzvlüyü və ya ilk mərhələdə müşahidəçi qismində orada iştirakı zaman-zaman gündəmə gəlir. Rusiya tərəfi Azərbaycanı bu təşkilatda görməkdən məmnun olacağını dəfələrlə açıq bildirib. Əlimizdə hər hansı sorğu nəticələri olmasa da, ölkənin əsas müxalifət təşkilatlarının, qeyri-hökumət qurumlarının mövqeyinə, sosial mediadakı rəylərə istinadən deyə bilərik ki, Azərbaycanda Rusiya ilə inteqrasiyanın tərəfdarları azlıq təşkil edir.

Qeyd etdiklərimizin xülasəsi budur ki, ölkələr və xalqlar qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına razı ola bilər, amma Putinin nəzərdə tutduğu, SSRİ-nin bərpası ideyasının müqavimətlə qarşılanacağına şübhə yoxdur.

SSRİ-nin bərpası niyə təkrar gündəmə gəldi?

2024-cü ildə prezident səlahiyyətləri başa çatacaq olan Vladimir Putin həmin müddətdən sonra da hakimiyyətdə qalmaq üçün yol axtarışında idi. Bu baxımdan ən rahat və ideal variant Rusiya-Belarus ittifaq dövlətinin rəhbəri olmaq idi, lakin baş tutmadı. Nəticədə Putin ona 2024-cü və 2030-cu illərdə də prezidentliyə namizəd olmaq hüququ verən Konstitusiya dəyişikliyi həyata keçirmək kimi, cəmiyyətdə heç də sevinclə qarşılanmayan varianta əl atmağa məcbur oldu. (Belə firkilər də var ki, Putin əslində 2024-cü ildə prezidentliyə namizəd olmayacaq, ona bu hüququ verən Konstitusiya dəyişikliyinə getməsinin əsl səbəbi budur ki, rəhbərin öz yerində qalacağını görən elitalar arasında rəqabət, güc savaşı qızışmasın və nəzarətdən çıxmasın.) Fevral-mart aylarında keçirilən rəy sorğusuna əsasən Putinin 2024-cü ildən sonra da hakimiyyətdə qalmasını dəstəkləyənlərin sayı ilə buna qarşı çıxanların sayı demək olar ki, eynidir. Pandemiyanın dərinləşdirdiyi iqtisadi böhran narazılığı daha da artırıb, Putinə olan etimad 2006-cı ildən bəri ən minimal səviyyəyə enib. Çünki Qərb dövlətləri, Yaponiya və digər ölkələrdən fərqli olaraq, Rusiyada biznesə və vətəndaşlara dövlət tərəfindən lazımi səviyyədə yardımlar ayrılmadı. Obyektləri bağlanan iş adamları, işini itirən vətəndaşlar faktiki olaraq, köməksiz qalıblar. Hətta iri biznesin nümayəndələri (məsələn, Araz Ağalarov) də yaranmış vəziyyətdən şikayətlənirlər.

Koronavirusdan əvvəl də Rusiyada vəziyyət yaxşı deyildi və hakimiyyətdən narazılıq artırdı. 2019-cu il ölkədə siyasi aktivliyin və etiraz əhval-ruhiyyəsinin gücləndiyi il kimi yadda qaldı (bu haqda Bakı Araşdırmalar İnstitutunda yazmışdıq). Son 6 ildir əhalinin gəlirləri azalır. 2014-cü ildə Krımın ilhaqı və bu hadisə ətrafında qurulan təbliğat kampaniyası Putinin reytinqini zirvəyə daşıyıb, problemləri müəyyən müddətə unutdursa da, indi yeni bir uğur hekayəsinə ehtiyac duyulur. Pandemiya və neft bazarındakı çöküş onsuz da çətin vəziyyətdə olan Rusiya iqtisadiyyatını daha da sarsıtmaqdadır. Yaxın gələcəkdə bu sahədə inkişaf, əhalinin həyat səviyyəsinin hiss olunan səviyədə yaxşılaşması gözlənilmir. Yəni sosial-iqtisadi sferada uğur hekayəsi qurmaq mümkün olmayacaq. Keçmiş sovet respublikalarının inteqrasiyası məsələsi məhz bu səbəbdən gündəmə gətirilib, əhalini yeni – böyük ideya ətrafında səfərbər etmək lazımdır. İdarəçilik müddətinə görə SSRİ-dəki durğunluq dövrünün simvolu sayılan Leonid Brejnevi də geridə qoyaraq Stalindən sonra Kremldə ən çox qalan lider olan Putinin yeni avantüralara gedib-getməyəcəyini dəqiq söyləmək çətindir. Amma məlum olan budur ki, inteqrasiya adı ilə SSRİ-ni bərpa etmək müşkül məsələdir. Yeni müstəqil dövlətlər və xalqlar qarşılaşdıqları problemlərin həlli yolu kimi keçmişə qayıdışı, suverenlikdən imtinanı görmürlər.

5 May 2020