Giriş

İnsanın gerçək məqsədi, şübhəli və ya keçici arzuların təlqini ilə deyil, ağlın əmr etdiyi kimi, qabiliyyətlərini tam və uyğun bir bütünə doğru ən yüksək və ahəngdar bir şəkildə inkişaf etdirməkdir. Azadlıq, belə bir inkişaf imkanının tələb olunduğu əvəzolunmaz amildir. Bundan başqa bir neçə vacib və eyni zamanda, azadlıq amili ilə sıx əlaqədə olan faktorlar da vardır.

Liberalizm haqqında yazılmış ciddi kitab və məqalələrin hələ də çox az olduğu bir yerdə liberalizm haqqında geniş kütləyə xitab edəcək fikirlər söyləmək olduqca çətindir. Xüsusən Azərbaycan kimi  liberalizmlə əlaqədar istər akademik, istərsə də siyasi fəaliyyətin az populyar olduğu ölkələrdə birçox adam “liberal”olduğunu iddia edir. Bu məqalədə bəzi təməl liberal anlayışlara toxunulacaqdır.

Siyasi sistemlər fərdə, cəmiyyətədövlətə baxışlarına görə bir-birindən fərqlənirlər və hər bir siyasi sistem özünü bu üç faktordan birini seçib fəlsəfəsində əsas qəbul etməsilə inkişaf etdirir. Faşizmdə hər şeyin mərkəzində dövlət dayanır. Sosializm, nəzəriyyələrini ictimai seçimlər (cəmiyyət) üzərində inşa edir. Liberalizmdə isə fərd əsas alınır. Onu məhdudlaşdıran və inkişafına mane olan cəmiyyət və dövlət təzyiqlərinə qarşı fərdin tərəfini tutur. Fərdi hər şeyin mərkəzinə qoyması nəticəsində onun hər sahədə azad olmasını təmin etməyə çalışır. Cəmiyyəti və dövləti bu sahələri məhdudlaşdıran təzyiq vasitələri kimi qiymətləndirir. Dövlətin zəruriliyini qəbul edir, ictimai münasibətlərin qaçılmaz olduğunu vurğulayır və fərdin azadlığının başqa fərdlərin azadlıq sərhədinə qədər olduğunu bildirir. Bu onu dövlət anlayışı baxımından faşizmdən, cəmiyyət anlayışı baxımından sosializmdən və fərd anlayışı baxımından da anarxizmdən fərqləndirir.

Liberalizm geniş anlayışdır və müxtəlif dövrlərdə müxtəlif anlamlarda işlədilmişdir və “məna inflyasiyası”na məruz qalmışdır. Kornel Universitetindən filosof Corc Sabinə görə liberalizm dar mənada mühafizəkarlıqla sosializm arasında yerləşən, geniş mənada isə kommunizm və faşizmə qarşı olan bir nəzəriyyədir (Sabine 1969, 119). Avstriyalı iqtisadçı Lüdviq Misesə görə liberalizm siyasi bir doktrinadır. Liberalizm siyasi nəzəriyyə yox prakseoloji (insan davranışlarını araşdıran sahə) baxımından xüsusən iqtisad elmi tərərfindən insanın davranış problemlərinə istiqamətlənən nəzəriyyələrin tətbiqidir (Mises 1949, 153). Başqa sözlə Misesə görə liberalizm tətbiqi iqtisadiyyatdır.  

Liberalizm ümumən iki əsas qrupa ayrılır. Sosial liberalizm, rifah dövləti nəzəriyyəsi, cəmiyyətçi liberalizm və s. adlarla anılan forması və 20-ci əsrin ən populyar akademik liberallarından Fridrix Hayekin “həqiqi” liberalizm olduğunu iddia etdiyi klassik liberalizm ayırd edilir. Hayekə görə liberalizm, fərd azadlıqları mahiyyətinə əsaslanan və ilk dəfə İngiltərədə meydana gələn, 17-ci əsrdə “Old Whig”-lərin dövründən 19-cu əsr Gladstonun dövrünə qədərki müddətdə inkişaf edən bir siyasi dövrü ifadə edir (Hayek 1967, 82-95 və 109).

Klassik liberalizm cəmiyyətçi deyil fərdçidir, pozitiv deyil neqativ azadlıq (freedom from – nədənsə, ya da hansısa bir əngəldən azad olmaq) anlayışına söykənən, müdaxiləçi deyil məhdud səlahiyyətli dövləti istəyən, sosial ədalət anlayışına qarşı çıxıb ədalətin ən düzgün bir formada ancaq bazar iqtisadiyyatı çərçivəsində öz-özünə yarandığına inanan bir liberalizm formasıdır (Yayla 2015, 38-39).

Dövlət və Vətəndaş cəmiyyəti

Vətədaş cəmiyyəti fərd ilə dövlət arasında müvazinət yaradır. Güclü bir vətəndaş cəmiyyəti despotluğa qarşı əngəl təşkil edir və azadlığın dəyərlərini qoruyan və daşıyan bir əxlaqi nizamın davamlılığını təmin edir. Dövlət gücünün vətəndaş cəmiyyətlərini sıradan çıxardığı cəmiyyətlərdə bu nizamın yenidən inşa edilməsi  həyati vaciblik daşıyır və dövlətin bunu təkrar quracağını düşünmək yanlışdır.

Vətəndaş cəmiyyəti azad bir xalqın öz-özünə formalaşdırdığı bəşəri fəaliyyətlərin nətincəsində yaranır. Fərdlər təkbaşına hərəkət etdikdə və qarşılıqlı münasibət qurmaq problemi yaşadıqda totalitar rejimlərin inkişafı üçün münbit zəmin yaradırlar. Ailə, dini icmalar, özəl təşəbbüs, könüllü ittifaqlar və azad həmkarlar təşkilatları kimi insanlar arasındakı qarşılıqlı münasibətlər dövlətin əzici gücünə olan sədaqəti zəiflədir və totalitar rejimlərin ehtiyacı olan itaətkarlığa qarşı çıxırlar. Ona görə də totalitar cəmiyyətlər bu tipli strukturları zəiflətməyə çalışır. Napoleon Fransasından Amerikaya səfər edən tarixçi və siyasətçi Aleksis Tokvil ağıla gələ biləcək hər cür dünya görüşünə dəstək verən könüllü birlikləri görüb təəcüblənmişdi (Ashford 2015, 16-17).

Dövlət totalitar cəmiyyətlərdə fərdlərin ortaq hədəflərinə çatmaq üçün qarşılıqlı əməkdaşlıq etmələrinə əngəl olur. Buna səbəb dövlət tərəfindən cəmiyyətin bütün hədəflərinin müəyyənləşdirilməsi, eləcə də fərdi hədəflərin, sərbəst təşəbbüsün görməzdən gəlinməsi və ya bunların dövlətin əzici gücü ilə sıradan çıxarılmasıdır.

Dövlət və Fərd

Liberal dövlət fərdiyyəçidir. Bu, tarixi və cəmiyyəti fərdi psixologiya, fərdiyyəçi seçimlərlə izah edir. Dövlətin hədəfi fərdin xoşbəxtliyidir. Liberalizmə görə yeganə və həqiqi dəyər fərddir. Fərd yaradıcıdır. Cəmiyyəti və dövləti fərdlər öz azad istəkləri ilə yaratmışdır. Fərd cəmiyyətdən və dövlətdən əvvəl gəlir (kontekstdən çıxarmaq olmaz!). Fərd cəmiyyətə öz azadlıqları və təbii haqqlara sahib şəkildə daxil olur. Azadlıq və təbii haqqlar (həyat, hürriyyət, mülkiyyət) fərdin təməl hüquqlarıdır. Azadlıq ağıl və iradə müstəqilliyidir. Bu azadlıqlar başqalarının azadlıqlarının başladığı yerə qədərdir. Ağıl və iradənin yol göstərməsi ilə fərdlərin özünü sərbəst inkişaf etdirəcəkləri kiçik dünyaları vardır.  Liberalizm məhz bu kiçik dünyaların birlikdə və sülh içində yaşamalarını müdafiə edir. Dövlətin də əsas vəzifəsi bu sülhü təmin  etməkdir.

Fərdlərin azadlıqları və dövlətin nüfuzu arasındakı dilemma liberalizmin əsas problemidir. Liberalizm hakimiyyət qarşısında insan azadlıqlarına sahib çıxır və dövlətin bu sahələrə müdaxiləsini əngəlləməyə çalışır. İnsan hüquq və azadlıqları hakimiyyətin son sərhəddidir. Hakimiyyət insanların şəxsi həyatına qarışa bilməz və bu hüquqlara hörmət etməlidir. Fərdi şəxsiyyət edən bu haqqları ona dövlət verməmişdir və onlara toxuna, onları məhv edə bilməz.

Liberalizm, dövlət anlayışında fərdi azadlıqların və ictimai müqavilənin əsas alınmasının vacib olduğuna inanır. 17-ci əsrin klassik liberal filosoflarından Con Lok yazırdı ki, “dövlət gücünü öz başına deyil, yalnız cəmiyyətdə sülhü, təhlükəsizliyi və yaxşılığı təmin etmək məqsədi ilə, xalqın bildiyi qayda qanunlarla tərəfsiz və obyektiv olaraq istifadə etmək məcburiyyətindədir” (Locke 1969, 179). Bu fikir dövlətin liberal anlayış içərisində fəaliyyətini müəyyənləşdirir. Loka görə, ictimai müqavilə ilə yaradılan dövlət “hər kəsin azadlığını və mallarını daha yaxşı qorumaq məqsədilə yaradılmışdır…” (Locke 1969 , 177).

Fərdiyyəçilik fərqli tənqidlərə məruz qalmışdır və hələ də tənqid edilir. Bütün bu yanaşmaları ümumiləşdirsək deyə bilərik ki, liberalizmin təklif etdiyi fərd mücərrəd, fərdiyyəçilik isə nominalistik bir xəyaldan ibarətdir. Fərdi cəmiyyətdən ayrı düşünmək mümkün deyil. Fərdi fərd edən cəmiyyətdəki dəyərlərdir. Cəmiyyət olmadıqda fərdin varlığından söhbət belə gedə bilməz. Fərdi anlamaq üçün cəmiyyəti, fərdin də daxil olduğu mühiti anlamaq vacibdir (Mises 1949 , 41).

Liberalizmin həm sağ, həm də sol siyasi ideologiyalar tərəfindən tənqidinə liberalların verdiyi cavablar Misesin yazılarında öz əksini tapmışdır. Avstriya məktəbinin bu iqtisadçı və sosial nəzəriyyəçi yazarına görə bütün cəmiyyətdəki davranışlar və aktivliklər fərdlər tərəfindən həyata keçirilir (Yayla 2014, 148). Bir kollektiv öz başına deyil, onun üzvü olan bir və ya bir neçə fərdlər vasitəsilə öz varlığını və fəaliyyətini davam etdirir. Kollektiv bütünlər üzvlərinin varlığı və fəaliyyətindən kənar heç bir varlığa və ya aktivliyə malik deyillər. Başqa sözlə bir kollektiv bütünün (icmanın) həyatı onu təşkil edən üzvlərin fəaliyyətilə əlaqəlidir. Fərd aktivliyi olmayan heç bir kollektiv varlıq yoxdur. Nə olduğu tam olaraq bilinməyən, sərhədləri qeyri-müəyyən olan kollektiv bütünləri (icmaları) araşdıraraq fərdi insan haqqında fikir sahibi olmaq mümkün ola bilməz (Mises 1949, 42).

Klassik liberalizmin ünsürləri

Klassik liberalizmin əsas ünsürlərinin nələr olduğu haqqında liberal düşüncə ənənəsinin həm içərisində həm də xaricində olan yazarların fərqli görüşləri vardır.

Corc Sabinə görə “liberal siyasətin definitiv xüsusiyyətləri” dedikdə hökümət səlahiyyətlərinin məhdudlaşdırılması, özəl təşəbbüsün təşviq edilməsi və müqavilə azadlığının genişləndirilməsi nəzərdə tutulur (Sabine 1969, 103). Sabin eyni zamanda “liberal siyasi fəlsəfənin iki postulatını” açıqlayır: İstənilən formada kollektivizmə qarşı olan fərdçilik və cəmiyyət içərsində fərdlər arasındakı münasibətlərin dəyişməz bir şəkildə əxlaqi olması əsas alınır (Sabine 1969 , 123).

Endryu Belseyə görə liberalizm beş xüsusiyyətə sahib olan siyasi fəaliyyət olaraq göstərilə bilər: fərd, seçmə azadlığı, bazar iqtisadiyyatı, laisses-faire[i] və məhdud səlahiyyətli dövlət (Belsey 1986 , 173).

Hayek isə Şotland tarixçisi və filosofu Devid Yum fəlsəfəsinə bənzər fikirləri öz yazılarında müdafiə edir. Hayekə görə liberal sosial nizamın əsas prinsipləri və hədəfləri sülh, ədalət və azadlıq anlayışlarıdır (Hayek 1967, 177). Bunların hər üçünün “neqativ” xarakterli (freedom from)  olduğunu xüsusilə vurğulayır və “qanunun aliliyi” anlayışına diqqəti çəkir. Hətta bəzən də “qanunun aliliyi” və ”liberalizm” anlayışlarını eyni mənada istifadə edir. Hayekin nəzəriyyəsində ikinci əsas ünsür bazar iqtisadiyyatıdır (Yumer 1988 , 27).

Bütün bu və buna bənzər fikirlər əsas alınaraq aşağıdakı nəticələrə gəlmək mümkündür: klassik liberalizmdə fərdçilik, azadlıq, öz-özünə yaranan nizam və bazar iqtisadiyyatı, hüququn aliliyi və məhdud səlahiyyətli dövlət təməl ünsürlərdir (Yayla 2015, 154).

Modern liberalizmdən danışılırsa, o zaman sual yaranır: Adam Smitin klassik liberalizminə nə oldu? Şotland iqtisadçı Adam Smit millətlərin həqiqi zənginliyi yığdıqları qızıl və gümüş miqdarında deyil, onların istehsal etdiyi malların və xidmətlərin miqdarındadır deyirdi. Dövlət müdaxiləsinin iqtisadi böyüməni azaltdığını düşünürdü. Amerikanın qurulmasının başlanğıc illərində ABŞ-ın 3-cü prezidenti olmuş Tomas Cefferson Smitin fikirlərindən yararlandı. Bu baxışa görə, dövlət dinə, mətbuata, fikir azadlığına qarışmamalı idi. Klassik liberalizmin bu ünsürlərinin amerikalılar tərəfindən mühafizəkarlıq adlandırıldığı məfhumdur.

19-cu əsrin sonlarına yaxın bazar iqtisadiyyatı sisteminin Smitin düşündüyü kimi öz-özünə tənzimlənmədiyi bilinməyə başlanıldı. Rəqabət qeyri-mükəmməl idi. Bazar istehsalçılar tərəfindən idarə olunurdu (Smit bu haqda xəbərdarlıq etmişdi). Monopoliyalar böyüyür və sayları çoxalırdı. Mövcud iqtisadi sistem daha kasıb təbəqə yaratmışdı. İngilis filosof Tomas Hill Qrin 1880-ci illərdə liberalizmi yenidən izah etdi. Qrin liberalizmin təməlində azadlığın dayandığı fikri ilə razı idi. Ancaq iqtisadi inkişaf azadlığı məhdudlaşdırsa idi nə olacaqdı? Klassik liberallar müqaviləyə (dövlət nəzarətində olmayan şəxsi təşəbbüslə yaranan razılaşmalar) böyük ümid bəsləyirdi. Lakin qeyri-bərabər iqtisadi inkişaf vəziyyətində nə baş verəcəkdi? Kasıb insanlar həqiqətən çox aşağı maaşlı bir işi qəbul edib-etməməkdə sərbəst idilərmi? Klassik liberalizm işlərin öz yolunda getməsi üçün müdaxilə olunmamasını müdafiə edirdi. Ancaq qazanılan məvacib aclıq səviyyəsinin aşağısında olarsa nə olacaqdı? Qrin bu zaman dövlətin müdaxilə etməsinin vacib olduğunu dedi. Belə vəziyyətdə dövlətin azadlıqları boğması deyil, qoruması şərt olacaqdı. “Neqativ azadlıqdan” bir miqdar “pozitiv azadlığa” keçmək məcburiyyətində qalınacaqdı. Dövlət azadlığın münasib bir səviyyədə qalmasını zəmanət altına almaq üçün müdaxilə etməyə məcbur olacaqdı.

Modern liberallar maaş və iş saatları haqqında qanunları, təşkilatlanma azadlığını təşviq etdi və bunları həyata keçirmək üçün zəngin təbəqəyə yüksək vergilər yüklədilər. Eyni zamanda çiçəklənmə və böhranı nəzarətdə saxlmaq üçün bank və maliyyə sistemlərini tənzimlədilər. Bu bir əsrdən artıqdır ki mövcud olan Amerika Birləşmiş Ştatlarındakı Vudrov Vilson və Franklin D. Ruzvelt liberalizmi idi. 19-cu əsrin sonlarına doğru populyarlıq qazanan proqressivizmin təmsilçilərindən olan politoloq Vudrov Vilson həm akademik səviyyədə, həm də prezident olduğu müddətdə sənaye cəmiyyətinin  yaratdığı problemləri analiz etmiş və Amerikanın quruluş fəlsəfəsi ilə (klassik liberal fəlsəfi perspektiv) paradoksluq təşkil edən Amerika liberalizmini öz kitablarında izah etmişdir. ABŞ-da böyük iqtisadi böhran sonrasında liberal rifahçı anlayışla “New Deal” adı ilə bilinən yeni proqram tətbiq edilməyə başlanmışdı. Bu da F.D. Ruzveltin siyasi kursunun əsasını təşkil edirdi.

Klassik liberalizm dövləti bazardan qovdu, modern liberalizm isə onu geri qaytardı: bu dəfə insanları ədalətli olmayan iqtisadi sistemdən qorumaq üçün. ( Roskin 2015, 62-66)

Bu gün modern dünyada saf klassik liberal ideologiyaya əsaslanan dövlət yoxdur. Amerikadakı libertarian düşüncə modern klassik liberalizm də adlandırıla bilər. Ancaq bəzi yeni anlayışlar da əlavə edilmişdir. Klassik liberalizmin makro səviyyədə, yəni dünya səviyyəsində ideyadan real həqiqətə, rifah dövlətlərinin də “minimal dövlətə” çevrilməsinin qarşısında iki ciddi maneə vardır. Birincisi ölkənin müdafiə ehtiyaclarının hələ də dövlətə bu və buna bənzər çox vacib funksiyalar yükləməsi, ikincisi liberal olanlarla liberal olmayan ölkələr arasında iqtisadi inkişaf səviyyəsinin ciddi fərqlənməsi liberal ölkələri iqtisadi əsaslandırmalarla insanların sərbəst səyahətini məhdudlaşdırmaq kimi liberal olmayan siyasi qərarlar almağa məcbur etməsidir. Bu maneələr aradan qalırılmadığı müddətdə dünyanın heç bir yerində klassik liberalizmin ideyadan real həyata tətbiq edilməsi mümkün olmayacaqdır (Yayla 2015, 222).

Nəticə

Liberalizmlə əlaqədar fikir söyləyərkən və ya liberalizmi analiz edərkən onu bir paradiqma şəklində bütün olaraq düşünmək lazımdır. Bu, ayrı-ayrı ictimai nəzəriyyələrin müəyyən hissələrinin bir yerə toplanmasından yaranan sistematik mətnlər toplusu deyildir. Klassik liberalizmlə əlaqədar bəzi yanlış fikirlər bu xüsusiyyətlərlə əlaqəlidir. Liberalizmin bəzən iqtisadi, bəzən isə siyasi tərflərini göstərsək də, bu, tam bir bütündür. Liberalizm bütün insanlara rəqabətlilik mühitini təşkil edən prinsiplər çərçivəsində özü üçün yaxşı olanı araşdırmaq, öz hədəflərini seçmək və öz üsulları ilə bunları həyata keçirmək üçün imkanlar tanıyır. Liberal sistemdə birinin qazanması digərinin məğlub olması anlamına gəlmir. Liberalizm konsensus əsasında, bütün insanların bu və ya digər dərəcədə qazanc əldə etməsi üçün fürsətlər yaradır.

Modern liberalizmin də qayəsini azadlıq təşkil edir. Klassik liberalizmdə olduğu kimi modern liberalizmdə də təməl haqqlara hörmətlə yanaşılır. Liberalizmin hər iki formasının təməl ünsürlərinə diqqət yetirdikdə onların bənzərlikləri qədər çox sayda fərqliliklərinin də olmasına baxmayaraq hər ikisi liberalizm başlığı altında ifadə edilir. Klassik liberalizm neqativ azadlıq, neqativ ədalət, fərdiyyəçilik, liberal rasionalizm, dövlətin ictimai həyatdakı rolunun məhdudlaşdırılması, öz-özünə yaranan sosial nizam, müdaxiləsiz bazar iqtisadiyyatı kimi bir-biri ilə sıx əlaqədə olan mahiyyətləri özündə ehtiva edir. Modern liberalizm isə pozitiv azadlıq, cəmiyyətçilik, sosial ədalət, dövlətin fərd və cəmiyyət həyatında daha çox yer alması, kartezian rasionalizm və pozitivizmin müəyyən dərəcədə mənimsənilməsi kimi əsaslar üzərində qurulmuşdur.

Bir-birindən bu qədər fərqli iki nəzəriyyənin eyni etiketlə adlandırılması qarışıqlıqlara səbəb olur. Ona görə də bəzi klassik liberallar modern və ya sosial liberalizmin saxta liberalizm olduğunu iddia edirlər. Liberal anlayışını ifadə edərkən onun təyinedici sözlərlə birlikdə (klassik, sosial, modern və s.) işlədilməsinin vacib olduğunu vurğulayırlar. Buna görə də, liberalizm haqqında danışarkən onu çox yönlü və dərin analiz edib nəticəni sonra ifadə etmək lazımdır.

[i] Fiziokratlar tərəfindən işlədilən “laissez faire laissez passer, le monde va de lui meme” (buraxın etsinlər, buraxın keçsinlər, dünya onsuz da dönəcək!) şüarının qısaldılmış versiyası. Mülkiyyət haqqlarını qorumağı hədəfləyən,iqtisadiyyatda dövlət müdaxiləsinə qarşı çıxan anlayışı ifadə edir.

İstifadə edilmiş ədəbiyyat

 

– Ashford, Nigel. Özgür toplumun ilkeleri (Study Guide on the Principles for a Free Society). Ankara: Liberte Yayınları, 2015

-Belsey, Andrew. The New RightSocial Order and Civil Liberties. The İdeology of NewRight. (R.Levitas ed.), Cambridge: Polity Press, 1986

-Hayek, Friedrich. Studies in Philosophy,Politics and Economics. London: Routledge and Kegan Paul, 1967

-Locke, John. Civil Goverment. Anakara: A.Ü.S.B.F. Yayınları, Sevinç Matbaası,  1969. Aktaran: Mete Tunçay; Siyasal Düşünceler Tarihi, c.II.

-Mises, Ludwig. Human Action. New Haven, Yale University Press, 1949

-Roskin, Michael. Siyaset Bilimi. Ankara:  Adres Yayınları, 2015

-Sabine,George. Siyasi Düşünceler Tarihi. Ankara: Yeniçağ, 1969

-Yayla, Atilla. Liberalizm. Ankara: Liberte Yayınları, 2015

-Yayla, Atilla. Liberal bakışlar. İstanbul: Profil Yayıncılık, 2014

-Yumer, Ruhdan.  Hayekçi liberalizmin temel ilkesi. Ankara: Yeni Forum Dergisi, 1988