Fevralın 2-də prezidentin sərəncamı ilə ölkənin yaxın 10 il üzrə sosial-iqtisadi inkişafına dair milli prioritetlər müəyyən edildi. Bu sənəd inkişaf etmiş ölkələrin təcrübəsində milli inkişaf planı adlı sənədin analoqu kimi hazırlanıb və hökumətin uzunmüddətli dövrdə ölkənin gələcəyi ilə bağlı vizyonunu müəyyən edir. Məsələn, 2030-cu ildə hazırkı idarəçilər Azərbaycanı necə görmək istəyir? Hazırladıqları sənədlə arzuladıqları Azərbaycanın 10 il sonrakı fotoqrafını çəkib ictimaiyyətə təqdim etdiklərini də düşünə bilərsiniz. Bu sənəd yaxın 10 ildə hökumətin sosial-iqtisadi sahədə hazırlayacağı bütün proqram və strategiyalar üçün prioritetləri müəyyən edən əsas istinad sənədi olacaq.

Prioritetlər sənədinin hazırlanması zərurətinə gəldikdə, istənilən hökumətin ölkənin gələcəyilə bağlı aydın vizionu olmalı, orta və uzunmüddətli dövrə baxışı peşəkar planlaşdırmaya əsaslanmalıdır. Bu baxımdan qəbul olunan prioritetlər sənədi müasir idarəetmənin vacib planlaşdırma elementlərindən biri kimi qiymətləndirilməlidir. Xüsusilə də nəticəəsaslı büdcə sisteminin formalaşdırıldığı bir dövrdə hökumət proqramlarının büdcəyə inteqrasiyası baxımından milli inkişaf prioritetlərinin və uyğun strategiyaların işlənməsi zəruri addımdır. Bu baxımdan indiki halda milli sosial-iqtisadi inkişaf prioritetlərinin qəbulunun nə dərəcədə zəruri olması yox, həmin prioritetlərin nə dərəcədə ölkənin inkişaf öncəliklərini nəzərə alıb-almaması müzakirə edilməlidir.

Prioritetlər iqtisadiyyatın ehtiyaclarını tam nəzərə alıbmı?

Əsas suallardan biri budur: bu prioritetlər və hədəflənən məqsədlər iqtisadiyyatın yaxın 10 ildə bütün ehtiyaclarını və mümkün potensialını nəzərə alırmı?

İdarəetmədə işləri doğru görməkdoğru işləri görmək yanaşmasının cəmiyyət üçün çox fərqli nəticələr doğurduğunu unutmamaq lazımdır. Bu o deməkdir ki, yanlış işləri də doğru üslubda və doğru texnikada həyata keçirmək olur. Amma, əlbəttə, yanlış olduğu üçün cəmiyyətə nəinki faydası dəymir, əksinə izafi zaman və resurs sərfi hesabına ictimai zərəri daha böyük olur. Bu baxımdan önəmli olan doğru işlərin görülməsidir.

Eyni yanaşmanı uzunmüddətli iqtisadi prioritetlərin seçiminə də aid etmək mümkündür. Təbii ki, burda söhbət prioritetlərin doğru və ya yanlış seçilməsindən yox, iqtisadiyyatın ehtiyac iyerarxiyası baxımından ən lazım olanların mövcud seçimlər arasında olub-olmamasından gedir. Prezident tərəfindən təsdiqlənmiş sənəddə 5 prioritet və 12 məqsəd əks olunub. Prioritetlərə  daxildir:

 

  • Dayanıqlı artan rəqabətli iqtisadiyyat
  • Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət
  • Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı
  • İşğaldan azad edilmiş ərazilərə qayıdış
  • Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi

 

Bu prioritetlər üzrə ümumilikdə hədəf məqsəd müəyyən edilib. Bura davamlı və yüksək iqtisadi artım, daxili və xarici təsirlərə dayanıqlılıq, inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, tarazlı bölgə inkişafı, ədalətli sosial təminat və inklüziv cəmiyyət, inkişaf etmiş təhsil, sağlam həyat tərzi, innovativ cəmiyyət, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma, yaşıl enerjinin inkişafı və s. daxildir.

Bu prioritetlərin hamısının birlikdə və hər birinin ayrılıqda reallaşması üçün onların önündə gəlməsi vacib olan prioritet səmərəli və yaxşı hökumət idarəçiliyidir. İnzibati və maliyyə əksmərkəzləşməsi vasitəsilə yerli özünüidarənin güclənməsinə üstünlük verən, dövlət xərclərinin səmərəliliyinə, dövlət idarəetməsində iştirakçılıq, şəffaflıq və hesabatlılığa üstünlük verən hökumət yaxşı hökumət sayıla bilər.

İqtisadiyyatı inkişafdan saxlayan daha iki mühüm strateji məsələ var ki, onlar iqtisadi inkişafın ən vacib prioritetləri kimi götürülməlidir. Söhbət tarazlı bölgə inkişafı və sərvət bölgüsündə kəskin qeyri-bərabərliyin aradan qaldırılmasından gedir. Doğrudur, hazırkı sənəddə regional inkişaf prioritetlərdən birinin məqsədi kimi götürülüb. Lakin bu problem ölkə üçün o qədər kəskin və qlobal xarakter alıb ki, onun hansısa prioritetin içərisində bir element kimi götürülməsi yox, əsas prioritetlərdən biri kimi bəyan edilməsi daha doğru və peşəkar idarəetmə yanaşması olardı. Yaxud Azərbaycanı inkişafdan saxlayan, hətta milli təhlükəsizliyi təhdid edəcək səviyyədə problem olan qeyri-bərabər sərvət və gəlir bölgüsünün aradan qaldırılması, korrupsiyasız cəmiyyət quruculuğunun da ayrıca prioritet kimi götürülməsi çox vacib idi.

Qısası, hazırkı formatda və yanaşma ilə hazırlanan strateji prioritetlər sənədini bir cümlə ilə ifadə etmək lazım olsa, yalnız bunu demək mümkündür: mövcud idarəetməni dəyişmədən iqtisadiyyatı kökündən dəyişməyi hədəfləyən sənəd.

Son 10 ilin iki mühüm strateji sənədi: hansı nəticələr var?

Azərbaycan hökuməti son 10 ildə özünün uzunmüddətli strateji prioritetlərinin müəyyən edilməsi ilə bağlı iki müxtəlif sənəd qəbul edib: 2012-ci ildə qəbul edilmiş Azərbaycan 2020: Gələcəyə baxış Konsepsiyası və 2016-cı ildə qəbul edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri.

Birinci sənədə görə, Azərbaycan iqtisadiyyatı hər il orta hesabla 7% böyüməli idi. Amma 2012-ci illə müqayisə etsək, hətta pandemiyanın təsirlərini nəzərə almasaq, rəsmi statistikaya görə, Azərbaycan iqtisadiyyatı 2014-2019-cu illərdə hər il orta hesabla maksimum 1.5% böyüdü. Yaxud bu sənəddə bölgələrin tarazlı inkişafı nəzərdə tutulmuşdu. Amma statistik məlumatların analizi göstərir ki, son 8 ildə paytaxtın iqtisadiyyatda rolunu azaltmaq mümkün olmadı. Belə ki, Bakıda yaranan Ümumi Daxili Məhsulun həcmi  2012-ci ildə 43.8 mlrd. manat, 2019-cu ildə 63.9 mlrd. manat təşkil edib. Analoji illərdə ölkə üzrə ÜDM həcminin uyğun olaraq 54.7 mlrd. manat və 81.9 mlrd. manat təşkil etdiyini nəzərə alsaq görərik ki, paytaxtın iqtisadiyyatda payında ciddi dəyişiklik baş verməyib, təhlil aparılan bütün dövr ərzində 80% ətrafında olub.

İkinci sənəddə 2025-ci ilə qədər adambaşına düşən qeyri-neft əmtəə ixracının həcminin 170 dollardan 450 dollara yüksəldilməsi,  dövlət büdcəsinin Neft Fondundan asılılığının 15%-dək azaldılması, bir sıra sahələrdə, xüsusən, rabitə sektorunda dövlətsizləşdirmə prosesinin həyata keçirilməsi hədəflənmişdir. Hələ də bu hədəflərə yetişmək istiqamətində hər hansı irəliləyiş yoxdur.

Ən yaxşı işlənmiş proqram və strategiya sənədi, ən mükəmməl hüquqi mexanizmlər belə ölkələri böhranlı vəziyyətdən çıxaracaq sehirli çubuq deyil. Peşəkar işlənmiş sənəd həm də effektiv və həmin sənəddə nəzərdə tutulan tədbirləri tam icra edəcək siyasi iradəyə malik idarəetmə olduqda nəticə verir. Proqram idarəetməsi bütün maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyətinin və biznesin iştirakı ilə hazırlandıqda, cəmiyyətin ehtiyacları tam nəzərə alındıqda, nəticələrini ölçmək üçün ölçüləbilən indikatorlara malik olduqda, nəticələrinin qiymətləndirilməsi üçün müstəqil monitorinq mexanizminə əsaslandıqda iqtisadi inkişafa töhfə verir. Yalnız idarəetmənin effektivliyini artırmağı hədəfləyən strategiya sənədindən nəticə gözləmək mümkündür. Çünki idarəetməni dəyişmədən iqtisadiyyatı yalnız hazırlanmış sənədlərin gücü ilə dirçəltmək mümkün olsaydı, istənilən ölkə hətta dünyanın aparıcı beyin mərkəzlərinin mütəxəssislərini cəlb etməklə ən mükəmməl sənədləri hazırlamaqla inkişaf edə bilərdi. Amma real həyatda da görünür ki, bu baş vermir. Bəzən isə mükəmməl idarəetmə ideal səviyyədə hazırlanmayan proqram və strategiyalarla daha böyük uğurlar qazana bilir.