Bu tədqiqat Cənubi Qafqaz bölgəsinin müsəlmanların sıx yaşadığı ərazilərində dünyəviliyin tarixini, daha dəqiq desək, XIX əsrin ortalarında yeni sosial fenomen kimi ilk intelligensiyanın hansı şəraitdə meydana çıxdığını araşdırır. [i] Məqalə eyni zamanda intelligensiya və maarifləndirmənin rolunu imperiya və müsəlman intellektual tarixi kontekstində nəzərdən keçirir. Əlavə olaraq, məqalə müsəlman dünyasında dünyəviliyin mənşəyini Cənubi Qafqazda XIX əsr intelligensiyası ilə əlaqələndirir.

İntelligensiyanın gündəliyini və dünyəviliyin mənşəyini müzakirə etməzdən əvvəl, XIX əsrin ilk onilliklərində Qafqazın inzibati və mədəni mərkəzi olan Tiflisdəki intellektual mühit haqqında ətraflı danışmağa dəyər.[ii]

Ortodoks Xristian Rusiya İmperiyası, Sünni Osmanlı İmperiyası və Şiə İran İmperiyası arasında yerləşən Qafqazda XIX əsr Rusiya işğalı ilə başladı. 1801-ci ildə Şərqi Gürcüstanın ilhaqından sonra Tiflisdə Qafqaz canişinliyi (Кавказское наместничество) quruldu və sonrakı illərdə Osmanlı İmperiyası və Qacar İranı ilə müharibələr nəticəsində Qafqazın qalan hissəsi də Rusiya İmperiyasına ilhaq edildi. Rus işğalından qısa müddət sonra Tiflis Qafqazın inzibati və mədəni mərkəzi halına gəldiyindən, bu bölgədə müxtəlif siyasi görüşləri olan ruslar məskunlaşdı və yeni yaradılan rus məktəbləri yerli gənc nəsilə təsir etməyə başladı. Rus dilində təhsil alan bu gənc nəsil Tiflisin qarışıq intellektual mühitindən faydalanaraq Avropa mütəfəkkirlərini tanımağa və öyrənməyə başladı. Hər şeydən əvvəl, Avropada ortaya çıxan azadlıq, demokratiya ideyaları bu gənc ziyalılar üzərində daha çox təsirli idi.[iii] Lakin modernist Qərb düşüncəsindən ilham alan rus ziyalılarının təsiri yerli müsəlman ziyalıları tərəfindən yekdilliklə qəbul edilmədi. Üç fərqli ziyalı qrupu tərəfindən üç əsas reaksiya verildi: bir qrup olduqca mühafizəkar ziyalılar Qərb düşüncələrini tamamilə rədd edərək, yeni ideyalara açıq şəkildə düşmən münasibət bəsləyirdilər[iv]; intelligensiyanın bəzi üzvləri mövcud din və mədəniyyət normalarını qismən (bəzi hallarda tamamilə) təkzib edərək, mütərəqqi Qərb düşüncələrini qəbul etdilər; üçüncü qrup ziyalılar isə bəzi fikirləri həm Avropa, həm də Şərq intellektual ənənələrindən götürərək, ideologiyanın sintez edilmiş versiyasını ərsəyə gətirdilər. Bu mötədil yanaşma, xüsusilə, islahatçı düşüncə tərzini qəbul edən və Rusiya hərbi xidmətində olan gənc müsəlmanlar arasında daha məşhur idi.[v] Buna görə də bu məqalədə diqqət bu üçüncü ziyalı qrupuna yönəldiləcəkdir.

Tiflis intellektual mühitinin təsir etdiyi gənc dünyəvi müsəlman ziyalıları əksəriyyəti müsəlman olan həmvətənləri arasında mütərəqqi Qərb ideologiyalarının yayılmasında fəal iştirak etməyə başladılar. Dinin bölgədəki (ümumiyyətlə Orta Şərqdəki) intellektual tənqidçilərindən fərqli olaraq bu qrupun özünəməxsus cəhətlərindən biri də mövcud hakim dini cərəyana cavab qismində yeni bir dini məzhəb və ya inanc təklif etməmələri idi. İranda, hətta Hindistanda dini təriqətlərin tarixinə nəzər salsaq görürük ki, meydana çıxmaqda olan ziyalı elita əvvəlki din xadimlərinin hegemonluğunu dağıtdıqdan sonra yaranmış boşluğu öz dini kultlarını yaratmaq və yeni müridlər cəlb etməklə doldurmağa çalışırdılar. Cənubi Qafqazın müsəlman intelligensiyası üçün isə yeni kult yaratmaq həm də ruhanilər ilə rəqabətin əsas nəticəsi idi, lakin bu kult intelligensiyanın kimliyini müəyyənləşdirən mütərəqqi, savadlı və güclü dünyəvi elementə sahib idi. Cənubi Qafqazın müsəlman intelligensiyasını və ya Maarifçilik hərəkatını fərqləndirən digər cəhət onun mümkün olan bütün təhsil vasitələrindən və yeni ortaya çıxan mətbuatdan istifadə edərək açıq şəkildə dünyəviliyi müdafiə etməsi idi.

Bu gün Azərbaycan tarixçilərinin əksəriyyəti XIX əsrin Maarifçilik hərəkatının Azərbaycan milli kimliyinin (və ya dedikləri kimi “milli şüurun”) formalaşmasında həlledici rola malik olduğuna inanırlar. Bu fikri Azərbaycan intelligensiyasını araşdıran əcnəbi tarixçilər də bölüşürlər. Həqiqətən də ilk dəfə o dövrdə dil və kimlik məsələləri ictimai müzakirə edildi.

Kimlik və dil məsələsinin bu debatların əsas mövzusu olması ilə razılaşmaq olsa da, iddia edərdim ki, azərbaycanlı kimliyi sekulyarizm (dünyəvilik) ideyası ilə sıx əlaqəlidir. Bunun ilk əlamətləri XIX əsrin birinci yarısına, bir qrup mədrəsə müəlliminin müstəqil şəkildə ictimai məsələləri müzakirəyə çıxarmağa başladığı dövrə gedib çıxır. Təbii ki, bu ziyalılar qrupunu təsvir etmək üçün intelligensiya uyğun termin olmaya bilər və bəlkə də çox tezdir, lakin həmin qrupun əldə etdikləri son dərəcə vacib idi, çünki gənc nəsilləri dünyəvi təhsil almağa inandırmağı bacardılar, bu da ənənəvi düşüncə tərzindən ayrılmaq üçün əhəmiyyətli amildir. Məsələn, Mirzə Fətəli Axundovu dünyəvi məktəbdə təhsilini davam etdirməyə inandıran şəxs bir mədrəsə müəllimi olan Mirzə Şəfi Vazeh idi. Mədəni meyilinə (və peşəsinə görə) görə dindar olan mədrəsə müəllimlərinin ənənəvi təhsil sisteminə qarşı çıxmaq üçün çox böyük bir cəsarət göstərməsi və dünyəvi təhsili təbliğ etməsi ən maraqlı tendensiyalardan biri idi.

Mövcud tarixşünaslıqdan danışarkən qeyd etmək lazımdır ki, ingilis dilində yalnız məhdud sayda əsər var və ədəbiyyatın əksəriyyəti Azərbaycan dilində, bir neçəsi isə rus dilindədir. Yerli və xarici dilli mənbələr arasında həm metodologiya, həm də ritorika baxımından çox böyük fərq var. Milli tarixşünaslığın özündə belə ciddi fikir ayrılığı mövcuddur. Məsələn, XIX əsrin sonlarındakı Maarifçilik hərəkatını qiymətləndirmək üçün iki əsas yanaşma var. Bir tərəfdən tarixçilərin çoxunun daxil olduğu bir qrupa görə, “bütün mədəni-maarif layihələri millətin gələcəyi üçün çox şey qurban verən milli sahibkarlar və intelligensiya tərəfindən maliyyələşdirildi və dəstəkləndi.”[vi] Həddindən artıq populist olmaqdan əlavə bu iddia intelligensiyanın rolunu ifrat dərəcədə romantikləşdirdiyindən və neft baronlarının iştirakının arxasındakı əsl motivləri nəzərə almadığı üçün qüsurludur. Digər tərəfdən, başqa bir tarixçi qrupuna görə, yuxarıda göstərilən mədəni dirçəliş sahibkarların maddi maraqları sayəsində mümkün oldu və bu səbəbdən də milli hisslər və vətəndaşlıq borcu kimi məsələlər onları elə də maraqlandırmırdı. Bu iddia da tənqidə açıqdır, çünki o, neft baronları ilə intelligensiya arasındakı ikitərəfli münasibətləri (bəzi hallarda həqiqətən də yaxın dostluq münasibətlərini) nəzərə almır, bu səbəbdən də tərəflər arasındakı əməkdaşlığın mahiyyətini düzgün təsvir etmir. XX əsrin əvvəllərində türkdilli müsəlmanlar arasında milli hisslərin getdikcə gücləndiyini söyləmək doğru olardı, halbuki Bakıdakı digər millətlər arasında siyasi fəallıq daha aydın görünürdü. Bakıda vəziyyət 1905-ci ilin hadisələri (etnik toqquşmalar, işçi etirazları) zamanı daha da gərginləşdi.

Həm milliyyətçilik dalğasının gücləndiyi zamanın mürəkkəbliyini, həm də Bakı neft sənayesinin xüsusiyyətlərini nəzərə alaraq düşünürəm ki, tarixşünaslıqdakı bu dilemmanın mümkün həlli bəlkə də hər iki iddianı birləşdirərək dövrün ən görkəmli neft baronlarını və ziyalılarını araşdırmaqdır. Bakı neft baronlarının həm mədəni dirçəlişdə, həm də milli oyanışdakı rolu ayrıca araşdırma tələb etdiyindən, burada qısaca demək olar ki, intelligensiya və neft baronları arasındakı əməkdaşlıq bir növ modernləşmə layihəsi, İmperiya qaydalarına bir reaksiya idi və sonradan siyasi əhəmiyyət qazandı.

Tarixşünaslığa dair müzakirələri davam etdirmək üçün diqqəti eyni dərəcədə maraq doğuran başqa bir mövzuya yönəltmək faydalı olardı; söhbət Cənubi Qafqazın müsəlman icmalarındakı dəyişikliklərdə dünyəvi intelligensiyanın rolundan gedir. Görkəmli Azərbaycan tarixçilərindən olan Cəmil Həsənli yazır ki, “əslində Birinci Rus İnqilabı ərəfəsində, inqilab illərində və sonrakı dövrlərdə Qafqaz müsəlmanları tədricən İslam icmasından (ümmət) türk millətçiliyinə yönəldi. Sonuncu panislamizm və pantürkizmdən fərqli olaraq regional şüur əsasında özünüdərk prosesini təşviq edirdi.”[vii] Həsənliyə görə, XIX əsrin sonu və XX əsrin əvvəllərindəki intelligensiyanın ən əhəmiyyətli müvəffəqiyyəti milli kimliyi dinə yox, etnik mənsubiyyətə görə təbliğ etmələridir. Azərbaycandakı İslam tarixilə bağlı tədqiqatlarına görə tanınan tarixçi Altay Göyüşov yazır ki, “19-cu əsrdə Rusiyanın hakimiyyəti altında əksəriyyəti müsəlman olan Azərbaycan sürətli modernləşmə dövrünü keçdi. Nisbətən azad mühitdə fəaliyyət göstərən Azərbaycanın inqilabdan əvvəlki intelligensiyası dünyəvi, liberal dəyərləri Cənubi Qafqazın parçalanmış sünni və şiə əhalisini barışdıraraq, müvəffəqiyyətlə ölkələrinin milli kimliyinə inteqrasiya etdi.”[viii] Göyüşova görə, Azərbaycan intelligensiyasının dünyəviliyi güclü şəkildə dəstəkləməsinin səbəbi cəmiyyətdəki sünni-şiə parçalanması idi və bu səbəbdən də dinin birləşdirici gücü olmadığından o, birləşdirici amil rolunu oynaya bilmədi.

İstisnasız olaraq Sovet dövründə nəşr olunan elmi əsərlərdə XIX əsr ziyalılarının dini inanclarını Sovet dövlət ideologiyası nöqteyi-nəzərindən təqdim etmək meyili var idi. Dünyəvi (əksər hallarda onları “materialist-ateist mütəfəkkir” adlandırırdılar) və dini ziyalılara qarşı iki fərqli münasibət var idi. Məsələn, Axundov və Vazeh kanonlaşdırıldı, onların bir mütəfəkkir kimi böyüklüyü dinə qarşı tənqidlərilə əsaslandırıldı (çox vaxt da şişirdildi).[ix] Oxşar fikirləri Axundovu tez-tez müsəlman dünyasında ateizmin, hətta materialist ideologiyanın banisi kimi tərifləyən müxtəlif tarixçilərin əsərlərində də tapmaq olar. Bu oturuşmuş fikir yalnız Sovet akademik mühitinin xaricində mübahisələndirilə bilərdi.[x]

Azərbaycan intelligensiyasını müəyyənləşdirmək və onu müvafiq qruplara ayırmaq çətin bir işdir. Tarixçi Firouzeh Mostaşari birinci nəsil intelligensiyaya belə tərif verir: “İntelligensiyanın ilk nəsli  azərbaycanlıları hərbi və dövlət qulluğunda tərcüməçi və bürokrat kimi istifadə edən canişin Vorontsovun siyasəti nəticəsində qeyri-ixtiyarı şəkildə yaradıldı.”[xi] Sonra müəllif davam edir ki, “birincidən fərqli olaraq ikinci nəsil intelligensiya müəllim və jurnalist kimi fəaliyyət göstərən Rusiya universitetlərinin məzunları idi.”[xii] Intelligensiyanın üçüncü nəslinə gəldikdə, müəllif iddia edir ki, “Azərbaycan intelligensiyasının üçüncü nəslinin siyasi baxışları müxtəlif idi və bütün ideoloji spektri əhatə etməklə Azərbaycanın üç böyük sivilizasiya arasındakı vacib mövqeyini əks etdirirdi.”[xiii] Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundov rus ordusunda xidmət etdikləri və dövlət orqanlarında tərcüməçi kimi çalışdıqları üçün onların birinci kateqoriyaya uyğun gəldiklərilə razı olsam da, bu təsnifat ümumiləşdirmə riski daşıyır, çünki o, intelligensiyanın intellektual dünyagörüşü ilə dini meyilləri arasındakı böyük bir fərqi nəzərə almır. Əlavə olaraq, intelligensiyanı bu kateqoriyaya ayırmağın digər bir çatışmazlığı onun ən hörmətli sosial qrup olmaq uğrunda daimi rəqabətdə olan ruhanilərlə ziyalılar arasındakı gərginliyin roluna əhəmiyyətli yer verməməsidir. Bundan başqa, müəllifin ziyalıların müxtəlif mənşələrini (məsələn, sosial və müəyyən dərəcədə siyasi) nəzərə almadığını və yerli intelligensiyanın yaradılmasında rus müstəmləkə zabitlərinin rolunu bir qədər şişirtdiyini iddia edərdim.

Ruhanilərdən danışarkən, bu qrupun tərifi və rolunun hərtərəfli öyrənilməsi əhəmiyyət kəsb etdiyindən mədrəsələrdəki mollalara (müəllimlərə) xüsusi diqqət yetirilməlidir.[xiv] Dini məktəblərdəki müəllimlərin ruhanilər sinfinin, yoxsa intelligensiyanın bir hissəsi sayılması mübahisəli məsələdir. İlk baxışdan dini meyillərinə görə mollaların ruhanilərə aid olduğu görünsə də, onların fəaliyyəti ilə daha yaxından tanış olduqda fərqli hekayə ortaya çıxır. Buna görə də, ruhanilərin bir sinif olaraq dəqiq tərifi intelligensiyanı müəyyənləşdirmək və bu iki qrup arasındakı sərhədləri görmək üçün vacibdir. İlk Azərbaycan intelligensiyasının üzvləri mədrəsələrdə təhsil alıblar və əksəriyyəti yuxarı sinif dindar ailələrdən idilər. Müsəlman ziyalılar arasında yalnız sonralar dünyəvi təhsil alanlar intelligensiya üzvü oldular. Mövcud tarixşünaslıqda problemli olan budur ki, bəzi tarixçilər üləmaları (din alimləri) və yuxarı təbəqəyə mənsub ruhaniləri də ziyalılar qrupuna daxil edirlər.

Həm mollalar, həm də intelligensiya təhsil sisteminin bir hissəsi olsalar da, onların ciddi maraqlar toqquşması və ən əsası təhsilə iki fərqli yanaşması var idi. Bu səbəbdən də “XIX əsrdə din xadimlərinin ictimai təhsildə həlledici rolu olduğunu” demək ruhanilərlə intelligensiya arasında əməkdaşlığın mövcud olduğunu deməkdir, lakin bu, belə deyildi. Bu əməkdaşlığın çatışmazlığını həmin dövrdə dərc olunmuş məqalələrdən nümunələr gətirməklə sübut etmək olar. Məsələn, Zərdabi, Axundov və bir sıra digər ziyalılar məqalə və məktublarında şikayət edirlər ki, ruhanilər dünyəvi məktəblərin və nəşriyyat evlərinin fəaliyyətinin qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edir, bu yeniliklərin hər ikisini “İslama zidd” hesab edirlər. Zərdabi Əkinçi qəzetində yayımladığı bir məqaləsində maarifçiləri kafir adlandıran və onların fəaliyyətinə hər cür maneə törədən mollalardan narazılığını dilə gətirir.[xv] Oxşar şikayətləri Seyid Əzim Şirvaninin mollaların yaratdığı maneələrdən bəhs etdiyi Axundova yazdığı məktubda da görə bilərik.[xvi] Bu məqalələrin işığında aydın şəkildə deyilə bilər ki, intelligensiyanın mübarizəsini ruhanilər yox, sənayeçilər – daha dəqiq desək, neft baronları dəstəkləyirdi.

Qeyd etmək lazımdır ki, intelligensiyanın dünyəviliyə olan güclü sədaqəti XIX əsrin əvvəlindəki ziyalılarla əlaqələndirilməlidir. XIX əsrin əvvəllərindəki ziyalıların həmin əsrin sonlarındakı daha məşhur intelligensiya kimi əhəmiyyətli olduğunu demək olar, çünki dünyəviliyin ilk əlamətlərini birincilər təqdim edib.

Burada sələflərindən xeyli fərqli olan yeni bir ziyalı qrupunun – intelligensiyanın niyə öz kultlarını və təsir sahələrini yaratmaq üçün daha yaxşı imkanlara sahib olduqlarını soruşmaq olar. Bu fenomen xaricdə baş verən bir sıra hadisələr və onların daxili vəziyyətlə əlaqəsi kontekstində izah edilə bilər. O dövrdə İranın təsiri əvvəlki illərlə müqayisədə olduqca zəif idi və bu vəziyyətin yaratdığı boşluğu sonradan, xüsusən 1830-cu illərdən başlayaraq dolayı yolla Rusiya üzərindən gələn Avropa mənşəli ideoloji hərəkatların yeni dalğası doldurdu. Vaxtilə İranın böyük təsiri altında olan keçmiş intellektual ənənəyə olan zəif bağlılıq və Qərb mədəniyyətinə nisbi coğrafi yaxınlıq yeni təbəqənin – intelligensiyanın ehtiyaclarına xidmət edəcək həqiqi yerli ideologiya yaratmaq üçün tarixi əhəmiyyət daşıyan bir fürsət idi.

Nəticə

Bu tədqiqat intellektual tarixi din tarixi ilə əlaqələndirmə cəhdidir. Bu məqsədə çatmaq üçün məqalənin cavablandırmağa çalışdığı əsas sual budur ki, əksəriyyəti müsəlman olan bir cəmiyyətdə nəyə görə din yox, dünyəvilik birləşdirici rol oynadı və ziyalıların dini hədəf alması kimlik məsələlərini intellektual debatlara gətirdi. Yeni ortaya çıxan intelligensiya üçün dünyəviliyi müdafiə etmək Rusiya hökumətinə sadiq olduqlarını nümayiş etdirmək üçün bir fürsət idi və bu, sonda onların öz kultlarını yaradıb hakimiyyətə meydan oxumaqları ilə nəticələndi. Müstəmləkə rejiminə qarşı intelligensiya hibrid (qarışıq) kimlik və yeni kult yaratmaqla intellektual müqavimət göstərirdi. Güman etmək olar ki, din onların bu fəaliyyətində əsas vasitə idi, amma maraqlıdır ki, ziyalılar üçün din bir vasitə yox, tənqid hədəfi idi. Digər tərəfdən, Azərbaycanda ənənəvi aristokratiya İran dövlətçiliyinə dərin bir rəğbət bəsləyirdi, lakin onun bəzi üzvləri sadiq rus qulluqçuları idi, kimliklərinin rus hissəsini qəbul edirdi və İmperiyanın “Mədəniləşdirmə Missiyası”nı tərifləyirdi. Həmin bu zümrə düşünürdü ki, dinin siyasətdə yeri yoxdur. Bəlkə də bu, Cənubi Qafqazdakı müsəlman əhali arasında dünyəvi fikirlərin ilk əlaməti idi. Dünyəviliyin bu ənənəvi özünəməxsus forması bu gün də Azərbaycan cəmiyyətində və siyasətində öz izlərini saxlayır.

İstinadlar

[i] Tiflis və İrəvan kimi böyük şəhərlər istisna Cənubi Qafqaz müsəlmanlarının yaşadığı ərazilərin əksəriyyəti bu gün Azərbaycan Respublikasının daxilindədir. Buna görə də XIX əsrin dünyəvi intelligensiyasını Azərbaycan intelligensiyası adlandırmaq məncə, uyğun olsa da, tarixi və coğrafi dəqiqlik naminə onları Cənubi Qafqaz müsəlmanlarının yaşadığı ərazilərdəki dünyəvi intelligensiya adlandırmağı üstün tuturam.

[ii] Həmin dövrdə şəhər Tiflis adlanırdı və yalnız SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1936-cı il 17 avqust tarixli qərarı ilə şəhərin adı Tbilisi olaraq dəyişdirildi.

[iii] Bu gənc ziyalılar nəsli əsasən Rusiya ordusunda və dövlət idarələrində xidmət edən yerlilərin ilk nəsli idi.

[iv] Bu intelligensiya qrupu əsasən Şamaxı və Şuşa kimi şəhərlərdə mərkəzləşmişdi. Bax: Ənvər Çingizoğlu, Qarabağda Maarif: 1750-1950. Bakı, 2013.

[v] Mirzə Fətəli Axundov bəlkə də rus ordusunda xidmət edən ən məşhur ziyalı idi.

[vi] Bu cümləyə, demək olar, bütün məşhur tarix kitabları və dərsliklərdə rast gəlmək olar. Bax:  Manaf Süleymanov, Azərbaycan Milyonçuları: Hacı Zeynalabdin Tağıyev, Bakı, 1995; Fərhad Cabbarov Hacı Zeynal Abdin Tağıyevin qız məktəbinin tarixindən, Bakı, 2011.

[vii] Bax: Jamil Hasanli, Role of the Vozhd in the Fates of the people Living in the Outskirts and Beyond the Borders of the Soviet Empire, 2016. http://www.russkiivopros.com/?pag=one&id=701&kat=8&csl=79.

[viii] Bax: Göyüşovun qısa şərhi, http://www.ned.org/wp-content/uploads/2015/10/2014%E2%80%932015-Reagan-Fascell-Democracy-Fellows-Newsletter.pdf

[ix]  Nümunə üçün bax: Kamran Məmmədov, XIX əsr Azərbaycan Ədəbiyyatında satira, Bakı, 1975, 182.

[x] Bax: Rəsulzadənin Azadlıq Radiosunda yayımlanan və 1955-ci ildə “Azadlıq” qəzetində məqalə şəklində çap olunan müsahibəsi.

[xi] Mostashari,  Firouzeh. On the Religious Frontier: Tsarist Russia and Islam in the Caucasus  (International Library of Historical Studies), 2006, 129.

[xii] Yenə orada.

[xiii] Yenə orada.

[xiv] XIX əsrin təhsili ilə əlaqəli ARDA-dakı sənədlər 312 nömrəli və 308 nömrəli fondlarda saxlanılır. Bundan əlavə, bəzi sənədlər 372 saylı fondda saxlanılır.

[xv] Əkinçi, n. 5, May 1877.

[xvi] Azərbaycan Milli Elmlər Akademiyası, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Şirvaninin Axundova məktubu.