Məişət zorakılığı Azərbaycanda geniş yayılmış gender problemidir. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. Bəs Azərbaycan cəmiyyətində müşahidə edilən məişət zorakılığı halları digər cəmiyyətlərdə baş verən zorakılıq halları ilə oxşardırmı və bu haqda araşdırmalar onun hansı – yerli, yoxsa beynəlmiləl bir problem olduğunu ortaya qoymuşdur? Məişət zorakılığının qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir, bunun həlli kimlərdən asılıdır və həlli nə kimi əhəmiyyətə malikdir? Yuxarıdakı suallara cavab verməklə mən yazımda iddia edirəm ki, məişət zorakılığının baş vermə səbəblərini və eləcə də nəticələrini öyrənərkən onun qarşısının alınması və həllində dövlət və cəmiyyətin birgə təşəbbüs göstərməsi vacibdir.

Bunun ətraflı izahı üçün ilk növbədə mən məişət zorakılığının nə olduğu, yaranma səbəbləri və hansı formalarda təzahür etdiyi barədə geniş bir izah verəcəm. Sonra Azərbaycanda məsələnin həllində nə kimi qurumlar və sosial sistemlərin bu məsələnin həllinə necə yanaşdıqlarına nəzər salacam. Daha sonra isə məişət zorakılığı probleminin dövlət və cəmiyyətin necə birgə problemi olduğunu izah edəcəm və əgər bu problemin həllinə ciddi diqqət yetirilməzsə, dövlət və cəmiyyət üçün hansı fəsadlarının baş verəcəyinə dair nümunələr göstərəcəyəm.

Qeyd edim ki, yazımın əvvəlində göstərdiyim izahlar ABŞ-ın Çikaqo şəhərində məişət zorakılığı ilə mübarizə aparan təşkilatda şiddət qurbanları ilə işləmək üçün keçdiyim hazırlıq treyninqləri, eləcə də qurbanlarla və onların uşaqları ilə əlaqədar məhkəmə sistemi ilə işlədiyim zaman topladığım təcrübələrdən irəli gəlir.

Məişət Zorakılığı nədir?

Məişət zorakılığı və ya ailədaxili şiddətə adətən arvad döymək, qadına qarşı şiddət, ailə üzvlərinin döyülməsi, ər-arvad arasında baş verən dava kimi adlar verilir. Lakin məişət zorakılığının hüquqi və kliniki tərifləri mövcuddur. Məişət zorakılığının hüquqi tərifi məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunda göstərilmişdir. Bu qanuna əsasən məişət zorakılığı “yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır” (1058-IIIQ). Kliniki tərifə gəldikdə isə məişət zorakılığı yeniyetmələr, gənclər və böyüklərin öz intim partnyorlarına qarşı törətdikləri fiziki şiddət, cinsi zorakılıq, psixoloji basqı, iqtisadi asılılıq və ya məhrumetmə kimi aşağılayıcı və zorakı davranışların törədilməsi ardıcıllığıdır (Schechter və Ganley 1995).

Məişət zorakılığının kliniki tərifi onun hüquqi tərifindən daha genişdir və buna görə də araşdırılması çox böyük əhəmiyyətə malikdir. Belə ki, məişət zorakılığı və ya şiddət törətmək seçimi daha çox davranışla səciyyəvi olan bir problemdir və bu problem adətən şəxsin uşaqlıq vaxtında nə dərəcədə valideynlərinin bir-birinə qarşı zorakılıq törətdiklərinə şahidliyi ilə sonradan öyrənilən bir prosesə çevrilir (Fitch və Papantonio 2007, 190). Məişət zorakılığının yaranmasında patriarxal dəyərlərin və güc ilə nəzarəti əldə etmək üçün zorakılıqdan istifadənin seçimi də ən başlıca səbəblərdən biridir.

Zorakı şəxs (zorakılıq törədən) və qurban (zorakılığa məruz qalan) arasında baş verən məişət zorakılığı cinsi yönümlülüyündən və genderindən, münasibətlərinin müddətindən, uşaqlarının olub-olmamasından asılı olmayaraq hal-hazırda və ya əvvəllər görüşmüş, birgə yaşayan, evli, yaxud da boşanmış və ya boşanandan sonra da birlikdə yaşayan şəxslər arasında yaşanır. Məişət zorakılığını digər ailədaxili zorakılıqlardan fərqləndirən əsas əlamət onun intim münasibətdə olan iki partnyor arasında baş verməsidir. Davranış cəhətdən yanaşsaq, şiddət və ya zorakılıq halları bir-birini tanımayan iki şəxs arasında da baş verə bilər: məsələn, sataşma, xəsarət yetirmə, qətl, zorlama, adam qaçırtma, əsarət altına salma, mülkiyyətə xətər  yetirmə, hədə-qorxu gəlmə kimi. Lakin digərlərindən fərqli olaraq məişət zorakılığı ilə üzləşən şəxslər bu sadalanan zorakılıq halları ilə bir dəfə deyil, davamlı olaraq üzləşirlər və zorakılığın effekti münasibətin intim xarakteri ilə daha da kəskinləşir (Schechter və Ganley 1995). Məişət zorakılığında zorakı şəxsin qurbana davamlı olaraq əli çatır, qurbanın gündəlik həyat tərzini bilir və davamlı olaraq qurbana fiziki şiddət törədir və onun gündəlik yaşamını öz idarəsi və nəzarəti altına sala bilir. Zorakı şəxsin qurbanla intim və ya partnyor münasibəti və eləcə də onunla bir evdə yaşaması ona bu imkanı verir və buna görə də məişət zorakılığında qurbanın zorakı şəxsi tərk etmək və canını qurtarmaq kimi şansları da çox az olur.

Şeçter və Qanlinin qeyd etdiklərinə görə məişət zorakılığı digər ailədaxili şiddət (uşaqlara qarşı törədilmiş şiddət, uşağın valideyninə qarşı törətdiyi şiddət, bacı-qardaş arasında baş verən şiddət halları və ailənin qoca və ya ahıl nümayəndələrinə qarşı törədilmiş şiddət) halları ilə oxşarlığı olmasına baxmayaraq, özünəməxsus xarakteristikası ilə fərqli bir kateqoriyaya aiddir. Belə ki, məişət zorakılığında hüquq və məsuliyyətdə bərabər olmalı olan iki gənc və ya iki yetkin şəxs bir-birinə qarşı güc və nəzarət tətbiq edir. Lakin hüquqi olaraq bunlardan heç birinin digərinə qayda qoymağa və ya biri digərini nəzarət altında saxlamağa haqqı yoxdur. Məişət zorakılığı bu bərabər hüquqlu insanların münasibətində həmin hüquqi bərabərliyin pozulması halıdır.

Məişət zorakılığını törədən şəxs hər hansı bir nəzarət funksiyasını yerinə yetirmək üçün fiziki şiddət üsulundan istifadə edir və bu davranış forması “kişi cinsiyyətli `haqqı çatmaq` təsəvvürüdür, yəni kişilərə qadınlara nisbətən daha çox haqq qazandıran patriarxal strukturun xüsusiyyətidir” (Busch və b. 2002, 1095). Zorakı şəxs bu davranışla qurban üzərində dominantlığını və nəzarətini artırmaq və öz maraqlarını həyata keçirməyə nail olmaq məqsədi daşıyır. Eləcə də məişət zorakılığında zorakı şəxsin istifadə etdiyi zorakılıq sadəcə bir növ deyil, biri digərini əvəz edən zorakılıq formalarında yaşanır. Məişət zorakılığı fiziki, cinsipsixoloji, eləcə də iqtisadi zorakılıq formasında törədilir. Məişət zorakılığında insidentlər çox vaxt biri digəri ilə bağlı olur, keçmiş insident növbəti bir insidentə səbəb olur. Adətən fiziki və psixoloji zorakılıqla yanaşı məişət zorakılığı qurbanları cinsi zorakılığa da məruz qalır. Bütün zorakılıq  növləri fiziki sübutlarla, yəni bədənə xəsarət ilə müşahidə olunmaya bilər, bəzən də fiziki zorakılıq bədən xəsarətlərinə səbəb ola və ciddi, sonradan xroniki xəstəlik halında qala bilən sağlamlığa qarşı törədilmiş ağır zədələrlə nəticələnə bilər. Fiziki zorakılığın olub-olmamasından asılı olmayaraq bütün zorakılıq növləri birlikdə qurbanın psixologiyasına mənfi təsir göstərir və onun sosial aktiv bir fərd kimi fəaliyyətində, özgüvənində və öz dəyərini anlamaqda, bir sözlə ruhi sağlamlığında böyük sarsıntılara səbəb olur.

Məişət zorakılığının baş vermə formaları digər zorakılıq halları ilə demək olar ki oxşarlıq təşkil edir. Hətta məişət zorakılığında zorakı şəxs tərəfindən istifadə edilən zorakılıq taktikalarını öyrənən tədqiqatçılar onun müharibə əsirlərinə qarşı törədilmiş zorakılıq taktikaları ilə oxşar olduğunu vurğulamışlar (Graham və b. 1988). Məişət zorakılığı müharibə əsirləri və ya məhbuslardan istənilən informasiyanı almaq və deyiləni yerinə yetirmək üçün istifadə edilən psixoloji və fiziki zorakılıqdan istifadə üsulları ilə oxşardır. Üstəlik, məişət zorakılığında işlədilən şiddət ona görə daha faciəvidir ki, burada zorakılığı qurbana ən yaxın insan- onun intim partnyoru törədir və buna görə də məişət zorakılığı daha qəliz və kompleks bir davranışdır. İntim partnyor tərəfindən törədilən məişət zorakılığının hansı formalarda baş verdiyinə nəzər salaq:

Fiziki şiddət: Fiziki şiddətə kobudcasına qolundan tutub çəkmək, bədən ətraflarını burmaq, itələmək, vurmaq, cırmaqlamaq, dişləmək, nəfəs yollarını yüngül və ya dərindən əngəlləyəcək dərəcədə boğmaq, yumruqlamaq, silkələmək, sürümək, şaçlarını yolmaq, otaqda və ya hər hansı bir yerdə qapısı bağlı şəkildə saxlamaq, tüpürmək, şillə vurmaq, qurbana qarşı ev əşyaları və alətləri, bıçaq, tapanca kimi silahdan istifadə etmək aid edilə bilər. Məişət zorakılığı qurbanlarının çox hissəsini qadınlar ilə uşaqlar təşkil edir və ən çox kişilər fiziki şiddətdən istifadə edirlər. Bəzən itələmək və ya şillə vurmaq kimi zorakı şəxs tərəfindən “yüngülcə törədildiyinə” bəraət qazandırılan davranışlar hətta ən ağır zədələrə, ətrafların zədələnməsinə, sinir sisteminin travmasına, dişlərin itirilməsinə və s. səbəb ola bilər. Fiziki şiddət hallarından qurbanın baş nahiyyəsinə yetirilmiş xəsarət çox təhlükəli travmalara səbəb ola və gələcəkdə psixoloji problemlərə və ya sindromlara gətirib çıxara bilər. Məişət zorakılığı zamanı ölüm halları da məhz fiziki zorakılıq nəticəsində baş verir.

Cinsi zorakılıq: Fiziki zorakılıq kimi cinsi zorakılıq da bir neçə davranış və ya hərəkətlər toplusunu əhatə edir. Cinsi zorakılıq aktlarından ən çox rast gəlinən qurbanın iradəsi əleyhinə gedərək onu cinsi əlaqəyə məcbur etmək, cinsi münasibətə razı olmayacağı təqdirdə fiziki şiddət törədəcəyi və ya zorlayacağı ilə hədələmək və ya manipulyasiya etmək, qurbanı istəmədiyi cinsi əlaqə növünə, məsələn, üçüncü şəxslə cinsi əlaqədə olmağa, qurbanın razılaşmadığı və alçaldıcı  hesab etdiyi seksual davranışlara məcbur etməkdir (Schechter və Ganley 1995). Qurbanın cinsi əlaqəyə razı olmadığı və ya şifahi olaraq razılığını bildirmədiyi vaxtlarda törədilmiş cinsi məcburetmələr də bura aiddir, məsələn: fiziki işdən sonra çox yorğun olduğu hallarda, digər insanların və ya uşaqların yanında, qurbanı fiziki zorakılığa məruz qoyduqdan sonra, qurban spirtli içkilərin təsiri altında olarkən və ya yatarkən. Qurbanın bu zəmində etirazı adətən zorakı şəxsin ona qarşı yenidən fiziki şiddət törətməsilə nəticələnir. Buna görə də cinsi zorakılıq yaşamış qurban fiziki zorakılıqla da üzləşmiş olur. Dövlət Statistika Komitəsi (DSK/SSCRA) ilə Macro International Inc (MII)-in apardığı sorğular nəticəsində məlum olmuşdur ki, “azı bir dəfə belə törədilmiş zorakılıq hallarında cinsi zorakılıqla üzləşmiş qadınların əlli beş faizində kəsiklər, göyərmiş əziklər və ya ağrılar; 35 faizində göz zədələri, burxulmalar, sümük çıxıqları və ya yanıqlar, 12 faizində isə dərin yaralar, qırılmış sümüklər, sındırılmış dişlər və digər ciddi fiziki travmalar yaranmışdır” (SSCRA and MII 2008, 223).

Bir çox məişət zorakılığı qurbanları üçün cinsi zorakılıq çox həssas və ağır bir mövzudur. Bir çox qurbanlar isə ölkədə cinsi təhsilin olmaması ucbatından cinsi zorakılığın əslində bir zorakılıq növü olduğundan və bu zorakılıq növü ilə özlərinin də üzləşdiyindən xəbərsizdirlər.

Psixoloji zorakılıq: Psixoloji zorakılıq daha kompleks şəkildə həyata keçirilir və onun da bir neçə növləri məlumdur. Bu növlər zorakı şəxsin törətdiyi digər şiddət növləri ilə əlaqəli olub həm də zorakı şəxsin müəyyən vaxt və şəraitdə uyğun psixoloji təzyiq taktikası seçməsindən asılıdır. Bəzi misallara baxaq:

Zorakı şəxs qurbanı ona və ya ona doğma olan insanlara qarşı fiziki şiddət törədəcəyi ilə hədələyərək və qorxu altında saxlayaraq idarə edir. Bəzən zorakı şəxs bunu söz ilə, bəzən də öz hərəkətləri ilə göstərir. Bəzi hallarda zorakı şəxs qurbanı nəsə qanunsuz bir iş görməyə məcbur edir, sonra isə onu polisə və ya aidiyyatı orqanlara şikayət etməklə hədələyir (Schechter və Ganley 1995). Eynicinsli münasibətdə olan gey cütlüklərdə isə bu hədə-qorxu əgər cütlüklərdən biri ailəsinə, dost və tanışlarına, eləcə də sosial ətrafına özünün gey olduğunu etiraf etməyibsə onun əvəzindən zorakı şəxsin bunu edəcəyi ilə müşahidə olunur. Digər bir psixoloji şiddət üsulu qurbana aid olan əşyalara, ev heyvanlarına zərər verməklə zorakı şəxsin qurbanı nəzarət altında saxlamasıdır. Məsələn, zorakı şəxs qurbanın ən çox sevdiyi məişət əşyalarını atıb-sındırır, paltarlarını kəsib-doğrayır, içində şəxsi sənədlərin olduğu çantasını gizlədir. Bəzən də qurbanın gizləndiyi otağın qapısını sındırmaqla və qurbanın ətrafındakı  əşyalara, divara yumruq vurmaqla növbəti belə yumruqların qurbana yönələcəyi mesajını verir. Bunların hamısı qurbanı zorakı şəxsin öz psixoloji hədəsi altına salmaq üçün törədilir.

Zorakı şəxs həm də partnyorunun əlaqələrini digər insanlardan kəsməklə onu psixoloji hədəsi altına salır. Qurbanı yaxın dostlarından, qohumlarından ayırır, qurbanın onlarla ünsiyyətdə olmasına mane olur, onu ona kömək edə biləcək yaxın insanlardan təcrid edir. Klassik misallardan, məsələn, zorakı şəxs qurbanın hər hansı bir rəfiqəsinin guya pis qadın olması, onun ailəsinə yaraşan hərəkətlər etməməsi ilə onunla ünsiyyətinə qadağa qoyur və ya qurbanın qohumları, ya da ailəsi ilə ünsiyyətdən saxlamasını özünün onu çox sevdiyini və daim onunla bir yerdə olmaq istəyi ilə izah edir. Zaman keçdikcə bu təcridetmə daha da kəskinləşir və zorakı partnyor qurbanın əhatəsində olmaq istəyən insanlara qarşı da zor tətbiq etmiş olur. Zorakı şəxs həm də ətrafda baş verənləri öz xeyirinə dəyişməklə onu qurbana yalan formada şərh edərək məsələn, zorakılıq barədə polisə xəbər vermək kimi mümkün niyyətindən yayındırmağa sövq edir. Qurban təcrid olunduğu üçün zorakı partnyorun dediklərinə qorxu ilə inanır və başqa addımlar atmağa, özünü zorakı təsirdən xilas etməyə cəhd etmir.

Zorakı şəxs emosional şiddət göstərməklə də qurbana psixoloji təsir göstərir. Belə ki, o, qurbanı nalayiq sözlərlə alçaltmaq və söymək, daha çox onun həssas olduğu kəsləri məsələn təzəcə dünyasını dəyişmiş atasını təhqir etməklə, özünü aparmasına, danışığına, haralı olmasına, analıq etmə qaydasına lağ etməklə mənliyini alçaldır və bu aşağılayıcı sözlər şiddət qorxusu kontekstində həyata keçirilir (Schechter və Ganley 1995). Şifahi emosional zorakılıq söyüşlər, alçaltma, ləqəblər verməklə həyata keçirilir və bu davranışların arxasında sadəcə mümkün zarafat tərkibi deyil, məhz aşağılayıcı niyyət dayanır (Retzinger 1991, 40). Digər hallarda isə zorakı şəxs qurbana ailəsinin, dostlarının və ya küçədə gedərkən insanların qarşısında alçaldıcı sözlərlə hücum edir.

Psixoloji şiddətin ən çox yayılmış formalarından biri də uşaqlarla bağlı hədə-qorxulardır. Zorakı şəxs daima qurbanı uşaqları ondan alacağı, məhkəmənin köməyi ilə uşaqların himayədarlığından çıxaracağı ilə hədələyərək qurbanı öz dediklərinə əməl etməyə məcbur edir (Schechter və Ganley 1995). Bəzən uşaqlardan ananın hərəkətlərini, hara getdiyini və kiminlə danışdığını güdmək üçün istifadə edir. Məişət zorakılığı zamanı uşaqlar da bəzən şiddət və xəsarətlərin qurbanı olur. Məsələn, şiddət zamanı zorakı şəxsin ananı qucağında körpə uşaqla birgə divara itələməsi, anaya fiziki şiddət yetirərkən uşaqları yaxın otağa salıb kilidləməsi və ya  yaşca böyük uşaq anasını qorumağa çalışarkən ona qarşı da şiddət göstərməsi kimi hallarda uşaqlar şiddət qurbanlarına çevrilirlər. Zorakı şəxs bəzən də uşaqlar ananın tərəfini saxladıqları üçün də onlara qarşı şiddət törədir.

İqtisadi zorakılıq: hər iki partnyorun da işlədiyi ya da təkcə qurbanın işlədiyi və pul qazandığı hallarda yalnız zorakı şəxsin o pula nəzarət etdiyi və necə xərcləməyə qərar verdiyi hallardır. Adətən zorakı şəxs qurbana heç işləməyə və ya gələcəkdə işləməsinə imkan verəcək təhsil üçün dərsə getməyə belə icazə vermir və beləliklə də qurban zamanla iqtisadi cəhətdən zorakı şəxs iqtisadi cəhətdən asılı vəziyyətə düşür. Belə ki, qurban yemək, içmək, paltar, yaşayış, uşaqların gündəlik ehtiyacı, ictimai nəqliyyatdan istifadə üçün zorakı şəxsin verdiyi pula möhtac qalır. Ən adi ehtiyaclar üçün belə pulun olmaması onun qurbanın tələbləri ilə razılaşmağa və zorakılığa dözməsinə səbəb olur. Əgər zorakı şəxs qurbana pul versə belə, qurban o pulu müstəqil olaraq istədiyi bir ehtiyacına xərcləyə bilmir. Beəliklə də zorakı şəxs qurban üzərində nəzarəti əlinə almağa nail olur. İqtisadi asılılıq siniflərarası fərqlərdən asılı olmayaraq müxtəlif iqtisadi səviyyəli ailələrdə də baş verə bilər. Bəzən hətta ayrılıqdan sonra belə zorakı şəxs birgə yaradılmış və toplanmış vəsaiti bilərəkdən məhv edə, qurbanla birgə yaşadığı dövrdə qurbanı bankdan kredit götürməyə və ya kimdənsə borc almağa məcbur edə və ayrıldıqdan sonra bütün öhdəliyi qurbanın üzərinə atmaqla onu əlavə borca sala bilər. İqtisadi zorakılığa qəsdən təşkil edilmiş bahalı məhkəmə prosesləri də aid edilə bilər. Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununda məişət zorakılığı zəminində baş verən iqtisadi zorakılıq bu cür izah olunur: “1.0.5. məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi — bu Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətlərdir” (1058-IIIQ, 2010).

Məişət zorakılığının baş vermə səbəbləri haqqında nəzəriyyələr

Məişət Zorakılığı spesifik olaraq genderlə bağlı olan bir davranışdır. Zorakılığı törədən kəslərin böyük hissəsini ənənəvi olaraq məhz kişilər təşkil edir. Məişət zorakılığı çox zaman qadına qarşı törədilən zorakılıq olduğuna görə buna gender əsaslı şiddət də deyilir. Birləşmiş Millətlər Təşkilatının Baş Assemleyasının 1993-cü il tarixli deklarasiyasına görə “gender əsaslı zorakılıq ictimai və ya şəxsi həyatda qadına qarşı törədilən fiziki, cinsi, psixoloji zədə və sarsıntı ilə nəticələnən və ya nəticələnə biləcək, eləcə də bu kimi aktların törədiləcəyi barədə hədə-qorxu gəlmək, nəyəsə məcbur etmək, özbaşına olaraq fərdi azadlıqdan məhrum etmək kimi hər hansı bir zorakılıq aktı deməkdir” (UN 1993). Bəzi hallarda qadınlar da şiddət törədə bilər, lakin bu, əksər hallarda ya özünü, ya da uşaqlarını şiddətdən müdafiə etmək üçün istifadə edilmiş  şiddətdir. Bundan başqa gey cütlüklərdə iki kişi və iki qadın arasında baş verən şiddət də müşahidə olunur ki, buna da iki intim münasibətdə olan insanın bir-birinə qarşı törətdiyi məişət zorakılığı kimi yanaşılmalıdır və bu şiddətin tərkibində də birinin digərinə güc və nəzarət tətbiq etmək kimi amillər xarakterikdir.

Məişət zorakılığı ilə mübarizə üçün qadınlar hərəkatı 1970-ci illərdə ABŞ-da başlamışdır. O vaxtdan etibarən tədqiqatçılar məişət zorakılığının qarşısının alınması məqsədi ilə onun yaranma səbəbləri haqqında anlayışlara yiyələnmək üçün bir sıra nəzəriyyələr təklif etməyə nail oldular. Bu nəzəriyyələr arasında ən çox məişət zorakılığının sonradan öyrənilən davranış nəzəriyyəsi, daha sonra zorakılıq silsiləsi nəzəriyyəsi və növbəti güc və nəzarət nəzəriyyəsi  haqqında daha geniş müzakirələr aparıldı.

Öyrənilmiş davranış forması nəzəriyyəsi: Məişət zorakılığının nə səbəbdən törədilməsi ilə bağlı tədqiqatların çoxu məişət zorakılığının qazanılmış və ya sonradan öyrənilmiş bir davranış forması olduğu fikrini dəstəkləyir. Məişət zorakılığı daxil olmaqla digər zorakılıq baş verən insidentlərin araşdırılması zamanı məlum olub ki, bu halları çox vaxt öz ailəsində zorakılıq görmüş və birbaşa olaraq valideyni tərəfindən şiddətə məruz qalmış şəxslər törədir. Bütün növ zorakılıq halları öz motivləri və törədilmə səbəblərinə görə bir-biri ilə sıx bağlı olduğu üçün bu fikri məişət zorakılığına da aid etmək olar (Michallic və Elliot 1997, 26). Belə ki, evdə anasına və eləcə  də özünə qarşı şiddət görmüş kəslər gələcəkdə şiddət törətməyə daha çox meyilli olurlar. Belə insanlar şiddətin norma olaraq qəbul edildiyi ailə və ya sosial mühitdə (məsələn, uşaq bağçası və məktəb) böyüyərək, bunu gündəlik həyat norması kimi qəbul edir. Valideynləri arasında və özünə qarşı şiddət görmüş şəxslərin gələcəkdə zorakılıq törətmədiyi hallar da var. Lakin zorakılığın sonradan öyrənilən bir davranış forması olduğu nəzəriyyəsi üzərində daha çox fikir mübadiləsi aparılmış və bu fikir əsaslandırılmışdır.

Zorakı mühitdə böyüyən qızlara gəlincə, mümkündür ki, ailəsində anasına qarşı törədilən zorakılığa şahid olmuş qızlar öz gələcək ailələrində şiddətlə üzləşməsin, lakin çox zaman vəziyyət bunun əksi olur. Bu, iki səbəbdən baş verir: Birinci səbəb odur ki, öz anasına qarşı şiddətə şahid olmuş və şiddət əsnasında anasının kömək axtarmadığını görmüş qız gələcəkdə ərindən zorakılıq görərsə, kömək axtarmağa meyilli olmayacaq və göstərilən şiddət ona normal hal kimi görünəcək (əksər hallarda). Yaxud da ərindən şiddət görməməsi üçün onun dediyi hər işi yerinə yetirəcək, çünki öz uşaqlıq və yeniyetməlik təcrübəsində anasının da ərinin dediklərini etmədikdə şiddətə məruz qaldığını görüb. Xüsusilə də az təhsilli, dünyagörüşlərinin inkişafına imkan yaradılmamış qadınlar alternativlərlə tanış olmadıqlarından ərlərinin hər istəyinə müsbət qarşılıq verməyi şiddətdən yayınmağın əsas yolu kimi görəcəklər. Lakin bəllidir ki, zorakılıqla təhsilli və dünyagörüşlü qadınlar da üzləşirlər. İkinci səbəbə gəlincə, öz ailəsində şiddət görmüş qadın gələcəkdə şiddətə meyilli partnyorla yaşaya bilər və şiddət bu dəfə ona partnyoru tərəfindən törədilə bilər.

Şiddət silsiləsi nəzəriyyəsi: Məişət zorakılığı törətmiş zorakı şəxs bəzən törətdiyi əmələ görə peşman olduğunu söyləyir və bir daha bunun yaşanmayacağına söz verir. Buna fiziki şiddətdən sonra göz yaşı dolu vədlər, hədiyyə almaqlar, “bağışla əsəbi idim” kimi peşmançılıq ifadə edən jestləri misal göstərmək olar. Lakin maraqlı burasıdır ki, əgər bu jestlərə qurban müsbət cavab verməzsə zorakı şəxs yenidən şiddət törətməyə başlayır. Buradan da şiddətin silsilə şəklində təkrarlanan, dövri bir davranış olduğu məlum olur. Şiddət silsiləsi nəzəriyyəsinə görə şiddət üç mərhələli bir prosesdir. Belə ki, partnyorlar arasında baş vermiş anlaşılmazlıq birinci mərhələdə gərginliyin yaranması ilə müşahidə olunur. Bu mərhələdə aşırı qəzəb və dava hissi zorakı şəxsi bürüyür. İkinci mərhələdə toplanmış gərginlik partlaşıyla nəticələnir. Bu mərhələdə zorakının törətdiyi şiddət özünü fiziki, psixoloji, cinsi kimi formalarda göstərir. Şiddət baş verdikdən sonra isə məsələn, bir neçə gün sonra partnyorlar arasında ilkin ünsiyyət formaları yaranır və getdikcə münasibətlər normaya düşür ki, bu da üçüncü mərhələ olan bal ayı mərhələsi adlanır (Coleman 1997, 422). Lakin şiddət silsiləsi nəzəriyyəsi ilə bəzi tədqiqatçılar məişət zorakılığına səbəb olan əsas məsələnin nə olduğunun tam aşkara çıxdığına şübhə ilə yanaşmağa başladılar. Çünki bəzən şiddət baş vermiş ailələrdə şiddətdən sonra həmin bal ayı mərhələsi belə müşahidə olunmur və zorakı şəxs məqsədli olaraq qurbanı daima gərgin vəziyyətində saxlayır (Frederick 1997).

Güc və nəzarət nəzəriyyəsi: Daha sonra isə məişət zorakılığının yaranmasının kökündə zorakı şəxsin qurban üzərində güc və nəzarət əldə etmək niyyəti olduğu fikri irəli sürüldü. Qeyd etmək yerinə düşər ki, qadınlara qarşı şiddətin feminist nəzəriyyəsi olan güc və nəzarət nəzəriyyəsi üç əsas “güc, nəzarət və ənənəvi gender rolları kimi anlayışların üzərində dayanır” (Busch və b. 2002, 1095). Zorakı şəxs müəyyən şiddət taktikaları ilə qurbanın hərəkətlərinə, düşüncəsinə və seçimlərinə nəzarət edərək onu idarə edir və bununla da qurbanın yalnız onun (zorakı şəxsin) istəklərini yerinə yetirməsinə nail olur. Güc və nəzarət nəzəriyyəsinə əsasən fiziki və cinsi zorakılıq gücün əldə edilməsi üçün törədilən ən başlıca taktikadır. Bu kimi görünən taktikalar qurbanda qorxuya səbəb olur və gücün zorakı şəxsin əlində cəmləşdiyi inancını onda yaradır. Psixoloji və iqtisadi zorakılıqlar, məcburetmələr kimi çox zaman görünməyən zorakılıq növləri ilə zorakı şəxs zorakılığını davam etdirərək qurban üzərində tam nəzarəti ələ ala bilir.

Məişət zorakılığının geniş yayılmasına səbəb cəmiyyətdə gücün və səlahiyyətin kişinin əlində cəmlənməsi, patriarxal təsəvvürlərin, toksik maskulin davranışların, kişinin qadına tabe olması kimi dini inancların sosial norma sayılmasıdır. Pekin Fəaliyyət Planında da deyildiyi kimi “qadına qarşı şiddət tarixən qadın və kişi arasındakı qeyri-bərabər güc münasibətlərinin təzahür formasıdır ki, bu da kişilərin qadınlar  üzərində dominantlığına və qadınların diskriminasiyasına, eləcə də qadınların hərtərəfli inkişafının qarşısının alınmasına gətirib çıxarmışdır” (UN 1995, paraqraf 118). Məişət zorakılığının cəmiyyətdə ayaq açıb yeriməsinə məhz elə cəmiyyətin bu işdə birbaşa və ya dolayı yolla iştirakı səbəb olur. Məişət zorakılığı qohum-tanışlar, bir məhəllədə yaşayan adamlar, qapı qonşuları kimi cəmiyyətin ailənin əhatəsində olan nümayəndələrinin törədilmiş zorakılığa bəraət qazandırması, günahı hər zaman qurbanda görməsi, ənənəvi olaraq kişilərin dominant və partnyorlarını nəzarətdə saxlamalı olduğu inancı ilə daha da sosial yüklü bir bəlaya çevrilir.

Məişət zorakılığının davamlı proses olmasında həmçinin müəyyən qurumların bəzi inancları da mühüm rol oynayır. Bunlardan din, media, təhsil, hüquqi və sosial yardım sistemi zorakılığın davam etməsinə təsir edir: məsələn, dində qadının ərinə tabe olmasının vacib sayıldığı və qadının onun ərinin mülkiyyəti olmasının vurğulanması; medianın məişət zorakılığı hallarına adi xəbər kimi yanaşması və az işıqlandırması; zorakılıq qurbanlarının şikayətlərinə düzgün formada baxılmaması; şikayət edən qadına qarşı polis şöbələrində qeyri-ciddi münasibət, utandırma; zorakı şəxsə müvafiq cəzaların verilməməsi və ya verilən cəzaların icrasına nəzarət edilməməsi; təhsildə gerilik, qadın və kişinin bərabər hüquqlu insanlar olduğunun şagirdlərə kiçik yaşlarından aşılanmaması, təhsildən yayınmalar; sosial işin və sosial yardım sisteminin yoxluğu; həkimlərin hər hansı bir xəsarətlə gətirilmiş pasiyentdəki zədələrin məişət zorakılığı zəminində baş verdiyindən şübhələnməməsi və ya bəlli olarsa da müvafiq addımlar atmaq üçün mexanizmlərin olmaması kimi hallar məişət zorakılığının cəmiyyətdə ayaq açıb yeriməsinə şərait yaradan amillərdəndir. Şiddətdən istifadənin normal qarşılanması və zorakı şəxsin hərəkətlərinə cəmiyyətin də haqq qazandırması məişət zorakılığının geniş yayılmasına gətirib çıxarır. Bu kimi inancların hüquq mühafizə orqanlarında polis və digər şəxslər tərəfindən də dəstəklənməsi məişət zorakılığının həllində və dayandırılmasında əsas rolu olan şəxslərin düzgün işləməməsinə və qanunun düzgün icra edilməməsinə səbəb olur.

Məişət zorakılığının səbəblərinə nələr daxil deyil: Məişət zorakılığına qadının və ya zorakılığa məruz qalanın günahı kontekstindən baxmaq yanlışdır. Belə ki, bu baxış zorakı şəxsi diqqətdən yayındırır, onun əməllərinin mahiyyətini kiçildir və ya onun hərəkətlərinə haqq qazandırır. Birgə münasibətdə olan cütlüklər arasında anlaşmazlıq, bir-birinin ünvanına sərt sözlərlə deyişmə və başqa hallar baş verə bilər, lakin heç zaman qurbanın etdiyi heç bir hərəkət zorakı şəxsə ona qarşı şiddət törətməyə haqq vermir.

Məişət zorakılığının spirtli içkilər və ya narkotik maddələrin təsirindən yarandığı çox vaxt səbəb kimi göstərilir. Lakin spirtli içkilərin qəbulu nəticəsində birdən-birə şəxs dönüb zorakı şəxsə çevrilmir. Bu barədə geniş araşdırma aparan və spirtli içkilərin hegemon maskulin davranışlar, güc və nəzarət ilə əlaqəsini öyrənən Qandolf “həddən artıq spirtli içki içməklə qadına qarşı şiddət bir-biri ilə səbəb-nəticə əlaqəsində deyil, lakin onlar sosial yönümlü problemlərin təməl təzahürlərindən biridir” deyərək əslində spirtli içkinin zorakı şəxs üçün “güc və nəzarət savaşında daha bir silah” rolu oynadığını diqqətə çatdırır (Gondolf 1995, 276). Bununla da məlum olur ki, zorakı şəxs sərxoş və ya ayıq olmasından asılı olmayaraq zorakılıq törətməyə qadir bir şəxsdir və burada spirtli içki məsələnin kökündə duran problemlərdən deyildir.

Məişət zorakılığının baş vermə səbəbini stresslə bağlamaq da mübahisəli fikirlərdəndir. Gündəlik həyatımızda biz bir çox stress faktorları ilə üzləşirik: işdə, evdə və digər sosial həyatımızda. Lakin zorakı şəxslər məsələn, bəzən işdə müdürü və ya kafedə dostu ilə baş vermiş stressli hadisəni məhz onlarla həll edə bilmədiyindən, əvəzində evdə öz partnyoruna qarşı zorakılıq törədərək necə deyərlər əsəblərini partnyorlarından çıxırlar. Ona görə də zorakı şəxsin törətdiyi məişət zorakılığının stress səbəbilə mühakimə edilməsi yanlışdır. Necə ki digər oğurluq, qətl kimi cinayət hallarında stress bəhanə kimi gətirilə bilməz, eləcə də məişət zorakılığı davranışlarında da stress səbəb kimi göstərilə bilməz.

Adətən məişət zorakılığını əsəb problemi olanların törətdiyi fikirlərini də eşidirik. Lakin məlumdur ki, zorakı şəxs şiddəti məqsədli şəkildə və sakit halda olanda da törədir. Əsəbi hal bəzən süni şəkildə qurbanın canına qorxu salmaq üçün zorakı şəxs tərəfindən yaradılır. Belə hal yarandıqda mütləq zorakılıqdan istifadə isə şəxsin inkişaf prosesində öyrənmiş olduğu bir davranış formasıdır. Belə ki, bir şəxsin böyümə və inkişaf prosesində əsəbi hal yarandıqda onu sakit yol ilə həll etmək və yaranan gərginliyi fərqli yollarla dəf edə bilmək kimi bir təcrübəsi olmadığından, o, məhz həyat təcrübəsindən öyrəndiyi zorakı metodlara daha çox üstünlük verir. Əgər zorakı şəxs törətdiyi əmələ əsəbi halı ilə bağlı haqq qazandırarsa, onun yaranmış konflikti yalnız şiddətlə cavablandırmaq davranışına adaptasiya olduğunu vurğulamaq və əsəbi halında olarkən çalışıb qəzəbin real mənbəyini tapmağı ona anlatmaq lazımdır (Potter-Efron 2015, 31). Buna görə də bəzi ölkələrdə əsəb faktorunu irəli sürən zorakı insanın davranışlarını dəyişdirmək üçün məhkəmə sistemi nəzərdə tutulmuş müəyyən cəza metodundan əlavə, onu əsəblərini idarə  etməyi və şiddətdən fərqli çıxış yollarını öyrədən təlim proqramlarına göndərir və mütləq şəkildə bu proqramları bitirmək öhdəliyi qoyur.

Azərbaycanda məişət zorakılığı və onun həllində olan problemlər

Məişət zorakılığı cəmiyyətin ən çətin həll olunan problemlərindən biri olmaqla yanaşı burada cəmiyyətin inkişafı, fərdlərin müstəqilliyi və dövlətin bu problemin hərtərəfli həllində institusional cavabdehliyi üzərinə götürməsindən çox şey asılıdır. Azərbaycanda isə məişət zorakılığına hələ də sosial yüklü və dövlət əhəmiyyətli bir problem kimi yanaşılmır. Digər patriarxal normaların güclü olduğu ölkələrdə olduğu kimi Azərbaycanda da cəmiyyət hələ kişini evin sahibi və arxa-dayağı hesab edir buna görə də onun partnyoruna qarşı cəza tətbiq etməsi və şiddət törətməsi normal hal kimi qarşılanır. “Kişi döyər də, sevər də”, “Öz arvadıdır özü bilər”, “Arvadın nə haqqı var kişinin bir sözünü iki eləsin?” kimi ifadələri misal gətirərək kişinin əməllərinə haqq qazandıranlar çoxluq təşkil edir. DSK-nin MII ilə birgə qadına qarşı şiddətə kişi və qadınların nə cür yanaşdığını öyrənmək üçün apardığı sorğularda qadın yeməyi yandırarsa, kişiyə deməmiş harasa gedərsə, eləcə də uşaqlara baxa bilməməyə, cinsi münasibətdən yayınmaya görə ər arvadına qarşı şiddət istifadə etməlidirmi sualına həm qadın, həm də kişilərin demək olar ki yarısı (qadınlar 48%, kişilər 58%) sadalananlardan ən az birini seçərək əvəzində şiddət törədilməsinə razı olduqlarını və beləcə şiddətə haqq qazandırdıqlarını göstəriblər (SSCRA və MII 2008, xxviii).

Göründüyü kimi bütün sadalanan nümunələr Azərbaycanda törədilən məişət zorakılığı hallarındakı təxmini səbəblərdəndir. Zorakılıq halları o qədər normal hal sayılır ki, demək olar hər bir kiçik və böyük problemə görə qadına şiddət göstərməklə cəzalandırmaq həm kişilər, həm də qadınların demək olar ki yarısı tərəfindən normal hesab edilir. Xüsusilə, Azərbaycanda qadınlar nikaha daxil olmazdan əvvəl evdə ana, ata və qardaşlarının şiddətinə də məruz qalırlar. Evləndikdən sonra isə bu şiddət ər, qayınana və digər nikah münasibətindən yaranmış birinci dərəcəli qohumların şiddəti ilə əvəzlənir. Tədqiqatlar həm də onu sübut etmişdir ki, şiddət görən ana öz uşaqlarına qarşı da şiddət törətməyə meylli olur, zorakılıq nəticəsində yaranmış aqressiyanı, kini, zorakı şəxsə qarşı göstərməyə gücü olmayan ana bəzi hallarda bu aqressiyanı uşaqlarına qarşı yönəldir. Əksər hallarda fiziki və psixoloji şiddətin təsirindən ana üçün uşaqlarına vaxt ayırmaq və sevgi göstərməkdə maneələr yaransa da, zorakı əri tərəfindən şiddətlə üzləşən anlarda aktiv olaraq uşağını həmin şiddətdən qoruma və himayə etmə həmin ana üçün ön plana çəkilir.

Şiddət hallarının intensivliyi şəhər yerindən rayon və kənd yerlərinə getdikcə daha da çoxaldığı halda, məişət zorakılığının profilaktikası və törətdiyi əmələ görə məişət zorakılığı qanunundan irəli gələn qaydalarla təqsirli şəxslərin ittiham edilməsi hallarında zəifləmə baş verir. Azərbaycanda 2010-cu ildə qəbul edilmiş məişət zorakılığı haqqında qanuna nəzər saldıqda məişət zorakılığının qarşısının alınması üçün polis və yerli icra orqanlarının qarşısına müəyyən öhdəliklərin qoyulduğunu görə bilərik. Qanunda məişət zorakılığı ilə üzləşmiş şəxslərin hara müraciət etməsi, ilkin olaraq hüquqi və psixoloji yardımların göstərilməsi, qadının sığınacağa göndərilməsi və sosial yönümlü yardımların göstərilməsi öz əksini tapsa da, bunları yerinə yetirmək üçün nə təlimatlandırılmış polis, psixoloq, sosial işçilər, ictimai vəkillər kimi mövcud insan resursları, nə də sığınacaqlar və müvəqqəti yaşayışla təmin edilmək üçün nəzərdə tutulan proqramlar mövcuddur. Məişət zorakılığı haqqında qanunda yuxarıdakı icra edilməli olan proses bu cür izah olunur: “7.0.1. zərurət olduqda zərər çəkmiş şəxsin dövlət vəsaiti hesabına dərhal tibbi yardımla, yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilməsi, habelə onun barəsində psixoloji reabilitasiya kursunun aparılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərmək” (1058-IIIQ, 2010). Qanunda proses öz əksini tapsa da, icra edilməsi labüd sayılmış aktlar və bu qanundan irəli gələn öhdəliklər həyata keçirilmir və bu işdə dövlətin səfərbərliyi müşahidə edilmir. Qanundan irəli gələrək yaradılmış qadin krizis mərkəzlərində işçilər çalışmır və bu yerlərin aktiv fəaliyyət göstərməsi üçün maddi yardım yönəltmə və digər islahatlar aparılmır. Buna görə də çox vaxt məktəb və ya maarif mərkəzlərində yaradılmış bu otaqlar yaranma məqsədləri üçün istifadə edilmir və ya bağlı saxlanılır.

Qanunda nəzərdə tutulan qısa və uzunmüddətli mühafizə orderlərinin verilməsində və onların icrasında da ciddi pozuntular müşahidə olunur. Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununda göstərildiyi kimi “mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt”dır (1058-IIIQ, 2010). Bu akt zorakı şəxsin qurbanı izləmək, sığınacaq tapdığı yeri axtarmaq və narahat etmək kimi zorakılığından müdafiə etmək üçün verilir. Sözügedən qanunda göstərildiyi kimi mühafizə orderləri qısa və uzunmüddətli olaraq verilir. Qısamüddətli mühafizə orderi yerli icra hakimiyyəti tərəfindən müraciət daxil olandan 24 saat müddətində verilməlidir. Uzunmüddətli mühafizə orderi isə yerli məhkəmənin çıxardığı qətnamə əsasında verilir. Qısamüddətli mühafizə orderi bir aylıq, uzunmüddətli order isə altı aylıq müddətə verilir. Əgər zorakı şəxs qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməzsə, o zaman şəxsə uzunmüddətli orderin verilməsi üçün məhkəmə 3 gün müddətində qətnamə qəbul edir və orderin müddəti altı aya qədər uzadılır. Qeyd edim ki, Azərbaycanda uzunmüddətli mühafizə orderinin müddəti digər ölkələrdəkinə nisbətən çox azdır. Məsələn, ABŞ-da bu müddət 2 ilə qədərdir. Mühafizə orderlərinin qoyduğu qadağalara riayət etməyən şəxslər cinayət və inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi məişət zorakılığı halları çoxluq təşkil etdiyi bir vəziyyətdə mühafizə orderləri rekord sayda az verilir və bu orderi pozan şəxslərə qarşı cəza və digər qəti imkan tədbirləri görülmür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun sözlərinə görə 2017-ci il ərzində ölkə üzrə cəmi 7 nəfərə mühafizə orderi verilib. Onlardan 3-ü qısa, 4-ü isə uzunmüddətli olub (İbrahimova, 2017). Şəxsən işlədiyim və təcrübə keçdiyim üçün məhz ABŞ-ın Ailə Məhkəmə sistemindən misal gətirərək bir müqayisə göstərim ki, əhalisi təxminən Bakının əhali sayı qədər olan (2.7 milyon) ABŞ-ın Çikaqo şəhərinin bir yerli (district) məişət zorakılığı üzrə məhkəməsində 2016-ci il üzrə 1,097 mühafizə orderi verilib (Administrative Office of the Illinois Courts, 2016). Göründüyü kimi, Azərbaycanda mühafizə orderlərinin verilməsində böyük  fəaliyyətsizlik müşahidə olunur. Qanunda məişət zorakılığının profilaktikası və zorakılıq əməli törədənlərin cəzalandırılması qaydaları əks olunsa da, qanunun icrasında və polis, məhkəmə və yerli icra strukturlarının işinin təşkilində çatışmazlıqlar vardır. Belə ki, polis və məhkəmə hakimlərinin məişət zorakılığı haqqında qanunu kobud şəkildə və sistematik olaraq pozduqları faktları davamlı olaraq baş verir. “Polis şikayət ərizələrini geri çevirməklə, məqsədli olaraq əməliyyatı yubandırmaqla, qurbanları (o şəxslər ki ərləri və digər qohumları tərəfindən əlavə təzyiq altındadırlar) yazdıqları ərizədən imtina etdirməyə çalışaraq aşkarcasına qanunları pozur” (Wilson 2017, 305). Müəllif Vilson Azərbaycanda bir neçə yerli ictimai birliklərlə bu barədə müsahibə aparmış və onlardan birinin işçisinin məişət zorakılığı şikayəti ilə polisə müraciət etmiş qadına polis əməkdaşlarının rəftarı haqqında dediklərini aşağıdakı kimi qeyd etmişdir:

“Ən vacib problemlərdən biri də polis işçilərinin qeyri-peşəkar davranışlarıdır. Misal üçün deyim ki, bir gün bir qadınla polisə şikayətə gəlmişdik. Qadın müstəntiqə şiddət gördüyü haqqında məlumat verdi (…) Bu da polisin gözümün qarşısında etdiyi hərəkətlər idi: müstəntiq soruşur: ‘niyə döyülmüsən?’ Qadın başına gələnləri müstəntiqə bir daha danışır. ‘Bilirsənmi ki, əgər sən yaxşı arvad olsaydın, ərin səni döyməzdi? Bir fikirləş: bəlkə nəyisə düz eləməmisən, bəlkə ona xəyanət eləmisən? Bəlkə yeməyi vaxtında bişirməmisən? Ya da ki, yəqin ona kobud cavab vermisən, o da səni döyüb.’ Bu sözlərdən sonra qadın ağlamağa başladı. Qadın dedi: ‘Evdə ərim məni döyür, polisə şikayətə gəlirəm, burda da ayrı cəza alıram, polis də mənə sözləri ilə belə şiddət göstərir’.” (Wilson 2017, 305).

Göründüyü kimi Azərbaycanda əri haqqında polisə şikayət etmiş qadınların şikayətinə ciddi yanaşılmır, gec baxılır və baxılarsa da zorakılığı törədən şəxsin ittihamı əvəzində qadının ailəni dağıtmamağa, ailə birliyinə, barışığa səsləyən məsləhətlərlə şikayəti təmin olunmur. Üstəlik barışığa cəlb etmə və bunun üçün çalışmaq kimi təşəbbüslər məişət zorakılığı qanununda da öz əksini tapmışdır: “8.0.8 tərəflərin münasibətlərinin normallaşmasına və ailə münasibətlərinin bərpa olunmasına kömək göstərmək” (1058-IIIQ, 2010). Qeyd etmək lazımdır ki, məişət zorakılığı qanununun bu maddəsində qeyri-müəyyənlik və qeyri-inklusivlik vardır və polis nəfərlərinin yuxarıdakı formada “barışıq” cəhdləri də çox güman ki, bu maddədən irəli gəlir. Davamlı olaraq əri tərəfindən fiziki, cinsi, psixoloji şiddət növləri ilə rastlaşan, bunların nəticəsində fiziki və ruhi sağlamlığında müəyyən travmalar almış, ilk imkanda qaçıb canını qurtarmaq məqsədilə polisə şikayət edə bilmiş qurbanla zorakı şəxsin münasibətlərinin normallaşması və ailə münasibətlərinin təmin olunmasına cəhd etmək çalışmaları həmin qurbanın can atdığı çıxış yolu olmaya bilər. Üstəlik, bu barışıq taktikaları polisə gəlməmişdən əvvəl müəyyən vaxtlarda ailə və qohumlar tərəfindən çox güman ki, baş verib (çünki məişət zorakılığı dövri, spiralşəkilli və ya silsiləli bir davranışdır) və müsbət nəticə əldə olunmayıb. Bu hallar üzündəndir ki, Azərbaycanda məişət zorakılığı səbəbilə polisə şikayət edənlərin sayı çox azdır və şikayət edənlər haqda dəqiq statistika çatışmazlığı vardır. Məişət zorakılığı hallarının aidiyyatı qurumlar tərəfindən şəhər və ya regionlar üzrə sayları haqqında qeydiyyat aparıldığı barədə mətbuatda və dövlət qurumlarının internet səhifələrində məlumat verilsə də, bu statistika dəqiq çap edilib açıq şəkildə ictimaiyyətə təqdim edilmir.

Məişət zorakılığı cəmiyyət və dövlətin ortaq problemidir

Məişət zorakılığının qarşısının alınmasında cəmiyyət və dövlət vəhdət şəklində çalışmalıdır. Əgər qonşusunda baş verən fiziki zorakılığı polisə xəbər verən qonşu cəmiyyət tərəfindən qınanılırsa, zorakılıq törədən kişinin “öz ailəsidir” deyib keçmək əvəzinə bu işdə məsuliyyət daşıdığı ona bildirilmirsə və eləcə də dövlət polis orqanlarında məişət zorakılığı hallarına qarşı həssaslığı, peşə hazırlığını artırmırsa, digər sosial strukturlu islahatları həyata keçirmirsə, onda məişət zorakılığının daha geniş vüsət almasında cəmiyyət və dövlət olaraq birbaşa rol oynamış oluruq. Məişət zorakılığının qarşısının alınması üçün cəmiyyətin müxtəlif qrupları tərəfindən kompleks yanaşma tələb olunur. Peşələrarası birgə yanaşmanın əldə edilməsi onun həlli üçün çox kritik səciyyə daşıyır (Bent-Goodley və Tricia 2007, 98). Əlbəttə ki, sadəcə bir qurumun, bir peşənin adamlarının məsələn, adətən bu işlərin həlli istiqamətində məsuliyyətli olduğu nəzərdə tutulan qadın məsələləri üzrə işləyən təşkilatların, psixoloji yardım mərkəzlərinin bu işin həllində iştirakı və bu işdə öhdəçilik götürməsi kifayət deyil.

Azərbaycan cəmiyyətində din, adət-ənənələr və ənənəvi gender rolları kimi anlayışlar (yəni qadın ev işi görməli, kişi isə işləyib evə qazanc gətirməlidir kimi) kişini evin sahibi, evdə olan arvad, uşaqların isə kişinin mülkiyyəti olması kimi stereotipik inancları insanlara aşılayır. Bu sahiblik və mülkiyyət hissi qadının bütün həyat fəaliyyəti üzrə özünü biruzə verir. Qadın geyimi, getdiyi yer, işlədiyi yer, hətta uşaqlarının uşaq bağçası və məktəb seçimi kimi məsələlərində  müstəqil qərar verə bilmir. Xüsusilə qadın “açıq-saçıq” geyimə üstünlük verərsə və günün çox vaxtını evdə oturmaqla keçirməzsə belə qadınlar haqqında ailənin ətrafında olan cəmiyyət və onları tanıyan qohumlar arasında müəyyən şübhələr oyanmağa başlayır. Bu şübhələri qadının əri hiss edərsə və ya birbaşa özü buna qarşı olarsa o zaman emosional olaraq yüklənmiş bir kult hissi- namus və onun toxunulmazlığı hissi ortaya çıxır. Azərbaycanda baş verən məişət zorakılığının səbəblərinə qadının cinsi zəmində sədaqətsizliyi və ehtimal edilən xəyanəti və bu yöndə zorakı əri tərəfindən müşahidə olunan şübhə və narahatlıq kimi hallar da daxildir. Burada stereotipik sosial normaların, şəxsin özünün necə bir ailədə və mühitdə böyüməsi və ruhi sağlamlıq vəziyyətinin böyük rolu vardır. Lakin patriarxal sosial normaların yaratdığı anlayışların burada rolu çox böyükdür.

Patriarxal dəyərlərin güclü olduğu cəmiyyətlərdə kişinin namusu məhz ailədəki qadının hərəkətlərinə bağlı olur. Qadının namusu isə onun çəkingənliyi, utancaq olması və kişilərlə yaxın münasibətlərinin olmaması ilə izah olunur. Bu kimi cəmiyyətlərdə qadının ərindən əlavə kiminləsə görüşməsi kimi ehtimallar belə onun ərinin şərəf və namusuna qarşı törədilmiş ləkə, cəmiyyət içərisində hörmətinin alçaldılması kimi qiymətləndirilir. Arvadının digər bir kişi ilə görüşdüyü ehtimalı cəmiyyət tərəfindən bilinən kişi arvadını müəyyən zorakı tədbirlərlə cəzalandırmazsa həmin kişiyə cəmiyyət içərisində aşağı baxılır və onun haqqında “kişi deyil” kimi ifadələr səsləndirilir. (Vandello və b. 2003, 998). Buna görə də cinsi zəmində sədaqətsizliyin cavabı çox hallarda zorakılıqla və ya “namusun təmizlənməsi üçün” törədilən qətllər ilə nəticələnir.

Burada bir nüans da xüsusilə qeyd edilməlidir ki, xəyanət və bu kimi hallar ikili standart mövqe daşıyır və bir gender məsələsidir. Belə ki, əgər xəyanəti kişi törədirsə, buna cəmiyyət normal baxır və hətta bundan ötrü qan-qaraçılıq salınmasına lüzum görülmür. Lakin xəyanəti qadın törədərsə, onun bu hərəkəti ən ağır fiziki cəzalarla, aşağılayıcı hərəkətlərlə və hətta ölümlə nəticələnir.

Məsələyə hüquqi cəhətdən yanaşdıqda ailə və onu təşkil edən üzvlərin hər biri üçün bərabər qorunma haqqı vardır. İki şəxs evlilik münasibətinə girməklə öz aralarında bərabər hüquq, bərabər məsuliyyət və bərabər mülkiyyəti təyin edirlər. Bir-biri ilə müəyyən mülkiyyət münasibətində olan iki şəxsin bir-birinə qarşı şiddət yetirəcək dərəcədə mülkiyyət sahibliyinə haqqı yoxdur. Evli şəxslər bir-biriləri qarşısında şəxsi seksual həyatları ilə bağlı öhdəçilik götürmüş olurlar. Bu öhdəçiliyi pozmuş şəxs barəsində həmin bərabərliyi tərk etmə və ya boşanma davası açmaqla bərabərliyin pozulduğunu bildirmək hüquqi olaraq düzgün qəbul edilmişdir. Lakin heç bir halda qadının xəyanətinə görə ərinin ona şiddət törətməyə haqqı yoxdur. Başlıca olaraq ona görə ki, qadın haqları insan haqlarıdır və bu haqları olan insan hüquqla qorunur və ona qarşı şiddət törətmək kimi bir seçimə heç kim sahib deyil. Digər hüquq pozuntularında şəxs inzibati və cinayət məsuliyyətinə cəlb edildiyi kimi məişət zorakılığı ilə törədilmiş hüquq pozuntusunun da qanuni cavabı verilir.

Məişət zorakılığının həllində dövlətin rolu: Aydın olduğu kimi məişət zorakılığı insan haqlarının tapdanması və intim  münasibətdə olan iki bərabər hüquqlu şəxsdən birinin digəri üzərində haqsız dominantlıq əldə etmək istəyidir. Məişət zorakılığına insan haqları çərçivəsindən yanaşmaqla bu işdə dövlətin rolunun nə dərəcədə vacib olduğunu görmək olur. Bu çərçivədən  yanaşaraq məişət zorakılığının həllində dövlətin rolunu araşdıran Tomas və Beislinin qeyd etdikləri kimi insan haqları konsepsiyası beynəlxalq olaraq bütün dövlətlər tərəfindən qəbul edilən mənəvi dəyərlərdəndir. “Məişət zorakılığı bu mənəvi dəyərin kökündə dayanan prinsipi yəni insan ailəsinin bütün üzvlərinin daxili ləyaqət və dəyərini, qorxu və istəkdən azad olmağa danılmaz haqqını, qadın ilə kişinin bərabər hüquqa malik olması prinsipini inkar edir, pozur” (Thomas və Beasley 1993, 37).

Dövlətin məişət zorakılığının qarşısının alınmasında başlıca təşəbbüs göstərməsi və sosial islahatlar həyata keçirməsi çox mühüm əhəmiyyətə malikdir. Ənənəvi olaraq məişət zorakılığının ailədaxili, şəxsi məsələ olduğu güman edilərək dövlətin bu işdə ailənin daxili işlərinə qarışmayacaq dərəcədə səlahiyyətinin olmadığı düşünülürdü. Lakin dünyada baş verən qadın haqları hərəkatları və feminist yanaşmanın tətbiq edilməsi nəticəsində məişət zorakılığının qarşısının alınmasında birbaşa dövlətin hansı rolunun və məsuliyyətinin olması üzə çıxdı. Tomas və Beisli qeyd edir ki, burada dövlətin məsuliyyəti “aşağı instansiyadan olan, yarım-dövlət və ya özəl şəxslərin törətdiyi əməllərin ittiham edilməsində dövlətin sistematik uğursuzluğa düçar olmasındadır” (Thomas və Beasley 1993, 41). Müəlliflərə görə, baxmayaraq ki məişət zorakılığında dövlət birbaşa olaraq zorakılığı törətmir, bu zorakılığı törədənlərin təqsirləndirilməsində və müvafiq ölçü götürülməsində uğursuzluğa yol verməklə dövlət dolayı yolla bu zorakılıqda iştirakçıya çevrilir. Əgər bir zorakılıq qurbanı ərinin ağır şiddətlərindən imkan tapıb polisin zorakılığı dayandıracağı və ya zorakı şəxsin törətdiyi əməllərə görə layiqincə cəzasını alacağına ümid edərək polisə şikayətə gəlibsə və polis də onu qeyri-ciddi qarşılayaraq şikayət etmək haqqından yayındırırsa və üstəlik onu “yəqin kişinin sözündən çıxmısan”, “vaxtında yemək bişirməmisən”, “ailədə hər şey baş verə bilər, öz ərindən şikayətə gəlmisən?” kimi sözlərlə elə polis idarəsindəcə alçaldırsa, günahlandırırsa, həmin polis nəfəri dövlətin beynəlxalq insan haqları konsepsiyasına uyğun olaraq qəbul etdiyi qanunları pozmuş və bununla da dövlətə qarşı cinayət işlətmiş olur. Buna görə də dövlət bilavasitə hüquq mühafizə sisteminin işinin yaxşılaşdırılması, onların məişət zorakılığı barəsində və onun qarşısının alınmasında nə kimi rollarının olması haqqında təlimatlandırılması üçün proqramlar təşkil etməlidir. Məişət zorakılığında zərər şəkmiş şəxslərin həyatlarının yaxşılaşdırılması üçün müvafiq sosial işin təşkili üzrə struktur dəyişiklikləri yaratmaq üçün dövlət səviyyəsində qanunlar, qətnamələr, tapşırıqlar hazırlanmalı və onların icrasının təmin edilməsinə nəzarət edilməlidir. Dövlət dəstəyi, qeyri-hökümət təşkilatları, ictimai birliklər və ya şəxsi təşəbbüslər, eləcə də, ianələr hesabına məişət zorakılığı qurbanları üçün müvafiq sayda sığınacaqlar tikilməli və onların işinə nəzarət edən, maddi, texniki və digər dəstək verən sistem qurulmalıdır. Qeyri-hökümət təşkilatları, cəmiyyətin bu işdə aktivlik göstərən  fərdləri, məhkəmələr, sığınacaqlar, sosial işçilər, hüquq mühafizə orqanları, psixoloji və hüquqi klinikalar arasında vəhdəti təmin edəcək proqramların yaradılmasında və onların icrasının həyata keçməsində dövlətin yaxından iştirakı və ya bunun üçün münbit şərait yaratması problemin həllinə böyük töhfələr vermiş olardı.

Məişət zorakılığının cəmiyyətin inkişafına təsiri:  Məişət zorakılığı intensiv baş verən icmalarda onun nəticəsi birbaşa bu cəmiyyətlərin inkişafında hiss olunur və məişət zorakılığı hallarının çoxluğu cəmiyyətin və dövlətin özünə çox baha başa gəlir. Belə ki, davamlı olaraq qadının şiddət görməsi onu bir sıra bədən xəsarətləri və sağalmaz zədələrlə, xəstəliklərlə üz-üzə qoyur. Hətta zorakı şəxs şiddət əsnasında yaranmış tibbi ehtiyac üçün qurbanı həkimə müraciət etməkdən çəkindirə və ya buna imkan verməyə bilər (Bent-Goodley və Tricia 2007, 93). Daima məişət zorakılığı mühitində yaşayan qadında həm digər növ zorakılıq metodlarının, həm də psixoloji zorakılığın təsirindən ruhi sarsıntılar yaşanır. Həmin qadınların bir fərd kimi sosial fəaliyyətlərində geriləmələr, iştirakdan yayınmalar yaranır, iş yerlərində şiddətin baş verdiyi günlərdə davamiyyətləri zəifləyir, işə diqqətini cəlb edə bilmir. Fiziki və ruhi cəhətdən özünü yaxşı hiss etməyən, özünə inamsız, ümidsiz yaşayan analar eləcə də evdə öz uşaqlarının təlim-tərbiyəsində də yaxından iştirak edə bilmir. Məlumdur ki, ənənəvi gender rollarının təsirindən Azərbaycanda uşaqların təlim-təriyəsində ən çox analar iştirak edir.

Məişət zorakılığının cəmiyyət üçün ən başlıca ağır fəsadlarından biri də ruhi travma almış uşaqlardır. Tədqiatlar nəticəsində məlum olmuşdur ki, məişət zorakılığı mühitində yaşayan uşaqların 60%-i inkişaflarının sonrakı dövrlərində müəyyən növ psixi problemlər yaşayırlar və bu simptomlar irəliləyərək hətta klinik səviyyəyə də çata bilir (Graham 1988, 196). Əlbəttə ki, burada məişət zorakılığı zamanı uşağın buna necə şahid olduğu, onun nəyi gördüyü, nəyi eşitdiyi və neçə yaşında olması da öz təsirini göstərir. Körpə uşaqlar olan ailələrdə baş verən məişət zorakılığı hallarında adətən uşağın yatmaq və yemək rejimində ciddi problemlər yaşandığından uşaqda artıq dərəcədə çığırmaq və ağlamaq vərdişləri yaranır və körpənin normal inkişafı təmin edilmir (Knapp, 1998). Məktəbəqədər uşaqlarda isə həddən artıq utancaqlıq, ünsiyyətdən çəkinmə və digər ibtidai və orta məktəb yaşlı uşaqlar kimi məişət zorakılığının baş verməsində özlərini günahlandırma halları müşahidə edilir. Bəzən psixoloji travmanın təsirindən uşaqlarda əsəb tutmaları, ürəkkeçmələr kimi fiziki əlamətlər müşahidə olunur və bəzən özləri də fiziki şiddətin qurbanlarına çevrilirlər.

Məişət zorakılığının cəmiyyətin inkişafına zərər vuran əsas amillərindən biri də məişət zorakılığının bir yoluxucu xəstəlik kimi bir nəsildən digərinə yayılması halıdır; şiddətə bəraət qazandıran cəmiyyətdə və ailənin kişi üzvü tərəfindən qadın üzvünə və ya üzvlərinə şiddət törədilmiş ailədə böyüyən yeni nəsil kişilər də gələcəkdə öz partnyor (məsələn, sevgili, nişanlı, ər qismində) və qohumluq (ata, qardaş, əmi, dayı, dayıoğlu, bibioğlu olaraq) münasibətlərində şiddət göstərməyə haqları çatdığını (onlar evin sahibdir, onlar tənbeh etməlidir kimi düşüncə tərzinə görə) düşünəcək və bununla da gələcək münasibətlərə öz mənfi təsirlərini göstərəcəklər.

Digər bir amil isə mənfi mədəni normaların inkişafında və vətəndaşların iştirakçılıq bacarığının zəifləməsində məişət zorakılığının mənfi roludur. Daima zorakılıq, şifahi aqressiya, fiziki, cinsi və emosional alçaltma baş verən mühitdə zorakı olmayan sosial bacarıqların inkişafına şərait yaranmır (Parks və Crawford 2016). Bu da onu göstərir ki, məişət zorakılığının davamlı olaraq baş verməsi cəmiyyətdə mənfi mədəni normaların inkişaf etməsinə səbəb olur. Mənfi mədəni normalar dedikdə, məsələn, bir müəllimin şagirdi cəzalandırmaq üçün istifadə etdiyi cismani cəza növünü götürə bilərik. Belə ki, həmin müəllim nizam-intizam qaydalarında cismani cəzadan istifadə etməyi öz təcrübəsində yaşadığından, yəni onun da müəllimi o şagird olarkən cismani cəzadan istifadə etdiyindən və məktəbdə olan digər müəllimlərin də eyni cəza növündən istifadə etdiyini bildiyindən, həmin müəllim bu cəzanı tətbiq etməkdə bir problem görmür. Beləliklə, cismani cəza həmin müəllim üçün normaya çevrilir.

Məişət zorakılığı mütəmadi olaraq yaşanan ailələrdə qanqaraçılıq, qəzəb, özünə qapanma halları çox müşahidə olunduğundan bu ailənin üzvləri cəmiyyətin ümumi rifahının yaxşılaşdırılması üçün təşəbbüs göstərməyə və sosial aktiv vətəndaş kimi fəaliyyətə meyilli olmur. Digər bir tərəfdən isə məişət zoraklığı hallarının baş verdiyi ailələrdə ailə üzvləri hər hansı bir qınaqla üzləşməmək üçün ətraf cəmiyyətlə sıx əlaqədə olmaqdan çəkinirlər. Bu çox vaxt ailənin zorakı üzvünün ailə üzvlərini ətrafdan sosial və emosional olaraq təcrid etməsinə görə baş verir. Cəmiyyətdə belə iştirakçılığın az olması məişət zorakılığı hallarına və onların yetərincə araşdırılmasına qarşı etinasızlığa və təşəbbüssüzlüyə səbəb olur. 

Nəticə

Beləcə, məişət zorakılığı bir intim partnyorun digəri üzərində dominatlığını və ya nəzarətini həyata keçirmək üçün işlətdiyi davranışlar toplusu olduğu müəyyən olur. Bu davranışların daha çox kliniki tərəflərini öyrənməklə məişət zorakılığının yaranma səbəblərini başa düşmək mümkündür. Məişət zorakılığının yaranma səbəbləri haqqındakı nəzəriyyələri öyrənərkən məişət zorakılığının 1) sonradan öyrənilmiş, 2) təkrarlanan və ya silsilə şəklində baş verən, 3) qurban üzərində güc və nəzarəti əldə etmək üçün zorakı partnyor tərəfindən törədilən bir davranış olduğu yazıda öz əksini tapdı. Bəzən yanlış olaraq məişət zorakılığının səbəbləri kimi günahın qurbanda olduğunu, zorakı şəxsin əsəblərinə nəzarət edə bilmədiyini, onun işdə və ailədə yaşanan stresslər üzündən baş verdiyini göstərməklə zorakılığa bəraət qazandırılır. Lakin bunların heç biri bir partnyorun digərinə qarşı zorakılıq törətməsinə haqq vermir. Digər cinayət hallarında stressli, içkili olmaq güzəşt sayılmadığı kimi məişət zorakılığında da törədilən zorakılığa bu halları misal gətirməklə bəraət qazandırılmamalıdır.

Məişət zorakılığı sosial bir bəladır və patriarxal dəyərlərin üstün tutulduğu cəmiyyətlərdə buna çox rast gəlinir. Lakin məişət zorakılığının qarşısının alınmasında, zorakılıqla üzləşmiş qurbanların problemlərinin həll edilməsində və zorakı şəxslərin cəzalandırılmasında dövlətin birbaşa iştirakı qaçılmazdır. Bütün ölkə üzrə məişət zorakılığı hallarının qarşısının alınması işlərində məişət zorakılığı barəsində hüquq mühafizə sisteminin təlimatlandırılması, zorakılığa məruz qalmış və zorakılıq törətmiş şəxslə işin aparılmasında bilik və bacarıqlarının artırılması, yeni sığınacaqların salınması və bu sığınacaqların psixoloq, vəkillər kimi insan resursları ilə təmin edilməsində dövlətin bilavasitə dəstəyi və ya münbit şərait yaratması lazımdır. Dövlətin fəallığı xüsusilə hüquq mühafizə orqanlarının öz fəaliyyətlərini yerinə yetirməsində və bunun sorğulanmasında özünü biruzə verməlidir. Çünki dövlətin qoyduğu qanunun əksinə gedərək, ondan irəli gələn müddəaları düzgün yerinə yetirməməklə polis məhz dövlətə qarşı cinayət işləmiş olur. Bununla da dövlətin insan haqlarının mühafizəsi sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklər yetərincə yerinə yetirilmir.

Məişət zorakılığı bir sosial bəla kimi cəmiyyətə öz mənfi təsirlərini göstərməkdədir. Məişət zorakılığının zərər çəkən şəxsin – adətən qadınların ruhi, fiziki və reproduktiv sağlamlıqlarına mənfi zərərləri nəticəsində onların sosial bir fərd kimi cəmiyyətdə iştirakının qarşısı alınır, zorakı şəxs tərəfindən cəmiyyətdən təcrid olunur, özünə əminlikdə ciddi problemlər yaranır, işdə və ailədə fəaliyyətlərində maneələr yaradılır. Daima məişət zorakılığı yaşanan ailədə böyüyən uşaqlar yetərincə qayğı və sevgi görmürlər, onlarda özlərinə qapanma, utancaqlıq, dərslərində geriləmələr müşahidə olunur və təlim-tərbiyələrində ciddi çatışmazlıqlar yaranır. Məişət zorakılığının sonradan öyrənilən bir davranış forması olduğunu bir daha vurğulayaraq qeyd edim ki, belə mühitdə böyüyən uşaqlar da gələcəkdə öz ailələrində zorakı partnyor, ata və qohum olmağa meyilli olurlar. Ruhi və fiziki sağlamlığında qüsurlar olan, eləcə də ölkənin sosial həyatında aktiv iştirakçılığını təmin edəcək təlim-tərbiyəsi düzgün aparılmamış uşaqlar cəmiyyətin inkişafında əhəmiyyətli rol oynaya bilmir.

Lakin biz bir cəmiyyət və dövlət kimi  kişinin qadın üzərində hökmranlığını dəstəkləyən sosial normalara qarşı durmalı və bu zorakılıq hallarının baş verməsində necə cavabdeh olduğumuzu, eləcə də, məişət zorakılığının həlli yollarında necə təşəbbüs göstərə biləcəyimizi araşdırmalıyıq. Bizim məişət zorakılığına qarşı dövlət və cəmiyyət olaraq nə dərəcədə biganə olduğumuz məişət zorakılığı insidentlərinin sayında və nəticədə cəmiyyətin geriləməsində özünü biruzə verir.

Yazıda Azərbaycan üzrə məişət zorakılığı hallarının statistikası, hüquqi prosedurlar haqqında məlumat çatışmazlığı üzündən bu barədə misallar qısa verilmişdir. Məsələnin gələcək tədqiqat istiqamətlərində əhalinin sosial təminatı və qanunda da qeyd edildiyi kimi məişət zorakılığından zərər çəkmiş şəxsin pulsuz hüquqi, psixoloji, sosial yardımlarının necə təmin olunması kimi halları özündə birləşdirən sosial yardım sistemlərindən söz açılması daha məqsədəuyğun olardı. Məişət zorakılığının kliniki baxımdan təriflərini nəzərə alaraq Azərbaycan üzrə bu sahədə psixoloji araşdırmanın aparılması da yazının ardı olaraq böyük əhəmiyyət kəsb edər və məişət zorakılığı üzrə ümumi psixoloji və sosial mənzərəni təsvir etmiş olardı.

 

İstinadlar:

  1. 22 İyun 2010-cu il tarixli 1058-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu. Sənəd http://www.e-qanun.az/framework/20131 səhifəsindən əldə edilmişdir
  2. Bent-Goodley, Tricia B. “Health Disparities and Violence Against Women: Why and How Cultural and Societal Influences Matter.” Trauma, Violence, & Abuse 8.2 (2007): 90-104. Web.
  3. Bridget Busch, NoËl, “Male Customers of Prostituted Women: Exploring Perceptions of Entitlement to Power and Control and Implications for Violent Behavior Toward Women.” Violence Against Women, vol. 8, no. 9, Sept. 2002, pp. 1093–1112.
  4. Coleman, Frances L. “Stalking Behavior and the Cycle of Domestic Violence.” Journal of Interpersonal Violence, vol. 12, no. 3, June 1997, pp. 420–432, doi:10.1177/088626097012003007.
  5. Fitch FJ, Papantonio A. Men who batter: some pertinent characteristics. J Nerv Ment Dis 1983;171(3):190–2.
  6. Frederick, Loretta. “Presentation On Theories Of Violence At Domestic Violence Workshop In Plovdiv, Bulgaria”. Stopvaw.Org, 1997.
  7. Gondolf, Ew. “ALCOHOL-ABUSE, WIFE ASSAULT, AND POWER NEEDS.” Social Service Review 69.2 (1995): 274-84. Web.
  8. Graham, D.L.R., Rawlings, E., & Rimini, N. (1988). Survivors of terror—battered women, hostages and the Stockholm Syndrome. In K. Yllö & M. Bograd (Eds.), Feminist perspectives on wife abuse (pp. 217-233). Newbury Park, CA: Sage.
  9. İbrahimova, Aygün. 2017. “Ötən il Azərbaycanda Zorakılığa Məruz Qalan 7 Nəfərə Mühafizə Orderi Verilib”. Report.Az. https://report.az/sosial-mudafie/oten-il-azerbaycanda-zorakiliga-meruz-qalan-7-nefere-muhafize-orderi-verilib/
  10. Knapp, J. F. (1998). The impact on children witnessing violence. Pediatric Clinics of North America, 45, 355-363.
  11. Mihalic, S.W. & Elliott, D. “A Social Learning Theory Model of Marital Violence.” Journal of Family Violence (1997) 12: 21. https://doi.org/10.1023/A:1021941816102
  12. Parks, L. and Crawford, A. (2016). THRIVE: A Framework for Understanding the Community Determinants of Intimate Partner Violence. [online] vawnet.org. Available at: https://vawnet.org/material/thrive-framework-understanding-community-determinants-intimate-partner-violence
  13. Potter-Efron, Ronald T. Handbook of Anger Management and Domestic Violence Offender Treatment. Second ed. Routledge, 2015. Print.
  14. Schechter, Susan, and Anne Ganley. Domestic Violence : A National Curriculum For Family Preservation Practitioners. Family Violence Prevention Fund. 1995.
  15. Sophia Wilson (2017) Majoritarian values and women’s rights: police and judicial behavior in Tajikistan and Azerbaijan, Post-Soviet Affairs, 33:4, 298-312, DOI10.1080/1060586X.2017.1306950
  16. State Statistical Committee of the Republic of Azerbaijan and Macro International Inc. 2008. Azerbaijan Demographic and Health Survey 2006. Calverton, MD: State Statistical Survey and Macro International Inc.
  17. Retzinger, Suzanne M. “Shame, Anger, and Conflict: Case Study of Emotional Violence.” Journal of Family Violence, vol. 6, no. 1, Mar. 1991, pp. 37–59. EBSCOhost, doi:10.1007/BF00978525.
  18. Thomas, Dorothy Q., and Michele E. Beasley. “Domestic Violence as a Human Rights Issue.” Human Rights Quarterly, vol. 15, no. 1, 1993, pp. 36–62.
  19. United Nations General Assembly.1993. Declaration on the elimination of violence against women. New York: United Nations. A/RES/48/104.
  20. United Nations. (1995). Beijing declaration and platform for action. Fourth World Conference on Women, Beijing, China. New York: United Nations Department of Public Information. Retrieved from http://www.un.org/womenwatch/daw/beijing/pdf/BDPfA%20E.pdf
  21. Vandello, Joseph A., Dov Cohen, and Dovidio, John F. “Male Honor and Female Fidelity: Implicit Cultural Scripts That Perpetuate Domestic Violence.” Journal of Personality and Social Psychology 84, no. 5 (2003): 997-1010.