Ədalət həm əxlaqi və hüquqi, həm də siyasi baxımdan çox böyük əhəmiyyətə malik fəlsəfi anlayışlardandır. O, etika və siyasi fəlsəfənin ən mühüm mövzularından biri olmaqla yanaşı, fəlsəfə ilə məşğul olmayan insanların belə vaxtaşırı istifadə etdiyi, vasitəsilə ətrafı haqqında fikirlər söylədiyi, suallar qoyduğu və ona əsasən davranışını müəyyən etdiyi nəsnələrdəndir. Tez-tez olur ki, ətrafımızdakıların bizə və ya başqalarına qarşı ədalətli davranıb-davranmadığını sorğulayırıq. Məsələn, yüksək vəzifəli məmurun qazancının adi işçilərinki ilə müqayisədə dəfələrlə çox olmasını qınayırıq və ya məhkəmə qərarlarının ədalətli olub-olmaması barədə düşünürük. Bəzən isə bu həyatda, ümumiyyətlə, ədalətin olmamasını deyib, ondan giley edirik. Başqa sözlə, ədalətlə bağlı suallar həyatımızı, daha dəqiq desək, cəmiyyəti anlamaqda mühüm yer tutur və bu səbəbdən onun nə olması ilə bağlı fəlsəfi izaha da ehtiyac yaranır. Beləliklə, bu yazıda biz ədalət anlayışı üzərində fokuslanmış olacağıq.

Belə mərkəzi və çox işlənən fəlsəfi anlayışların izahında problem yaradacaq mühüm məsələlərdən biri odur ki, onların tərifini aydın və əhatəedici vermək çətin olur. Fəlsəfi ədəbiyyatda ədalət termininin müxtəlif mənalarda işlənməsinə, yəni müxtəlif ədalət anlayışlarına rast gələ bilərik.[1] Ancaq bu kiçik yazıda məsələni sadə tutmaq üçün biz fərqli ədalət anlayışları arasında ortaq sayıla biləcək, belə demək mümkünsə, ədalət anlayışının nüvəsindən bəhs edəcəyik ki, oxucuda ümumi və dolğun təsəvvür yarada bilək.

Ümumiliyi və əhatəliliyi baxımından fəlsəfi ədəbiyyatda müxtəlif ədalət anlayışları üçün ortaq sayılmağa ən yaxşı namizəd VI əsrə aid Yustinian kodeksində istifadə olunan ədalət anlayışıdır. Bu anlayış orada aşağıdakı cür təqdim olunur: ədalət – daimi və dayanıqlı olaraq hər kəsə haqqını vermək istəyidir. Gəlin burada məsələnin izahını vermək üçün bu kiçik cümlədə ifadə olunan anlayışı açmağa çalışaq. Biz görəcəyik ki, əslində, bu kiçik cümlə ədalətlə bağlı özündə xeyli informasiya ehtiva edir.

Daha aydın olsun deyə, tərifin təhlilinə birbaşa keçməmişdən əvvəl ondan başlayaq ki, ədalət əsasən davranışlarda ifadəsini tapan insanlararası münasibətlərə tətbiq olunan anlayışdır. Yəni biz, insanlar gün ərzində istər nitq aktları, istərsə də digər bədən hərəkətləri vasitəsilə bir-birimizə müxtəlif davranışlar sərgiləmiş oluruq və bir sıra hallar üçün isə bu davranışların ədalətli olub-olmaması barədə düşünürük. Məsələn, ustanın əmək haqqı kimi işinin sonunda aldığı məvacib onun gördüyü işə müvafiq olub-olmaması baxımdan sorğulana bilər. Başqa sözlə, ustaya, eləcə də digər işçilərə, hansısa məbləğdə əmək haqqı vermək bir davranış olaraq ədalətli olub-olmaması baxımdan sorğulana bilər. Ancaq əlbəttə, bu, o demək deyil ki, bizim bütün davranışlarımız ədalətli və ya ədalətsizdir. Ədalət anlayışı bir çox davranışlarımıza, ümumiyyətlə, tətbiq olunmur. Məsələn, bir yaşlı xanıma qarşı alicənablıq edərək yol vermək, tanımadığımız köməksiz insana yardım etmək, yaxud da münasibətimiz olmadığı qonşuya salam verməmək ədalətli olub-olmaması baxımından irrelevantdır. Çünki belə vəziyyətlərdə, düşünmək olar ki, sizin insanlar qarşısında müvafiq öhdəliyiniz yoxdur; köməksiz insana təmənnasız yardım etmək, əslində, ədalətli deyil, xeyirxah davranış nümunəsidir, yaşlı insanlara yol vermək, qonşu ilə salamlaşmaq isə nəzakətli davranışa nümunə sayıla bilər. Deməli, ilk baxışdan görünən budur ki, ədalət, əslində, bizim bütün deyil, bir sıra davranışlarımızın xüsusiyyətidir.

Sual oluna bilər ki, yuxarıdakı tərifdə ədalət istək kimi qələmə verilsə də, nəyə görə davranışlardan başladıq? Davranışlardan başlamağımızın əsas səbəbi bundan ibarətdir ki, davranışları, onların arxasında dayanan istək və ya niyyətlərdən fərqli olaraq, müşahidə etmək mümkün olduğundan ədaləti də bir xüsusiyyət kimi onlara aid etmək daha uyğun görünür. (Hər bir insanın niyyət və ya məqsədi onun fərdi, yəni yalnız özünün dəqiq bilə biləcəyi mental vəziyyət olduğundan başqalarının kənardan onu müşahidə etmək imkanı yoxdur.) Digər tərəfdən, ədalətli olub-olmaması baxımından əhəmiyyəti olan davranışlar da zəruri olaraq istək və ya məqsədlərimizdən motivasiya olunur və bu səbəbdən tərifdə istəyə aid edilən ədalət, həmin istəkdən yaranan davranışa da eyni dərəcədə tətbiq olunur.[2] Beləliklə, sözügedən tərifdə davranışlardan bəhs edilməməsi heç də onun qüsuru deyil.

Əksinə, ədalətin, davranışın arxasında dayanan istəyin xüsusiyyəti olması daha fundamental görünür; ona görə ki, bir sıra hallarda biz haqqını vermək istəyinə malik olsaq da, müvafiq davranışları sərgiləmək ehtiyacı yaranmaya da bilər.[3] Məsələn, sizin istəyiniz ola bilər ki, evdə usta işlətsəniz, onun gördüyü işi layiqincə qiymətləndirərsiniz. Ancaq vəziyyət elə gətirə bilər ki, heç vaxt evdə usta işlətmək ehtiyacı yaranmasın və siz ustaya əmək haqqı vermək davranışı sərgiləməyəsiniz. Təsadüfdən belə bir davranışı sərgiləmək imkanınızın olmaması sizin bu məsələdə ədalətli insan olmamağınız anlamına gəlmir. Müvafiq davranışı sərgiləmək üçün yalnız istək və ya meylinizin olması bu baxımdan kifayətdir.

Diqqət yetirirsinizsə, yuxarıdakı tərifdə haqqını vermək istəyinin daimi və dayanıqlı olmasından bəhs edilir. Bu, o deməkdir ki, ədalətin subyekti (yəni ədalətli olub-olmaması baxımından suala gələcək davranışı sərgiləyən şəxs və ya qrup) ədalət obyektini (yəni ədalətli olub-olmaması baxımından suala gələcək davranışın yönəlmiş olduğu şəxsi və ya qrupu) ixtiyari olaraq öz istəyinə uyğun şəkildə yox, daimi və davamlı prinsiplərə uyğun şəkildə diqqətə almalıdır. Başqa sözlə, haqqını vermək istəyi qarşıdakı şəxsin (yəni ədalətin obyektinin) kimliyindən asılı olmayaraq, potensial olaraq hər bir zaman və hamıya qarşı tətbiq olunmalıdır. Yuxarıdakı misala oxşar misalla davam edək. Tutaq ki, siz evdə iki usta işlədirsiniz və ustalardan biri digərindən fərqli olaraq sizin tanışınızdır. Hər iki usta sizin evdə eyni dəyərdə iş görsə də, əgər sizin yalnız tanış ustaya gördüyü işin dəyərinə müvafiq pul vermək istəyiniz varsa, daha sadə desək, bu məsələdə ayrı-seçkiliyə yol verirsinizsə, deməli, ədalətli deyilsiniz. Başqa cür ifadə etsək, ədalət obyektinin kimliyindən və sizin ona münasibət və ya əhvalınızdan, edəcəyiniz ədalətli davranışın özünüzə xoş gəlib-gəlməməsindən asılı olmayaraq, o, müvafiq məsələdə eyni cür, ədalət prinsiplərinə əsasən nəzərdən keçirilməlidir. Ədalət subyektinin ədalət obyektinə haqqını vermək istəyi məhz bu baxımdan davamlı səciyyə daşılmalıdır.

Davamlılıq həm də ədalətli olmaq məsələlərində bizim nəyə görə qayda və ya qanunlara uyğun davranmalı olduğumuzu göstərir. Müvafiq qayda və qanunlara uyğun davranmaqla biz davranışlarımızın ədalətli olmasını təmin edə bilərik. Ancaq burada bir mühüm məsələ var ki, bu və ya digər cəmiyyətdə əxlaq normaları kimi qəbul edilmiş qaydalar və ya dövlət qanunlarının özü bir sıra hallarda ədalətli olmaya bilər. Başqa sözlə, qayda və qanunlar özlüyündə ədaləti təmin etmir. Bununla belə, məlum məsələdir ki, müvafiq əxlaq qaydaları və qanunların əsas məqsədi məhz ədalət obyektinə haqqını vermək istəyini özündə əks etdirmək olmalıdır. Ədalət bu baxımdan yerli icmanın əxlaq qaydaları və ya dövlətin qanunlarından daha dəyərlidir.

Qayda və qanunların ədalətli olub-olmamasını müəyyənləşdirmək mübahisə yaradan məsələlərdəndir. Bu baxımdan nəzərə almaq lazımdır ki, ədaləti sadəcə haqqını vermək istəyi kimi abstrakt nəsnə olaraq təqdim etməklə, ədalətlə bağlı mübahisələrin həllini vermək çox zaman çətin olur. Buna görə də ədalət anlayışının istifadə olunduğu kontekst həmişə nəzərə alınmalıdır. Başqa sözlə, qayda və qanunların nə dərəcədə ədalətli olduğunu biz vəziyyəti mümkün qədər konkretliyində nəzərə almaqla müəyyənləşdirə bilərik.

Gəlin bunu nümunə əsasında açmağa çalışaq. Təsəvvür edin ki, 900 manatı üç nəfərə ədalətli qaydada verməlisiniz. Bunu necə edərdiniz? İlk ağıla gələn cavab odur ki, hər nəfərə bərabər qaydada 300 manat verərdik. Məbləği bərabər bölüşdürmək cavabı ilkin olaraq burada ona görə uyğun görünür ki, konteksti tam müəyyən etmək üçün əlavə məlumatımız yoxdur. Biz bilmirik ki, həmin o üç nəfərin hərəsinin ortada olan 900 manatın hansı hissəsinə haqqı çatır. Konteksti müəyyən etmək üçün misala belə bir əlavə edə bilərik ki, həmin üç nəfər fəhlədir və siz 900 manatı onlara gördükləri işin müqabilində verməlisiniz. Onda 900 manatı fəhlələr arasında ədalətli bölüşdürmək üçün onların gördüyü işin həcmi nəzərə alınmalıdır. Məsələn, əgər fəhlənin biri digərlərindən iki dəfə az, digər ikisi isə bərabər həcmdə iş görübsə, onda proporsional qaydada hesablama aparmaqla, az işləyən fəhləyə 180 manat, digər ikisinə isə 360 manat verilməlidir. Və ya təsəvvür edə bilərik ki, ortada olan məbləği fəhlələr deyil, ehtiyacı olan insanlar arasında bölməliyik. Bu kontekstdə isə kimin daha çox ehtiyacı var, ona imkan daxilində daha çox düşsün qaydasına əməl edə bilərik. Əlbəttə, bu qaydanı tətbiq etmək üçün gərək biz həmin insanların ehtiyacları barəsində məlumata da malik olaq. Əks halda bu qaydanı tətbiq etməyərək, məbləği ehtiyaclara proporsional olaraq deyil, yalnız sadə şəkildə, bərabər hissələrə bölmüş olası olarıq.

Başqa kontekstlər də təsəvvür etmək olar ki, orada yuxarıda qeyd olunan qaydaların deyil, başqa qaydaların ədaləti təmin edildiyi düşünülsün. Məsələn, biz təsəvvür edə bilərik ki, 900 manat fəhlələr arasında ən yaxşı işləyənlərdən birinə hədiyyə kimi nəzərdən keçirilsin və ya sadəcə kiminsə qismətinə düşəsi olan bir lotoreya uduşu olsun. Belə kontekstlərdə bizə həmin məbləğin bərabər bölünməsini təklif etsələr, onda təklif ədalətli görsənməyə bilər.

Söylənilənlərdən belə bir nəticə çıxarmaq olar ki, haqqını vermək istəyi bizim müəyyən etdiyimiz qaydalarda da əks olunur və biz ədalətli davranmaq üçün kontekstə baxaraq hansı qaydaya uyğun davranası olduğumuzu müəyyən edə bilərik. Ancaq burada bir mühüm məsələ var ki, qayda və ona uyğun (ədalətli) davranış çox zaman intuitiv səciyyə daşıyır və intuisiyalar fərqli olduğundan ədalətli davranışın, əslində, subyektiv səciyyə daşıma ehtimalı yüksəkdir; daha sadə desək, kontekst nə qədər aydın olsa da, haqq anlayışı insandan insana dəyişə bilər və birisi üçün ədalətli görünən davranış, digəri üçün ədalətli görsənməyə bilər. Ancaq yenə də haqq anlayışı yayğın istifadə olunmuş olsa belə, üzərində dayandığımız tərifə əsasən bir daha qeyd etmək yerinə düşər ki, Yustinian kodeksində ədalətin haqqını vermək istəyi kimi verilməsi onun məzmununu kifayət qədər açmış olur. Əlbəttə, daha ətraflı və ortadakı problemləri nəzərə alaraq ədalət konsepsiyası irəli sürmək isə müvafiq sahə ilə məşğul olan filosofların işidir ki, bu barədə də fəlsəfi ədəbiyyatda ətraflı məlumat yerini tapmaqdadır.[4]

[1] Daha ətraflı məlumat üçün bax: Miller, David, “Justice”, The Stanford Encyclopedia of Philosophy (Fall 2021 Edition), Edward N. Zalta (ed.), URL = <https://plato.stanford.edu/archives/fall2021/entries/justice/>.

[2] İstək dedikdə burada, hiss və emosiyalarımızdan və ya yaşamaq üçün zəruri olacaq tələbatlarımızdan birbaşa olaraq motivasiya olan arzuları deyil, normativ səciyyə daşıyan, öhdəliyə bağlı istək nəzərdə tutulur. Əslində, nə qədər qəribə səslənsə də, ədalətli davranışı motivasiya edəcək bu istək bir sıra hallarda davranışı icra edən subyektin arzusuna uyğun olmaya bilər. Məsələn, kiməsə pul borcu olan insan öz maddi tələbatlarına uyğun “kaş ki borcu qaytarmazdım, mənim pulum azdır, borcu verəcəyim insan isə onsuz da çox varlıdır” arzusunda ola bilər, ancaq o, yenə də borcunu qaytarmağın öhdəlik olduğunu anlayaraq onu qaytarar. Başqa sözlə, burada nəzərdə tutduğumuz istək normativ səciyyəlidir və onu acdıqda nəsə yemək, uzunmüddətli əməkdən sonra dincəlmək, çoxlu pula malik olmaq və s. bu kimi qeyri-normativ arzulardan fərqləndirmək lazımdır.

[3] Haqq sözünün Azərbaycan dilindəki çoxmənalılığı bizi çaşdıra bilər (bu sözün fərqli mənaları üçün bax Azərbaycan dilinin izahı lüğəti II cild, Bakı, 2006, səh. 320-321). Bizim istifadə etdiyimiz kontekstdə haqq dedikdə, ədalət baxımından relevant olan davranışın mütabiq qiymətləndirilməsi və ona uyğun davranılması nəzərdə tutulur. Məsələn, əgər ustaya çəkdiyi zəhmətinə uyğun məbləğ ödəyirsinizsə, deməli, onun haqqını vermiş olursunuz. Və ya məhkəmə hakimi təqsirləndirilən şəxsə gördüyü cinayət əməlinə uyğun cəzanı verirsə, deməli onun haqqını (obrazlı desək, bir növ payını) vermiş olur.

[4] Daha ətraflı məlumat üçün bax Raphael, D. D., 2001, Concepts of Justice, Oxford: Clarendon Press.