fbpx

Cəmiyyət

Cəmiyyət

Dekart fəlsəfəsində ruh-bədən dualizmi və problemlər

Read this article on other language
Download article
image_pdf
image_pdf

Ruh və bədənin bir-birindən olduqca fərqli nəsnələr olması, öləndən sonra insanın ruhunun bədəni tərk edərək yaşamağa davam etməsi kimi fikirlər bir çox dinlərdə olduğu kimi, fəlsəfə tarixində də dərin kök salmış fikirlərdəndir. Fəlsəfədə bu dualist fikrin möhkəmlənməsində fransız filosof Rene Dekart (René Descartes, 1596-1650) çox mühüm bir yer tutur. Bu yazıda da biz Dekartın ruh və bədən dualizmi barədə bəhs edəcəyik. Görəcəyik ki, Dekart dualizmi çoxları üçün cəlbedici görünsə də, ciddi problemlərlə üzləşir və əsasən də müasir fizika elmi ilə uyğunsuzluq təşkil edir.

Ruh və maddə substansiya kimi və ruhun bədənlə qarşılıqlı əlaqəsi

Dekart yeni dövr fəlsəfəsinin[1] ilk filosofu sayılmaqla yanaşı, fəlsəfədə ruh və ya zehin konsepsiyalarını inkişaf etdirən olduqca mühüm mütəffəkir hesab olunur. Onun fikrincə, ruh və bədən iki fərqli növ substansiyadır. (Substansiya dedikdə, burada müstəqil şəkildə mövcud ola bilən obyektlər – qələm, top, stol və s. – nəzərdə tutulur. Obyektlərə biz müxtəlif, ancaq onlardan fərqli olaraq, müstəqil mövcud ola bilməyən xüsusiyyətləri aid edirik. Məsələn, qırmızı və yumşaq bir topun rəngi və yumşaqlığı ondan müstəqil olaraq mövcud ola bilməz, ancaq həmin top özü qırmızı və ya yumşaq olub-olmamasından asılı olmayaraq mövcud ola bilər, yəni, topun özü onun xüsusiyyətlərindən fərqli olaraq, sözün burada verilən mənasında substansiyadır.[2]) Dekart hesab edirdi ki, ruh və materiyadan təşkil olunmuş bədən bir-birindən müstəqil olaraq mövcud ola bilər. Buradan belə çıxır ki, ruhun mövcud olması üçün bədənə heç də ehtiyacı yoxdur. Bu fikir bir çox dinlərdə geniş yayılmış insan öləndən sonra onun ruhu yaşayır fikri ilə uyğunluq təşkil edir. Çünki əgər bizim ruhumuz və bədənimiz ayrı növ substansiyalardan təşkil olunubsa, onda onların mövcudluqları üçün birlikdə olmaları da şərt deyil; ruh bədəndən ayrı da mövcudluğunu sürdürə bilər.

Hərçənd, Dekarta görə, hər nə qədər ki insan yaşayır, onun ruh və bədəni bir-biri ilə qarşılıqlı əlaqədədir – yəni, insan yaşadığı müddətcə onun ruhu bədəninə, bədəni isə ruhuna təsir edə bilir. Bəs, bu qarşılıqlı əlaqə necə mümkün olur? Dekartın fikrincə, insan ruhu beyində epifiz vəzi deyilən yerdə oturur və oradan sinir sistemi vasitəsilə həm bədənin müxtəlif yerlərlərindən gələn sinir hərəkətlənmələrini qəbul edir, həm də bədəni idarə etmək üçün ona hərəkətlənmələr ötürür. Başqa sözlə, keçirdiyimiz bütün hiss və emosiyalar (ağrı, yeməyin dadı, sevinc, kədər, darıxma və s.), eləcə də düşüncələr ruhumuzun müxtəlif vəziyyətləri olsa da, onlar həm bədəndən təsirlənir, həm də bədənə təsir edir. Məsələn, əlinizi ocağa yaxınlaşdırsanız, ruhunuz yanğı ağrısı hiss edəcək, ona görə ki, ocaq əlinizin ucundakı sinir hüceyrələrini hərəkətə gətirəcək və bununla beyninizə müvafiq siqnallar gedəcək. Nəhayətdə isə beyində, epifizdə oturmuş ruh həmin hərəkətlənmələri qəbul edəcək və sizin ruhunuz yanğı ağrısını yaşamış olacaq. Bu zaman əks təsir kimi də ruh beyin vasitəsi ilə bədənə təsir edəcəkdir. Yəni, o, yenə də epifiz vəzi vasitəsi ilə beyinə və əlinizə geri hərəkətlənmə göndərəcək və siz əlinizi dərhal ocaqdan geri çəkəcəksiniz.

Maraqlıdır ki, Dekart dualizminə görə, ruh və bədənin bir-birlərinə təsir etmək imkanı olsa da, onlar heç bir ortaq mahiyyətə malik deyil. Ruhun mahiyyəti (atributu), Dekarta görə, düşüncədir ki, o da maddi nəsnələrə qəti aid olmayan bir xüsusiyyətdir. Düşüncə ifadəsi bu kontekstdə yanıldıcı gələ bilər. Ona görə diqqət edin ki, düşüncə (latınca cogitatio) dedikdə, Dekart ancaq oturub nəsə barədə fikirləşməyi və ya götür-qoy etməyi deyil, həm də digər ruhi vəziyyətləri – arzu, emosiya, ağrı və müxtəlif hisslər yaşamağımızı – da nəzərdə tutur. Yəni, “düşüncə” termini Dekart fəlsəfəsində texniki səciyyə daşıyır və adi dildən fərqli olaraq daha geniş mənaya malikdir.[3] (Dekartın düşüncə anlayışının fəlsəfə həvəskarları tərəfindən gündəlik dilin düşüncə anlayışı ilə səhv salması onun məşhur “Cogito ergo sum” – “Düşünürəmsə, deməli, mövcudam” – fikrinin də yanlış anlaşılmasının bir səbəbidir. Bir çoxları elə başa düşür ki, Dekart burada hansısa elmi və fəlsəfi məsələlər barədə düşünməyi, ümumi desək, intellektual fəaliyyəti təbliğ edir və ya yalnız onu mövcudluğumuz barədə nəticəyə gəlməyin əsası sayır. Hərçənd, təkrar olsa da yenə də qeyd edim ki, “düşünürəmsə” dedikdə o, ancaq oturub dərin-dərin düşünməyi deyil, digər ruhi vəziyyətləri də nəzərdə tutur. Sitat gətirdiyimiz cümlədə “düşünürəmsə”nin yerinə “sevinirəmsə” və ya “hirslənirəmsə” qoysaq da, oradan yenə, Dekart fəlsəfəsinə əsasən, mövcud olduğumuzu nəticə kimi çıxarmaq olar: yəni, Dekartın söylədiklərinə uyğun olaraq belə də deyə bilərsiniz: “sevinirəmsə, deməli, mövcudam”, “hirslənirəmsə, deməli, mövcudam” və s. Bu baxımdan, Dekartın düşüncə anlayışı çağdaş fəlsəfədə[4] tez-tez istifadə olunan şüur [ingiliscə: consciousness] anlayışı ilə üst-üstə düşür.)

Material (və ya maddi) substansiyanın mahiyyəti isə, ruhdan fərqli olaraq, yertutumdur (latınca: extensa). Yertutum dedikdə, Dekart ölçüyə – uzunluğa, enə və dərinliyə – malik olmanı nəzərdə tutur. Yertutuma malik olma xüsusiyyətini qısaca məkansallıq kimi də qeyd etmək olar. Ətrafımızda gördüyümüz əşyalar üç ölçülü məkanda yer alır.[5] Və heç bir cismi məkandan kənar təsəvvür etmək mümkün deyil. Başqa sözlə, bütün maddi nəsnələr (ağac, stol, daş və s.) zəruri olaraq yertutuma malikdir.

Problemlər

Dekartın fikrincə, düşüncə və yertutum qarşılıqlı olaraq bir-birini istisna edən mahiyyətlərdir. Bu, o deməkdir ki, düşüncə xüsusiyyətinə malik olan ruhi nəsnə yertutuma, yertutum xüsusiyyətli nəsnə isə düşüncəyə malik ola bilməz. Daha sadə ifadə etsək, heç bir maddi nəsnə düşünə və ya hisslərə malik ola bilməz; həmçinin heç bir ruhi nəsnə məkanda yer alacaq xüsusiyyətlərə malik ola bilməz.

Hər nə qədər maraqlı görsənsə də, bu yanaşma Dekart dualizmi üçün çox ciddi problemlər yaradır. Dekart bir tərəfdən iddia edir ki, ruh və bədən qarşılıqlı olaraq bir-biri ilə əlaqədədir. Digər tərəfdən isə qeyd edir ki, bədənin ruhla ortaq mahiyyəti yoxdur – yəni, bədən maddi dünyanın bir hissəsi olaraq yertutum xüsusiyyətinə malikdir ki, bu da, əksinə, ruhun mahiyyətinə qəti uyğun deyil; ruhda olan düşüncə də maddi nəsnələrə aid deyil. Bu isə belə bir sual doğurur: Bu qədər fərqli mahiyyətlərə malik nəsnələr bir-birinə necə qarşılıqlı təsir edə bilər?

Problemin nə olduğunu yaxından anlamaq üçün gəlin sadə misallardan istifadə edək. Təsəvvür edin ki, hərəkətdə olan A bilyard şarı sabit dayanan digər B bilyard şarı ilə toqquşur və toqquşma nəticəsində A-nın hərəkət sürəti zəifləyir, B isə hərəkətə gəlir. Dekart və onun müasirləri bu və təbiətdə tez-tez rast gəldiyimiz buna oxşar hadisələri belə başa düşürdü: A sürətini itirdi və B şarı ona görə hərəkətə gəldi ki, birbaşa fiziki kontakt nəticəsində A-dan B-yə hərəkət transferi baş verdi. Başqa sözlə, erkən yeni dövr filosof və təbiətşünaslarının fikrincə, cisimlərin bir-birinə təsiri hərəkət transferi nəticəsində mümkündür. Əgər A-da transfer ediləcək hərəkət olmasaydı, fiziki kontakt nəticəsində B hərəkətə gəlməzdi. İndi təsəvvür edin ki, A sürətli şəkildə B-nin yerinə sizə gəlib dəyir və siz ağrı hiss edirsiniz. Yəni, A-nın sizə toxunması ruhunuzda ağrı halının yaranmasına səbəb olur. Bəs, əgər ruhunuzun maddi nəsnə olan A ilə heç bir ortaq xüsusiyyətləri yoxdursa, onda A necə ruhla fiziki kontakta girib onda dəyişikliyə səbəb ola bilər? Dekart tərəfdarı birisi deyə bilər ki, A-nın bədənimə toxunması nəticəsində ondan bədənimə hərəkət transferi baş verir və bu transfer sinir sistemim vasitəsi ilə epifiz vəzində oturan ruhuma ötürülür, nəticədə isə mən ağrı hiss etmiş oluram. Ancaq diqqət edin ki, bu cavabla problemin həllini vermək mümkün deyil. Çünki onda belə bir sual yaranacaq ki, maddi təbiətin bir hissəsi olan epifiz vəzinin ruhunuza təsiri və ya ruhumuzun həmin vəzə təsiri necə mümkündür? (Axı vəz və onun kiçik hissəcikləri də maddi nəsnə olduğundan ruhla ortaq mahiyyətə malik deyil.) Yəni, biz burada əslində elə əvvəlki suala qayıtmış oluruq: əgər epifizlə ruh (biri maddi, digəri isə qeyri-maddi olaraq) ortaq xüsusiyyətlərə malik deyillərsə, onda onlar arasında qarşılıqlı təsir necə baş verə bilər?

Dekart dualizminin daha bir problemi onun fizikanın bir sıra qanunları ilə uyğunsuzluq təşkil etməsidir. Müasir elm bizə deyir ki, təbiət səbəbiyyət baxımından qapalı sistemdir. Bu, o deməkdir ki, təbiətdə baş verən hər hansı bir hadisənin səbəbi başqa bir təbii hadisədir; təbiət qanunlarına görə, qeyri- və ya fövqəl-təbii hadisə təbiət hadisəsinin səbəbi ola bilməz. Bu məsələ fizikada saxlanma qanunlarında (ingiliscə: conversation principles) əks olunub. Məlumdur ki, kütlə enerjiyə və enerji kütləyə çevrilə bilər. Ancaq hər bir halda kainatda olan kütlə və enerjinin miqdarı sabitdir. Qeyri-maddi ruh və bədən arasında qarşılıqlı təsir olduğunu iddia etmək isə fizikanın ən azı bu qanunları ilə uyğunsuzluq təşkil edir. Çünki qeyri-maddi ruhun bədəni idarə etdiyini, onu hərəkətə gətirdiyini iddia etmək təbii hadisələrə təbiətdən kənar müdaxilənin baş verdiyini iddia etməkdir. Buradan isə fizika əleyhinə belə bir  nəticə çıxır ki, kainatdakı kütlə və enerjinin miqdarı sabit deyil və ya təbiət qapalı sistem deyil, çünki qeyri-maddi kənar müdaxilə ilə miqdar artıb-azala bilər.

Sonrakı təsiri

Dekartın ruh və bədənlə bağlı baxışının problemli olmasına baxmayaraq, kütlə arasında geniş yayılmış dini görüşlərə uyğun olması, eləcə də yeni dövrün bir çox digər filosofları üçün cəlbedici görsənməsi səbəbindən o, uzun müddət heç də öz aktuallığını itirməmişdi. Qoylinks (Geulincx), Malbranş (Malebranche), Laybnis (Leibniz) və yeni dövrün digər tanınmış filosofları Dekartdan təsirlənərək onun dualizminin üzləşdiyi problemlər üzərində düşünmüş və yeni həllər təklif etmişdilər. Bu həllər əsasında ortaya hər nə qədər fərqli nəzəriyyələr çıxsa da, onlarda Dekart izini görmək mümkündür. Bundan əlavə, qeyd edim ki, Dekart dualizminin tərəfdarlarının sayı indi az olsa da, Suinbörn (Swinburne)[6] və Foster[7] kimi bizim müasirimiz olan filosoflar onun nəzəriyyəsinə bənzər dualist nəzəriyyələr ortaya qoyublar.

[1] Yeni dövr fəlsəfəsi (ingiliscə “modern philosophy”) XVII əsrdən başlayaraq XX əsrin əvvəllərinə qədərki dövrü əhatə edir.

[2] Əslində, Dekarta görə, sözün ciddi mənasında yeganə substansiya Allahdır, çünki yanlız o, tam müstəqil mövcudluğa malikdir. Digər nəsnələr isə o mənada substansiya hesab oluna bilər ki, onların mövcudluğu Allahdan başqa heç nədən asılı deyil.

[3] Bax Cottingham, R., Stoothoff and D. Murdoch (eds.), The Philosophical Writings of Descartes (2 vols., Cambridge: Cambridge University Press, 1985, Vol II, 19.

[4] Çağdaş fəlsəfə dedikdə, XX-XXI əsrin əvvəllərini əhatə edən və hələ də davam edən dövrün fəlsəfəsi nəzərdə tutulur.

[5] Çağdaş fizika nəzəriyyələrinə görə məkan daha çox ölçülüdür. Ancaq burada o detallara getməyə ehtiyac görmürəm.

[6] Bax Swinburne, R. (1994) Body and Soul. In: R. Warner and T. Szubka (eds.) The Mind-Body Problem: A Guide to the Current Debate. Oxford: Blackwell, 311–316.

[7] Bax Foster, J. (1991) The Immaterial Self: A Defense of the Cartesian Dualist Conception of the Mind. London: Routledge.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.