fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Tomas Mann: Almaniyaya məktub. (Niyə Almaniyaya qayıtmıram?)

Read this article on other language
Download article
image_pdf
image_pdf

1945-ci ilin avqustunda yazıçı Valter von Molo ABŞ-da mühacirətdə yaşayan Tomas Manna yazdığı açıq məktubda ona  Hitler sonrası Almaniyaya geri qayıtmaq üçün çağırış edir. Tomann Mann buna cavab olaraq yazdığı açıq məktubda niyə Almaniyaya qayıtmayacağını izah edir və almanlara yönəltdiyi kollektiv günahkarlıq ittihamı ilə Almaniya ictimaiyyətində ¨böyük mübahisə¨ kimi əks-səda doğurmuş müzakirələr, qarşılıqlı ittihamlar, hətta Tomas Manna ünvanlanmış ölüm hədələri dalğasına rəvac verir. Bakı Araşdırmalar İnstitutu İkinci Dünya Müharibəsi sonrası Almaniyasında ədəbiyyatın və ümumiyyətlə ictimai fikrin vacib mətnlərindən olan bu məktubu almancadan tərcümədə sizə təqdim edir.

Tərcüməçi: Tinay Muşdiyeva

Tomas Mann Valter von Moloya, 2.–9.9.1945

Hörmətli cənab von Molo,

Çox səmimi bir doğum günü təbrikinizə görə, bundan əlavə alman mətbuatına verdiyiniz mənə ünvanlanmış və bəzi çıxarışlarda Amerika mətbuatına da çatmış açıq məktub üçün sizə təşəkkür borcluyam. Orada şəxşi yazışmada olduğundan daha güclü və israrlı şəkildə mənim Almaniyaya qayıtmağımla və orada yaşamağımla -– ‘məsləhət və əməllə kömək üçün’ – bağlı istəyiniz, hətta öhdəlik aşılayan tələbiniz ifadə olunur. Mənə bu çağırışı edən tək siz deyilsiniz; Rusiyanın nəzarətində olan Berlin radiosu və Almaniyanın birləşmiş demokratik partiyalarının orqanı da bu çağırışı mənə yönəldiblər, mənə deyildiyi qədər bunun xüsusi vurğulanan əsaslandırması da mənim “Almaniyada görməli olduğum tarixi bir iş” olduğu iddiasıdır.

Əslində indi sevinməliyəm ki, Almaniya məni yenidən istəyir – təkcə kitablarımı deyil, insan və şəxsiyyət olaraq mənim özümü. Ancaq bu müraciətlərdə mənim üçün narahatedici, ürəyimi sıxan bir şey də var, onlardan mənim üstümə məntiqsiz, hətta ədalətsiz, yaxşı düşünülməmiş olan bir şey yönəlir. Siz çox yaxşı bilirsiniz ki, əziz cənab von Molo, bu gün Almaniyada bədbəxt xalqımızın özünü gətirdiyi bu az qala ümidsiz vəziyyətdə ‘məsləhətlə və əməllə kömək’ nə bahasınadır; və artıq qocalmış bir adamın – ki, macəralı zaman da onun ürək əzələlərinə öz tələblərini bildirir – ordakı insanların əyilmiş qədlərinin – sizin də çox təsirli şəkildə təsvir etdiyiniz kimi – düzəldilməsinə birbaşa, şəxsən, ətdən və qandan olaraq çox töhfə verə biləcəyi mənə xeyli tərəddüdlü gəlir.  Bu, sözgəlişi deyilmiş olsun. O müraciətlərdə mənə yaxşı düşünülməmiş görünən isə həm də ‘geri qayıdışım’ın qarşısında duran texniki, vətəndaş və emosional çətinliklərdir.

Bəs bu on iki il və nəticələri silib atılmalıdırmı və onlar olmayıbmış kimi davranmaq olarmı? Otuz üçüncü ildə öyrəşdiyin həyat tərzini, evini və ölkəni, kitablarını, xatirələrini, mülkünü itirməyin, bunları müşayiət edən vətəndəki utancverici hadisələrin, sıxışdırmaların, imtinaların şoku onsuz da kifayət qədər ağır idi və nəfəs kəsirdi.

Heç vaxt Münxendə Vaqner haqqında yazıma görə əleyhimə savadsız və xaincəsinə təşkil olunmuş radio və mətbuat ovunu unutmayacağam, hansı ki, mənə qayıdış yolunun bağlandığını hələ təzəcə tam başa düşməyə imkan verdi; söz tapmaq çabalamaları, yazmaq, cavab vermək, özünü izah etmək cəhdləri, dünyadan köçmüş çoxlu dostlardan biri olan René Schickele’nin bu boğuq monoloqları adlandırdığı kimi – ‘Gecəyə Məktublar’.

Bundan sonra olanlar da olduqca ağır idi, ölkədən – ölkəyə sərgərdan həyatı, pasport qayğıları, mehmanxana həyatı və bütün bunlar olarkən itirilmiş, vəhşiləşmiş, tamamilə yadlaşmış ölkəndən hər gün gəlib qulağını dələn rüsvayçılıq hekayələri. Sizin hamınız –“xarizmatik rəhbərə” (başıdumanlı sərxoşluğun dəhşətinə bax!) sədaqət andı içənlər və Göbbelsin rəhbərliyi altında mədəniyyətlə məşğul olanlar – bütün bunlardan keçməmisiniz. Mənim canımı qurtara bildiyim daha pis şeylərin sonradan sizin başınıza gəldiyini unutmuram; amma siz bunları bilməmisiniz: sürgünün nəfəssizliyi, köklərindən qoparılma, vətənsizliyin əsəbi qorxusu.

Bəzən sizlərin bəhrələndiyiniz üstünlüklərə görə qəzəblənirdim. Mən bunda həmrəyliyin inkarını görürdüm. Əgər o vaxt alman intelligensiyası, bir adı və dünyada adı olan hər kəs – həkimlər, musiqiçilər, müəllimlər, yazıçılar, sənətçilər – bir nəfər kimi o rüsvayçılığa qarşı ayağa qalxsaydılar, ümumi etiraz elan etsəydilər, ölkəni tərk etsəydilər, bunun təsiri olacaqdı, xaricdə və daxildə bəzi şeylər olanlardan daha fərqli ola bilərdi. Fərdlər, əgər təsadüfən yəhudi deyildilərsə, hər dəfə özünü belə bir sual qarşısında tapırdılar: “Əslində niyə də olsun? Başqaları onlara qoşulur axı. Bu, o qədər təhlükəli ola bilməz də.”

Deyirəm: bəzən qəzəblənirdim. Ancaq ən gözəl günlərinizdə belə orada oturan sizlərə heç vaxt həsəd aparmamışam. Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını və tezliklə əriyib yox olacağını çox yaxşı bilirdim. Həsəd apardığım ünsiyyəti ilə ilk həftələrdə və aylarda mənə təsəlli və güc verən Herman Hesse idi; həsəd aparırdım ona görə ki, o, artıq çoxdan azad idi, vaxtında olduqca dəqiq bir əsaslandırma ilə özünü ordan ayırmışdı: “Böyük, zəngin, vacib bir xalqdır almanlar, bunu kim inkar edir? Bəlkə də torpağın duzudurlar. Ancaq siyasi bir millət olaraq – dəhşətdirlər! Və beləsi olaraq mənim onlarla həmişəlik hər hansı əlaqəmin qalmasını istəmirəm.” Beləcə Montanyolodakı evində gözəl rahatlığında yaşayırdı və bağçasında çaşqın qonağı ilə boçça oynayırdı.

Sonra yavaş – yavaş hər şey yoluna və nizama düşdü. İlk sığınacaqlar tapıldı, Fransada, sonra İsveçrədə; itmişlik hissi nisbətən sakitləşmə, oturaqlıq, aidliyə keçid etdi, əldən qalmış, artıq məhv olmuş kimi görünən işimin qulpundan yenidən yapışdım. İsveçrə ənənəsinə görə, qonaqpərvər, lakin təhlükəli dərəcədə güclü qonşunun təzyiqi altında yaşayan və əxlaqi səviyyəyə qədər bitərəflik öhdəliyi olan bir ölkə öz hökuməti ilə arası pis olan, sənədsiz qonağın varlığından həmişə bir çaşqınlıq və narahatlıq hiss etdirirdi, və anlaşılan olaraq ’nəzakət’ tələb edirdi. Sonra Amerika Universitetinə çağırış gəldi və bu nəhəng azad ölkədə birdən-birə “nəzakət” söhbəti artıq bitdi və ortada açıq, çəkinmədən, nümayişkaranə göstərilən sevincli, gizlədilməyən,  „Thank you, Mr. Hitler!“  devizi altında bir mehribanlıqdan başqa heç nə qalmadı. Mənim, hörmətli cənab von Molo, bu ölkəyə minnətdar olmaq və ona minnətdarlığımı göstərmək üçün bir xeyli səbəbim var.

Bu gün mən Amerika vətəndaşıyam və Almaniyanın qorxunc məğlubiyyətindən xeyli əvvəl, ictimai şəkildə və şəxsi olaraq Amerikaya heç vaxt arxa çevirmək niyyətində olmadığımı bəyan etmişəm. Uşaqlarım – onlardan iki oğlum bu gün də Amerika ordusunda xidmət edir – bu ölkədə kök atıblar, ətrafımda ingilis dilində danışan nəvələr böyüyür. Mən özüm də artıq bir çox cəhətdən bu torpaqlarda lövbər salmışam, Vaşinqton ilə, Birləşmiş Ştatların məni fəxri dərəcələri ilə təltif edən əsas universitetləri ilə fəxri əlaqələrim var, iqlimi yaşıma yaxşı gələn bu möhtəşəm, gələcək ilə nəfəs alan sahildə evimi qurmuşam və onun himayəsində, hər yeni günəşli gün, ətrafımdakı ağ işıqlı dünyanın hər bir rəngli parıltısı üçün minnətdarlıq duyaraq – özümü bu möhtəşəmlik, ağıl, bolluq və əmin-amanlıq atmosferinin bir hissəsi hiss edə-edə – həyatımın əsərini tamamlamaq istəyirəm.

Düzünü desəm: məhrumiyyətlərini dibinə kimi dadmışkən qəribə bəxtimin üstünlüklərindən bəhrələnməmək üçün səbəb görmürəm. Mən bunu məhz ona görə görmürəm ki, alman xalqına nə xidmət göstərəcəyimi – və bunu niyə elə Kaliforniyadan edə bilməməli olduğumu – başa düşmürəm.

Olan hər şeyin belə olması mənim əl işim deyil. Qətiyyən və heç cür deyil! Olanlar alman xalqının – ondan bəzi şeyləri qəbul edəcək, bəzi şeylərə dözəcək qədər qəribə, faciəvi-maraqlı bir xalqın –  xarakterinin və taleyinin nəticəsidir. Ancaq onda bunun nəticələrini də qəbul etmək və hər şeyi banal bir “Qayıt, hər şey bağışlandı!” ilə bitirmək istəməmək lazımdır.

Müştəbehlik məndən uzaq olsun! Biz xaricdəkilər üçün fəzilətli olmaq və Hitlerə sözümüzü demək asan idi. Daş atmıram heç kimə. Mən sadəcə çəkingənəm və kiçik uşaqlar haqqında deyildiyi kimi, ‘yadlardan hürkür’əm. Bəli, bütün bu illər ərzində Almaniya mənim üçün xeyli yadlaşıb. Razılaşmalısınız ki, bu, qorxulu bir ölkədir. Etiraf edirəm ki, mən alman xarabalıqlarından – daş və insan xarabalıqlarından – qorxuram. Və əmin deyiləm ki, ifritələr orgiyasını kənardan izləmiş biri ilə şeytanın çaldığını oynamış sizlərin bir-birini başa düşə bilməsi elə də asan olacaq. İndi Almaniyadan mənə gələn uzun illər səssiz qalmış sədaqət izharları ilə dolu məktublara necə hissiz qala bilərdim! Bunlar mənim qəlbim üçün əsl sevinc həyəcanlarıdır, çox təsirlidir. Ancaq bu məktublarla bağlı sevincimi azaldan şey təkcə Hitler qalib gəlsəydi, onların heç birinin yazılmayacaq olması düşüncəsi deyil, həm də onlarda sezilən müəyyən bir başa düşməzlik, hissizlikdir ki, bu həm də elə sanki o on iki il heç olmayıbmış kimi birdən-birə yenidən əlaqə saxlamanın sadəlövh birbaşalığında hiss olunur. Arada kitablar da gəlir. Etiraf edimmi ki, onları görmək mənə xoş deyil və onları tezcə kənara qoyuram?

Xurafat kimi görünə bilər, amma 1933-cü ildən 1945-ci ilə qədər Almaniyada ümumiyyətlə çap oluna bilmiş kitablar mənim üçün dəyərsizdir və düşünürəm ki, onları əlimə götürmək lazım deyil. Onlara hopmuş bir qan və utanc qoxusu var; onların hamısı cırılıb atılmalıdır.

Ətrafda bildiyimiz o şeylər baş verərkən Almaniyada “mədəniyyət”lə məşğul olmaq yolverilməz, qeyri-mümkün olmalı idi. Bu, rəzilliyi gözəl göstərmək, cinayəti bəzəmək demək idi. Bizim əzablarımızdan biri də alman ruhunun və alman sənətinin davamlı olaraq mütləq rəzilliyi ört-basdır etmək və ona kömək etmək üçün özünü onların sərəncamına verməsinə tamaşa etmək idi. Hitler Bayreutu üçün Vaqner dekorasiyaları tərtib etməkdən daha şərəfli məşğuliyyətlər mövcud idi – qəribədir ki, bunu sanki heç kim hiss etmir. Göbbelsin icazəsi ilə Macarıstana və ya başqa bir Alman-Avropa ölkəsinə getmək və ağıllı mühazirələrlə Üçüncü Reyx üçün mədəni təbliğat aparmaq – bunun biabırçılıq olduğunu demirəm, mən sadəcə bunu başa düşmədiyimi və bəziləri ilə yenidən görüşməkdən qorxduğumu deyirəm.

Hitler tərəfindən göndərilib Sürixdə, Parisdə və ya Budapeştdə Bethovenin əsərlərinə dirijorluq edən bir dirijor özünü ədəbsiz bir yalanın – sadəcə musiqiçi olduğunu və musiqi ilə məşğul olduğunu, bundan başqa bir şey etmədiyini bəhanə edərək – günahkarına çevirmiş olur. Ancaq hər şeydən əvvəl bu musiqi artıq vətəndə də yalan idi. Bethovenin Fideliosu, Almaniyanın qurtuluş günü üçün yaradılmış bu bayram operası bu 12 ildə Almaniyada necə qadağan olunmaya bilərdi? Onun qadağan edilməməsi, əksinə, yüksək səviyyədə tamaşaya qoyulması, onu oxuyan müğənnilərin, ifa edəcək musiqiçilərin, dinləyəcək tamaşaçıların tapılması skandal idi. Nə qədər küt olmaq lazımdır ki, Himmlerin Almaniyasında Fidelionu əllərinlə üzünü örtüb özünü zaldan bayıra atmadan dinləyə biləsən!

Bəli, indi Amerikalı “serjant” və “leytenant”ların vasitəçiliyi ilə qəribə, ürküdücü vətəndən çoxlu məktub gəlir – təkcə əhəmiyyətli adamlardan deyil, həm də gənc və sadə insanlardan və qəribəsi budur ki, onlardan heç kim mənə tezliklə Almaniyaya qayıtmağı məsləhət görmür. “Olduğunuz yerdə qalın!”- onlar sadəcə deyirlər. “Ömrünüzün axşamını yeni, daha xoşbəxt vətəninizdə keçirin! Bura çox kədərlidir …” Kədərli? Təki sadəcə bu olardı, bundan başqa qaçılmaz olaraq davamlı nifrət və düşmənçilik olmazdı. Bu yaxınlarda amerikan tərəfdən bir növ qənimət olaraq bir alman jurnalının köhnə bir sayını aldım: “Volk im Werden”, mart 1937, Hanseatische Verlagsanstalt Hamburg, yüksək vəzifəli bir nasist professoru və doktorunun redaksiyası altında çıxıb. Onun adı tam olaraq Krieg (müharibə) deyildi, amma Krieck idi, ck ilə. Oxumaq qorxunc idi. Öz özümə dedim ki, 12 il boyu bu kimi uyuşdurucularla yemlənmiş insanlar arasında yaxşı yaşamaq mümkün deyil. Özümə dedim ki, şübhəsiz ki, sənin orada çoxlu yaxşı və sadiq dostların olacaq, yaşlılardan və gənclərdən; amma həm də çoxlu gizli düşmənin olacaq – düzdür, məğlub düşmənlər, amma bunlar ən zalım və ən zəhərli olanlarıdır.

Amma yenə də, əziz cənab von Molo, bu məsələnin yalnız bir tərəfidir; onun digər tərəfi də öz haqqını istəyir: söz haqqını. Almaniyadan birbaşa və ya dolayı yolla aldığım hər xəbərə göstərdiyim dərin maraq və həyəcan, onları böyük dünyanın – Almaniyanın ikinci dərəcəli taleyinə qarşı tam laqeydliklə indi özünü yenidən qurmaqda olan böyük dünyanın –  bütün xəbərlərindən üstün tutmağımdakı qətiyyətlilik mənə hər gün yenidən xatırladır ki, məni ‘vətəndaşlıqdan məhrum edən’ bu ölkə ilə necə qırılmaz bağlarla bağlıyam. Amerikalı bir dünya vətəndaşı – çox yaxşı. Amma necə dana bilərəm ki, mənim köklərim ordadır, yada olan bütün məhsuldar heyranlığıma baxmayaraq alman ənənəsində yaşayıram və yaradıram, zaman mənim əsərimin böyük alman irsinin çürük və yarıparodik bir əks-sədasından başqa bir şey olmasına icazə verməsə belə.

Heç vaxt özümü alman yazıçı kimi hiss etməyim dayanmayacaq, mən, hətta kitablarımın yalnız ingilis dilində canlı qaldığı illərdə belə alman dilinə sadiq qaldım – dilimi dəyişdirmək üçün çox qoca olduğum üçün yox, həm də əsərimin alman dili tarixində təvazökar bir yerə malik olduğunu bildiyim üçün. Almaniyanın ən qaranlıq günlərində yazılan, sizə bir neçə nüsxədə qaçaq yolla gedib çıxmış Qöte haqqında romanımı unutmaq və üz çevirmə nümunəsi adlandırmaq olmaz. Bunu deməyimə də ehtiyac yoxdur: “Lakin dinclik saatlarından utanıram mən, sizlə birgə əzab bir qazanc idi”. Almaniya mənə heç vaxt dinclik verməyib. Mən “sizlə birgə əzab” çəkdim və Bonna yazdığım məktubda narahatlıq və əzabdan, ruh və düşüncə möhtaclığımdan danışanda və ‘dörd ildən bəri bircə saatımın belə bunlarsız olmadığını və sənətimi hər gün bunlara rəğmən ayaqda tutmağa məcbur olduğumu’ deyəndə heç də mübaliğə etmirdim. Çox vaxt heç onu ayaqda tutmağa belə çalışmırdım. Almaniyaya göndərilən yarım yüz radio mesajı (bəlkə daha çox idi?) ki, indi İsveçdə çap olunur – bu davamlı təkrarlanan çağırışlar, mənim üçün çox vaxt başqa işlərin “sənətdən” daha təcili olduğuna şahidlik edə bilər.

Bir neçə həftə əvvəl Vaşinqtondakı Konqres Kitabxanasında “Almaniya və almanlar” mövzusunda mühazirə oxudum. Onu alman dilində yazmışam və 1945-ci ilin iyununda yenidən nəşr olunan “Neue Rundschau”nun növbəti sayında çap olunacaq. Bu, təhsilli amerikan publikasına Almaniyada hər şeyin niyə belə ola bildiyini izah etmək üçün psixoloji bir cəhd idi və dəhşətli bir müharibənin bitməsindən qısa müddət sonra bu izləyicilərin mənim izahatlarımı necə bir sakit anlayışla qarşıladıqlarına heyran qaldım. Mənim üçün, əlbəttə ki, yerinə düşməyən bir apologiya ilə mənə yaraşmayacaq danma arasında yol tapmaq asan deyildi; amma bu, az-çox alındı. Mən yer üzündə tez-tez şərdən xeyir yaranması kimi bir mərhəmətli paradoksdan və xeyirdən də tez-tez şərin doğduğu şeytani paradoksdan danışdım.

Qısaca Almaniyanın “daxili həyatının” tarixini danışdım. Biri xeyir, digəri şər olan iki Almaniyanın olması nəzəriyyəsini rədd etdim. Mən izah etdim ki, şər Almaniya yolunu azmış xeyirdir, bədbəxtlikdə, günahda və məhvdə itib-batmış xeyirdir. Mən pis vərdişin izi ilə gedərək özümü ağ paltarlı xeyir, alicənab, adil Almaniya olaraq təqdim etmək üçün orada deyildim. Dinləyicilərimə Almaniya haqqında deməyə çalışdıqlarımdan heç nə yad, soyuq, tərəfsiz bilikdən qaynaqlanmır; bütün bunlar mənim də içimdə var, bütün bunları öz cismimdə yaşamışam.

Həmrəylik ifadəsi dediyimiz bu ola bilər – ən riskli məqamda. Nasional-sosializm ilə həmrəylik yox, heç bir halda. Ancaq sonda ona qurşanıb, şeytan ilə sövdələşməyə gedən Almaniya ilə həmrəylik. Şeytanla sövdələşmə çox qədim bir alman nəfs sınağıdır və son illərin ağrılarından – Almaniyaya görə ağrılardan – bəhs edəcək bir alman romanının mövzusunu, mənə elə gəlir, bu qorxunc vəd təşkil etməlidir. Ancaq ən böyük şeirimizdə belə, iblis sonda bir nəfər Faustun ruhu ilə bağlı aldanmış olur və biz Almaniyanı şeytan aparıb fikrinə düşməməliyik.  Mərhəmət bütün qanla yazılmış razılaşmaların fövqündədir. Mən ona inanıram və Almaniyanın gələcəyinə inanıram, onun bu günü nə qədər çarəsiz, onun xarabalıqları nə qədər ümidsiz görünsə belə. ‘Almaniyanın tarixinin sonu’ haqqında söhbətləri dayandırmaq lazımdır! Almaniya Hitlerin adını daşıyan qısa və qaranlıq tarixi epizod ilə eyniləşdirilə bilməz. O, Bismarkın qısa Prussiya-Alman imperiyası erası ilə də eyni şey deyil. O, həm də heç tarixinin Böyük Fridrixin adına yazıla biləcək sadəcə iki əsri əhatə edən hissəsi ilə də eyniləşdirilə bilməz. O, yeni bir şəkil almaq üzrədir, yeni dəyişikliklər və keçidlərin ilk ağrılarından sonra daha çox xoşbəxtlik və həqiqi ləyaqət vəd edə biləcək, millətin ən özünəməxsus ehtiyacları üçün əvvəlkindən daha əlverişli ola biləcək yeni bir həyat vəziyyətinə keçmək üzrədir.

Məgər dünya tarixi sona çatıb? O, əslində xeyli enerjili şəkildə hərəkətdədir və Almaniyanın tarixi də onun içindədir. Doğrudur, güc siyasəti bizə şişirdilmiş gözləntilərlə bağlı ciddi xəbərdarlıqlar etməyə davam edir; ancaq qaçılmaz və zəruri olaraq 19-cu əsrin milli fərdiliyinin ortadan qalxacağı və sonda həqiqətən də yox olacağı bir dünya vəziyyəti istiqamətində ilk cəhd addımlarının atılacağına hələ ümid qalmayıbmı?  Dünya iqtisadiyyatı, siyasi sərhədlərin əhəmiyyətinin azalması, ümumiyyətlə, dövlət həyatının müəyyən dərəcədə siyasətsizləşdirilməsi, bəşəriyyətin öz praktiki birliyinin fərqində olması, dünya dövləti ilə bağlı ilk baxışlar – uğrunda böyük mübarizənin getdiyi, burjua demokratiyasını aşan bütün bu sosial humanizm alman ruhuna necə yad və zidd ola bilər? Onun dünyadan çəkingənliyində həmişə o qədər çox dünya həsrəti olub ki; onu pisə çevirən yalqızlığının təməlində – kim bunu bilmir ki –  sevmək istəyi, sevilmək istəyi durur. Almaniya qaranlıq və nifrəti qanından çıxartsın, sevgisini yenidən kəşf edəcək, seviləcək. Hər şeyə baxmayaraq o, böyük dəyərləri olan, insanlarının çalışqanlığına və dünyanın köməyinə güvənə bilən bir ölkə olaraq qalır və ən çətin olan arxada qaldıqda onu nailiyyətlərlə və hörmətlə zəngin yeni bir həyat gözləyir.

Əziz cənab von Molo, cavabımda çox uzaqlara gedib çıxdım. Üzrlü bilin! Almaniyaya gedən məktuba çox şeyi sığdırmaq istədim. Həmçinin də bunu: köhnə qitənin torpağını ayaqlarımın altında yenidən hiss etmək arzusu – Amerika adlı ərköyünlüyümə baxmayaraq – mənim nə gündüzlərimə, nə də gecələrimə yaddır və vaxtı gəldikdə, hələ həyatda olsam, nəqliyyat şəraiti və hörmətli səlahiyyət idarələri buna icazə versə, o tərəfə gəlmək istəyirəm. Artıq orda olanda isə – ürəyimə damıb – çəkingənlik və yadlıq, cəmi on iki ilin bu məhsulları  daha uzun – minillik – xatirələri öz tərəfində saxlayan cazibə qüvvəsinin qarşısında dura bilməyəcək. Allahın iradəsi olarsa, görüşənədək!

Sizin Tomas Mann

7 sentyabr, 1945-ci il.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.