fbpx

iqtisadiyyat

iqtisadiyyat

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici iqtisadi əlaqələri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Mündəricat

Giriş

  1. Xarici iqtisadi əlaqələr sahəsində qanunvericilikdə baş verən dəyişikliklər
  2. Xarici ticarətin strukturu və dinamikası
  • İdxalın strukturunun və dinamikasının analizi
  • İxracın strukturunun və dinamikasının analizi
  • Xarici ticarət balansının saldosu
  1. Tədiyyə balansı: əsas meyllər
  • Cari əməliyyatlar hesabının analizi
  • Maliyyə hesabının analizi
  • Tədiyyə balansının ümumi saldosu
  1. Xarici iqtisadi əlaqələrdə müşahidə olunan əsas tendensiyalar

1.Xarici iqtisadi əlaqələr sahəsində qanunvericilikdə baş verən dəyişikliklər

2018-ci llin 9 ayı ərzində qanunvericilikdə xarici iqtisadi fəaliyyət iştirakçıları üçün maraqlı ola biləcək 3 mühüm sənəd qəbul edilib:

1) Mərkəzi Bankın 26 fevral 2008-ci il tarixli 4/1 saylı Qərarına əsasən “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilib[i]. Həmin dəyişikliyə qədər idxalatçı təsərrüfat subyektləri əvvəlcədən ödəniş etdiyi malların idxalını təsdiq edən gömrük bəyannaməsini 180 gün ərzində müvəkkil banka təqdim edtməli idi. Yeni dəyişiklikdən sonra isə həmin müddət 90 gün uzadılaraq 270 günə çatdırılıb.

2) Nazirlər Kabinetinin 25 iyun 2018-ci il tarixli 276 saylı qərarı ilə ixrac təşviqi olunan qeyri-neft məhsullarının siyahısı genişləndirilb[ii]. Quş yumurtası, qabığı təmizlənmiş meşə fındığı, zeytun yağı və onun fraksiyaları, meyvə çaxırları, o cümlədən nar çaxırı (üzüm şərabları istisna olmaqla) da həmin siyahıya daxil edilib. Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarına əsasən qeyri-neft məhsullarının ixracını stimullaşdırmaq məqsədilə həmin məhsulların ixracatçılarına dövlət büdcəsindən təşviq vəsaiti ödənir. Ödənilən məbləğ ixrac əməliyyatlarının bəyannamədə nəzərdə tutulan gömrük dəyərinin 3% faizi səviyyəsində müəyyən olunub. Lakin qərara əsasən 3% baza həddidir və ayrı-ayrı məhsullar üzrə həmin həddə əmsallar tətbiq edilir. Məsələn, əgər qərarda hansısa məhsul üçün artırıcı əmsal 2 müəyynləşdirilibsə, bu halda ixracatçı həmin məhsulun gömrük dəyərinin 6%-i qədər büdcədən vəsait ala biləcək. Nazirlər Kabinetinin son qərarı ilə quş yumurtası və zeytun yağı (onun fraksiyaları) üçün artırıcı əmsal 1.5, meyvə çaxırları, o cümlədən nar çaxırı üçün 2, qabığı təmizlənmiş meşə fındığı üçün isə 1 müəyyən edilib. Yəni, ilk 2 məhsulun ixracatçıları ixrac dəyərinin 4.5%-i, meyvə çaxırlarının ixracatçıları 6%-i, qabığı təmizlənmiş meşə fındığı ixracatçıları isə 3%-i səviyyəsində büdcədən təşviq ödəməsii ala biləcəklər.

3) Ölkə prezidentinin 28 iyun 2018-ci il tarixli sərəncamı ilə “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı” təsdiqlənib[iii]. Plana əsasən müvafiq qrafiklər üzrə aşağıdakı addımların atılması müəyyənləşdirilib:

  • İdxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sisteminin tətbiqi- 1 dekabr 2018-ci ilədək;
  • Gömrük prosedurlarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsi prosesində “Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında sənəd mübadiləsinin təkmilləşdirilməsi -1 sentyabr 2018-ci ilədək;
  • Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsi vasitələrinə birgə nəzarət – 1 avqust 2018-ci ilədək;
  • Gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə görə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin və ya qısa ixrac bəyannaməsinin yalnız elektron formada təqdim edilməsi (fiziki şəxslərin istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirməsi halları istisna olmaqla) – 1 yanvar 2019-cu ilədək;
  • İdxal edilən mallara şamil olunan gömrük ödənişlərinin hesablanması məqsədilə sahibkarlar üçün interaktiv elektron kalkulyator xidmətinin Dövlət Gömrük Komitəsinin internet portalında təşkili – 1 yanvar 2019-cu ilədək
  • xarici ticarət fəaliyyətinin iştirakçılarına gömrük rəsmiləşdirilməsinin bütün mərhələlərində yüklər haqqında sms-məlumatların göndərilməsi – 1 yanvar 2019-cu ilədək;
  • Gömrük prosedurlarında operativliyi təmin etmək üçün “elektron növbə” sisteminin tətbiqi – 1 yanvar 2019-cu ilədək;
  • Gömrük sərhəd-keçid məntəqələrindən mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi məqsədilə beynəlxalq standartlara uyğun nəzarət avadanlığının tətbiqi – 1 yanvar 2019-cu ilədək;
  • Aşağı risk qrupunda olan xarici ticarət fəaliyyətinin iştirakçıları üçün gömrük və vergi orqanlarının sadələşdirilmiş gömrük prosedurları müəyyən etməsi -1 dekabr 2018-ci ilədək;
  • İdxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsi mexanizmlərinin təkmilləşdirilməsi -1 dekabr 2018-ci ilədək;
  • Kənd təsərrüfatı mallarının ixracı prosedurlarının sadələşdirilməsi – 1 oktyabr 2018-ci il.

Bunlardan əlavə, 2018-ci ilin 1 oktyabrından gec olmayara beynəlxalq təcrübə nəzərə alınmaqla xarici ticarətin gömrük statistikasının təkmilləşdirilməsi də Tədbirlər Planında nəzərdə tutulub.

2. Xarici ticarətin strukturu və dinamikası[iv]

2018-ci ilin 9 ayının yekunlarına görə, ölkənin xarici ticarət dövriyyəsinin həcmi 22.180 mlrd. dollar təşkil edib və bu əvvəlki ilin eyni dövrünə nisbətən 7.859 mlrd. dollar və ya 54.9% çoxdur.

2018-ci ilin ilk  9 ayında ümumi ticarət dövriyyəsinin 64.4%-ni ixrac (ötən il 56.6%), 35.6%-ni idxal (ötən il 43.4%) əməliyyatları təşkil edib.

Xarici ticarət dövriyyəsinin artımı əsasən ixrac əməliyyatlarının həcmi ilə bağlı olub. Dövriyyədəki ümumi artımın 6.131 mlrd. dolları və 78%-i məhz ixracın, cəmi 1.728 mlrd. dolları yaxud 22%-i isə idxalın artımı hesabına təmin edilib.

İdxalın strukturunun və dinamikasının analizi

Təhlil aparılan dövrdə idxalın ümumi həcmi 7.905 mlrd. dollar təşkil edib. Bu, 2017-ci ilin eyni dövrünə nisbətən 1.728 mlrd. dollar və ya 28% çoxdur.

Dövlət sektorunun idxalında kəskin artım baş verib. 2017-ci ilin 9 ayında dövlət sektoru üzrə idxal 823 mln. dollar təşkil etmişdisə, 2018-ci ilin eyni dövründə həmin göstərici 789 mln. dollar və ya 96% artaraq 1.612 mlrd. dollara yüksəlib. Ümumi idxalın 20.4%-ni dövlət sektorunun idxalı təşkil edib (2017-ci ildə 13.3%). İdxalın ümumi artımının 45%-i dövlət, 55%-i özəl sektorun hesabına təmin edilib.

Hesabat dövründə idxalın coğrafi strukturunda demək olar ki, ciddi dəyişiklik baş verməyib. Belə ki, 2018-ci ilin 3 rübü ərzində Avropa İttifaqından idxal 21.1% (2017-ci ildə 21.5%), MDB ölkələrindən idxal isə 25% (2017-ci ildə 26.2%) təşkil edib.

İdxalın əmtəə strukturunda əsas üstünlük maşın, mexanizm və elektrik avadanlıqlarına məxsus olub. Hesabat dövründə bütün idxalın 23.2%-i (2017-ci ilin eyni dövründə 21.6%) bu mal qrupuna daxil olan əmtəələr hesabına təmin edilib. 

İdxalın əmtəə sturukturunda baş verən əsas dəyişiklik istehlak təyinatlı malların xüsusi çəkisinin azalması, istehsal və investisiya təyantlı əmtəələrin payının artması ilə bağlı olub. Belə ki, 2018-ci ilin 9 ayında ev təsərrüfatlarının qida istehlakı və geyimi ilə bağlı olan əmtəələrin ümumi idxalda 19.6% təşkil edib. Halbuki 2017-ci ildə həmin göstərici 23.5% təşkil edib. Kimya sənayesi məhsullarının, metal və metal məmulatlarının, maşın, mexanizm və elektrik avadanlıqlarının, nəqliyyat vasitlərinin isə ümumi idxalda xüsusi çəkisi 52.5-dən 57%-ə yüksəlib.

Statistik təhlil göstərir ki, idxalın coğrafi baxımdan yüksək konsentrasiyası mövcuddur. Belə ki, 2018-ci ilin 9 ayında Azərbaycanın ümumi idxalının 67.3%-i 10 ölkəyə aiddir.

İdxalda ən böyük paya malik ilk 3 ölkə Rusiya, Türkiyə və Çindir – onların birlikdə xüsusi çəkisi 40.3%-ə bərabər olub. Ən yüksək paya malik digər 7 ölkə isə bütün idxalın 20%-ni təminn edib ki, həmin ölkələrə Almaniya, ABŞ, Ukrayna, Yaponiya, İtaliya, İran və İsveçrə daxildir.

İxracın strukturunun və dinamikasının analizi

2018-ci ilin yanvar-sentyabr ayları üzrə ümumi ixracın həcmi 14.275 mlrd. dollar təşkil edib. Bu əvvəlki ilin eyni dövrünə nisbətən 6.131 mlrd. dollar və ya 75.3% çoxdur.

Hesabat dövrində ümumi ixracın 5.1%-i MDB, 53.2%-i isə Avropa İttifaqı ölklərinin hesabına təmin edilib. Əvvəlki dövrə nisbətən MDB ölkələrinə ixrac 87.5 mln. dollar və ya 13.7%, Aİ ölkələrinə ixrac isə 3.874 mlrd.  dollar yaxud 103.9% genişlənmişdir. İxracın ümumi artımının 5.994 mlrd. dolları və ya 97.8%-i neft-qaz sektoru, cəmi 138 mln dolları və ya 2.2%-i qeyri-neft məhsulları hesabına təmin edilib.

Təhlil aparılan dövrdə ümumi ixracda neft-qaz sektorunun payı 91.5% (2017-ci ildə 86.9%), qeyri-neft məhsullarının xüsusi çəkisi isə 8.5% (2017-ci ildə 13.1%) olub. Mütləq ifadədə neft-qaz ixracı  5.994 mlrd. dollar (84.7%), qeyri-neft ixracı isə 138 mln. dollar (12.9%) artıb.

İdxalda olduğu kimi coğrafi baxımdan ixracın da konsentrasiya səviyyəsi kifayət qədər yüksəkdir və Azərbaycanın xarici tərəfdaşı olan 176 ölkədən 10-u bütün ixracın 71.6%-ni təmin edib. İlk 3 ölkənin (İtaliya, Türkiyə və İsrail) payına isə bütün ixracın 42%-i düşüb.

Qeyri-neft ixracının 56.1%-i və ya 678 mln.dolları 2 ölkə – Rusiya və Türkiyənin payına düşüb.

İlk 5 ölkənin payına Azərbaycanın bütün qeyri-neft ixracının 69.1%-i düşüb. Niderland istisna olmaqla yerdə qalan 4 ölkə Azərbaycanla qonşu olan dövlətlərdir.

Qeyri-neft ixracının əmtəə strukturuna gəldikdə, bütün ixracın 78%-ni 8 mal qrupuna daxil olan əmtəələr təşkil edib.

Gömrük statistikasının analizi göstərir ki, cəmi qeyri-neft ixracının 445.2 mln. dolları və ya 36.9%-ni kənd təsərrüfatı və ərzaq sənayesinin məhsulları təmin edib. Həmin mal qrupunda hazır ərzaq məhsulları cəmi 65 mln. dollar olub. Yerdə qalan məbləğin 188.1 mln. dolları tərəvəzlərin, 154.4 mln. dolları isə meyvə və giləmeyvələrin payına düşüb. Qeyri-neft ixracında üstün paya malik olan digər mal qruplarına azqiymətli metallar və onlardan hazırlanan məmulatlar, plastik kütlələr və onlardan hazırlanan məmulatlar, qiymətli daşlar və metallar, pambıq və kimya sənayesinin məhsulları təşkil edib.

Xarici ticarət balansının saldosu

Dünya neft bazarlarında əlverişli qiymət şərtləri 2017-ci ilin 9 ayına nisbətən 2018-ci ilin eyni dövründə ticarət balansının müsbət saldosunun 3.2 dəfə artaraq 1.966 mlrd. dollardan 6.370 mlrd. dollara çatmasını təmin edib.

Hesabat dövründə neft sektoru üzrə ticarət balansının müsbət saldosu 12.9 mlrd. dollar olub ki, bu əvvəlki ilə nisbətən 4.1 mlrd. dollar və ya 47% çoxdur.

Qeyri-neft sektoru üzrə ticarət balansında isə defisit qeydə alınıb. 2018-ci ilin 9 ayının yekunlarına görə, kəsrin həcmi 5.577 mlrd. dollar olub və 2017-ci ilin eyni dövrünə nisbətən 1.193 mlrd.  dollar (27.2%) çoxdur. Qeyri-neft ticarət defisitin kəskin artmasına səbəb qeyri-neft sektorunun idxalının 24% (1.3 mlrd. dollar) artığı şəraitdə sektor üzrə ixracının cəmi 13% (138 mln. dollar) genişlənməsi olub.

3.Tədiyyə balansı: əsas meyllər[v]

Cari əməliyyatlar hesabının analizi

2018-ci ilin yanvar-sentyabr aylarında cari hesablar balansı çərçivəsində ölkəyə xaricdən daxil olmalar 21.407 mlrd. dollar, ölkədən xaricə pul çıxışı 16.319 mlrd. dollar təşkil edib.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədəd hesabat dövründə cari əməliyyatlar çərçivədində ölkəyə daxilolmalar 5.416 mlrd. dollar və ya 33.9% artdığı halda, ölkədən pul çıxışı üzrə artım 1.391 mlrd. dollar yaxud 9.3% təşkil etmişdir. Ölkəyə daxilolmaların kənara pul axınlarını əhəmiyyətli dərəcədə üstələməsi nəticəsində cari əməliyyatlar balansının profisiti 5 dəfəyə yaxın artaraq 1.063 mldr. dollardan 5.088 mlrd. dollara yüksəlmişdir. Məhz bu amil ötən dövrdə ölkənin milli valyutasının sabitliyini təmin edilməsində həlledici rol oynamışdır.

Cari əməliyyatlar hesabı 4 elementdən formalaşır: xarici ticarət, xidmətlər, ilkin gəlirlər və təkrar gəlirlər balansından. Xarici ticarətlə bağlı yuxarıda ətraflı bəhs edildiyindən analizin bundan sonrakı hissəsi digər 3 elementlə əlaqədar məlumatlar təqdim ediləcək.

Cari əməliyyatlar çərçivəsində ölkəyə ümumi daxilolmaların 68%-i və ya 14.6 mlrd. dolları neft-qaz sektorundan 32%-i və ya 6.8 mlrd. dolları isə qeyri-neft sektorundan əldə edilmişdir.

Təhlil dövrü üzrə cari əməliyatlar çərçivəsində ölkəyə daxiolmaların 71.1%-i əmtəə, 18.8%-i xidmət ixracı, cəmi 10.1%-i isə ilkin və təkrar gəlirlər hesabına formalaşmışdır. Eyni zamanda, qeyri-rezidentlərə ödəmələrin 48.2%-i əmtəə və 32.2%-i xidmət idxalına, yerdə qalan 19.6% isə ilkin və təkrar gəlirlər üzrə qeyri-rezidentlərə köçürmələr ilə bağlı olmuşdur.

Xidmət ixracının ümumi həcmi 4.038 mlrd. dollar, xidmət idxalının həcmi 5.347 mlrd. dollar təşkil etmiş, xidmətlər balansında 1.309 mlrd. dollar defisit yaranmışdır.

Xidmət ixracından əldə olunan vəsaitlərin 62.5%-i və ya 2.5 mlrd. dolları turizmdən, 22%-i yaxud 889 mln. dolları nəqliyyat xidmətlərindən, yerdə qalan 647 mln. dolları (15.5%) digər xidmətlərdən (tikinti, rabitə, maliyyə, işgüzar və s. xidmətlər) əldə edilmişdir. Turizm xidmətlərinin ixracı əvvəlki dövrə nisbətən 158.8 mln. dollar (6.7%) artmışdır.

Xidmət idxalının isə 39.6%-i turzimin, 20%-i tikintinin, 20.2%-i nəqliyyatın, təxminən 20%-i isə digər xidmətlərin payına düşmüşdür. 2018-ci ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə turizm xidmətlərinin idxalı 120 mln. dollar (5%), nəqliyyat xidmətərinin idxalı 353 mln. dollar (48.6%) artmış, tikinti xidmətərinin idxalı isə 2 dəfə azalmışdır.

Ümumilikdə isə hesabat dövründə xidmət idxalında 781.6 mln. dollar və ya 12.7% azalma qeydə alınmışdır.

Tədiyə balansının tərtibi metodologiyasına görə, ilkin gəlirlərə əmək haqqı, investisiyalar, qiymətli kağızlar portfeli, dividendlər və bölüşdürlmüş mənfəət, kreditlər, royalti və lisenziya xidmətləri, françayzinq, depozitlər üzrə gəlir, faiz və haqq formasında ölkəyə daxilolmalar və ölkədən qeyri-rezidentlərə ödəmələr daxildir. Hesabat dövründə ilkin gəlirlər üzrə Azərbaycana daxilolmalar 1.269 mlrd. dollar (əvvəlki ilə nisbətə 417 mln. dollar və ya 49% çox), qeyri-rezidentlərə ödəmələr isə 2.758 mlrd. dollar (əvvəlki ilə nisbətə 644.5 mln. dollar və ya 30.5% çox) olmuş, ilkin gəlirlər balansında 1.489 mlrd. dollar (əvvəlki ilə nisbətə 227.1 mln. dollar və ya 15.2% çox) defisit yaranmışdır. İlkin gəlirlər çərçivəsində Azərbaycana daxilolmaların satukturu barədə hər hansı rəsmi məlumat yoxdur. Yalnız qeyd edilir ki, ümumi daxilolamaların 391.4 mln. dolları neft, 877.9 mln. dolları qeyri-neft sektoruna aid olub. Ehtimal ki, neft sektoru ilə bağlı ödənişlər Dövlət Neft Fondunun xaricdəki vəsaitlərinin yerləşdirilməsindən, həmçinin Dövlət Neft Şirkətinin xaricdəki investisiyalarından əldə etdiyi gəlirlərlə bağlı ola bilər. Qeyri-neft sektoru üzrə daxilolmalara mümkündür ki, bankların xaricdə saxladığı aktivlərə görə faizlər, fiziki şəxsələrin xaricdə qazandığı əmək haqqı və s. üzrə ödənişlər daxildir.

Mərkəzi Bankın hesabatından aydın olur ki, ilkin gəlirlər formasında xaricə ödənişlərin əsas hissəsi – təxminən 1.8 mlrd. dolları (ötən il 1.2 mlrd. dollar) xarici neft-qaz şirkətləri üzrә əcnəbi investorların payına düşәn gәlirlәrin repatriasiyası ilə bağlı olub. Bundan əlavə, ilkin gəlirlər balansı çərçivəsində qeyri-rezidentlәrә qiymәtli kağızlar üzrə 358 mln. dollar (ötən il 278 mln. dollar), xarici kreditlәrdәn istifadәyә görә 289.7 mln. dollar (ötən il 332 mln. dollar) faizlәr ödənilmişdir.

Tədiyə balansının tərtibi metodologiyasına görə, təkrar gəlirlərə humintar yardımlar, qrantlar, beynəlxalq təşkilatlara üzvlük haqları, fiziki şəxslər üzrə əməliyyatlar (bank hesabına və karta köçürmələr, nağd formada), cərimə və yığımlar  üzrə ölkəyə daxilolmalar və qeyri-rezidentlərə daxildir.

2018-ci ilin 9 ayının yekunlarına görə, təkrar gəlirlər balansı çərçivəsində Azərbaycana 870.7 mln. dollar (ötən il 800.6 mln. dollar) daxil olub, qeyri-rezidentlərə 320.1 mln. dollar (ötən il 296 mln. dollar) ödənilib və təkrar gəlirlər balansının profisiti 550.6 mln. dollar (ötən il 504.6 mln. dollar) təşkil edib.

Hesabat dövründə Azərbaycana ödənişlərin 801 mln. dolları fiziki şəxslərə xaricdən göndərilən pul baratları, təxminən 70 mln. dolları isə humanitar yardımlar və tərkibi açıqlanmayan digər ödəmələrlə bağlı olub. Mərkəzi Bankın hesabatında xaricə ödənişlərin strukturu barədə hər hansı məlumat verilmir. Ehtimal ki, bunun xeyli hissəsi beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlıdır. Belə ki, hər il dövlət büdcəsindən həmin məqsədlə 150-160 mln. dollara yaxın vəsait ayrılır.

Maliyyə hesabının analizi

Hesabat dövründə Azərbayanın xarici aktivlərinin qalığı 3.345 mlrd. dollar, qeyri-rezidentlər qarşısında öhdəliklərinin qalığı 881.2 mlrd. dollar təşkil etmiş, maliyyə hesabının kəsiri 2.464 mlrd. dollar təşkil etmişdi.

2017-ci ilin 9 ayının yekunlarına görə, maliyyə hesabında 289 mln. dollar profisit yarandığı halda, ötən ilin eyni dövründə 2.464 mırd. defisit qeydə alınıb. Maliyyə hesabında böyük məbləğdə defisitin yaranmasının başlıca səbəbi qeyri-rezidentlərin Azərbaycana maliyyə axınlarının kəskin azalmasıdır. Belə ki, 2017-ci ilin yanvar-sentyabr aylarının yekunlarına görə xalis maliyə öhdəlikləri 4.734 mlrd. dollar idisə, 2018-ci ilin eyni dövründə həmin göstərici təxminən 5.5 dəfə azalaraq 881.2 mln. dollara enmişdir.

Ölkəyə maliyyə axınlarının azalması özünü aşağıdakı istiqamətlərdə göstərib:

1) Neft-qaz sektoruna birbaşa sərmayələr kəskin azalıb Belə ki, əgər 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft-qaz sektoruna xalis birbaşa investisiyaların məbləği 1.685 mlrd. dollar olmuşdusa, 2018-ci ilin eyni dövrü üzrə həmin göstərici 279 mln. dollar təşkil edib. “Xalis birbaşa investisiyalar” dedikdə, hesabat dövründə neft-qaz sektoruna xaricdən yönəldilən birbaşa investisiyaların və repatriasiya olunan investisiyaların məbləği  arasında fərq başa düşülür. Məsələn, 2018-ci ilin 9 ayında neft qaz-sektoruna 2.382 mlrd. dollar birbaşa investisiya qoyulsa da, həmin dövrdə xarici neft-qaz şirkətlərinin ölkədən geriyə qaytardıqları birbaşa qoyuluşlar 2.104 mlrd. dollar olub. Halbuki 2017-ci ildə neft-qaz şirkətlərinin Azərbaycana birbaşa sərmayə yatırımları 3.772 mlrd. dollar, ölkədən investisiya repatriasiyası isə 2.087 mlrd. dollar olmuşdu.

2)  Qeyri-neft sektoru üzrə xalis maliyyə öhdəlikləri azalıb. Hesabat dövründə ölkənin qeyri-neft sektoruna qeyri-rezidentlərin yönəltdiyi birbaşa investisiyaların xalis məbləği 2.5 dəfədən çox azalaraq 255 mln. dollara enmişdir. Buna paralel olaraq, Azərbaycanın qeyri-neft sahələrinə aid rezidentlərin xarici ölkələrdəki xalis maliyyə aktivlərininin (yəni ölkədən kənara yatırılan birbaşa investisiyalar) həcmi də 2 dəfəyə yaxın artaraq 834 mln. dollar təşkil edib. Göründüyü kimi, təhlil aparılan dövrdə qeyri-neft sektorunu təmsil edən yerli sahibkarların xaricə yönəltdiyi birbaşa investisiyaların həcmi xaricilərin Azərbaycanın qeyri-neft sektoruna birbaşa investisiya qoyuluşlarından 3.2 dəfə çox olub.

3) Müxtəlif borc qiymətli kağızlarının və səhmlərin alınması yolu ilə Azərbaycana portfel investisiyaların cəlbi baş verməyib. Əgər 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana cəlb olunan portfel investisiyaların xalis məbləği 2.764 mlrd. dollar olmuşdusa, 2018-ci ilin eyni dövründə porfel investisiyalar üzrə xalis maliyyə öhdəliyi (-) 348.5 mln. dollar təşkil etmişdir. Bu göstəricinin mənfi olması o deməkdir ki, portfel investisiyalara görə Azərbaycanın qaytardığı borcların məbləği ölkəyə daxil olan portfel investisiyaların məbləğini üstələyib və ölkədən 348.5 mln. dollar məbləgində kapital çıxışı baş verib. Eyni zamanda, hesabat dövründə portfel investisiyalar üzrə xalis aktivlərin qalığı (Azərbayan rezidentlərinin kənara sərmayə qoyuluşları) 623 mln. dollar təşkil edib. Halbuki 2017-ci ilin eyni dövrində bu kanalla ölkədən ümumiyyətlə kapital çıxışı baş verməmişdi.

4) Kreditlər üzrə öhdəliklərin xalis məbləği kəskin azalıb. 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici kreditlər vasitəsilə xalis öhdəliyi 352 mln. dollar təşkil ediyi halda, 2018-ci ilin eyni dövründə (-) 445.5 mln. dollar olub. Bu göstəricinin mənfi olması o deməkdir ki, hesabat dövründə kreditlər üzrə Azərbaycanın qaytardığı borcların məbləği ölkəyə kreditlərin alınması yolu ilə daxilolmaları üstələyib və ölkədən  445.5 mln. dollar məbləgində kapital çıxışı baş verib.     

5) Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2018-ci ilin 9 ayında ticarət kreditləri və avanslar üzrə aktivlərin həcmi 803 mln dollar və ya 52% artaraq 2.357 mlrd.  dollara çatıb.  Diqqəti cəlb edən məqamlardan biri də budur ki, hesabat dövründə ticarət kreditləri və avanslar üzrə öhdəliklər də 2 dəfədən çox artaraq 766.5 mln. dolara çatıb.

Tədiyyə balansının ümumi saldosu

Neft gəlirlərinin kəskin artımı hesabat dövründə tədiyyə balansının ümumi saldosunda porfisitin də sürətlə böyüməsini təmin edib. Əvvəlki dövrlə müqayisədə 2018-ci ilin yanvar-sentyabr aylarında ticarət balansının profisiti 1.462 mlrd. dollar və ya 66% artaraq 3.665 mlrd. dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankının “balanslaşıdırıcı maddə” kimi göstərdiyi, tədiyə balansının beynəlxalq metodologiyasında isə “xalis xəta və kənarlaşmalar” kimi əks olunan valyuta vəsaitlərinin həcmi 30%-ə yaxın artaraq 1.037 mlrd. dollara çatıb. Bu göstərici müsbət olduqda, ölkəyə tədiyə balansı vasitəsilə rəsmi uçota alınan vəsaitlərdən əlavə mənşəyi bəlli olmayan kapital axınının baş verdiyini göstərir. Mənfi olduqda isə ölkədən kənara kapital axınlarının tədiyə balansı tərəfindən rəsmi uçota alınmayan, amma müxtəlif mənbələrlə təsdiqlənən həcmini göstərir. Təcrübədə “yastıqaltı pullar”, fiziki şəxslər tərəfindən bəyanı tələb edilməyən məbləğdə ölkəyə valyuta axınları, qeyri-leqal yollarla ölkəyə nağd valyuta daxilolamaları uçotsuz valyuta dövriyyəsinin əsas mənbəyi hesab edilir.

4.Xarici iqtisadi əlaqələrdə müşahidə olunan əsas tendensiyalar

Xarici ticarət sahəsində müşahidə edilən əsas tendensiyalar:

  • İdxalda kəskin artım (28%) qeydə alınmışdır ki, 2010-ci ildən sonra ən yüksək artımdır.
  • 2017-ci ilin 9 ayı ilə müqayisədə dövlət sektorunun idxalı kəskin şəkildə – 96% artıb.
  • Məcmu idxalda istehlak təyinatlı (qida, geyim və s.) əmtəələrin payı 23.5%-dən 19.6%-ə enib;
  • İdxalda istehsal və investisiya təyinatlı (kimya sənayesi məhsulları, metal və metal məmulatları, maşın, mexanizm və elektrik avadanlıqlarının, nəqliyyat vasitləri və s.) əmtəələrin xüsusi çəkisi 76.5%-dən 80.4%-ə yüksəlmişdir.
  • İdxalda yüksək coğrafi konsentrasiya mövcuddur – təhlil aparılan dövr üzrə Azərbaycanın ümumi idxalının 67.3%-i 10 ölkə tərəfindən təmin edilib.
  • İxracın kəskin artmasına (75.3%) genişlənməsinə baxmayaraq, bu artımın 97.8%-i neft-qaz sektoru, cəmi 2.2%-i qeyri-neft məhsullarının töhfəsi hesabına baş verib.
  • Qeyri-neft ixracı 13% artsa da, bu sektorun ümumi ixracda payı 13.1%-dən 8.5%-ə enib.
  • Təhlil dövrü üzrə Azərbaycanın 176 ölkə ilə xarici ticarət əlaqələri qurmasına baxmayaraq, ölkənin qeyri-neft ixracının 69.1%-i cəmi 5 ölkənin payına düşüb.
  • İxrac bazaralrı əsasən inkişaf etməkdə olan ölkələrdir və bu fakt Azərbaycanın qeyri-neft məhsullarının inkişaf etmiş bazarlara çıxış tapa bilmədiyini onu göstəri..
  • Qeyri-neft ixracı əmtəə çeşidi baxımından da çox məhduddur və bütün ixracın 78%-i cəmi 8 mal qrupuna addir. Başqa bir diqqətçəkən məqam odur ki, qeyri-neft ixracı yalnız aşağı və orta texnoloji mürəkkəbliyə malik əmtəələr hesabıma baş verir.
  • Xarici ticarət balansının ümumi saldosu 3.2 dəfə artaraq 6.4 mlrd. dollara çatıb.
  • Neft sektoru üzrə ticarət profisitinin 8.8 mlrd. dollardan 12.9 mlrd. dollara çatdığı halda, qeyri-neft sektoru üzrə ticarət kəsiri 4.4 mlrd. dollardan 5.6 mlrd. dollaradək genişlənib.

Tədiyyə balansının göstərəcilərilə bağlı müşahidə edilən əsas tendensiyalar:

  • Cari əməliyyatlar hesabının profisiti 5 dəfəyə yaxın artıb və 5.088 mlrd. dollar təşkil edib.
  • Cari əməliyyatlar çərçivəsində ölkəyə pul axınlarının artım tempi (33.9%) ölkədən qeyri-rezidentlərə ödəmələrin artım tempini (9.3%) əhəmiyyətli dərəcədə üstələyib.
  • Cari əməliyyatlar çərçivəsində ölkəyə ümumi daxilolmaların 68%-ni neft-qaz, 32%-ni qeyri-neft sektoru təmin edib;
  • Xidmət ixracının ölkənin valyuta qazanclarında payı kifayət qədər aşağıdır və hesabat dövründə cari əməliyyatlar çərçivəsində ölkəyə bütün valyuta axınlarının cəmi 18.8%-i xidmət ixracı, 71%-i isə əmtəə ixracı sayəsində mümkün olmuşdur.
  • Faktor gəlirlərinin ölkənin valyuta qazanclarında payı kifayət qədər aşağıdır və hesabat dövründə cari əməliyyatlar çərçivəsində ölkəyə bütün valyuta axınlarının cəmi 5.9%-i əmək haqqı, faiz, investisiyadan gəlirlər, dividend və mənfəət formaslnda ölkəyə gəlib.
  • Hesabat dövründə xidmət ixracından daxilolmaların 85%-ə qədəri 2 xidmət – turizm və nəqliyyat xidmətlərindən daxil olub. Öz növbəsində, təkcə turizm xidmətləri bütün xidmət ixracı gəlilərinin 62.5%-ni, yerdə qalan onlarla xidmət isə birlikdə 16-17%-ni təmin edib.
  • Azərbaycanın xüsusilə işgüzar, biznes və tikinti xidmətlərinin ixracı baxımından çox məhdud potensiala malikdir. Halbuki təhlil aparılan dövrdə Azərbaycanın xidmət ixracının təxminən 45%-i məhz işgüzar, biznes və tikinti xidmətləri ilə bağlı olub.
  • Hesabat dğvründə ilkin gəlirlər üzrə Azərbaycana daxilolmalar əvvəlki ilə nisbətə 417 mln. dollar və ya 49%, qeyri-rezidentlərə ödəmələr isə əvvəlki ilə nisbətə 644.5 mln. dollar və ya 30.5% artıb.
  • Hesabat dövründə beynәlxalq neft-qaz şirkətləri Azərbaycandan təxminən 1.8 mlrd. dollar mənfəət formasında vəsait çıxarıblar ki, bu əvvəlki ilə nisbtən 600 mln. dollar çoxdur.
  • Hesabat dövrində Azərbaycan ilkin gəlirlər formasında qeyri-rezidentlәrә qiymәtli kağızlarla bağlı faizllərə 358 mln. dollar, xarici kreditlәrdәn istifadәyә görә 289.7 mln. dollar faizlәr ödəmişdir.
  • Hesabat dövründə xaricdən Azərbaycan vətəndaşlarına göndərilən remitanslar 10%-dək artıb və 801 mln. dollar təşkil edib.
  • Təhlil aparılan dövrdə maliyyə hesabında 2.464 mlrd. dollar kəsir yaranmışdı. Halbuki 2017-ci ilin eyni dövründə 289 mln. dollar profisit yaranmışdı.
  • Hesabat dövründə əvvəlki ilin eyni dövrünə nisbətən ölkənin xalis maliyə öhdəlikləri təxminən 5.5 dəfə azalaraq 881.2 mln. dollara enmişdir. Bu göstərici ölkəyə ən müxtəlif kanallarla investisiya axınlarının azalma sürətini əks etdirir.
  • Hesabat dövründə maliyyə hesabında 2.464 mırd. defisit qeydə alınıb (əvvəlki il 289 mln. dollar profisit olmuşdu).
  • Əvvəlki dövrlə müqayisədə xalis maliyə öhdəlikləri təxminən 5.5 dəfə azalaraq 881.2 mln. dollara enib.
  • Neft-qaz sektoruna birbaşa sərmayələr 6 dəfə azalaraq 279 mln. dollar təşkil edib.
  • Xarici neft-qaz şirkətlərinin birbaşa investisiyaların repatriasiyası çərçivəsində ölkədən çıxardığı vəsaitin həcmi 104 mlrd. dollar təşkil edib.
  • Qeyri-neft sektoru üzrə xalis maliyyə öhdəlikləri 2.5 dəfədən çox azalaraq 255 mln. dollara enib.
  • Azərbaycanın qeyri-neft sahələrinə aid rezidentlərin xarici ölkələrdəki xalis maliyyə aktivlərininin (yəni ölkədən kənara yatırılan birbaşa investisiyalar) həcmi də 2 dəfəyə yaxın artaraq 834 mln. dollar təşkil edib.
  • 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana cəlb olunan portfel investisiyaların xalis məbləği 2.764 mlrd. dollar olmuşdusa, 2018-ci ilin eyni dövründə porfel investisiyalar üzrə xalis maliyyə öhdəliyi (-) 348.5 mln. dollar təşkil edib.
  • Kreditlər üzrə öhdəliklərin xalis məbləği kəskin azalıb. 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici kreditlər vasitəsilə xalis öhdəliyi 352 mln. dollar təşkil ediyi halda, 2018-ci ilin eyni dövründə (-) 445.5 mln. dollar olub.
  • Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2018-ci ilin 9 ayında ticarət kreditləri və avanslar üzrə aktivlərin həcmi 803 mln dollar və ya 52% artıb.
  • Tədiyə balansının profisitinin məbləği 66% artaraq 3.665 mlrd. dollara çatıb.
  • Tədiyə balansının metodologiyasına əsasən, “xalis xəta və kənarlaşma” kimi uçota alınan, bank sektorunun mənşəyini bəlli edə bilmədiyi valyuta aktivlərinin həcmi 30%-ə yaxın artaraq 1.038 mlrd. dollara çatıb.

İstinadlar   

[i] https://uploads.cbar.az/assets/5da03cfa7138a9d2cc4ad3daf.pdf

[ii] http://www.e-qanun.az/framework/39289

[iii] http://www.e-qanun.az/framework/39273

[iv] Təhlildə xarici ticarətlə bağlı bütün məlumatlar rəsmidir 2 mənbədən götürülüb. Dövlət Statistika Komitəsinin ticarətə dair statistika bölməsindən https://www.stat.gov.az/source/trade/ və Dövlət Gömrük Komitəsinin statistik bülletenlərindən http://customs.gov.az/az/faydali/gomruk-statistikasi/xarici-ticaretin-veziyyeti-haqqinda/

[v] Təhlildə tədiyyə balansı ilə bağlı bütün məlumatlar rəsmidir  və Mərkəzi Bankın müvafiq hesabatlarından götürülüb  https://www.cbar.az/page-43/external-sector-statistics

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.