Minimum əmək haqqı işçiyə görülmüş işə görə verilən maaşın ən aşağı həddidir. Başqa sözlə desək, harda işləməyindən asılı olmayaraq işəgötürən işçiyə bu həddən az maaş verə bilməz. Deməli, minimum əmək haqqı (MƏH) hər bir dövlətin və ya sahibkarın işçi qarşısında məcburi öhdəliyidir. Bu həddin qoyulmasında əsas məqsəd işgötürənlərin sui-istifadəsinə yol verməmək və işləyənləri hədsiz aşağı məvacibdən sığortalamaqdır. MƏH həmçinin yoxsulluğun və bərabərsizliyin aradan qaldırılması siyasətinin bir elementidir.  

Hazırda Beynəlxalq Əmək Təşkilatına üzv olan 187 ölkənin 90%-dən çoxunda MƏH sistemi tətbiq edilir. Bu ölkələrdə MƏH-in müəyyənləşdirilməsinin müxtəlif sistemləri var, yanaşmalar hər bir ölkənin tələbatından və prioritetlərindən asılıdır. Bəzi ölkələrdə MƏH sistemi vahid qaydada, bəzilərində isə sektor, fəaliyyət növü və ya region üzrə müəyyənləşdirilir. Bundan başqa, bəzi ölkələrdə MƏH-lər kollektiv sazişlərlə, bəzilərində dövlət tərəfindən qəbul edilmiş qanunvericiliklə tənzimlənir. Böyük Britaniyada 1999-cu ildən vahid MƏH tətbiq edilsə də, 2016-cı ildən “yaşayış minimumunu təmin edən əmək haqqı” standartına keçilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Ölkələri (İƏİÖ) qrupuna daxil olan Çexiya, Estoniya, İrlandiya, İsrail, Polşa, Slovakiya, Sloveniya, Almaniya kimi ölkələrdə də vahid MƏH sistemi tətbiq olunur. İƏİÖ-nün digər ölkələrində (Danimarka, Finlandiya, Norveç, İsveçrə) maaşın aşağı həddi kollektiv müqavilələr əsasında müəyyənləşir.

İnkişaf etməkdə olan və keçid iqtisadiyyatlı bir sıra ölkələrdə də MƏH-in müxtəlif mexaizmləri var. Çində, Malayziyada vahid, CAR, Braziliya və Uruqvayda sahələr, Rusiyada regionlar üzrə MƏH sistemi tətbiq edilir. Ancaq Sinqapur, Bruney, Efiopiya, Somali, Qətər və BƏƏ kimi ölkələrdə MƏH sistemi mövcud deyil.

MƏH saatlıq, həftəlik, aylıq və ya digər zaman dövrü əsasında müəyyənləşə bilər. Belçika, Estoniya, Lüksemburq, Rumıniya və Ukraynada həm saatlıq, həm də aylıq MƏH tətbiq edilir. Britaniya və ABŞ-da ancaq saatlıq, Maltada həftəlik MƏH tətbiq olunur. Azərbaycanda qanunvericiliklə tənzimlənən vahid MƏH sistemi aylıq hesablanır. MƏH-in məbləği ölkə prezidentinin sərəncamı ilə müəyyənləşdirilir və 2018-ci il yanvarın 1-dən ölkə üzrə 130 manata (76,7 USD) bərabərdir.

MƏH-in həddinə görə Azərbaycan keçmiş SSRİ ölkələri arasında son yerlərdədir. Baltikyanı ölkələr təmsil olunduqları iqtisadi-siyasi məkana uyğun olaraq minimal maaşları Avropa standartlarına çatdımağa çalışırlar. Bu göstərici Litvada $482, Latviyada $518, Estoniyada isə $602-yə bərabərdir. Azərbaycan MƏH-in səviyyəsinə görə Rusiya ($165), Ukrayna ($142), Türkmənistan ($153), Belarus ($156), Ermənistan ($115) və Moldovadan ($144) geri qalır. Qazaxıstan $89), Qırğızıstan ($17,5), Tacikistan ($91), Gürcüstan (dövlət sektorunda $48, özəl sektorda $12) və Özbəkistan ($21) kimi ölkələrdə də, rəqəmlərdən göründüyü kimi, minimum aylıq maaş aşağıdır. 

Avropaya doğru getdikcə MƏH daha da artır. Minimal məvacib Bolqarıstanda $312, Rumıniyada $496, Çexiyada $574, Macarıstanda $529, Slovakiyada $576, Polşada $600, Xorvatiyada $546 təşkil edir. Qərbi Avropa ölkələrində bu göstərici daha böyükdür. Portuqaliyada işəgötürən öz işçisinə ayda ən azı $780, Yunanıstanda $703, Maltada $883, İspaniyada $991, Sloveniyada $966, Britaniyada $1625, İrlandiyada $1876, Fransada $1776, Almaniyada $1798, Niderlandda $1862, Belçikada $1875, Lüksemburqda $2399 ödəməyə borcludur. ABŞ-da isə minimal maaş $1258-dir.

Beynəlxalq təcrübədə əhalinin sosial müdafiəsində MƏH-in rolunu qiymətləndimək üçün bir sıra göstəricilərdən istifadə olunur. Onlardan ən geniş yayılmışı MƏH-in median əmək haqqına nisbətidir. Təəssüf ki, Azərbaycanda rəsmi olaraq median əmək haqqı hesablanmır. Digər göstərici isə MƏH-in orta aylıq əmək haqqına (OƏH) olan nisbətidir. Bu göstərici üzrə qiymətləndirmə apardıqda məlum olur ki, ölkəmizdə MƏH ilə OƏH arasında fərq getdikcə artır və OƏH-in artım tempi MƏH-in artım tempini üstələyir. 2008-2018-ci illərin analizi göstərir ki, MƏH-in OƏH-ə nisbəti getdikcə azalır, son 7 ildə bu nisbət 0,25-dən yüksək olmayıb. (Qrafik 1)

 

Mənbə: Mərkəzi Bank
* – sentyabrın 1-nə qədər MƏH-in həcmi 60 AZN olub.
Qrafik 1. Minimum və orta aylıq əmək haqqının illər üzrə dinamikası

Məlumat üçün bildirək ki, Fransa, Almaniya, Avstraliya, Britaniya, Çili və Polşada sözügedən nisbət 0,41-0,50, Yunanıstan, İspaniya, Çexiya, Yaponiya, Koreya, Macarıstan və Türkiyədə 0,31-0,40, Meksika və ABŞ-da 0,21-0,30 aralığında dəyişir. Keçmiş SSRİ ölkələrindən Ukraynada bu nisbət 0,48-ə, Belarusda 0,36-ya, Tacikistanda 0,56-ya, Ermənistada 0,33-ə, Rusiya və Qazaxıstanda 0,19-a bərabərdir,

Hökumətlər bir qayda olaraq MƏH-i yaşayış minimumuna çatdırmağı hədəfləyir. Çünki sosial təminat baxımından qazanılan minimum gəlirlər minimum ehtiyacları qarşılamağa qadir olmalıdır. Bir çoxları buna nail olsa da, hələ də nəticə ələ edə bilməyən ölkələr var. Azərbaycanda son 10 ildə yalnız 2008-ci ilin sentyabr-dekabr aylarında MƏH yaşayış minimumu göstəricisindən yüksək (1,07) olub. Sonrakı illərdə MƏH ilə yaşayış minimumu arasındakı fərq artmağa başlayıb və 2018-ci ilin əvvəlində nisbət 0,75-ə bərabər olub. (Qrafik 2)

 

Mənbə: Mərkəzi Bank

* – sentyabrın 1-nə qədər MƏH-in həcmi 60 AZN olub.
Qrafik 2. Minimum əmək haqqı və yaşayış minimumunun illər üzrə dinamikası

Azərbaycanda 2004-cü ildən qüvvəyə minmiş “Yaşayış minimumu haqqında” Qanunda hökumətin üzərinə minimum əmək haqqı səviyyəsinin mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilməsi öhdəliyinin qoyulmasına rəğmən bu hədəfə çatmaq hələlik mümkün olmayıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında hər 2 ildən bir bağlanan Baş Kollektiv Sazişdə də bir qayda olaraq belə öhdəlik nəzərdə tutulur. Ancaq 2018-2019-cu illəri əhatə edən sonuncu Baş Sazişə bu öhdəliyin daxil edilməməsi hökumətin yaxın dövrdə MƏH-i yaşayış minimumu həddinə çatdırmaq planının  olmadığını göstərir.

Ukraynada (2,2), Belarusda (1,5) MƏH yaşayış minimumunu üstələdiyi halda Qazaxıstanda (1,0) bərabərdir, Rusiya (0,92) isə bu göstəriciləri 2018-ci ilin mayından bərabərləşdirməyi planlaşdırır. Bundan başqa, MƏH-in yaşayış minimumuna nisbəti Gürcüstanda 0,87, Qırğızıstanda 0,21 təşkil edir

Araşdırmalar göstərir ki, minimum əmək haqqı Azərbaycanda həm iqtisadi, həm də sosial göstərici kimi rolunu itirir. Uzun müddətdir MƏH-in artımı ilə əmək haqlarının artımı arasında əlaqə pozulub. Vergi Məcəlləsinə 2012-ci ildə edilmiş dəyişikliklər nəticəsində vergidən azad olunan məbləğ MƏH ilə yox, yaşayış minimumu əsasında müəyyənləşdirilməyə başlanıb. Hazırda MƏH-in artımı əsasən bir sıra sahələrdə məcburi dövlət sosial sığorta haqlarının artımına səbəb olur.

Azərbaycanda bu gün MƏH-ə yanaşma dəyişməlidir. İlk növbədə, vahid MƏH məbləğindən imtina edilməli, bir sıra ölkələrdə olduğu kimi, əməyin minimal ödənişinin sahəvi sisteminə keçilməlidir. Yəni ayrı-ayrı sektorlar üzrə MƏH-in məbləği fərqli olmalıdır. Təhsil sektorunda işləyənlərlə kimya sənayesində çalışanların minimal əmək haqqı fərqlənməlidir. İkincisi, minimum əmək haqqının aylıq yox, dünyada tətbiq edilən saatlıq müəyyənləşdirilməsi sisteminə keçilməlidir. Üçüncüsü, MƏH-in məbləği əhəmiyyətli dərəcədə artırılmalıdır. Ən azı ilkin dövrdə yaşayış minimumu (173 AZN) həddinə çatdırılmalıdır. Digər tərəfdən, Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyasına görə, ən aşağı maaş orta aylıq əmək haqqının 60%-i həddindən az olmamalıdır.  Növbəti mərhələdə MƏH-in Xartiyanın tələb etdiyi həddə çatdırılması nəzərdə tutulmalıdır.