fbpx

Cəmiyyət

Cəmiyyət

Əxlaqi mövqeyimizi niyə əsaslandırmalıyıq? Avtopilot əxlaq haqqında

Read this article on other language
Download article
image_pdf
image_pdf

“Wolt kuryerləri tətil edir” və “Wolt kuryerlərinin tətilinə dəstək verməliyik”;

“Ağrı hissiyyatının dərəcəsi fərdlər arasında dəyişir” və “Heç bir canlıya bilərəkdən və səbəbsiz ağrı vermək olmaz”;

“Müharibələrin forması tarixən dəyişir” və “müharibə əxlaqsızlıqdır”;

“Bu gün Bakıda Zorge parkında saat 14:00 radələrində yerə yıxılan bir nəfəri digər bir nəfər qaldırmış və təcili yardım çağırmışdır” və “Qəzaya düşmüş insana kömək etmək yaxşılıqdır”;

“Qırmızı işıqda yolu keçmək yol hərəkəti qaydalarına ziddir” və “Maşın yolunda qalmış heyvanı xilas etmək üçün yol hərəkəti qaydalarını pozmaq fəzilətdir”/”yol hərəkəti qaydalarını pozmaq yaxşı hal deyil.”

Bu yuxarıda qarşılaşdırılmış hökmlər arasında xeyli fərqlər var. Onlardan bizi bu yazıda maraqlandıranı bəzilərinin əxlaqi hökm(lər), digər(lər)inin isə assertorik (təsbitedici) hökm(lər) olmasıdır. Assertorik hökmləri hələlik kənara qoyaq və əxlaqi hökmlərə diqqət yetirək. Onları fərqləndirən əsas detal predikatlarıdır. Belə ki, bu predikatlardan bəziləri normativlər (başqa sözlə, -malı/-məlilər) ifadə edir (dəstək verməliyik, ağrı vermək olmaz), başqaları fərqli ifadələrdə təzahür edir (əxlaqsızlıqdır, yaxşılıqdır, fəzilətdir, yaxşı hal deyil). Bunlara əxlaqi predikatlar deyəcəyik. Əxlaqi predikatların ortaq cəhəti odur ki, onlar iki təməl əxlaqi dəyər olan yaxşıpisə reduksiya oluna bilirlər.

Yaxşıpis dəyərlərinin əhatə dairəsi təkcə əxlaq müstəvisi ilə məhdud deyil. Biz öz funksiyasını yerinə yetirən keyfiyyətli əşyaları, məsələn kompüteri, ya da hər hansı səbəbdən xoş olan nəyisə, məsələn hava və s-ni də yaxşı (və müvafiq olaraq həm də pis) dəyərləndirməsi ilə ölçürük (bax, Aristotel, erqon haqqında mülahizələr). Ancaq bu dəyərləndirmələrin – məsələn kompüterin, ya da havanın yaxşı olmasının – əxlaqi dəyərləndirmə olmadığı onsuz da hamıya aydındır. Yaxşı/pis dəyərləndirməsinin əxlaqi dəyər olaraq istifadəsi üçün onun əhatə dairəsini insandünya münasibətinə qədər daraltmaq lazımdır. Yəni biz yalnız içində insan faktorunun olduğu münasibətlər sistem(lər)i üçün əxlaqi dəyərləndirmədən danışa bilərik. Məsələn, heyvanların bir-birinə olan münasibətinə əxlaqi dəyərləndirmə tətbiq etmirik. Bir pələngin bir ceyranı yeməsi əxlaqi mülahizələr üçün mövzu deyil. Eləcə də bitkilərin bitkilərə münasibəti, heyvanların insana münasibəti də əxlaq mövzusu deyil. Əxlaqın nüvəsi insanın davranışını (fiziki, mental və s.) tənzimləməkdir. Əxlaqın subyekti əxlaqi aktiv insandır.

Burda diqqət etməli olduğumuz məqam əxlaqi aktiv ifadəsidir. Əxlaqi aktiv deyəndə nəyi nəzərdə tuturuq? Əxlaqi aktiv deyəndə çox sadə bir şeyi, yaxşı ilə pis arasında seçim edə bilmək qabiliyyətini nəzərdə tuturuq. Yaxşıpis arasında seçim edə bilmək o qədər də sadə və hamı üçün sığortalanmış bir qabiliyyət deyil. Burda xeyli sayda istisnalar var. Adətən, müəyyən məhdudiyyətləri olan – şüuru özündə olmayan, komada yatan, anlaqsızlıq halında olan və buna oxşar bir sıra xüsusi situasiyalı insanlar əxlaqi məsuliyyətdən azad edilir, belə ki, onlar əxlaq subyekti kimi görülmür. Kimisə əxlaqi subyekt hesab etməmək və əxlaqi məsuliyyətdən (məsələn, cinayət məsuliyyətindən) azad görmək üçün kafi olan şərt, onun yaxşı və pisi ayıra bilməməsi, yəni yaxşı və pis haqqında düşünə bilməməsidir.

Bura kimi məsələ xeyli aydın görünür. Elə təəssürat yaranır ki, insanların yalnız kiçik bir hissəsi xüsusi üzrlü səbəblər üzündən əxlaqi aktivlik qabiliyyətindən məhrumdur, qalan böyük əksəriyyət isə yaxşı və pisi ayırd etmək, beləliklə də öz əxlaqi mövqeyini əsaslandırmaq iqtidarındadır. Yaxından baxanda isə əxlaqi ağlımızın heç də həmişə sərbəst olmadığı faktının fərqinə varırıq.

Bu arada, əxlaq/əxlaqi mövqe deyiləndə dərvişvari fəzilət orgiyaları, mənəviyyat nirvanası, yaxşı/pis haqqında mistik məqam və mərtəbələr, asket olub çöl-biyabana düşmək, robin hudluq, dünyanı xilas etmək üçün Danko kimi ürəyini çıxarıb yandırmaq və s. kimi super fəaliyyətlər təsəvvür etməyə ehtiyac yoxdur. Əxlaqi seçim etmək məcburiyyəti gündəlik həyatımızın bir hissəsidir və yaxşı/pis adam olmağımızdan asılı olmayaraq mütəmadi əxlaqi qərarlar (doğru, ya da yanlış) veririk. Bu, bizim qrup və müəyyən bir interaktiv sistem içində yaşamağımız, başqa insan və qeyri-insani (məsələn, təbiət) faktorlarından asılı olduğumuz, həmçinin özümüz ilə də müəyyən bir ünsiyyətdə və münasibətdə olduğumuz üçündür. Əxlaqi seçimlər bizim digər insanların, ətraf mühitin və özümüzlə olan münasibətimizin içində komfortlu yaşaya bilməyimiz üçün olan tənzimləmələrdir (həm də).

Qayıdaq əxlaqi aktivlik və əxlaqi seçim məsələsinə. Bizim əxlaqi seçimlər etmək praktikamızın müəyyən bir rasionallığı var. Əxlaqi seçimlər edərkən müxtəlif şeylərə istinad edirik. Bu, dini ehkamlar, qanun məcəllələri, əxlaqi vərdişlər (bizə öyrədilən davranış kodeksləri), “milli-mənəvi dəyərlər”, intuisiyamız, ya da arqumentlər ola bilər. Fikir verirsinizsə, bu mənbələrin əksəriyyəti hazır kodekslərdir. Məsələn dinin, ya da qanunun bizə hazır sistem kimi təqdim etdiyi əxlaqi davranış qaydaları toplusu. Özlüyündə bütün bu indi bizə hazır kimi təqdim olunan kodekslərin öz rasionallığı və arqumentləri var. Bunlar vaxtla dəyişə, aktuallaşdırıla bilər və s. Amma gündəlik həyatımızda adətən onları mütəmadi sorğulamırıq. Bunun həm praktiki cəhətdən baxanda müəyyən komfortu, eyni zamanda da kiçik olmayan miqyasda zərəri var.

Kodekslərin komfortlu tərəfi odur ki, gündəlik əxlaqi davranışlarımız üçün hər dəfə velosipedin (əxlaqi) təkərini yenidən kəşf etməyə ehtiyacımız olmur. Hər hansı bir səbəbdən seçdiyimiz, ya da içinə doğulduğumuz bir əxlaqi kodeksimiz olur və ətraf ilə, yaxud özümüz ilə hər hansı konflikt və problem yaşamadıqca davranışımızı ona uyğun tənzimləyirik. Bu davranışımız müəyyən müddətdən sonra avtomatikləşərək vərdişə çevrilə bilər. (Bu arada, Aristotelin fəzilət etikasının təməlini elə əxlaqi davranışların və (düzgün) seçimlərin belə vərdiş halına gətirilməsi təşkil edir.) Əxlaqi davranışın avtomatikləşərək vərdiş halına gəlməsi ilə yarana biləcək problemi təsəvvür etmək isə artıq çətin olmamalıdır. Problem yaranan ətalətdir. Əxlaqi ətalət isə hər iki halda – həm bizim əxlaqi seçimimizin doğru olduğu, həm də yanlış olduğu halda – problemdir, çünki davranışımızın arxasında duran səbəbi gözdən itirmiş oluruq və vərdiş etdiyimiz şərait dəyişərsə, yeni şəraitə uyğun əxlaqi rasionallıq qura bilmirik. Əksər hallarda isə hətta yeni əxlaqi rasionallıq qurmamaq üçün dirəşirik, belə ki, vərdişin yaratdığı komfort zonasından çıxmaq istəmirik.

Başqa sözlə ifadə etsək, bizim içində olduğumuz əxlaq kodeksləri müəyyən bir rasionallıq təmsil edirlər. Ümumiyyətlə, əxlaqın təməli rasionaldır. Biz hər bir halda rasional qurulmuş bir əxlaqi sistemin içində oluruq. O sistemin içindəki davranışımız avtomatikləşib vərdişə çevriləndə bizim içində olduğumuz sistemin mahiyyəti ilə ünsiyyətimiz itir. Biz aktiv əxlaqi subyektdən passiv icraçıya çevrilirik. Bu isə bizim sistemlə münasibətimizdə bizi ikinci dərəcəli, daha “aşağı” səviyyəli tərəf müqabilinə çevirir. Burda yaranan paradoksvari  məqama diqqət edin: biz bir tərəfdən əxlaqi məsuliyyət sahibiyik, belə ki, anlaqsız deyilik, əxlaqi seçim edirik. Digər tərəfdən isə, əxlaqi seçimlərimiz avtopilotda icra olunur. Anlaqsız deyilik, amma həm də düşünmürük. Anlaqsız olmamaq əxlaqi məsuliyyət yaradır. Amma düşünməmək də əxlaqi məsuliyyət yaradır. Yəni avtopilot əxlaq bizə ikiqat məsuliyyət yükləyir.

Əxlaq özlüyündə rasional hadisədir. Bütün əxlaqi direktivlərin arxasında bir çünki var. Bu çünkilərin istinadı praqmatik faktorlar da ola bilər, bizim intuisiyalarımız da, hansısa doqmalar da. Bizim seçən tərəf olmağımız onu şərtləndirir ki, biz bu və ya digər halda hansısa formada bu əxlaqi sistem(lər)in içindəyik. Seçə bilmək (burda seçmək deyəndə sözün minimal mənasına fokuslanıram və mental olaraq seçməyi nəzərdə tuturam) qabiliyyətimizə hansısa formada məhdudiyyət yoxdursa, yəni ağlımız yerindədirsə, anlaqsızlıq, ya da koma vəziyyətində deyiliksə, affekt halında deyiliksə, ağlımızı əngəlləyəcək başqa hansısa fiziki faktor (məsələn, xəstəlik) yoxdursa, biz əxlaqi subyekt (agent də demək olar) hesab edilirik. Əxlaqi subyekt olaraq da müəyyən rasionallığın daşıyıcısıyıq. Əxlaqi mövqeyimiz hər bir halda nə iləsə əsaslandırılmışdır. Bu əsaslandırmanı biz özümüz də etmiş ola bilərik, ya da bu, bizim əvəzimizdən edilir. Əxlaqi mövqeyimizi özümüz əsaslandırırıqsa, buna aktiv əxlaqi rasionallıq deyəcəyik. Əxlaqi mövqeyimiz bizim əvəzimizdən kimsə/nəsə tərəfindən əsaslandırılırsa, buna passiv əxlaqi rasionallıq deyəcəyik. Passiv əxlaqi rasionallıq əxlaqın vərdişləşməsinin, yəni avtopilot əxlaqın təməlidir. Passiv əxlaqi rasionallıq, prinsipcə, əxlaqın rasional mahiyyətinə ziddir. Passiv əxlaqi rasionallıq, həm də bizim əxlaqi subyekt statusumuzun deqradasiya olub aktiv (qərarverən) əxlaqi subyektdən passiv icraçıya ixtisar olunmasına zəmin yaradır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.