fbpx

Cəmiyyət

Cəmiyyət

Fəlsəfə necə öyrənir? Din və elmlə müqayisə

Read this article on other language
Download article
image_pdf
image_pdf

Fəlsəfənin öyrəndiyi bir çox sahələrin başqa elmlər tərəfindən də öyrənilməsi, həmçinin bir sıra fəlsəfi mövzulara dini mətnlərdə tez-tez rast gəlinməsi onun bir intellektual fəaliyyət sahəsi kimi özünəməxsusluğu məsələsini qabarıq şəkildə üzə çıxarır. Çünki sual oluna bilər ki, əgər sözügedən mövzularla elm, din adamları da yetərincə məşğul olursa, onda fəlsəfənin həmin mövzuları öyrənməsində hansı fərqliliyi ola bilər? Yəni fəlsəfə öz mövzularını necə, hansı üsulla öyrənir ki, ayrı-ayrı elmlərdən, həmçinin dindən fərqlənir? Yazıda biz bu suala fəlsəfənin bir sıra mühüm və ümumi aspektlərinə əsasən elm və dinlə müqayisə edərək cavab verməyə çalışacağıq. Fəlsəfəni ilk olaraq dinlə müqayisə etdikdə görəcəyik ki, onların hər ikisinin bir sıra mövzuları ortaq olsa da, fəlsəfədə (məntiqi) arqumentasiya əsas şərt sayıldığından onun həmin mövzulara yanaşması olduqca fərqlidir. Daha sonra yazıda fəlsəfəni digər elmlərlə qarşılaşdıracağıq; fikirləri arqumentlərlə əsaslandırmaq baxımından fəlsəfənin dinlə müqayisədə elmə yaxınlıq təşkil etdiyinə, ancaq bununla belə fəlsəfi metodların təbiətşünaslıq elmlərində olduğu kimi əsasən empirik deyil, təcrübəyə qədər (apriori) səciyyə daşıdığına nəzər salacağıq. Sonda isə ümumi və daha üst səciyyə daşıyan fəlsəfi perspektivlə elmi perspektivin mühüm bir fərqini nümunə əsasında göstərməyə çalışacağıq.

Rassel fəlsəfəni dinlə müqayisə edərək qeyd edirdi ki, onlar hər ikisi elə məsələlər üzərində düşüncələr irəli sürür ki, həmin məsələlər haqqında ortada dəqiq biliklər yoxdur.[1] Yəni elə suallar var ki, onlar insanları daim düşündürür, ancaq həmin suallara elm dəqiq cavab verə bilmir. Məsələn, “Allah varmı?”, “Həyatı necə yaşamalıyıq?”, “Dünya ruh və maddədən təşkil olunubmu?” və s. bu kimi suallar bizi düşündürsə də, onlar elmin birbaşa olaraq məşğul olduğu suallar deyil və ona görə həmin suallara dəqiq cavablarımız yoxdur. Dinlə fəlsəfəni bir-birinə yaxın edən onların bu qəbildən olan suallar üzərində fokuslanmağıdır. Başqa sözlə, biz deyə bilərik ki, fəlsəfə və dinin bir sıra mövzuları ortaqdır.

Ancaq fəlsəfə və din arasında bir sıra mövzuların ortaq olması onların bir-birinə çox da yaxın olması anlamına gəlməməlidir. Birincisi, mövzu məsələsindən başlamışkən, ona görə ki, dində bir çox digər suallar da var ki, onlar fəlsəfənin maraq dairəsindən kənardadır. Məsələn, “Gündə neçə rükət namaz qılmaq lazımdır?”, “Orucu necə tuturlar?” və s. kimi suallar sırf dini suallardır. Yəni fəlsəfə ilə din arasında bütün yox, yalnız bir sıra suallar və ya mövzular ortaqdır. İkincisi, daha mühümü, isə budur ki, fəlsəfənin suallara yanaşma tərzi dinin yanaşma tərzindən ciddi şəkildə fərqlidir. Belə ki, dində Allahın varlığı, həyatı necə yaşamaqla bağlı suallara hazır cavablar var və insanlardan çox zaman bu cavabları sorğulamamaq, onlara sadəcə inanmaq, həmçinin dini qaydalara sözsüz tabe olmaq tələb olunur; inanmayanlar və qaydalara uyğun yaşamayanlar isə cəzalanacaqları ilə qorxudulur. Yəni din əsasən ehkamlardan ibarətdir – əgər dindarsansa, tələb olunan odur ki, müəyyən inanc sistemini sorğulamadan və şübhə etmədən ona inanasan. Fəlsəfə isə, əksinə, insanları sorğulamağa və şübhəçi yanaşmaya dəvət edir, ehkamçı olmaqdan, hazır cavablar təqdim etməkdən çəkinir. Məsələn, Allahın varlığı ilə bağlı suala dində “var” deyə hazır cavab təqdim edilir və dinin bizdən gözləntisi ondan ibarətdir ki, Allahın varlığına onu sorğulamadan və şübhə etmədən inanaq. Ancaq filosof isə, əgər Allahın varlığı məsələsilə bir filosof olaraq məşğul olmaq istəyirsə, onda o, kortəbii inamla deyil, “Allah varmı?” sualı qoyaraq başlamalı, yəni Allahın varlığına ilk olaraq şübhəli yanaşmalı, sonra isə “var” və ya “yox” cavablarına uyğun arqumentləri nəzərdən keçirməlidir. Əgər gətirdiyi arqumentlər əsasında filosofa “var” cavabı inandırıcı gəlirsə, əlbəttə, onda o, Allahın varlığına inanmağı seçəcək, yox əgər arqumentlər əsasında “yox” cavabı inandırıcı gəlirsə, onda o, Allahın varlığına inanmayacak. Başqa sözlə, fəlsəfədə Allahın varlığı ilə bağlı “O, vardır” deyə, birmənalı və hazır cavab yoxdur. Beləliklə, fəlsəfə ilə dinin bir sıra mövzuları ortaq olsa da, dindən fərqli olaraq o, sorğu və şübhə süzgəcindən keçməyən inamlardan və ya ehkamlardan azaddır.

Ortada olan fikir və ya inamlara yanaşma tərzi fəlsəfədə, dindən fərqli olaraq, əsasən arqumentlərlə yanaşmaq vasitəsilə mümkün olur ki, suallara cavabları da böyük ölçüdə onlar müəyyən edir. Britaniyalı filosof, ingilis dilində dəfələrlə nəşr olunmuş məşhur fəlsəfə dərsliklərindən birinin müəllifi N. Vorbörton (N. Warburton) fəlsəfənin bu əsas keyfiyyətini qısa şəkildə belə izah edir: “[Fəlsəfə] müəyyən cür suallar üzərində bir düşünmə tərzidir. Onun ən fərqləndirici keyfiyyəti məntiqi arqumentdən istifadəsidir. Filosoflar adətən arqumentlərlə məşğul olurlar: onlar ya arqumentləri ixtira və digərlərininkini təndiq edir, ya da hər ikisi ilə məşğul olurlar”.[2]

Əlbəttə, iddia etmək doğru olmazdı ki, dində arqumentlərdən heç zaman istifadə olunmur. Dindar da istər Allahın varlığı olsun, istər digər məsələdə, mümkün olduğu qədərilə arqumentlərdən istifadə edə bilər. Ancaq məsələ burasındadır ki, dindar öz inanclarını ciddi arqumentlərlə təchiz etmədən də belə dindar olaraq dini inanclarına inana bilər; çox bərkə düşəndə o bildirə bilər ki, o, sadəcə inanır. Ancaq filosof olaraq nəyəsə inanmaq üçün sorğulaya bilmək və inandığını arqumentlərlə təchiz etməyi bacarmaq zəruri şərtdir. Fəlsəfəni dindən fərqli edən əsas keyfyyəti də məhz budur.

Arqumentin nə olduğu qaranlıq qalmasın deyə, gəlin onu Allahın varlığı ilə bağlı suala bir cavab əsasında göstərməyə çalışaq. Elə bir filosof təsəvvür edin ki, o, Allahın varlığına inanır. Əgər o, bu inama filosof olaraq sahibdirsə, onu əsaslandırmağa və ya arqumentlə təchiz etməyə çalışacaq. Həmin filosof Allahın varlığını belə arqumentləşdirə bilər:

1) Allah (tərifinə görə) ağıla gələn ən mükəmməl varlıqdır.
2) Mükəmməl varlıq mövcud olmasaydı, mükəmməl ola bilməzdi.
3) Deməli, Allah mövcuddur.[3]

Nümunədən görünür ki, fəlsəfədə arqument dedikdə bir-birilə əlaqəli fikirlər seriyası nəzərdə tutulur. Arqumentdə fikirlərdən ən azı biri nəticə çıxarmaq üçün zəmin rolunu oynayır (bizim nümunəmizdə iki fikirdən zəmin kimi istifadə edilib). Nümunədə birinci və ikinci cümlədə ifadə olunan fikirlər üçüncü, nəticə fikri, əsaslandırmaq üçün zəmin rolunu oynayan fikirlərdir. Başqa sözlə, Allahın mövcudluğu fikri bu arqumentdə onun tərifinə görə ən mükəmməl varlıq olması və mükəmməl varlığın mövcud olmalı olması fikri əsasında sübut edilməyə cəhd edilir. (Bir məsələni nəzərə almaq lazımdır ki, fəlsəfi mətnlərdə arqumentlər adətən yuxarıda göstərilən kimi, yəni fikirlər bir-birindən ayırd edilərək nömrələnməklə verilmir. Onlar çox zaman, filosofun yazı üslubundan asılı olacaq dərəcədə, mətnin içində gizlənmiş olur. Yaxşı fəlsəfə oxucusu arqumentləri fəlsəfi mətnin içindən aşkarlamaq bacarığına sahib olmalıdır.)

Fəlsəfənin ehkamçı deyil, sorğulayıcı təfəkkürə əsaslanması və arqumentlər axtarışında olması onu dindən uzaq salmaqla, elmə daha yaxın edir. Təsadüfi deyil ki, ilk filosoflar da daxil olmaqla, Dekart, Laybnis, Kant və s. kimi digər məşhur fikir adamları həm də alim idilər. Fəlsəfə Qədim Yunanıstanda mifik və dini-ehkamçı dünyagörüşə alternativ olaraq yarandığı ilk vaxtlardan elmlə yanaşı addımlamağa başlamışdır. İndinin özündə də bu ənənə Qərb mədəniyyətində ciddi şəkildə qorunur; filosoflar öz fikirlərini formulə edən zaman elmi nəticələri nəzərə alırlar. Bu, bir sıra fəlsəfi sualların elmlə dolayı əlaqələnə bilməsi ilə yanaşı, həm də ona görə mühümdür ki, onların bir qismi elmə daha yaxın dayanır və ya elmlə birbaşa əlaqələnir. Məsələn, fizikadan bizə məlum olan böyük partlayış nəzəriyyəsi əsasında dünyanın mənşəyi, onun əbədi olub-olmaması haqqında suallara cavab axtarmaq olar. Ona görə ən azı bu səbəbdən həmin suallara cavab axtaran filosofun fizikaya aid müvafiq biliklərə ehtiyacı olacaq. Yaxud şüurla beynin əlaqəsi üzərində düşünən filosof psixologiya və neyroelmin verdiyi bilikləri də nəzərə alacaq. Ancaq yenə də qeyd edək ki, elmlə fəlsəfəni bir-birinə daha yaxın edən onların bir sıra mövzularının ortaq və ya bir-birilə əlaqəli olmasından daha çox fəlsəfənin də elm kimi sorğulayıcı və tənqidi təfəkkürə əsaslanması, həmçinin filosofların da elm adamları kimi daim arqumentlər axtarışında olmasıdır. Başqa sözlə, fəlsəfə düşüncə tərzi baxımından dindən fərqli, ancaq elmə isə yaxındır.

Hərçənd elmlə, xüsusilə təbiətşünaslıq elmləri (fizika, kimya, biologiya və s.) ilə fəlsəfəni bu baxımdan tam eyniləşdirmək də düzgün olmazdı. Çünki təbiətşünaslıq elmləri təcrübi – empirik –  metodlara əsaslandığı halda, fəlsəfənin istifadə etdiyi metodlar əsasən təcrübəyəqədər səciyyə daşıyır – yəni aprioridir. Təcrübə dedikdə, burada öyrənən subyektin idraki vasitələrlə özündənkənar, xarici dünyaya müraciət etməsi nəzərdə tutulur. Biz çox şeyi, hətta elmdənkənar gündəlik həyatımızla bağlı biliklərin çox böyük əksəriyyətini təcrübə vasitəsilə əldə edirik. Məsələn, mobil telefonunuzun harada olmağını bilmək üçün stolun üstünə baxıb onu orada görürsünüzsə, “telefonum stolun üstündədir” biliyini təcrübə vasitəsilə əldə etmiş olursunuz. Elmi təcrübələr də daha mürəkkəb olsa da, oxşardır. Bioloq hüceyrənin daxili quruluşu və ya onun DNT-si haqqında biliklər əldə edə bilməsi üçün hüceyrə üzərində müşahidələr aparmalıdır, yəni digər təbiətşünas alimlər kimi o da özündən kənardakı təbiətə və ya laboratoriyalara müraciət etməlidir. Ancaq diqqət edin ki, bir filosofun fəlsəfi biliklər əldə etməsi üçün onun təbiətə və ya laboratoriyaya müraciət etməsinə çox zaman ehtiyacı yaranmır. Filosof, məsələn, “bilik nədir?” sualı üzərində düşünürsə, nə təbiətdə onu hazır şəkildə görə və ya hiss edə biləcək, nə də onun üçün laboratoriyaya getməyə ehtiyacı olacaq. Biliyin nə olması üzərində, daha doğrusu, bilik anlayışı üzərində, təcrübəyə müraciət etmədən, elə kresloda otura-otura da fəlsəfi düşünmək olar. (Düzdür, son illər psixologiya və koqnitiv elmlərin eksperimental metodlarından istifadə etməklə ənənəvi fəlsəfi suallara cavab verməyə çalışan eksperimental fəlsəfə kimi sahə də inkişaf etməkdədir.[4] Bununla belə, fəlsəfənin metodları əsasən təcrübəyəqədər səciyyəli olaraq qalmaqdadır.)

Fəlsəfəni öz mövzularını necə öyrənməsi baxımından elmlə müqayisə edən zaman bir mühüm məsələyə də diqqət ayırmaq lazımdır. Fəlsəfə bir çox hallarda öyrəndiyi predmetləri onların tərkib hissələri və bu hissələrin bir-birilə əlaqəsindən çıxış edərək deyil, ümumi və daha üst perspektivdən araşdırır. Gəlin bunu dil nümunəsi əsasında başa düşməyə çalışaq. Biz bilirik ki, dili fəlsəfə ilə yanaşı dilçilik kimi geniş bir elm sahəsi də öyrənir. Bununla belə, fəlsəfənin dilə münasibəti dilçiliyin dilə aid yanaşmalarından ciddi şəkildə fərqlənir. Məsələn, “Bu gün hava günəşlidir” cümləsinə dilçilik perspektivindən müxtəlif cür yanaşmaq olar. Onun üzərində morfoloji təhlil aparıb hansı nitq hissələrindən təşkil olunduğunu və ya sintaktik təhlil aparıb, xəbər, mübtəda kimi cümlə üzvlərini və onların bir-birinə münasibətini (məsələn, mübtəda III şəxsin təkində olduğundan, xəbər –dır4 şəkilçisi qəbul edib və s.) müəyyən etmək olar. Ancaq həmin cümləyə fəlsəfi yanaşma bizdən bunu tələb etməyəcək. Çünki fəlsəfə üçün maraqlı olan cümləni təşkil edən hissələr və onların bir-birinə münasibətini dilçilik kateqoriyalarına uyğun araşdırmaq deyil, onun bütövlükdə mənası və ya nəyi bildirməsi, söz və cümlələrin öz mənalarını necə qazanması və s. bu kimi ümumi suallara cavab tapmaqdır. Misalımıza qayıtsaq, “Bu gün hava günəşlidir” cümləsi dünyada olan müəyyən bir vəziyyəti, daha dəqiqi cümləni səsləndirən şəxsin yerləşdiyi məkanda havanın vəziyyətini bildirir. Diqqət edin ki, belə yanaşmada önə çıxan cümlənin hansı hissələrdən təşkil olunduğu və ya dilin içində hansı yer alması deyil, onun dildən kənar gerçəklik – bizim misalda “Bu gün hava günəşlidir” cümləsi ilə havanın özü – ilə əlaqəsi məsələsidir. Əlavə olaraq, cümlə ilə dil daşıyıcıları olan subyektlər arasındakı əlaqə də fəlsəfənin maraq mərkəzindədir. Yəni fəlsəfə dilin içinə girib təhlillə məşğul olmaqdansa, ona daha ümumi və üst perspektivdən baxaraq, dilin gerçəklikdə hansı yer aldığını, onun gerçəkliklə nə cür əlaqədə olmasını, həmçinin söz və cümlələrlə onlara məna yükləyərək istifadə edən subyektlər arasında hansı əlaqənin olduğunu araşdırmağa üstünlük verir.[5]

Əlbəttə, fəlsəfənin istər – nümunə kimi çəkdiyimiz dilçilik da daxil olmaqla – elmlər, istərsə də din ilə müqayisəsi olduqca geniş mövzudur və kiçik bir yazıda onun bütün aspektlərini əhatələmək imkansız görünür. Bununla belə, yuxarıda qeyd etdiklərimizdən belə bir ümumi nəticə çıxara bilərik ki, fəlsəfi mövzuların bir çoxunun elmlər tərəfindən öyrənilməsinə, həmçinin həmin mövzulara aid bir sıra suallara dində hazır cavablar olmasına baxmayaraq, fəlsəfi yanaşmanın ən azı yuxarıda qeyd olunan özünəməxsusluqları var ki, onlar da müvafiq məsələlərə fərqli baxış bucağından baxaraq bizim dünya ilə bağlı təsəvvürlərimizin xeyli dərəcədə genişlənməsinə yol açır.

 

Qeydlər və istinadlar:

[1] Russell, Bertrand. (2013). History of western philosophy: Collectors edition. Routledge.

[2] Warburton, N. (2004). Philosophy: the basics. Routledge, p.1.

[3] Fəlsəfədə ontoloji arqument kimi tanınan bu arqument daha çox Müqəddəs Anselmin (1033-1109) adı ilə assosiasiya olunub. Əslində, sözügedən arqument daha mürəkkəb quruluşludur, ancaq oxucular üçün sadə olsun deyə, burada onun əsas məğzi verilib. Onu da qeyd edək ki, Anselmin bu ontoloji arqumenti ciddi tənqidlərə də məruz qalıb. Daha ətralı məlumat üçün bax: Oppy, Graham, “Ontological Arguments”, The Stanford Encyclopedia of Philosophy (Winter 2021 Edition), Edward N. Zalta (ed.), URL = <https://plato.stanford.edu/archives/win2021/entries/ontological-arguments/>.

[4] Bax Knobe, Joshua and Shaun Nichols, “Experimental Philosophy”, The Stanford Encyclopedia of Philosophy (Winter 2017 Edition), Edward N. Zalta (ed.), URL = <https://plato.stanford.edu/archives/win2017/entries/experimental-philosophy/>.

[5] Düzdür, fəlsəfədə belə ümumi yanaşma bütün mövzulara tətbiq edilmir. Bir sıra hallarda biz görürük ki, filosoflar da analitik metodlardan — bütövün hissələrindən çıxış edərək öyrənmək yolundan — geninə-boluna istifadə edirlər. Ancaq təbii ki, fəlsəfənin analitik metodları təcrübi elmlərin öyrəndiyi təbiət və cəmiyyət hadisələrinə deyil, əsasən fikir və anlayışların təhlilinə yönəlmiş olur ki, bunu da elm çox zaman diqqətdən kənar saxlayır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.