fbpx

iqtisadiyyat

iqtisadiyyat

Qiymət səviyyəsinin fiskal nəzəriyyəsi: Türkiyə nümunəsi (1988-2010)

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bu yazıda 1988-ci ildən 2010-cu ilə qədər Türkiyədəki dövlət borcu və ilkin hökumət profisiti arasındakı əlaqəni araşdıracağıq. Bir analitik vasitə olaraq bu münasibətləri Qiymət Səviyyəsinin Fiskal Nəzəriyyəsi (QSFN) çərçivəsində müzakirə edəcəyik. Əsasən Liper (1991), Sims (1994) və Vudford (1995) tərəfindən hazırlanan bu nəzəriyyə hakim maliyyə orqanının və passiv pul orqanının mövcudluğunu nəzərə alaraq, inflyasiyanın fiskal orqan tərəfindən qaynaqlandığını və pul orqanı tərəfindən nəzarət edilə bilmədiyini göstərir. Hökumətin maliyyə hərəkətlərini təhlil edərək, iqtisadiyyatda hansı hakimiyyətin üstünlük təşkil etdiyini və yüksək inflyasiya dövründə nə edilə biləcəyini başa düşə bilərik. Bizim keysimizdə 1988-ci ildən 2010-cu ilə qədər Türkiyə üçün data təhlili aparacağıq. Əvvəlki ədəbiyyatda (Saçkan, 2006) 1988-ci ildən 2005-ci ilə qədər olan datadan istifadə edilib və bu işin əsas tapıntısı odur ki, 2001-ci il böhranından sonra inflyasiyanın çox yüksək olduğu zaman, Türkiyə iqtisadiyyatının fiskal dominantdan monetar dominant rejimə keçdiyini göstərib. Tədqiqatımızda dəyişiklikləri daha uzun müddət görmək və iqtisadi rejimi daha yaxşı təhlil etmək üçün əlavə beş illik datadan istifadə edirik. Əsas diqqət dövlət xərclərindəki son dəyişikliklərə, xüsusən 2003-cü ildən sonra yeni bir mühafizəkar partiyanın hakimiyyətə gəldiyi vaxta yönəldiləcəkdir.

Vudford (1995) iddia edir ki, klassik monetarist nəzəriyyə qiymət səviyyəsindəki dəyişiklikləri izah etmək üçün kifayət deyil. O, büdcə kəsiri ilə inflyasiya arasında güclü bir əlaqənin olduğunu irəli sürür. Əgər dövlətin xərcləməsi və borc davranışında Maastrixt meyarları kimi heç bir məhdudiyyət yoxdursa, hökumət borc alır və daha çox xərcləyir. Dövlətin yüksək xərcləri özəl sektora və ev təsərrüfatlarına təsir göstərir, çünki sərvət effekti nəticəsində özlərini daha zəngin hiss edirlər. Sadə sözlə desək, hökumət vergi yığmaqla deyil, borc almaqla daha çox pul xərcləyirsə, özəl sektor və ev təsərrüfatları da daha çox xərcləyirlər ki, bu da inflyasiyaya səbəb olur.

Məsələn ABŞ-da, klassik monetarist nəzəriyyənin təklif etdiyi kimi pul kütləsi ilə inflyasiya səviyyəsi arasında güclü bir əlaqə yoxdur. Bundan əlavə, ABŞ-da Federal Rezerv bazar tələbini izlədiyi mənasını verən endogen pul siyasəti yürütsə də, qiymət səviyyəsi uzun müddətdir ki, sabitdir.

Digər tərəfdən, Türkiyədə 1980-ci illərdən başlayaraq açıq iqtisadiyyatın ilk tətbiq olunduğu dövrdə hökumət üçün əsas maliyyə mənbəyi xarici borc idi. 1990-cı illərdən başlayaraq hiperinflyasiya illərlə davam etdi. Dövlət xərcləri artan borc hesabına maliyyələşdirildiyi üçün illərlə inflyasiya ilə mübarizə aparmaq mümkün olmadı. Hökumət borclarını yalnız pul çap etməklə ödəməyə çalışırdı və bu daha çox inflyasiyaya səbəb olurdu. Bundan əlavə, böyük həcmdə dövlət istiqrazlarının buraxılması həlledici rol oynadı. İllik inflyasiya uzun müddət ikirəqəmli idi, bəzi illər hətta 50% -ə qalxdı. Nəticədə, 2001-ci ildə, dövlət istiqrazları üzrə faiz dərəcələri həddən artıq yüksək olsa da, hökumət borclarını ödəyə bilmədiyi üçün böyük bir böhran meydana gəldi.

2001-ci il böhranı hökuməti iqtisadiyyatı sabitləşdirən və hərəkətə gətirəcək ciddi siyasət yürütməyə məcbur etdi. “Güclü İqtisadiyyata Keçid Proqramı” 2001-ci ildə qəbul edildi və ciddi şəkildə yerinə yetirildi. Proqram bir neçə maddədən ibarətdir.

1.Üç ilin sonuna inflyasiyanın tək rəqəmə endirilməsi

2. Faiz dərəcələrini mümkün qədər aşağı salmaq

3. İqtisadi potensialı artırmaq

4. Məhdud mənbələrdən daha səmərəli istifadə etmək

5. Mərkəzi Bankın siyasətində müstəqilliyinin təmin edilməsi

Üç ildən sonra – 2004-cü ilin sonunda istehlak qiymətləri indeksi çox uzun bir müddətdən sonra birrəqəmli, 10% -dən bir az aşağı qeyd edildi. Bu, hökumətin geri ödəyə bilməyəcəyi qədər borc almağa imkan verməyən Proqramın nəticəsi idi və hökuməti vəsaitlərdən səmərəli istifadə etməyə məcbur etdi.

2002-ci ildə Türkiyədə yeni mühafizəkar partiya (Adalet ve Kalkınma Partisi) yüksək səviyyədə dəstəklə hakimiyyətə gəldi. Onların siyasətləri 2006-cı ilə qədər “Güclü İqtisadiyyata Keçid Proqramı”na uyğun olsa da, bundan sonra böyük maliyyə tələb edən nəhəng layihələri icra etməyə başladılar. Bundan əlavə, onların davamlı yüksək səviyyədə dəstəklənməsi, rəqiblərinə qarşı despotik münasibət və Mərkəzi Bankın müstəqil siyasətinə şifahi hücumlar bizi hökumətin xərcləməsi və borc götürməsinin böhrandan əvvəlki səviyyələrə qayıtdığına şübhələnməyə sövq edir.

Əvvəlki ədəbiyyatda (Saçkan, 2006) təsdiqlənir ki, 1988-2001-ci illər arasında inflyasiya ilə mübarizə aparmaq mümkün olmayan fiskal dominant iqtisadi rejim mövcuddur  və 2001-2005-ci illər arasında  Mərkəzi Bankın tam müstəqil olduğu və inflyasiya ilə mübarizə siyasətinin təsirli olduğu monetar dominant iqtisadi  rejim hakim olmuşdur. Bu yazıda, AKP hökumətinin arxa planını nəzərə alaraq, 2006-cı ildən bəri hökumətin maliyyə davranışının dəyişdiyi və gələcək iqtisadi geriləmələri siqnal verən fiskal dominant olduğu fərziyyəsini test etməyə çalışacağıq.

1988-ci ildən 2010-cu ilə qədər olan dövrü əhatə edən rüblük datadan istifadə Dəyişən İP (ilkin profisit, hökumətin gəlirlərini göstərən dəyişkən) və DB-ni (dövlət borcu) qurduq. Bu dəyişənlər realdır və inflyasiyaya görə düzəldilir. Bu, testlərimiz üçün çox vacibdir, çünki inflyasiya effektini yalnız məlumatların real versiyası ilə tuta bilərik. 1988-ci ildən 2001-ci ilə, 2001-ci ildən 2005-ci ilə və 2006-cı ildən 2010-cu ilə qədər olmaqla dataları üç hissəyə ayırdıq. Bu, əvvəlki ədəbiyyata da uyğundur, lakin bu məqalədə 2006-2010-cu illər arasındakı data ayrıca test olunmuşdur.

VAR (vektor avtoreqressiv) modellərin köməyi ilə İP və DB-nin bəzi xüsusiyyətlərini təhlil edərək iqtisadi rejimləri fərqləndiririk. İP-yə şoklar veririk (ciddi şəkildə danışsaq xəta hissələrinə) və DB-nin şoklara cavabını (impuls-cavab funksiyası) təhlil edirik. Əgər ilkin profisit özü ilə müsbət şəkildə əlaqələndirilirsə, bu, hökumətin gələcəkdə davamlı pul vəsaitləri daxil olmasını gözlədiyini göstərir və bu halda İP və DB arasındakı münasibət müsbət olarsa, iqtisadi rejimin fiskal dominant olduğu qənaətinə gəlirik. Sadə izah etsək, əgər hökumət gəlirlərin artacağına əmindirsə və hələ də borcunu qaytarmağa çalışmırsa, bu o deməkdir ki, hökumət iqtisadi əsaslardan asılı olmayaraq fiskal siyasətinə müstəqil qərar verir. Bu siyasətin nəticəsi dayandırıla bilməyən yüksək inflyasiya ola bilər, çünki Mərkəzi Bank öz siyasətini dövlət xərclərinə görə passiv şəkildə düzəldəcəkdir (daha çox pul çap etmək, valyutanın dəyərsizləşməsi və s). İlk növbədə 1988-ci ildən 2001-ci ilə qədər gözlədiyimiz şey budur. 2001-2005-ci illər üçün, əvvəlki dövr ədəbiyyatına uyğun olaraq monetar dominant iqtisadi rejimi dəstəkləyən nəticələr gözləyirik. Ancaq 2006-2010-cu illər üçün monetar dominant iqtisadi rejimin davam edəcəyini gözləmirik. Üstəlik, 2001-2010-cu illər üçün də monetar dominantlığın dəyişməsini və 1988-2010-cu illər üçün iqtisadi rejimin fiskal dominant olmasını gözləyirik, çünki Türkiyə iqtisadiyyatının əsasları uzun böhran dövrlərindən sonra hələ də möhkəm deyil.

Növbəti, empirik nəticələrlə davam edirik. Birincisi, əvvəlki ədəbiyyatda əldə edilmiş nəticələri yoxlamaq üçün 1988-2005-ci illər üçün datanı test edirik. Əvvəlki ədəbiyyatda olduğu kimi, 1988-2001-ci illərin fiskal dominant, 2001-2005-ci illərin isə monetar dominant olduğu təsdiqlənmişdir. Üstəlik, 1988-2005-ci illərin ümumi dövrü fiskal dominantdır. 2001-2005-ci illər dövrü dövlət xərcləmələrini və borc təşviqlərini məhdudlaşdıran böhran sonrası proqramla uyğunluğu göstərir. 2001-ci ilə qədər ilkin profisit (İP) güclü müsbət korrelyasiyalıdır ki, bu da müəyyən müddət ərzində (tədqiqatımızda rüb) dövlət profisitinin artdığı təqdirdə sonrakı dövrdə də artacağı deməkdir. Bu həm də onu göstərir ki, müəyyən dövr üçün dövlət gəlirləri azalarsa, sonrakı dövrdə də azalmışdır. Buna baxmayaraq, dövlət borcu (DB) datası İP-yə müsbət reaksiya verir, bu da fiskal dominant iqtisadi rejim xüsusiyyətidir. Daha aydın desək, bu hökumətin gəlirlərini davamlı olaraq artırdığını və ya gəlirlərinin davamlı olaraq azaldığını, lakin borclarını qaytarmadığını, əksinə borclarını artırdığını göstərir. 2001-2005-ci illər üçün nümunə əksinədir. İP-də mənfi korrelyasiya var ki, bu da müxtəlif dövrlər üçün fərqli gəlir nümunələrini nəzərdə tutur. Bu, monetar dominant iqtisadi rejimin bir xüsusiyyəti kimi düşünülə bilər. Hökumətin maliyyə qərarları iqtisadi əsaslardan asılı olduğundan, xərcləmə nümunəsi ardıcıl deyil. Daha vacib  bir xüsusiyyət də bu dövrdə dövlət borcunun ilkin profisitə mənfi reaksiya verməsidir ki, bu da hökumətin faktiki olaraq borclarını ödəməsi deməkdir.

Növbəti olaraq 2006-2010-cu illər üçün məlumatları əlavə edirik və iqtisadi rejimi empirik şəkildə test etməyə çalışırıq. Birincisi, yeni datanı ayrıca təhlil edirik. Yeni dövr qeyri-müəyyən bir nümunə göstərir. İlkin profisitin müsbət və ya mənfi korrelyasiyası yoxdur və dövlət borcu artımın dəyişməsinə müsbət və ya mənfi  reaksiya vermir. Daha güclü bir nəticə çıxarmaq üçün 2001-2010-cu illəri təhlil etməliyik. 2001-2010-cu illərdə ilkin profisitin korrelyasiyası müsbətə çevrilir. Bu, 2006-2010-cu illərdən qaynaqlanan fərqli bir nümunədir, çünki 2001-2005-ci illər tək əks nümunə göstərmişdir. Bu dövrdə (2001-2010-cu illər) dövlət borcu müsbət ilkin profisitə reaksiya ilə azalsa da, hökumətin 2001-2005 dövrü ilə müqayisədə maliyyə qərarları modeli aydın şəkildə dəyişir. İqtisadi rejimin fiskal və ya monetar dominant olduğuna dair qəti bir nəticə çıxara bilmirik.

Test edərək 1998-2005 dövrünün fiskal dominant olduğu qənaətinə gəldik. İndi 1988-2010 dövrünü 2006-2010 dövrünün yeni məlumatlarına görə fərqli bir nümunənin olub-olmadığını yoxlamaq üçün sınayırıq. Bu dövrdə ilkin profisit ciddi şəkildə müsbət korrelyasiyaya sahibdir və dövlət borcu ilkin profisitdə müsbət dəyişikliyə müsbət cavab verir. Bu, fiskal dominant iqtisadi rejimin açıq bir xüsusiyyətidir. Buradan başa düşürük ki, Türkiyədəki ümumi iqtisadi rejim çox dəyişməmişdir. Əsas məqam budur ki, 2006-2010-cu illər üçün əlavə edilmiş məlumatlar ümumi fiskal dominant xüsusiyyətlərdən fərqli bir nümunə göstərmədi.

Fərqli dövrlərin empirik nəticələrini məntiqi olaraq təhlil etməliyik. Əvvəla, 2001-2005-ci illərin monetar dominant olduğu qənaətinə gəlirik. Bu, 2001-ci il böhranının baş verdiyi və antiböhran siyasətinin həyata keçirildiyi dövr idi. Bundan əlavə, “Güclü İqtisadiyyata Keçid Proqramı” rəsmi olaraq dövlət borcunu məhdudlaşdırdı və dövlət xərcləri yaxından diqqətə alındı. Mərkəzi Bankın səlahiyyətləri gücləndirildi və hökumətdən müstəqillik qanunla təmin edildi. Məlumatların təhlili proqramın həqiqətən səmərəli olduğunu təsdiqləyir. Bu illər ərzində inflyasiya tempi sabit və dözülən idi. İlkin profisit bu illərdə müsbət oldu və bu da hökumətin xərcləmə davranışının uyğun olduğu qənaətinə gətirir.

2006-2010-cu illərdə data əvvəlki dövrlərə nisbətən ilkin profisit, dövlət borcu və onların əlaqələri baxımından fərqli nümunə göstərir. Birincisi, bu illərin artıq monetar dominant iqtisadi rejim altında olmadığı aydındır. Bu, hakim partiyanın iqtidarının gücləndiyi, iqtisadi və siyasi politika baxımından aqressiv olmağa başladığı dövrdür. Onlar vergi ödəyicisinin külli miqdarda pulunu yollar, körpülər və ekstravaqant binalar kimi şübhəli layihələrə xərcləyirdilər. Əhalinin böyük dəstəyini (hər növ seçkidə 40-50% qazanma faiziylə) aldıqları üçün vətəndaş cəmiyyəti üzvləri ilə güzəştə getməyə həvəsləri yox idi. Siyasi vəziyyətlə bağlı hər hansı bir şərh vermədən, Mərkəzi Bank və hökumət arasındakı münasibətlərə diqqət yetirsək, məlumatların göstərdiyi nümunə aydın olacaq. AKP hökuməti bu dövrdə israrla Mərkəzi Banka müraciət edərkən təhdid tonundan istifadə edirdi. Hər zaman Mərkəzi Bankı iqtisadiyyatı soyutmaqda günahlandırırdılar, çünki iqtisadiyyatın xoşagəlməz nəticələrə səbəb olub-olmadığını düşünmədən inkişaf etməsini istəyirdilər. Digər tərəfdən Mərkəzi Bank, müstəqilliyini qorumağa çalışırdı, amma bu gərgin münasibət artıq fiskal dominantlığın əlaməti idi. Datamıza görə, 2001-2010, 2001-2005 və 1988-2010-cu illər üçün nümunələri müqayisə etsək, 2006-2010-cu illərdəki rejimin fiskal dominant olduğunu empirik şəkildə sübut edə bilmərik, lakin 2006-2010-cu illərin monetar dominant olmadığını deyə bilərik.

Empirik məlumatlar üzərində apardığımız testlər Türkiyənin hələ də yüksək inflyasiya təhlükəsi altında olduğunu sübut edir. AKP hökumətinin davranışı bütün iqtisadiyyata təhlükə yaradır. Türkiyənin sabit olması və yüksək inflyasiya tempi ilə üzləşməməsi üçün Mərkəzi Bankın hökumətdən müstəqilliyi vurğulanmalıdır. Bilirik ki, hökumət xərclərini birbaşa borc almaq və ya davamlı olaraq dövlət istiqrazları verməklə maliyyələşdirirsə, bu “xoşagəlməz monetar arifmetikaya” səbəb olur. Bu o deməkdir ki, hökumət borclarını Mərkəzi Bankı pul çap etməyə məcbur etməklə ödəməyə çalışdıqda inflyasiya üçün yuxarıya doğru təzyiq yaranır. Bu 1990-cı illərdə Türkiyədə baş verənlərdir. Qiymət səviyyəsinin fiskal nəzəriyyəsinin populyar olmadığı dövrlər idi. Hökumətlər dövlət istiqrazlarının buraxılmasının inflyasiyaya səbəb olmayacağını düşünürdülər və xərclərini davamlı istiqraz buraxmaqla maliyyələşdirirdilər. Qiymət səviyyəsinin fiskal nəzəriyyəsi populyarlaşdıqca və empirik şəkildə dəstəkləndikcə hökumətlər də maliyyə davranışlarını dəyişdirdilər. İstiqrazların buraxılmasının pul çapı ilə demək olar ki, eyni olduğunu başa düşdülər. Çünki banknot çap etmək borc müqaviləsi bağlamaq kimi və istiqraz çıxarmaq pul çap etmək kimidir. Hər iki halda hökumət ‘bu kağız’ın bir növ aktiv dəyərinə sahib olduğunu vəd edir. Türkiyə bunu digər ölkələrə nisbətən daha gec başa düşdü və islahatlar çox gec baş verdi. Buna görə 1990-cı illər ərzində Türkiyədə böyük böhranlar oldu və inflyasiya səviyyəsi yüksək idi. Mərkəzi Bankın özü inflyasiya səviyyəsini 50% hədəf aldığı dövrlər var idi. Bu o deməkdir ki, hətta 50% inflyasiyanın məqbul səviyyəsi idi. Türkiyə iqtisadiyyatının hələ də kövrək əsasları olduğu üçün maliyyə siyasətini təyin edərkən ehtiyatlı olmaq lazımdır. Ancaq AKP hökuməti dövründə bu çox real görünmür. Nepotizm geniş yayılıb və yeni iş görmək üçün korrupsiya normaya çevrilib. Yüzlərlə jurnalist həbs olunub və hökuməti tənqid edən şəxs təhdid altındadır. Bu, Türkiyə iqtisadiyyatının qarşıdakı potensial böhranla üzləşdiyini göstərir. AKP iqtidarının siyasi və maliyyə davranışı 2001-ci ildən əvvəlki kimi, Türk iqtisadiyyatını yenidən kövrək etdi. Məlumatlarımız və metodologiyamız bu dəyişiklikləri aydın şəkildə əks etdirir. Nəticə olaraq, hökumətin çox gec olmamışdan əvvəl yanaşmalarını mümkün qədər tez dəyişdirmələri lazımdır.

Referanslar:

Oguzhan Sackan (2006), Genel Fiyat Düzeyinin Belirlenmesinde Para ve Maliye Politikasi Dominant Rejimler: Türkiye Örneği, 1988 – 2005, TCMB

Attiya Y. Javid, Umaima Arif, and Abdul Sattar (2008), Testing the Fiscal Theory of Price Level in Case of Pakistan, The Pakistan Development Review, NO 47

Eusepi Stefano, Preston Bruce (2011), Learning the Fiscal Theory of the Price Level: Some Consequences of Debt Management Policy, Federal Reserve Bank of New York Staff Reports, NO 515

Woodford Michael (1995), Price Level Determinacy Without Control of A Monetary Aggregate, NBER Working Paper NO 5204

BIS Papers No 67 (2012), Fiscal policy, public debt and monetary policy in emerging market economies, Bank for International Settlements

Mehmet Ugur (2008), Turkish economic policy under AKP government: an assessment for 2002-2007, Munich Personal RePEc Archive, NO 18235

ƏLAVƏLƏR

Qrafik 1.

Qrafik 2.

Qrafik 3.

Qrafik 4. 1988-2005

Qrafik 5.1988-2001

Qrafik 6. 2001-2005

Qrafik 7. 2006-2010

Qrafik 8. 2001-2010

Qrafik 9. 1988-2010

Qeyd:  Yapon dilindən tərcümə edilmiş bakalavr tezisinin sadələşdirilmiş və yenilənmiş ingilis dili versiyasının tərcüməsi (2012, Hitotsubashi Universiteti, məsləhətçi Eici Kurozumi).

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.