Koronavirus pandemiyası ilə əlaqədar olaraq təhsil müəssisələrinin bağlanması bir çox tələbələri tədris prosesindən kənarda qoysa da, universitetlər tərəfindən təhsil haqlarının tələb edilməsi tələbələrin narazılığına və ali təhsil müəssisələrinin maliyyələşmə mexanizminin gündəmə gəlməsinə səbəb oldu. Hökumətin koronavirusun iqtisadiyyata təsiri ilə bağlı elan etdiyi dəstək paketində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar olsa da, bu qərarda sadəcə 16500 tələbənin təhsil haqqının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur, bu isə ödənişli əsaslarla təhsil alan tələbələrin təxminən 15 faizinə yaxınını əhatə edir. Universitetlərin təhsil haqlarından əlavə gəlir qaynaqlarının məhdud olması onların maliyyələşməsində təhsil haqlarının rolunu həlledici amilə çevirir, bu isə öz növbəsində daha yüksək və güzəştsiz təhsil haqqı deməkdir. Son 5 il ərzində 7 min tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olması məsələnin ciddiliyindən xəbər verir.

Azərbaycanda ali təhsil müəssisələri necə maliyyələşir?

Azərbaycanda universitetlərin maliyyələşməsi dövlət sifarişli yerlərə ayrılan vəsaitlər və tələbələrin ödədiyi təhsil haqqı hesabına təmin olunur. Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar”ın ləğv edilməsi barədə qərarında da qeyd edilir ki, hazırda ali təhsil müəssisələri öz maliyyə-təsərrüfat fəaliyyətlərini müvafiq olaraq dövlət sifarişi və ödənişli əsaslarla kadr hazırlığından, eləcə də qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən əldə olunan büdcə və büdcədənkənar vəsaitlər hesabına təmin edir və bu vəsaitlərin xərc istiqamətlərini sərbəst müəyyənləşdirir.

Son bir neçə il ərzində Azərbaycan Dillər Universitetinə, Azərbaycan Dövlət İqtisad Universitetinə, Bakı Dövlət Universitetinə və Bakı Mühəndislik Universitetinə “Publik hüquqi şəxs” statusu verildiyi üçün adı çəkilən təhsil ocaqları  kurs açmaq, konsaltinq xidmətləri təklif etmək, elm tutumlu layihələr həyata keçirmək kimi fəaliyyətlərlə müstəqil şəkildə məşğul olmaq səlahiyyətinə malikdirlər. Ancaq onu da qeyd etmək lazımdır ki, təhsil haqlarından kənar mənbələrdən daxil olan vəsaitlər publik hüquqi şəxs statusu almış bu universitetlərin gəlirlərinin ən yaxşı halda 10 faizə yaxınını təşkil edir. Digər ali təhsil qurumları isə bu tip fəaliyyətlər həyata keçirməyi Təhsil Nazirliyi və Nazirlər Kabineti ilə razılaşdırmalıdırlar.

Azərbaycanda  ixtisaslar üzrə təhsil haqlarının formalaşmasına təsir edən amillərdən biri də qəbul aparılan ixtisaslara ayrılan plan yerlərinin sayı ilə bağlıdır. Dövlət İmtahan Mərkəzinin tələbə qəbulu üzrə imtahan nəticələrinin elmi-statistik təhlilindən məlum olur ki, 2018/2019-cu tədris ili üçün “Riyaziyyat müəllimliyi” ixtisası üzrə dövlət sifariş əsasında 260 yer, “İqtisadiyyat” ixtisası üçün dövlət sifariş əsasında 187 yer, “Maliyyə” ixtisası dövlət sifariş əsasında isə 90 yer ayrılıb. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” ilə bağlı 1 nömrəli əlavədən isə görünür ki, həmin il eyni ixtisaslarla  bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat təhsili üzrə əsas təhsil səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1320 manata bərabərdir. Digər tərəfdən, eyni ildə “Bəstəkarlıq” ixtisası üzrə 5, “Dekorativ sənət” ixtisası üzrə 12, “Qrafika” ixtisası üzrə 8 plan yeri ayrılıb ki, bu istiqamətlər üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 5000-6820 manat həcmində qiymətləndirilib. Yəni, plan yeri çox olan ixtisaslar üzrə müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür, ancaq plan yeri daha az olan ixtisaslarda həmin xərclər də daha az tələbə arasında bölüşdürülür və plan yeri daha az müəyyən edilmiş ixtisaslar üzrə daha yüksək təhsil haqları formalaşır.  Ödənişli əsaslarla qəbul aparılan yerlərdə təhsil haqqının necə müəyyən edilməsiylə bağlı universitetlər arasındakı sorğuda isə məlum olub ki, ixtisasın dəyərinin müəyyən olunmasına təsir edən əsas amillərdən biri həmin ixtisasların əmək bazarında lazımlılıq dərəcəsi və ixtisasa olan tələblə bağlıdır.  Bəzi universitetlərdə universitetin ixtisaslaşdığı sahələrlə bağlı fakultələrin təhsil haqqının eyni ixtisasın digər universitetdəki dəyərindən daha çox olmasına diqqət yetirilir.

Azərbaycanda ali təhsilin maliyyələşdirilməsi ilə bağlı daha bir maraqlı məqam ali təhsil müəssisələrində təhsil alanların orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alanların sayından çox olmasına baxmayaraq, bütün təhsil pillələri arasında dövlət büdcəsindən ən az vəsaitin ali təhsilə ayrılmasıdır. Belə ki, 2020-ci ilin dövlət büdcəsi haqqında qanunda məktəbəqədər təhsilə 323 milyon manat, ümumi təhsilə 1.7 milyard manat, peşə təhsilinə 54 milyon manat, orta ixtisas təhsilinə 74 milyon manat, ali təhsilə isə cəmi 49 milyon manat, başqa sözlə isə ümumi təhsil xərclərinin 1.5 faizi həcmində vəsait ayrılıb. Məncə, bunun əsas səbəbi ali təhsil müəssisələrində oxuyan tələbələrin 60 faizindən çoxunun ödənişli əsaslarla təhsil alması ilə bağlıdır.

Təhsil haqlarına güzəştlər və kreditləşmə

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirini azaltmaq məqsədi ilə Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda müəyyən sosial qruplara daxil olan tələbələrin təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur. Ancaq qərarın əhatə dairəsi çox məhduddur. Belə ki, sadəcə ünvanlı dövlət sosial yardımı alanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan, işsiz kimi qeydiyyatda olan, yaşa görə əmək pensiyası və ya sosial müavinət alan tələbələr bu yardımdan yararlana bilər.

Təhsil nazirinin müavini İdris İsayev məsələ ilə bağlı açıqlamasında deyib ki, bu güzəştdən 16500 ali məktəb tələbəsi yararlana biləcək. Açıqlamada eyni zamanda qeyd edilir ki, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrlə birlikdə ölkədə 262 min tələbə var və onların 50 faizdən çoxu ödənişli təhsil alır. Bu tələbələrdən 17 mininin  təhsil haqqı bu qəraradək dövlət tərəfindən ödənilib. Həmin tələbələrin 74 faizini məcburi köçkünlər, yerdə qalan hissəsini isə şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum, 1 və 2-ci qrup əlilliyi olan, sağlamlıq imkanları məhdud olan tələbələrdir. Azərbaycanda ali təhsil müəssisələrində illik təhsil haqqı orta hesabla 2290 manat, orta ixtisas təhsil müəssisələrində təxminən 600, peşə təhsili müəssisələrində 500 manatdır.

Azərbaycanda tələbələrin maliyyələşdirilməsi üçün istifadə edilən əsas alət tələbə təqaüdləridir. Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu rəqəmlərə görə, dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin 44 faizi təqaüd alır. Özəl universitetlərdə təhsil alanlarla birlikdə bu rəqəmin daha da aşağı düşəcəyini ehtimal etmək olar. Təqaüdlərin miqdarı isə hazırda bakalavr dərəcəsi üzrə akademik göstəricilərə əsasən 75-130 manat, magistr dərəcəsi üzrə isə 80-145 manat intervalındadır. 2020-ci il üzrə dövlətin müəyyən etdiyi yaşayış minimumunun 201 manat olduğunu düşünsək, bu təqaüdlərin kifayət qədər aşağı olduğu qənaətinə gələ bilərik. Tələbə təqaüdləri ilə bağlı olaraq son illərdə atılmış müsbət addım kimi isə artıq ödənişli əsaslarla universitetə qəbul olan tələbələrin də təqaüd almaq imkanının olmasını qeyd edə bilərik. Belə ki, əvvəlki illərdə sadəcə dövlət sifarişi ilə universitetə qəbul olunmuş tələbələr təqaüd ala bilirdisə, bu dəyişiklikdən sonra təqaüd alan tələbələr akademik göstəricilərinə əsasən müəyyənləşir ki, bu da tələbələr arasında rəqabət mühiti və motivasiya yaranması baxımından uğurlu hesab oluna bilər.

Əksər xarici ölkədə ictimai nəqliyyat başda olmaqla bir çox sahədə tələbələr üçün güzəştlər nəzərdə tutulsa da,  azərbaycanlı tələbələrin bu cəhətdən bəxtinin gətirdiyini demək olmaz. Xarici ölkələrin təcrübəsində geniş yayılan digər bir məsələ də ali təhsilin kreditləşməsi ilə bağlıdır.  2015-ci ildə Azərbaycanda da Təhsil Nazirliyinin təşəbbüsü və on universitetin təsisçiliyi ilə “Maarifçi Tələbə Kredit” Fondu yaradılsa da, fondun fəaliyyəti bu illər ərzində bir o qədər də genişlənə bilmədi. Fondun ötən il mətbuata verdiyi açıqlamada indiyədək 247 tələbə ilə təhsil krediti müqaviləsinin imzalandığı bildirilmişdi ki, bu rəqəm də ödənişli təhsil alan tələbələrin çox cüzi hissəsini təşkil edir.

Halbuki xarici ölkələrin təcrübəsində nəinki təhsil haqqının, hətta tələbələrin aylıq xərclərinin belə həmin kredit fondları hesabına maliyyələşdirilməsinə rast gəlinir. Məsələn, Türkiyədə akademik göstəriciləri yüksək olan, həmçinin iqtisadi vəziyyəti yaxşı olmayan tələbələr dövlət təqaüdü və yataqxana təminatı almaq üçün, digərləri isə tələbə krediti almaq üçün müraciət edə bilərlər. Həmin kredit formasındakı təqaüd tələbəyə təhsil aldığı müddət ərzində hər ay verilir. Kredit məbləği hazırkı məzənnə ilə bakalavr tələbələri üçün təxminən 80 dollar, magistr tələbələri üçün 160 dollar, doktorantura tələbələri üçün isə 230 dollar həcmindədir. Tələbələr aldıqları krediti təhsillərini başa vurduqdan iki il sonra ödəməyə başlayırlar. Kreditin ödənmə müddəti isə kreditin alındığı müddətin yarısına bərabərdir. Tələbələrə ödənən vəsaitə faiz hesablanmasa da, kreditin alınmağa başladığı və bitdiyi tarixlər arasındakı rəsmi infilyasiya göstəricisi qədər vəsait əsas məbləğə əlavə olunur.  Ölkədə ictimai nəqliyyatda və universitet yeməkxanalarında tələbələrə ciddi endirimlər edilir və hətta tələbələrin valideynlərinə də övladları tələbə olduğu müddət ərzində vergi güzəştləri tətbiq olunur.

Nəyi dəyişməli?

Universitetlərin təhsil haqlarından asılılığının azaldılması və öz fəaliyyəti ilə qazandığı vəsait hesabına maliyyələşməsi üçün onun gəlir mənbələrinin genişləndirilməsi, yəni, universitetlərin kommersiyalaşdırılması vacib amillərdən biridir. Kommersiyalaşdırma üçün isə universitetlərin hazırladıqları innovativ məhsulların, aldıqları patentlərin sayı artmalı, konsaltinq və araşdırma xidmətləri ilə iqtisadiyyata yön vermək potensialı yüksəlməlidir. Universitetlərə bu keyfiyyətləri qazandırmaq üçün araşdırma və inkişaf xərclərinə ayrılan vəsaitin həcmi önəmli faktor hesab olunur. İnkişaf etmiş ölkələrdə bu istiqamətə ayrılan xərclərin ÜDM-ə nisbəti 3-4 faiz həcmindədir. Azərbaycanda isə 2020-ci ilin dövlət büdcəsindən elm xərclərinə 193,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Həmin vəsaitdən fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, dövlət və qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsi üçün yönəldilən vəsaitin həcmi isə cəmi 12,3 milyon manata bərabərdir. Başqa sözlə, Azərbaycanda nəinki sadəcə araşdırma və inkişafla bağlı məsələlər, ümumilikdə bütün elmə ayrılan vəsaitin ÜDM-ə nisbəti 0.2 faizə bərabərdir. Bu baxımdan universitetlərdə daha keyfiyyətli tədqiqatların və araşdırmaların aparılması üçün dövlət büdcəsindən elmə ayrılan xərclərin artırılması çox vacibdir.

Məsələnin digər bir tərəfi də ölkədəki ümumi iqtisadi mühit və institusional amillərlə bağlıdır. Belə ki, əgər ölkə iqtisadiyyatı elm tutumlu məhsullar istehsal etmək potensialına malik deyilsə və ixracın böyük əksəriyyətini təbii resursların hasilatı təşkil edirsə, azad rəqabət mühiti yoxdursa, belə iqtisadi şəraitdə universitetlərin innovativ fəaliyyət göstərməsi çətinləşir. Digər tərəfdən, universitetlərin məhsuldar fəaliyyət göstərməsi üçün ixtisaslı kadrlar da mühüm rol oynayır. Həmin kadrların yetişdirilməsi isə sadəcə ali təhsillə bağlı məsələ deyil və təhsilin bütün pillələrini əhatə edən kompleks fəaliyyət tələb edir. Universitetlərin effektiv fəaliyyətini təmin edən digər amillər isə onların inzibati və maliyyə muxtariyyətinin, eləcə də, akademik azadlıqların təmin edilməsi ilə bağlıdır.

Universitetlərin fəaliyyət qabiliyyətinin artırılması ilə yanaşı, tələbələrin maliyyələşmə mexanizminin inkişaf etdirilməsi də əhəmiyyət kəsb edir. Yuxarıda da qeyd etdiyimiz kimi, beynəlxalq praktikada tələbələrə müxtəlif vasitələrlə həm dövlət, həm də özəl qurumlar tərəfindən müəyyən dəstəklər verilir. Bu dəstəklərə təqaüdləri, təhsil haqları və yaşayış xərcləri üçün tələbə kreditlərini, yaşayış yeri, nəqliyyat və qida xərcləri ilə bağlı maliyyə dəstəyini və subsidiya ilə müəyyən xidmətlərin göstərilməsini qeyd edə bilərik. Tələbələrə sərf edilən vəsaitin ailə büdcəsinin ciddi bir hissəsini təşkil etdiyini nəzərə alaraq, valideynlərin gəlirinə müəyyən vergi güzəştləri tətbiq edərək də təhsil xərclərinin maliyyələşdirilməsinə dəstək vermək olar. Digər bir tərəfdən, bəzən  tələbələrin özləri də əmək fəaliyyəti  ilə məşğul olaraq öz xərclərini maliyyələşdirirlər. Bəzi hallarda bu tip fəaliyyət rəsmiləşdirilmədən həyata keçirilir. Bu səbəbdən tələbələrin əmək fəaliyyəti göstərdikləri müəssisələrə vergi və ya digər ödənişlərlə bağlı müəyyən güzəştlər tətbiq edərək, həm tələbələrin əmək hüquqlarının qorunmasına, həm də təhsillə bağlı xərclərinin maliyyələşdirilməsinə kömək etmək olar. Beynəlxalq praktikada rast gəlinən daha bir təcrübə özəl qurumların tələbələrə ayırdıqları təqaüdlər qarşılığında onlara müəyyən güzəştlər edilməsi ilə bağlıdır ki, bunun köməyi ilə özəl qurumların tələbələri himayəyə götürməsini stimullaşdırmaq olar.

Modern iqtisadiyyat əlavə dəyər yaradan məhsullara əsaslanır. Elm və texnologiya tutumlu və əlavə dəyər yaradan məhsulların istehsalı üçün ilk şərtlərdən biri həmin məhsulu yaratmaq potensialına sahib olan insanlar yetişdirməkdir. Bu səbəbdən, təhsil artıq həm də iqtisadiyyatın tərkib hissəsidir. Əgər “köhnə” – sənaye istehsalına əsaslanan modelin əsas tərkib hissələri təbii resurslar, kənd təsərrüfatı və geosiyasi mövqe idisə, yeni iqtisadi modelin əsasında ixtisaslı kadrlar, yəni təhsilli fərdlər dayanır. Bu modelə ona görə həm də “bilik iqtisadiyyatı” deyilir ki, bu iqtisadiyyat bilgiyə azad şəkildə çıxışı olan, həmin bilgilərə tənqidi təfəkkürlə yanaşmağı bacaran və bunlara əsaslanıb yeni yanaşmalar ortaya qoya bilən insanların yaratdığı iqtisadiyyatdır. Azərbaycanda iqtisadi fəal əhalinin sadəcə 16.5 faizi ali təhsillidir. 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərinə düşən ali təhsilli vətəndaşların sayı hazırda 131 nəfərdir. Bu isə həm region ölkələrinin göstəricilərindən, həm də dünya ölkələri üzrə orta göstəricidən iki dəfəyə yaxın aşağıdır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” adlı sənəddə də qeyd olunur ki, ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə uzlaşmır. 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmləşib və özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranıb. Bu səbəbdən hər 1000 nəfərə düşən ali məktəb tələbələrinin sayına görə Azərbaycan Respublikası üzrə göstəricilər əhəmiyyətli dərəcədə artırılmalıdır. Əhali təbəqələri və regionlar arasında xüsusən ali təhsilə çıxış imkanları genişləndirilməlidir. Bütün bunları nəzərə alaraq, Azərbaycanda dövlət tərəfindən elm və təhsillə bağlı xərclərin artırılmasına, biznesin bu sahəyə vəsait ayırmasına şərait yaradılmasına və eləcə də, bütün təhsil pillələrində təhsilin keyfiyyətinin və akademik azadlıqların artırılmasına ciddi ehtiyac olduğu qənaətinə gələ bilərik.

  3 iyul 2020