Gürcüstan son iki ildə davamlı siyasi böhran keçirir. Əslində bu, hər biri əvvəlkinin közündən alovlanan və daha da ciddiləşən kiçik böhranlar zənciridir. Ölkədə böhranların sayının daha da artacağına inanılır. 3.7 milyon gürcünün çoxu bu vəziyyətdən narazıdır, lakin heç olmasa əhali narazılığını ifadə edə, hökumətə və siyasi qüvvələrə göstərə bilər ki, hakimiyyətdə qalmaq və ya hakimiyyətə gəlmək istəyənlər gürcü xalqı üçün çalışmalıdır. Kimsə daha az demokratik-nikbin ola bilər və düşünər ki, ölkə postsovet məkanında seçki yolu ilə 2012-ci ildə hakimiyyəti dəyişdirən ilk ölkə (Baltikyanı ölkələr istisna) olmasına baxmayaraq azadlıq xəyallarını unutmaq ərəfəsindədir.

Bu böhranların birbaşa kökü 1990-cı illərdə Rusiyada beş milyarlıq sərvət yığmış olmuş oliqarx Bidzina İvanişvilinin 2012-ci ildən bəri qurduğu idarəetmədədir. Həmin il 1 oktyabr parlament seçkilərindən sonra yeni yaradılan Gürcü Arzusu (Kartuli Otsneba – GA) partiyası parlamentdəki 150 yerdən 83-nü qazandı. Ancaq gürcülər ildən-ilə İvanişvilinin dövləti bir növü özünün şəxsi nəzarətinə necə götürdüyünü və onun Rusiya ilə münasibətlərinin nə qədər qeyri-müəyyən olduğunu görə bildilər. Lakin böhranların digər köklərini keçmiş prezident Mixeil Saakaşvilinin (2004 – 2013) qarışıq irsində axtarmaq lazımdır: həmin irsdən bu günə siyasi olaraq idarə olunan məhkəmə sistemi, mükəmməl olmayan parlament sistemi (heç kim bu sistemin prinsiplərini tənqid etmir) ilə yanaşı eyni zamanda ayağa durmuş hökumət və seçkini uduzduğu üçün hakimiyyətdən gedən iqtidar partiyası nümunəsi qalıb.

Mövcud böhran zəncirinin başlanğıcını müəyyənləşdirmək asandır: 20 iyun 2019-cu il tarixində Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov Gürcüstan Parlamentinin spikeri İrakli Kobaxidzenin kreslosuna oturdu. Bu, bəzi müxalifət millət vəkillərinin[1] qəzəbinə səbəb oldu və sonra bir neçə ay davam edən vətəndaş etiraz hərəkatına gətirib çıxardı. Rusiya Federasiyası Kommunist Partiyasının üzvü Qavrilov Gürcüstana Parlamentlərarası Pravoslavlıq Assambleyasında iştirak etmək üçün gəlmişdi. Həmin gün ondan açılış bəyanatı verməsi xahiş olundu və 2008-ci ildə Abxaziya ilə Cənubi Osetiyanın Rusiya tərəfindən tanınmasının lehinə səs verməsinə baxmayaraq adı çəkilən kresloda oturmaqda problem görmədi. Öncəki gecə isə o, İvanişvilinin parlamentdəki etibarlı adamı Kobaxidzenin qonağı idi; Kobaxidze Gürcüstan ərazilərinin 20 faizini “işğal edən” [2] ölkədən olan bir siyasətçi ilə içki içmədə problem görmürdü.

20 iyun 2019-cu il tarixdə Qavrilovu spiker kürsüsündən kənarlaşdırmaq təşəbbüsünü irəli sürən müxalif millət vəkili Elene Xoştariya izah edir ki,  “Qavrilov Gecəsi [etirazlara verilən ad – red.] və Gürcüstanın Rusiya ilə son iki ildəki münasibətləri ancaq bir qığılcım oldu və onlar bu böhran zəncirinə səbəb olan qlobal mənzərənin yalnız bir hissəsi idi.”[3] GA hökuməti vəziyyəti Rusiyanı qıcıqlandırmadan həll etməyə və müxalifəti zəiflədib bəzi müxalif liderləri həbs etməyə çalışdı, eyni zamanda aylardır davam edən etirazları dağıtmaq üçün polis qəddarlığına əl aldı. Bütün bunlar isə böhranı daha da dərinləşdirdi. Xoştariya deyir ki, “məncə bu cür davamlı böhranın əsas səbəbi İvanişvilinin hakimiyyətə gəldikdən bəri, demək olar, bütün dövlət qurumlarını ələ keçirməsidir. İndi gürcülərin narazılıqlarını ifadə etmək üçün küçəyə çıxmaq və qışqırmaqdan başqa yolları yoxdur.”[4]

Həqiqətən də GA və İvanişvilinin adamları əsas dövlət qurumlarının əksəriyyətinə təyin olunublar: məhkəmə sistemi (Transparency International hesabatında deyilir ki, “məhkəmələrin idarəsi tamamilə nüfuzlu hakimlərdən ibarət dar bir qrupunun əlindədir və bu qrupa klan deyilir”[5]), prokurorluq, seçki komissiyaları, mətbuat, təhlükəsizlik xidmətləri və s. 2012-ci ildən bəri indiki Baş nazir İrakli Qaribaşvili, Daxili İşlər naziri Vaxtanq Qomerauli, həmçinin Səhiyyə, Əmək, Sosial işlər və İşğal Olunmuş Ərazilərdən Daxili Köçkünlər üzrə son iki nazir – Davit Sergeenko və Yekaterine Tikaradze kimi bir neçə nazir İvanişvilinin keçmiş işçiləri olub.

Ölkədə iqtisadi göstəricilərinin zəif olmasına baxmayaraq, hələ də əhalinin əhəmiyyətli hissəsi GA-nı dəstəkləyir. Məsələn, Dünya Bankının məlumatlarına görə, milli ÜDM[6] və adambaşına düşən ÜDM 2012-2019-cu illər arasında cəmi 6% artıb.[7] Qafqaz Araşdırmalar və Resurs Mərkəzinin (Caucasus Research and Resource Center) prezidenti Koba Turmanidze deyir ki, “rəy sorğularımızda GA-nın eniş əlamətlərini müşahidə etmirik. GA ana müxalifət partiyalarından xeyli qabaqda qalmağa davam edir. Son sorğularımıza görə, respondentlərin 31 faizi özlərinə ən yaxşı partiya kimi GA-nı görür. Bidzina İvanişvilinin obrazı böyük olmasa da sabit qalır. Düşünürəm ki, o, ölkənin qərbyönümlü kursunu dəstəkləyən, lakin Rusiya ilə qarşıdurmada olmaq istəməyən insanların dəstəyini ala bilir.”[8]

Gürcüstan Strateji Analiz Mərkəzinin (Georgian Strategic Analysis Center) nümayəndəsi Nodar Xarşiladze hesab edir ki, “İvanaşvili olmadan GA heç nədir və ikisinin də problemi əllərindəki bütün resursları istifadə edib qurtarmaqlarıdır. GA seçkilərdə səslərin təxmini 40 faizini alır, amma bu göstəricidə son 9 ildir hökumətin qəbul etdiyi strategiya – dövlətdən, yaxud da yeni yaradılan yarı-dövlət təşkilatları və şirkətlərdən maaş alan gürcülərin sayını artırmaq da rol oynayır. Beləliklə, GA-nın seçki resurslarını istifadə edib bitirməsi onun hər yeni seçkidə işini çətinləşdirir. Buna görə də daha çox böhranın olacağından qorxuruq.”[9] Belə ki, hökumət iş yerlərinin azlığı, yoxsulluq və inflyasiyanı – gürcülərin üç əsas problemini həll edə bilsəydi, Qavrilov Gecəsi bu cür qəzəbə və sonradan da böhran zəncirinə səbəb olmazdı.

GA son iki ildə etibarını çox itirdi. 2012-ci ildə İvanişvilinin partiyası Gürcüstanın siyasi arenasına yeni bir siyasi qüvvə kimi gəldi və özünü Saakaşvili əleyhinə bir model, qəddar olmayıb (2012-ci il seçkisindən iki həftə əvvəl yayılan həbsxana sui-istifadə videoları skandalını xatırlayın), demokratiyaya daha çox sadiq olan (mətbuat sahəsində, seçki şəffaflığı və s.) partiya kimi təqdim etdi. Qavrilov Gecəsindən və bir sıra digər hadisələrdən sonra görünür ki, GA Saakaşvili dövründəki və ondan əvvəlki səhvlərin əksəriyyətini təkrarlayıb: qəddar üsulların istifadəsi (19 iyun və sonra 2019 noyabr mitinqlərinin repressiyası zamanı), məhkəmə sisteminə ümumi nəzarət, bir neçə siyasi rəqibin şübhəli ittihamlarla və eyni dərəcədə şübhəli hüquqi prosedurlarla həbs olunması, mətbuata təzyiq,[10] seçkiləri uduzmamaq üçün qeyri-demokratik metodlara müraciət etmək (2018-ci il prezident seçkilərində iki mərhələ arasındakı dövrdə olduğu kimi) və s.[11]

Bu kontekstdə 31 oktyabr tarixində son parlament seçkiləri Gürcüstanın iki ildir yaşadığı böhranlar zəncirində bir əlavə halqa yaratdı. Hansı partiyaya mənsub olduqlarından asılı olmayaraq müxalifətdən seçilən millət vəkillərindən heç biri  yeni məclisdə oturmağa razı olmadılar, çünki onlar iqtidarın inzibati resurslardan istifadə edərək, cəmiyyətin bəzi təbəqələrinə təzyiqlər göstərərək və s. seçkini saxtalaşdırdığını iddia edirdilər. Bu, böhranlar seriyasında yeni böhran idi. Vəziyyət o qədər utancverici hal aldı ki, hökumət Avropa Şurası Prezidentinin təyin etdiyi Xristian Danielssonun uğursuz cəhdindən sonra şəxsən AŞ Prezidenti Çarlz Mişelin vasitəçiliyini qəbul etməli oldu.

18 aprel tarixində hakim partiya ilə müxalifət arasında razılıq əldə edildi. Seçilmiş müxalif millət vəkilləri digər tələblərlə yanaşı, siyasi məhbusların sərbəst buraxılması və GA-nın növbəti ilin oktyabr ayında yerli seçkilərdə səslərin 43 faizindən azını aldığı təqdirdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi şərtləri ilə parlamentdə oturmağa razı oldular. Elene Xoştariya isə “Avropa Birliyi və Mişel ilk növbədə seçki məcəlləsinin köklü islahatından başlayaraq böhranın əsas səbəblərinə toxunmadan bu böhranı sona çatdırmaq istəyir” deyərək müqavilədən imtina etdi.[12] Bu son məsələ həqiqətən də böhranlar zəncirində əsas məsələdir və Qavrilov Gecəsindən sonra etirazçıların əsas tələbi idi. İlk böhrana son qoymaq üçün İvanişvili tam proporsional seçki sistemini qəbul edəcəyinə söz verdi. Ancaq beş ay sonra sözünü geri götürdü və beləliklə Tbilisidəki Parlament binası qarşısında yeni qızğın etirazlara səbəb oldu.

“43 faiz qaydası” GA üçün baş ağrısına çevrilə və gələn payızda yeni bir böhrana səbəb ola bilər. Son fevral ayında hakim partiyanın Nika Meliyanı (ana müxalifət – Saakaşvilinin Birləşmiş Milli Hərəkat partiyası lideri) həbs etmək üçün genişmiqyaslı xüsusi polis əməliyyatı başlatmasından sonra keçmiş baş nazir Giorgi Qaxariya GA-dan istefa verdi, sonra isə öz siyasi hərəkatını yaratmaq qərarına gəldi. Onun sensasiyalı elanının səhəri günü, görünür, ölkə əhalisi onu izləməyə həvəsli idi. Qaxariyanın partiyasının həqiqətən güclü olacağı bizə inandırıcı görünmür, ancaq növbəti yerli seçkilərdə səslərin 3 və ya 5 faizini alsa, bu belə GA-nın səsinin 43 faizə çatmasının qarşısını ala bilər. “Bu, yeni böhrana səbəb ola bilər, çünki, görünür, GA və İvanişvili məğlubiyyəti qəbul etməyə razı deyillər və dediyim kimi, onların resursları tükənib, 35-40 faizdən çox səs yığa bilməzlər. Eyni zamanda müxalifət GA-nın buraxdığı boşluğu doldura bilməyib. İnsanlar müxalifətə də inanmırlar” deyə Nodar Xarşiladze bədbinliklə izah edir.[13]

Bu vakum təkcə siyasi aktorlar arasında inkişaf etməyib, eyni zamanda vətəndaşlara təsir edən böhrana səbəb oldu. Bu vətəndaşların bir çoxu hansısa siyasi qüvvənin özünü təmsil etdiyini düşünmür. Ötən ilin dekabr ayında keçirilən bir sorğuya əsasən, “heç bir partiyanı dəstəkləməyən,” “cavab verməkdən imtina edən,” yaxud da “cavabı olmayan”lar bütün respondentlərin 54%-ni təşkil edir.[14] Bu böhran, hökumətin insanların problemlərini həll edə bilməməsi və bütün siyasi sistemin kilidləndiyi çıxılmaz nöqtə, yəqin ki, Namaxvani SES layihəsinə qarşı etirazlar, bir çox şirkətdəki tətillər (adətən daha yüksək maaş üçün), Dmanisidəki son zorakılıq halları və s. kimi qəzəbli nümayişlərin əsas səbəbləridir.

[1] Avropalı Gürcüstan partiyasından və (keçmiş prezident Mixail Saakaşvilinin) Birləşmiş Milli Hərəkatından.

[2] Burada 2008-ci ilin oktyabr ayında Gürcütan Parlamentinin qəbul etdiyi 436 saylı işğal edilmiş ərazilər qanununu nəzərdə tuturam.

[3] Müsahibə, 23 aprel, 2021, Tbilisi.

[4] Müsahibə, 23 aprel, 2021, Tbilisi.

[5]The State of the Judicial System 2016-2020”, oktyabr, 2020.

[6] https://data.worldbank.org/country/georgia

[7] https://data.worldbank.org/indicator/NY.GDP.PCAP.CD?locations=GE

[8] Müsahibə, 27 aprel, 2021, Tbilisi.

[9] Müsahibə, 14 may, 2021, Tbilisi.

[10] Transparency International hesabatında deyilir ki, “Hökumət məhkəmə və hüquq-mühafizə sistemlərindəki təsirlərindən televiziya şirkətlərinin sahiblərinə və rəhbərlərinə və ya onların ailə üzvlərinə təzyiq göstərmək məqsədi ilə tənqidi mətbuata qarşı fəal şəkildə istifadə edir.”

[11] GA-nın dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili seçkinin ilk mərhələsindən sonra əlverişsiz vəziyyətdə idi, çünki Saakaşvilinin partiyasının namizədi Qriqol Vaşadzeni digər əsas müxalifət partiyaları dəstəkləyirdi. Buna görə də İvanişvili kredit borcunu ödəyə bilməyən 600.000 vətəndaşın borcunu şəxsən özünün ödəyəcəyinə söz verdi. Onun sözü isə ikinci mərhələdən sonra qüvvəyə minəcəkdi. Bu, Zurabişvilinin prezident seçilməsinə kifayət etdi və borclar həqiqətən də 2018-ci ilin sonuna qədər ödənildi. Seçkinin ikinci mərhələsində Vaşadze təxmini birinci mərhələdə özünün qazandığı və əlavə olaraq da onu dəstəkləyən müxalif partiyaların birinci mərhələdəki ümumi səsi qədər səs yığdı. Zurabişvili isə ilk mərhələ ilə müqayisədə öz səsini iki dəfə artırdı.

[12] Müsahibə, 23 aprel, 2021, Tbilisi.

[13] Müsahibə, 14 may, 2021, Tbilisi.

[14]Public Attitudes in Georgia Results of December 2020 telephone survey”, NDI, CRRC, British embassy, UK-Aid, 64.