Azərbaycandilli fəlsəfi ədəbiyyatın, o cümlədən fəlsəfə dərsliklərinin əsas, bəlkə də ən mühüm, problemlərindən biri odur ki, həmin ədəbiyyatlarda zəruri olduğu halda belə bir sıra açar fəlsəfi terminlərin hansı anlayışı ifadə etməsi ya ümumiyyətlə açıqlanmır, ya da bir çox hallarda düzgün izah olunmur. Yazıda mən bu problemi fəlsəfənin mərkəzi terminlərindən olan “həqiqət”i nəzərdən keçirməklə göstərməyə çalışacağam.

“Həqiqət” və “həqiqi” ümumişlək sözlər kimi

Fəlsəfi terminlərin bir çoxu gündəlik istifadə etdiyimiz adi danışıq dilindən götürüldüyündən onlar təbii dildəki sözlərlə məna yaxınlığını qismən qoruyub saxlayır. Bu, bizə o üstünlüyü verə bilər ki, fəlsəfi termini müvafiq sözün adi dildəki mənası ilə qarşılaşdırmaqla onun nə ifadə etdiyini daha yaxşı anlayaq. Bu səbəbdən “həqiqət”in fəlsəfədə termin kimi hansı anlayışı ifadə etməsinə keçməzdən əvvəl istərdim ki, onun adi dilin ümumişlək sözü olaraq, hansı mənaları ifadə etməsinə nəzər salaq.

Sözlərin adi dildə hansı mənanı ifadə etməsini aşkarlamağın asan yollarından biri onların hansı kontekstdə və nə cür işlənməsinə diqqət yetirməkdir. Əgər biz “həqiqət” və onun sifət forması olan “həqiqi” sözlərinin işləndiyi cümlə kontekstlərinə nəzərə alsaq, bu sözlərin hansı mənaları ifadə etdiyini müəyyənləşdirə bilərik. Bəri başdan deyim ki, dilimizdəki bu sözlər çoxmənalıdır və bunu aşağıdakı nümunələr əsasında görmək olar:

(1) Turalın söylədikləri həqiqətdir.

(2) Deyilən söz həqiqidir.

(3) Həqiqət bəzən acı olur.

(4) İşin həqiqəti müəyyən edilmədi.

(5) O, həqiqi simasını göstərdi.

Yuxarıdakı cümlələrdə “həqiqət” və “həqiqi” sözləri müxtəlif anlayışları ifadə etdiklərindən müxtəlif mənalarda işlənib. Gəlin ilk olaraq tələsmədən, bu mənaları bir-birindən fərqləndirməyə çalışaq.

(1) və (2)-də “həqiqət” və “həqiqi” kiminsə söylədiyi cümlənin və ya bu cümlənin ifadə etmiş olduğu fikrin bir xüsusiyyətini bildirir. Biz bilirik ki, söylənilən bütün cümlələr və onların ifadə etdiyi fikirlər ya həqiqi, ya da yanlış olur. Bir sıra cümlə və fikirlər gerçəkliyə (reallığa) uyğun olmadığından qeyri-həqiqidir, yəni yanlışdır. Məsələn, əgər Turalın fikirləri gerçəkliyə uyğun deyilsə, biz “Turalın fikirləri yanlışdır” deyə də bilərik. “Həqiqət” sözü belə kontekstlərdə əvvəlki cümlədəki “yanlış” sözünün antonimi olaraq cümlə və ya fikirlərimizin gerçəkliyə uyğun olmasını ifadə edir. Bunu başqa bir misalla ifadə edək: əgər dialoqda söhbət edənlərdən biri (yəni, Tural) deyirsə ki, dünən evdə heç kim yox idi, və digər həmsöhbət (1) və ya (2)-ni istifadə edirsə, onda o, “Dünən evdə heç kim yox idi” cümləsinin gerçəkliyə uyğun olduğunu təsdiqləmiş olur.

Gəlin “həqiqət” sözünün bu cür kontekstlərdə ifadə etdiyi anlayışı bu sözə bağlı digər anlayışlardan fərqləndirmək üçün relasional həqiqət adlandıraq. Mən “relasional həqiqət” ifadəsini ona görə seçirəm ki, (1) və (2) kimi cümlə kontekstlərində “həqiqət” sözü iki müxtəlif nəsnə – cümlə və onun bildirdiyi şey (reallıq) – arasındakı münasibəti, uyğunluq münasibətini ifadə edir. Bu münasibəti həqiqi olan “Pişik həsirin üstündədir” cümləsi və ya həmin cümlənin ifadə etdiyi fikir nümunəsi əsasında aşağıdakı təsvirlə də göstərmək olar:

Diqqət yetirin ki, “Turalın söylədikləri həqiqətdir”, “Pişik həsirin üstündədir fikri həqiqidir” cümlələrindən fərqli olaraq, (3)-də (“Həqiqət bəzən acı olur” cümləsində) “həqiqət” sözü münasibət ifadə etmir. Burada həmin söz gerçək nəsnənin özünü bildirir. Başqa sözlə, (3) bizə deyir ki, hansısa bir gerçək (real) nəsnə və ya baş vermiş bir şey var və onun reallıqda yer alması bizə acı gəlir. Adi dilin belə kontekstlərində “həqiqət” sözü gerçəklikdə yer alan nəsnələri bildirdiyindən, gəlin sözün bu mənasını da real həqiqət adlandıraq.

(4) və (5) kimi cümlələrdə isə “həqiqət” və “həqiqi” sözləri reallıqdakı bir nəsnənin xüsusiyyətini bildirir. (4)-dən (“İşin həqiqəti müəyyən edilmədi” cümləsindən) aydın olur ki, hansısa bir iş baş verib və onun həqiqəti, yəni mahiyyəti müəyyən edilməyib; olan bilsin bu işin başqa xırda-para xüsusiyyətləri müəyyən edilsə də. (5)-də də “həqiqi sima” deyildikdə simanın (metaforik mənada işlədilir) nəzərdə tutulan mahiyyəti ifadə edilir. Çünki söhbət burada kiminsə ümumiyyətlə simasından deyil, onun “əsl” simasını təşkil edən xüsusiyyətdən gedir. Başqa sözlə, “həqiqət” və “həqiqi” sözləri burada gerçəkliyə aid olan şeyin bir xüsusiyyətini bildirir. (3)-dən fərqli olaraq (4) və (5)-də bu sözlər şeyin özünü deyil, onun mahiyyət xüsusiyyətini bildirdiyindən, gəlin bunu da şərti olaraq essensial həqiqət adlandıraq.

“Həqiqət” sözü Azərbaycan dilində bəzən etik kontekstlərdə də istifadə olunur. Məsələn, tez-tez olur ki, iki fərqli davranış nümunəsi üzərində oturub düşünərkən biz “Görəsən, həqiqət hansıdır? Mən düzgün hərəkət etdimmi?” deyə sual edirik. Belə kontekstlərdə “həqiqət” sözü etik bir prinsipə aid edilir (“ədalət” sözünü də belə mənada işlədirik). “Həqiqət” sözünün bu mənası onun ifadə etdiyi digər mənalardan xeyli dərəcədə fərqlənir. Çünki burada söhbət nə bizim cümlələrimizin/fikirlərimizin gerçəkliyə olan münasibətindən, nə də gerçəkliyin özündən gedir. Belə kontekstlərdə “həqiqət” abstrakt bir etik prinsipin hansısa qaydada (ya Allahın iradəsi ilə, ya cəmiyyət tərəfindən və s.) sanksiyalaşdırılmış olduğunu ifadə edir. Etik kontektslərdə işlədilən, “həqiqət”in sifət forması olan “həqiqi” sözü də bizim davranış və ya məqsədli fəaliyyətimizin bu və ya digər etik prinsiplərə uyğun olduğunu bildirir. Məsələn, “Yalan danışmaq olmaz” etik bir prinsipdir və biz bəzən çoxluq tərəfindən qəbul olunmuş bu cür etik prinsipi “həqiqət”, ona uyğun davranışları isə həqiqi (düz) adlandırırıq. Gəlin “həqiqət” və “həqiqi” sözlərinin ifadə etdiyi bu mənanı etik həqiqət adlandıraq.

“Həqiqət” sözünün digər bir ümümişlək mənasına isə daha çox dini və mistik kontekstlərdə rast gəlinir. Belə kontekstlərdə “həqiqət” sözü əlçatmaz, transsendent olan bir varlığı bildirir (məsələn, “Həqiqəti tapmaq”, “Həqiqətə qovuşmaq” ifadələrindən qurulan cümlələrdə olduğu kimi). İslama aid dini və mistik mətnlərdə bu transsendent varlıq bir çox hallarda “Allah”, “Haqq” terminləri ilə də işarələnir. “Həqiqət” sözünün bu mənasını bildirmək üçün biz transsendent həqiqət ifadəsini istifadə edə bilərik.

Beləliklə, “həqiqət” və “həqiqi” sözlərinin ümumişlək sözlər kimi dildə müxtəlif cür istifadə olunmasına, qısa da olsa, nəzər yetirdikdən sonra məlum oldu ki, bu sözlər çoxmənalıdır. Bu yazıda biz onların aşağıdakı ümumişlək mənalarının olduğuna toxunduq: 1) relasional həqiqət; 2) real həqiqət; 3) essensial həqiqət; 4) etik həqiqət; 5) transsendent həqiqət. (Diqqət edin ki, burada bəzi relyativist filosoflar kimi müxtəlif həqiqətlərin olduğu iddia edilmir, sadəcə dilimizdəki “həqiqət” termininin müxtəlif anlayışlar ifadə etməsi vurğulanılır. Və mən burada həmin anlayışlara şərti adlar seçmişəm.)

Bəs belə məna fərqliliklərini bilməyin fəlsəfi baxımdan əhəmiyyəti nədədir? Məsələ burasındadır ki, “həqiqət” tək adi dilin ümumişlək bir sözü deyil, o, eyni zamanda bizim dildə fəlsəfi termin kimi də istifadə olunur. Demək olar ki, bütün dillərdə fəlsəfi terminlərin bir çoxu təbii dildən götürülür və bu zaman ortaya çıxan problemlərdən biri budur: təbii dildə sözlərin xeyli hissəsi çoxmənalı olduğundan, onların fəlsəfi termin kimi hansı anlayışı ifadə etdiyini müəyyən etmək çətinlik yarada bilər. Oxşar problemə tək Azərbaycan dili müstəvisində deyil, fərqli dillərdə də rast gəlmək olar. Lakin biz Avropa təcrübəsinə nəzər salsaq, görərik ki, təbii dildən götürülən fəlsəfi terminlərin çoxmənalılığından qaçmaq üçün filosoflar çox zaman fəlsəfi terminin konkret hansı anlayışı ifadə edəcəyi ilə bağlı razılığa (konvensiyaya) gəlirlər.

Azərbaycanda isə vəziyyət bu baxımdan heç də ürəkaçan deyil. Azərbaycandilli fəlsəfi mətnlərdə, hətta dərsliklərdə belə, fəlsəfi terminlərin mənaları hələ də dəqiq ayırd edilməmiş qalmaqdadır. Bu, oxucuların azərbaycandilli fəlsəfi ədəbiyyatı oxuyub başa düşməsində çətinlik yaradan əsas amillərdəndir. Gəlin həmin problemi bizim fəlsəfi mətnlərdən elə “həqiqət” terminini nümunə gətirməklə göstərərək davam edək.

Azərbaycandilli fəlsəfi mətnlərdə “həqiqət”

Yuxarıda qeyd etdik ki, “həqiqət” sözünün Azərbaycan dilində müxtəlif mənaları var. Ancaq bu, o demək deyil ki, azərbaycandilli fəlsəfi ədəbiyyatda da “həqiqət” termini belə rəngarəng mənalarda işlədilir. Vəziyyət belə olsaydı, onda fəlsəfi terminologiyamızla bağlı daha da pessimist olmalıydıq. Məsələ burasındadır ki, adi dildə “həqiqət” sözünün ifadə etdiyi, yuxarıda nəzərdən keçirdiyimiz anlayışları fəlsəfi baxımdan əhəmiyyətlidir. Əgər biz Avropa ölkələrində nəşr olunan ədəbiyyatlara baxsaq, görərik ki, avropalı filosoflar həmin anlayışları ayrılıqda ifadə etmək üçün müxtəlif terminlər daxil ediblər. Məsələn, bizim yuxarıda şərti olaraq relasional həqiqət adlandırığımız anlayışı ifadə etmək üçün ingilisdilli ədəbiyyatda truth (almanca Wahrheit), essensial həqiqəti ifadə etmək üçün essence (almanca Essenz və ya Wesen), etik həqiqəti ifadə etmək üçün isə müfaviq olaraq rightness (almanca Richtigkeit) terminlərindən istifadə olunur.

Azərbaycandilli fəlsəfədə isə bu anlayışları ifadə etmək üçün terminlərin istifadəsində qənaətbəxş razılaşma yoxdur. Hətta bəzən elə olur ki, müəllif bir mətndə eyni termini fəlsəfi baxımdan əhəmiyyətli olan müxtəlif anlayışları ifadə etmək üçün istifadə edir. Məsələn, S. Xəlilov Fəlsəfə: Tarix və Müasirlik əsərində ritorik sual edərək yazır: “…müqəddəs dünyanın, Müqəddəs ruhun, Mütləq İdeyanın, həqiqət dünyasının kandarında dayanmaq, onunla təmasda olmaq, əslində Allahın dərgahına qatılmağın, Allaha pənah aparmağın, ona tapınmağın bir forması deyilmi?” (Xəlilov 2006, 106; kursiv mənimkidir). S. Xəlilov əsərinin bu hissəsində bizim transsendent həqiqət adlandırdığımız anlayışdan istifadə etsə də, həmin əsərin digər bir yerində, biliklərin həqiqiliyindən danışdıqda isə bizim relasional adlandırdığımız həqiqət konseptinə müraciət etmiş olur (bax Xəlilov 2006, 52).

İctimaiyyət arasında filosof kimi daha çox tanınanlardan olan Niyazi Mehdi isə Dilarə Mehdi ilə həmmüəllif olduğu “Fəlsəfə tarixində fəlsəfə” əsərində (əsər həm də dərslik kimi nəzərdə tutulub) həqiqət anlayışını oxucuya bu cür təqdim edir:

“Fəlsəfi həqiqət çox vaxt 2+2=4 kimi riyazi doğrulara oxşamır. Buddizmin banisi Şakyamunanın (və ya Buddanın) yanına gəlib, ona dünyanın, gerçəkliyin necəliyi haqqında suallar veriblər ki, o, yaratdığı dinin fəlsəfi gücünü göstərsin. Budda isə susub, heç nə deməyib. Sonralar Buddizm fəlsəfəsi tarixində onun bu susqunluğu böyük bir fəlsəfi həqiqət, güclü bir fəlsəfi mövqe kimi qalıb. Buddanın fəlsəfi sualı cavabsız qoymasının özü bir həqiqət olub və sonrakı fəlsəfi dartışmalarda (mübahisələrdə), deyişmələrdə sübut kimi işlədilib. Bu həqiqət 2+2=4 həqiqətindən yerlə göy qədər ayrılır. Axı, elmdə cavabsızlıqla, susqunluqla doğrunu söyləmək olmaz” (Mehdi və Mehdi 2010, 22)

Burada müəlliflər həqiqət anlayışını oxucuya təqdim etmək üçün Buddizmdən bir nümunə gətirirlər və dediklərindən belə çıxır ki, (bəzi) fəlsəfi suallar qarşısında susqunluq nümayiş etdirmək həqiqilik xüsusiyyəti daşıyır (və ya daha sadə ifadə etsək, elə həqiqət üçün bir nümunədir). Görünür, N. Mehdi və D. Mehdi burada bizim şərti olaraq etik həqiqət adlandırdığımız anlayışdan istifadə edir. Çünki bu misalda söhbət insanların davranışlarını müəyyən etməli olan hər hansı bir dini-əxlaqi prinsipdən (Budda nümunəsində çətin olan fəlsəfi və cavabını bilmədiyimiz suallarlar qarşısında susmaqdan) gedir.

Aşağıda görəcəyik ki, “həqiqət” termininin bu cür istifadəsi terminin digər fəlsəfi dərsliklərdə təqdim olunan istifadəsi ilə üst-üstə düşmür. Hələlik isə N. Mehdinin və D. Mehdinin dərsliyinin yuxarıda sitat kimi gətirilən hissəsindəki digər bir məqama diqqət yetirək. Bu məqam ondan ibarətdir ki, müəlliflər oxucuya Buddizm nümunəsi əsasında təqdim etdikləri, bizim şərti olaraq etik həqiqət adlandırdığımız (ingiliscə rightness) anlayışı elmi fikrin həqiqiliyi ilə qarşılaşdıraraq qeyd edirlər ki, fəlsəfədə həqiqət 2+2=4 kimi riyazi həqiqətlərə oxşamır. Fikrimcə, bu qarşılaşdırma gərəksizdir və müəlliflərin bizim relasional adlandırdığımız həqiqət anlayışı (ingiliscə truth) ilə etik həqiqət anlayışı arasında yetərincə fərq qoymamasının göstəricisidir. Müxtəlif elm sahələrində, implisit də olsa, istifadə olunan həqiqət anlayışı irəli sürülən elmi fikirlərlə reallıq arasında olan münasibəti xarakterizə edir. Məsələn, əgər bir riyaziyyatçı 2+2=4 fikrinin həqiqiliyini idda edirsə, deməli, o, riyaziyyatın öyrəndiyi abstrakt ədədlər sferasında 2+2=4 kimi vəziyyətin olduğunu təsdiq etmiş olur. (Abstrakt ədədlər sferasını reallığın bir hissəsinə aid etməyimiz çaşdırıcı gələ bilər. Ancaq riyaziyyat fəlsəfəsi ilə məşğul olanların bir çoxu belə bir abstrakt sferanın mövcudluğunu qəbul edirlər. Onlar belə düşünürlər ki, əks halda riyazi həqiqətlərdən danışmaq problemli olardı.) Bunun üçün elmə aid daha asan misal da seçə bilərik. Məsələn, bir təbiətşünas alim Marsda su olub fikrini irəli sürürsə və Marsda suyun olduğu müxtəlif dəlillər vasitəsi ilə sübuta yetirilirsə, onda alimlər “Marsda su olub fikri həqiqidir” deyə bilərlər; çünki belədə Marsda su olub fikri ilə Marsdakı müvafiq reallıq arasında uyğunluq münasibəti təsdiqlənmiş olur. Etika və ya müxtəlif dini dünyagörüşlərin tərkib hissəsi sayılan əxlaq sistemlərinə aid fikirlərlə isə reallıq arasında bu mənada uyğunluqdan danışmağa dəyməz. Çünki etikanın və ya əxlaqın məqsədi fikir irəli sürüb onun reallıqla əlaqəsini yoxlamaq deyil. Etik mənada həqiqət, yuxarıda qeyd etdiyimiz kimi Allah, Budda, cəmiyyət və s. tərəfindən “sanksiyalaşdırılmış” normativ bir prinsipdir.

Mənim rastlaşdığım bir sıra başqa azərbaycandilli dərsliklərdə “həqiqət” termini ingilisdilli fəlsəfi ədəbiyyatdakı “truth” terminin mənasına yaxın (yuxarıda qeyd etdiyimiz relasional həqiqət anlayışının ifadəçisi kimi) işlədilir ki, bunu da düzgün hesab etmək olar. Ancaq bu cür dərsliklərdə əsas problem ondan ibarətdir ki, bu müəlliflər öz kitablarını əsasən rusdilli müəlliflərin dərs vəsaitləri əsasında yazdıqlarından, bir sıra hallarda onların yanlışlıqlarını təkrarlayırlar. Məsələn, məşhur rusdilli müəllif İ. T. Frolovun rəhbərliyi ilə yazılan fəlsəfə dərsliyində həqiqət anlayışı biliklərin obyektiv reallığa uyğunluğu (“соответствия знаний объективной реальности”) kimi təqdim edilir (bax Фролов и др. 1989, 351). Buna oxşar olaraq bir sıra azərbaycandilli müəlliflər də “həqiqət” terminini bizim relasional adlandırdığımız həqiqət anlayışına müfaviq olaraq, biliklərin reallığa uyğunluğu kimi təqdim edirlər (bax Hacıyev 2012, 241, Şükürov 2011, 339). “Həqiqət” termininin bu cür təqdim edilməsi ingilisdilli fəlsəfi ədəbiyyatlarda istifadə olunan “truth” termininin istifadəsinə uyğun gəlir. Ancaq burada əsas fərq ondan ibarətdir ki, ingilisdilli ədəbiyyatlarda biliyin deyil, əsasən fikrin (propozisiyanın) reallığa uyğunluğundan (korrespondent olmasından) bəhs edilir. Həqiqət anlayışının elə fikrin reallığa uyğunluğu kimi təqdim edilməsi daha düzgündür. Bilik isə artıq per definitionem (tərifinə görə) həqiqidir. Biliyin həqiqiliyi sualını qoymaq yersizdir, çünki bir şey ki bilikdır, o, birmənalı olaraq həqiqidir; onun gerçəkliyə uyğun gəlməyib yanlış olmaq imkanı yoxdur. Əgər əvvəlcədən bilik adlandırdığımızın sonradan yanlış olduğu ortaya çıxırsa, deməli, o, bilik deyilmiş. Fikir isə bilikdən fərqli olaraq, ya həqiqi, ya da yanlışdır. Əgər fikir gerçəkliyə uyğundursa (korrespondentdirsə), onda o, həqiqidir və bilik ola bilər. Ona görə həqiqətin biliyin deyil, fikrin reallığa uyğunluğu kimi təqdim edilməsi düzgündür.

Nəticə əvəzi

Bütün bunlar onu göstərir ki, Azərbaycandilli müəlliflər arasında “həqiqət” termini ilə  bağlı ortada qənaətbəxş bir konsensus yoxdur. Ancaq mən yenə də təklif kimi onu irəli sürə bilərəm ki, fəlsəfi terminlərin istifadəsi zamanı Avropa təcrübəsi nəzərə alınsın. Yəni, konkret olaraq “həqiqət”lə bağlı məsələdə, necə ki ingilisdilli fəlsəfi ədəbiyyatda “truth” termini (alman dillidə “Wahrheit”) bizim bu mətndə relasional adlandırdığımız həqiqət anlayışını ifadə etmək üçün istifadə edilir, eləcə də biz edə bilərik.

 

İstifadə olunmuş ədəbiyyat

Hacıyev Zeynəddin. (2012): Fəlsəfə, Bakı: “Turan evi” nəşriyyatı.

Mehdi Niyazi və Dilarə Mehdi. (2010): Fəlsəfə tarixində Fəlsəfə, Bakı: Qanun.

Şükürov Ağayar. (2011): Fəlsəfə, II nəşr. Bakı: Milli Virtual Kitabxananın e-nəşri N 69.

Xəlilov Səlahəddin. (2006): Fəlsəfə: Tarix və Müasirlik, Bakı: «Azərbayсan Universiteti»  nəşriyyatı.

Фролов Иван Тимофеевич и др. (1989): Введение в философию, Т. 2. Москва: Политиздат.