fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Hannah Arendt, Zorakılıq haqqında

Read this article on other language
Download article
image_pdf
image_pdf

Siyasətdə zorakılığın mahiyyəti və rolu haqqında düşüncələrimizə aşağıdakı təcrübələrin pəncərəsindən baxılmalıdır. Nəzəri cəhətdən diqqət çəkən odur ki, Sorelin təxminən altmış il əvvəl söylədiyi “Zorakılıq problemləri hələ də çox qaranlıqdır”[1] fikri aktuallığını hələ də qorumaqdadır. Mən artıq qeyd etmişdim ki, zorakılıq demək olar ki, heç vaxt müstəqil bir fenomen kimi araşdırılmayıb; lakin indilərdə yaxından baxanda görünür ki, məsələ daha mürəkkəbdir. Zorakılıq fenomeni ilə bağlı yazılmış çoxsaylı ədəbiyyata nəzər saldıqda asanlıqla başa düşmək olur ki, zorakılığa diqqət yetirilməməsinin səbəbi soldan tutmuş sağa qədər bütün spektr boyu müəyyən bir yekdil fikrin mövcud olmasıdır. Bu yekdil fikir ondan ibarətdir ki, iqtidar və zorakılıq eyni şeydir və ya zorakılıq gücün ən açıq təzahüründən başqa bir şey deyildir. Sol yönümlü amerikan siyaşətşünas Ç. Rayt Mils deyir ki, “bütün siyasət iqtidar uğrunda mübarizədir, iqtidarın ən ifrat nöqtəsi isə zorakılıqdır” və bunu deyərkən Maks Veberin dövlətin definisiyası üçün istifadə etdiyi məşhur  “(dövlət) legitim (yəni legitim sayılan) zorakılıq alətinə söykənən, insanın insan üzərində hökmranlıq münasibəti(dir)” fikrini davam etdirir.[2]

Bu uyğunluq çox diqqətçəkicidir; çünki siyasi iqtidarı təşkilatlanmış dövlət zorakılığı ilə eyniləşdirmək ancaq o vaxt bir məna kəsb edir ki, Marksın da etdiyi kimi dövləti hakim sinfin əlində olan təzyiq aləti kimi başa düşəsən. İqtidar və zorakılığın eyniləşdirilməsinə həm də demək olar ki, bütün o müəlliflərdə rast gəlinir, onlar əsl siyasi olan sahəni, yəni bütün qanunları və müəssisələri ilə birlikdə dövləti, sadəcə üstqurum kimi görmürlər. Beləliklə, biz məsələn, Bertran de Juvenelin bu mövzuda ən mötəbər, həm də hər bir halda ən maraqlı yeni araşdırmalardan olan Du Pouvoir, Histoire naturelle de sa croissance  kitabında belə oxuyuruq: “Tarixin dəyişilməsini müşahidə edən biri üçün müharibə dövlətin mahiyyətinə aid olan bir akt kimi görünəcəkdir.”[3] Bu o demək deyilmi ki, müharibənin sonu dövlət təşkilatının sonu demək olardı? Bu, o mənaya gəlmirmi ki, dövlətlərarası münasibətlərdə hərbi gücdən istifadənin yox olması ilə iqtidar fenomeninin özü də yox olardı? Maks Veber bir addım da irəli gedir: Dövlətin spesifik əlaməti “legitim fiziki zorakılıq üzərindəki monopoliyadır”. “Təkcə zorakılıq aləti ilə tanış olmayan sosial konstruksiyalar mövcud olsaydı, onda ‘dövlət’ anlayışı aradan qalxardı, onda ‘anarxiya’ adlandırılan şey bərqərar olardı.”[4]  Hegelə görə, “dövlət anlayışı” “hökmranlıq və itaət anlayışı”dır.

Deməli, dövlət iqtidarı, hətta dövlətin mövcudiyyəti zorakılığa (Marksın ifadə etdiyi mənada) əsaslanır və Juvenel iqtidarı (Maks Veberin ifadə etdiyi mənada) hökmranlıq aləti kimi definisiya edir. Hökmranlıq isə, deyilənə görə, insana xas olan, “başqaları üzərində hakim olmaq instinkti”ndən doğur; çünki başqalarını öz iradənə tabe etmək “müqayisə edilməz həzz hissi” yaradır, öz iradəsini yeritmək və “başqalarını öz iradənə alət etmək” kişinin kişiliyinə aiddir[5] – bu da bizə birbaşa Sartrın insanın özünü zorakılıq vasitəsi ilə azad etməsi haqqında dediklərini xatırladır. Deməli, “iqtidar”- hələ Volterin dediyi kimi – “başqalarına mənim istədiyimi etdirməkdən ibarətdir”; o, Maks Veberə görə, bir sosial münasibət daxilində maneələrə rəğmən belə öz iradəsini yeritmək üçün olan hər bir şans deməkdir. Straus-Hupeyə görə, bu söz “insanın insan üzərində hökmranlığı”ndan başqa bir şey demək deyildir.[6] Bu, bizə Klauzevitsin definisiyasını xatırladır: “Müharibə rəqibə bizim iradəmizi qəbul etdirmək üçün olan zorakılıq aktıdır”.[7] Və Juvenelə geri qayıtsaq: “Əmr etmək və itaət etmək, bunlarsız iqtidar yoxdur – onun bunlardan başqa atributa ehtiyacı yoxdur. … Olmadan iqtidarın mümkün ola bilməyəcəyi o şey, onun mahiyyəti əmr etməkdir.”[8] Əgər iqtidarın mahiyyəti əmrin təsirliliyindədirsə, onda doğrudan da, “silah lülələri”ndən gələndən daha böyük bir iqtidar yoxdur və onda çözülməli olan yeganə çətinlik ondan ibarət olur ki, “bir polisin verdiyi əmrin bir cinayətkarın verdiyi əmrdən nə ilə fərqləndiyi”ni demək qeyri-mümkün olur. (Aleksandr Passerin d’Entreves – zorakılıq və iqtidar arasında fərq qoymağa əhəmiyyət verən tanıdığım tək müəllif – belə deyir. “Biz baxmalıyıq ki, iqtidar və zorakılıq arasında fərq qoymaq mümkündürmü və bunu hansı mənada etmək olar, bundan sonra araşdırmalıyıq ki, qanunla məhdudlaşdırılmış zorakılığın tətbiqi zorakılığın özünü necə dəyişdirir və bizə insan münasibətlərinin tamam fərqli bir mənzərəsini təqdim edir.” Belə ki, “adicə məhdudlaşdırma faktı vasitəsilə zorakılıq sadəcə zorakılıq olmaqdan çıxır”. Ancaq bu fərqləndirmənin özü belə – ki, bu fərqləndirmə bütün ədəbiyyatda iqtidar-zorakılıq problematikasına verilmiş ən düşünülmüş şərhlərdən biridir – kifayət deyil. D’Entrevesə görə, iqtidar “məhdudlaşdırılmış”, ya da “institutlaşdırılmış” zorakılıqdır. Başqa sözlə desək: əgər yuxarıda istinad etdiyimiz müəlliflər zorakılığı iqtidarın ən açıq təzahürü olaraq definisiya edirlərsə, d’Entreves bunun əksinə olaraq iqtidarı bir növ yumşaldılmış zorakılıq olaraq müəyyən edir. Nəticədə bu da yenə eyni şey demək olur.[9]) Bəs iqtidarın mahiyyəti sualı kimi siyasi fəlsəfə üçün belə vacib olan bir məsələdə  sağdan sola, Juveneldən tutmuş Mao Tszeduna qədər tam həmrəylik hökm sürməli idimi?

 

Qeydlər və istinadlar:

[1] Georges Sorel, Reflections on Violence, “Introduction to the First Publication” (1906), New York, 1 96 1, p. 6o.

[2] C. Wright Mills, ,The Power Elite.. New York, 1956, S. 171; Max Weber ‘Politik als Beruf¨ (1921) əsərinin ilk paraqraflarında.

[3] Bertrand de Jouvenel, ‘Du Pouvoir., Geneve 1947, S. 169.

[4] Max Weber, a.a.O.

[5] Jouvenel, a.a.O., S. 126 və. 153.

[6] Robert Strausz-Hupe, ,Power and Community., 1954, S. 4; Max Weber sitatı bu əsərdən götürülmüşdür.

[7] Karl von Clausewitz, Vom Kriege., Kap. 1.

[8] Mənim çəkdiyim misallar ixtiyaridir, belə ki, hansı müəllifə istinad etməyin bir fərqi yoxdur. Bu ənənənin necə böyük olmasını, Russonun elə bu ənənədən yan keçmək cəhdində aydın görmək olur. O, hökmranlıq ilə səciyyələnməyən bir dövlət forması axtarışındadır və “vasitəsilə hər kəsin hamı ilə vəhdətdə olduğu, amma yenə də ancaq özünə itaət etdiyi bir cəmiyyət forması”ndan daha yaxşı bir şey tapa bilmir. Burda da itaətin, onunla da əmrin vurğulanması dəyişməz olaraq qalır. Hegel bu cəhdi Kantın əxlaq fəlsəfəsindən tanıyırdı, hansında ki, insan özü özünə davranış qanunu müəyyən edir, yəni bununla da özü özünə itaət edir. Gənclik illərindan olan bir yazısından onun bunun əleyhinə yazdıqları mənə məntiqli gəlir: “Özü özünün ağası və nökəri olmaq insanın yad birinin nökəri olduğu vəziyyətdən daha yaxşı kimi görünür. Amma azadlıq və təbiət arasındakı münasibət, əgər əxlaqda söhbət özün özünə ağalıq etməkdən gedirsə, hökm və iqtidar sahibinin başqa, canlı fərddən kənarda yerləşən birinin olduğu vəziyyətdən daha qeyri-təbii olur. … Əgər hökm verən tərəf insanın özünün içinə qoyulursa, onun daxilində bir hökm verən və bir itaət edən tərəf tamamilə bir-birinə qarşı qoyulursa, onda daxili harmoniya pozulur. Razı olmama və ikiləşmə insanın mahiyyətini təşkil edir.¨ Bax: ‘Differenz des Fichte’scren und Schelling’schen Systems der Philosophie. (1801). Edition Meiner, S. 7o.

Nadirən buna qarşı çıxan bir səs eşitmək olur. Bunlar arasında ən nüfuzlusu Aleksandr Passerin d’Entrèvesin ilk dəfə 1962-ci ildə nəşr edilmiş əhəmiyyətli “The Notion of the State. An Introduction to Political Theory” kitabıdır.

Kitabın ingiliscə olan versiyası tərcümə deyil, müəllifin özünün işlədiyi son versiyadır; o, 1967-ci ildə Oksfordda dərc edilmişdir. Həmçinin bax: eyni müəllifin təzəlikcə nəşr olunmuş esse toplusu: “Obbedienza e resistenza in una societa democratica”. Edizionu di Comunita, Milano 1970.

Həmçinin R.M. McIverin “The Modern State”, London 1926 misal çəkilə bilər ki, orda heç olmasa aşağıdakı vurğulanır: Zorakılıq vasitələrinə sahib olması dövlətin kriteriyalarından biridir, amma onun mahiyyəti bunda deyil. … Üstün zorakılığa sahib olmayan dövlət olmasa da, zorakılığın icrası hələ dövlət əmələ gətirmir. (S. 222 ff.)

[9] e.e. O.S. 64, 70, 105

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.