fbpx

TRANSLATION

TRANSLATION

Hilas və Filonus arasında üç dialoq

Read this article on other language
Download article
image_pdf
image_pdf

Corc Berkli (1685-1753) məşhur britaniyalı filosofdur. Onun Hilas və Filonus arasında üç dialoq (Three Dialogues between Hylas and Philonous) əsəri qabaqcıl universitetlərin bir çoxunda fəlsəfə ixtisası üzrə təhsil alan ilk kurs tələbələrinə oxunması tövsiyə olunan əsərlərdən biridir. Əsər dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmişdir. 

İkinci dialoqun ikinci hissəsi (mətnin sonunda dialoqun əvvəlki hissələrinə və Ön sözə keçid yerləşdirilmişdir)

Hilas: Bəs, siz nə deyirsiniz? Siz də o fikirdə deyilsiniz ki, biz bütün şeyləri Allahda görürük? Yanılmıramsa, sizin düşüncələriniz də buna oxşardır.

Filonus: Az adam düşünür, ancaq hamının fikri var. Buna görə də adamların fikirləri səthi və qarışıqdır. Özlüyündə həmişə fərqli olan müddəaları diqqətlə nəzərdən keçirməyənlərin onları bir-biri ilə qarışdırmağında qəribə heç nə yoxdur. Buna görə, əgər kimsə mənim Malebranche-ın[1] cosğun düşüncələrinə qaçdığımı güman etsə, təəccüblənmərəm; baxmayaraq ki, həqiqətdə mən bunlardan çox uzağam. O, mənim tamamilə inkar etdiyim ən mücərrəd ümumi ideyalara əsaslanır. O, mütləq xarici dünyanı qəbul edir – mən bunu inkar edirəm. O düşünür ki, duyğularımız bizi aldadır və biz yertutuma malik varlıqların gerçək təbiətlərini və onların həqiqi forma və biçimlərini bilmirik – bütün bunlar barədə mən əksini düşünürəm. Belə ki, ümumiyyətlə, ikimizin düşüncələrindən bir-birinə daha köklü zidd olanı yoxdur. Etiraf edilməlidir ki, mən müqəddəs kitabın dediyi “Biz Allahda yaşayır, hərəkət edir və var oluruq” fikri ilə tamamilə razıyam. Ancaq mən inanmaqdan uzağam ki, biz şeyləri, yuxarıda göstərilən kimi, onun mahiyyətində görürük. Mənim düşündüyümün qısaca məğzi budur: Aydındır ki, qavradığım şeylər öz ideyalarımdır və zehində olmadıqca heç bir ideya mövcud ola bilməz. Həmçinin, bu da məlumdur ki, ideyalar və ya qavradığım şeylər (ya özləri, ya da onların arxetipləri) zehnimdən asılı olmayaraq mövcuddur; onların müəllifinin özüm olmadığımı bildiyimə görə, gözlərimi və ya qulaqlarımı açdıqda hansı xüsusi ideyalarla təsirlənəcəyimi istəyə görə müəyyən etmək mənim əlimdə deyil. Buna görə də onlar başqa bir zehində – ki həmin zehnin iradəsinə görə onlar mənə göstərilməlidir – mövcud olmalıdır. Mən deyirəm ki, birbaşa qavranılan şeylər ideyalar və duyğulardır – onları necə istəyirsiniz adlandırın. Bəs, hər hansı bir ideya və ya duyğu zehindən və ya ruhdan başqa bir şeydə necə mövcud ola və ya yarana bilər? Bu, əslində ağlasığmazdır. Ağlasığmaz bir şeyi təsdiq etmək isə cəfəngiyat söyləməkdir, elə deyilmi?

Hilas: Şübhəsiz.

Filonus: Hərçənd, digər tərəfdən tamamilə ağlabatandır ki, onlar Ruhda mövcud olmalı və onun tərəfindən yaradılmalıdır; çünki nə qədər ki mən saysız ideyaları qavrayır və iradə aktımla onların bir çox çeşidini formalaşdıra və təxəyyülümdə canlandıra bilirəm, bu, mənim gündəlik təcrübə etdiklərimdən başqa bir şey deyil. Buna baxmayaraq, etiraf edilməlidir ki, təxəyyülün bu varlıqları ümumilikdə mənim duyğularımla qavradıqlarım – bunlar gerçək şeylər adlandırılır – kimi aydın, güclü, canlı və sabit deyil. Bütün bunlardan nəticə çıxarıram ki, hər an qavradığım bütün hissi təəssüratlar ilə mənə təsir edən bir Zehin var. Həmçinin, onların müxtəlifliyi, nizamı və xüsusiyyətlərindən nəticə çıxarıram ki,  müəllifləri ağlasığmaz dərəcədə müdrik, güclü və yaxşıdır. Buna yaxşı diqqət edin: mən demirəm ki, şeyləri, Allahın zehni substansiyasında onları əks etdirənləri qavramaqla görürəm. Bunu başa düşmürəm. Dediyim budur ki, qavradığım şeylər anlama yolu ilə bilinir və sonsuz Ruhun iradəsi ilə yaradılır. Və bütün bunlar çox aydın və aşkar deyilmi? Bunda öz zehnimizdəki kiçik bir müşahidənin və orada baş verənin tək düşünməyimizi mümkün etməsi deyil, həm də bizi etirafa məcbur etməsindən artıq daha nəsə varmı?

Hilas: Məncə, sizi çox aydın başa düşürəm. Etiraf edirəm ki, Allahın mövcudluğu ilə bağlı verdiyiniz sübut təəccüblü olduğundan heç də az aydın deyil. Ancaq nəzərə alsaq ki, Allah hər şeyin ali və universal Səbəbidir, Ruhlar və İdeyalardan başqa yenə də üçüncü növ təbiət ola bilməzmi? İdeyalarımızın tabeli və məhdud bir səbəbi olduğunu qəbul edə bilmərik? Bir sözlə, bütün bunlara baxmayaraq, Materiya ola bilməzmi?

Filonus: Eyni şeyi nə qədər vurğulamalıyam? Qəbul edirsiniz ki, hisslərlə birbaşa qavranılan şeylər zehindən kənarda heç yerdə mövcud deyil; amma hisslərlə qavranılıb birbaşa qavranılmayan bir şey yoxdur; ona görə də, zehinsiz mövcud olan hissi heç nə yoxdur. Ona görə də sizin təkidlə üzərində dayandığınız Materiya, güman edirəm ki, nədirsə, ağılla dərk edilən, əqli nəticə vasitəsilə aşkarlana bilən şeydir – hisslə deyil.

Hilas: Düz buyurursunuz.

Filonus: Zəhmət olmasa, deyin bilim, Materiyaya inamınız hansı düşüncələr əsasındadır və Materiya dedikdə siz hazırda nə başa düşürsünüz?

Hilas: Özümü müxtəlif ideyaların təsiri altında hiss edirəm. Bilirəm ki, nə mən onların səbəbiyəm, nə də onlar özlərinin və ya bir-birilərinin səbəbləridir; yaxud onlar tamamilə qeyri-akiv, axıcı və asılı varlıqlar olaraq özlüyündə mövcud olmağı bacaran deyil. Ona görə də onların özümdən əlavə hansısa fərqli səbəbi var; o səbəb haqqında mən ideyalarımın səbəbi olmağından artıq bir şey bildiyimi iddia etmirəm. Və bu şey hər nə olursa olsun, onu Materiya adlandırıram.

Filonus: Söyləyin mənə, Hilas, hər kəsin istənilən dildə ümumi bir adın ifadə etdiyi, qəbul olunmuş cari mənasını dəyişmək ixtiyarı varmı? Məsələn, fərz edin ki, bir səyahətçi sizə deyir ki, hansısa bir ölkədə insanlar alovun içindən zədə almadan keçirlər; və fikirlərini izah edərkən, siz aşkarlayırsınız ki, alov dedikdə o, başqalarının su dediyi şeyi nəzərdə tuturmuş. Yaxud, əgər o desə ki, iki ayağı üstündə yeriyən ağaclar var, ağac sözü ilə insanları nəzərdə tutmuş olar. Bunu ağlabatan hesab edərdiniz?

Hilas: Xeyr, düşünərdim ki, bu, absurddur. Dildən ümumi istifadə adəti onun düzgünlüyünün ölçüsüdür. Kim ki düzgün danışmır, o, dildən istifadəni korlayır və bu, fikir fərqi olmayan bir yerdə mübahisələri uzatmaq və çoxaltmaqdan başqa nəyəsə heç vaxt daha yaxşı xidmət edə bilməz.

Filonus: Bəs, Materiya, sözün ümumi qəbul olunmuş mənasında, yertutumlu, bərk, hərəkətli, düşünməyən, qeyri-aktiv substansiyanı işarələmirmi?

Hilas: İşarələyir.

Filonus: Bəs, aydın olmadımı ki, belə bir substansiyanın mövcud olması heç bir halda mümkün deyil? Hətta mövcudluğu mümkün olsaydı belə, o, necə qeyri-aktiv ola-ola bir səbəb ola bilərdi, yaxud düşünməyən ola-ola düşüncənin səbəbi ola bilərdi? Əslində siz, yeri gəlsə, Materiya sözünə onun ümumi qəbul olunan mənasına əks bir məna bağlaya və mənə onunla ideyalarımızın səbəbi olan yertutumlu, bərk, hərəkətli, düşünməyən, qeyri-aktiv nəsnəni nəzərdə tutduğunuzu deyə bilərsiniz. Bəs, bu, sözlərlə oynamaqdan və indicə yaxşıca əsasla tənqid etdiyiniz həmin yanlışlığı etməkdən başqa nədir? Mən heç də sizin fenomenlərdən səbəb hasil etməyinizdə yanlışlıq görmürəm; amma ağıl vasitəsilə hasil edilən səbəbin düzgün olaraq Materiya adlandırıla bilməsini inkar edirəm.

Hilas: Əslində, dediyinizdə həqiqət var. Ancaq qorxuram ki, siz mənim nə nəzərdə tutduğumu tam başa düşmürsünüz. Heç də istəməzdim haqqımda düşünülsün ki, Allahın və ya sonsuz Ruhun hər şeyin Ali Səbəbi olduğunu inkar edirəm. İddia etdiyim yalnız budur ki, Ali Varlığa tabe olan məhdud və ondan aşağı təbiət vardır ki, ideyalarımızın yaranmasında hər hansı iradi akt və ruhi təsirlə deyil, Materiyaya aid olan fəaliyyət növü, yəni hərəkət ilə həmiştirak edir.

Filonus: Mənə elə gəlir ki, siz hər fürsətdəcə zehinsiz mövcud olan, hərəkətli və (nəticə eitbarilə) yertutumlu substansiya haqqındakı öz köhnə, dəf edilmiş düşüncənizə geri dönürsünüz. Necə yəni?! Əmin olduğunuzu artıq unutmusunuz, yoxsa istəyirsiniz ki, bu məsələ ilə bağlı dediklərimi yenidən təkrar edim? Əslində, var olmadığını belə tez-tez qəbul etdiyiniz şeyin hələ də varlığını güman etməklə düzgün iş etmirsiniz. Hərçənd, ətraflı olaraq toxunduğumuz məsələlərin üzərində daha dayanmadan sual edim: sizin bütün ideyalarınız, özündə heç bir aktı ehtiva etməməsi də daxil olmaqla, tam olaraq passiv və ətalətli deyilmi?

Hilas: Bəli.

Filonus: Bəs, hissi keyfiyyətlər ideyalardan savayı nəsə başqa şeydirlər?

Hilas: Bir neçə dəfə etiraf etdim ki, xeyr.

Filonus: Bəs, hərəkət hissi keyfiyyət deyilmi?

Hilas: Hissidir.

Filonus: Deməli, o, akt deyil.

Hilas: Sizinlə razıyam. Əslində, tamamilə aydındır ki, barmağımı tərpədəndə o, passiv qalır; hərçənd, onu hərəkətə gətirən iradəm aktivdir.

Filonus: İndi isə birinci növbədə bilmək istəyirəm, hərəkətin akt ola bilməməsini güman etməklə, istəmədən əlavə hansısa bir akt təsəvvür edə bilirsinizmi; ikincisi, heç nə təsəvvür etmədən nəsə demək cəfəngiyat söyləmək deyilmi; və, sonuncusu, premisləri nəzərdən keçirdikdən sonra, siz qavramırsınız ki, ideyalarımızın Ruhdan başqa hər hansı effektiv və ya aktiv səbəbini güman etmək çox absurd və ağılsızcasınadır?

Hilas: Mən bu məsələni tamamilə güzəştə gedirəm. Hərçənd, baxmayaraq ki Materiya səbəb ola bilməz, onun ideyalarımızı yaratmaqda ali Varlığın istifadəsində alət olmasına nə mane olur?

Filonus: Alət deyirsiniz? Zəhmət olmasa, deyin, bu alətin forması, yayı, təkərləri və hərəkətləri nə ola bilər?

Hilas: İddia etmirəm ki, sadaladıqlarınız nəyisə müəyyən edir; həm substansiya, həm də onun keyfiyyətləri mənə tamamilə naməlumdur.

Filonus: Necə?! Siz onda o fikirdəsiniz ki, substansiya bilinməyən hissələrdən təşkil olunub və onun bilinməyən hərəkətləri və forması var?

Hilas: İnanmıram ki, o, ümumiyyətlə hansısa forma və ya hərəkətə malik olsun; artıq əminəm ki, heç bir hissi keyfiyyət qavramayan substansiyada mövcud ola bilməz.

Filonus: Bəs, bütün hissi keyfiyyətlərdən, hətta yertutumdan da məhrum hansı alət anlayışı formalaşdırmaq olar?

Hilas: İddia etmirəm ki, onun haqqında hansısa anlayışa malikəm.

Filonus: Bəs, bu bilinməz, dərkedilməz Nəyinsə mövcud olduğunu düşünməyə hansı əsasınız var? Güman edirsiniz ki, Allah eyni uğurla onsuz fəaliyyətdə ola bilməz? Yaxud, öz zehninizdə ideyalar yaradarkən, təcrübə ilə belə bir şeyin istifadə edildiyini aşkarlayırsınız?

Hilas: Siz məni həmişə inamımın əsaslarına görə iynələyirsiniz. Zəhmət olmasa, deyin, buna inanmamağa hansı əsaslarınız var?

Filonus: Əgər nəyəsə inanmaqda heç bir əsas görmürəmsə, bu, onun mövcudluğuna inanmamaqda mənim üçün kafi səbəbdir. Hərçənd, inanmaq üçün əsaslar bir tərəfə, məni nəyə inandırmaq istərdiniz, onu sizdən eşidə bilməyəcəm, çünki deyirsiniz ki, sizin onun haqqında heç bir anlayışınız yoxdur. Yenə də, icazənizlə, sizdən xahiş edim, nəzərdən keçirəsiniz: nə olduğunu və niyəsini bilmədiyi şeyə inandığını iddia etmək bir filosofa və hətta sağlam düşüncəli adi insana yaraşarmı?!

Hilas: Bir dəqiqə, Filonus. Sizə materiyanın bir alət olduğunu dedikdə, mən heç də tamamilə heç nəyi nəzərdə tutmuram. Düzdür, mən bu alətin heç bir xüsusi növünü tanımıram, ancaq ümumilikdə alət anlayışına malikəm və onu materiyaya tətbiq edirəm.

Filonus: Bəs, əgər sübut etsək ki, hətta ən ümumi alət anlayışında belə, səbəbdən ayrı götürüləcək bir mənada, nəsə var və bu nəsə onun ilahi attributlarla istifadəsini uyğunsuz edir – onda necə?

Hilas: Bunu göstərin və mən bu mövqedən əl çəkim.

Filonus: Alət anlayışı və ya onun ümumi təbiəti dedikdə nə başa düşürsünüz?

Hilas: Ümumi anlayışı təşkil edən, bütün xüsusi alətlərə ortaq olanı.

Filonus: Bütün alətlər üçün ortaq deyilmi ki, onlar yalnız elə şeylərin hazırlanmasına tətbiq edilir ki, həmin şeylər yalnız iradi aktlarımız vasitəsilə icra edilə bilməz? Belə ki, məsələn, mən barmağımı hərəkət etdirmək üçün heç vaxt alətdən istifadə etmirəm, çünki bu, istəmə ilə baş verir. Ancaq bir qaya parçasını kənara atmaq və ya bir ağacı kökündən qoparmaq istəsəydim, onda alətdən istifadə edərdim. Siz də eyni düşüncədəsiniz? Yoxsa, elə misal gətirə bilərsinizmi ki, orada alət subyektin iradəsindən birbaşa asılı olan bir nəticəni hasil etməkdə istifadə edilsin?

Hilas: Etiraf edim ki, xeyr.

Filonus: Onda necə güman edə bilərsiniz ki, bütünlüklə kamil bir Ruhun – ki, hər şey onun iradəsindən mütləq və birbaşa asılılığa malikdir – öz əməllərində alətə ehtiyacı var, yaxud ehtiyacı olmadan ondan istifadə edər? Belə ki, mənə elə gəlir, siz etiraf etməyə məcbursunuz ki, cansız, qeyri-aktiv bir alətin istifadəsi Allahın sonsuz kamilliyi ilə bir araya sığmazdır; yəni, öz etirafınızla mövqeni güzəştə getməlisiniz.

Hilas: İndi sizə verməyə cavabım yoxdur.

Filonus: Ancaq mənə elə gəlir ki, əgər sizə düzgün şəkildə sübut edilibsə, həqiqəti etiraf etməyə hazır olmalısınız. Biz – məhdud gücə malik varlıqlar – əslində alətlərdən istifadə etməyə məhkumuq. Və alətdən istifadə göstərir ki, icraçı başqası tərəfindən irəlicədən müəyyən edilmiş qaydalara tabedir və o, öz məqsədinə yalnız belə yolla və belə şərtlər daxilində çata bilər. Buradan nəticə olaraq aşkar görünür ki, ali, qeyri-məhdud İcraçı ümumiyyətlə, heç bir alət və ya vasitə istifadə etmir. Hərşeyəqadir Ruhun iradəsi özünü göstərən kimi vasitələr istifadə olunmadan icra olunur. Əgər bu vasitələr tabeli icraçılar tərəfindən istifadə olunursa, bu, onlardakı gerçək güc, yaxud hər hansı nəticə hasil etmək üçün olan zəruri bacarıq hesabına deyil, sadəcə, təbiət qanunlarına və ya onlara Birinci Səbəb – ki özü bütün məhdudiyyət və ya hər hansı şərtin fövqündədir – tərəfindən irəlicədən yazılmış şərtlərlə uyğunluğa görədir.

Hilas: Mən daha iddia etməyəcəm ki, Materiya alətdir. Hərçənd, istəməzdim elə başa düşülüm ki, onun mövcudluğunu da inkar edirəm; çünki söylənilənlərə baxmayaraq, o hələ də fürsət ola bilər.

Filonus: Sizin Materiyanız nə qədər forma alır? Sizi onunla üzülüşməyə razı salmaq üçün onun mövcud olmadığını neçə dəfə sübut etməliyəm? Hərçənd, bunun haqqında çox danışmadan (baxmayaraq ki mübahisəetmənin bütün qaydalarına əsasən, əsas terminlərin mənasını belə tez-tez dəyişdiyinizə görə sizi haqlı olaraq günahlandıra bilərəm) bilmək istərdim ki, materiyanın səbəb olduğunu artıq inkar etdikdən sonra, onun fürsət olduğunu iddia etməklə nəyi nəzərdə tutursunuz? Və fürsət dedikdə nəyi nəzərdə tutduğunuzu göstərdikdən sonra, zəhmət olmasa, daha sonra mənə göstərin ki, hansı əsaslara görə inanırsınız ki, ideyalarımızın belə bir fürsəti var?

Hilas: Birinci sual ilə bağlı: fürsət dedikdə, mən qeyri-aktiv, düşünməyən varlığı nəzərdə tuturam; onun iştirakı ilə Allah zehnimizdəki ideyaları oyadır.

Filonus: Bəs, bu qeyri-aktiv, düşünməyən varlığın təbiəti nə olar bilər?

Hilas: Onun təbiəti haqqında heç nə bilmirəm.

Filonus: Onda ikinci suala keçin və əsas gətirin ki, nəyə görə biz bu qeyri-aktiv, düşünməyən, bilinməz şeyin mövcudluğunu güman etməliyik.

[1] Tərcüməçi qeydi: fransız teoloq və filosofu Nicolas Malebranche (Nikola Malbranş) nəzərdə tutulur.

Çevirəni və Ön sözün müəllifi Anar Cəfərov

Berklinin Hilas və Filonus arasında üç dialoq əsərinin tərcüməsinə ön söz

https://bakuresearchinstitute.org/az/berklinin-hilas-ve-filonus-arasinda-uc-dialoq-eserinin-tercumesine-on-soz/

Birinci dialoqun birinci hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq/

Birinci dialoqun ikinci hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-2/

Birinci dialoqun üçüncü hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-3/

Birinci dialoqun dördüncü hissəsi:

https://bakuresearchinstitute.org/az/hiilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-4/

İkinci dialoqun birinci hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-4/

Share article
FacebookTwitter

Facebook Comment

subscribe

BRI is a think-tank launched by independent experts aiming to provide a local and international audience with analysis, opinion and research on Azerbaijan.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.