Corc Berkli (1685-1753) məşhur britaniyalı filosofdur. Onun Hilas və Filonus arasında üç dialoq (Three Dialogues between Hylas and Philonous) əsəri qabaqcıl universitetlərin bir çoxunda fəlsəfə ixtisası üzrə təhsil alan ilk kurs tələbələrinə oxunması tövsiyə olunan əsərlərdən biridir. Əsər dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmişdir. 

İkinci dialoqun üçüncü hissəsi

Hilas: Zehnimizdə nizamlı və davamlı qaydada yaranan ideyaları gördükdə, təbii olaraq belə fikrə  gəlmək olur ki, onların təsbit edilmiş və müntəzəm fürsətləri var ki, bu fürsətlərin iştirakı ilə də ideyalar oyadılmış olur.

Filonus: Siz onda qəbul edirsiniz ki, yalnız Allah ideyalarımızın səbəbidir və O, ideyalara bu fürsətlərin iştirakı ilə səbəb olur.

Hilas: Bu, mənim fikrimdir.

Filonus: O şeylər ki, onlar haqqında deyirsiniz ki, Allahın iştirakındadırlar – onları, şübhəsiz, Allah qavrayır.

Hilas: Əlbəttə, əks halda onlar Allah üçün fəaliyyətdə olmağa fürsət ola bilməzdilər.

Filonus: Sizin bu fərziyyəyə nə izah verəcəyiniz, yaxud onun ehtiva etdiyi bütün dolaşıq sualları və çətinlikləri nə cür cavablandıracağınız üzərində indi təkidlə dayanmıram; yalnız bunları soruşuram: ideyalarımızın ardıcıllığında müşahidə olunan nizam və müntəzəmlik, yaxud təbiətdə gedişat, Allahın müdrikliyi və gücü ilə kifayət qədər izah olunmurmu? Və Onun nə zaman və necə hərəkət etməli olduğunun düşünməyən substansiya tərəfindən təsirə məruz qaldığını, istiqamətləndiyini, yaxud xatırlandığını güman etmək həmin xüsusiyyətləri əhəmiyyətsizləşdirmirmi? Və nəhayət, sizin bütün dediklərinizlə razılaşdığım halda, bu, necəsə sizin məqsədinizə xidmət edərmi: düşünməyən bir substansiyanın xarici və ya mütləq mövcudluğunun, onun qavranılan olmağından fərqli olaraq, mənim bölüşdüyüm Allahın  zehni tərəfindən qavranılan müəyyən şeylər var ki, bizdə ideyalar yaratmaqda Ona fürsətdir fikrindən necə çıxarıla bilməsini təsəvvür etmək asan deyilmi?

Hilas: Nə deyəcəyimi heç bilmirəm. Bu fürsət anlayışı da indi o birilər kimi tamamilə əsassız görünür.

Filonus: Nəhayətdə, hiss etmirsiniz ki, Materiyanın bütün bu mənalarında siz nəyi hansı əsasla və nə məqsəd üçün güman etdiyinizi bilmirsiniz?

Hilas: Açıq etiraf edim ki, belə diqqətlə yoxlanıldıqdan sonra öz anlayışlarımdan daha da az razı qaldım. Hərçənd, hələ də düşünürəm ki, Materiya kimi bir şeyin olması ilə bağlı bir az dolaşıq qavrayışa sahibəm.

Filonus: Siz Materiyanın mövcudluğunu ya birbaşa qavraryırsınız, ya da dolayı. Əgər birbaşadırsa, zəhmət olmasa deyin, görüm, onu hansı hisslərinizlə qavrayırsınız? Əgər dolayıdırsa, onda deyin, bilim, o, birbaşa qavradığınız şeylərdən hansı mühakimələr vasitəsilə çıxarılıb. Qavrayışla bağlı soruşacağım bu qədər. – Materiyaya gəldikdə isə, soruşduğum budur ki, o, obyektdir, substratdır, səbəbdir, alətdir, yoxsa fürsət? Siz anlayışlarınızı dəyişdirməklə və Materiyanı gah bu, gah da digər formada təqdim etməklə, bu variantların hamısını artıq müdafiə etmisiniz. Həmçinin, nəyi təklif edibsiniz, o, özünüz tərəfindən kənara qoyulub və inkar edilib. Əgər irəli sürməyə yeni nəsə varsa, eşitməyə şad olaram.

Hilas: Düşünürəm ki, bu barədə deməli olduğumun hamısını artıq təklif etmişəm. Başqa nə deməli olduğumu bilmirəm.

Filonus: Buna baxmayaraq, siz köhnə önyarğınızla vidalaşmaqda istəksizsiniz. Ancaq ondan qurtulmaqda sizə kömək etmək üçün istəyirəm ki, indiyə qədər təklif olunanlardan əlavə, siz yenə də bunu nəzərdən keçirəsiniz: Materiyanın mövcudluğunu güman etməkdə ikən, onun tərəfindən necə təsirə məruz qaldığınızı təsəvvür edə bilirsinizmi? Yaxud, güman etsəydiniz ki, o mövcud deyil, aydın olmazdımı ki, yenə də buna baxmayaraq, indiki ilə eyni olan ideyalar tərəfindən təsirə məruz qala bilərsiniz və nəticədə, onun mövcudluğuna inanmaq üçün eynilə indi malik olduğunuz əsaslara malik olarsınız?

Hilas: Qəbul edirəm ki, dünyada Materiya olmasaydı da belə, bütün şeyləri indi qavradığımız kimi qavraya bilməyimiz mümkün olardı. Həmçinin, təsəvvür edə bilmirəm ki, əgər Materiya olsaydı, o, bizim zehnimizdə necə ideya yarada bilərdi. Bundan əlavə, qəbul edirəm ki, siz məni tamamilə qane etdiniz ki, yuxarıdakı mənalardan hər hansı birində Materiya kimi biri şeyin mövcudluğu mümkünsüzdür. Hərçənd, hələ də bu və ya digər mənada Materiyanın var olması gümanından əl çəkə bilmirəm. Bunun nə olduğunu əslində müəyyənləşdirməyə iddia etmirəm.

Filonus: Gözləmirəm ki, siz bu bilinməyən nəsnənin təbiətini dəqiqliklə müəyyən edəsiniz. Zəhmət deyilsə, yanlız onu mənə deyin görüm, o, Substansiyadırmı? Əgər Substansiyadırsa, onda onu aksidensiyalarsız güman edə bilərsinizmi? Yaxud da, əgər onun aksidensiyalara və ya keyfiyyətlərə malik olduğunu güman edirsinizsə, onda istərdim icazənizlə bilim, bu keyfiyyətlər hansılardır və ən azından, Materiyanın onları dəstəkləməsi nə deməkdir?

Hilas: Biz artıq bu məsələləri müzakirə etmişik. Onlar barədə əlavə nəsə deməyə sözüm yoxdur. Hərçənd, əlavə sualları qabaqlamaq üçün icazə verin, sizə deyim ki, hazırda Materiya dedikdə nə substansiya, nə də aksidensiya, nə zehin, nə də yertutuma malik şey, nə səbəb, alət, nə də fürsət deyil, bütün bunlardan fərqli, tamamilə bilinməyən bir şey başa düşürəm.

Filonus: Onda görünür, siz hazırkı Materiya anlayışınıza abstrakt nəsnə ideyasından başqa heç nə əlavə etmirsiniz.

Hilas:  Bu ümumi ideyaya yalnız bütün bu xüsusi şeylərin, keyfiyyətlərin, yaxud qavradığım, təxəyyül etdiyim və ya hansısa qaydada dərk etdiyim ideyaların inkarını əlavə edirəm – başqa heçnə.

Filonus: Zəhmət olmasa, deyin, bu bilinməyən Materiyanın harada mövcud olduğunu güman edirsiniz?

Hilas: Eh Filonus, indi düşünürsünüz ki, məni dolaşığa saldınız; çünki desəm ki, o, bir yerdə mövcuddur, onda siz belə nəticə çıxaracaqsınız ki, o, zehində mövcuddur, çünki razılaşdıq ki, yer və ya yertutum zehində mövcuddur. Ancaq mən bunu bilməməyimə görə utanmıram. Onun harada mövcud olduğunu bilmirəm, yalnız ona əminəm ki, o, heç yerdədir. Bu, sizə inkar bir cavabdır. Və Materiya ilə bağlı qoyacağınız gələcək suallara başqa cür cavab gözləməyin.

Filonus: Madam ki, onun harada olduğunu mənə deməyəcəksiniz, onda zəhmət olmasa deyin, onun mövcudluğunu nə cür güman edirsiniz, yaxud onun mövcudluğu dedikdə nəyi nəzərdə tutursunuz?

Hilas: O, nə düşünür, nə də fəaliyyətdədir, nə qavrayır, nə də qavranılır.

Filonus: Bəs, onun bu abstrakt mövcudluq anlayışında pozitiv olan nədir?

Hilas: Diqqətli müşahidə altında onda pozitiv anlayış və ya məna aşkarlamıram. Yenə də deyim ki, bilgisizliyimə görə utanmıram. Onun mövcudluğu dedikdə nə nəzərdə tutulduğunu, yaxud onun necə mövcud olduğunu bilmirəm.

Filonus: Belə dahiyanə yolla davam edin, əziz Hilas və mənə səmimi olaraq söyləyin, bütün zehni və maddi varlıqlardan, istənilən cür xüsusi şeylərdən sərf-nəzər və istisna edilmiş səhih bir ümumilikdə Nəsnə ideyası yarada bilərsiniz?

Hilas: Dayanın, icazə verin bir balaca düşünüm – Filonus, etiraf edirəm ki, bunu bacaracağımı görmürəm. İlk baxışdan mənə elə gəldi ki, zəif və çəkisiz abstrakt xalis Nəsnə anlayışına sahibəm; ancaq yaxından diqqət yetirdikdə, o, tamamilə nəzərdən itdi. Onun üzərində daha çox düşündükcə, ehtiyatlı inkar cavablardan savayı heç bir cavab verməmə qərarımın və Materiya, onun harada, necə olması, nəliyi, yaxud nəyinsə ona məxsus olması haqqında hər hansı pozitiv bilik və ya konsepsiyaya az dərəcədə də belə idda etməmək üzərində daha çox dayanıram.

Filonus: Onda Materiyanın mövcudluğu barədə danışarkən siz zehninizdə heç bir anlayışa malik olmursunuz?

Hilas: Heç bir.

Filonus: Zəhmət olmasa, mənə deyin görüm, məsələ bu yerdədirmi: – maddi substansiyaya olan inamınızdan çıxış edərək, ilk olaraq belə fikrə gəldiniz ki, birbaşa obyektlər zehindən kənarda mövcuddur; sonra dediniz ki, onlar arxetipdirlər; sonra – səbəb; daha sonra – alət, sonra da – fürsət; sonda – izah edildikdə heçnə anlamına gələn ümumi nəsə ümümi. Beləliklə, Materiya heçnəyə müncər olunur. Necə düşünürsünsüz, Hilas, bu, sizin bütün cəhdinizin ədalətli xülasəsi deyilmi?

Hilas: Necə olur-olsun, mən hələ də onun üzərində dayanıram ki, bizim bir şeyi təsəvvür edə bilməməyimiz onun mövcudluğu əleyhinə arqument deyil.

Filonus:  Məmnuniyyətlə etiraf edim ki, səbəb, nəticə, iş, işarə, yaxud başqa vəziyyətdən birbaşa qavranılmayan bir şeyin mövcudluğunu ağlabatan şəkildə çıxarmaq olar; və bir şey haqqında birbaşa və pozitiv anlayış olmadığı halda onun mövcudluğu əleyhinə fikir irəli sürmək istənilən birisi üçün absurd olardı. Ancaq harada ki, belə bir şey yoxdur; harada ki, nə ağıl, nə də vəhy şeyin mövcudluğuna inanmağı bizə təlqin etmir; harada ki, bizim onun barədə heç nisbi anlayışımız belə yoxdur; harada ki, mücərrədləşdirmə qavramadan və qavranılmadan, Ruh və ideyadan yaranır; nəhayət, harada ki, iddia ediləsi bu qədər qeyri-adekvat və zəif ideya yoxdur – mən oradan, əlbəttə, hansısa anlayışın gerçəkliyi, yaxud nəyinsə mövcudluğu əleyhinə nəticə çıxarmayacam. Ancaq nəticəm o olacaqdır ki, siz ümumiyyətlə, heç nə nəzərdə tutmursunuz; sözləri məqsədsiz, hər hansı əhəmiyyəti və mənası olmadan istifadə edirsiniz. Və belə boş söhbət necə qiymətləndirilə bilər – bunu mən sizin öhdənizə buraxıram.

Hilas: Sizə səmimi desəm, Filonus, arqumentləriniz özlüyündə cavabsız görünür; lakin onlar məndə tam əminliyin, ciddi sübutun gətirdiyi daxili rahatlığın yaradacağı qədər təsirə malik deyil. Mənə hələ də elə gəlir ki, bilmədiyim materiya barədə qaranlıq gümana geri sürüklənirəm.

Filonus:  Bəs, Hilas, nəzərə almırsınız ki, bütün şübhələrin aradan qalxması və tam ruhi rahatlığın yaranması üçün iki şey üst-üstə düşməlidir? Görünən bir obyekti olmayacaq qədər aydın işığa qoyun, ancaq əgər görmədə hansısa çətinlik varsa, yaxud göz ona tərəf istiqamətlənməyibsə, o, aydın şəkildə görünməyəcək. Sübutun bu qədər yaxşı əsaslandırılmasına və ədalətli şəkildə təklif edilməsinə baxmayaraq, əgər əlavə olaraq anlamada önyarqı ləkəsi, yaxud yanlış təmayül varsa, həqiqəti birdən-birə aydın qavramağı və möhkəm şəkildə ondan yapışmağı gözləmək olarmı? Xeyr, zamana və zəhmətə ehtiyac var: diqqət tez-tez eyni yerdə, müxtəlif işıqlar altında yerləşən eyni şeyin sıx-sıx təkrarlanması tərəfindən oyadılmalı və tutulmalıdır. Bunu artıq demişəm və görürəm, hələ də təkrarlamalı və təlqin etməliyəm ki, nəliyini, əsasını, məqsədini bilmədiyiniz şeyin müdafiəsinə iddia etməkdə özünüzə məsuliyyətsiz sərbəstlik verirsiniz. Hansısa sənət, yaxud elmdə, insana aid hansısa dərnək, yaxud peşədə belə şeyə rast gəlmək olarmı? Yaxud, bu qədər aşkar şəkildə əsassız və anlaqsız şeyə hətta ən aşağı səviyyəli söhbətdə belə rast gəlinərmi? Ancaq yəqin siz hələ də deyəcəksiniz ki, Materiya mövcud ola bilər; baxmayaraq ki, eyni zamanda Materiya və ya onun mövcudluğu ilə nə nəzərdə tutulduğunu bilmirsiniz. Bu, əslində təəccüblüdür, daha çox ona görə ki, tamamilə iradidir və bu nəticəyə siz heç bir əsas olmadan gəlmisiniz. Sizdən tələbim budur ki, mənə təbiətdə o şeyi göstərəsiniz ki, izah edilməsi üçün Materiyaya ehtiyacı olsun.

Hilas: Şeylərin gerçəkliyi Materiyanın mövcudluğunu güman etmədən təsdiq edilə bilməz. Və düşünmürsünüz ki, bu, onu ciddi şəkildə müdafiə etmək üçün yaxşı əsasdır?

Filonus: Şeylərin gerçəkliyi! Hansı şeylərin, hissi, yoxsa əqli?

Hilas: Hissi şeylərin.

Filonus: Mənim əlcəyim, məsələn?

Hilas: Hisslərlə qavranılan bu və ya digər şey.

Filonus: Konkret bir şeyin üzərində dayanaq; – əlcəyi görməyim, hiss etməyim və geyinməyim onun mövcudluğu üçün mənə kafi şəhadət deyilmi?  Yaxud, bu, bəs etmirsə, onda necə mümkündür ki, heç vaxt görmədiyim və görə bilmədiyim hansısa bilinməyən şeyin bilinməyən şəkildə, bilinməyən bir yerdə, yaxud ümumiyyətlə, heç bir yerdə mövcud olduğunu güman etməklə, indi bu yerdə gördüyüm şeyin gerçəkliyinə əmin olum? Hissedilməz bir şeyin – yaxud, görülə bilinməyən bir şeyin, istənilən görünən şeyin və ya ümumilikdə istənilən qavranılmayan  və ya qavranılan şeyin – güman altındakı gerçəkliyi hansısa hissi şeyin gerçək olaraq mövcudluğuna necə sübut ola bilər? Bunuca mənə izah edin və mən sizə inanacam.

Hilas: Bütövlükdə götürsək, qəbul etməyə hazıram ki, Materiyanın mövcudluğu xeyli dərəcədə inanılmazdır; ancaq mənə elə gəlmir ki, o, birbaşa və mütləq şəkildə qeyri-mümkündür.

Filonus: Hərçənd, əgər Materiyaya mövcudluq imkanı tanınırsa, sadəcə bu izaha görə, onun mövcudluq mümkünlüyü qızıl dağ və ya kentavrdan çox ola bilməz.

Hilas: Bunu qəbul edirəm. Ancaq siz yenə də inkar etmirsiniz ki, bu, mümkündür; və bildiyiniz qədəri ilə, mümkün olan şey həqiqətən mövcud ola bilər.

Filonus: Mən onun mümkünlüyünü inkar edirəm; və səhv etmirəmsə, sizin öz etiraflarınızdan çıxış edərək aydın şəkildə sübut etdim ki, o, mövcud deyil. Materiya sözün ümumi mənasında zehindən kənarda mövcud olan yertutumlu, bərk, formalı, hərəkətli substansiyadan başqa nəyisə ehtiva edirmi? Və siz dəfələrlə qəbul etmədinizmi ki, belə bir substansiyanın mümkünlüyünü inkar etmək üçün aşkar əsas görmüsünüz?

Hilas: Doğrudur, ancaq bu, Materiya termininin bir mənasındadır.

Filonus: Bəs, bu, qəbul olunmuş yeganə düzgün məna deyil? Və əgər bu mənada Materiyanın qeyri-mümkünlüyü sübut olunursa, sağlam əsaslarla düşünmək olmazmı ki, o, tamamilə qeyri-mümkündür? Bundan əlavə, nəyinsə qeyri-mümkünlüyü necə sübut oluna bilər? Yaxud, sözlərin ümumi mənası üzərində düşünməyən və onları dəyişdirmək istəyən insan üçün əslində bu və ya digər şəkildə hansısa sübut necə ola bilər?

Hilas: Düşünürdüm ki, filosoflara digərilərindən daha dəqiq danışmaq üçün imkan yaratmaq olar və onlar terminin ümumi qəbul olunmuş mənasına həmişə bağlı deyillər.

Filonus: İndi burada qeyd olunan filosofların özləri arasında qəbul edilmiş ümumi mənadır. Hərçənd, bunun üzərində dayanmadan: sizə Materiyanı üstünlük verdiyiniz mənada işlətmək imkanı verilmədi? Həmçinin, siz, ağıl və məntiqin bütün bilinən qaydalarının əleyhinə, tərifi bəzən tamamilə dəyişərək, bəzən isə sizin cari məqsədinizə ən yaxşı yarayanı nədirsə, onu tərifə əlavə edərək və ya nəyisə oradan çıxararaq, bu üstünlükdən geninə-boluna istifadə etmədinizmi? Və sizin bu dəyişkən, ədalətsiz metodunuz bizim mübahisəmizi lazımsız dərəcədə uzatmadı? Materiya xüsusi şəkildə öyrənilib, öz etirafınızla bütün mənalarda inkar edilmədi? Bir şeyin mütləq olaraq qeyri-mümkünlüyünü sübut etmək üçün, sizin və ya başqa birisinin başa düşəcəyi hər mənada onun qeyri-mümkülüyünü sübut etməkdən artıq daha nə tələb oluna bilər?

Hilas: Ancaq mən sizin sonuncu – ən qaranlıq, abstrakt və qeyri-müəyyən mənada materiyanın qeyri-mümkünlüyünü sübut etməyinizlə heç qane deyiləm.

Filonus:  Bir şeyin qeyri-mümkünlüyü nə zaman göstərilmiş olur?

Hilas: Onun tərifində ehtiva olunan ideyalar arasında ziddiyyət sübut olunan zaman.

Filonus: Ancaq ideyalar olmayan yerdə, onlar arasında heç bir zidiyyət sübut edilə bilməz.

Hilas: Sizinlə razıyam.

Filonus: Sizin söylədiyiniz, sözün qaranlıq, qeyri-müəyyən mənasında Materiya, öz etiraflarınıza əsasən aydındır ki, ümumiliyyətlə, heçnə ideyası ilə eyni olan bilinməyən bir mənadan başqa heç bir mənanı, heç bir ideyanı ehtiva etmir. Ona görə də, siz gözləməməlisiniz ki, ideyalar olmadığı halda onlar arasında ziddiyyəti – yaxud bilinməyən mənada, yəni, ümumiyyəltə, heç bir mənada, Materiyanın qeyri-mümkünlüyünü – sübut etməliyəm. Mənim işim yanlız onu göstərmək idi ki, siz heçnəyi nəzərdə tutmusunuz; və bunu etiraf etməyə məcbur oldunuz. Belə ki, nəzərdə tutduğunuz müxtəlif mənalarda, sizə göstərildi ki, siz, ümumiyyətlə, heç nə nəzərdə tutmamısınız; ya da ki, əgər nəyisə nəzərdə tutmusunuzsa, o, absurddur. Və əgər bu, bir şeyin qeyri-mümkünlüyünü sübut etmək üçün kafi deyilsə, azru edirəm ki, kafi nədir, onu mənə deyərsiniz.

Hilas: Qəbul edirəm ki, siz sübut etdiniz ki, Materiya qeyri-mümkündür; onun müdafiəsi üçün daha nə deyilə biləcəyi ağlıma gəlmir. Ancaq bunu güzəştə getməklə yanaşı, bütün digər anlayışlarımı da şübhə altına alıram. Çünki, əlbəttə, başqa heç nə bunun əvvəl aşkar göründüyü qədər aşkar görünə bilməz: baxmarayaraq ki bu, əvvəl doğru göründüyü qədər indi yanlış və absurd görünür. Hərçənd, düşünürəm ki, bu məsələni indilik kifayət qədərilə müzakirə etdik. Günün qalan hissəsini, məmnuniyyətlə, bu səhərki söhbətin bəzi başlıqları üzərində düşünməklə keçirmək istərdim və sabah eyni vaxtda sizi burada yenidən görməyinə şad olaram.

Filonus: Sizə baş çəkməyi qaçırmayacam.

 

25 iyun 2020

 

Birinci dialoqun birinci hissəsi:

Hilas və Filonus arasında üç dialoq

 

Birinci dialoqun ikinci hissəsi:

Hilas və Filonus arasında üç dialoq

 

Birinci dialoqun üçüncü hissəsi:

Hilas və Filonus arasında üç dialoq

Birinci dialoqun dördüncü hissəsi:

Hilas və Filonus arasında üç dialoq

 

İkinci dialoqun birinci hissəsi:

Hilas və Filonus arasında üç dialoq

İkinci dialoqun ikinci hissəsi

Hilas və Filonus arasında üç dialoq