Corc Berkli (1685-1753) məşhur britaniyalı filosofdur. Onun Hilas və Filonus arasında üç dialoq (Three Dialogues between Hylas and Philonous) əsəri qabaqcıl universitetlərin bir çoxunda fəlsəfə ixtisası üzrə təhsil alan ilk kurs tələbələrinə oxunması tövsiyə olunan əsərlərdən biridir. Əsər dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmişdir. 

 

Üçüncü dialoqun ikinci hissəsi

Filonus: İlk növbədə dediyim odur ki, maddi substansiyanın mövcudluğunu sadəcə ona görə inkar etmirəm ki, onun haqqında anlayışım yoxdur, ona görə ki, onun haqqında olan anlayış ziddiyyətlidir; yaxud, başqa sözlə, onun haqqında anlayışın olması zidiyyətlidir. Bildiyim qədərilə, çox şey mövcud ola bilər ki, onlar haqqında nə mən, nə də başqa birisi hər hansı ideya və ya anlayışa malik olmasın, yaxud ola bilməsin. Ancaq belə şeylər mümkün olmalıdır – yəni onların tərifində ziddiyyətli heç nə ehtiva olunmamalıdır. İkinci olaraq dediyim odur ki, qavramadığımız şeylərin mövcudluğuna inanmağımıza baxmayaraq, hər hansı ayrıca şeyin mövcudluğuna bir əsas olmadan inana bilmərik: Materiyanın mövcudluğuna isə inanmağa əsasım yoxdur. Onun haqqında birbaşa intuisiyaya malik deyiləm: düşünməyən, qavramayan, qeyri-aktiv Substansiyanı nə birbaşa olaraq duyğu, ideya, anlayış, fəaliyyət və ya ehtiraslarımdan çıxara bilərəm, nə də ehtimali deduksiya, yaxud zəruri nəticə vasitəsilə. Özümün varlığını, yəni öz ruhum, zehnim, yaxud düşünən əsasımı isə aydındır ki, refleksiya vasitəsilə dərk edirəm. Eyni iradlara eyni şeyləri cavab olaraq təkrar etsəm, məni bağışlayarsınız. Maddi Substansiya anlayışının və ya ideyasının özündə aşkar zidiyyət və uyğunsuzluq ehtiva olunur. Ancaq bunu Ruh anlayışı haqqında demək olmaz. İdeyaların qavramayan şeydə mövcud olmasını, yaxud onların aktiv olmayan şey tərəfindən törədildiyini demək zidiyyətlidir. Ancaq qavrayan şeyin ideyaların subyekti olmasını, yaxud onların səbəbinin aktiv bir şey olmasını demək zidiyyətli deyil. Məqbuldur ki, başqa məhdud ruhların mövcudluğu haqqında bizim nə birbaşa şəhadətimiz, nə də sübutlu biliyimiz vardır; ancaq buradan belə çıxmır ki, belə ruhlar maddi substansiyalarla eyni cərgədədir: birində uyğunsuzluq olduğu güman edilsə də, digərini güman etməkdə uyğunsuzluq olmaz; biri heç bir arqument vasitəsilə nəticə kimi çıxa bilməsə də, digəri üçün bu ehtimal var; bizə bənzər fəal məhdud subyektləri bildirən müxtəlif nişanə və təsirləri görsək də, Materiya haqqında rasional inama aparan hər hansı nişanə və ya əlamət görmürük. Nəhayət, dediyim odur ki, Ruh anlayışına malikəm – baxmayaraq ki onun haqqında, ciddi desəm, ideyam yoxdur. Onu ideya olaraq, yaxud ideya vasitəsilə qavramıram, refleksiya ilə dərk edirəm.

Hilas: Bütün söylədiklərinizə baxmayaraq, mənə elə gəlir, sizin öz düşünmə üsulunuza əsasən və öz prinsiplərinizin nəticəsi olaraq belə çıxır ki, Siz yalnız hər hansı dəstəkləyici substansiyadan məhrum uçuşan ideyalar sistemisiniz. Sözlər mənasız istifadə edilməməlidir. Və ruhi Substansiyada maddi Substansiyadan çox məna olmadığından, biri digəri kimi inkar edilməlidir.

Filonus: Nə qədər təkrar etməliyəm ki, öz mövcudluğumu bilirəm və ya onun fərqindəyəm; mən özüm ideyalarım deyiləm – nəsə başqa bir nəsnə, düşünən aktiv başlanğıcam ki, qavrayıram, bilirəm, istəyirəm və ideyalar üzərində işləyirəm. Bilirəm ki, mən, tək və eyni özüməm ki, həm rəngləri, həm də səsləri qavrayıram; bilirəm ki, rəng səsi qavraya bilməz, nə də səs rəngi; ona görə mən rəng və səsdən – və eyni səbəbə görə də bütün digər hissi şeylərdən və süst ideyalardan – fərqli, vahid fərdi başlanğıcam. Ancaq oxşar tərzdə, Materiyanın nə mövcudluğunun, nə də mahiyyətinin fərqindəyəm. Əksinə, bilirəm ki, ziddiyyətlə heç nə mövcud ola bilməz və Materiyanın mövcudluğu ziddiyyət ehtiva edir. Bundan əlavə, ruhi substansiyanın və ya ideyaları daşıyanın, yəni ideyaları bilən və qavrayan ruhun var olduğunu təsdiq etdikdə nə nəzərdə tutduğumu bilirəm. Ancaq  mən, qavramayan substansiyanın özündə ona aid olan var və o, ya ideyaları, ya da onların arxetiplərini daşıyır, dedikdə nə nəzərdə tutulduğunu bilmirəm. Bu səbəbdən, Ruh və Materiya arasında bu məsələdə tam fərqlilik mövcuddur.

Hilas: Bu məsələdə özümü qane olmuş hesab edirəm. Hərçənd, ciddi düşünürsünsüz ki, hissi şeylərin gerçək mövcudluğu onların aktual olaraq qavranılanlığında şərtlənir? Əgər belədirsə, necə olur ki, bütün insanlıq onları bir-birindən fərqləndirir? İlk gördüyünüz insandan soruşun və o, sizə deyəcək ki, qavranılan olmaq bir şeydir, mövcud olmaq başqa.

Filonus: Hilas, anlayışımın doğruluğu üçün bəşəri sağlam düşüncəyə müraciət etməyə razıyam. Bağbandan soruşun, o, nəyə görə düşünür ki, bax, o gilas ağacı bağda mövcuddur və o, sizə deyəcək ki, çünki onu görür və hiss edir; bir sözlə, çünki onu hissləri vasitəsilə qavrayır. Ondan soruşun, o, nəyə görə düşünür ki, portağal ağacı orada deyil və o, sizə söyləyəcəkdir ki, çünki onu qavramır. Nəyi ki o, hisslə qavrayır, onu gerçək varlıq adlandırır və deyir ki, o, mövcuddur; ancaq nə ki qavranılan deyil, deyir, onun varlığı yoxdur.

Hilas: Bəli, Filonus, qəbul edirəm ki, hissi bir şeyin mövcudluğu qavranılan olmaqda şərtlənir, aktual olaraq qavranılmaqda deyil.

Filonus: Qavranılan, ideyadan başqa nə ola bilər? Və ideya aktual olaraq qavranılmadan mövcud ola bilər? Bu məsələlər barədə xeyli müddətdir ki razılığa gəlmişik.

Hilas: Ancaq fikrinizin doğru olmasından asılı olmayaraq, hər halda, inkar etməzsiniz ki, bu, heyrətləndiricidir və bəşəri sağlam düşüncənin əksinədir. Həmin kişidən soruşun, bax, o ağac onun zehnindən kənarda mövcudluğa malikdirmi? O, sizcə, hansı cavabı verər?

Filonus: Özümün verəsi olacağım cavabı, yəni: o ki zehnindən kənarda mövcuddur. Hərçənd, bir xristiana, gerçək ağac əslində Allahın qeyri-məhdud zehni tərəfindən dərk edilir (yəni, zehnində mövcuddur), demək, əlbəttə, heyrətləndirici ola bilməz. Yəqin nə qədər ki ağacın və ya hər hansı digər şeyin məhz mövcudluğu içində yerləşdiyi zehni var sayır, ilk baxışdan xristian onun mövcudluğunun birbaşa və vasitəsiz sübutunun fərqində olmaz. Ancaq bu məsələnin özünü o, inkar edə bilməz. Materialistlərlə aramızda olan məsələ şeylərin bu və ya digər şəxsin zehnindən kənarda gerçək mövcudluğa malik olması deyil, onların Allah tərəfindən qavranılanlıqdan fərqli və bütün zehinlərin xaricində mütləq mövcudluğa malik olması məsələsidir. Düzdür, bunu bəzi bütpərəstlər və filosoflar deyiblər, ancaq Allah anlayışını Müqəddəs Kitaba uyğun şəkildə istifadə edən birisi başqa fikirdə olacaq.

Hilas: Hərçənd, sizin anlayışlarınıza görə, madam ki hər şey eynilə zehindədir, gerçək şeylər və təxəyyülün uydurduğu xülyalar, yaxud yuxugörmələr arasında nə fərq var?

Filonus: Təxəyyülün yaratdığı ideyalar zəif və qeyri-aydındır; bundan əlavə, onlar tamamilə iradədən asılıdır. Ancaq hiss vasitəsilə qavranılan ideyalar – yəni gerçək şeylər – daha canlı və aydındır; və onlar iradəmizdən, bizdən fərqli bir ruh tərəfindən zehində həkk olunmaqla, oxşar asılılığa malik deyil. Ona görə də sonuncunu əvvəlki ilə səhv salmaq və eyni dərəcədə də, sönük, qeyri-müntəzəm və qarışıq yuxugörmələr ilə qarışdırmaq təhlükəsi yoxdur. Həmçinin, onların həyatımızın əvvəlki və sonrakı hadisələri ilə əlaqəli olmamaqla, heç vaxt belə canlı və təbii olmasına baxmayaraq, gerçəkliklərdən asanlıqla fərqləndirilə bilərlər. Qısası, öz fərziyyənizdə şeyləri xülyalardan hansı metodla fərqləndirməyinizdən asılı olmayaraq, aydındır ki, eyni şey mənimki üçün də keçərlidir. Çünki gümanımca, bu, qavranılan müəyyən fərqlilik vasitəsilə olmalıdır; və sizin qavradığınız hər hansı şeyi əlinizdən almağa hazırlaşmıram.

Hilas: Ancaq Filonus, siz hələ də düşünürünüz ki, dünyada ruhlar və ideyalardan başqa heç nə yoxdur. Və qəbul etməlisiniz ki, bu, çox qəribə səslənir.

Filonus: Etiraf edirəm ki, ideya sözü adətən şey mənasında istifadə edilmədiyindən haradasa qeyri-adi səslənir. Onu istifadə etməkdə əsasım o idi ki, termin özü zehinlə zəruri əlaqəni ehtiva edir, kimi başa düşülür; və o, indi filosoflar tərəfindən anlamanın birbaşa obyektlərini bildirmək üçün geniş istifadə edilir. Hərçənd, bu fikir sözdə nə qədər qəribə səslənsə də, öz mənasında çox da qəribə və ya heyrətləndirici heç bir şeyi ehtiva etmir. Bu, əslində, yalnız qavrayan və qavranılan şeylər vardır, fikrindən; yaxud da hər bir düşünməyən varlıq zərurət və məhz öz mövcudluq təbiətinə görə hansısa bir zehin tərəfindən qavranılır (yaradılmış məhdud zehin tərəfindən olmasa da, əlbəttə, içində “yaşadığımız və hərəkət etdiyimiz mövcudluğa sahib olduğumuz”Allahın qeyri-məhdud zehni tərəfindən), fikirdən başqa elə bir mənaya gəlmir. Bu, “hissi keyfiyyətlər obyektlərin üzərində deyil”, yaxud da “şeyləri görməyimizə, hiss etməyimizə və bütün hisslərimizlə qavramağımıza baxmayaraq, onların mövcudluğundan əmin ola bilmərik və ya onların gerçək təbiətləri haqqında nəsə bilmərik”, demək qədər qəribədirmi?

Hilas: Və bunun nəticəsi olaraq, biz düşünməməliyik ki, fiziki və ya cismani səbəblər kimi şeylər yoxdur; yalnız bir Ruh təbiətdəki bütün şeylərin birbaşa səbəbidir? Bundan qəribə nəsə ola bilər?

Filonus: Bəli, (nə ardıcıllığı, nə də çoxdanın məlum “Heç bir şey özündə olmadığını başqa şeyə verə bilməz” aksiomunu nəzərə almadan) süst bir şeyin zehin üzərində iş görməyini və qavramayan şeyin qavrayışlarımıza səbəb olduğunu deməkdən sonsuz olaraq daha çox qəribədir. Bundan əlavə, bilmirəm hansı səbəbdən, sizə belə qəribə görünən Müqəddəs Yazının yüz yerdə dediyindən artıq bir şey deyil. Orada Allah bəzi bütpərəstlərin və filosofların adətən Təbiət, Materiya, Tale, yaxud digər düşünməyən başlanğıclara aid etdikləri bütün bu təsirlərin yeganə və birbaşa Müəllifi kimi təqdim olunur. Buna Müqəddəs yazıda o qədər tez-tez rast gəlinir ki, sitatlarla təsdiqləməyə gərək yoxdur.

Hilas: Filonus, fərqində deyilsiniz ki, Allahı təbiətdəki bütün hərəkətlərin birbaşa müəllifi etməklə, siz Onu qətl, küfr, xəyanət və oxşar dəhşətli günahların Müəllifi edirsiniz.

Filonus: Buna cavab olaraq, müşahidə etdiyim birinci odur ki, bir şəxsin hərəkəti alətlə və ya alətsiz icra etməsindən asılı olmayaraq, günahın məsuliyyəti eynidir. Ona görə Allahı Materia adlanan alət və ya fürsət vasitəsilə hərəkət etməyi güman etməyiniz halında, siz mənim kimi Onu həqiqətən günah müəllifi edirisiniz (mən Onu Təbiətə aid edilən bütün bu işlərin birbaşa icraçısı hesab edirəm). Bundan əlavə, müşahidə edirəm ki, günah və ya əxlaqi pozğunluq xarici fiziki fəaliyyət və ya hərəkətdə deyil, iradənin təfəkkür və dinin qanunlarından daxilən sapmasında şərtlənir. Bu, onunla aydındır ki, düşməni döyüşdə öldürmək, yaxud cinayətkarı qanuni olaraq ölümə məhkum etmək günah hesab edilmir, baxmayaraq ki, burada xarici fəaliyyət qətl halında olduğu ilə məhz eynidir. Günah fiziki fəaliyyətdə şərtlənmədiyindən, Allahı bütün belə fəaliyyətlərin birbaşa səbəbi etmək Onu günah Müəllifi etmək deyil. Nəhayət, mən heç yerdə deməmişəm ki, Allah cisimlərdəki bütün hərəkətləri yaradan yeganə icraçıdır. Doğrudur, ruhlardan başqa hər hansı digər icraçıların olmasını inkar etmişəm; ancaq bu, tam olaraq o düşüncəyə uyğundur ki, rasional varlıqlar hərəkətlərin yaradılmasında son olaraq əslində Allahdan törəmə məhdud qüvvələrdən istifadə edirlər, baxmayaraq ki, onlar birbaşa olaraq öz iradələrinin idarəsi altındadırlar ki, bu da fəaliyyətlərinin bütün günahını onların ayağına yazmaq üçün yetərlidir.

Hilas: Bəs, Materiyanı və ya cismani Substansiyanı inkar etmək, Filonus – məsələ bundadır. Məni heç vaxt inandıra bilməzsiniz ki, bu, sağlam bəşəri düşüncəyə zidd deyil. Mübahisəmizin nəticəsi səs çoxluğu ilə həll olunsaydı, əminəm ki, səsləri toplamadan mövqeyinizi güzəştə gedərdiniz.

Filonus: Arzu edərdim ki, fikirlərimiz həm tərəfsiz təqdim olunsun, həm də aşılanmış təhsilin yanlışlıqlarından azad, aydın sağlam düşüncəyə malik insanların mühakiməsinə verilsin. Gəlin, təsəvvür edək ki, mən hisslərinə inanan, gördüyü və hiss etdiyi şeyləri bildiyini düşünən və onların mövcudluğuna heç bir şübhəsi olmayan birisiyəm; siz isə bütün şübhələrinizi, paradokslarınızı və öz skeptisizminizi dəqiqliklə nümayiş etdirirsiniz, mən də öz istəyimlə tərəfsiz birisinin qərarını üzərimə götürəcəm. Ruhdan savayı içində ideyaların ola biləcəyi substansiyanın yoxluğu mənə aydındır. Və birbaşa qavranılan obyektlərin ideyalar olması ilə hər tərəf razıdır. Həmçinin, hissi keyfiyyətlərin birbaşa qavranılan obyektlər olmasını heç kim inkar edə bilməz. Deməli, aydındır ki, bu keyfiyyətlərin ruhdan başqa substratı  ola bilməz; o ruh ki, orada onlar modifikasiya və ya xüsusiyyət olaraq deyil, onu qavrayanda qavranılan bir şey kimi mövcuddur. Bu səbəbdən, mən hissi obyektlərin hər hansı bir düşünməyən substratı və bu mənada, hər hansı maddi substansiyanın olduğunu inkar edirəm. Ancaq əgər maddi subsitansiya ilə yalnız görünən və hiss olunan hissi cisim nəzərdə tuturlarsa (və fəlsəfə ilə məşğul olmayanlar, deməyə cəsarət edim ki, bundan başqa heç nə nəzərdə tutmurlar), onda mən materiyanın mövcudluğuna sizdən və ya bunu iddia edəcək hər hansı başqa filosofdan daha da əminəm. Əgər insanların əksəriyyətini dəstəklədiyim anlayışlardan üz çevirtdirən nəsə varsa, o da mənim hissi şeylərin gerçəkliyini inkar etməyim haqqında yanlış anlaşılmadır: ancaq bunda mənim deyil, sizin günahkar olmağınıza görə, belə çıxır ki, əslində üz çevirmə mənim deyil, sizin anlayışlarınızın əleyhinədir. Ona görə, təsdiq edirəm ki, öz mövcudluğuma əmin olduğum qədər əminəm ki, maddi və ya cismani substansiyalar (hisslərimlə qavradığım şeyləri nəzərdə tuturam) vardır; hərçənd, insanların çoxu bunu qəbul edərək bu barədə düşünməyəcəklər, həmçinin, bəzi insanların çox xoşladıqları həmin bilinməyən təbiətlərin və fəlsəfi mahiyyətlərin taleyində özlərini maraqlı görmürlər.

Hilas: Buna nə deyərsiniz? Madam ki, sizə görə, insanlar şeylərin reallığı barədə hissləri vasitəsilə mühakimə yürüdürlər, onda bir insan ayı təqribən bir fut diametri olan düz parlaq səth, uzaqdan görünən dördbucaqlı qalanı yumru, yaxud bir ucu suda olan avar üçün kürəyi sınmış kimi düşünməkdə necə yanıla bilər?

Filonus: O, aktual olaraq qavradığı ideyalarla bağlı deyil, mövcud qavrayışlardan çıxardığı nəticələrdə yanılır. Belə ki, kürək halında, onun görmə vasitəsilə dərhal qavradığı, əlbəttə, sınmışdır və bu məsələdə o, hələ ki düzdür. Ancaq əgər buradan nəticə çıxarırsa ki, kürəyi sudan çıxardıqda həmin sınığı qavrayacaqdır, yaxud kürək onun lamisəsinə sınmış əşya təsiri verər, onda o, yanılır. Müvafiq olaraq, əgər bir yerdə qavradığından nəticə çıxaracaqsa ki, aya və ya qalaya yaxınlaşacağı halda, oxşar ideyaların təsirinə məruz qalacaq, onda o, yanılır. Ancaq onun səhvi birbaşa və indi qavradığında deyil (bu məsələdə onun yanıldığını güman etmək aşkar ziddiyyət olardı), birbaşa qavranılanlarla əlaqədə dərk etdiyi ideyalar haqqındakı mühakiməsindədir: yaxud o ideyalar haqqında mühakiməsindədir ki, indi qavradığı əsasında o, elə təsəvvür edir ki, onları başqa vəziyyətlərdə də qavrayar. Bu hal Kopernik sisteminə münasibətdə də eynidir. Biz buradan Yerin hər hansı hərəkətini qavramırıq: ancaq bundan, biz Yerdən indi başqa planetlərdən yerləşdiyimiz məsafədə yerləşsəydik, onun hərəkətini qavramazdıq, nəticəsini çıxarmaq yanlış olardı.

21 sentyabr 2020

 

Birinci dialoqun birinci hissəsi:

Hilas və Filonus arasında üç dialoq

 

Birinci dialoqun ikinci hissəsi:

Hilas və Filonus arasında üç dialoq

 

Birinci dialoqun üçüncü hissəsi:

Hilas və Filonus arasında üç dialoq

 

Birinci dialoqun dördüncü hissəsi:

Hilas və Filonus arasında üç dialoq

 

İkinci dialoqun birinci hissəsi:

Hilas və Filonus arasında üç dialoq

 

İkinci dialoqun ikinci hissəsi

Hilas və Filonus arasında üç dialoq

 

İkinci dialoqun üçüncü hissəsi

Hilas və Filonus arasında üç dialoq

 

Üçüncü dialoqun birinci hissəsi

Hilas və Filonus arasında üç dialoq