fbpx

TRANSLATION

TRANSLATION

Hilas və Filonus arasında üç dialoq

Read this article on other language
Download article
image_pdf
image_pdf

Corc Berkli (1685-1753) məşhur britaniyalı filosofdur. Onun Hilas və Filonus arasında üç dialoq (Three Dialogues between Hylas and Philonous) əsəri qabaqcıl universitetlərin bir çoxunda fəlsəfə ixtisası üzrə təhsil alan ilk kurs tələbələrinə oxunması tövsiyə olunan əsərlərdən biridir. Əsər dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmişdir. 

Üçüncü dialoqun üçüncü hissəsi (mətnin sonunda dialoqun əvvəlki hissələrinə və Ön sözə keçid yerləşdirilmişdir)

Hilas: Sizi başa düşürəm; və etiraf etməliyəm ki, kifayət qədər ağlabatan şeylər deyirsiniz. Ancaq icazənizlə bir məsələni sizin nəzərinizə çatdırım. Zəhmət olmasa, deyərdiniz, Filonus, əvvəllər Materiyanın mövcudluğuna əmin olmağınız indi onun qeyri-mövcudluğuna inandığınız qədər deyil?     

Filonus: O qədərdir. Ancaq burada fərq də var. Əvvəllər əminliyim düşünülməmiş önyarğıya əsaslanırdı, ancaq indi, sorğulamadan sonra isə sübuta.

Hilas: Görünür, yenə də mübahisəmiz şeylər deyil, sözlər haqqındadır. Şeylərə münasibətdə razılaşırıq, ancaq onları adlandırmaqda fərqlənirik. İdeyaların təsirinə xaricdən məruz qalmağımız aşkardır. Həmçinin, eyni dərəcədə aşkardır ki, bu ideyalara uyğun gələn zehindən kənar (arxetip deməyəcəm) güclər olmalıdır. Və bu güclər özləri müstəqil mövcud ola bilmədiklərindən, zərurən fərz edilməlidir ki, onların subyekti vardır – ki, mən onu Materiya, siz isə Ruh adlandırırsınız. Bütün fərq bundadır.

Filonus: Söyləyin mənə, Hilas, həmin güclü varlıq, yaxud güclərin subyekti yertutuma malikdir?

Hilas: Onun yertutumu yoxdur; ancaq sizdə yertutum ideyasını yaratmaq gücü var.

Filonus: Buna görə də o özü yertutumsuzdur?

Hilas: Bunu qəbul edirəm.

Filonus: O həm də aktiv deyil?

Hilas: Şübhəsiz. Əks halda gücləri ona necə aid edə bilərdik?

Filonus: İndi icazə verin sizdən iki sual soruşum: Birinci, yertutumsuz aktiv varlığa Materiya adı vermək filosofların və ya digərlərinin bu termini istifadə tərzinə uyğundur? Və, ikinci, sözləri dildəki ümumi istifadənin əleyhinə olaraq yanlış tətbiq etmək gülünc dərəcədə absurd deyil?

Hilas: Yaxşı, madam ki belə istəyirsiniz, onda gəlin onu Materiya deyil, Materiya və Ruhdan fərqli hansısa üçüncü təbiət adlandıraq. Hansı əsasla onu ruh adlandırırsınız? Ruh anlayışı ehtiva etmir ki, o, düşünən, həm də aktiv və yertutumsuzdur?

Filonus: Əsasım budur: dediklərimdə mənalı bir anlayışa malik olmağı düşünürəm, amma iradədən fərqli hər hansı fəaliyyət anlayışına malik deyiləm; həmçinin, iradəni ruhdan kənar başqa bir yerdə görmürəm; bu səbəbdən, aktiv varlıqdan danışdıqda ruhu nəzərdə tutmağa məcburam. Digər tərəfdən, özündə ideyaları olmayan bir şeyin onları mənə ötürə bilməməsindən aydın nə ola bilər? Və əgər bir şey ideyalara malikdirsə, onda, əlbəttə, o, ruh olmalıdır. Mümkünsə, məsələni daha aydın başa düşməyiniz üçün qeyd edim ki, mən də sizin kimi təsdiqləyirəm ki, xaricdən təsirləndiyimizə görə güclərin də kənarda, bizim özümüzdən ayrı olmağını güman etməliyik. Buraya qədər razıyıq. Ancaq sonra bu gücə malik varlığın növünə gəldikdə fikirlərimiz fərqlənir. Mən onu ruh, siz isə materiya və ya mən bilmədiyim (əlavə edə bilərəm ki, sizin də bilmədiyiniz) hansısa üçüncü bir təbiət  hesab edirsiniz. Deməli, mən onun ruh olduğunu sübut edirəm. Gördüyüm təsirlərdən nəticə çıxarıram ki, fəaliyyətlər vardır; fəaliyyət isə varsa, deməli iradi aktlar da var; və iradi aktlar varsa, deməli, iradə də olmalıdır. Yenə də deyim, qavradığım şeylər, onların özləri və ya arxetipləri, zehnimdən kənarda mövcudluğa malik olmalıdır. Ancaq ideyalar olaraq, nə onların özləri, nə də arxetipləri ağıldan kənarda başqa cür mövcud ola bilməz; ona görə də ağıl vardır. Və iradə və ağıl sözün ən ciddi mənasında zehin və ya ruhu təşkil edir. Ona görə də ideyalarımın gücə malik səbəbi, sözün əsl mənasında ruhdur.

Hilas: Və indi sizə zəmanət verirəm ki, irəli sürdüklərinizin birbaşa ziddiyyətə apardığından azca sübhələnərək düşünürsüz ki, məsələni çox aydın qeyd etdiniz. Allahda hər hansı qeyri-kamilliyi təsəvvür etmək absurd deyilmi?

Filonus: Şübhəsiz.

Hilas: Ağrıdan əziyyət çəkmək qeyri-kamillik deyil?

Filonus: Qeyri-kamillikdir.

Hilas: Biz bəzən hansısa başqa varlıq tərəfindən ağrı və iztiraba məruz qalmırıq?

Filonus: Qalırıq.

Hilas: Bəs, demədiniz ki, varlıq ruhdur? Və bu ruh Allah deyilmi?

Filonus: Razıyam.

Hilas: Siz təsdiqlədiniz ki, kənardan qavradığımız hər bir ideya bizə təsir edən zehindədir. Ona görə də ağrı və iztirab ideyaları Allahdadır; yaxud, başqa sözlə, Allah ağrıdan əziyyət çəkir: yəni, İlahinin təbiətində qeyri-kamillik vardır ki, bu da, sizin də qəbul etdiyiniz kimi, absurddur. Beləliklə, siz aşkar olaraq ziddiyyətli fikirlər söyləyirsiniz.

Filonus: Allahın hər şeyi bilməsi və başa düşməsi, həmçinin başqa şeylərlə yanaşı ağrının – hətta hər cür ağrı hissinin – və Onun yaratdıqlarına ağrıdan əziyyət çəkməyin nə olduğunu bilməsi barədə heç bir sual etmirəm. Ancaq Allahın bunu bilməsinə və bəzən bizdə ağrı hisslərinə səbəb olmasına baxmayaraq, Onun özünün ağrıdan əziyyət çəkə bilməsini mən tamamilə inkar edirəm. Məhdud və asılı ruhlar olan bizlər hisslərin və xarici subyektin təsirlərinə məruzuq və bu, iradəmizin əleyhinə yaranaraq, bəzən iztirablı və ağrılı olur. Heç bir xarici varlığın təsirinə məruz qalması mümkün olmayan, bizdən fərqli olaraq hissiyyatı ilə heç nə qavramayan, iradəsi mütləq və müstəqil olan Allah isə bütün şeylərin səbəbi olaraq heç nəyin maneəsinə və müqavimətinə məruz deyil; aydındır ki, belə bir Varlıq heç nədən əziyyət çəkə bilməz, həmçinin heç bir ağrı hissinin, yaxud ümumiyyətlə heç bir hissin təsirinə məruz qala bilməz. Biz bədənə zəncirlənmişik – yəni, qavrayışlarımız cismani hərəkətlərə bağlıdır. Təbiətimizin qanununa görə, biz hissi bədənimizin sinirli hissələrindəki dəyişikliklər əsasında təsirə məruz qalırıq; o hissi bədən ki düzgün nəzərdən keçirilsə, belə keyfiyyətlərin və ya zehin tərəfindən qavranılmadan ayrı mövcudluğa malik olmayan ideyaların kompleksindən başqa heç nə deyil. Demək ki, duyğuların bədən hərəkətləri ilə bu əlaqəsi təbətin nizamında iki qrup ideyalar, yaxud birbaşa qavranılan şeylər arasındakı uyğunluqdan başqa bir mənaya gəlmir. Allah isə xalis ruhdur, bütün belə bağlılıqlardan və təbii əlaqələrdən azaddır. Heç bir bədən hərəkəti Onun zehnində ağrı və ya həzz hissləri ilə müşayiət olunmur. Bilinə bilən hər şeyi bilmək, əlbəttə, kamillikdir; ancaq dözmək, əziyyət çəkmək, yaxud nəyisə hissiyatla hiss etmək qeyri-kamillikdir. Dediyim odur ki, sonuncu deyil, əvvəlki Allaha uyğundur. Allah bilir və ya O, ideyalara malikdir; ancaq Onun ideyaları Özünə bizdəki kimi hissiyyat vasitəsi ilə çatdırılmır. Fərqi aydın olduğu yerdə fərqləndirməməyiniz sizi absurd olmayan yerdə absurdluq görməyə sövq edir.

Hilas: Ancaq bütün bu vaxt ərzində nəzərdən keçirmədiniz ki, Materiyanın kəmiyyətinin cisimlərin qravitasiya gücünə mütənasib olması sübut olunub. Bəs, sübuta qarşı nə dayana bilər?

Filonus: İcazə verin baxım, bu məsələni necə sübut edirsiniz.

Hilas: Prinsip olaraq qəbul edirəm ki, cisimlərdəki hərəkətin kəmiyyəti və ya momenti onlarda saxlanan Materiyanın sürəti və kəmiyyətinin hasili ilə birbaşa əlaqədədir. Buna görə, əgər sürətlər bərabərdirsə, onda momentlər hər bir cisimdəki Materiyanın kəmiyyəti kimi birbaşa münasibətdədir. Ancaq təcrübə ilə aşkarlanır ki, bütün cisimlər (havanın müqavimətindən yaranan xırda fərqləri kənara qoysaq) eyni sürətlə aşağı düşürlər; ona görə aşağı düşən cisimlərin hərəkəti və nəticə olaraq onların çəkisi – ki, bu, hərəkətin səbəbi və ya başlanğıcıdır – Materiyanın kəmiyyətinə mütənasibdir; sübut olunmalı olan da bu idi.

Filonus: Siz özlüyündə aşkar prinsip kimi təqdim etdiniz ki, istənilən cisimdə hərəkətin kəmiyyəti sürət və Materiyanın hasilinə mütənasibdir; və bu, Materiyanın mövcudluğunun çıxarıldığı fikrin sübutu üçün istifadə edilir. Zəhmət olmasa, deyin, bu, qapalı dairədə bəhs etmək deyil?

Hilas: Premisdə mən yalnız nəzərdə tuturam ki, hərəkət yertutum və sıxlıqla birlikdə sürətə mütənasibdir.

Filonus: Ancaq bunu doğru hesab etməkdən çıxmır ki, qravitasiya, sizin dediyiniz fəlsəfi mənada, Materiyaya mütənasibdir – bilinməyən substratın (bunu başqa nə cür istəyirsiniz adlandırın) həmin hissi keyfiyyətlərə mütənasibliyini özlüyündə anlaşılan hesab etməyincə; ki, bu da aşkarca petitio principii  səfsətəsi olar. Hisslərlə qavranılan ölçü və sıxlığın, yaxud müqavimətin olmasını hazırca qəbul edirəm; eynilə, cazibə qüvvəsinin bu keyfiyyətlərə mütənasib ola bilməsini də mübahisələndirmirəm. İnkar etdiyim və sizin izahınıza baxmayaraq hələ sübut etməsəniz də əslində təsdiqlədiyiniz odur ki, tərəfimizdən qavranılan olaraq həmin keyfiyyətlər, yaxud da onların yaratdığı güclər maddi substratda mövcuddur.

Hilas: Bu məsələnin üzərində daha dayanmayacam. Bəs, düşünürsünüz ki, məni təbiətşünas filosofların indiyə qədər arzuladığına inandıracaqsınız? Zəhmət olmasa, deyin, fenomenlər haqqındakı bütün bu fərziyyə və izahlarınız – ki, Materiyanın mövcudluğunu güman edir – necə olsun?

Filonus: Hilas, fenomen dedikdə nə nəzərdə tutursunuz?

Hilas: Hisslərimlə qavradığım təzahürləri nəzərdə tuturam.

Filonus: Bəs, hisslə qavranan təzahürlər ideyalar deyil?

Hilas: Bunu sizə yüz dəfə söyləmişəm.

Filonus: Ona görə də fenomenləri izah etmək ideyalarla necə təsirləndiyimizi, elə onların hisslərimizdə iz salması üsulu və nizamında, göstərməkdir. Elə deyilmi?

Hilas: Elədir.

Filonus: İndi isə əgər siz sübut edə bilsəniz ki, hansısa filosof zehnimizdə hər hansı bir ideyanın yaranmasını Materiyanın köməkliyi ilə izah edib, mən həmişəlik sakitləşəcəm və Materiyanın əleyhinə deyilən hər şeyi heçə sayacam; ancaq sübut edə bilməsəniz, fenomenlərin izahına istinad etməyiniz əbəsdir. Bilik və iradəyə malik Varlığın ideyaları yaratması və ya nümayiş etdirməsi asanlıqla başa düşülür. Ancaq həmin keyfiyyətlərdən tamamilə məhrum bir Varlığın ideyalar yarada bilməsi, yaxud hansısa qaydada zehinə təsir edə bilməsini heç vaxt başa düşə bilmirəm. Materiya haqqında bir qədər pozitiv konsepsiyaya malik olsaydıq da, onun keyfiyyətlərini və mövcudluğunu dərk edə bilsəydik də, məncə, bu, məsələnin mahiyyətini izah etməkdən o qədər uzaqdır; bu özü dünyada ən izahedilməz bir şeydir. Hərçənd, bütün bunlardan o çıxmır ki, filosoflar heç bir şey etmirlər; çünki ideyaların əlaqəsini müşahidə etməklə və onların üzərində düşünməklə təbiətin qanunlarını və metodları aşkar edirlər ki, bu da həm faydalı, həm də maraqlı olan biliklərin bir hissəsidir.

Hilas: Bəs, güman etmək olarmı ki, Allah insanları aldadar? Təsəvvür edirsiniz ki, O, bütün bəşəriyyətə Materiyanın mövcudluğu inamını, belə bir şey olmadığı halda, təlqin etsin?

Filonus: İnanıram ki, siz təsdiqləməyəcəksiniz ki, önyarğıdan, emosiya, yaxud düşüncəsizlikdən yaranan hər bir yanlış fikir Müəllif kimi Allaha aid edilə bilər. Onu hansı fikrin müəllifi hesab etməyimizdən asılı olmayaraq belə səbəblər olmalıdır: ya O, fikri bizə fövqəltəbii vəhy vasitəsi ilə aşkarlayır; ya da fikir bizə Allah tərəfindən qurulmuş və verilmiş təbii zehni bacarıqlarımıza o qədər aydındır ki, bizim onunla razılaşmamağımız mümkünsüzdür. Bəs, vəhy hardadır? Yaxud, Materiyaya inama məcbur edən şəhadət hanı? Bundan əlavə, necə məlum olur ki, bütün bəşəriyyət – yaxud, əslində bəzi filosofları çıxmaqla nə istədiklərini bilməyən digərləri – Materiyanı hisslərimiz vasitəsi ilə qavradığımızdan fərqli şey hesab edərək, onun mövcudluğu haqqında düşünür? Sizin suallarınızdan belə çıxır ki, bu məsələlər aydındır; və siz onları aydınlaşdırdıqdan sonra, onlara başqa bir cavab verməyə borclu olduğumu düşünəcəm. Hələlik isə sizə onu deməyim bəs edir ki, Allahın ümumiyyətlə insanlığı aldatdığını düşünmürəm.

Hilas: Yenilik, Filonus, yenilik! Burada təhlükə var. Yeni anlayışlar həmişə narazılıq yaradır. Onlar insanların rahatlığını pozur və heç kim onların bizi hara aparıb çıxaracağını bilmir.

Filonus: Təsəvvür edə bilmirəm nəyə görə hesab edilməlidir ki, nə hissiyatda, nə ağılda, nə də ki İlahi avtoritetdə əsası olmayan anlayışı inkar etmək bunların hamısına və ya hər hansı birinə əsaslanan fikirlərə inamı sarsıdır. Yeniliklərin idarəçilikdə və dində təhlükəli olmasını və onlara dəstək göstərilməməsini məmnuniyyətlə qəbul edirəm. Bəs, fəlsəfədə bunlardan yan durulmasını təhrik edən oxşar səbəb varmı? Əvvəllər bilinməyən şeyi bilinən etmək idrakda bir yenilikdir: və əgər bütün belə yeniliklər qadağan olunsaydı, insanlar sənət və elmdə əhəmiyyətli inkişaf keçmiş olardılar. Ancaq mənim işim yenilikləri və paradoksları müdafiə etmək deyil. – Qavradığımız keyfiyyətlər obyektlərdə deyil; hisslərimizə inanmalıyıq; şeylərin gerçək təbiəti haqqında heç nə bilmirik və onların mövcudluğuna heç vaxt əmin ola bilmərik; gerçək rənglər və səslər bilinməyən müəyyən forma və hərəkətlərdən başqa bir şey deyil; hərəkətlər özlüyündə nə yumşaq, nə də ki ləngdir; hər hansı xüsusi ölçü və ya formaya malik olmadan cisimlərdə mütləq yertutum vardır; cisim küt, düşüncəsiz və qeyri-aktiv olaraq ruha təsir edir; cismin ən kiçik hissəciyi saysız yertutumlu hissələri ehtiva edir. – Bütün bunlar yeniliklərdir, bunlar sağlam, əsl bəşəri düşüncələrə zidd qəribə anlayışlardır; və bircə dəfə onları qəbul etmək zehni həmişəlik olaraq sonsuz şübhə və çətinliklərə qərq edir. Mən məhz bu və oxşar yeniliklərin əleyhinə sağlam düşüncəni müdafiə etməyə cəhd göstərirəm. Doğrudur, bunu etməklə, ola bilsin, mən bəzi eyhamsız və ümumi olmayan ifadə tərzlərindən istifadə etməyə məcburam. Ancaq əgər mənim anlayışlarım bir dəfə tam olaraq başa düşülsə, onda aşkar olar ki, əslində, burada məxsusi olan yalnız bundan artıq bir şey deyil: –düşünməyən hər hansı bir varlığın zehin tərəfindən qavranılmadan mövcud olduğunu güman etmək tamamilə mümkünsüz və aşkar şəkildə ziddiyyətlidir. Və əgər bu anlayış məxsusidirsə, bunun bu vaxt və bir xristian ölkəsində belə olması utancvericidir.

Hilas: Başqa fikirlərlə əlaqədar ortaya çıxa biləcək çətinliklərə gəldikdə, bunların bizim müzakirəmizə aidiyyatı yoxdur. Fikrinizi müdafiə etmək öz işinizdir. Hər şeyi ideyalarla əvəz etməyinizdən yana olmağınızdan aydın nəsə ola bilər? Deyirəm, məni skeptisizmdə günahlandırmaqda utanmırsınız. Bu, çox aydındır, bunun inkarı yoxdur.

Filonus: Məni yanlış başa düşürsünüz. Şeyləri ideyalarla deyil, ideyaları şeylərlə əvəz etməkdən yanayam, çünki qavrayışın həmin birbaşa obyektlərini – ki, sizə görə yalnız şeylərin təzahürləridir –özlüyündə gerçək şeylər hesab edirəm.

Hilas: Şeylər! İstədiyiniz şeyi iddia edə bilərsiniz. Ancaq dəqiqdir ki, şeylərin, çölü yalnız hissləri təsirləndirən boş formalarından başqa heç nəyə yer qoymursunuz.

Filonus: Sizin boş formalar və şeylərin çölü adlandırdığınız mənə şeylərin özü kimi gəlir. Onlar Materiyanın bütün cismani şeylərin mahiyyət hissəsi olması gümanınızdan fərqli olaraq, heç də boş və natamam deyil. Ona görə, biz hər ikimiz razılaşırıq ki, yalnız hissi formaları qavrayırıq. Ancaq fikir ayrılığımız bundadır ki, siz onları boş təzahürlər hesab edirsiniz, mən isə gerçək nəsnələr. Qısası, siz hisslərinizə inanmırsınız, mən isə inanıram.

Çevirəni və Ön sözün müəllifi Anar Cəfərov

Berklinin Hilas və Filonus arasında üç dialoq əsərinin tərcüməsinə ön söz

Berklinin Hilas və Filonus arasında üç dialoq əsərinin tərcüməsinə ön söz

Birinci dialoqun birinci hissəsi:

Hilas və Filonus arasında üç dialoq

Birinci dialoqun ikinci hissəsi:

Hilas və Filonus arasında üç dialoq

Birinci dialoqun üçüncü hissəsi:

Hilas və Filonus arasında üç dialoq

Birinci dialoqun dördüncü hissəsi:

Hilas və Filonus arasında üç dialoq

İkinci dialoqun birinci hissəsi:

Hilas və Filonus arasında üç dialoq

İkinci dialoqun ikinci hissəsi

Hilas və Filonus arasında üç dialoq

İkinci dialoqun üçüncü hissəsi

Hilas və Filonus arasında üç dialoq

Üçüncü dialoqun birinci hissəsi

Hilas və Filonus arasında üç dialoq

Üçüncü dialoqun ikinci hissəsi

Hilas və Filonus arasında üç dialoq

Share article
FacebookTwitter

Facebook Comment

subscribe

BRI is a think-tank launched by independent experts aiming to provide a local and international audience with analysis, opinion and research on Azerbaijan.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.