fbpx

iqtisadiyyat

iqtisadiyyat

Banklarımız devalvasiya sınağından necə çıxdı?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bank sektorunun son 5 ilinə retrospektiv baxış.

2014-cü ilin sonlarından dünya əmtəə bazarlarında neftin ucuzlaşması bu resursdan asılı olan ölkələrdə makroiqtisadi sabitliyi böyük risk altında qoydu. İqtisadiyyatında əhəmiyyətli diversifikasiyaya nail olmuş ABŞ, Birləşmiş Krallıq, Norveç, Kanada kimi ölkələrdən fərqli olaraq neftdən asılılığı yüksək olan ölkələr neft gəlirlərinin azalması fonunda iqtisadi böhran mərhələsinə qədəm qoydu. Rusiya, Venesuela, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Azərbaycan kimi ölkələr çox böyük çətinliklərlə üzləşdi: milli valyutaları dəyərsizləşdi, inflyasiya nəzarətdən çıxdı, maliyyə sektoru dayanıqlığını itirdi, valyuta ehtiyatları əridi və s. Bu ölkələr ilk dövrlərdə milli valyutasını və makroiqtisadi sabitliyini qorumaq naminə valyuta ehtiyatlarını sərf etdi, sonra isə bu ehtiyatı qorumaq üçün milli valyutasını ucuzlaşdırmalı oldu.   

İki dəfə kəskin devalvasiyaya getmək məcburiyyətində qalan Azərbaycanda 2015-ci ildə milli valyutanın məzənnəsi 50% ucuzlaşaraq 1 manat üçün 1.28 dollardan 0,65 dollara qədər düşdü. Sonrakı dövrdə milli valyutanın üzən məzənnəyə keçidi elan olunmaqla onun yumşaq ucuzlaşması davam etdirilsə də, 2017-ci ilin aprelindən faktiki olaraq 1 manatın rəsmi məzənnəsi 0,59 dollar səviyyəsində sabitləşib.

Devalvasiya ilk növbədə bank sektoruna zərər vurdu. Xarici valyutada götürülmüş kreditlərin geri qaytarılmasında yaranmış çətinlik bank sektorunun aktivlərinin pisləşməsinə gətirib çıxardı. Ölkədə fəaliyyət göstərən hər üçüncü bank və hər beşinci bank olmayan kredit təşkilatı bağlanaraq bazarı tərk etdi. Ölkənin ən böyük bankı olan, bank sektorunun 40%-ni təşkil edən Beynəlxalq Bank müflisləşmə təhlükəsi ilə üzləşdi. Dövlətin milyardlarda manat vəsaiti hesabına bu bankın aktivlərinin əhəmiyyətli hissəsi sağlamlaşdırıldı, xarici borc öhdəliklərini isə dövlət öz üzərinə götürdü. Dövlətin banklara müəyyən dəstəyi olsa da, dollar kreditlərinin qaytarılmasını banklarla müştərilərin üzərinə qoydu, nəticədə problemli kreditlər sürətlə artıb maliyyə sektorunu çətin vəziyyətə saldı.

Diqqətinizə çatdırılan bu analizdə devalvasiyadan əvvəlki illər də daxil olmaqla bank sektorunun son 5 ilini qiymətləndirərək mövcud vəziyyəti təhlil edəcəyik. Neft gəlirlərinin azalması və devalvasiyanın baş verməsi fonunda bank sektorunun üzləşdiyi problemləri aşağıdakı istiqamətlər üzrə qruplaşdırmaq mümkündür:

Bankların iqtisadiyyatı və əhalini maliyyələşdirmək funksiyası zəifləyib.

Bu fikri əsaslandırmaq üçün bank aktivlərinin həcmini, kreditləşmə səviyyəsini nəzərdən keçirək.

Bank sektoru üzrə məcmu aktivlərin həcmi azalıb. Bankların əmanət və kredit qoyuluşunun azalması onların aktivlərinin pisləşməsinə və paralel olaraq azalmasına səbəb olub. Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasının təhlili göstərir ki, devalvasiyadan əvvəlki iki ildə aktivlərini 71,2% artırmağa müvəffəq olan banklar devalvasiyadan sonrakı növbəti iki ildə aktivlərinin 20%-ni itirməli olub. Azalmanın əsas səbəbi Beynəlxalq Bankın zərərli aktivlərini sağlamlaşdırmaq məqsədilə bank olmayan “Aqrarkredit” kredit təşkilatına köçürməsi və bəzi bankların bağlanmasıdır. 2015-ci ildə bankların aktivləri 35 milyard manata yaxın olub ki, bu da tarixi rekord həddir. 2015-ci ildə baş vermiş yüksək artımın (38,6%) əsas səbəbi manatın nominal məzənnəsinin ucuzlaşması nəticəsində xarici valyuta ilə aktivlərin yenidən qiymətləndirilməsi olub.  (Qrafik 1)

Qrafik 1. Bank sektorunun aktivləri, 2013-2017-ci illərdə milyon manatla

Mənbə: Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası

Bank sektorunun dollarlaşması fonunda nominal ÜDM-in azalması bank aktivlərinin ÜDM-də payını əhəmiyyətli dərəcədə artırsa da, bu artım uzunmüddətli və dayanıqlı olmayıb. Belə ki, 2013-cü ildə ÜDM-də 35,3%-lik paya malik bank aktivləri “devalvasiya ili”ndə özünün ən yüksək həddinə – 64,2%-ə yüksəlib, ancaq sonrakı illərdə yenidən azalaraq 2017-ci ildə 39,8%-ə qədər düşüb. “Devalvasiya ili”ndə aktivlərin payının artımına səbəb aktivlərin dollarlaşması səviyyəsinin artımı ilə bağlıdır. (Qrafik 1)

Sahibkarların və əhalinin kreditləşməsi əhəmiyyətli dərəcədə azalıb. Kredit qoyuluşunun 2013-2017-cı illər üzrə statistik təhlili göstərir ki, devalvasiya nəticəsində bankların aktivlərinin pisləşməsi onların kreditləşməni məhdudlaşdırmasına səbəb olub. 2000-ci illərin ortalarında kredit qoyuluşunda müşahidə edilən artım tempi sonrakı illərdə nəinki yavaşıyıb, hətta azalmağa başlayıb və bu azalma iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edib. 2015-ci ildə ölkə üzrə kreditləşmənin həcmi rekord səviyyədə (21,7 milyard manat) olub. Devalvasiyadan sonrakı iki ildə isə kredit qoyuluşunun həcmi 45,9% azalaraq 11,8 milyard manata düşüb. Azalmanın səbəbi bir tərəfdən Beynəlxalq Bankın kreditlərinin digər quruma ötürülməsi ilə bağlıdırsa, digər səbəb bankların iqtisadiyyata pul ayırmağı məhdudlaşdırmasıdır. (Qrafik 1)

Qrafik 2. Kredit qoyuluşlarının sahələr üzrə dinamikası, milyon AZN (2013-2017)

Mənbə: Mərkəzi Bank

Devalvasiyadan öncəki dövrdə kreditləşmənin artması sonradan azalma ilə müşahidə olunub. Artımın əsas səbəbi təkcə kreditin valyuta strukturunun dollarlaşması deyil, həmçinin bankların aktiv maliyyələşmə aparması ilə bağlıdır. Ancaq azalmaya səbəb problemli kreditlərin artması səbəbindən bank aktivlərinin qeyri-işlək hala düşməsi, müştərilərin dollar kreditlərinə marağının azalması, həmçinin manatın dollara münasibətdə nisbətən bahalaşmasıdır. Məsələn,  ticarət və xidmət sektoru üzrə kreditləşmədə 34,5%, inşaat və əmlak sektoru üzrə 82,2%, sənaye və istehsal sektoru üzrə 68,1%, nəqliyyat və rabitə sektoru üzrə 23,1%, kənd təsərrüfatı və emal sektoru üzrə 15,5%, istehlak kreditləşməsi üzrə 45,1% azalma qeydə alınıb. (Qrafik 2)

Kredit qoyuluşu həm milli, həm də xarici valyuta üzrə azalıb. Devalvasiya gözləntisi bankları milli valyuta üzrə kreditləşməni məhdudlaşdırmağa vadar edib. 2014-cü ilin sonlarından manatla kredit qoyuluşu azalmağa başlayıb, birinci devalvasiyadan sonra isə azalma daha da sürətlənib. Kredit qoyuluşunun dollarlaşması ilkin dövrdə xarici valyutada olan kreditlərin artımını şərtləndirsə də, devalvasiyanın bankların aktivlərini pisləşdirməsi kredit təşkilatlarını xarici valyutada olan kreditlərə məhdudiyyət qoymağa sövq etdi. Üstəlik, Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak krediti verilməsini xırda istisnalarla banklara qadağan etdi. Bank aktivlərinin əsas gəlir mənbəyinin – kredit qoyuluşunun azalması onların mənfəətinin də azalmasına gətirib çıxardı. Məlumat üçün bildirək ki, aktivlərdə kreditlərin payı 2013-cü ildə 73,5% olduğu halda, 2017-ci ildə bu göstərici 41,5%-ə qədər azalıb. Bu, o deməkdir ki, devalvasiyadan öncə bank sektorunun sahib olduğu hər 100 manatdan 73 manat 50 qəpiyi iqtisadiyyatın kreditləşdirilməsinə yönəldilirdisə, hazırda bu göstərici 41 manat 50 qəpiyə enib. Kreditlərin aktivlərə nisbətində kəskin düşmə bank sektorunun iqtisadi inkişafda, real sektorun dəstəklənməsində iştirak potensialının məhdudlaşdırılmasını nümayiş etdirir.  

Bankların aktivlərini qeyri-işlək vəziyyətə gətirən, kreditləşməni məhdudlaşdıran və bəzi bankların bağlanmasını şərtləndirən vaxtı keçmiş kreditlər devalvasiyadan sonra kəskin artmağa başladı. Mərkəzi Bankın rəsmi məlumatına görə, cəmi kreditlərdə problemli kreditlərin payı 2013-cü ildəki 5,1%-dən 2017-ci ildəki 13,8%-ə yüksəlib. Bu, hazırda bank sektoru üçün kritik hədd sayılır. Xarici valyutada götürülmüş kreditlərin qaytarılması problemi daha dərindir. Banklar tərəfindən dollarla verilmiş hər 100 manatın 17,4 manatını geri qaytarmaq mümkün olmayıb. Beynəlxalq təşkilatların məlumatları rəsmi məlumatlardan fərqlənir. Məsələn, Fitch reytinq agentliyinin son açıqlamasında Azərbaycanda problemli kreditlərin payının 20% olduğu göstərilir. (Qrafik 3)

Qrafik 3. Vaxtı keçmiş kreditlərin payı (2013-2017)

Mənbə: Mərkəzi Bank

Əhalinin bank xidmətlərinə əlçatanlığı azalıb.

Burda əhaliyə xidmət göstərən bankların, onların filiallarının, eləcə də bankomatların və POS terminalların sayındakı dəyişiklik nəzərdə tutulur.   

Bank və onların xidmət məntəqələrinin sayı əhəmiyyətli dərəcədə azalıb. Devalvasiyanın neqativ təsirlərindən biri də bankların bağlanması və onların şəbəkələrinin azalması oldu. Bank sektorunun vəziyyətinin pisləşməsi, bəzi bankların zərərinin artması, bəzilərinin isə öhdəliklərini yerinə yetirmək iqtidarında olmaması bu sektora inamı sarsıtdı. Mərkəzi Bankın konsolidasiya çağırışı bəzi cəhdlərə rəğmən nəticəsiz qaldı. Bütün bunlar hökuməti sərt addımlar atmağa sövq etdi. Əvvəl Mərkəzi Bank, sonra isə Maliyyə Bazarlarına Nəzarət Palatası sistem üçün təhlükə törətməyən bankların lisenziyasını geri alaraq onların fəaliyyətini dayandırdı. İlk devalvasiyadan sonra ümumilikdə 14 kommersiya bankı sektoru tərk edib. Həmin bankların 2-si birinci, 12-si isə ikinci devalvasiyadan sonra bağlanıb. Cəmisi 2 bank (ATABANK və CDB bank) birləşmək qərarı verib.  

Cədvəl 1

Banklar20142017Dəyişmə
(+ artma, – azalma)
Bankların sayı4330– 13
  • Bunlardan xarici kapitallı bankların sayı
2215– 7
nizamnamə kapitalının 50%-dən 100% qədərini təşkil edən 78+1
nizamnamə kapitalının 50%-dən az olan hissəsini təşkil edən137– 6
xarici bankların yerli filialları 220
Bankların yerli filiallarının sayı700509– 191
Bankların şöbələrinin sayı 148142– 6

Mənbə: Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası

2015-ci ilin əvvəli üçün bankların sayı 45-ə çatsa da, sonradan azalıb. 2013-2017-ci illərdə bankların və filiallarının sayı təxminən 30% aşağı düşüb. Əgər 2013-cü ildə bir bank orta hesabla 220 min nəfərə, bir bank filialı isə 13,5 min nəfərə xidmət göstərirdisə, hazırda bu göstərici artmaqla uyğun olaraq 330 min və 19,5 min təşkil edir. 2018-ci il aprelin 1-i tarixinə ölkədə 30 bank fəaliyyət göstərir ki, bunların 2-si dövlət bankı, 28-i özəl bankdır. Fəaliyyət göstərən bankların 15-i xarici kapitallı, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bank filiallarının sayı ümumilikdə 568, söbələrinin sayı 129-dur. (Cədvəl 1)

Əhalinin nağdlaşdırma və nağdsız ödənişlər aparmaq imkanları məhdudlaşıb. 2011-ci ildən başlayaraq əhalini nağdsız ödənişlərə stimullaşdırmaq tədbirləri çərçivəsində bankomat və POS terminalların sayı sürətlə artırılsa da, devalvasiyadan sonra proses əksinə getməyə başlayıb. Mərkəzi Bankın rəsmi məlumatına görə, devalvasiyaya qədər bankomatların sayı 2422-dən 2694-ə yüksəldiyi halda, sonrakı dövrlərdə bu göstərici azalaraq 2431-ə düşüb. Analoji vəziyyət POS terminallar və kredit kartlarının sayında da baş verib. POS terminalların sayı 2015-ci ilə qədər 33285-dən 80301-ə çatıb, sonra isə azalaraq 65471-ə düşüb. Kredit kartlarının sayı 942 mindən 1 milyon ədədə çatsa da, 2015-ci ildən sonra azalaraq 623 minə düşüb.  

Bankların depozitlərdən asılılığı daha da artıb.

Son 5 ildə depozit bazarının kiçilməsinə rəğmən bankların depozitlərdən asılılığı artıb. 2013-cü ildə cəmi öhdəliklərdə depozitlərin payı 73,4% olduğu halda, 2017-ci ilin sonuna bu göstərici artaraq 85,1%-ə çatıb. Buna səbəb bir tərəfdən depozitlərin artımıdırsa, digər tərəfdən dollarlaşmış depozitin manat ifadəsində məzənnə artımının, bankların getdikcə xarici öhdəliklərdən imtina etməsinin və kredit təşkilatlarından kredit almaq imkanlarının məhdudlaşmasıdır. (Qrafik 4)

Rəsmi məlumata görə, 2013-2017-ci illərdə bankların xarici öhdəlikləri $5,3 milyarddan $1,6 milyarda qədər azalıb.  

Qrafik 4. 2013-2017-ci illərdə depozitlərin həcminin və bank öhdəliklərində payının dinamikası

Mənbə: Mərkəzi Bank

Ümumən götürdükdə bankların bağlanması fonunda bank sektoruna inamın azalması və xarici valyutada olan depozitlərin illik gəlirliyinin kəskin aşağı düşməsi depozit qoyuluşunun da azalmasına səbəb olub. 2015-ci ildə depozit qoyuluşunun həcmi 23,4 milyard manat olduğu halda, 2017-ci ildə bu göstərici 2,6 milyard manata qədər azalıb.  

Bank sektorunun dollarlaşması səviyyəsi artıb.

Devalvasiya gözləntisi 2014-cü ilin sonlarından bank sektorunun dollarlaşmasını sürətləndirdi. Bir tərəfdən əhali əmanətlərini dollara konvertasiya etməyə başladı, digər tərəfdən banklar özlərini sığortalamaq üçün milli valyuta kreditlərini məhdudlaşdıraraq dollar kreditlərinə üstünlük verdi. (Qrafik 5)

Dollarlaşma prosesi ona gətirib çıxarıb ki, 2013-2017-cı illərdə cəmi kreditlərdə xarici valyuta kreditlərinin payı 28,2%-dən 40,9%-ə yüksəlib. Birinci devalvasiyaya qədər xarici valyuta kreditlərinin payı 27%-ə qədər azalsa da, sonrakı dövrlərdə proses əks istiqamətdə gedib. Devalvasiya nəticəsində xarici valyuta kreditlərinin payında kəskin artım qeydə alınıb: birinci devalvasiyada bu göstərici 27%-dən 40,4%-ə, ikinci devalvasiyada 39,2%-dən 49,4%-ə yüksəlib. 2016-cı ildən başlayaraq proses müəyyən qədər səngiyib və 2017-ci ilin sonuna 40,9%-ə qədər azalıb. Buna səbəb kredit qoyuluşunun artım tempinin dollar kreditlərinin artım tempini üstələməsi və xarici valyuta kreditlərinə müəyyən məhdudiyyətlərin tətbiq edilməsidir. (Qrafik 5)

Qrafik 5. 2013-2017-ci illərdə kredit və depozitlərdə xarici valyutaların payının dinamikası

Mənbə: Mərkəzi Bank

Kreditlərlə müqayisədə depozitlərin dollarlaşması daha yüksək səviyyədə olub. 2014-cü ilə qədər depozitlərdə xarici valyutanın payının azalması, sonra isə artması tendensiyası müşahidə edilib. Depozitlərin dollarlaşması 2015-ci ildə özünün pik həddinə – 81,6%-ə çatıb. 2016-cı ildə xarici valyutanın payı yenidən azalmağa başlayıb və 2017-ci ilin sonuna 72,4%-ə düşüb. Hazırda ən çox dollarlaşma maliyyə təşkilatlarının depozitlərində (82,4%), ən az dollarlaşma isə əhalinin əmanətlərində (66,5%) müşahidə edilir. Son dövrlər dollarlaşma səviyyəsinin azalması milli valyutanın sabitliyi və banklar tərəfindən xarici valyutada olan depozitlərə aşağı faiz gəlirlərinin (illik 0,5-3%) təklif edilməsidir. (Qrafik 5)

Bank sektorunda təmərküzləşmə daha da artıb.

Devalvasiyanın bank sektorunda yaratdığı problemlərdən biri də resursların təmərküzləşməsidir. Bu prosesdə bankların bazarı tərk etməsi xüsusi rol oynayıb. Bağlanan banklar arasında kifayət qədər böyük bankların (Bank Standart, Bank Technique) olmasına rəğmən bazarda təmərküzləşmənin qarşısını almaq mümkün olmayıb. Buna səbəb bankların bağlanmaq qorxusu üzündən həm əhalinin, həm də sahibkarların öz vəsaitlərini daha etibarlı saydıqları iri banklara köçürməsidir.  

Qrafik 6. 2013-2017-cı illər üzrə ilk 5 bankın bazar payı, faizlə

Mənbə: Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası

Bank statistikasının təhlili göstərir ki, ilk 5 yerdə qərarlaşan bankların məcmu aktivlərdə xüsusi çəkisi 2013-cü il üçün 55% olduğu halda, 2017-ci ildə həmin göstərici 65,2%-ə yüksəlib. 2016-cı ildə 5 bankın bazar payı 68,2%-ə qalxsa da, növbəti ildə nisbətən azalma müşahidə edilib. (Qrafik 6)

Təmərküzləşməni ölçmək üçün dünya təcrübəsində tətbiq edilən Herfindahl-Hirşman indeksi əsasında aparılan qiymətləndirmənin nəticələri göstərir ki, ötən il bank sektorunda konsentrasiya səviyyəsi 1382,3-ə bərabər olub ki, bu da orta səviyyədə təmərküzləşməni göstərir. Məlumat üçün qeyd edək ki, Herfindahl-Hirşman indeksinin 1000-dən kiçik olması aşağı, 1000-1800 intervalında olması orta, 1800-10000 intervalında olması isə yüksək səviyyəli təmərküzləşməni əks etdirir.

Mövcud problemləri aradan qaldırmaq üçün hökumət 2015-2017-ci illərdə banklara dəstək tədbirləri çərçivəsində bir sıra addımlar atıb. Bu addımları aşağıdakı kimi sistemləşdirmək olar:

Banklara dair prudensial tələblərin yumşaldılması yolu ilə onlara əlavə likvidliyin verilməsi.

Zəif və problemli bankların bağlanması yolu ilə bank sektorunun sağlamlaşdırılması

Sistem əhəmiyyətli banklara fərdi dəstəyin verilməsi

Əhalinin bank sektoruna inamının artırılması tədbirləri

Bank sektoruna bir sıra güzəştlərin verilməsi

Kredit qoyuluşuna dair tələblərin sərtləşdirilməsi

Bundan başqa, hökumət maliyyə sektorunda neftin ucuzlaşmasının ilk dövründə müşahidə edilən koordinasiya problemini aradan qaldırmaq, bank sektoruna nəzarəti gücləndirmək məqsədilə maliyyə sektorunda bəzi institusional dəyişikliklər etdi. 2016-cı ilin fevral ayında tənzimləyici qurum – Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi, iyul ayında isə maliyyə sektorunda koordinasiyanın gücləndirilməsinə hədəflənmiş Maliyyə Sabitliyi Şurası yaradıldı. Bu addımlar müəyyən nəticələr versə də, bank sektorunun dayanıqlığına və sabitliyinə təhlükə yaradan problemləri tam aradan qaldırmaq mümkün olmayıb.  

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.