Populyar demokratik nəzəriyyə belə hesab edirdi ki, demokratik vətəndaşlar hər mövzuda olmasa da əksər məsələlərdə siyasi namizədlərin platformasını öyrənib ona uyğun səs verən rasional seçicilərdir (Achen və Bartels 2016, 1-3). Lakin empirik yönümlü politoloqlar onillərdirki demokratik vətəndaşların siyasi davranışını öyrənirlər və onların əldə etdikləri nəticələr göstərir ki, seçicilər siyasi bilik səviyyəsi baxımından populyar demokratik nəzəriyyədən çox uzaqdadır. Politoloq Leri Bartelsin vurğuladığı kimi “Amerika seçicisinin siyasi cahilliyi müasir siyasətin ən yaxşı sənədləşdirilmiş nəticələrindən biridir” (Bartels 1996, 194). Hətta Bartelsdən təxminən on il əvvəl Maykl Marqolis qeyd etmişdi ki, “siyasi elmlər bizə deyir ki,” əksər Amerika vətəndaşları öz siyasi nümayəndələri və hökumətləri barədə heç nə bilmir və maraqlanmırlar və ən əsası isə “bu nəticələr politoloqlara çoxdandır ki məlumdur” (Margolis 1983, 115). Əgər siyasi informasiya “demokratik proseslərdə iştirak üçün əsas resursdursa,” Amerika vətəndaşları siyasi resurs baxımından ciddi qıtlıq çəkirlər (Carpini and Keeter 1996, 50). Rik Şenkman belə bir nəticəyə gəlir ki, kütləvi cahillik “Amerikan siyasətindəki axmaqlığın ən bariz səbəbidir” (Shenkman 2008, 123). Qısası, əldə olan material, yəni, Amerika vətəndaşlarının aşağı siyasi bilik səviyyəsi buraxılan məhsulu, yəni, bütün vətəndaşlara fayda verən, arzuolunan siyasi sistemi müəyyən edir. Buna görə də, “əgər sistemə daxil olan keyfiyyətlər ikimənalı, qeyri-müəyyən və axmaqdırsa o halda ən yaxşı ictimai rəy belə yalnız ikimənalılıq, qeyri-müəyyənlik və axmaqlığı əks etdirə bilər” (Key 1968, 2-3).

Bugün demokratik sistemlərin düzgün işləməməsinin ən əsas səbəblərindən biri kütləvi cahillikdir (baxın, Bartels 1996; Brennan 2016; Somin 2016; Achen və Bartels 2016). Brayen Kaplan qeyd edir ki, əksər seçicilər “cahildən də pisdir:” irrasionaldır və irrasional olaraq da səs verirlər (Caplan 2006, 2). Onlar namizədlərin əhəmiyyətli siyasi məsələlər barədə olan görüşlərini müəyyən edə bilmirlər. Bir çox halda hansısa siyasi məsələnin cavabını öyrənmək üçün küçədəki orta statistik amerikalıdan soruşmaqla müqayisədə püşk atmaq daha faydalıdır (Brennan 2016, 28). Seçici cahilliyi siyasi elmlərdə yaxşı sənədləşdirilmiş sahədir və bizə məlumdur ki, Kempbell və onun həmkarlarının (Campbell et al. 1960) tədqiqatından bəri amerikalı seçicilərin siyasi bilik səviyyəsi inkişaf etməyib (Smith 1989, 3; Bartels və Achen 2016). Empirik yönümlü politoloqların verdiyi digər təəssüfedici xəbər isə budur ki, bu siyasi cahillik trendinin yaxın gələcəkdə dəyişəcəyi heç də gözlənilmir. Bütün bu faktlara baxmayaraq demokratiyanın doğru işləyə bilməsi üçün səriştəli vətəndaşlara ehtiyacının olmadığını iddia etmək gülüncdür. Nümayəndəli demokratiyanın mövcudluğu üçün bilikli seçicilər şərtdir.

Prinsip etibari ilə bir çox siyasi nəzəriyyəçi yalnız səriştəli vətəndaşlara səsvermə hüququnun verilməli olduğunu qəbul etsələr də onlar “səriştəlilik” anlayışının tərifi barədə müxtəlif fikirdədirlər. Məsələn, Robert Dahlın minimalist konsepsiyasına görə vətəndaşın öz maraqlarını bilməsi və öz həyatı barədə qərar qəbul etmək bacarığı onun səriştəli vətəndaş olduğunu göstərir (Dahl 1998, 100). Politoloq Korey Brettşnayder də oxşar tərif irəli sürərək iddia edir ki, vətəndaşın siyasi haqları varsa deməli biz artıq həmin vətəndaşın maraqlarını müdafiə edə biləcək ən yaxşı hakimin məhz onun özü olduğunu qəbul etmişik (Brettschneider 2007, 31). Minimalist tərifin əksinə olaraq Ceyson Brennan səriştəliyi “böyük miqdarda sosial elmi bilik” kimi başa düşür (Brennan 2016, 29). Bu görüşə görə, səriştəsiz vətəndaşların siyasi hüquqlarını məhdudlaşdırmaq lazımdır ki, onlar günahsız və səriştəli vətəndaşlar “üzərində siyasi hakimiyyət icra edə bilməsinlər” (Brennan 2016, 17). Siyasi filosof Deyvid Estlund səriştəliliyi təsadüfdən və ya püşk atmadan daha yaxşı olmaq bacarığı kimi konseptləşdirir və kollektiv səriştəliliyi fərdi səriştəlilikdən üstün tutur. Estlunda görə əgər bir qrup insan verdikləri siyasi qərarlarla püşk atmadan daha yaxşı nəticə əldə edə bilirsə, bunu kollektiv səriştəlilik hesab etmək olar (Estlund 2008, 228). Başqaları səriştəliyə siyasi bilik – “uzun müddətli yaddaşda saxlanılan bir sıra faktiki informasiya” –  kimi yanaşır (Captini və Keeter 1996, 10-11) və tərifdən də göründüyü kimi müəlliflər düşünürlər ki, vətəndaşlaşların siyasi faktları mütəmadi olaraq mənimsəməsi çox əhəmiyyətlidir.

Müasir demokratiyanın tənqidçiləri rasionallığın, müzakirələrin və vətəndaşların fərdiliyinin eroziyasına diqqət çəkirlər. Onlar müstəqil şüurlu insanlar olmadan demokratiyanın çətinliklə legitim sistem hesab ediləcəyini iddia edirlər. Siyasi fikirlərin tam məlumatlı olmadan mühakimə edilməsi, tənqidçilərin dəyişmək istədikləri müasir demokratiyanın əsas qüsurudur. Demokratik vətəndaşların siyasi biliyinin olması labüddür və demokratik prosedurların yaxşı nəticələr əldə etmək meyli olmalıdır. “Yaxşı nəticələr” dedikdə, “demokratik yolla qəbul edilən bir qərar, bir püşkatmadan daha yaxşı nəticələr çıxarır” düşüncəsi nəzərdə tutulmuşdur. Tənqidçilər müasir demokratik siyasətdə məlumatlı və rasional razılığın əskik olduğuna inanırlar. Məsələn, Estlund yaxşı nəticələr əldə etmək üçün rasional müzakirələrin qərəzli və ya yanlış qərarların təsirinin azaldılmasına yönəlməsini təklif edir, Pettit isə öz növbəsində siyasi nümayəndəlik səlahiyyətinin “hakimlər heyəti və məhkəmə nəzarət strategiyası lehinə” daraldılması fikrini irəli sürür (Urbinati 2014, 93).

Məşhur cumhuriyyətçi bir prinsipdə deyildiyi kimi “azadlığın bədəli əbədi oyanıqlıqdır” (Pettit 2002, 250) və buradan açıq-aydın görünür ki, siyasətə maraq göstərmədən və ölkədə davam edən siyasi və iqtisadi müzakirələrlə əlaqəli zəruri biliklərə sahib olmadan, bir vətəndaşın öz hökumətinə nəzarət etməsi mümkünsüzdür. Pettit qeyd edir ki, “əbədi oyanıqlıq” anlayışı vətəndaşların hökumət “müəyyən prosedurlara riayət etməlidir” mövzusunda təqidini də ehtiva edir (2002. 264). Bundan başqa, hökumət rəsmiləri parlamentdəki və ya mətbuatdakı hərəkətləri [və hərəkətsizlikləri] üçün məsuliyyət daşıyırlar və vətəndaşlar hökumət rəsmilərinə onların şəxsi həyatının müvafiq aspekti haqqında məlumat əldə etməyə imkan verilməsi üçün onları buna məcbur etməlidirlər və s. (Pettit 2002, 264). Əbədi oyanıqlıq vətəndaşların siyasi biliklərə sahib olmalarını aydın şəkildə tələb edir. Bu tələb həm vətəndaşların dövlət hüquqlarının pozulmasından azad olmasını təmin etmək, həm də onların siyasi hüquqlarından istifadə etmək və bütün cəmiyyətin faydaları üçün ağıllı nəticələr çıxaran legitim bir demokratik sistemin qorunması üçün vacibdir.

Siyasi Səriştəsizliyin Səbəbləri

Nə üçün insanların çoxu siyasi cəhətdən səriştəsizdir? Səriştəli seçici olma, çox vaxt aparan bir prosesdir. Siyasi məlumatların əldə edilməsi siyasi və iqtisadi konsepsiyaların təməl anlayışını tələb edir. Buna görə də, orta seçici mütəmadi olaraq xəbərlər və prezidentlik müzakirələrini seyr etsə belə, qəzet və namizədlərin siyasi platformalarını oxusa belə, o, mühüm sosial-iqtisadi və siyasi məlumatları tamamilə başa düşməyəcəkdir. Bundan ziyadə, təməl siyasət elmini və iqtisadiyyatı öyrənmək və məlumatlı seçici olmaq üçün müvafiq məlumat əldə etmək vaxt və səy tələb edir. Əlavə olaraq, səlahiyyətli bir seçici empirik (elmi) tədqiqatların onun inanclarını səhv olduğunu sübut etdikdə, müəyyən mövqe üzrə öz siyasi mövqeyini dəyişdirməlidir. Başqa sözlə, səriştəli bir seçici siyasi mövqeyini elmi və empirik faktlarla uyğunlaşdıraraq doqmatizmi rədd etməsi lazımdır.

Məsələ ondan ibarətdir ki, ilk növbədə, seçicilərin əksəriyyəti siyasi elm və iqtisadiyyat üzrə əsas biliklərə malik deyildir; beləliklə, ilk növbədə siyasi məlumatları anlamlandırmaq üçün bəzi fundamental anlayışları öyrənməlidirlər. Məsələn, amerikalıların təxminən 20 faizi Hüquqlar Haqqında Bill (Bill of Rights), hökumətin üç şöbəsi kimi əsas şərtləri tanıyır və amerikalı seçicilərin yalnız 10 faizi liberalizmə və mühafizəkarlığa məqbul bir tərif vermə bacarığına malikdir (Neuman 1986, pp. 17, 19). Seçicilərin əksəriyyəti ölkələrinin kiminlə müharibədə olduğunu belə bilmir. 2007-ci il sorğusuna əsasən, 2003-cü ildən bəri İraq müharibəsinə baxmayaraq, amerikalıların yalnız üçdə biri “Sünni” ya da “Şiə”lərin İraqı idarə etməyə çalışan iki əsas İslam qruplarından biri olduğunu bilirdi. Başqa sözlə, sorğuda İslamın digər qolu olan “Şiə” adının artıq qeyd olunmasına baxmayaraq amerikalıların üçdə ikisi “Sünni” adını cavab kimi verə bilmədi (Somin 2016, 18). İyirmi ildən artıqdır ki, orta hesabla amerikalı seçicinin siyasi biliyi bu əsas məsələlərdə heç də artmamışdır (see Hentoff 2011), və Neumanın da qeyd etdiyi kimi, siyasi cahillik, “dərin narahatlığın səbəbi” olaraq qalmaqdadır (Neumann 1986, 8). Skott Altos yazır ki, “əgər cahillik xoşbəxtlikdirsə, onda belə görünür ki, xoşbəxtlik arxasınca qaçmaq Amerika cəmiyyətində yaxşı və canlıdır” (Althaus 2003, 12).

Bundan əlavə, demokratik müzakirələr üçün siyasət haqqında faktiki məlumatları əldə etmək lazımdır. Siyasətdə nəyin “fakt” olduğuna qərar verməyin çətin və problemli olmasına baxmayaraq, bu çətinlik bizi “siyasi faktlar” anlayışını tamamilə inkar etməyə vadar etməməlidir. Məsələn, yoxsulluğu müzakirə edərkən yoxsulluğun səbəbləri və nəticələri ilə əlaqədar razılığa gələ bilərik, lakin, vacib olan odur ki, biz hamımız yoxsulluğun tərifinin federal hökumətə görə nə olduğunu bilək. Çünki bu bizə hökumətin iqtisadi təməllər üzərindəki yoxsulluq həddi ilə razılaşmamaq imkanı verərkən eyni zamanda, bir-birimizlə müzakirə etməyimizi də təmin edəcək (Carpini və Keeter 1996, 11). Bir çox insan faktlara və təfərrüatlara dair yalan və ya yanlış biliklərindən dolayı qanunlara qarşı çıxa bilər. Məsələn, amerikalıların 59 faizi ABŞ hökumətinin xarici yardımlara çox pul xərclədiyini düşünür çünki orta statistik vətəndaş hesab edir ki, “xarici yardım büdcəsi ümumi federal hökumət büdcəsinin 25 faizini təşkil edir,” əslində isə bu rəqəm 1 faizdən də azdır. (Hurst et al. 2017). Mənim arqumentimi isbat etmək üçün daha çox nümunə verilə bilər ki, əgər vətəndaşlar tam məlumatlı olarsa və ya heç olmasa, müəyyən məsələlərin siyasi və iqtisadi faktlarından xəbərdar olsalar, onda, onların bir çox qərarları da fərqli olacaqdır.

İkincisi, siyasi bilik bir fərd üçün maddi qazanc gətirmədiyinə görə, seçicilərin çoxu öz vaxtlarını siyasət öyrənməyə ayırmağa istəkli deyillər. Vətəndaşlar verdikləri səslərin faktiki olaraq milli seçki nəticələrinə sıfır dərəcəsində təsir etdiyini bildikləri üçün məlumatlı seçici olmağa kifayət qədər stimulları yoxdur (Brennan 2016, 31; Landsburg 2004). ABŞ Siyahıyaalma Bürosuna görə 2016-cı ildə ABŞ-da səsvermə yaşında olan əhali 240 milyon nəfərdən çox idi (Beureau 2017). Bu o deməkdir ki, hər hansı bir amerikalının prezident seçkilərindəki bir səsi 1/240.000.000 ehtimalı ilə həll edici ola bilərdi. Seçkiyə qatılanların yalnız 54,7 faiz olduğunu nəzərə alsaq belə fərdi səsvermənin fərqli bir nəticə meydana gətirmə şansı son dərəcə aşağıdır. Bir səsin seçki nəticələrinə təsirinin statistik şansını nəzərdən keçirərkən, Nadia Urbinatinin (siyasi) azadlığının – başqa birinin gücünə məruz qalmamaq üçün itaət etməli olduğum qərarların qəbul edilməsində hansısa formada iştirak etməliyəm – tərifi öz mənasını itirir (Urbinati 2014, 75). Başqa sözlə desək səs vermək və namizədlik irəli sürmək kimi siyasi hüquqlara sahib olmaq, başqalarının iradəsinə boyun əyməyimdə bir fərq yaratmayacaqdır.

Brennanın qeyd etdiyi kimi, yalnız iki şəraitdə bir insan başqaları tərəfindən idarə olunmadığını iddia edə bilər: ya səriştəsiz vətəndaşlar öz siyasi hüquqlarını öz maraqları yönündə istifadə etməkdən imtina edirlər, ya da “necəsə” həmin vətəndaşlar məhdudlaşdırılırlar (Brennan 2016, 98). Sonuncunun bir növ epistokratiya olmağına baxmayaraq, birincinin demokratiya ilə mükəmməl uyğunluğu var. Fərdi səslər statistik olaraq əhəmiyyətsiz və eyni zamanda, cahil seçicilər üçün heç bir cəza və ya cərimə tətbiq edilmir. Səriştəsiz sürücülərdən fərqli olaraq, səriştəsiz seçicilər pis və laqeyd formada səs vərərək öz vətəndaşlarını riskə atdıqda belə fərdi olaraq cəzalandırlmaqdan qorxmalarına heç bir səbəb yoxdur. Demokratik məşvərətin mümkün təsirlərini müzakirə edərkən Drayzek ve List vurğulayır ki, “yalançı qismində ifşa edilmək üçün heç bir cəza yoxdursa, o zaman həqiqəti söyləmək üçün də heç bir maraq yoxdur” (Dryzek və List 2003, 10). Fərdi səslərin milli seçki nəticələrinə demək olar ki heç bir təsir göstərməməsi səbəbindən vətəndaşın öz ölkəsinin siyasi və iqtisadi vəziyyəti barədə cahil qalması olduqca məntiqlidir. Əgər seçicilər məlumatlı olmağın onların bir vətəndaş kimi mənəvi öhdəliyi olduğuna inanmırsa, belə halda siyasəti öyrənmək üçün vaxtlarını sərf etməmələri də məntiqlidir (Brennan 2016, 30).

Üçüncüsü, əksər seçicilər öz doqmatizmləri ilə “xoşbəxtdirlər” və bu doqmatik inancları təsdiq etmək əvəzinə onları daha çox sarsıtmaq ehtimalı olan elmi həqiqətlərlə üz-üzə gəlməkdə olduqca istəksizdirlər. Son onilliklərdə siyasi qütbləşmə Amerika Birləşmiş Ştatlarında artıb. Göründüyü kimi hazırda Respublikaçı və Demokratlar partiyaları arasındakı uçurumu aradan qaldırmaq demək olar ki, mümkün deyil. 2010-cu ildə ABŞ Konqresinin hər iki palatasındakı siyasi qütbləşmə “Amerika vətəndaş müharibəsindən bir qədər sonra yəni XIX əsrin sonlarından bəri, olduğundan daha kəskin idi” (Arceneaux və Johnson 2013, 70). Siyasi qütbləşməyə optimist yanaşanlar qeyd edirlər ki, insanlar öz rəqiblərinin arqumentlərini nə qədər çox dinləsələr, bir-birlərini də bir o qədər çox başa düşəcəklər. Başqa sözlə desək, qarşı tərəfə qulaq asmaq mövcud qütbləşmənin kəskinliyini azaldır. Lakin, bu fikir empirik tədqiqatlarla dəstəklənmir. Məsələn, bizə məlumdur ki, əksər insanlar əvvəlcədən mövcud olan siyasi inanclarına qarşı çıxmaqdansa onları təsdiqləyən dost kütləvi informasiya vasitələrini izləməyə və dinləməyə üstünlük verirlər. Beləliklə, bu görüşə görə mövcud olan inanclara qarşı çıxan (müxalif) xəbərləri izləmək, insanların başqalarının fikirlərini dərk etməsinə və onlara tolerant yanaşmasına səbəb ola bilər. Buna baxmayaraq empirik tədqiqatlar bu optimist fərziyyənin iddiasını dəstəkləmək üçün kifayət qədər sübutumuzun olmadığını göstərir. “Zidd görüşlü xəbərlərə (…) məruz qalmaq [bir insanı] eynilə tərəfdar xəbərlərə məruz qalmaq kimi qütbləşdirə bilər” (Arceneaux və Johnson 2013, 88). İnsanların müxalif siyasi qruplarının məlumatlarına qarşı çıxa bilmək üçün öz siyasi yönümlüklərini radikallaşdırmaq ehtimalı daha çoxdur.

Əsk argumentlərə qarşı müqavimət irrasional deyil. Həqiqətən də səriştəsiz vətəndaşlar instrumental olaraq rasionaldırlar, ya da iqtisadçı Brayen Kaplanın sözləri ilə desək, onlar “rasional olaraq irrasionaldırlar” (Caplan 2006, 123). Seçicilər əvvəlcədən formalaşmış inanc sistemlərini dəstəkləməyən elmi faktlardan və statistik məlumatlardan qəsdən qaçırlar. Siyasi psixoloqlar belə bir nəticəyə gəliblər ki, orta statistik vətəndaşların siyasi qərarları “ilkin təəssüratdan təsirlənir. [Və] bu təsirin prosesə daxili (məsələn, əvvəlki münasibətlər) və ya xarici (məsələn, gülən üzülər) olmasının əhəmiyyəti yoxdur” (Erisen et al. 2014, 203). Siyasi psixologiya izah edir ki, məsələn, rəsmi məlumatların 2008-ci ildən etibarən əmlak və zorakı cinayətlərin müvafiq olaraq 23 və 19 faiz azaldığını göstərməsinə baxmayaraq 2016-cı il seçkilərindən amerikalı seçicilərin yarıdan çoxunun məhz 2008-ci ildən bəri cinayətlərin artdığına inanması bizdə təəccüb doğurmamalıdır (Gramlich 2016). Bu baxımdan sonuncu prezident seçkisi də istisna deyildi. Əvvəlki illərdə Amerika seçicilərinin ölkədə törədilmiş cinayət səviyyəsi barədə düşüncələri də həqiqətdən uzaq idi. Demokratiya üçün pis xəbər seçicilərin əksəriyyətinin məntiqli (rasional) müzakirələrdən daha çox emosiyalardan təsirlənməsidir.

Amerikalı public intellektual Noam Çomski iddia edir ki, ABŞ-da seçkilər “PR sənayesi” tərəfindən aparılır və siyasi namizədlər diş pastası, həyati əhəmiyyəti olmayan dərmanlar, avtomobillər və digər əmtəələrlə eyni formada reklam edilir, çünki, əsas “vəzifə həqiqəti dekonstruksiya edərək seçiciləri yanlış istiqamətə yönlərdirməkdir” (Chomsky 2006, 226). Siyasi cahil və siyasi bilikli vətəndaşların PR sənayesinə olan reaksiyalarına diqqət yetirsək bilikli vətəndaşların, ya da Ceyson Brennanın təbirincə desək, “vulkanlar”ın siyasi reklamlarla aldadılması ehtimalı daha aşağı olduğu halda, onların namizədlərin siyasi platformasına əsaslanaraq səs vermə ehtimalları daha yüksəkdir (Brennan 2016, 36-37).

Mümkün Tənqidlərə Cavab

Kimsə etiraz edə bilər ki, əslində orta statistik seçicilərin siyasət və iqtisadiyyat haqqında çox şey bilməsinə heç də ehtiyac yoxdur. Əgər kənd təsərrüfatı, mədənçilik, təhsil və s. kimi həyatlarına təsir edən məsələlər üzrə kifayət qədər bilikləri varsa, ən yaxşı namizədləri onlar asanlıqla seçəcəklər və seçilmiş nümayəndələr də öz heyətlərinin köməyi ilə bütün digər məsələləri həll edəcəklər. Vətəndaşların geniş siyasi biliyi olmadan liderlərini seçə biləcəyi və seçdikləri nümayəndələrin işindən razı olmadıqları təqdirdə növbəti seçkilərdə, onların rəqiblərinə səs verməklə, onları “cəzalandırmaq” imkanlarının olacağını düşünmələri minimalist bir demokratik anlayışdır. Bundan əlavə, mövzu əsaslı səsvermə (issue voting) və keçmişə baxaraq səsvermə (retrospective voting) nəzəriyyələri seçicilərin siyasi namizədlərə onların müəyyən daxili və xarici siyasət məsələlərinə olan mövqeləri əsasında səs verdiyini hesab edir. Lakin, hazırda görəcəyimiz kimi empirik olaraq bütün bu təxminlər yalnışdır. Birincisi, ictimaiyyətin əksəriyyəti şumpeterçi retrospektiv səsvermə kimi nisbətən sadə nəzəriyyələrin tələblərinə belə cavab vermir (Somin 2016, 73). Hətta minimalist demokratiya konsepsiyasında, ya da, başqa sözlə desək, elektoral demokratiyada, seçicilər Konqresdə öz nümayəndələrinin kim olduğunu və bu nümayəndələrin Nümayəndələr Palatasında və Senatda nəyə səs verdiklərini bilməlidirlər. Seçicilərin öz nümayəndələrinin fəaliyyətlərinin nəticələrini qiymətləndirmək və vəzifədə olanları (iqtidar),  onların rəqibləri ilə (müxalifət) müqayisə edə bilməkləri üçün “böyük miqdarda sosial elmi biliklərə” ehtiyacları var (Brennan 2016, 29). Açen və Bartelsin ifadə etdiyi kimi, “seçicilərin keçmişə kor kimi baxır” (Achen and Bartels 2016, 118). Amerikalı seçicilər hökuməti istənilən hökumətin nəzarətdə saxlaya bilməyəcəyi hallar olan quraqlıq və köpəkbalığı hücumları kimi, təbii fəlakətlər və müsibətlər üçün günahlandırırlar. Bu fakta olan əsas etiraz belədir ki, “seçicilər əslində hökuməti məhz fəlakətə görə günahlandımır. Onlar hökuməti zəruri müdaxiləni etmədiyi üçün günahlandırırlar.” Bununla belə, bu arqument də həqiqəti əks etdirmir, çünki, empirik tədqiqatlar bu etirazı dəstəkləmir (Achen və Bartels 2016, 135-138). Qısası, seçicilər irrasionaldırlar və “onlar ağrı-acı içində olduqları zaman əllərində olan bütün mədəni konstruksiyalardan özlərini haqlı çıxarmaq üçün istifadə edərək hökuməti günahkar görməyə meyillidirlər” (Achen and Bartels 2016, 29).

İkincisi, bu etiraz demokratik siyasətdə ictimai cahilliyin əhəmiyyətli nəticələrini görmür. Sadə vətəndaşların, namizədlərin irəli sürdüyü platforma və ya müdafiə etdiyi müəyyən məsələlərə əsasən səs vermədiyi politoloqlara məlumdur. Başqa sözlə, empirik araşdırmalar nəticəsində mövzu əsaslı səsvermə hipotezini dəstəkləyən bir sübut aşkarlanmır. Amerikalıların səsvermə davranışı üçün klassik nümunə, Kempbell və onun həmkarları tərəfindən aparılan inqilab xarakterli empirik tədqiqatdır. Onlar Amerika Seçicisi əsərində 1948, 1952 və 1956-cı il seçkilərini təhlil ediblər. Onların təhlillərinin nəticəsi göstərirdi ki, amerikalıların əksəriyyəti prezidentliyə namizədlərə onların siyasi platformalarına görə yox, namizədlərin şəxsiyyət və xarakterlərinə əsaslanaraq səs verirlər. Məsələn, Adlay Stevenson xarici siyasət məsələlərinə digər namizədlərdən daha çox diqqət ayırmasına baxmayaraq, seçicilər onun xarici siyasət mövzularında siyasi mövqeyindən böyük dərəcədə xəbərsiz idilər (Campbell et al. 1976 [1960], 61). Empirik dəlillər göstərir ki, yarım əsrdən artıq keçməsinə baxmayaq, orta statistik amerikalı seçicinin siyasi davranışı nöqteyi nəzərindən demək olar ki, heç bir şey dəyişməyib.

2004-cü ildə keçirilən prezident seçkilərində amerikalıların yalnız onda biri Con Kerri və Corc Buşun siyasi platforma və ideyalarının “onların kimə səs verməsindəki əsas səbəb” olduğunu bildirmişdir (Chomsky 2006, 223). Bundan başqa, prezidentliyə namizədlərin siyasi platformasından daha çox onların “stilləri,” “xoşagəlimlilikləri,” “canayaxınlılıqları” və “xarakterləri” kimi amillər kütləvi informasiya vasitələrinin və siyasi şərhçilərin diqqət çəkdikləri əsas məqamlar idi (Chomsky 2006, 223). Vətəndaşların seçki davranışına namizədlərin fotoşəkillərinin təsiriylə bağlı bir eksperiemntdə siyasi psixoloq Aleks Todorov və həmkarları rəqib namizədlərin fotoşəkillərini bir saniyəlik bir müddətdə potensial seçicilərə göstərir. Sonra iştirakçılardan öz fərdi qiymətləndirilmələri əsasında namizədlərdən daha səriştəli hesab etdiklərinə səs verməkləri xahiş edilir. Eksperimentin nəticələri “2004-cü il Nümayəndələr Palatası və Senat seçkilərinin nəticələrini şans nisbətindən olduqca daha yaxşı nisbətdə, yəni, müvafiq olaraq 67.7 faiz və 68.8 faiz dəqiqliklə proqnozlaşdırdı” (Lodge və Taber 2013, 10). Bundan əlavə, Log və Taber “cəlbedicilik,” “tanınmışlıq,” “təxmin edilən yaş” və “körpə üzlülük” kimi faktorların seçicilərin siyasi namizədlərin səriştəliliyi haqqında olan qavrayışlarına çox böyük təsiri olduğunu və vətəndaşların “kimə səs vecəyənini proqnozlaşdıran ən güclü faktorlar” olduğunu aşkar etdilər (Lodge və Tabel 2013, 13). Bu dörd faktor arasında “körpə üzlülük” dolayı təsir göstərir. Lakin siyasi namizədin vətəndaşlar tərəfindən təxmin edilən yaşı “səriştəliliyin heç bir dolayı təsiri olmadan vətəndaşların seçiminə birbaşa təsir göstərdiyi halda,” “cəlbedicilik” (70 faiz) və “tanınmışlıq” (89 faiz) seçicilərin seçki davranışına, “səriştəlilik vasitəsilə təsir göstərir” (Lodge and Taber 2013, 13-14). Bu eksperimentlər demokratiya üçün deyilən mənfi xəbərləri təsdiqləyir ki, həqiqətən də fərdlərin əksəriyyəti (ümumiyyətlə əgər səs vermədə iştirak edirlərsə) siyasi baxımdan əlaqəsiz və irrasional faktorlara əsaslanaq səs verirlər.

Üçüncüsü, bu etiraz vətəndaşların öz sosial-iqtisadi maraqlarına görə səs verdiyini iddia edən, mənfəətgüdən seçici hipotezinə (MSH) əsaslanır. Buna görə də, MSH arqumentinə əsasən, seçicilər səsvermə davranışlarına təsir edən müəyyən məsələlər barədə məlumatlı olmaq məcburiyyətindədirlər. Bu hipotezə zidd olaraq, politoloqlar tərəfindən təqdim edilən empirik nəticələr göstərir ki, fərdlər bütün cəmiyyət üçün ən yaxşı olanı seçmək düşüncəsiylə səs verirlər və onlar əksər hallarda özlərinin ictimai xeyir anlayışları uğruna şəxsi maraqlarını qurban verirlər (Conover et al. 1987; Miller 1999; Funk 2000; Feddersen et al. 2009). Qısası, “MSH səhvdir” (Caplan 2006, 123). Bunun əksinə olaraq, çox maraqlıdır ki, seçicilərin əksəriyyəti öz maraqları üçün deyil, xalqın rifahı üçün səs verdiklərinə inanırlar. Onlar səs verdikləri namizədin yalnız özləri üçün yox, eyni zamanda, onların ölkəsi üçün də faydalı olacağına inanırlar. (Brennan and Hill 2014, 41). Seçicilərin xeyirxah niyyətlərinə baxmayaraq, zəruri siyasi məlumat olmadan, “nə ehtiras, nə də, məntiq ictimaiyyətin həqiqi maraqlarını əks etdirən qərarlara gətirib çıxara bilər” (Carpini and Keeter 1996, 5).

Nəticə

Səriştəlilik təkcə səsvermə üçün vacib deyil. Ümumilikdə, o, demokratik iştirak üçün əhəmiyyətlidir. Skudsonun qeyd etdiyi kimi, elementar siyasi konseptlərdən məlumatı olan insanlar “ağıllı səs verə bilərlər … lakin, demokratik vətəndaşlıq təkcə səsvermədən ibarət deyil” (Schudson 2000, 21). Demokratik vətəndaşdan məşvərətlərdə iştirak etməsi, müzakirələr aparması, sual verməsi və alternativlər təklif irəli sürməsi gözlənilir. Siyasi bilik olmadan fərdlər təkcə bu tələbləri yerinə yetirməkdən məhrum olmayacaq, onlar eyni zamanda, “sadə şüarları və cəlbedici sözləri də başa düşməyəcəklər” (Schudson 2000, 21). Əlavə olaraq, politoloqlar uzun illərdir xəbərdarlıq edirlər ki, aşağı səviyyədə olan vətəndaş sətiştəliliyi konstitusional demokratiyanın mövcudluğu üçün təhlükədir.

Vətəndaşlarının böyük əksəriyyətinin səs verərək, bilərək, görərək, hökumətin davranışını nəzarətdə saxlayaraq və alternativ siyasi xəttlər təklif edərək, siyasi proseslərdə aktiv və mütəmadi iştirak etdiyi nümayəndəli demokratiya yalnız, siyasi bilikli vətəndaşların mövcud olduğu şəraitdə mümkün ola bilər. Belə həqiqi demokratiya öz siyasi baxışlarını və rəylərini arqumentlərə, faktlara və məntiqi ardıcıl dəyərlərə əsaslanaraq formalaşdıran səriştəli vətəndaşlar tələb edir. O, sevdiyiniz namizədlərin və ya hökumət rəsmilərinin dediklərinə inanmaqdan imtina edən, müstəqil fikirli vətəndaşları tələb edir; bu vətəndaşlar müstəqil olaraq siyasi məlumat mənbəələrini yoxlayır və onların etibarlılığını sorğulayırlar. Benjamin Franklinin dediyi kimi, nümayəndəli hökumət yalnız, vətəndaşlar onu saxlaya bildiyi zaman mümkündür. Əks təqdirdə, demokratiya populist və plebisitarian kimi müxtəlif formalarda təhrif edilməyə açıqdır. Bundan əlavə, qeyri-aktiv və səriştəsiz vətəndaşlar iqtisadi və siyasi cəhətdən güclü şəxslərin məlumatlandırılmamış vətəndaşların razılığını əldə edərək, ölkəni idarə etməsini asanlaşdırdı. Demokratiyanın onu təşkil edən vətəndaşların məlumatlandırılmamış razılığıyla legitim ola biləcəyini qəbul etmək, son dərəcə problemlidir, çünki, sonuncu nəyi qəbul etiyini dərk etmir.

İstinadlar

Achen, Christopher H., and Larry M. Bartels. Democracy for Realists: Why Elections Do Not Produce Responsive Government. Princeton Studies in Political Behavior. Princeton ; Oxford: Princeton University Press, 2016.

Althaus, Scott L. Collective Preferences in Democratic Politics: Opinion Surveys and the Will of the People, 2003.

Arceneaux, Kevin, and Martin Johnson. Changing Minds or Changing Channels?: Partisan News in an Age of Choice. 1 edition. Chicago ; London: University of Chicago Press, 2013.

Bartels, Larry M. “Uninformed Votes: Information Effects in Presidential Elections.” American Journal of Political Science 40, no. 1 (1996): 194. https://doi.org/10.2307/2111700.

Brennan, Jason. Against Democracy. Princeton: Princeton Univers. Press, 2016.

———. The Ethics of Voting. Princeton: Princeton University Press, 2011.

Brennan, Jason, and Lisa Hill. Compulsory Voting: For and Against. New York, NY [u.a.]: Cambridge Univ. Press, 2014.

Brettschneider, Corey. Democratic Rights: The Substance of Self-Government. Princeton, N.J.; Oxford: Princeton University Press, 2007.

Bureau. “Voting and Registration in the Election of November 2016,” May 2017. https://www.census.gov/data/tables/time-series/demo/voting-and-registration/p20-580.html.

Campbell, Angus, Philip E. Converse, Warren E. Miller, and Donald A. Stokes. The American Voter. 2. Aufl. Chicago, Ill. [u.a.]: Univ. of Chicago Press, 1976.

Caplan, Bryan. Myth of the Rational Voter: Why Democracies Choose Bad Policies. Princeton and Oxford: Princeton University Press., 2006.

Carpini, Michael X. Delli, and Scott Keeter. What Americans Know about Politics and Why It Matters. New Haven: Yale University Press, 1997.

Chomsky, Noam. Failed States: The Abuse of Power and the Assault on Democracy. 1. ed. New York: Metropolitan Books, 2006.

Conover, Pamela Johnston, Stanley Feldman, and Kathleen Knight. “The Personal and Political Underpinnings of Economic Forecasts.” American Journal of Political Science 31, no. 3 (August 1, 1987): 559.

Dahl, Robert Alan. On Democracy. New Haven [u.a.]: Yale University Press, 1998.

Erisen, Cengiz, Milton Lodge, and Charles S. Taber. “Affective Contagion in Effortful Political Thinking.” Political Psychology 35, no. 2 (April 2014): 187–206. https://doi.org/10.1111/j.1467-9221.2012.00937.x.

Estlund, David M. Democratic Authority. Princeton, NJ: Princeton University Press, 2008.

Feddersen, Timothy, Sean Gailmard, and Alvaro Sandroni. “Moral Bias in Large Elections: Theory and Experimental Evidence.” American Political Science Review 103, no. 2 (May 1, 2009): 175–92.

Funk, Carolyn L. “The Dual Influence of Self-Interest and Societal Interest in Public Opinion.” Political Research Quarterly 53, no. 1 (March 1, 2000): 37.

Gramlich, John. “Voters’ Perceptions of Crime Continue to Conflict with Reality.” Pew Research Center (blog), November 16, 2016. http://www.pewresearch.org/fact-tank/2016/11/16/voters-perceptions-of-crime-continue-to-conflict-with-reality/.

Hentoff, Nat. “Our Constitution: How Many of Us Know It?” Cato Institute, 2011. https://www.cato.org/publications/commentary/our-constitution-how-many-us-know-it.

Hurst, Reuben, Darren Hawkins, and Taylor Tidwell. “Analysis | Americans Love to Hate Foreign Aid, but the Right Argument Makes Them like It a Lot More.” Washington Post, May 4, 2017, sec. Monkey Cage  Analysis    Analysis Interpretation of the news based on evidence, including data, as well as anticipating how events might unfold based on past events. https://www.washingtonpost.com/news/monkey-cage/wp/2017/05/04/americans-love-to-hate-foreign-aid-but-the-right-argument-makes-them-like-it-a-lot-more/.

Key, V. O., Jr. The Responsible Electorate: Rationality in Presidential Voting, 1936-1960. First Edition, 3rd Printing edition. Harvard University/Belknap, 1968.

Landsburg, Steven E. “Don’t Vote.” Slate, September 29, 2004. http://www.slate.com/articles/arts/everyday_economics/2004/09/dont_vote.html.

List, Christian, and John Dryzek. “Social Choice Theory and Deliberative Democracy: A Reconciliation.” British Journal of Political Science 33, no. 1 (2003): 1–28.

Lodge, Milton, and Charles S. Taber. The Rationalizing Voter. 1. publ. Cambridge Studies in Public Opinion and Political Psychology. New York, NY [u.a.]: Cambridge Univ. Press, 2013.

Margolis, Michael. “Democracy: American Style.” In Democratic Theory and Practice, edited by Graeme Duncan, 115–32. Cambridge [u.a.]: Cambridge Univ. Pr., 1983.

Miller, Dale T. “The Norm of Self-Interest.” American Psychologist 54, no. 12 (1999): 1053–60. https://doi.org/10.1037/0003-066X.54.12.1053.

Neuman, W. Russell. The Paradox of Mass Politics: Knowledge and Opinion in the American Electorate. Cambridge, Mass [u.a.]: Harvard Univ. Press, 1986.

Pettit, Philip. Republicanism: A Theory of Freedom and Government. Oxford and New York: Oxford University Press, 2002.

Schudson, Michael. “America’s Ignorant Voters.” The Wilson Quarterly (1976-) 24, no. 2 (2000): 16–22. https://doi.org/10.2307/40260033.

Shenkman, Rick. Just How Stupid Are We?: Facing the Truth About the American Voter. First Edition. Basic Books, 2008. Smith, Eric R. A. N. The Unchanging American Voter. Berkeley, Calif. [u.a.]: Univ. of Calif. Pr., 1989.

Somin, Ilya. Democracy and Political Ignorance: Why Smaller Government Is Smarter. Second edition. Stanford, Calif.: Stanford Law Books, an imprint of Stanford University Press, 2016.

Urbinati, Nadia. Democracy Disfigured: Opinion, Truth, and the People. Cambridge, Massachusetts: Harvard University Press, 2014.