fbpx

iqtisadiyyat

iqtisadiyyat

Ticarət yolu ilə təsir: Rusiyanın Azərbaycandakı güc oyunu

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycan İkinci Qarabağ müharibəsindən qalib çıxarkən qonşu Rusiya bölgədə sülhməramlı əməliyyatlardan əlavə başqa məqsədlər də güdə bilər. Rusiyanın müttəfiqi Ermənistana birbaşa hərbi yardım göstərməməsi barədə gözlənilməz qərarı olmasaydı, nəticə çox fərqli ola bilərdi. Vəziyyətin Azərbaycanın lehinə kimi görülməsinə baxmayaraq, o, güclü regional dövlətlər – Türkiyə və Rusiya arasında qaldığından güc dinamikası hələ də mürəkkəbdir. Azərbaycanın hakim elitası əvvəllər bu geostrateji mövqedən öz xeyrinə istifadə edə bilirdi, amma heç nə edilmədiyi təqdirdə işlər nəzarətdən çıxa bilər.

İqtisadiyyatı neft və qaz ixracatından olduqca asılı olan Azərbaycanın iqtisadi siyasətinə 2020-ci ilin əvvəlindən bəri qiymətlərin enməsi artıq təsirini göstərib. Lakin Rusiyanın Azərbaycanın ən böyük qeyri-neft ixracatına tətbiq etdiyi ticarət məhdudiyyətləri vəziyyəti daha da pisləşdirir. Güman etmək olardı ki, Azərbaycan və Rusiya arasında münasibətlər üçtərəfli atəşkəs bəyanatından sonra yaxşı olmalıdır. Ancaq indi hər şeyin o qədər də sadə olmadığı görünür. 2020-ci il dekabr ayının əvvəlində Putinin Rusiya istehlakçıları üçün ərzaq qiymətlərində artımın prioritet olduğunu qəbul etməsindən bir neçə gün sonra Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycandan pomidor və alma idxalını qadağan etdi. Bu qərar strateji cəhətdən doğru görünmürdü, çünki Azərbaycan bu kənd təsərrüfatı məhsulları üzrə Rusiyanın ən böyük tədarükçülərindən biridir.

Azərbaycan əvvəllər başqalarının düşdüyü bir vəziyyətə düşdü. Ölkənin istəklərinə uyğun gəlməsə də Cənubi Qafqazda nəhəng planları olan Prezident Putin üçün sülhməramlılıq prioritet deyil. Dünya COVID-19 pandemiyasına fokuslanarkən Rusiya postsovet bölgəsində gücünü artırır. Bunun aydın bir əlaməti 13 dekabr 2020-ci il tarixində Rusiya hərbçilərinin Qarabağda razılaşdırılmış hüdudlardan kənarda müşahidə məntəqələri quraraq sülhməramlı kimi fəaliyyət göstərdikləri əraziləri genişləndirmək cəhdləri idi.

Bəzi mənbələr planlardakı bu dəyişikliyin və tərəvəz idxalına qoyulan qadağanın Rusiyanın Azərbaycanın müharibə zamanı ələ keçirilmiş Rusiya istehsalı olan silahları Bakıdakı hərbi paradda nümayiş etdirməsindən narazılığını göstərdiyini irəli sürürdü. Lakin planlardakı dəyişiklik dərhal Azərbaycanda gündəmə çevrildi və Rusiyanın bölgədəki nəzarətini artırmaq cəhdi kimi tənqid olundu, nəticədə qısa bir zamanda ilkin plana geri qayıdıldı. Rusiyanın Azərbaycandan idxala qoyduğu ticarət məhdudiyyəti, ən azından qismən, siyasi motivli idi: məqsəd Türkiyənin bölgədə güclənən mövqeyinə cavab kimi Azərbaycana xarici siyasətdə Rusiyanın gücünü xatırlatmaq idi.

Bu məqalə Rusiyanın ticarət siyasətindən postsovet qonşularına qarşı silah olaraq istifadə edilməsinə dair əvvəlki cəhdlərini təhlil edib, bunu Azərbaycandakı mövcud vəziyyətə tətbiq edəcək. Rusiyanın birtərəfli ticarət məhdudiyyətləri tarixini xülasə etdikdən sonra Rusiyanın təsirinin azalması və Yeni İpək Yolu ilə yeni imkanların meydana çıxması fonunda Azərbaycanın bənzərsiz geosiyasi mövqeyi müzakirə ediləcək.

Ticarət siyasəti silah qismində: Rusiya üçün güclü bir vasitə

ABŞ və Avropa Birliyinin (AB) çox sayda sanksiyalarına məruz qalan Rusiya ticarət sanksiyalarının regional tərəfdaşlara qarşı silah kimi istifadəsinə yad deyil. AB-yə qarşı ikitərəfli sanksiyalardan fərqli olaraq, Rusiya keçmiş Sovet tərəfdaşları olan Ukrayna, Polşa və Gürcüstan kimi ölkələrin idxalına birtərəfli qadağalar qoyması ilə tanınır.

Rusiya 2005-ci ildə Polşanın Avropa İttifaqına üzv olmasından narazılığını göstərmək üçün Polşaya qarşı ticarət məhdudiyyətləri və sərt gömrük nəzarəti tətbiq etdi (Ambroziak 2018). Bu ənənə 2015 və 2018-ci illərdə Polşa almalarına qoyulan məhdudlaşdırma ilə davam etdi. Lakin Polşa fermerləri Rusiya kontraktorlarını itirməklə ciddi zərər görmədi, çünki ixracat diversifikasiyası və yeni imzalanmış güzəştli ticarət müqavilələri onlara daha böyük ticarət tərəfdaşlarına çıxış imkanı verdi. Digər bir nümunə 2015-ci ildə Suriyada Türkiyə hərbi qüvvələri tərəfindən rus təyyarəsinin vurulmasından sonra Rusiyanın türk pomidorunun idxalına qadağa qoymasıdır. 2010-2015-ci illərdə Türkiyənin bütün pomidor ixracatı orta hesabla 65%-dən 2019-cu ildə 28%-ə düşdü, türk ixracatçılar Rusiya bazarına fokuslanmaq əvəzinə digər bazarlara yönəldilər.

Gürcüstan məsələsi bəlkə də ən aktual olanıdır, çünki ölkə Rusiyanın əmrlərini yerinə yetirmək istəmədiyinə görə təhdid altında idi (Miller 2016). Uzunmüddətli nəticə isə Rusiyanın istədiyi kimi olmadı. Əvvəlcə hər iki tərəf zərər gördü, çünki Rusiya xüsusi məhsullar üçün tədarükçülərini dəyişdirməli idi, Gürcüstan isə əsas tərəfdaşını itirdi. Lakin bu strategiya Gürcüstanın ixracatda Rusiyadan asılılığını azaltmasına və öz tərəfdaşlarını şaxələndirməsinə kömək etdi. 2018-ci ildən etibarən Rusiya Gürcüstanın əsas ixracat tərəfdaşıdır, lakin onun Gürcüstanın xarici ticarətində payı cəmi 13.9%-dir. Bolqarıstan, Ukrayna, Türkiyə, Azərbaycan və Ermənistan kimi ölkələr bir neçə ildir ki ilk onluqda yer alır. Bu ticarət müstəqilliyi Gürcüstanın Rusiyanı razı salmaq əvəzinə özünə fayda gətirəcək xarici və milli siyasət xətti həyata keçirmək qabiliyyətini artırdı. AB ilə Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna arasındakı Şərq Tərəfdaşlığının inkişafı ilə Rusiyanın təktərəfli məcburetmə gücü zəiflədi.

2014-cü il Ukrayna böhranı ilkin olaraq Krım və Donbas üzərindəki millətçilik və tarixi gərginlik mövzusu kimi görünə bilər, lakin münaqişənin başlanğıcında ticarət dayanır. Rusiya, Ukrayna, AB, Belarus və Qazaxıstanı əhatə edən bu geosiyasi böhran Yanukoviçin həm AB, həm də Avrasiya İqtisadi Birliyi (AİB) ilə danışıqlar apararaq (Pomeranz 2016), ikili oyun oynamaq cəhdi ilə başladı. Ukraynadakı kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına qoyulan məhdudiyyətlərlə Rusiya hökuməti o zamankı prezident Yanukoviçə təzyiq göstərsə də, Ukrayna mümkün olan ən yaxşı ticarət razılaşmasını əldə etmək üçün hər iki tərəflə oynamağa qərar verdi. Amma Ukrayna AB və AİB fürsətlərini itirdiyinə və Maydan inqilabından keçdiyinə görə bu strategiya hər iki tərəf üçün fəlakətlə nəticələndi. Rusiyanın şərqi Ukraynaya müdaxilələri nəticəsində Rusiyaya sanksiyalar tətbiq edildi və rubl kəskin şəkildə dəyərdən düşdü.

Bu böhran Rusiyanın Krım yarımadasını ilhaq etməsi ilə başa çatdı və ölkənin neoimperial istəklərini, ən əsası isə AİB kimi siyasi balansın olmadığı Gömrük ittifaqının həqiqi zəifliyini üzə çıxardı (Charron 2020). Rusiya Ukraynanın AB ilə ticarət müqaviləsi imzalamasına mane olmağa çalışarkən, Belarus AB istehsalı olan məhsulları Rusiyaya təkrar ixrac edir və beləliklə AİB prinsiplərini tamamilə pozurdu. Üstəlik, sanksiyalar səbəbindən rublun dəyərinin düşməsi ilə Rusiya istehsalı mallar daha çox rəqabətə davamlı olduğundan Qazaxıstan Rusiyadan idxala qadağa qoydu. Ukrayna o dövrdə AİB-yə üzv olmaq qərarına gəlsəydi, Qazaxıstan və Belarus iqtisadiyyatları ilə birlikdə AİB daxilindəki Rusiyanın təsirini tarazlaşdırardı. Neoimperialist xəyallardan qaynaqlanan bu böhranların hər biri yalnız qurbanları uzaqlaşdırdı və Rusiyanın keçmiş sovet dövlətləri üzərində təsirini daha da zəiflətdi.

Şərq və Qərb arasında: bənzərsiz bir geosiyasi mövqe

Öz coğrafi mövqeyinə görə Azərbaycanın xarici siyasəti sıx tarixi bağları olan güclü qonşuları, yəni Rusiya və İranın güclü təsirinə məruz qalır. Ermənistanla atəşkəsə baxmayaraq, Şərqlə Qərb arasındakı mövqeyi uğrunda mübarizə apardığından Azərbaycan hökumətinin digər təhlükəsizlik təhdidləri hələ də qalmaqdadır (Abilov and Hajiyev, 2019).

Cənubi Qaz dəhlizinin 2019-cu ilin sonunda tamamlanması və bu yaxınlarda fəaliyyətə başlamasından bəri Azərbaycanı Avropa bazarları ilə Orta Asiya təchizatçıları (məsələn, Türkmənistan) arasında ortaq nöqtəyə çevirən Trans-Qafqaz Boru Kəməri layihəsinə maraq artıb. Bu layihə iqtisadi cəhətdən çox uğurlu olmasa da (Stein 2020), bir geosiyasi hədəfə çatır: Azərbaycanı Avropa dəstəyi ilə təmin etmək. Amma əvvəllər Qərbin maraqlarını cəlb etmək üçün edilən bu cəhdlər Rusiya tərəfindən qisascıl cavab reaksiyaları ilə nəticələnəcəkdi. 1990-cı illərin əvvəllərində British Petroleum kimi Qərb şirkətləri ilə Əsrin Müqaviləsinin danışıqlarına başlamazdan əvvəl Azərbaycan öz ərazisindən rus hərbi qüvvələrini çıxardığı üçün Rusiyanın müdaxiləsindən yayına bildi. Elə həmin ilin sonlarında Azərbaycan ərazisinin 14%-ni Rusiya qüvvələri tərəfindən dəstəklənən Ermənistana uduzdu və Rusiya bundan istifadə edərək, Azərbaycanı MDB-nin müdafiə razılaşmalarına qoşulmağa məcbur etdi.

Növbəti illərdə ABŞ və AB Rusiyanın bölgədəki maraqlarına qarşı tarazlaşdırıcı güc dinamikası yaratdı (Abilov and Hajiyev 2019). Bu gərgin münasibətlər və həm də Rusiyanın 2000-ci illərin sonlarında Ukraynaya qaz ixracını kəsməsindən sonra Avropanın rus qazına alternativ axtarışında Azərbaycanın daha çox diqqət çəkməsi demək idi (Shiriyev 2019). Beləliklə, Türkiyə Trans-Anadolu boru kəməri vasitəsilə Azərbaycan qazını Avropa bazarlarına ötürən tranzit ölkə kimi əlverişli görünməyə başladı. Lakin AB ilə daha yaxın əlaqələrin hakim elita üçün arzuolunmaz yan təsirləri də var idi: Azərbaycanda vətəndaş cəmiyyəti qruplarının və dolayısı ilə müxalifətin güclənməsi. O vaxtdan bəri Türkiyə ilə münasibətlərə üstünlük verilməsi təəccüblü deyil. Azərbaycana hərbi cəhətdən kömək olan və mövcud siyasi rejimi dəstəkləyən ölkə kimi Türkiyə Azərbaycanın bitərəflik hədəflərini təmin etmək üçün mükəmməl namizəddir.

Eyni zamanda Rusiya kimi Türkiyə də 1991-ci ildə müstəqillik qazanan türkdilli ölkələrdə öz nüfuzunu bərpa etmək istəyirdi. Amma Orta Asiya pantürkist ideyaları heç də həvəslə qarşılamadı və 1990-cı illər ərzində Rusiyanın təsiri güclü olaraq qaldı. Bundan əlavə, 1990-cı illərin ortalarında Türkiyə iqtisadiyyatı böhran keçirdiyi üçün mədəni, iqtisadi və siyasi əlaqələrin inkişafına yönəlmiş bütün layihələr yarım qaldı (Fida 2018). 2015-ci ildə türk hərbi qüvvələri tərəfindən rus qırıcısının vurulmasından sonra Suriyadakı hərbi böhrana baxmayaraq, son iyirmi ildə Türkiyə ilə Rusiyanın münasibətləri yaxşılaşıb. 2009-cu ildə Türkiyənin dörd üzvlü Türk Şurasını (Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan) yaratması ilə Orta Asiyada nüfuzunu möhkəmləndirmək cəhdi ümidləri doğrultmadı, çünki Rusiyanın təsiri, xüsusən 2014-cü ildə AİB-nin yaradılması Türkiyənin planlarına əngəl oldu. Lakin son illər Türkiyənin trans-Xəzər ticarət marşrutlarına daha böyük maraq göstərdiyi müşahidə olunur. Türkiyənin Azərbaycanın neft və qaz kəməri layihələrindəki maraqları onun Cənubi Qafqazdakı təsirini və Orta Asiya ilə əlaqələrini gücləndirmək potensialından irəli gəlir (Kardaş 2014).

Azərbaycanın Avropa bazarlarına çıxışını təmin edən Bakı-Tbilisi-Ceyhan və Trans-Anadolu neft və qaz boru kəmərləri Türkiyə ərazisindən keçdiyindən ölkənin Türkiyədən asılılığı var. Ərdoğan rejiminə tam dəstəyini göstərən Azərbaycan 2016-cı ildə Türkiyədəki çevriliş cəhdindən sonra Gülən hərəkatı ilə əlaqəli bütün təhsil müəssisələrini və mətbuat orqanlarını bağladı (Geybulla 2018). Bu əlaqələrin gücü İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın türk hərbi dəstəyi sayəsində itirilmiş ərazilərini Ermənistandan geri aldığı zaman daha çox ortaya çıxdı. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək Türkiyənin Xəzər dənizi vasitəsilə Orta Asiya ilə ticarət əlaqələrini artırmaq planlarının həyata keçirilməsinə xidmət edir. Nəhayət, Şavkat Mirziyayevin seçilməsindən və ölkə iqtisadiyyatının liberallaşdırılmasından iki il sonra 2018-ci ildə Özbəkistanın Türk Şurasına qoşulması və Türkiyəni Türkmənbaşı ticarət limanı vasitəsilə Orta Asiyaya birləşdirmək planları ilə görünür Türkiyənin səyləri öz bəhrəsini verir (Köstem 2019).

Bütün bunlar Rusiyanın həm Mərkəzi Asiya, həm də Cənubi Qafqazda maraqlarına toxunurdu. Cənubi Qafqazın güc dinamikası 2008-ci il Gürcüstan böhranından sonra son on ildə tamamilə dəyişdi. 2018-ci il Məxməri İnqilab ilə Ermənistanda Rusiyaya elə də yaxın olmayan hökumət formalaşdı. Son hadisələr Ermənistanın müttəfiqi Rusiyaya olan inamsızlığını daha da gücləndirdi. Əlavə olaraq, Belarusda yenidən prezident seçilən rusiyayönümlü Lukaşenkoya qarşı etirazlar, həmçinin Türkiyə ilə Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi postsovet türkdilli ölkələri arasındakı möhkəmlənən münasibətlərlə Rusiyanın nüfuz itkisi daha da artdı.

Gərgin münasibət

Azərbaycandan pomidor və alma idxalına qoyulan qadağa qısamüddətli oldu, 16 dekabr 2020-ci ildə tətbiq olunduqdan bir həftə sonra götürüldü. Rusiyanın Cənubi Qafqazda artan türk siyasi gücündən narazılığını nümayiş etdirən bu ticarət məhdudiyyəti Azərbaycan hökumətini yenidən Rusiyanın planlarına uyğunlaşdırmağa yönəlmişdi. Ticarət siyasəti Rusiyanın istifadə etdiyi təsirli manipulyasiya alətidir, çünki Azərbaycan qeyri-neft sektorunun inkişafına üstünlük verir və Rusiya onun ən böyük ticarət tərəfdaşıdır. Belə ki, 2019-cu ildə ixrac edilən qeyri-neft məhsullarının 47%-i Rusiyaya ixrac olunduğundan Azərbaycanın ən böyük qeyri-neft sektoru hələ də Rusiya bazarından asılıdır.

Rusiya postsovet məkanının Qərb ilə münasibətlərinin inkişafına mane olmaq üçün keçmiş Sovet ölkələrinin AİB-yə daha yaxın inteqrasiyasında maraqlıdır (Yeliseyeu 2019). Azərbaycanı AİB-yə cəlb etmək illərdir hərtərəfli şəkildə müzakirə edilib. Lakin Azərbaycan mövcud inhisarçı iqtisadiyyatı təhlükəyə atmamaq üçün nə AİB-yə, nə də Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olur (Valiyev 2016). Bu vəziyyət Azərbaycanı tərəfdaş diversifikasiyası üçün əlverişsiz vəziyyətə salır, amma ÜTT-nin ticarət mübahisələrini həll edən orqanı ölkələri birtərəfli geri çəkilmə tədbirlərindən qorumadığına görə ÜTT üzvlüyü də Azərbaycana bu baxımdan faydalı olmazdı. Rusiyanın iqtisadi şantajından azad olmaq üçün Azərbaycanın yeganə yolu tərəfdaşlarını, məsələn, postsovet bölgəsindən kənarda Azad Ticarət sazişləri ilə şaxələndirməkdir.

Ermənistanın mövqeyi bu baxımdan Azərbaycandan çox da fərqlənmir. 2019-cu ildə Ermənistanın bütün ixracatının 31% -dən çoxu və bütün enerji idxalatının 75% Rusiyanın payına düşdü. Ermənistanda AİB üzvlüyünün onu xarici təhdidlərdən qoruyacağı təəssüratı altında idi. Bundan əlavə, Ermənistan müstəqillik qazandığı gündən bəri Rusiyanın hərbi müttəfiqi olduğundan özünü Azərbaycanla münaqişədə toxunulmaz hesab edirdi.

Ermənistandakı hərbi mövcudluğu tarixinə baxmayaraq, Rusiya İkinci Qarabağ müharibəsinə müdaxilə etmədi, münaqişəni uzaqdan izlədi, təkcə son atəşkəs zamanı həqiqətən münaqişədə iştirak etdi. Bu davranış Rusiyanı Azərbaycana və Türkiyəyə qarşı özünün müttəfiqi olaraq görən Ermənistanda əhalinin Rusiyaya olan inamını azaltdı. Beləliklə, Ermənistan daha etibarlı təhlükəsizlik tərəfdaşları axtardığından yaxın illərdə onun daha az rusiyayönümlü siyasət yürütməsi gözlənilir.

Üçtərəfli atəşkəs bəyanatının Azərbaycan üçün müsbət tərəflərindən biri də odur ki, sənəddə Naxçıvan və Ermənistanın Sünik vilayəti vasitəsilə Qars-Bakı dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur. Hadisələrin bu cür inkişafı Türkiyə, Azərbaycan və Orta Asiya arasında birbaşa ticarət yollarının olmamasından bəhrələnən Azərbaycanın digər yaxın qonşusu İran üçün yaxşı olmaya bilər (Khorrami 2020). Lakin bu, Çinin regiona marağını artıra bilər. Belə ki, bu dəmir yolu xətti Çini Qərbi Asiya və Türkiyə ilə birləşdirən səmərəli ticarət yolları inkişaf etdirmək məqsədi daşıyan Kəmər və Yol Təşəbbüsündə Şərqlə Qərb arasında əlaqə kimi görülə bilər.

Yeni İpək Yolu: Rusiya təsirindən çıxış yolu?

4 dekabr 2020-ci il tarixində Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Çinin Sian vilayətinə yola düşən ilk türk qatarı Çinin Avrasiya boyunca ölkələri birləşdirməyə olan marağının yenidən yarandığını göstərdi. Yeni İpək Yolu təşəbbüsünün əsas məqsədi Çin ilə Avropa bazarları arasında daşınma müddətini azaltmaqdır (Sahbaz 2014). Çindən Qazaxıstanın Aktau, Azərbaycanın isə Ələt limanına Çin və Orta Asiya malları artıq Orta Dəhliz vasitəsilə nəql olunur. Tezliklə istifadəyə veriləcək Bakı-Naxçıvan-Türkiyə dəmir yolu xətti ilə bu ticarət yolu Azərbaycan üçün daha çox iqtisadi imkanlar yaradacaq.

Azərbaycanla Asiya arasında ticarət yetərincə inkişaf etməyib, lakin Yeni İpək Yoluna daha çox sərmayə qoymaqla vəziyyət tezliklə dəyişə bilər. Türkiyə və Çindən başqa, Azərbaycan hazırda Yaponiyadan yüksək texnologiya məhsulları, Vyetnamdan mexaniki avadanlıq və Qazaxıstandan tərəvəz idxal edir, eyni zamanda Gürcüstan, Türkmənistan və Özbəkistana minerallar, metallar və hazır qida məhsulları ixrac edir. Çinin enerji şaxələndirmə planları Azərbaycana da fayda verə bilər. Çin enerji mənbələrini şaxələndirməyə, ABŞ-ın blokada təhlükəsi altında olduğunu hesab etdiyi Cənub-Şərqi Asiyadan asılılığını azaltmağa çalışır (Ratner, Greenberg 2018). Buna görə də nəqliyyat infrastrukturunu inkişaf etdirməklə Azərbaycan neft və qaz idxalı üçün yeni tərəfdaşlar tapa bilər.

Türkiyə və Azərbaycanın maraqları siyasi və iqtisadi baxımdan tamamilə uyğunlaşır. Hər iki ölkə yeni ticarət tərəfdaşları ilə maraqlanır, eyni zamanda Rusiyanın regional ticarətə təsirini azaltmaq istəyir. Azərbaycan üçün trans-Xəzər ticarət yolunun uğurlu inkişafı qida təhlükəsizliyi üçün Rusiya ticarətindən daha az asılılıq deməkdir. Orta Asiya ilə ticarətin artması isə Türkiyə üçün həm də mədəni və siyasi nüfuzun artması deməkdir.

Tam işlək Orta Dəhlizlə Azərbaycan Avropa və Asiya bazarlarına asanlıqla çıxa biləcək, qloballaşan dünyaya daha çox inteqrasiya edəcək və Avrasiya nəqliyyat şəbəkəsində əhəmiyyətli tranzit mövqe rolunu oynayan bölgədəki vacib oyunçu rolunu qoruyacaqdır. Bir məsələ qalır: rus sülhməramlılarının gələcək ticarət əməliyyatlarında rolu.

Cənubi Qafqazdakı rus qüvvələri: Sülhməramlı, yoxsa içəridən manevr edən?

Sülhməramlı əməliyyatlardan keçmiş Sovet ölkələrində stabilliyi pozmaq məqsədilə istifadə etmək Rusiya üçün yeni deyil. Cənubi Qafqazdakı bir ölkə bunu yaxşı bilir – Gürcüstan. 1990-cı illərin ortalarında Rusiya Abxaziyadakı separatçıları dəstəkləmək üçün hərbi gücdən istifadə etdi və bu, rus sülhməramlılarını Gürcüstanın qərbində yerləşdirməyə bəhanə oldu (Remler 2020). Cənubi Osetiyadakı mövcudluğunu daha da gücləndirən Rusiya 2008-ci ildə Gürcüstanın böyük bir hissəsini işğal edərək, başqa bir separatçı hərəkatı dəstəklədi. Bu əməliyyatlar və nəticələr sülhməramlılıq məsələsinə gəldikdə Rusiyanın real istəklərini göstərir: münaqişəli bölgəyə sülh və dialoq gətirmək əvəzinə, Rusiyanın regiondakı siyasətə təsir etməsini təmin edən nəzarətli qeyri-sabitlik (Murusidze 2020).

Ermənistanla Azərbaycan arasında son atəşkəs razılaşması mahiyyət etibarilə ilk dəfə 2015-ci ildə Minsk qrupu tərəfindən müzakirə olunan Lavrov planıdır. Rusiyanın Dağlıq Qarabağdakı hərbi varlığı müqabilində Azərbaycanın istəklərini təmin edən Lavrov planı itirilmiş rus imperiyasının bərpa cəhdi kimi şərh edilərək tənqid edildi. Rus qüvvələrinin ölkə ərazisinə girişinə icazə verilməsi mahiyyət etibarilə Azərbaycanın siyasi xəttini manipulyasiya etmək üçün Rusiyaya geniş imkanlar yaradır. Bitərəflik Rusiyanın izləmək istədiyi bir şey deyil; iki Cənubi Qafqaz ölkəsi arasında müəyyən dərəcədə düşmənçilik və gərginliyin qorunması Rusiyanın maraqlarına uyğundur.

Sadə dron izləmə əməliyyatları əvəzinə Rusiyanın təsirini tarazlaşdırmaq məqsədilə Gəncə şəhərində hərbi hava bazası inşa edib Türkiyə hərbi qüvvələrinin orada yerləşdirilməsi müzakirə olunur. Qısamüddətli həll kimi cəlbedici olsa da, uzunmüddətli perspektivdə elə də uğurlu deyil. Qeyri-sabit Türkiyə-Rusiya münasibətləri Azərbaycanın ərazi bütövlüyünə zərər verə bilər. Bundan əlavə, Rusiya ilə müzakirə olunub razılaşdırılmayan istənilən hərəkət təzyiq vasitəsi kimi daha çox ticarət məhdudiyyətlərinə gətirib çıxarda bilər.

Nəticə

İkinci Qarabağ müharibəsinin və onun Cənubi Qafqazın güc dinamikasına təsirləri müxtəlifdir. Rusiyanın Azərbaycan ərazisindəki yeni hərbi qüvvələri və ölkə iqtisadiyyatındakı ticarət məhdudiyyətləri təhlükəsinə görə Azərbaycan yeni strateji istiqamət götürməlidir. Xarici təsirdən, ələlxüsus da Rusiyanın təsirindən müstəqillik arzusunun bir hissəsi kimi Azərbaycan nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ilə ticarət tərəfdaşlarını şaxələndirərək gələcək tədarük zəncirlərinə inteqrasiyasını formalaşdırmalı, Türkiyə və Rusiyadan ticarət asılılığını azaltmaq üçün özünü Şərqlə Qərb arasında həyati keçid nöqtəsi halına gətirməlidir. Amma maddi-texniki infrastrukturun yaxşılaşdırılması Azərbaycan üçün müstəqillik yolundakı yeganə prioritet deyil. Nəqliyyat təhlükəsizliyi investisiya və ticarət imkanlarının cəlb edilməsində vacibdir. Naxçıvanın Türkiyə ilə əlaqəsində təhlükəsizliyi təmin etmək üçün Ermənistanla münasibətləri yaxşılaşdırmaq və Azərbaycan-Rusiya münasibətlərində diqqətli olmaq lazımdır. Qısamüddətli dövr üçün çox ambisiyalı olsa da, qlobal inteqrasiya və regional təhlükəsizliyə strateji öhdəlik götürmək Azərbaycanın (qonşularının təsirindən azad) beynəlxalq səhnədəki – Avropa, Orta Asiya və Şərqi Asiya bazarları arasında ticarət şəbəkəsinin mərkəzindəki rolunu müəyyənləşdirəcək.

Ədəbiyyat siyahısı:

Abilov, S., Hajiyev, B. (2019) Why the Neutrality of Azerbaijan Is Important for the European Union. Insight Turkey, Vol. 21(3): pp. 53-66.

Ambroziak, A. A. (2018) Russia’s embargo on the Polish apple exports. BRE Review, Issue 3, p.33.

Charron, A. (2020) Russia’s Recolonization of Crimea. Current History, Vol. 119 (819): pp. 275–281.

Fida, Z. (2018) Central Asia’s Place in Turkey’s Foreign Policy. Policy Perspectives, Vol. 15, No. 1 (2018), pp. 113-125.

Geybulla, A. (2018) The third powers and Azerbaijan. Third Powers in Europe’s East. European Institute for Security Studies.

JAMNews. (2020) Baku claims Russian peacekeepers overstepping their mandate in Karabakh. Available online: https://jam-news.net/peacekeeping-mission-expansion-of-geography-of-the-map-karabakh-russia-azerbaijan-comments/

JAMNews. (2021) Op-ed: why Azerbaijan needs the deployment of Turkish troops in Karabakh. Available online: https://jam-news.net/turkish-servicemen-russian-peacekeepers-deployed-karabakh-azerbaijan-commentary/

Kardaş, Ş. (2014) The Turkey-Azerbaijan Energy Partnership in the Context of the Southern Corridor. Istituto Affari Internazionali (IAI).

Köstem, S. (2019) The Power of the Quiet? Turkey’s Central Asia Strategy. Italian Institute for International Political Studies. Available online: https://www.ispionline.it/en/pubblicazione/power-quiet-turkeys-central-asia-strategy-24069#:~:text=Despite%20Turkey%27s%20intensifying%20bilateral%20ties,of%20Turkey%27s%20total%20foreign%20trade

Khorrami, N. (2020) Perspectives | How China gains from Armenia-Azerbaijan war. The distant war may play a role in Beijing’s Belt and Road Initiative. Eurasianet. Available online: https://eurasianet.org/perspectives-how-china-gains-from-armenia-azerbaijan-war

Miller, C. (2016) The Decline of the Sanctions Weapon. Why Russia’s Economic Leverage is Declining. German Marshall Fund of the United States.

Murusidze, K. (2020) Russia’s Peacekeeping in the South Caucasus. Middle East Institute. Available online: https://www.mei.edu/publications/russias-peacekeeping-south-caucasus

Pomeranz, W. E. (2016) Ground Zero: How a Trade Dispute Sparked the Russia-Ukraine Crisis. Roots of Russia’s War in Ukraine. Elizabeth A. Wood, William E. Pomeranz, E. Wayne Merry, Maxim Trudolyubov. Columbia University Press.

Ratner, E., Greenberg, M. R. (2018) Geostrategic and Military Drivers and Implications of the Belt and Road Initiative. Council on Foreign Relations.

Remler, P. (2020) Russia’s Stony Path in the South Caucasus. Carnegie Endowment. Available online: https://carnegieendowment.org/2020/10/20/russia-s-stony-path-in-south-caucasus-pub-82993

Sahbaz, U. (2014) The Modern Silk Road: One Way or Another? German Marshall Fund of the United States.

Shiriyev, Z. (2019) Azerbaijan: An enduring ambivalence? The Eastern Partnership: A decade on. Looking back, thinking ahead. Edited by Stanislav Secrieru, Sinikukka Saari. European Union Institute for Security Studies (EUISS).

Stein, D. D. (2020) Trans-Caspian Pipeline—Still a pipe dream? Atlantic Council. Available online: https://www.atlanticcouncil.org/blogs/energysource/trans-caspian-pipeline-still-a-pipe-dream/

Valiyev, A. (2016) Absorb and Conquer: An Approach to Russian and Chinese Integration in Eurasia. European Council on Foreign Relations (ECFR).

Yeliseyeu, A. (2019) The Eurasian Economic Union: Expectations, Challenges, and Achievements. German Marshall Fund of the United State

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.