fbpx

Müəlliflər üçün bələdçi

Bakı Araşdırmalar İnstitutu olaraq bütün sahələrdə olan məqalələri qəbul edirik. Təməl şərtimiz budur ki, məqalələr ya tamamilə nəzəri sahədə olmalı, ya da Azərbaycan ilə əlaqəli olmalıdır ki, oxucularımıza xitab etsin. Azərbaycan və ya ingilis dilində olmaq şərti ilə 5 növ məqalə qəbul edilir: Tədqiqat, Analitik, Mövqe, Tərcümə və Cavab. Potensial müəlliflərdən xahiş edirik ki, bizə məqalələrini göndərməzdən əvvəl onların aşağıdakı şərtlərə cavab verib-verməməsini yoxlasınlar:

Tədqiqat və analitik məqalələr

1. Məqalələrin strukturuna diqqət etsinlər. Yazılarda Giriş, Əsas Hissə (müxtəlif yarımbaşlıqlar şəklində) və Nəticə hissələri fərqləndirilə bilməlidir. Giriş və Nəticə hissələri hər biri bütün məqalənin təxmini 10 faizini əhatə edə bilər (məsələn, 5 min sözlük məqalədə Giriş və Nəticə hər biri təxmini 500 söz olmalıdır, Nəticənin daha qısa olması problem deyil). Əsas Hissə isə müəllifin öz istəyindən asılı olaraq bir və ya bir neçə yarımbaşlığa bölünə bilər.

2. Giriş hissədə müəllif detallara varmadan problemi ortaya qoymalı və öz iddiasını aydın formada irəli sürməlidir. Belə ki, məqalədə müəllifin arqumentinin nə olması ilk abzasdan məlum olmalıdır. Giriş hissəsində müəllifin cavab verməli olduğu suallar bunlardır:

a. Mövzu nədir? Və bu mövzuda problem nədir?
b. Bu problem oxucu üçün niyə əhəmiyyətlidir? Həmçinin, müəllif özünün oxucusu kimi kimləri görür, kimlərə xitab edir: ekspertlərə, tələbələrə, ümumi oxucuya və s.?
c. Bu mövzuda elmi ədəbiyyatda nəzərə alınmalı olan nə yazılıb? Mövcud akademik debatın tərəfləri hansılardır? Və həmin debat tərəflərinin iddiaları nələrdir?
d. Müəllifin öz iddiası nədir və elmi ədəbiyyatdakı hansı boşluğu doldurmağa yönəlib? Müəllif özü mövcud akademik debat tərəflərinin hansınasa yaxındırmı? Hansısa tərəfi müdafiə edir, onun iddialarını gücləndirirmi?
e. Müəllifin gəldiyi qənaət, nəticə, tapıntı nədir? Gəldiyiniz nəticəni məhz Giriş hissəsində qeyd edin.

3. Əsas Hissədə müəllif Girişdəki nəzəri məsələlərə aydınlıq gətirməli, onları izah etməli və öz iddiasını, gəldiyi nəticəni müvafiq arqumentlərlə əsaslandırmalıdır.

4. Nəticə hissəsində müəllif mövzunu ümumiləşdirib oxucuya təqdim etməli, əlavə heç bir yeni fikir, dəlil və ya iddia irəli sürməməlidir. Nəticə hissəsi Giriş hissəsinin parafrazıdır. Əgər müəllif istəyərsə, Nəticədə gələcək təqdiqat(çı)lar və ya yazılar üçün tövsiyyələr də verə bilər.

Mövqe yazıları:

Mövqe yazıları ictimai əhəmiyyətli, hazırda müzakirə edilən və müəllfin müzakirə edilməli olduğunu hesab etdiyi məsələlər barədə ola bilər. Yuxarıda sadalanmış 1, 3 və 4-cü qaydalar tamamilə, 2-ci qaydanın isə a, b və e bəndləri mövqe yazılarına da şamil edilir. Həmin qaydanın c və d bəndlərinin mövqe yazılarına uyğunlaşdırılmış versiyası aşağıdakı kimidir:
c. Bu mövzuda ictimai müzakirədə (və ya müvafiq sahədə, məsələn, analitik jurnallarda, publisistik yazılarda və s.) nəzərə alınmalı olan nə yazılıb? Mövcud debatın tərəfləri hansılardır? Və həmin debat tərəflərinin iddiaları nələrdir?
d. Müəllifin öz iddiası nədir və mövcud debatda hansı boşluğu doldurmağa yönəlib? Müəllif özü mövcud debat tərəflərinin hansınasa yaxındırmı? Hansısa tərəfi müdafiə edir, onun iddialarını gücləndirirmi?

Cavab yazıları:

Əlavə olaraq, bizim nəşr etdiyimiz istənilən növ məqaləyə dair yazılmış tənqid xarakterli Cavab məqalələrini də qəbul edirik. Müəlliflərdən xahiş edirik ki, bu növ məqalələrinin aşağıdakı şərtlərə cavab verməsindən əmin olsunlar:

1. Qısa olduğu üçün Cavab məqalələri digər məqalələrdən fərqli olaraq başlıqlara bölünmür. Şərti olaraq ilk paraqraf giriş, sonuncu paraqraf isə nəticə rolunu oynayır.

2. İlk paraqrafda müəllifin hansı məqaləni tənqid etdiyi aydın şəkildə qeyd edilməli, məqalənin qalan hissəsində isə müəllif tənqid etdiyi məqalədə nəyə etiraz etdiyini bildirərək öz fikirlərini müdafiə etməlidir.

3. Tənqid edilən məqalədə yazılmayan və/və ya iddia edilməyən fikirlər müzakirə edilməməlidir. Belə ki, tənqid mövcud mətnə və onun xətalarına fokuslanmalıdır.


Tərcümələr:

Tərcüməçidən hansı mətni tərcümə etmək istədiyini əvvəlcə bizə bildirməsini və bu mətnin əhəmiyyətini izah etməsini xahiş edirik. Əgər mətnin tərcüməsi üçün təlif haqqı tələb edilirsə, onu almaq tərcüməçinin öhdəliyindədir. Tərcümə üçün söz limiti yoxdur.


Söz limiti:

Bütün növ məqalələr Azərbaycan və ya ingilis dilində təqdim edilə bilər (müəllifin seçimindən asılıdır). Belə ki, ədəbiyyat siyahısı da daxil olmaqla məqalə növü üzrə söz limiti aşağıdakı kimidir:

  1. Tədqiqat məqalələri: 5-7 min söz.
  2. Analitik məqalələr: 3-4 min söz.
  3. Mövqe yazıları: 2-3 min söz.
  4. Cavab yazıları: 1-2 min söz.

İstinad qaydaları:

İstinad kimi müəllif həm in text citation, həm də footnote (iqtibas) üslubundan istifadə edə bilər. Əsas odur ki, bütün mətn boyu bir üslub növündən istifadə edilsin. Birinci üslubdan istifadə edəcək müəlliflər əlavə məlumat üçün aşağıdakı mənbədən istifadə edə bilərlər: https://www.tandf.co.uk/journals/authors/style/reference/tf_ChicagoAD.pdf

Dırnaq qaydaları:

BAİ-də dırnaqla bağlı aşağıdakı qayda tətbiq olunur:

1.Dırnaqdan (dırnaq deyiləndə qoşa dırnaq – “XXX” – nəzərdə tutulur) yalnız və yalnız sitatlarda istifadə oluna bilər. Bütün sitatlar dırnaq içində verilir.

2.Əgər original sitatın içində qoşa dırnaq varsa, həmin qoşa dırnaq təkqulaqlı dırnaqla (‘XXX’) əvəzlənir.

Orijinal sitat (güman edək ki, bunu Toğrul Məmmədov adında müəllif yazıb): Həsən deyir ki, “mən Bakı Dövlət Universitetində oxuyuram.”

Bizim Toğrul Məmmədovdan götürdüyümüz sitat: Məmmədov öz əsərində qeyd edir ki, “Həsən deyir ki, ‘mən Bakı Dövlət Universitetində oxuyuram.’” (birinci təkqulaqlı dırnaq ilə Məmmədovun özünün yazdığı sitatı tamamlayırıq, sonra isə qoşa dırnaq istifadə edərək özümüzün Məmmədovdan götürdüyümüz sitatı tamamlayırıq.)

3.Firma, şirkət, klub və s. kimi adlar italik ilə verilir.
3.1. Əgər bu adlar Azərbaycan dilindədirsə (bizim dildə qəbul edilibsə) və məşhurdursa, onda italikə ehtiyac yoxdur. Məsələn, NATO, BMT, Azərişıq, Yuventus.
3.2. Əgər bu adlar əcnəbi dildədirsə və onu olduğu kimi yazmaq lazımdırsa, onda italikdən istifadə olunur. Məsələn, Mercedes, BMW.
3.3. Əgər əcnəbi ada şəkilçi əlavə etmək lazımdırsa, onda defisdən istifadə olunmur. Məsələn, Mercedes-in yazılmır. Bu formada yazılır: Mercedes Yəni söz italiklə, şəkilçi isə italiksiz yazılır.
3.4. Əgər əcnəbi ad abreviaturadırsa və ona şəkilçi əlavə etmək lazımdırsa, onda defisdən istiadə olunur. Məsələn, BMW-nin.
3.5. Kitab, məqalə, qanun, fərman adları mətnin içində italiklə yazılır, dırnaqdan istifadə olunmur.

4.Hansısa söz kinayə ilə yazılırsa, yaxud da müəllif onu hansısa səbəbə görə (termin olduğuna görə) vurğulamaq istəyirsə, onda həmin söz italiklə yazılır.

Təqdimat:

Məqalənizi bizə göndərmək istəsəniz, zəhmət olmasa, onun növündən asılı olaraq yuxarıdakı qaydalara uyğunlaşdırın və onu briadmin@bakuresearchinstitute.org ünvanına göndərin. Əgər yazınız hazır deyilsə və bizə məqalə yazmaq istəyirsinizsə, onda eyni ünvana yazmaq istədiyiniz mövzunun maksimum bir səhifəlik planını (abstraktını) göndərin və həmin planda 2-ci qaydada təsvir edilən məsələlərə aydınlıq gətirin. Biz planı təsdiqləsək, sonra məqaləni yazmağa başlayarsınız.

Redaktə prosesi:

Bizə təqdim edilmiş yazılar redaksiya heyəti tərəfindən yoxlanıldıqdan sonra müəllif ilə əlaqə saxlanılacaqdır. Bu proses bir aya qədər uzana bilər. Yazılar qiymətləndirildikdən sonra dörd hissəyə ayrılır: (1) heç bir dəyişiklik edilmədən qəbul edilənlər; (2) cüzi dəyişikliklə qəbul edilənlər; (3) ciddi dəyişikliklə qəbul edilənlər; (4) qəbul edilməyənlər. Əgər məqaləniz qəbul edilərsə sizə redaktorların şərhləri ilə birgə düzəlişlər üçün geri göndəriləcəkdir. Lakin məqalə qəbul edilməsə sizə sadəcə məqalənin qəbul edilmədiyi barədə xəbər veriləcəkdir.


For the full operation of the site you need to enable JavaScript in your browser settings.