Mistik olan, arqumentin necə olması deyil, onun ümumiyyətlə olmasıdır. (L. Wittgenstein: Mistik olan dünyanın necə olması deyil, onun ümumiyyətlə olmasıdır.)

 

Aristotelin „Analytica Posteriora“ əsəri belə bir iddia ilə başlayır: „ Biliklərin arqument yolu ilə ötürülməsinin BÜTÜN yolları artıq mövcud olan biliklərlə şərtlənir 

Yəni, (yeni) bilik yaratmaq üçün (əvvəlki) bilik lazımdır. Bu „əvvəlki“, artıq mövcud olan biliyin nə olması sualı Aristotelə ən geci müəllimi Platondan miras qalıb, ondan sonra da haqqında fəlsəfə tarixində çox müxtəlif cavab cəhdləri var. Elə Aristotelin öz mülahizələrindən tutmuş son illərin debatlarına qədər gəlib çıxmış problemdir. Kantın a priori-si, Wittgenstein-ın Urbild-i (ilkin şəkil) və s. kimi fəlsəfə tarixində kanonlaşmış bir çox ideyanı bu problem ilə əlaqələndirsək, səhv etmərik. Cavab cəhdləri arasında fəlsəfədə “tarixi dönüş” (“historical turn in philosophy of science”) və “tarixi epistemologiya” kontekstlərindən tanıdığımız konsepsiyalar xüsusilə maraqlıdır. Bunlardan birinin üzərində dayanmaq istəyərdik: Ludwig Fleck-in “düşüncə kollektivi” ideyası. “Düşüncə kollektivi”nin izahına keçməmişdən əvvəl nəyə görə ona müraciət etdiyimi deyim.

Azərbaycan cəmiyyəti özündə coğrafiyası və tarixi şərtlər səbəbilə özünəməxsus bir “tranzit” xarakteri formalaşdırıb. Bu və ya digər kontekstdə yer almış “İpək yolu üstündə olan ölkə”, “İran-Turan simbiozu”, “Şərq-Qərb hibridi” və s. kimi ifadələr nə qədər triviallaşmış olsa da bölgə uzərindən həyata keçən “tranzit”in vektorlarını az-çox ifadə edir ki, bura həm də informasiya axını aiddir. Bir informasiya dalğası (din, təlim, təriqət, fəlsəfə, ideologiya) asanlıqla digəri ilə əvəz oluna bilib, cəmiyyətin koqnitiv strukturunda qoparılmayacaq qədər dərinə kök sala bilməyib (intellektual ənənə baxımından). Bunların nəticəsində yaranan qeyri-sabitliyi və dəyişkənliyi ilə xarakterizə edilə bilən amorf bir intellektual ənənə formalaşıb və onun da müsbət potensialı olduğu qədər problemli tərəfləri də var. Bunlardan biri kumulativliyin (yığıcılıq, toplayıcılıq) daha yüksək, refleksiyanın isə daha aşağı olmasıdır. Sadəcə informasiyanın varlığı hələ refleksiyaya gətirib çıxartmır. Yəni, informasiya yığılır, amma düşünülmür. Ya da kifayət qədər düşünülmür, belə ki, proseslər bu düşünmək ənənəsinin yaranmasına lazım olan müddət üçün daha sürətli dəyişir, buna reaksiya olaraq da bir informasiya axını asanlıqla digəri ilə əvəz olunur. Xarakterik cəhət həm də odur ki, bu informasiya axınları əsasən kənardan gəlir. Bizim cəmiyyətin intellektual ənənəsinə baxanda aktuallığına görə çox cür informasiyaya açıq, amma bu informasiyanı düşünməyə, onun üzərində işləməyə hazır olmayan bir qrupun davranışını görürük. Bunun tarixi səbəblərini, formalaşma prosesini və s. öyrənmək üçün ayrıca və geniş araşdırmalar lazımdır. Hələlik isə, indiki situasiyaya baxaq və təsvir etməyə çalışaq. Bunu daha yığcam və məqsədli etmək üçün Ludwig Fleck-in yuxarıda adı gedən “fikir kollektivi ” ideyasına müraciət edirik.

“Fikir kollektivi” nədir?

“Fikir kollektivi” polşalı-yəhudi mikrobioloq Ludwig Fleck-in 1935-ci ildə nəşr edilmiş „Elmi faktın yaranması və inkişafı“ (Ludwik Fleck: Entstehung und Entwicklung einer wissenschaftlichen Tatsache. Einführung in die Lehre vom Denkstil und Denkkollektiv. Suhrkamp, Frankfurt am Main 1980, ISBN 3-518-07912-3) əsərində elmi proseslərin tarixiliyini təsvir etmək üçün ortaya qoyduğu konsepsiyanın adıdır. Fleck-ə görə, düşünmək, əsas da elmi düşünmək kollektiv şəklində olan bir prosesdir. Bu o deməkdir ki, bizim hazırda nə düşünməyimiz tamamilə bizdən əvvəl və bizimlə paralel nə düşünülməsindən asılıdır. Ümumilikdə təsvir olunduqda bu kifayət qədər bayağı bir fikir kimi səslənə bilər, amma daha konkret sahələrə proyeksiya edilərsə, Fleck-in ideyasının radikallığı aydın görünür. Belə konkret sahələrdən biri elmdir. Elmin araşdırma sahəsi olan „obyektiv reallıq“ yaxud „elmi faktlar“ sosial konstruksiyalardır, Fleck-ə görə, belə ki, onların kəşfi və definisiyası müvafiq elmi cameənin düşüncə ənənəsindən və topladığı bilik arxivindən, ünsiyyət üslubundan və halından (mood), qısası, hansı „fikir kollektivi“ndə yer almasından asılıdır. Fleck bununla, təbii ki, elmi ağlın yönəldiyi bir reallığın (məsələn, təbiətin) varlığını inkar etmir. Və bu reallıq elmi ağlın varlığından asılı deyil. Ümumiyyətlə, „social construct“ ifadəsi belə bir iddia ilə bağlı deyil. Fleck-in „fikir kollektivi“ belə bir, idrak subyektindən asılı olmayaraq mövcud olan reallığı yox, bu reallıq haqqında elmin əldə etdiyi biliyi nisbiləşdirir. „Elmi fakt“ bizdən asılı olmadan „çöldə gəzən“ hər hansı bir həqiqət deyil, bizim „çöldə gəzən“ hər hansı bir şey haqqında həqiqət olaraq qəbul etdiyimiz informasiyadır. Bu kontekstdə Fleck-in „fikir kollektivi“nin epistemoloji radikallığını, əsas da elmi faktların ontoloji nisbiliyi iddiasını mübahisələndirmək olar. Ancaq bu, elmin özünün sosial bir hadisə olduğunu qətiyyən inkar etmir və „fikir kollektivi“ konsepti elmi proseslərin dinamikasını təsvir etmək üçün çox uyğun bir ideyadır.

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, biliyin şərti olan pre-bilik problemi Fleck-in „fikir kollektivi“ ideyasının da çıxış nöqtəsidir. „Nəyi bilə bilərəm?“ sualının cavabı „Məndən əvvəlkilər nə biliblər?“ və „Mənim ətrafımdakılar nə bilirlər?“ suallarının cavabı ilə bağlıdır. Fleck-ə görə, idrak (cognition) – əsas da elmi idrak – kollektiv hadisədir:

„Tamamilə təcrid olunmuş bir araşdırmaçı mümkün deyil (…). Tərəfliliyi və ənənəsi, üzərində mental cəmiyyətinin təsiri olmayan və bu cəmiyyətin təkamülünün təsirindən kənarda olan bir araşdırmaçı kor və fikirdən məhrum olardı. Düşünmək kollektiv bir fəaliyyətdir (…). Onun məhsulu yalnız bu sosial fəaliyyətdə iştirak edənlərə görünən bir görüntüdür, ya da ancaq bu kollektivin üzvlərinə aydın olan bir fikirdir. Nəyi düşünməyimiz və necə görməyimiz bizim aid olduğumuz fikir kollektivindən asılıdır (1935).“

Fleck „fikir kollektivi“ni ideyalar mübadiləsi və intellektual ünsiyyət prosesində bir-biriləri ilə bağlı olan fərdlərin qruplaşması kimi müəyyən edir. Bu kollektiv öz içində daha kiçik və spesifik məzmunlarla məşğul qruplar birləşdirə bilər. Bunlara din, sənət, siyasət, iqtisadiyyat, elm və s. aiddir. Ünsiyyətin intensivliyinə görə ezoterik kollektivlər və eksoterik kollektivlər fərqləndirilir. Ezoterik kollektivlər ekspertlər kollektividir. Eksoterik kollektiv həmin sahə ilə hər hansı formada maraqlanan, ancaq ekspert olmayanların kollektividir. Bir „fikir kollektivi“ olan elmin ezoterik üzvləri alimlər, eksoterik üzvləri isə özü alim olmayan, amma elm ilə hər hansı şəkildə əlaqəsi olan fərdlər, məsələn, məktəb müəllimləri, mühəndislər və s-dir.

„Fikir kollektivi“ndə eksoterik üzvlərin məlumata çıxışı ezoterik üzvlər, ya da qruplar vasitəsilə olur. Elm misalında qalsaq, məsələn, sıravi elmlə maraqlananlar elmi məlumatlara çıxışı ekspertlərin, yəni alimlərin yazdıqları kitabları oxumaqla, çıxışlarına qulaq asmaqla təmin edirlər. Bu mənada eksoterik kollektiv üzvləri ezoterik kollektiv üzvlərindən asılıdırlar. Bu həm də əksinə keçərlidir. İctimai fikir də öz növbəsində ekspertlərin işini şərtləndirən faktordur.

Elm „fikir kollektivi“nin ezoterik qrupları daxilində də Fleck üç alt qrup ayırır: a) konkret aktual problemlər üzərində işləyən alimlər – alternativ istiqamət müəyyən edənlər, b) „rəsmi icma“ və c) davamçılar – bu və ya digər elmi ideyanın tərəfdarları.

Yuxarıda da deyildiyi kimi, Fleck-in “fikir kollektivi” konseptinə müraciət etməyimizin səbəbləri var. Birincisi, bu konsept cəmiyyətlərin intellektual davranışının tarixiliyini (yəni, müəyyən zaman və məkan şərtləri ilə determinə edilmiş olmasını) göstərməklə yanaşı həm də bunun insan cəmiyyətləri üçün universal bir mexanizm olduğunu görməyə imkan verir. Verilmiş şərtlər daxilində bütün “fikir kollektiv”ləri eyni cür davranır, yəni, kontekstlərini reproduksiya edirlər (və təzələyirlər). Şərtlər identik olarsa, kollektivlərin dinamikası və əldə olunan nəticələr də oxşar olacaq. Buna misal olaraq getdikcə eyni bir “fikir kollektivi”ndə birləşən “Qərb elmi”ni göstərmək olar. Coğrafi mövqeyindən asılı olmayaraq bu kollektivə inteqrasiya olunmuş cəmiyyətlər aşağı-yuxarı eyni dinamika ilə fəaliyyət göstərir. Eyni xətt ilə gedərək həm də göstərmək istəyirik ki, hazırda Azərbaycanda elm sahəsinin və intellektual cameənin bütün problemləri şərti xarakterlidir və hazırda mövcud olan “tarixi” kontekst ilə müəyyən olunur. Onun bundan sonrakı vəziyyəti bu şərtlərin hansı “fikir kollektivi” şəklində möhkəmlənəcəyindən asılıdır.

Yuxarıda təsvir etdiyimiz “fikir kollektivi” sxemini Azərbaycanda akademik elm sahəsinin indiki vəziyyətini təsvir etmək üçün istifadə edəcəyik və Fleck-in sxemini ona proyeksiya edəcəyik. Aşağıda bunu “fikir kollektivi”nin detalları əsasında göstərməyə çalışacağıq.

Azərbaycanda elm institutunun rəsmi təmsilçisi akademik korpusdur, yəni ali təhsil müəssisələri. Burada elmi fəaliyyət hazırda sadəcə tədris fəaliyyətindən ibarətdir. Elm adı altında tanınan standart fəaliyyət növləri burda, demək olar ki, yoxdur. Araşdırmalar aparılmır, ixtiralar edilmir, istehsal edici mexanizm yoxdur. Sadəcə tədris prosesində tələbələrə “elmi” məlumat ötürülür. Bu məlumat, yaxşı halda, beynəlxalq elm sahəsində tanınan və aktual olan məzmunlara xitab edir, yaxşı olmayan hallarda isə SSRİ dağılandan bəri yenilənməmiş məlumatlar olur. Yəni, burada elm özü proses olaraq yoxdur, amma başqa yerdə olan (məsələn, ABŞ, Avropa, Uşaq Şərq), ya da əvvəl olmuş prosesin nəticələri (elm tarixi, SSRİ dövründən qalmış məlumatlar) haqqında informasiyalar tədris olunur. Prosesi bir “fikir kollektivi” şəklinə gətirmək istəsək, görürük ki, kollektivin üzvlərinin ünsiyyəti (daha doğrusu ünsiyyətsizliyi) aşağıdakı qruplar arasında gedir: 1) təhsili və akademik karyerası SSRİ dövrünə aid olan yaşlı nəsil; 2) onun təsiri ilə yerli təhsil ocaqlarında formalaşmış post-sovet dövrü nəsli; 3) xarici (əsasən Avropa və ABŞ) təhsilli daha gənc nəsil akademiklər (akademik işlə məşğul olanlar, titul nəzərdə tutulmur). Bunlar çox fərqli “fikir kollektiv”lərində formalaşmış nəsillərdir və aralarında olan ünsiyyət yaxın keçmişə qədər sonuncuların birinciləri inkar etməsi üzərində qurulmuşdu. Maraqlısı odur ki, bu inkar özü konkret elmi məzmunların inkarı deyildi (məsələn, hər hansı elmi nəzəriyyə). Köhnə nəsil əsas olaraq mühafizəkarlıq, geridə qalmışlıq, məlumatsızlıq kimi ümumi “peşə qüsurları”nda qınanır(dı). Bundan daha irəli gedən ünsiyyətin yaranması üçün (inkar və mübahisə şəklində olsa belə) ortaq akademik material yox idi və SSRİ-nin dağılmasından 27 il keçməsinə baxmayaraq hələ də yoxdur. Bunun səbəbi yenə də yuxarıda qeyd etdiyimiz elmi fəaliyyətin özünün yoxluğudur, yəni “fikir kollektivi”nin Fleck tərəfindən təsvir edilən aktiv ezoterik nüvəsi – ekspertlər – özləri elmi passivliyə məruz qalmış vəziyyətdədirlər. Bu, təbiət elmləri sahəsində daha aydın görünür. Ölkə xaricində keyfiyyətli və fundamental təhsil görmüş, yüksək peşə hazırlıqlı bir elmi işçı Azərbaycanda elmi fəaliyyətlə məşğul olmaq istəyərsə, onu sadəcə yuxarıda təsvir etdiyimiz “informasiya ötürücülüyü” şəklində tədris fəaliyyəti ilə məhdudlaşdırmaq məcburiyyətindədir. Aktiv elmi fəaliyyət, hər hansı elmi problem üzərində iş üçün lazım olan struktur yoxdur, məsələn. Produktiv elm yoxdur, sadəcə məlumatların reproduksiyası və təkrarlanması var. Ortada “elmi məhsul” olmadığı üçün ünsiyyət də səthi məsələlərdən o tərəfə gedə bilmir, fundamental elmi tənqid yoxdur (çünki ehtiyac yoxdur), “fikir kollektivi” sadəcə eksoterik üzvlərdən ibarətdir. O (“fikir kollektivi”), ezoterik nüvəsini özü yetişdirmir, bunlar adətən xarici təhsilli akademiklərdir, onlar da ölkədəki situasiya səbəbi ilə bir müddətdən sonra passiv “mood”a keçirlər və tədricən eksoterik kütləyə çevrilirlər.

Yuxarıda dedik ki, son dövrlərə qədər Azərbaycanda akademik sahədə “fikir kollektivi”ndə ünsiyyət əsasən yeni qərbçi nəslin köhnə sovet nəslinin inkarı üstündə qurulmuşdu. Bu iki əsas “qrup”dan başqa həm də bunlardan bir qədər fərqlənən akademiklər qrupu var. Gəncliyi SSRİ-nin son illərinə təsadüf edən bu qrupun intellektual davranışı nə sovet akademik ənənəsinin məzmunlarına uyğun deyil, nə də yeni “qərbçi”lərinkinə. Hər ikisindən fərqli cəhətləri irrasionalizmə meylli olmalarıdır. Bu qrupda ən müxtəlif intellektual akrobatika nümunələri tapmaq olar, məsələn, din ilə təkamül nəzəriyyəsini kombinasiya edənlər, mistikanı riyaziyyata tətbiq etmək istəyənlər, buddizmi türkçülüyə, biologiyanı tarixə tətbiq edənlər, mələklərin uçma sürətini ölçənlər, postinsan axtarışında olanlar, pirlərin enerjisini hesablayanlar, futuroloqlar, süni intellektin milli versiyasını axtaranlar və s. və i.a. Çox ciddi olanları da var, nisbətən az ciddi olanları da. Amma “fikir kollektivi”ndə müəyyən yerləri var, səsləri eşidilir. Həm sovet nəsli akademiklərinə, həm “qərbçi”lərə iradları rasionalizmin “köləsi” adlandırırlar. Müvafiq də ünsiyyət formaları var: “diskussiya” yerinə “söhbət”, “arqument” yerinə “kəlam” və s. Nəticədə bu meyarlara uyğun davranışlar yayılır və normallaşmağa başlayır, “fikir kollektivi”nin detallarına çevrilir.

Bu impulslar pərakəndə və situativ xarakterli kimi görünə bilər. Amma biz getdikcə daha israrlı olaraq mistikanın elmə qarşı qoyulmasının, tənqidin zərərli olması və “ayıb” statusuna gətirilməsinin və bu kimi bir çox rasionallığın təhrif olunmuş təqdimat formalarına rast gəlirik. Yuxarıda Fleck-in “fikir kollektivi” çərçivəsində cəmiyyətimizdə olan intellektual passivliyi çox ümumi də olsa təsvir etdik. Həm SSRİ dövründən qalma tənqid qadağası ənənəsi, həm hazırki institusional xarabalıq situasiyası vəziyyəti bu qədər həssas etməsəydi, yuxarıdakı anti-rasionallıq proyektlərinə çox da əhəmiyyət verməmək olardı. Hazırki vəziyyətdə isə bunlar onsuz da ətalətdə olan “kollektiv”in passivliyini bu və ya digər “forma”ya salmaqla bir növ legitimləşdirir.

Bəs passivlik nə üçün təhlükəlidir? İrrasionallıq niyə problemdir?

Ona görə ki, bunlar azadlıq üçün fundamental təhdiddir.

İnsan sağ qalmaq üçün özünə xidmət edən konstruksiyalar yaradıb onların içində yaşayır. Bizim bütün sivilizasiyamız insana xidmət üzərində qurulub (bunun pis ya da yaxşı olmasını bir kənara qoyuruq). Dövlət, əxlaq, elm, sənət, din kimi böyük institutlar insana xidmət məqsədi ilə özünü legitimləşdirir. İnsan olmasa, bunların bir dəyəri və funksiyası yoxdur, çünki insansız onlara ehtiyac qalmır. İnsanın özünəxidmət üçün yaratdığı bu konstruksiyalar tənzimləyici xarakterlidir, yəni onlar məhdudiyyətlərlə bağlıdır. Azadlıq insanın özü yaratdığı bu konstruksiyaların içində bu məhdudiyyətlərə olan münasibətidir. Azadlığın ilkin şərti bu məhdudiyyətləri və onların xarakterini tanımaqdır, yəni, içində yaşadığı konstruksiyanın mexanizmlərini və funksiyasını. Deməli, azadlığın ilkin şərti bilikdir. Bilik sadəcə informasiya deyil, səbəb-nəticə əlaqələri haqqında informasiyadır. Səbəb-nəticə əlaqələrinin dərki isə rasionallıqdır. Rasional bilik azadlığın şərtidir, deməli. Azadlıq isə konkret məhdudiyyətlərə bağlıdır. Azadlıq ona görə var ki, məhdudiyyətlər var. Biz həmişə nədənsə, ya da nəyəsə azadıq. Məsələn, mütləq azadlıq mümkün deyil, çünki mütləq məhdudiyyət mümkün deyil. Mütləq məhdudiyyət ölüm mənasına gəlir ki, onda da azadlıq lazımsız olur. Yəni, azadlıq yaşamaq üçün lazımdır. Daha dəqiq desək, azadlıq insana xidmət üçün mövcud olan və (bu məqsədlə) məhdudiyyətlərlə şərtlənmiş sistemlərdə yaşamaq üçün lazımdır. Bunun üçün də sistemin sənə tətbiq etdiyi tənzimləyici məhdudiyyətin onun insanaxidmət funksiyası ilə olan səbəb-nəticə əlaqələrini bilməlisən ki, onların həm də sənin timsalında (insan olduğun üçün) insanaxidmət funksiyasını yerinə yetirməsinə nəzarət edə biləsən. Yəni, rasional bilik ümumiyyətlə azad olmaq iqtidarında olmağın (to be able) şərtidir.