Bakı Araşdırmalar İnstitutu İntellektual Tarixə Giriş adlı açıq mühazirələr təklif edir. Bu mühazirələr 11 may – 8 iyun arasında, hər həftənin Çərşənbə Axşamı saat 19:00-da baş tutacaq.  Mühazirələr Azərbaycan dilində olacaq və hər kəsə açıqdır. Təklif edilən ədəbiyyatı iştirakçıların oxuması məsləhət görülsə də, onları oxumaq şərt deyil. Hər bir mühazirədə təxmini ilk 40 dəqiqədə mühazirəçi Türkay Qasımova mühazirə oxuyacaq, son 10-15 dəqiqədə isə iştirakçıların suallarını cavablandıracaq. İştirakçılardan bütün beş mühazirədə iştirak etməsi xahiş edilir. İştirak etmək istəyənlərdən tələb olunur ki:

1. mühazirələrə qoşulmaq üçün [email protected] elektron poçt göndərərək qeyd etsin və bu mühazirələrə nəyə görə qoşulmaq istədiyini bir abzaslıq (maksimum 250 söz) motivasiya mətni yazaraq izah etsin. Elektron poçtun başlığına “Onlayn Dərs” yazmağınız xahiş olunur;
2. onlayn mühazirələr Zoom vasitəsi ilə həyata keçiriləcəyindən buradan proqramı yükləyib qeydiyyatdan keçsin.[1]

Müraciətçilər arasından iştirakçıları mühazirəçi seçəcək. Birinci bəndə uyğun qaydada müraciət etdiyiniz təqdirdə mühazirəyə qoşulmaq üçün müvafiq linki mühazirələrin başlamasından bir gün əvvəl, yəni 10 may tarixində sizin emailinizə göndərəcəyik. Qeydiyyat üçün son tarix 7 maydır. Kursun məqsədi, mühazirə planı, istifadə ediləcək ədəbiyyat və mühazirəçi haqqında məlumatı aşağıda əldə edə bilərsiz.

Kursun məqsədi

Bu kursun məqsədi iştirakçıları tarix boyu əhəmiyyət qazanmış fikirlər və ideyalara nəzər yetirmək yolu ilə İntellektual Tarix ilə tanış etməkdir. Beş mühazirədən ibarət olan kurs mövcud Azərbaycan tarixşünaslığının tənqidi üzərində qurulmuş və ümumən tarix elminin bir elm kimi öyrənilməsini nəzərədən keçirir. İntellektual Tarixi tarix elminin digər sahələrindən fərqləndirə bilmək üçün mühazirə vaxtı əsasən Qərb akademiyasında rəğbət görmüş bir neçə mühim əsərlərə müraciət ediləcəkdir. Bu baxımdan da təqdim edilən kurs həm də müqayisəli tarix yanaşmasını özündə əks etdirir. Mühazirələr vaxtı irəli sürülən suallar bunlardır: Nəyə görə tarix elmi Azərbaycanda subdisiplinlər şəklində deyil, Ümumi Tarix şəklində tədris edilir; İntellektual Tarixi öyrənmək nəyə görə vacibdir; İntellektual Tarix ilə Siyasi Fikirlər TarixiMədəni Tarix arasında fərq və əlaqə nədən ibarətdir; İntellektual Tarix, yoxsa İdeyaların Tarixi ifadəsi daha uyğundur kimi suallara cavab axtarılacaq.

Mühazirə planı

Qeyd edilən suallara cavab tapmaq üçün birinci mühazirə giriş xarakterli olub tarix elmindəki əsas nəzəriyyələri əhatə edəcək. Sonrakı dörd mühazirə isə daha spesifik mövzulara yönəlməklə aşağıdakı şəkildə olacaq:

Həftə 1: İntellektual Tarixə Giriş. Əsas nəzəriyyələr və metodlar
Həftə 2: Azərbaycanda Tarix elminin öyrənilməsi tarixi və əsas problemləri
Həftə 3: İntellektual Tarix ilə Siyasi Fikirlər, Mədəni Tarix arasında fərq və əlaqə nədən ibarətdir
Həftə 4: İntellektual Tarixi öyrənərkən Müqayisəli Tarixin rolu
Həftə 5: İntellektual Tarixi öyrənmək nəyə görə vacibdir

Kursun gözlənilən nəticəsi

Ümidvarıq ki, auditoriya kursun sonunda bu bilgiləri əldə edəcəkdir:

– Hadisə və anlayışları tarixi kontekstdə təhlil etmənin vacibliyi;
– Müxtəlif tarixi və coğrafi kontekstlərdən bəhs edərkən dövrün aktuallığı ilə əlaqələndirə bilmək;
– Tənqidi və obyektiv yanaşma;
– Tarixi öyrənərək müxtəlif mənbələrdən istifadə etmənin zərurəti;

Tövsiyə edilən ədəbiyyat

Kurs içtirakçılarının oxuması tövsiyə edilən məqalə və kitab fəsilləri aşağıdakılardır. Bu siyahıdakı mənbələri oxumaq kursda iştirak üçün şərt deyil, bu siyahı tövsiyə xarakteri daşıyır.

1. Berger, Stefan, Feldner, Heiko, Passmore, Kevin (eds), Writing history: theory and practice, London, Bloomsbury Academic, 2020.
2. Burguière, André, The Annales School: An Intellectual History, Cornell University Press, 2009.
3. Chomsky, Noam, The Cold War and the University: Toward an Intellectual History of the Postwar Years, New Press, 1998.
4. Conrad, Sebastian, “Enlightenment in Global History: A Historiographical Critique”, The American Historical Review, 117 (2012), pp. 999-1027.
5. Darnton, Robert. ‘Intellectual History’ in Kiss of Lamourette: Reflections in Cultural History, W. Norton & Company, 1991.
6. Darnton, Robert, “What is the History of Books?”, Modern Intellectual History, 4 (2007), pp. 495- 508
7. Darnton, Robert, “Intellectual and Cultural History”, in Michael Kammen (ed.), The Past Before Us. Contemporary Historical Writing in the United States, Ithaca (NY)-London 1980, pp. 327-354.
8. La Capra, Dominick; Kaplan, Steven L. (eds.), Modern European Intellectual History: Reappresals and New Perspectives, Cornell University Press, 1982.
9. Israel, Jonathan, Revolutionary Ideas: An Intellectual History of the French Revolution from the Rights of Man to Robespierre, Princeton University Press, 2014.
10. Johnson, Paul, Intellectuals: From Marx and Tolstoy to Sartre and Chomsky, Harper Perennial, 2007.
11. Lovejoy, Arthur O., The Great Chain of Being: A Study of the History of an Idea, Harvard University Press; 1976.
12. McMahon, Darrin M,; Moyn, Samuel. (editors), Rethinking Modern European Intellectual History. Oxford: Oxford University Press, 2014.
13. Moyn, Samuel Global Intellectual History, Columbia University Press, 2013.
14. Russell, Bertrand, A History of Western Philosophy: And Its Connection with Political and Social Circumstances from the Earliest Times to the Present Day, New York: Simon and   Schuster, 1945.
15. Skinner, Quentin, ‘Meaning and Understanding in the History of Ideas’,History and Theory, 8: 1 (1969), pp. 3-53.
16. Starr, S. Frederick, Lost Enlightenment: Central Asia’s Golden Age from the Arab Conquest to Tamerlane, Princeton University Press, 2015.
17. Southgate, Beverly, ‘Intellectual history/history of ideas’ in Writing History: Theory and Practice, pp. 268-285.
18. Turner, Frank M., European Intellectual History from Rousseau to Nietzsche, Richard A. Lofthouse, New Haven, CT: Yale University Press, 2015.
19. Van Doren, Charles. A History of Knowledge: Past, Present, and Future, Ballantine Books Inc, 1992.
20. Watson, Peter, The Modern Mind: An Intellectual History of the 20th Century, Harper Perennial, 2001.
21. Watson, Peter, Ideas: A History of Thought and Invention, from Fire to Freud, Harper Collins Publishers, 2006.
22. Whatmore, Richard, What is intellectual history? Cambridge, UK, Polity Press, 2016.
23. Whatmore, Richard; Young, Brian, A Companion to Intellectual History, Wiley-Blackwell, 2016.
24. Wootton, David, The Invention of Science: The Scientific Revolution from 1500 to 1750, Allen Lane, 2015.

Mühazirəçi haqqında

Florensiyadakı Avropa Universiteti İnstitutunda (EUI) Doktorantura namizədi olan Türkay Qasımova  On doqquzuncu Əsr Bakı neft sənayeçiləri və intelligensiyası arasındakı əməkdaşlıq mövzusu üzrə çalışmaqdadır. On doqquzuncu Əsr İntellektual Tarix başda olmaqla həmçinin Qadın Hərəkatları Tarixi, Maarifçilik Tarixi, On doqquzuncu Əsr Rusiya İmperiyası Tarixi, Humanitar Yardımların Tarixi, ABŞ-ın Yaxın Şərq Siyasəti kimi mövzular da onun araşdırma maraqlarına daxildir. Doktorantura təhsilinə başlamadan öncə Qasımova Budapeştdəki Mərkəzi Avropa Universitetində (CEU) Müqayisəli Tarix üzrə magistratura təhsili alıb. Bundan əlavə, o, 2014-2015 akademik ilində Fulbrayt Araşdırma təqaüdçüsü kimi Fullertonda Kalifornia Ştat Universitetinin (CSUF) Amerikaşünaslıq Fakültəsində tədqiqatçı olub. O, bakalavr və magistr dərəcəsini də Amerikaşünaslıq ixtisası üzrə Bakı Dövlət Universitetində (BDU) alıb. 2011-2014 illərdə BDU-da Amerikaşünaslığa Giriş, Kanada Tarixi kimi fənləri tədris edib.

[1] İştirakçıların nəzərinə çatdırmaq istəyirik ki, bütün dərslərin videoqeydiyyatı aparılacaq.