Bundan əvvəlki yazımda ev təsərrüfatlarının vəziyyətini ayrıca təhlil etmişdim. Gəlinən əsas nəticə bu idi ki, ev təsərrüfatları 2015-ci ilin iqtisadi böhranını daha yüksək immunitetlə qarşıladı. Söhbət o böhrandan gedir ki, milli valyutanın kəskin dəyər itirməsi, ölkədən 12 mlrd. dollara yaxın həcmdə kapital qaçışının baş verməsi, bütün bankların təxminən dörddə birinin iflas etməsi, bazar payına görə sektorun ən böyük oyunçusu olan dövlət bankının çöküşü, qısa müddətdə milli gəlirin 3%-dən çox itirilməsi, ən azından 20% fiskal, 50%-ə yaxın monetar daralmanın baş verməsi ilə yadda qaldı.[1]

Lakin bu böhrana qədər ölkə iqtisadiyyatı son 10 ildə real olaraq 2 dəfədən çox böyümüşdü.[2] Sabit məzənnə və bahalı manat, ucuz idxal və aşağı inflyasiya şəratində yerli istehsal inkişafdan qalsa da, milli hesablar sisteminə görə həmin dövrdə ev təsərrüfatları öz sərvətlərini əsaslı kapital formasında (əsasən mənzil tikintisi) 10 mlrd. manata yaxın, depozit kimi banklarda əlavə olaraq 5 mlrd. manat artıra bilmişdi.[3] Şübhəsiz ki, rəsmi məlumat əldə edilməsi mümkün olmayan valyuta sərvəti və qızıl-daşqaş formasında, eləcə də banklardankənar manat ehtiyatı kimi “yastıqaltı” yığımları da nəzərə alsaq, ev təsərrüfatlarının həmin böhranı hazırkı situasiyadan daha dayanıqlı qarşıladığı aydın görünür. O zaman əhali üçün ən böyük risk əmanətlərində manatın payının yüksək, banklara isə xarici valyuta formasında borclarının həcminin çox olması idi. Ona görə də 2015-ci il böhranında ev təsərrüfatlarına elə ilk mərhələdə ən ağır iqtisadi zərbə bank sektoru ilə münasibətlərdən dəydi.

İndi bisnez və bank sektoru, eləcə də hökumət, yaxın dövrdə dərinləşəcəyi və 2015-ci illə müqayisədə daha uzun davam etməsi ehtimal olunan böhranı hansı resurslara qarşılayır? Hansı risklər var? Mövcud imkan və resursları bu riskləri xəfiflətmək üçün yetərli saymaq olarmı?

Biznesin resursları: 2015-ci ildən əvvəl və sonra

Bizneslə bağlı başlanğıcda çox vacib bir məqamı deyim: 2015-ci ilə qədər biznes nağd yığımlara, ehtiyatlarını bank sektorundansa, öz kassalarında saxlamağa daha  çox üstünlük verib. Bunu depozit statisitkasından çox aydın görmək olur: 2014-cü ilin yekununda biznes depozitləri 4 mlrd. manata yaxın idi, hazırda bu göstərici 3.6 dəfə çox – 14,5 mlrd. manat təşkil edir[4]. 2015-2019-cu illər üzrə real ÜDM-in artmadığını, 2014-cü ilin səviyyəsində qaldığını, 2015-2016-cı illərdə biznes sektorunun qənaətlərinin əvvəlki dövrlərə nisbətən 20-25% kiçildiyini nəzərə alsaq, son 4 ildə biznes depozitlərinin bu qədər kəskin artımının tamamən iqtisadi böyümənin nəticəsi olmadığı aydındır. Doğrudur, bu böyümənin təxminən 2 mlrd. manatının 2015-ci ildən sonra məzənnə fərqindən formalaşdığı da məlumdur. Amma istənilən halda 4 ildə məzənnə fərqi nəzərə alınmasa belə, təxminən 3 dəfəlik artımdan söhbət gedir. Milli hesablar sistemində biznesin qənaətlərinin həcmi də bu fikri təsdiqləyir. Belə ki, 2006-2014-cü illərdə biznesin ümumi qənaətlərinin həcmi 63,3 mlrd. manat olub ki, ondan da 44,3 mlrd. manatı əsas kapitala investisiyalar kimi istifadə edilib.[5] Aydın məsələdir ki, qənaətin əsas kapitala sərmayələrdən sonra yerə qalan 30%-lik hissəsi və ya 20 mlrd. manatı ya valyuta, ya da qiymətli daşlar formasında maliyyə yığımlarına getməlidir. Amma bank statistikasına görə, həmin dövrdə biznes depozitləri cəmi 2.5 mlrd. manat təşkil edib. Deməli, milli hesablar və bank statistikalarının müqayisəli təhlili söyləməyə əsas verir ki, 2006-2014-cü ildə biznes sektorunun ən azından 15 mlrd. manat ekvivalentində (həmin dövrün məzənnəsi ilə təxminən 20 mlrd. USD) yığımlarının valyuta sərvətləri formasında banklardankənar nağd maliyyə resursları kimi saxlaması kifayət qədər real görünür.[6] Doğrudur, biznesin nağd maliyyə ehtiyatlarının hansı hissəsinin dollar, hansı hissəsinin manat yığımları olması barədə dəqiq məluamt yoxdur. Çünki bu barədə rəsmi statistikada heç bir uçot aparılmır. Lakin tədiyyə balansının statistikasının analizi göstərir ki, 2006-2014-cü illərdə Azərbaycan iqtisadiyyatında ödəmələr balansının profisiti hesabına 67 mlrd. dollar xarici valyuta ehtiyatı yaranıb.[7] Onun 49 mlrd. dolları Neft Fondunun və Mərkəzi Bankın ehtiyatlarının artırılmasına yönəldilsə də,[8] yerdə qalan təxminən 18 mlrd. dollar sərbəst valyuta dövriyyəsinin biznes və ev təsərrüfatlarının sərəncamına keçdiyi aydındır.

Belə görünür ki, 2015-ci ildən sonra müəssisə və şirkətlər devalvasiyaya qədərki nağd ehtiyatlarını banklara təqdim etməyə üstünlük veriblər. Bu məsələdə holdinq banklarının rolunun çox böyük olması əsas ehtimallardan biridir: onların daxil olduğu biznes şəbəkəsi devalvasiyadan sonra resurs defisiti yaşayan banklarına bu məsələdə kömək əllərini uzadıblar. Üstəgəl, 2015-ci ildən sonra depozit faizlərinin də yüksək olmasının biznesi banklar vasitəsilə yığımlara həvəsləndirməsi mümkündür.

Biznesin öz yığımlarını bank sektorunda saxlamasının iqtisadiyyat üçün çox böyük üstünlükləri məlumdur –  o, resurs defisitini aradan qaldırır, iqtisadiyyatın leqallaşmasına ciddi töhfə verir. Digər tərəfdən isə o, sərbəst məzənnə rejimində, zaman-zaman devalvasiya riski yarandıqda milli valyutada depozitlərin valyuta strukturunu çevik şəkildə dəyişdirməyə imkan vermir. Halbuki nağd yığımlar belə vəziyyətlərdə biznesə maliyyə ehtiyatlarının daha çevik qərarlar verməsinə imkan yaradır. Şübhəsiz, ölkədə məzənnə riskini və biznes depozitləri sığortalamaq mexanizmləri olsaydı, heç bu vəziyyəti biznes üçün risk kimi analiz etməyə ehtiyac qalmazdı.  İstənilən halda, biznes sektoru 2015-ci il böhranına kassasında indikindən daha böyük həcmdə, valyuta strukturunu daha çevik dəyişə biləcəyi nağd pul kütləsi ilə daxil oldu.

Eyni zamanda, tədiyyə balansında defisitin qeydə alındığı 2015-2016-cı illərin ardınca sonrakı 3 ildə (2017-2019-cu illər) tədiyyə balansının profisiti hesabına iqtisadiyyatda 11 mlrd. dollara yaxın valyuta yığımı yaranıb. Bu müddətdə  Neft Fondunun və Mərkəzi Bankın da ehtiyatlarının 11 mlrd. dollara yaxın artdığını nəzərə alsaq, deməli, devalvasiyadan sonrakı dövrdə biznesin devalvasiyaya qədərki zaman intervalında olduğu kimi valyuta yığımları formalaşdırmaq imkanı olmayıb.[9] Qısası, son 5 ildə biznes üçün böyümə deyil, 2014-cü ilə qədərki səviyyədə potensialını bərpa və daha dayanıqlı maliyyə mövqeyinə keçmə mərhələsi idi. Lakin dərin böhranın çox erkən baş verməsinin biznesin toparlanmasına imkan vermədiyi aşkar görünür.

Biznes üçün potensial risklər

2015-ci ilin başlanğıcında biznes banklar qarşısında daha böyük həcmdə borca malik idi. Ümumi biznes kreditlərinin həcmi 11.3 mlrd. manat idi. 2020-ci il martın əvvəlinə isə öhdəlik həmin dövrə nisbətən 2.5 mlrd. manat və ya 22% azdır. Borc yükünün azalmasına riski azaldan amil kimi baxmaq olardı. Lakin hazırda biznes kreditlərində valyuta borclarının payı 53.4% (4,7 mlrd. manat) təşkil edir. Halbuki 2014-cü ilin sonlarında bu göstərici 28,8 təşkil edirdi.

Yəni devalvasiya olacağı tədqirdə, manatın hər 1% dəyərdən düşməsi biznesin banklar qarşısındakı xərclərini 47 mln. manat artıracaq. Beləliklə, biznes 10%-lik devalvasiyada 470 mln. manat, 20%-lik devalvasiyada 940 mln. manat izafi borc yükü qazana bilər. Şübhəsiz ki, dövriyyəsində ixracın payı yüksək, valyuta qazancları olan biznes  üçün bu risk daha aşağıdır. Məlumat üçün deyim ki, kreditlərin “dollarlaşma” səviyyəsi iqtisadiyyatın sahələri üzrə fərqlidir. Məsələn, kənd təsərrüfatında bu, 26,4%, ticarət və xidmətdə 46,5% sənayedə 54,8%, tikintidə 58,2%, nəqliyyat və rabitədə 77%, daşınmaz əmlak sektorunda 98,2% təşkil edir.

Lakin bu riski azaldan başqa bir amil var – əgər 2014-cü ilin sonunda biznes depozitlərinın dollarlaşma səviyyəsi 44.6% idisə, hazırda bu göstərici 65,2% təşkil edir. Biznesin bank sektoru ilə münasibətdə aktiv və öhdəlikləri üzrə valyuta mövqeyi onu daha əlverişli vəziyyətdə saxlayır. Belə ki, hazırda biznes banklar qarşısında 4.7 mlrd. manatlıq valyuta öhdəliyinə malik olduğu halda, banklarda 9.5 mlrd. manatlıq xarici valyutada depozit yığımına sahibdir – göründüyü kimi, 4.8 mlrd. mantlıq açıq valyuta mövqeyindən söhbət gedir.[10]

Daha bir risk depozitlərlə bağlıdır. Devalvasiyadan öncə biznesin manat depozitləri 2.2 mlrd. manat idisə, hazırda 5.1 mlrd. manatdır. Yəni istənilən miqyasda devalvasiya 5 il öncəkinə nisbətən 2.5 dəfə çox milli valyutada biznes depoztlərini dəyərdən sala bilər. Əlavə olaraq, hansısa  bankların iflası şəraitində 2015-ci illə müqayisədə risk altına düşəcək biznes depozitlərinin potensial miqyası bir neçə dəfə böyükdür. Nəzərə alaq ki, əhali depozitlərindən fərqli olaraq, biznes depozitləri sığortalanmır.

Ən nəhayət, biznes 2015-ci ilin devalvasiyasına və iqtisadi kiçilməsinə iqtisadiyyatın 10 il ərzində real olaraq 3 dəfə böyüdüyü şəraitdə, iqtisadi çöküşün zərbəsini almadan  gedirdi. İndi isə 2015-ci ildə ciddi sarsıntı və iqtisadi itkilərin təsiri canından çıxmamış, hələ də iqtisadiyyatın özünün real miqyasını 2014-cü ilin səviyyəsində tam bərpa edə bilmədiyi şərtlər altında daxil olur. Belədə biznesin ağır və uzun çəkəcək bir iqtisadi böhrana immuniteti necə olsun ki?..

 

 

[1] Tədiyyə balansı ilə bağlı məlumatların mənbəyi: https://www.cbar.az/page-43/external-sector-statistics, monetar göstəricilərlə bağlı məlumatların mənbəyi: https://www.cbar.az/page-42/monetary-indicators, fiskal göstəricilərlə bağlı məlumatların mənbəyi: https://www.cbar.az/page-41/macroeconomic-indicators

[2] İqtisadiyyatın real miqyası üzrə məlumat Dövlət Statistika Komitəsinin 2005-ci ilin  qiymətləri əsasında ÜDM-in həcmininə dair hesablamalarından götürülüb  https://www.stat.gov.az/source/system_nat_accounts/

[3] Ev təsərrüfatlarının əsaslı kapital qoyuluşu ilə bağlı məlumat milli hesablar statistikası buraxılışlarından (https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/), ev təsərrürfatlarının depozit həcmi ilə bağlı məlumat Mərkəzi Bankın pul-kredit statistikası bölməsindən (https://www.cbar.az/page-42/monetary-indicators#page-3) götürülüb

[4] Biznesin depozitləri depozitlərə dair statistikadan götürülüb: https://www.cbar.az/page-42/monetary-indicators#page-3

[5] Biznesin əsaslı qoyuluşları və qənaəti ilə bağlı məlumatlar milli hesablar statistikadan götürülüb: https://www.stat.gov.az/source/system_nat_accounts/

[6] Hesablamalar tədiyyə və milli hesablar statistikasının məlumatları əsasında müəllif tərəfindən aparlıb

[7] Tədiyyə balansı statistikasının istifadə edildiyi mənbə: https://www.cbar.az/page-43/external-sector-statistics

[8] Neft Fondunun ehtiyatlarına dair məlumatlar (https://oilfund.az/report-and-statistics/report-archive), Mərkəzi Bankın ehtiyatlarına dair məlumatlar (https://www.cbar.az/infoblocks/money_reserve_usd)

[9] Tədiyyə balansı statistikası: https://www.cbar.az/page-43/external-sector-statistics

[10] Biznesin kreditləri və  depozitlərilə bağlı məlumatlar Mərkəzi Bankın dövri statistik nəşrlərindən götürülüb: https://www.cbar.az/page-40/statistical-bulletin

 

23 Aprel 2020