Hər üç Cənubi Qafqaz dövləti qeyri-rəsmi praktikaların “pis” və “dağıdıcı” növlərinə yoluxub və öz siyasi sistemlərinin əsas tərkib hissəsi kimi qeyri-rəsmi idarəçilik forması tətbiq edirlər. Qeyri-rəsmilik hər şeydən əvvəl şəbəkə deməkdir, məsələn, sədaqəti rəsmi öhdəliklərdən üstün tutmaq; bu da öz növbəsində cəmiyyətin məharətlə institutlaşdırılmış və yazılmış qaydaları arasında manevr etmək qabiliyyətinə çevrilir. Vətəndaş-hakimiyyət perspektivindən baxsaq, qeyri-rəsmilik fərdin hansı çərçivədə istifadə edilə biləcəyini və qarşılıqlı faydaları formalaşdırır; belə görünür ki, həm də vətəndaşların qarşılaşmalı olduğu sərt qaydalar və bürokratizm də daxil olmaqla “xoşagəlməz və qorxuducu” təcrübələri insaniləşdirir. Lakin qeyri-rəsmilik ictimai-populyar davranışların istifadə və idarə edilməsinin fərasətli bir yoluna çevrilib dövlət idarəetməsinə cəlb edilirsə, bu, daha çox bizim İvanişvilinin Gürcüstanında müşahidə etdiyimiz vahid “qeyri-rəsmi idarəetmə” növünə çevrilə bilər.

Siyasi və ümumilikdə sosial institut kimi qeyri-rəsmiliyin reform edilib-edilə bilməməsi əhəmiyyətlidir. İddia edildiyi kimi, qeyri-rəsmilik mərkəzdən idarə edilmir, spontan olaraq meydana gəlməsi və yaxalanmasının çətin olması dəyişdirilməsi və ya reform edilməsinə mane olur.[i] Qeyri-rəsmiliyin “modernləşmə tələsi” hökumətin funksiyasını yerinə yetirəcək qədər səmərəli qeyri-rəsmi şəbəkələri tanıyır, lakin eyni zamanda da rəsmi qurumların fəaliyyətinin qarşısında maneə yaradır. İdarəetmədəki bu qeyri-rəsmi şəbəkələri dağıtmaq üçün “yenilikçilik qabiliyyətini qoruduğu halda özünü məhdudlaşdırmağa və dağıdıcı qüvvələrlə döyüşməyə qadir olan bilikli rəhbərlik” lazımdır.[ii]

Demokratik rejim altında qeyri-rəsmilik mürəkkəb hüquqi prosedurlar arasında “yan təsir” kimi ortaya çıxır. Avtoritar ölkələrdə isə bu “hazırda vəzifədə olanı iqtidarda saxlamaq, cəmiyyətdə qeyri-konformist davranışı və müxalifəti nəzarətdə saxlamaq” məqsədinə doğru inkişaf edir.”[iii] Qeyri-rəsmi idarəçiliyin avtoritar növü repressiv xarakteri, itaətkar biznes mühiti və şiddətdən istifadə etməyə meyilli olan hökumət ilə tanınır, çünki dövlətin bölüşdürdüyü renta öz müttəfiqlərinin iqtisadi maraqlarının təmin edilməsinə kifayət deyil. Bu özündə dövlətin məhdudiyyətsiz gücü ilə yanaşı güclü səriştəsizliyi və kiçik hissələrə bölünmüş maraqlar ucbatından ciddi islahatlar keçirə bilməmək qabiliyyətini də özündə ehtiva edir. Seçilmiş qeyri-rəsmi idarəetmə o deməkdir ki, siyasi sferaya oliqarxlar nəzarət edir və zəif hökumət səhnə arxasından idarə edilə bilir.[iv]

Digər postsovet ölkələri ilə müqayisədə daha demokratik olsa da, Gürcüstanın hazırki siyasi quruluşu demokratik qaydada inkişaf edən, amma həm də özlüyündə alternativ qayda yaradan oliqarxiyanı (azlığın idarəsini) ehtiva edir. Nəzəriyyənin də vurğuladığı kimi oliqarxiya maddi sərvətin və onun müdafiəsinin bir qrup insanın əlində cəmlənməsinə yol açdığı üçün siyasi bərabərsizliyə səbəb olur.[v] Demokratik siyasi mədəniyyət normaları çərçivəsində oliqarxiya dolayı yollar və ictimaiyyətin gözündən uzaq yerlər taparaq, qərarvermənin mərkəzini qeyri-rəsmi kiçik rəhbərliyə verir. Beləliklə, oliqarxiya rəsmi dövlət qurumlarını əvəz edir – bu, Gürcüstanda ictimaiyyət arasında komanda adı ilə tanınır. Oxşar olaraq, inqilabdan əvvəlki Ermənistandakı səsvermə nümunələrindən də gördüyümüz kimi, öz pulu və maliyyələşdirdiyi partiyaları ilə sosial təminat əvəzində səs aldıqda oliqarxiya olduqca pozucu olur. Qeyri-rəsmi aktor kimi oliqarxiya dövlət qurumlarının rolunu imitasiya edir və yerli seçicilərin gözündə oliqarxiyanın imici dövlət qulluqçularınkından daha üstün olur.[vi] Demokratiyanın tam tətbiq edilə bilməsi üçün havadarların (Azərbaycanda belələrinə çörək verən kişi deyirlər) əliaçıqlığına aldanmayıb onların tilsimini qıran yetkin seçicilərin dəstəyinə ehtiyac var.

Bidzina İvanişvilinin qayıdışı

2015-ci ildəki nitqində multi-milyarder Bidzina İvanişvili siyasətə qayıtmaq istəyinə dəstək yığmaq üçün eyham vurdu ki, ölkədə dərin böhran yaxınlaşır.[vii] Bununla da onun siyasi karyerası iqtidarının qəsb edilmək təhlükəsi yarandıqda küllərindən doğularaq ölkənin xilaskarına çevrilən biri kimi başlandı. Ümumilikdə, 2016-cı ildə Gürcü Arzusu (GA) partiyasının aşkar qələbəsi və parlamentdə konstitusional çoxluğu ələ almasından bəri Gürcüstan siyasəti parlament tərəfindən daha az dövlət nəzarəti ilə xarakterizə olunur. Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə Alman İnstitutu (SWP) Gürcüstanla bağlı yaranmış ümidlər barədə xəbərdarlıq edir ki, bu ölkə bütün ehtimallara baxmayaraq stabil ikipartiyalı sistem qura bilmədi; bu da seçicilərin məyus olması (siyasi sistemə qarşı inamlarını qismən itirməsi) və müxalifət cəbhəsində çox parçalanmış partiya spektri ilə nəticələndi. Avropa İnsan Haqqları Məhkəməsi Gürcüstan hökumətini ölkənin sonuncu müxalif səslərdən olan Rustavi-2 telekanalının işinə qarışmağa cəhd etdiyi üçün cəzalandırdı. Bu cəhd uğurlu olsaydı, güclər balansı böyük dərəcədə hakim elitin xeyrinə dəyişəcəkdi. Demokratik fasada və hakim partiyanın elektorat baxımından qüsursuz qalibiyyətinə baxmayaraq, demokratikləşmədəki gerilik aşkardır; bu gerilik xüsusən də hökumətin öz fəaliyyətində parlament komitələri qarşısında cavabdehlik daşımamasında görülür, çünki bu komitələr icraedici hakimiyyətdən cavahdehlik tələb etmirlər.[viii]

Gürcüstanın siyasi səhnəsindəki digər əhəmiyyətli qüvvə “Vahid Milli Hərəkat” adlanan END partiyası sorğularda geriyə düşüb, 2016-cı il seçkilərində yerlərinin yarıdan çoxunu itirdi. İki partiyaya ayrılmasından bəri END yeni partiya olar Avropalı Gürcüstan və Saakaşvili dəstəkçiləri arasında bölünüb.[ix] Ümumiyyətlə, ictimaiyyətin 2017-ci ildə konstitusiyaya edilən dəyişikliklər kimi əhəmiyyətli siyasi məsələlərə məhəl qoymadığı bir şəraitdə müxalifətin kütlələri səfərbər etməsi üçün əlində daha az resursu var.

Gürcüstan siyasi səhnəsində artmaqda olan sonuncu gərginliklərdən biri Gürcü Ortodoks Kilsəsi ilə Rusiyanın dəstəklədiyi qrup və partiyalar tərəfindən təbliğ edilən mühafizəkarlığın artmasıdır.[x] Dini və cinsi azlıqlar məsələsi cəmiyyətin bütün təbəqələrində səs-sədaya səbəb olur. 2018-ci ilin mart ayında ziyalılar ictimaiyyətə birgə müraciətlərində Gürcüstanın Qərb istiqamətində irəliləməsinin doğru addım olduğuna şübhə etdiklərini qeyd etdilər. Onlar hesab edirlər ki, Gürcüstan ABŞ-ın “məhdudlaşdırma” siyasətinin bir elementinə çevrilib. Ziyalıların fikrincə, bu, Gürcüstan ilə Rusiya arasındakı münasibətlərə mənfi təsir göstərir; münasibətlərin pisləşməsi isə Gürcüstanın ərazisinin bir qisminin itirilməsinə, həmçinin əhalisinin kasıblayıb sayca azalmasına səbəb oldu. Sənədi imzalayanlar soruşurlar: “Gürcüstan çox qurbanlar verdi, amma NATO ilə əməkdaşlıqdan nə qazandı?” Siyasi partiyalara və siyasi sinfə olan inamın azaldığı bir şəraitdə bu siyasi böhrandan faydalananlar populist qruplar və liderlərdir.[xi]

Bidzinanın pərdəarxasından idarəçiliyi gürcü fenomeni kimi izah edilir: Prezident sadəcə simvolik status daşıyır, uğursuzluq olduqda baş nazirlər günahlandırılır və əsas siyasi məsələlərdə qərarı isə İvanişvili verir.[xii] Rəsmi vəzifəsi olsa, İvanişvili mifoloji statusunu itirəcək, çünki o, daha siyasət və qarşıdurmaların üstündə, ölkədə baş verən bütün mənfi hadisələrin kənarında görünməyəcək.

İvanişvilinin baş nazir vəzifəsi üçün namizədləri özünün seçdiyini bilirik. Nazirlər kabinetinin üzvləri heç vaxt İvanişvili ilə məsləhətləşdiklərini gizlətməyiblər. İvanişvilinin öz rolunu hökumət üzərində “kənardan idarə” qurmaqla “ictimai nəzarət”i təmin etmək kimi görməsi ötən ilin iyul ayında yerli televiziya kanallarından birinə verdiyi müsahibəsində açıqlandı.[xiii] İvanişvilinin partiya sədri vəzifəsinə yenidən gəlməsini onun bütün partiya üzvlərinin xahişi ilə bu postu qəbul etdiyi kimi təqdim etdilər. Partiya rəhbərliyinə onun yenidən gəlməsini nizam-intizamın pozulması, maliyyə böhranı təhlükəsi, pis idarəetmə, əhval-ruhiyyənin düşməsi, xarici siyasətdə yeni problemlər və təcili sosial ehtiyaclar ilə əsaslandırdılar.

Əslində İvanişvilinin ictimai nəzarətindən heç vaxt xoşu gəlməyib və baş nazir kürsüsündə özünün əyləşmək istəməməsindən danışıb. Keçən il Münhendə tibbi müayinə aldı və bəzi həmkarları ondan siyasətə qarışıb özünü stresə salmamasını xahiş etdilər. Rəsmi vəzifədə olmadığı dövrdə İvanişvili Gürcüstanın necə inkişaf etməli olduğunu araşdırmaq üçün “2030” adlı təşkilat yaratdı. O, həm də oğullarının televiziya kanalında aparıcı olmağa cəhd etdi. Daha çox nadir və tarixi ağac növləri yığmaq,[xiv] sənət kolleksiyası və xeyriyyəçilik kimi hobbilərinə daha bağlıdır.

Analitiklər üçün hazırkı şərait əvvəllər Gürcüstanda mövcud olmuş tək adam erasını xatırladır. Buna görə də analitiklər hakim partiyanın xarizmatik lider ətrafında toplanmasına diqqət çəkərək partiya strukturunun şəxsiləşdirilməsini xüsusi qeyd edirlər; hakim partiyanın böyük siyasi və iqtisadi resurslara çıxışının olması da eyni zamanda ədalətsiz seçki mühitinin göstəricisidir.[xv] İvanişvilinin xeyriyyəçiliyi və öz sərvətinin böyük hissəsini Gürcüstandan kənarda qazanması faktı onu oliqarxların zərərinin sistem üçün dağıdıcı hala çevrildiyi Ukrayna və Moldovadakı kimi sevilməyən oliqarx olmaqdan qoruyur.[xvi]

Gürcü Arzusu – seçki konfiqurasiyası

2016-cı il seçkilərindən bəri GA-nın populyarlığının seçicilərin cəmi yarısının səsvermədə iştirak etdiyi seçki ərəfəsindəki ilə eyni olmadığı aydındır. Klan maraqları ilə liderlər aydın şəkildə məlum olduğu və uzun müddət əvvəl ictimai maraqların aradan qalxdığı zaman partiya bu səviyyəyə düşdü. Milan futbol klubunun keçmiş müdafiəçisi və Tiflisin hazırkı meri Kaxa Kaladze hakim partiyadakı fraksiya rəhbərlərindən biridir. Birbaşa xalq tərəfindən seçilən siyasətçi üstünlüyünə sahib olduğu üçün Kaladze partiya daxilindəki çəkişmələrdən qalib kimi ayrıldı. Lakin başqa bir cəbhəni də qəzəbləndirməmək, həmçinin partiyadaxili güclər balansını pozmamaq üçün ictimai müzakirələrdə nisbətən passiv rol oynayır.

Hakim partiya daxilindəki bölünmə əsasən gənc və yaşlı nəsillər arasındadır. Bir çoxları (David Çiçinadze, Nukri Kantaria, Şota Şalelaşvili və Zaza Papuaşvili) gənc siyasətçilərin yaşını, təcrübə və avtoritetini sual altına alır. Yaşlı nəslin nümayəndələri özlərini partiyanın qurucu ataları hesab etdiklərindən əvvəlki xidmətləri ilə özlərini əsaslandırır və İvanişvilinin gənc siyasətçilərə üstünlük verməsi ilə razılaşmırlar.[xvii] Partiyadakı bölünmə 2018-ci ilin aprel ayında bəzi GA millət vəkillərinin Nina Kakabadzenin İctimai Teleradio Yayımları Müşahidə Şurasına namizədliyindən razı qalmadıqda bir qədər də artdı. Müxalif Avropalı Gürcüstan onun namizədliyini təbliğ etdi, amma kvota sistemi tələb etdiyi üçün GA millət vəkilləri də onu dəstəklədilər. GA millət vəkili Gedevan Popxadze partiyasına xəyanət etdi və fraksiyadan çıxdığını elan etdi. O, Nina Kakabadzeni sosial mediada Kilsəni alçaltmaqda ittiham etdi.[xviii] Əvvəllər Popxadze Bizim Gürcüstan-Azad Demokratlar partiyasının üzvü idi və 2014-cü ildə Azad Demokratlar koalisiyadan çıxandan sonra Popxadze GA-na qoşuldu. Digər GA parlamentariləri parlamentin gənc spikeri İrakli Kobaxidzenin avtoritar üslubuna qarşı etiraz edib vurğuladılar ki, o, millət vəkillərinin müdiri deyil, sadəcə parlamentdəki əksəriyyəti təmsil etmək üçün seçilib.

2018-ci il iyun hadisələrinə qədər Kvirikaşvilinin kabinetində dəyişiklik olacağını demək olar heç kim gözləmirdi. Kvirikaşvili Gürcüstan tarixinin ən məşhur baş naziri kimi görülə bilərdi; onun beynəlxalq arenada da yüksək nüfuzu vardı, lakin ədliyyə sistemindəki müəyyən qanunsuzluqlara görə baş vermiş ictimai nümayişlər zamanı “qurban verildi.” Baş nazirlik karyerasına qədər o, İvanişvilinin Cartu Bankının baş icraçı direktoru vəzifəsində çalışırdı,[xix] mülayim davranışları və çaxnaşmalardan uzaq uğurlu danışıqlar aparması ilə tanınırdı. Eyni sözləri onun sələfi, tez-tez müxalifət, QHT-lər, jurnalistlər və keçmiş prezident Marqvelaşvili ilə münaqişələrə girən Qaribaşvili haqqında demək olmaz. Ölkəyə investisiyaların axdığı Saakaşvili dövründən fərqli olaraq regiondakı iqtisadi vəziyyətin pisləşməsi ilə Gürcüstanın da iqtisadi inkişafı yavaşladı və Kvirikaşvili mümkün olandan artığını edə bilməzdi. 2018-ci il üçün The Economist Democracy indeksində Gürcüstan 11 pillə gerilədi, Kvirikaşvilinin isə “ictimaiyyətin hökumətdən narazılığı”na[xx] görə yox, Gürcüstanın əsas başçısı ilə olan fikir ayrılığına görə istefa verməsi gözlənilən idi.

Prezident Seçkiləri və İvanişvilinin Namizədi

Gürcüstan ilk qadın prezidentini seçdi, bu vəzifə simvolik olsa da gürcülərin gözündə prezident ölkədəki sosial-iqtisadi inkişafa görə məsuliyyət daşıyır. Prezidentlik 2020-ci ildə elektoral əhəmiyyətini itirib tamamilə simvolik vəzifəyə çevriləcək, çünki yeni prezident birbaşa yox, xüsusi kollegiya tərəfindən seçiləcək.[xxi]

Salome Zurabişvilinin patriarxal cəmiyyətdə Fransada doğulub böyüdüyünə görə dil məhdudiyyətləri olan bir qadın olaraq seçilmə şansı məhdud olduğundan, bu seçki Gürcüstan üçün davamlılıq testi idi.[xxii] Eyni zamanda, 2004-2005-ci illərdə Gürcüstanın xarici işlər naziri vəzifəsini tutmuş və bitərəf millət vəkili olan Zurabişvilinin namizəd olması da İvanişvilinin öz seçimi idi. Onun namizədliyi bəzi GA millət vəkilləri tərəfindən etirazla qarşılandı, çünki onlar öz partiyalarından olan namizəd istəyirdilər, amma İvanişvilinin nəzərində iki məsələ var idi. Birincisi, Zurabişvili bitərəf namizəd obrazı yaradırdı. Parlamentdə o, nadirən hökuməti tənqid edirdi və mülayim müxalifəti təmsil edirdi. Gürcüstan Arzusu üçün bu, “biz prezidentliyi özümüz götürmürük” şüarı ilə təbliğat strategiyası idi; müxalifət və ya “bitərəf” namizəd üçün imkan yaratdılar və ABŞ-ın İvanişviliyə qarşı mümkün sanksiyalarından yayınmaq üçün beynəlxalq aləmə də “yalançı demokratiya” təqdim etdilər.[xxiii] İkincisi, Zurabişvilinin diplomat kimi təcrübəsi onu İvanişvili üçün əhəmiyyətli olan daxili siyasətdə az təsirə malik olan aktora, bir növü ikinci dərəcəli xarici işlər nazirinə çevirir.

İvanişvili Marqvelaşvili, ya da Republikaçılar Partiyasının keçmiş lideri və özünün GA-dan 2016-cı ildə çıxana qədər özünün tərəfdaşı olan David Usupaşvili kimi döyüşkən prezident də seçə bilərdi. Əvvəllər İvanişvili rejimi mütəmadi olaraq rəqiblərinin olmasından faydalanırdı, çünki bununla Gürcüstan siyasətində rəqabətin olması illuziyasını yarada bilirdi. Lakin konstitusional olaraq güclənmiş prezident Armen Sarkisyan qonşu Ermənistandakı siyasi böhranda vasitəçi olandan sonra İvanişvili marionet tipli prezident ilə öz ölkəsini idarə etməyə qərar verdi. Seçkilərdə İvanişvilinin iqtisadi gücü kimin seçiləcəyinə qərar verdi: İvanişvilinin qardaşı Aleksandr öz şəxsi hesabından Zurabişvilinin siyasi kampaniyasına ianə verirdi və beləcə Zurabişvilinin kampaniya xərcləri rəqibinin xərclərini ötüb keçdi.[xxiv] İkinci turda səsvermə GA-nun gözləntilərini doğrultmayacağı görünəndə GA administrativ resurslarını oyuna daxil etdi, hətta Zurabişvilinin posterlərinin önündə İvanişvilinin billbordlarda portretlərini vurmağa başladı.[xxv] Kampaniyanın ən qızğın həddində 600 min Gürcüstan vətəndaşının banklara olan borcunun silinməsi sonuncu müdaxilə idi.

[i] Aliyev, Huseyn (2017) When Informal Institutions Change. Institutional Reforms and Informal Practices in the Former Soviet Union. University of Michigan Press, s. 25

[ii] Ledeneva, Alena (2013) Can Russia Modernise?: Sistema, Power Networks and Informal Governance. Cambridge University Press, s. 252-253

[iii] Giordiano, Christian/Hayoz, Nicolas (2013) Informality in Eastern Europe. Peter Lang

[iv] Lebanidze, Bidzina/Kakachia, Korbely (2017) Informal Governance & Electorate Perceptions in Hybrid Regimes: The 2016 Parliamentary Elections in Georgia, in: Demokratizatsiya 25(4), s. 529-550

[v] Winters, Jeffrey (2011). Oligarchy. Cambridge University Press

[vi] Baghdasaryan, Milena (2017) The practice of political rights and patron–client relations: a case study of a party in Armenia, Citizenship Studies, 21 (8), s. 1034-1051

[vii] I will return to the government only if something terrible happens – Bidzina Ivanishvili, 29.01.2015 http://www.interpressnews.ge/en/politicss/65981-i-will-return-to-the-government-only-if-something-terrible-happens-bidzina-ivanishvili.html?ar=A&rund=1537873661

[viii] Mikhelidze, Nona: Implementation of the EU-Georgia Association Agreement: Good Governance and Fundamental Freedoms, European Parliamentary Research Service Report 2018, s. 113-160, s. 125

[ix] Schiffers/Smolnik: No Dream in Georgia? Domestic Quarrels and Local Elections Show: “Winner Takes All” Likely to Continue, SWP Comment 2017/C 43, November 2017

[x] Alexandra Yatsyk: Pro-Russian Parties in Georgia’s 2016 Parliamentary Election: A Growing Footprint? 05.10.2016 http://www.ponarseurasia.org/article/pro-russian-parties-georgias-2016-parliamentary-election-growing-footprint

[xi] Falkowski, Maciej (2016) Georgian Drift: The Crisis of Georgia’s Way Westweards, in: OSW Paper 57, s.38

[xii] Lebanidze, Bidzina/Kakachia, Korbely (2017), s. 542

[xiii] Interview With A Billionaire, 30.07.2018 http://georgiatoday.ge/news/11596/Interview-With-A-Billionaire

[xiv] Tree makes sea voyage for Georgia park project, 24.03.2016 https://www.bbc.com/news/blogs-news-from-elsewhere-35891764

[xv] Zedania, Giga (2018) Gleichzeit des Ungleichzeitigen. Paradoxien der Politik in Georgien, Osteuropa 68 (7), s. 107-116

[xvi] Dionis Cenuşa: Oligarchic regimes in Moldova and Georgia, two different approaches from EU, OP-ED IPN 30.07.2018 http://ipn.md/en/integrare-europeana/92665#

[xvii] Dmitrij Moniava: Komu vygoden konflikt v „Gruzinskoj mečte“? Ekho Kavkaza 16.04.2018

[xviii] Gia, Nodia: Deficit Bidziny i ego posledstvija, Ekho Kavkaza 23.04.2018

[xix] Ivanishvili’s companies – the forge for government officials, 01.05.2015

https://www.transparency.ge/en/blog/ivanishvilis-companies-forge-government-officials

[xx] Democracy Index 2018: Me too? Political participation, protest and democracy The Economist Intelligence Unit 2019 http://www.nvo.lv/site/attachments/10/01/2019/demokr%C4%81tijas__indekss.pdf

[xxi] END səsvermədə iştirak etmədi və parlamenti tərk etdi. Təklifləri nəzərə alınmadığı üçün END, Avropalı Gürcüstan və Vətənpərvərlər İttifaqı səs vermədi. Marqvelaşvili konstitusiya dəyişikliyinə veto qoyaraq qeyd etdi ki, bu, 2024-cü ildə qüvvəyə minəcək tam proporsional sisteim özündə ehtiva etmir. Georgia-The president’s veto of the constitutional reform is overridden 26.10.2017 https://presidential-power.com/?p=7102

[xxii] A French president for Georgia? Eurasianet 19.09.2018

[xxiii] Prezidentskie vybory: budut li syurprizy i ot kogo ikh ozhidat‘? Ekho Kavkaza 16.08.2018

[xxiv] Dengi dlya Salome, Ekho Kavkaza, 05.10.2018

[xxv] Gruziya mozhet poluchit samogo “dorogogo” prezidenta, Nezavisimaja gazeta 20.11.2018